
Mən bu kitabdakı şeirləri həm də başqa mənada «ilhamlı şeirlər» adlandırıram. O mənada ki, bu şeirlərdə İlhamın özü var. Təkcə bu anlamda yox ki, İlham öz taleyini yazır, özünü ifadə edir, özü demişkən, alın yazısını kağıza köçürür və bütün bunların təzahürü olaraq şeirlərində tez-tez öz adını çəkir. Məsələ burasındadır ki, İlham həyatda necədirsə, şeirlərində də elədir. Yaradıcı insan üçün bu, məncə, çox mühüm məsələdir. Bu yerdə istər-istəməz məşhur İran şairəsi Foruğ Fərruxzadın aşağıdakı sözlərini xatırlamalı oluram: «Şair olmaq – insan olmaqdır. Bəzilərini tanıyıram ki, gündəlik davranışlarının şeirləri ilə heç bir əlaqəsi yoxdur, yəni yalnız şeir yazanda şairdirlər, sonra hər şey bitir, yenə olurlar tamahkar, qarınqulu, zalım, dargöz, paxıl və alçaq bir adam. Mən bu adamların sözlərini qəbul etmirəm». Bu sitata yalnız onu əlavə edə bilərəm ki, həmin ikiləşmə son nəticədə şairliyin (ümumiyyətlə, yaradıcılığın) axırına çıxır. Əxlaq, mənəviyyat, təmizlik olmayan yerdə istedad da batıb gedir. Bu mənada İlham, necə deyərlər, mənəvi ekologiyasını qoruyan bir ziyalıdır, doğulduğu Laçının suyundan, havasından əxz etdiyi təmizliyə «üç milyonluq şəhərin» çirkabının qarşmasına imkan verməyib. Ona görə də belə şeirlər yaza bilir. Özü tez-tez: «Şeir – ruhun dilidir» söyləyir. Deməli, gərək içini təmiz saxlayasan ki, ruhu his-pas tutmasın və danışa bilsin.
Ruh demişkən, İlhamın şeirlərində mən Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Sarı Aşıqdan... gələn bir ruh görürəm. Və bu ruh modern poetikada da danışa bilir. Bu ruhun sözün müstəqim mənasında dili, yəni İlhamın şeir dili xüsusi bir mövzudur. Kitabı oxuyan hər kəs bunu dərhal hiss edəcək. Və ədəbiyyatda, mətbuatda süni, quru, cansız dilin baş alıb getdiyi bir vaxtda canlı xalq dilindən qaynaqlanan belə bir dildə yazdığına görə şairə «əhsən!» deyəcək. Bu, İlhamın ədəbi dilimizə dəyərli bir xidmətidir. Ən mühümü odur ki, xalqdan gələn ifadə tərzi İlhamın yaratdığı mətnlərdə etnoqrafik element, stilizasiya təzahürü deyil, bayaq dediyim kimi, ruhun öz dilidir.
Mən güman etmirəm ki, bu kitab İlhamın bədii istedadını, yaradıcı potensialını bütünlüklə ifadə edir, necə deyərlər, onların son həddidir. Əminəm ki, əllini haqlamaqda olan İlham Qəhrəman bu yaşın verdiyi imkanlar sayəsində hələ neçə-neçə dəyərli əsərlər yaradacaq və onu sevənləri – dostlarını, oxucularını sevindirəcək. Bu yolda əziz dostuma, şair qardaşıma böyük-böyük uğurlar arzulayıram.
(İlham Qəhrəmanın «Ey dil» şeirlər kitabına son söz)
Şərh yaz