Roca Çəmənkar. ŞEİRLƏR

Roca Çəmənkar 1981-ci ildə anadan olub. Tehranda kino və dramaturgiya sahəsində təhsil alıb, Strasburqda doktoranturada oxuyub. 
İndiyədək altı şeir kitabı nəşr olunub: “Ana dilində ölmək”,“Özümlə danışıram”, “Getmişdin mənə bir az cənub gətirməyə” və s. 
2011-ci ildə gənc şairlər arasında İran Mədəniyyət Nazirliyinin keçirdiyi “İlin kitabı” müsabiqəsinin qalibi olub. İranda və Avropada çoxsaylı poeziya festivallarının iştirakçısıdır. Şeirləri ingilis, fransız, rus dillərinə tərcümə olunub. 
2016-cı ildə Fransada Nikos Qatsos adına mükafata layiq görülüb.


İstəyirdim quş olasan

İstəyirdim quş olasan,
uçub gedəsən
və geri dönməyəsən bir də.

İndi
illərdir məndə yuva qurmusan,
budaqlarımı qırmısan.
Hər gecə
qarmaqarışıq edirsən yuxularımı.
Hər gün
dimdikləyirsən həyatımı...
 

Əllərimdə xətt yoxdur

Əllərimdə
heç bir xətt yoxdur:
nə ömrümün uzunluğunu göstərən xətt,
nə gələcəyimdən xəbər verən xətt,
nə də məni kiməsə qovuşduracaq xətt.

Mən
dünyanın bütün xətlərini
gözlərimdə gizlətmişəm ki,
falçıların heyrət dolu baxışlarından
soyusun ürəyim.


Tap məni

Tap məni fincanlardakı barmaq izindən
kafelərdə,
vitrinlərin arxasında dayanmaqdan,
gəlinciklərə qısılmaqdan.
Adıma olan gilas ağacında,
sarı skamyada, ağ qızılgüldə, qarlı gündə.

Tap məni qorxu altında, göz yaşları içində titrəməkdən,
Bəndəri rəqsinin ortasında, armudu stəkanda, qaranlıq gecədə.
Yaddaşım hardadır?
Evim harda?
Gülüşüm harda?

Tap məni pəncərənin altında yavaşca yeriməkdən,
cümə axşamı, metro, sonuncu dayanacaqdan.
Axı nə idi adım?
Adım nə idi?
Dərim nə rəng idi?

Tap məni sözlərin ayaq izindən,
kinoteatrın qarşısında, parkın içində, uzun küçənin sonunda.
Uzun küçə,
Uzun dünən,
Uzun gün.
Sirrim nə idi?
Kölgəm hardadır?
Tehran, Vəli-əsr meydanı, Milli Bankın yanı,
itmiş əşyalar bölməsi.
Tap məni
itmiş əşyaların nişansız kölgələri arasından...


Farscadan tərcümə: Məsiağa Məhəmmədi






Davamı

“Bəzi naşirlər kitabı gözdən salmaqla məşğuldur”

 "Kitabçı" jurnalına müsahibəm

- Məsiağa müəllim, bilirəm ki, müsahibə vermək məsələsinə adətən həvəssiz yanaşırsız. Söhbət eləməyi sevsəm də, şəxsən məndə bu duyğu var ki, müsahibə verən adam sanki olduğundan daha vacib bir görkəm almalıdır, Sizdə bu nə ilə bağlıdır: müsahibə janrına münasibətlə, ya özünüzə münasibətlə?
- Elədir və burada həm siz dediyiniz, həm də digər amillər var. Doğrudan da, “vacib görkəm almaq” bizim müsahibələrdə bir növ şərtə çevrilib. Hətta deyərdim ki, olduğundan ağıllı görünmək. Mən də hansısa rola girməyi, ümumiyyətlə, xoşlamıram. Səmimiyyət mənim üçün istənilən söhbətdə başlıca şərtdir. Yəni həqiqətən düşündüyünü demək. Bu olmadıqda, “xala xətrin qalmasın” danışıqda məna görmürəm. Bir məsələ barəsində danışırsansa, problemin kökünü göstərməlisən, ikinci, üçüncü dərəcəli məsələlərdən “ağıllı-ağıllı” danışmağa nə var ki?!
Digər bir amil odur ki, adam yaşa dolduqca, mütaliəsi, dünyagörüşü genişləndikcə, görür ki, hər şey deyilib. Təkrara nə hacət? Əsas məsələ deyilənlərə əməl olunmasıdır. Mirzə Cəlil də deyirdi ki, “əməl, əməl, əməl!”. Mən əməlin, nümunənin gücünə sözün gücündən daha çox inanıram.
Üçüncüsü, siz deyən kimi, müsahibə janrı ilə bağlıdır. Əvvəllər maraqlı, ən çox oxunan janrlardan olan bu janr indi çox ucuzlaşıb. Mən mətbuatın, xüsusən, elektron KİV-in sürətli inkişafı şəraitində bu janra çox müraciət edilməsini anlayıram. Amma kimdən gəldi müsahibə də götürmək olmaz axı. Müsahibə cəmiyyətə müəyyən fikirləri çatdırmaq vasitəsindən bir növ reklam, təbliğ vasitəsinə çevrilib. Üstəlik, KİV-in “müsahibə ulduzu”na çevrilmiş adamları şəxsən tanıdıqca, onların dedikləri ilə etdiklərinin arasındakı təzaddan dəhşətə gəlirsən. Və onların sırasında növbəti müsahib olmağa həvəsin qalmır. Təsəvvür edin, elmi işini başqasına yazdıran, yəni professor adı saxta olan birisi müsahibə verib Azərbaycanda kimlərin ciddi alim olmasından söz açır, başqalarının araşdırmalarına qiymət vermək, gənclərə yol göstərmək iddiasında bulunur. Bu, artıq şəxsiyyətin ikiləşməsinin, bir növ şizofreniyanın təzahürüdür və ciddi ictimai problemdir.
- Azsaylı müsahibələrinizin birində deyirsiz ki, xaricdə işləyib qayıdanda, çoxları kimi “Qaz-24” maşını deyil, xeyli kitab gətirmişdiniz və bu, təəccüb doğurmuşdu. Elə həmin müsahibənizdə hansısa əsəri bitirəcəyinizə, hansısa kitabı Azərbaycan dilində çap etdirəcəyinizə inamınızın itmədiyindən danışırsız. Məncə, bu təkcə görəcəyiniz işlə bağlı yox, ümumiyyətlə, kitabla bağlı, kitabın nəyisə dəyişdirəcəyi ilə bağlı inamın təzahürüdür. Sizcə, kitab nədir? Həyatınızda kitabın yeri haqqında bir az danışın…
- Hə, olub elə şey. Hələ ondan qabaq, tələbəlik illərində, necə deyərlər, son qəpiyimi verib hansısa kitabı aldığım vaxtlar olub. Həmin an düşünməmişəm ki, sabah nə yeyəcəm. O kitabdan aldığım mənəvi qida ilə doymuşam. Xaricdə də çoxdan arzusunda olduğum kitabları görəndə, tərəddüd etmədən almışam, həm də sovet vaxtı o kitabları burda əldə etmək qeyri-mümkün idi. İndi kifayət qədər zəngin şəxsi kitabxanamı özümün başlıca sərvətim sayıram. Sonra da öz kitablarım çıxıb, tərtibçi, redaktor kimi bir çox kitabların işıq üzü görməsində iştirakım olub. Bu mənada kitab elə mənim həyatımdır.
Şərqdə kitaba müqəddəs bir şey, tükənməz hikmət qaynağı, bilik mənbəyi kimi baxılıb. Nəzərə alsaq ki, bilik Şərq insanı üçün özlüyündə bir dəyərdir, bu münasibəti anlamaq olar. Yəni Qərbdən fərqli olaraq, bilik praktik faydaya yönəlməyib. Kitabın bu statusu ilk növbədə onunla şərtlənir ki, Tanrı öz bəndələrinə məhz kitab göndərib. Məhəmməd peyğəmbərin ən böyük möcüzəsi də məhz Kitab sayılır. Amma kitabın kütləvi çapı texnologiyasının kəşfi onun statusunda dəyişiklik yaratdı. Yəni kitab həm də əmtəəyə çevrildi. Xüsusən kapitalizm mərhələsində. Sonra da onun televiziya kimi rəqibi meydana çıxdı. Totalitar rejimlərin süqutundan, müəyyən tənzimləmə mexanizmlərinin yoxa çıxmasından sonra isə kitabın başına daha böyük “müsibətlər” gəldi. İş o yerə gəlib çatdı ki, indi camaat arasında deyildiyi kimi, hər yerindən duran kitab yazır (daha doğrusu, çıxarır), ən yaxşı halda ortabablıq baş alıb gedir. Üstəlik, bic uşaqlar kimi bic kitablar da doğulur.
Bununla belə, kitabın həqiqi dəyərini bilənlər üçün onu heç nə əvəz edə bilməz. Vaxtilə ustadım, görkəmli Azərbaycan şərqşünası, professor Rüstəm Əliyev danışırdı ki, Moskvadan Bakıya qayıtdıqdan sonra bir müddət tək yaşadım (özü də rəhmətlik mənim kimi gecələr işləməyi, səhər yaxın yatmağı xoşlayırdı). Dostlarım deyirdilər ki, Rüstəm, tək darıxmırsan? Mən də deyirdim ki, mən səhərə qədər kitablarımla baş-başayam, Xəyyam, Nizami, Sədi, Füzuli ilə söhbət edirəm, nə darıxmaq?!
Həqiqətən də, mənəvi aləmi, öz daxili dünyası olan üçün kitabdan yaxşı həmdəm, munis yoxdur. Böyük Azərbaycan şairi Saib Təbrizinin bir beyti var. Deyir: “Saeb, mətələb ruye-del əz kəs dər in əhd / Ruyi ke nəgərdəd ze kəsi ruye-ketab əst”. Yəni: “Saib, bu dünyada heç kəsdən etibar gözləmə! İnsandan üz döndərməyən bir kəs varsa, o da kitabdır”. Başqa bir farsdilli şair də deyir: “Behtər ze ketab dər cəhan yari nist / Dər qəmkədeye-zəmane qəmxari nist”. Mənası budur ki: “Dünyada kitabdan yaxşı dost yoxdur / Zəmanə qəmxanəsində ondan yaxşı həmdərd yoxdur”.
Kitab həm də insanı dəyişdirən bir vasitədir. Dünyanı dəyişməyin yolu da inqilablardan yox, insanı dəyişməkdən keçir. Bu baxımdan kitabın bəşər tarixində rolu əvəzsizdir və yalnız informasiya-kommunikasiya texnologiyaları ilə müqayisə oluna bilər.
- İlk oxuduğunuz kitabı xatırlayırsız?
- Xatırlamıram. Amma dəqiq deyə bilərəm ki, bu, uşaq ədəbiyyatı nümunəsi olmayıb. O yadımdadır ki, 3-cü sinfə qədər “Koroğlu” dastanını bütünlüklə öyrənmişdim və müəlliməmiz adətən nəğmə, əmək dərsləri olan sonuncu saatlarda mənə vaxt ayırırdı ki, dastanı sinif yoldaşlarıma danışım. Mən də hər dəfə bir qolu nəql eləyərdim.
Məktəb vaxtı oxuduğum iri həcmli əsərlərdən Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanını yaxşı xatırlayıram. Mənə çox təsir eləmişdi. Hətta onu fasilələrlə bir neçə dəfə oxumuşdum. Hesab edirəm ki, bu əsər Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biridir və gənc nasirlərin öyrənməsi üçün orada çox şeylər var.
- Elmin cazibədar olması, inkişafı üçün alimin şəraitinin və statusunun yaxşılaşdırılması, qaldırılması fikrini bölüşdüyünüzü bilirəm. Kitabdan danışmışkən, məsələn, qonşu Gürcüstanda, daha az maddi rifah içində olmalarına rəğmən, daha çox kitab oxumalarının şahidi oldum; şərqşünassız, yəqin ki, bizdən daha yaxşı bilirsiz, onların beynəlxalq səviyyəyə çıxan xeyli gənc şərqşünasları var. Sizcə bu nə ilə bağlıdır? Biz niyə az oxuyuruq?
- Elmdə maddi təminat mühüm şərtdir, lakin yeganə şərt deyil. Müsahibələrimdən birində əsas problemin elmin təşkilində olduğunu demişəm. Sovet vaxtı elmi fəaliyyətin təşkili və idarəçiliyi o zamankı şərtlərə uyğun kifayət qədər səmərəli qurulmuşdu. İndi şərait dəyişib, amma biz hələ həmən paradiqmadan qurtula bilməmişik. Bu da ciddi bir əngələ çevrilib. Kəsəsi, bizim elmə müasir tələblərə uyğun menecment lazımdır. Yoxsa bizim nə yetkin, nə də gənc alimlərimizin səviyyəsi, potensialı ən azı bələd olduğum sahədə digər ölkələrin alimlərindən aşağı deyil. Bilirəm ki, ədəbiyyatımızda da “dünyaya çıxmaq” məsələsi geniş diskussiya mövzusudur. Hər iki halda, necə deyərlər, zərgər funksiyasını yerinə yetirə biləcək, sözün geniş mənasında bazarı bilən obyektiv, qərəzsiz menecerlərə ehtiyac var. Əks halda, başqalarına valehlik, özümüzə aşağı baxmaq sindromundan xilas ola bilməyəcəyik.
Qaldı az oxumağımıza, bu, geniş bir sosioloji araşdırmanın mövzusu ola bilər. Hər halda, bu məsələdə tarixi-mədəni və sosial amillərin təsirini görməliyik. Biz tarixən şifahiliyə, şifahi yaradıcılığa meylli olmuşuq. Dədə-babalarımızın yazıb-oxumaqla çox da arası olmayıb. Buna görə də bu gün tariximizin bir çox məsələlərini qeyrilərinin qeyri dillərdə yazdığı qaynaqlar əsasında öyrənməyə məcburuq. Bizdə informasiyanın şifahi ötürülməsi ənənəsinin qalıqları bu gün də güclüdür. Məsələn, böyük alim sayılan adamlarımız var ki, maraqlansan, elə bir yaradıcılığı olmadığını görərsən; yəni onlar bu statusu müxtəlif məclislərdəki söhbətləri ilə, suallara verdiyi cavablarla qazanıblar.
Sosial amillərə gəldikdə isə, burada təhsildən tutmuş KİV-in roluna qədər çoxsaylı məsələlər kompleksindən söz açmaq olar. Amma mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bu da kitab bazarındakı vəziyyətin özü ilə bağlıdır. Bayaq dediyim kimi, kitab insanı dəyişdirən bir vasitədir. Gəlin görək, satışa çıxarılan kitabların neçə faizi bu tələbə cavab verir?! Kitab oxucunu arxasınca aparmaq əvəzinə, özü oxucunun ardına düşüb onun heyvani istəklərinə, ötəri hisslərinə apelyasiya etməklə məşğuldur. Bunu edənlər də kitaba yalnız əmtəə, gəlir mənbəyi kimi baxan, aşağı zövqə və intellektual səviyyəyə malik bir neçə naşirdir. Onlar guya kitabı təbliğ etdiklərini bəyan etsələr də, əslində onu gözdən salmaqla məşğuldurlar. Bazardakı kitabların böyük bir qismi elementar yaradıcı və texniki tələblərə cavab vermirsə, oxucunun ona biganə qalması təbiidir. Əgər oxucu həmin kitabda onu düşündürən suallara, narahat edən məsələlərə cavab tapmayacağına əmindirsə, niyə onu almalıdır?! Bu şəraitdə kitab nəşri və yayımı sahəsinə yaradıcı insanların, kitaba bir dəyər kimi yanaşanların gəlişi vəziyyəti dəyişə bilər. Belə olarsa, Azərbaycan oxucusunun kitaba dönüşü baş verər. Və mən əminəm ki, bu dönüş olacaq.
- Prust gözəl təbiətdə, sevdiyi adamlarla, kitabların, musiqinin əhatəsində və fransız teatrının yaxınlıqda yaşamağı təxminən xoşbəxtlik hesab edirdi? Sizcə, xoşbəxtlik nədir?
- Dar mənada xoşbəxtlik daxili rahatlıqdır. Yəni insan bir şeyə can atıb ona çatırsa, həmin daxili rahatlığı tapır. Bu baxımdan universal xoşbəxtlik məfhumu yoxdur, məncə. Mövlananın bir şeiri var, deyir ki, sən əgər mədəndəki gövhəri axtarırsansa, mədənsən; əgər çörək həvəsindəsənsə, çörəksən; bir sözlə, nəyi axtarırsansa, osan.
Geniş mənada götürdükdə isə, dünyada davamlı xoşbəxtlik yoxdur, xoşbəxtlik ani, müəyyən zaman kəsiyində yaşanan hissdir. Qəzzali, Nizami kimi mütəfəkkirlər bunu insanın ikili təbiəti (maddi və mənəvi başlanğıclara malik olması) ilə izah edirdilər. İnsan heç bir halda bu iki başlanğıcın ziddiyyətini həll edə bilmir, cism ilə ruhun aramsız döyüşündən rahatlıq tapmır və yalnız Tanrı dərgahında hüzura qovuşur.
- Bəs bədbəxtlik…?
- Özünü tanımamaq.
- Bilirəm ki, klassik ədəbiyyat bilicisisiz, eyni zamanda muğamı sevirsiz. Populyar musiqiylə aranız necədir? Kimləri sevirsiz, kimlərə qulaq asırsız?
- Bu baxımdan hər hansı məhdudiyyətim yoxdur. Görürsən ki, biri muğamı sevir, aşıq musiqisini bəyənmir, ya hecanı sevir, sərbəst şeirə dodaq büzür, yaxud müasir poeziyanı bəyənir, qəzələ yaxşı baxmır. Bu, mənə çatmır. Mən ovqatıma uyğun olaraq, bunların hər birindən həzz ala bilirəm. Yəni sənətin əbədi prinsiplərinə söykənən istənilən bədii mətn, yaxud musiqi ilə ünsiyyətim alınır. O cümlədən də populyar musiqi ilə: istər yerli olsun, istər xarici.
- Mən bu qənaətdəyəm ki, son iyirmi-iyirmi beş ildə yazılmış yeni şeirimiz bir çox məziyyətlərinə görə XX yüzillikdə yazılmış poeziya nümunələri arasında daha maraqlı görünür. Bilirəm ki, çağdaş ədəbiyyatımızı daim izləyirsiz, odur ki, mənim bu cəsarətli fikrimə münasibətinizi bilmək istərdim…
- Müstəqillik dövrü poeziyamızda çox maraqlı nümunələr, yaradıcı insanlar meydana çıxıb. Amma bütövlükdə proses dediyiniz təəssüratı möhkəmləndirmir. Yenilik sayılan cəhdlər, fərqli söyləmlər çox zaman başlaması ilə də bitir, yəni sona varmır, məntiqi yekununa doğru irəliləmir. Hay-küy, ehtiras, çağırış və bəyanat çoxdur, həqiqi bədiilik meyarlarına cavab verən əsərlərsə az. Sovet dövrü poeziyası çox ideolojiləşmişdisə, indiki şeirimizdə də xırdaçılıq, təfərrüat, hətta deyərdim, cılızlıq çoxdur. Bir yandan da təqlidçilik. Bununla belə, çağdaş şeirimizdə hadisə sayıla bilən, yeni mərhələni təmsil edən, fərdi üslubu ilə seçilən ən azı iki şair var. Və onların yaradıcılığı tipologiyasına görə XX əsr şeirimizdən fərqlidir. Bəlkə haçansa bununla bağlı müşahidələrimi ayrıca bir yazıda qələmə aldım. Sağlıq olsun.
- Məsiağa müəllim, 50 yaşı mürəkkəb yaş hesab edirsiz. Nədədir bu mürəkkəblik?
- Köhnə vaxtlar 50 yaş ömrün yarısı sayılırdı. İndiki statistika ilə götürsək, ömrün üçdə ikisidir. Yəni daha geriyə yol yoxdur, nəyisə təzədən, sıfırdan başlamaq imkanı aradan qalxıb. Deməli, yola davam etməlisən. Bu da çoxlu suallar doğurur, çox şeyi saf-çürük etməli, tez-tez geriyə boylanmalı olursan. Gənclikdə bir sualın bir neçə cavabı olur, yaşa dolduqca cavabsız suallar çoxalır...
- Necə bilirsiz, Məsiağa müəllim, Xəyyam şərab içib? Ya onun da şərabı rəmzdir?
- İçib. Amma onun rübailərindəki “şərab” həm də (və daha çox) rəmzdir: azadlığın, dünya nemətləri və gözəlliklərindən həzz almağın, cəmiyyətdəki şərtilik və riyakarlıqlara etirazın rəmzi. Yadınızdadır?

Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?

 

- Bizim vərdişlərimiz, meyllərimiz zaman-zaman dəyişir, həyat sanki bizi redaktə edir. Hobbiniz varmı? Bəlkə olub, indi daha yoxdur. Məsələn, şahmat, bilyard…bəlkə başqa nəsə…
- Xüsusi seçilən bir hobbim olmayıb. Amma son illər kompüter texnologiyaları çox marağımı çəkir. Bununla bağlı yazıları oxuyuram, yenilikləri izləməyə çalışıram. Boş vaxtlarımda müxtəlif kompüter proqramlarını test eləməyi xoşlayıram. Bəzən bunun ucbatından kompüterin sistemi çökür. Amma bunu özüm həll edə bilirəm. Kompüteri nisbətən gec öyrənsəm də, daha proqramçılara müraciət etmirəm. Bir ara bloqçuluqla çox maraqlanırdım, “Blogger”də bir neçə bloq yaratmışdım, hələ bəzi html kodları da öyrənmişdim...
- Bir dəfə çox nüfuzlu adamlardan biri zarafatla “bizim ailədə patriarxal demokratiyadır” dedi. Sizdə necədir?
- Bizdə klassik demokratiyadır (gülür). “Patriarxal” anlayışına gəldikdə isə, deyim ki, bu, çox ciddi məsələdir. Nə qədər paradoksal olsa da, biz hələ də patriarxal şüuru dəf edə bilməmişik və bunun fəsadları cəmiyyətin müxtəlif sahələrində özünü göstərir.

Söhbətləşdi: Səlim Babullaoğlu


“Kitabçı” jurnalı, № 1, mart 2014




Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər