SATİRİKİN LİRİKASI

SAPLAQDAN BİR QƏZƏL

Təxminən ay yarım əvvəl “Azərbaycan” saytında “Cənubi Azərbaycanın Sabiri” kimi tanınan şair Saplağın vəfat etməsi xəbərini oxumuşdum. Təəssüf ki, istəyimə rəğmən, bu acı xəbəri və unudulmaz şairin şeirlərindən bir nümunəni zamanında oxuculara çatdıra bilmədim. Sağ olsun dəyərli ziyalımız Güntay Gəncalp, dünən aşağıdakı şəkillə birlikdə Saplağın bir qəzəlini mənə göndərmiş. Güntay bəyə səmimi təşəkkürümü bildirərək, həmin qəzəli sizlərə təqdim etməzdən öncə şair barədə qısa məlumat verməyi vacib sayıram.
“Saplaq” təxəllüslü Xeyrullah Haqbəyi 1943-cü ildə Güney Azərbaycanın Heris mahalında doğulub. Atası Azərbaycan Demokrat Firqəsinin üzvü olduğu üçün uşaq ikən ailəsi ilə birgə Tehrana köçməli olub və burada təhsil alıb. 1979-cu il inqilabına qədər əksəriyyəti xurafat əleyhinə olan satirik şeirləri ilə məşhurlaşıb, amma bu şeirlərin çoxu nə onda, nə də sonralar çap edilməyib. İnqilabdan sonra siyasi və ədəbi fəaliyyətlə məşğul olan şairin qeyri-satirik əsərlərindən ibarət “Herisdən bir səs” və “Mən Günəş vurğunuyam” adlı kitabları işıq üzü görüb. Saplaq həmçinin Kərəc şəhərindəki “Fərruxi Yəzdi” ədəbi cəmiyyətinin yaradıcılarından biri kimi uzun illər bu qurumun idarə heyətində fəaliyyət göstərib.

Ey könül, sevda yolu aləmdə hicransız deyil.
Vəslə imkan olsa, hicran dərdi dərmansız deyil.

Dalğalan, ey hissimin coşqun mühiti, dalğalan!
Hicrə düşmüş könlümüz dəryasız, ümmansız deyil.

Ayrı düşmüş ellərin dərdilə tufanlaşmışam,
Ol səbəbdən şeirimin bir beyti tufansız deyil.

Nəğməmiz hicran kədərli, ayrılıq nisgillidir,
Qəm qonaqlı ömrümüz, bir an da mehmansız deyil.

Sinəmiz amac olarkən, ayrılıq səyyadına,
Qaana dönmüş qəlbimiz, bir ləhzə peykansız deyil.

Mən vüsal uğrunda öz qaanımla peyman bağladım,
Elsevər şair, əfəndim, əhdə peymansız deyil.

Qoy Cənub həsrətli Rüstəm dinləsin bu nəğməni:
”Təbrizin bir daxması indi Süleymansız deyil”.

Mən Araz hicranlı, mən Sabir dözümlü Saplağam,
Yazdığım qəmnamələr həsrətsiz, hirmansız deyil.


Davamı

SƏLİM BABULLAOĞLUDAN İKİ ŞEİR

“Kultaz.com” portalında modern Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri, şair və tərcüməçi Səlim Babullaoğlunun yeni şeirləri dərc edilib. Həmin şeirlərdən ikisinin mənə aidiyyəti olduğundan, onları burada da verməyi lazım bildim. Buyurun, oxuyun...

MƏSİHAĞA MƏHƏMMƏDİYƏ

«Külək yatıb» dedin. Məni diksindirdin.
Vərdiş etdiyimiz ifadənin söz hissəsiylə
indi görünməyən, olmayan təbiət hadisəsiylə
mənim qohum olduğumu asanca bildirdin.

Bunu indi xatırladım. Mən indi daha çox xatirəyəm.
Hara baxsam, hara dönsəm arxada yalnız keçmişdir,
hətta arxadakı göydələn belə az əvvəl keçilmişdir,
yəni, ən yaxın tarixdir də söyləyə bilərəm.


Yenə bu feli qafiyələr. Yalnız onlar yüzə-yüz düzdür.
Yenə dar səkilərdə kimsəsiz adamı ötürən addım səsləri -
üstəgəl əksləri, göydələnin sancıldığı səma yastığında
qızılı xallardan parıltılarını çıxsan belə azdır. Təklik heç vaxt çoxalmır.

Külək yatıb. Yazdır. Yenə günəş doğacaqmı bir sabah?
Batacaqmı? Gələcəkmi arxasından yeni günlər, kim bilir?
Yatıb külək. Oyaq uşaq pəncərədə bir çiçəyi dindirir,
qığıltıya qoxusuyla gülümsəyir ətirşah.

5 iyun



SƏTTARIN MƏSİHAĞAYA DEDİKLƏRİNDƏN

Öləndən sonra adamdan şəkillər və xatirələr qalır,
onların hasilindən və cəmindən dirilik heç cürə alınmır.
«Vətən! Vətən!» deyib dili qabar olan babamın
rəsmi önündə durmaqdan başqa mənə indi bir şey qalmır.

İtirdiklərmiz bizi həmişə yandırır,
çünki heç nə itmir, çünki bu dünyada hər şey həmişə yanımızdadır;
sağımızda, solumuzda, başımızın üstdədir;
tikanlı məftillər elə tikanlı bəhanədir -
bunu anlayanda isə gec olur.
Yəni, demək istəyirəm ki, biz bir-birimizi sevmirik, dostum,
və biz heç nəyin fərqində deyilik.

Məsələn, günəş, o mənim həyatımda 12131 dəfə doğub, hesablamışam.
Qəribədi, üst-üstdə yığsam, mən ona heç 1000 dəfə düz-əməlli baxmamışam.

Hə, qəribədi dünyanın işləri, bilirsən,
qızım on beş aylığında gördü Bakını, mən - otuz üç yaşımda,
Vətəni tanımaqda qızımla həmyaşıd olduq dünən.

Dünən oteldə, qızım qucağımda güzgüyə baxırdıq, qürrələnirdik.
Amma fərqliydi bu sevinclər: qızım mənimləydi deyə sevinirdi,
mən birgəlikdən çox diriliyə.
Sonra lap az, azca da Vətəndə olmağın sevinci vardı içimdə.
Bunu anladım və pis oldum, Məsih. Görəsən niyə
güzgülər bizi belə asanlıqla göstərdilər, çoxatdılar, topdan etdilər
və mənanı ustalıqla həm gizlətdilər, həm də faş etdilər.

Küçələrdən, binalardan, evlərdən asılan rəhbərin şəkli
hələ də məni diksindirir, təqib edir.
Hamı şəkillə şəkil çəkdirir, ona sakitcə təzim edir.
Hər şey satılır bu ölkədə, satılırsa demək alınır,
şəkil bizdən bizi satmağı təklif edir:
be sobut nist lozum.
İndi, tacir dükanlarında insan qəlbi həmişə endirimdədir,
satılan şeyin üstündə o adi bir peşkəşdir, hədiyyədir, dostum.

O şəklin biri də bizim evdədir.
Bilirsən, şəkil, hər dəfə ona baxmaqçün saygı duruşu tələb edir.
Mən o şəklin şüşəsində diriliyə, mütiliyə nifrət etdim, Məsih.
Onun riyakar, hökmlü, iti baxışları, saqqalı
xirtdəyimə dirənmiş ülgücü xatırladır.
«rədd ol!» əvəzinə məni xırıldadır.

İllərdir ki, hər gecə əqrəblər cütləşir, Ay doğur,
amma o mənə qadınımla olmağa sanki qoymur.
Mən qadınıma hər dəfə demək istəyirəm: gözəlim..!
Şəkilsə pıçıldayır: to mesle aftab zibayi…

Sənin dilin dildir, mənimki zəban,
sənin dünyada Vətənin vardır - Azərbaycan,
mənim bu cahanda didərgin Təbrizim, Ərdəbilim,
sənin sözün sözdür, ağzın ağız, məndə yalnız dəhan,
onu da vəsf ediblər orta əsrlərdə.

Sözlər bitmir, dostum, onlar bizi atıb gedirlər,
Qızımla məni qoyub gedən qadınım kimi,
Pirərvan yolunda, qumluqda, üfüqdə qaralıb itən köçlər,
yazsan əgər, elə o sətirlər kimi.
Mən də sözəm, Məsih, və yəqin sabah çıxıb gedəcəm.

7-8 iyun


Davamı

Per Lagerkvist. MÜQƏDDƏS SÜMÜKLƏR

Per Fabian Lagerkvist – məşhur İsveç yazıçısı, şair və dramaturq. 1891-ci ildə anadan olub, 1974-cü il iyulun 11-də dünyasını dəyişib. “Əsərlərinin bədii qüdrətinə və mühakimələrinin tam müstəqilliyinə, yaradıcılığında bəşəriyyət qarşısında duran əbədi suallara cavab tapmağa çalışdığına görə” 1951-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb...

İki xalq böyük müharibə aparırdı və hər ikisi bununla fəxr edirdi. Müharibə onların ehtiraslarını elə coşdurmuşdu ki, adi insan həyəcanları bunun yanında heç nə idi. Döyüşlərdən sağ çıxan adamlar acgözlüklə bu ehtiraslara dalırdı. Müharibənin davam etdiyi və qanlı qırğının səngimək bilmədiyi sərhədin hər iki tərəfində özlərini vətənə qurban verib indi torpaqda uyuyan döyüşçülərə nəhəng abidələr ucaldılırdı. Onların qarşısına saysız-hesabsız ziyarətçilər toplaşır, şərəfli ölüm sayəsində əbədi müqəddəslik qazanmış sümükləri torpaq altda yatan igidlərin şəninə nitqlər söylənirdi.
Amma günlərin bir günü şayiə yayıldı ki, gecələr keçmiş döyüş meydanlarında qəribə hadisə baş verir. Ölülər qəbirdən qalxıb sərhədi keçir və çoxdan barışmış kimi bir-biri ilə görüşürlər.
Bu xəbər hamını sarsıtdı. Qəhrəmancasına həlak olmuş və xalqın qarşısında baş əydiyi döyüşçülər düşmənlə görüşür, onunla barışır! Bu ki dəhşətdir!

Hər iki xalq məsələni aydınlaşdırmaq üçün cəbhə bölgəsinə komissiya göndərdi. Komissiya üzvləri döyüşlərdən salamat çıxmış ölüşgən ağacların arxasında pusquda durub gecə yarısını gözləməyə başladılar.
Və – dəhşət! – inanılmaz şayiə öz təsdiqini tapdı. Boş torpaqdan qorxunc kabuslar qalxıb sərhədə tərəf gedirdilər, həm də deyəsən, özləri ilə nəsə aparırdılar. Hamı hiddətlə onların üstünə cumdu:
- Siz vətən yolunda qurban getmisiniz, biz sizin qarşınızda baş əyir, xatirənizi əziz tutur və daim anırıq, sizi ziyarət edənlərin ardı-arası kəsilmir, biz sizin məzarlarınızı müqəddəs bir şey kimi qoruyuruq, siz isə düşmənlə oturub-durur, onunla barışırısnız!
Həlak olmuş qəhrəmanlar təəccübləndilər:
- Siz nə danışırsınız?! Elə şey yoxdur, biz əvvəlki kimi bir-birimizə nifrət bəsləyirik. Sadəcə, bəzi sümükləri dəyiş-düyüş edirik, çünki onlar dəhşətli dərəcədə qarışıq düşüblər.

Çevirəni: Məsiağa Məhəmmədi




Davamı

Rza Kazımi. HAVAYA PİLƏDİYİMİZ FATİHƏLƏR

(hekayə)

“Ora daha biz üçün qürbət deyil”, – rəhmətlik böyük atam dedi.

Onların qəbirləri bizimki kimi deyil. Siman* bölüklərini yan-yana düzürlər, məsələn, olur qəbir. Həmi də tanışların başı üstə fatihə verə-verə bu başından o başınacaq gedib çıxdığımız öz qəbristanlarımız kimi deyil ora. “Behişti-Zəhra”** özü üçün bir şəhərdir. Neçə-neçə xiyabanı var, buranın xiyabanlarının tayı yox ha, elə bil asfaltı gecəynən gətirib töküblər ora. Biri tanımayan olsa, heç yüz ilə də tapa bilməz öz adamını. Bir dənə, iki dənə deyil, bizim şəhərin adamları qədər qəbir daşı var orda. Rəhmətlik Qotaz bəyin qəbriynən Xatının qəbri arasında üç xiyaban fasilə var. Xatını basdırandan sonra Qotazın da torpağı üstünə gedib fatihə vermək istədik, ancaq hara gedəcəkdik. Dedilər, onun qəbrini qız nəvəsi yaxşı tanıyır. Uzaqdan-yaxından gələn qonaqların arasında nə qədər onu gəzdiksə, gədəni tapa bilmədik. Axırda öz Məşə Bayatımız dedi, elə uzaqdan-uzağa fatihəni oxuyub havaya piləsək, yel onu aparıb yerinə yetirər. Biz də göz işlədikcə bir-birinin yanına düzülmüş qəbirlərə baxa-baxa həmd-surəni oxuyub pilədik. Mənə elə gəldi ki, gecə çörəyinə möhtac olan xeylək adamın qonşuluğunda kabab bişirirəm öz adamıma.

Özü də qəbirlərin onundan doqquzunda ölünün şəklini qoyublar daşın baş tərəfinə. Ata-babalarımız düz deyirmiş, axirəzzamanda Əzrail qocalardan çox cavanları xirtdələyəcəkmiş. Cavanların şəklinə baxanda, ürəyim toxtayırdı bir az. Rəhmətlik Xatın altmış ilə yaxın yaşadı bu dünyada. Hələ Tehrana köçməmişdən qabaq, qəşəng yadımdadır, bel-buxunlu bir qadın idi özü üçün. Neynəyirsən, qəbrə qoyanda, beli-zadı bükülmüşdü rəhmətliyin. Qəbir də deyəndə, iki siman bölüyü. Hələ deyirdilər, bir-iki təbəqə də onların üstündən tikəcəklər. Dövlətin əlindən hər iş gəlir. Özü də ora Tehran deyərlər, gündə bilirsən neçə nəfər adam ölür? Allah göstərməsin, elə yaslı adamdır minibus-minibus axışır Behişti-Zəhraya. Mürdəşirxanası nə boyda olsa yaxşıdır? Haranı deyim, bizim şəhrdarimiz*** onun yanında heç zaddır. Cəsədi yumağa verməyə də növbətə dayanmalısan. Orada hər iş görmək istəsən, ayın-oyun almaqdan tut otobusa minməyə kimi, sırada durmalısan. Xatından qabaqkı ölü pota bir kişi idi. Onu arvadının çadrasına bükmüşdülər. Adamları deyirdi, qəlbi dayanıb birdən. Heç beş dəqiqə sovuşmamış, bizdən sonra, ayrı bir ölü də gətirdilər. Yanılmasam, dədə-nənəsinin bircə oğlanı idi elə bil. Bacıları özünü öldürürdü lap. Biri, bilmədim nəyi idi, iki yol ürəyi keçdi o belə naməhrəmin qabağında. Gözüm əvvəl-axır elə orda doldu bir az. Arada Məşə Bayatnan çıxdıq siqar çəkməyə. Yarım saata yaxın orda durduğumuzda, ölülər elə bu cür, təsbeh dənələri kimi düzülürdü bir-birinin dalıyca. Xatını öz yorğanına bükdüyümüzə görə, onu uzaqdan-uzağa da yorğanın iri güllərindən seçmək olurdu. Xatını yuyub kəfənləyənə kimi, biz təzə yonulmuş bir qəbir daşının üstündə əyləşib siqar çəkdik dalbadal. Mən beşini tüstülədim, siqar çəkməyən Məşə Bayat da ikisini. Adına görə, üstündə əyləşdiyimiz qəbrin içindəki zənən xeylağı idi. Nə bilim, bəlkə də qız imiş rəhmətlik. Mürdəşirxananın o biri qapısından Xatının Tehrandakı nəvələri bizə əl eləyəndə, biz siqarlarımızı söndürüb meyit namazı qılmaq üçün durduq ayağa. Getməmişdən qabaq bayaqkı qıza da fatihə oxuduq Məşə Bayatnan. Namazımız heç beş dəqiqə çəkmədi. Pişnamaz namazı qurtarar-qurtarmaz bizdən pulunu alıb o biri ölünün sorağına getdi. Özü də bir dənə, iki dənə yox ha, onun kimi neçə-neçə adam işləyir orda. Tələm-tələsik qıldığı namaz ancaq canımıza sinmədi əslən. Allah Xatına rəhmət eləsin, burda ölsəydi, öz məscidimizin mollası cənazəsi üstə namaz qılımışdı indi. Meyitə elə namaz qılır, adam deyir, ölünü behiştə yola salır. Öləndə də, adam öz şəhərində ölsün! Hə, Xatını çiynimizə götürüb ambulansın içinə qoyduq. Çox adam gəlmişdi uzaqdan-yaxından. Biz üç minibusnan cənazənin dalına düşsək də, qohumların bir neçəsi öz maşınlarıynan gəlirdilər. İnanmazsan, sonsuz adamların yası kimi minibusun içində oxşamadan-zaddan xəbər yox idi heç. Kişili-qadınlı hamı düz-düz əyləşib böyründəkiynən pıçıldaşırdı. Minibusun harda saxladığını bilmədim axırda. Mürdəşirxandan iki xiyaban o yanlıq idi, yoxsa üç xiyaban? Yadımda qalmadı heç. Xatını basdırıb qayıdanda, qəbrinin adresini nəvələrinin birinə yazdırdım. Bax, budaha, qoymuşam sicillimin**** arasına. Qotaz bəyin qəbrini axtaranda, Məşə Bayatın oğulluğu: “Heç öz uşaqları ildə-ayda bir dəfə də getmirlər dədələrinin torpağı üstə” – dedi bizə. Mən gördüyümü gördüm, heç kəsi qınamaq olmur. Orda elə evindən çıxıb qəbir üstə getmək üçün nəm neçə saat vaxt ayırmalısan. Hələ qayıtmağın da qalıb Allaha. Toz-tüstünü demirəm, xiyabanlarda bəyəm maşın əlindən iynə atmalıdır yerə? Qəbrinə nur yağsın, axırı bilmədim Xatın nə üçün buranı qoydu getdi ora. Rəhmətlik bir dəri olmuşdu, bir sümük. Orda nə tez qocalarmış adam. Üstünə yenə siman bölüyündən qoydular. Xala xətrin qalmasın deyə, onun üstünə də bir az sarı torpaq tökdülər. Di qurtardı getdi. Hər nə bolluq olsa da, sən demə, Tehranda torpaq qıtlığı var imiş. Qəbristanda da torpaq tapılmasa, daha heç zad. Ölünün başına neçə ovuc torpaq səpib hər nə başdan olur olur orda. Torpaq da deyəndə, sən torpaq eşit, sapsarı qum gör. Gələn seri***** Tehrana dönsəm, bir torbalıq torpaq götürəcəyəm öz qəbristanımızdan. Buranın torpağına Kərbəla türbətindən qatıblar. Rəhmətlik nənəm deyərdi, altı dəvəyə yükləmişdilər türbətləri. Odur buranın torpağını ovcuna alanda, məxsus bir iy qalxır ondan. Deyirlər, hər kəsin kəfəninə bir az Kərbəla torpağından qoysan, qəbir sıxıntısından qurtarar cənazəsi. İndi orda Xatın yolumuzu gözləyir bizim. Özü də Xatından sonra, Qotaz bəydən sonra gör neçəsi Behişti-Zəhrada basdırılıbdır. Bu dönə səni də özümnən aparacağam Tehrana. Sən cavansan, Qotaz bəyin də qəbrinin yerini tez öyrənərsən. Amandı, fəqət burdan götürəcəyimiz torpaq yadından çıxmasın...

___
* Sement, beton
** Tehranın ən böyük qəbristanlığı
*** Şəhər bələdiyyəsi
**** Pasport
***** Dəfə


Qaynaq (ərəb əlifbasında): http://www.1001gece.blogfa.com/post-78.aspx


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər