Hafizin ruhuna ixlas ilə bir fatihə ver,
Çərx vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa.
Tutiyi-baği-cinan, bülbüli-şaxi-Şiraz,
Xaceyi-Şəms-ləqəb, şairi-qərra, qərra.
Hafiz yaradıcılığı o qədər çoxcəhətli və çoxplanlıdır ki, ən geniş bir baxış bucağından yanaşdıqda belə, onun sənətinin hansısa aspektlərini nəzərdən qaçırmaq təhlükəsi böyükdür. Odur ki, mən Hafiz haqqında tam dolğun bir söz demək iddiasında olmadan, onun dövrü, şəxsiyyəti və poeziyasına ümumi bir nəzər salmaq niyyətindəyəm.
Hafizin dövrü Şərq tarixinin ən qarışıq, ən keşməkeşli mərhələlərindən biri idi. Orta Şərqin, Qafqaz və Mərkəzi Asiyanın xalqları bir fəlakətin - monqol basqınlarının nəticələrini sinirməmiş, başqa bir fatehin - Əmir Teymurun axsaq ayaqlarının altında qaldılar. O qorxunc fatehin ki, Hafiz yaşının ixtiyar çağlarında, ömür günəşinin qüruba endiyi bir zamanda onunla üzbəüz gəlmiş və qarşısında sınmamışdı…
Teymurləngin hücumu ərəfəsində də bölgədə vəziyyət o qədər ürəkaçan deyildi. Monqolların qurduğu Hülakular, yaxud Elxanilər dövləti tədricən çoxəsrlik ənənələri olan mədəni mühitə uyğunlaşaraq müəyyən işlər görmüşdü. Xüsusən Qazan xanın (1295-1304) islahatları bir sıra müsbət nəticələr vermişdi. Hafizin doğulduğu Şirazı isə Qazan xanın adından İncuilər idarə edirdi. Lakin sonuncu qüdrətli Elxani hökmdarı Əbu Səid Bahadır xanın (1316-1335) ölümündən sonra – XIV əsrin 30-cu illərindən başlayaraq, yəni təqribən Hafizin 10 yaşı olanda, sanki yeni fatehin gəlişinə zəmin hazırlayırmış kimi Elxanilər dövlətini qarışıqlıq və çəkişmələr bürüdü. Saraydakı qrup mübarizələri dövlətin parçalanması ilə nəticələndi. Bir yanda Cəlairilər və Çobanilər, bir yanda Müzəffərilər, bir yanda da Sərbədarlar hökmranlıq etməyə başladı. Belə bir şəraitdə insanların son ümidləri də puça çıxdı, hər yerdə ümidsizlik, qorxu, həyəcan və bədbinlik ruhu hakim kəsildi. Bütöv bir mədəni sistemin deqradasiyasının, mənəvi və əxlaqi böhranın nəticəsi olaraq, yalan, özbaşınalıq, zorakılıq, riyakarlıq və sinizm tüğyan etməyə başladı. Bu barədə danışarkən, görkəmli İran alimi, mərhum Əbdülhüseyn Zərrinkub yazır:
روزگار وی (یعنی حافظ) روزگار فساد، روزگار دروغ، روزگار ریا بود
«Onun (Hafizin – M.M.) dövrü – fəsad dövrü, yalan dövrü, riyakarlıq dövrü idi».
Hafizin poeziyası belə bir mənəvi-əxlaqi mühitin inikası idi. Özü də təkcə inikası yox, həm də inkarı idi. Ona görə də zəmanəsindəki bədbinlik ruhu Hafiz poeziyasına çökə bilməyib, əksinə, Hafiz yaradıcılığı ümid və nikbinlik ruhu ilə yoğrulub. Səbəbi də budur ki, Hafiz ilhamını yerdən deyil, səmalardan almışdı, poetik istedad ona vəhy kimi, vergi kimi bəxş olunmuşdu. İlahidən gələn kəlamda isə ümidsizlik qoxusu ola bilməzdi. Hafizin bioqrafiyası ilə bağlı ən məşhur və ən sirli epizod da məhz bu məsələdən söz açır.
Şəmsəddin Məhəmməd Hafiz Şirazinin babası bir vaxtlar İsfahandan Şiraza köçmüşdü. Atası Bəhaəddin Şirazın varlı tacirlərindən sayılırdı. Anası Şirazdan çox da uzaqda yerləşməyən Kazerun şəhərindən idi.
1325-ci ildə doğulmuş Məhəmməd ailənin ən kiçik – üçüncü oğlu idi. Atalarının vəfatından sonra ailə tamamilə müflisləşmiş, böyük qardaşları dolanışıq dalınca Şirazı tərk etməyə məcbur olmuşdular. Anası ilə birgə Şirazda qalan Məhəmməd kiçik yaşlarından işləməyə başlamışdı. O, gecə səhərə qədər xəmirmaya hazırlamaqla məşğul olan sexdə işləyər, səhər isə məktəbə yollanardı. Ağır həyat şəraiti onun oxumaq, öyrənmək şövqünə əsla təsir göstərmirdi. Quranı əzbər bilirdi. «Hafiz» təxəllüsü də bununla əlaqədar idi. Mənbələrin yazdığına görə, Hafiz öz cüzi gəlirini üç yerə bölər, bir hissəsini anasına verər, bir hissəsini özünə xərclər, bir hissəsinə də kitab alardı. Şeir deməyə erkən yaşlarında başlamışdı, amma şeirləri zəif idi. Hətta bazardakı şeir məclislərinə onu məzələnmək, əylənib gülmək üçün dəvət edərdilər. Bu da yeniyetmə Hafizin qəlbini yaralayardı. Rəvayətə görə, elə həmin vaxtlar o, Şax-Nabat adlı bir qıza vurulmuş, lakin sevgisi cavabsız qalmışdı. Bu səbəbdən o Baba Kuhi Bakuvinin şəhərin kənarında yerləşən məqbərəsinə üz tutmuş və muradının hasil olmasından ötrü qırx gün riyazət və dua ilə məşğul olmuşdu. Başqa bir versiyaya görə, şeir məclislərinin birində növbəti dəfə zəif qəzəllərinə görə məsxərəyə qoyulduğu üçün inciyib küsmüş və Baba Kuhinin məqbərəsinə yollanmışdı. Hər halda, qırx günlük ibadətdən, ağlayıb-sızlamaqdan əldən düşən Hafizi yuxu aparır. Yuxuda Həzrət Əlini görür və o, amiranə bir tərzdə Hafizə buyurur: «Dur get, artıq elm qapıları sənin üzünə açıqdır». Yuxudan ayılan Hafiz bədahətən aşağıdakı məşhur qəzəlini söyləyir:
دوش وقت سحر از غصه نجاتم دادند
و ندر آن ظلمت شب آب حياتم دادند...
چه مبارك سحرى بود و چه فرخنده شبى
آن شب قدر كه اين تازه براتم دادند....
اين همه شهد و شكر كز سخنم میريزد
اجر صبريست كز ان شاح نباتم دادند...
Dünən səhərə yaxın mənə qüssədən nicat verdilər,
Gecənin o zülmətində mənə dirilik suyu verdilər…
Nə mübarək səhər idi, necə xoşbəxt gecə –
O qədr gecəsi ki, mənə bu təzə baratı verdilər.
Mənim sözümdən süzülən bütün bu bal-şəkəri
Səbrimin əvəzi olaraq o Şax-Nabatdan verdilər.
Şəhərə gəlib məclis əhlinə bu qəzəli oxuyan Hafizə heç kəs inanmır və onun bu şeiri kimdənsə oğurladığını güman edirlər. Sınaq üçün Hafizə bir beyt verilir və onu davam etdirmək tələb olunur. Haviz durmadan həmin beyt əsasında gözəl bir qəzəl söyləyir. Hamı heyran qalır və anlayır ki, artıq gənc şairin ilham bulağının gözü açılıb.
Bundan sonra Hafiz bir şair kimi məşhurlaşır, o cümlədən, sarayla əlaqələri yaranır. Bu zaman Şirazda Əbu İshaq İncui (1343-1353) hökmdar idi. O, kefcil, həyatı sevən, şeirə, sənətə qiymət verən bir şəxs idi və Hafizə böyük hörmətlə yanaşırdı. Çox keçmir ki, Yəzd və Kemanda hökmranlıq edən Mübarizəddin Məhəmməd ibn Müzəffər Şiraza hücum edərək şəhəri tutur və Əbu İshaqı qətlə yetirir. Dörd ildən sonra onun oğlu Şah Şüca atasını öldürüb yerinə keçir. Hafizin həyatının əsas hissəsi məhz Şah Şücanın (1357-1384) dövrünə təsadüf edir. Şah Şüca özü də şair idi və Hafizlə yaxşı münasibətlər saxlayırdı, amma arabir aralarında münaqişə də olurdu. 1372-1374-cü illərdə Hafiz məhz bu səbəbdən Yəzd və İsfahan şəhərlərinə yollanır, amma tez də çox sevdiyi Şiraza qayıdır. Münaqişəyə səbəb isə Şah Şücaya yaxın olan fəqih və şair İmad Fəqih Kermani barədə Hafizin yazdığı misralar olmuşdu. Öz dövründə əhali arasında və sarayda böyük nüfuza malik olan İmad pişiyinə «namaz qılmaq» öyrətmişdi və o özü namaz qılarkən pişiyi də arxasında dayanıb başını aşağı-yuxarı hərəkət etdirirdi. Çoxları bunu fəqihin möcüzəsi kimi qiymətləndirirdilər, Hafiz isə bu hadisəyə istehzalı münasibətini aşağıdakı misralarda ifadə etmişdi:
صوفى بجلوه آمد و آغاز نار كرد
بنياد مكر با فلك حقه باز كرد...
اى كبك خوش خرام كه خوش ميروى بناز
غره مشو كه گربۀ عابد نماز كرد...
Sufi cilvəyə gəlib nazlanmağa başladı,
Oyunbaz fələklə hiylənin əsasını qoydu…
Ey xoş yerişli kəklik, sən nazla yaxşı gedirsən,
[Amma] qürrələnmə, çünki abidin pişiyi namaz qılır…
Bu şeirin üstündə Şah Şüca Hafizdən incimişdi. Şah Şücadan sonra Zeynalabdin (1384-1387) taxta çıxır. 1387-ci ildə Teymurləng Şiraza hücum çəkir. Zeynalabdin kor edilərək bir qalaya salınır. Elə həmin vaxt Hafizlə Teymurun məşhur görüşü baş verir. Hafiz o ərəfədə İsfahanda 70 min insanın başını kəsdirən fatehdən çəkinmir və hətta onunla mükalimədə öz yaradıcılığına xas olan ironiyadan da qalmır. Deyilənə görə, Teymurləng Hafizin məşhur:
اگر آن ترك شيرازى بدست آرد دل ما را
بخال هندويش بخشم سمرقند و بخارا را
Əgər o Şiraz türkü (gözəli) bizim könlümüzü ələ alsa,
Onun qara xalına Səmərqənd və Buxaranı bağış¬laram.
- beytinə işarə edərək soruşur: «Mən dünyanın yarısını xaraba qoymuşam ki, Səmərqənd ilə Buxaranı abad edim, sən hansı haqla onları bir xala bağışlayırsan?» Hafiz gülümsəyib öz yoxsul görkəmini, köhnə, cırıq-sökük paltarını göstərərək deyir: «Ey böyük hökmdar, elə belə əliaçıq və israfçı olduğum üçün bu günə qalmışam».
Bu hadisədən iki il sonra – sonuncu Müzəffəri hökmdarı Şah Mənsurun (1387-1393) dövründə Hafiz vəfat edir və cənnət bağından üstün saydığı Müsəlla gülşənində dəfn olunur. Bundan sonra Teymurləng yenidən Şiraza hücum edir və qeyri-bərabər döyüşdə Şah Mənsuru qətlə yetirərək, Müzəffərilər sülaləsinə son qoyur.
Hafiz hələ sağ ikən Şirazın və İranın hüdudlarından kənarda da şöhrət qazanmışdı. Necə ki, özü deyir:
به شعر حافظ شيراز ميگويند و مى خندند
سيه جشمان كشميرى و تركان سمرقندى
Kəşmirin qara gözlü [qızları] və Səmərqənd türkləri (gözəlləri)
Hafiz Şirazinin şeirlərini oxuyaraq əylənirlər.
Bu şöhrətin nəticəsində şair Şərqin müxtəlif guşələrindən dəvətlər alırdı. Məsələn, Sultan Əhməd Cəlair dəfələrlə onu Bağdada dəvət etmişdi, amma Hafiz bu dəvəti heç cür gerçəkləşdirə bilməmişdi. Şairin uzun müddətli səfər və səyahətlərə çıxmamasının bir səbəbi də doğma şəhərinə, onun təbii gözəlliklərinə hədsiz bağlılığı idi:
نميدهند اجازت مرا به سير و سفر
نسيم باد مصلى و آب ركن آباد
Müsəlla [gülşəninin] nəsimi və Rüknabad [çayının] suyu
Mənim seyr və səfərə çıxmağıma imkan vermir.
Dəkən hökmları Şah Mahmud Bəhməni də Hafizi öz sarayında görməyi çox istəyirdi. Şeir-sənət adamlarına qarşı hədsiz səxavəti ilə məşhur olan Şah Mahmud hətta Hafizin Hindistana gələ bilməsi üçün yol xərcini də ona göndərmişdi. Hafiz şahın hüzuruna yetişmək üçün Fars körfəzində gəmiyə minmişdi. Lakin gəmi sahildən azca aralanan kimi bərk tufan qopmuş və güc-bəla ilə canını salamat qurtarıb yenidən sahilə qayıdan şair bu qəzəli yazıb Şah Mahmuda göndərmişdi:
دمى باغم بسر بردن جهان يكسر نمى ارزد
به مى بفروش دلق ما كزين بهتر نمى ارزد...
چه آسان مى نمود اول غم دريا به بوى سود
غلط كردم كه اين طوفان به صد گوهر نمى ارزد...
Bütün dünya bir anlıq qəm çəkməyə dəyməz,
Bizim libasımızı meyə dəyiş, bundan yaxşısına dəyməz,
Gəlir qoxusu sayəsində dərya qəmi əvvəlcə asan göründü,
[Amma] səhv etdim, bu tufan yüz gövhərə də dəyməz…
Hafiz özü Hindistana gedə bilməsə də, sonralar oğlu ora yollanmış və elə orada da ömrünü başa vurmuşdu.
Bir çoxları şairin aşağıdakı beytinə əsaslanaraq onun Azərbaycana səfər etdiyini və Ərdəbildə olduğunu yazmışlar:
اى صبا گر بگذرى بر ساحل رود ارس
بوسه زن بر خاك آن وادى و مشكين كن نفس
Ey səba yeli, əgər Araz çayının sahilindən keçsən,
O vadinin torpağını öp və nəfəsini müşk qoxulu et!
Hafizin bədii irsi digər orta əsr Şərq şairləri ilə müqayisədə həcm baxımından çox kiçikdir. Özü tərəfindən deyil, mədrəsə yoldaşı Məhəmməd Güləndam tərəfindən tərtib olunmuş divanı 496 qəzəli, 29 qitəni, 42 rübaini, 1 məsnəvi və 1 saqinaməni əhatə edir (bəzi nəşrlərdə divana 1 deyil, 2 yaxud 4 mənsəvi, 1 tərcibənd, 1 tərkibbənd və 5 qəsidə də daxil edilir). Elə həmin Güləndamın yazdığına görə, Hafiz həm də Zəməxşərinin «Kəşşaf»ına haşiyə, Səkkakinin «Miftahül-ülum»una şərh və Qurani-kərimə təfsir yazıbmış, lakin bunların heç biri bu gün əldə yoxdur.
* * *
Yuxarıda deyilənlər tarixi bir şəxsiyyət olan, konkret sosial-siyasi şəraitdə yaşamış real Hafizə aiddir. Amma Hafizin poeziyasındakı ədəbi şəxsiyyət, yaxud lirik qəhrəman öz miqyasına görə real Hafizdən qat-qat genişdir. Heyrətamiz dərəcədə geniş xarakterə və təfəkkürə malik olan, bir növ universal səciyyə daşıyan bu şəxsiyyət ayrı-ayrılıqda hər bir kəsə munis olmağı bacarmış, Hindistanda və İranda, Orta Asiyada və Qafqazda yaşamasından, dinindən, dilindən, sosial statusundan asılıl olmayaraq, hərə öz axtardığını onda tapa bilmişdir. Mənim fikrimcə, Hafiz poeziyasında araşdırılmalı olan həlledici məqam məhz budur və mən Hafiz qəzəllərinin tematik təhlili üzərində dayanmadan, əsasən bu keyfiyyətin formalaşmasına səbəb olan amilləri nəzərdən keçirəcəyəm.
Baba Kuhinin məqbərəsində baş vermiş və yuxarıda nəql olunan əhvalat, əlbəttə, bir rəvayətdir və çoxlarına gerçəklikdən uzaq bir əfsanə təsiri bağışlayır. Amma həmin əfsanənin kökündə bir mühüm məsələ dayanır: bu, Hafiz şeirinin mənşəyinə istər başqalarının, istərsə də şairin özünün baxışı məsələsidir. (Yadınızdadırsa, şair həmən gecəni «qədr gecəsi» adlandırır). Hafiz öz şeirinin ilahi bir vergi, qeybdən gələn bir səs, əzəli Sözün təzahürü olduğunu dönə-dönə vurğulayır:
حسد چه ميبرى اى سست نظم بر حافظ
قبول خاطر و لطف سخن خدا دادست
Ey nəzmi zəif olan, Hafizə niyə həsəd aparırsan?
Ona həssas qəlbi və incə sözü Allah vermişdir.
Və yaxud:
شعر حافظ در زمان آدم اندر باغ خلد
دفتر نسرين و گل را زينت اوراق بود
Hafizin şeiri Adəmin dövründə cənnət bağında
Nəsrin və gülün dəftərində vərəqləri bəzəyirdi.
Amma Hafiz ilahi vergiylə kifayətlənməyərək, ilahi Kitabı və özündən əvvəlki ədəbiyyatı da dərindən-dərinə öyrənmişdi. Özü də Hafiz Quranı başqaları kimi «hiylə toruna» («dami-təzvir») çevirmək üçün əzbərləməmişdi. Digər tərəfdən, Quran Hafiz üçün təkcə əbədi həqiqətlər və ilahi hökmlər toplusu deyildi, həm də əlçatmaz bir Söz möcüzəsi idi. Bəllidir ki, Şərq poletika elmi də Quranın əsasında formalaşamışdır. Klassik Şərq filoloqlarının nəzərində Quran yalnız ilahi kəlam deyildi, həm də bədii kamillyiin ən yüksək nümunəsi idi. Təbii ki, bütün şairlər bu yüksək nümunəyə can atırdılar və «söz ecazı»na nail olmağa çalışırdılar. Bu istiqamətdə ən böyük uğurlara yetişən şair, şübhəsiz, Hafiz olmuşdur. Təsadüfi deyil ki, sonralar o, «Lisanül-qeyb», yəni «Qeybin dili» ləqəbini qazanmışdır. Hafiz özü də özünü «sehrkar şair» adlandıraraq yazır:
منم آن شاعر ساحر كه به افسون سخن
از نى كلك همه قند و شكر مى بارم
Mən elə bir sehrkar şairəm ki, söz ovsunu ilə
Qələmin qamışından daim qənd və şəkər yağdırıram.
Şair bu keyfiyyətə Quranın sayəsində nail olduğunu etiraf edib deyir:
... هرچه كردم همه از دولت قرآن كردم
Nə etdimsə, hamısını Quranın sayəsində etdim.
Quran üslubuna yaxınlaşmaqla bədii mətnin hədsiz çoxmənalılığına nail olduğu üçündür ki, Hafiz qəzəlləri adı poetik mətn çərçivəsindən çıxıb sakral bir mahiyyət kəsb etmişdir. Ona görə də müqəddəs mətnlərə olduğu kimi, Hafiz qəzəllərinə də şərhlər yazılmışdır. Və bu zaman bəzən bir sözün dəyişdirilməsi böyük məna dəyişikliyinə səbəb olduğundan qızğın mübahisələrə yol açmışdır. Məsələn, əlyazma nüsxələrində şairin məşhur bir qəzəlindəki bu beytə iki varinatda rast gəlinirdi.
Gəmidə oturmuşlarıq, ey səmt küləyi, qalx,
Bəlkə Yarın üzünü bir də görə bildik.
Gəmisi sınmışlarıq, ey səmt küləyi, qalx,
Bəlkə Yarın üzünü bir də görə bildik.
Bu beytdə «gəmi» ilə əlaqədar işlənən «oturmuş» və «sınmış» sözlərindən hər hansı birinin seçilməsi mənada xeyli fərq yaratdığından mıbahisələr səngimək bilmirdi. İş o yerə çatmışdı ki, Hafiz irsinin gözəl bilicisi, böyük Azərbaycan şairi Saib Təbrizi (1601-1677) yazırdı:
برخى نشسته گويند بعضى شكسته گويند
چون نيست خواجه حافظ مشكل شده است مارا
Bəziləri «oturmuş» deyirlər, bəziləri də «sınmış» -
Xacə Hafiz olmadığı üçün çətinliyə düşmüşük.
Yeri gəlmişkən deyək ki, Hafiz beytlərinin mənası ilə əlaqədar bir qrup Buxara ziyalısının Saib Təbriziyə yazdığı məktub hal-hazırda Özbəkistan EA Əlyazmalar İnstitutunda saxlanır.
Hafiz dilinin bu xüsusiyyəti üzərində çoxsaylı araşdırmalar aparılmışdır. Lakin fikrimcə, bu məsələyə ən düzgün baxış fransız şərqşünası J.Lazara məxsusdur. O, klassik farsdilli poeziyanın dilini üç səviyyəyə ayırır. Birinci səviyyədə hər şey öz həqiqi mənasında işlənir. İkinci səviyyə mistik poeziyanın şərti dilidir ki, burada rəmzlər üstünlük təşkil edir. Üçüncü səviyyə isə bu iki səviyyənin qarışaraq həqiqi və məcazi məna hüdudlarının itdiyi bir dildir ki, burada rezonans doğuran sözlər aparıcı rol oynayır. Hafizin dili məhz üçüncü səviyyəli dildir. Odur ki, Hafizin qəzəlləri şəraitə və oxuyan şəxsin istəyinə uyğun olaraq, hər cür yozuma imkan verir. Elə bunun nəticəsində Hafiz divanı həm də fal açmaq vasitəsinə çevrilib ki, bu da dünya ədəbiyyatında analoqu olmayan bir hadisədir. Əgər fars dilinin anlaşıldığı regionda intellektuallar üçün «farsca Quran» Ruminin «Məsnəvi»si idisə, milyonları əhatə edən geniş kütlələr üçün bu rolu Hafizin divanı oynayırdı.
Lakin Hafiz divanının bu statusu təkcə onun dili və üslubu ilə bağlı deyildi. Dediyimiz kimi, o, İlahi Kitabla yanaşı, sələflərinin və müasirlərinin yaradıcılığını da dərindən mənimsəmişdi. Və bunun sayəsində o, bir neçə istiqamətdə sintez prosesini həyata keçirərək, ədəbi inkişafa yeni bir yön vermişdi. Onun ədəbiyyat tarixindəki mövqeyi də məhz bu sahədəki işi ilə müəyyən olunur. Hafiz ilk növbədə qəzəli keyfiyyətcə misilsiz bir səviyyəyə qaldırmış sənətkardır. Onun yaradıcılığında o vaxtadək mövcud olan «aşiqanə» və «arifanə» qəzəl tipləri bir-birinə qarışdı və qəzəlin mövzu dairəsi xeyli genişləndi.
Lakin qəzəl təkcə məzmun baxımından deyil, formal baxımdan da yeniləşdi. Hafizin qəzəllərində beytlərin müstəqilləşməsi prosesi başa çatdı və onlar tam dezinteqrasiya halına gəldilər.
Məhz bu iki cəhətə görə Hafiz öz «tərzi»ni qəzəlin tanınmış ustadı Sədiyə deyil, bu sahədə ilk addımlar atmış, o qədər də populyar olmayan Xacuya bağlayırdı:
استاد غزل سعدى است نزد همه كسى اما
دارد غزل حافظ طرز سخن خواجو
Hər kəsin nəzərində qəzəlin ustadı Sədidir,
Amma Hafizin qəzəli Xacu sözünün üslubuna malikdir.
Elə hər beytində bir məsələdən danışıldığına görə Şah Şüca Hafizi tənqid etmiş və ondan kəskin cavab almışdı. Lakin beytlərin müstəqilliyi heç də onlar arasında əlaqənin yoxluğu demək deyildir. Sadəcə olaraq, bu əlaqə məntiqi yox, assosiativ səciyyə daşıyır. Bu birlik daha geniş səviyyədə – divan səviyyəsində özünü göstərir: təkrarlanan motiv və obrazların çeşidli variasiyaları müxtəliflik və rəngarənglikdə birlik və eyniyyət yaradır. «Vəhdət dər kəsrət» – «çoxluqda birlik» estetikasının nəticəsi belədir.
Lakin Hafiz daha yüksək səviyyəli bir sintezi də həyata keçirib. Bu da farsdilli şeirdə mövcud olmuş ən müxtəlif fikir cərəyanlarının və ədəbi məktəblərin sintezindən ibarətdir. Xəyyamın rasionalizmi ilə Ruminin vəcd və coşğunluğu, Nizaminin psixologizmi ilə Sədinin sadəlik və axıcılığı Hafız yaradıcılığında birləşir, yəni onlarda ayrı-ayrılıqda olanların hamısı Hafizdə vardır. Bütün bunların nəticəsində qəzəl universal poetik formaya çevrilmiş, onun hüdudları, belə demək mümkünsə, lirik növün hüdudlarına qədər genişlənmişdir. Bu da yeni – «hafizanə» qəzəl tipinin formalaşmasına gətirib çıxarmışdır.
Qeyd olunan ənənələrin yaradıcı şəkildə mənimsənilməsi Hafiz poeziyasına irfani bir mahiyyət bəxş edib. Hafizin mistisizmi heç kəsdə şübhə doğurmur. Bu, xüsusən kosmoqonik məsələlərdə, Allah və insan, dünya və axirət kimi problemlərin qoyuluşu və həllində özünü göstərir. Bu baxımdan aşağıdakı misralar səciyyəvidir.
در ازل پر تو حسنت ز تجلى دم زد
عشق پيدا شد و آتش به همه عالم زد
جلوه اى كرد رخت ديد ملك عشق نداشت
عين آتش شد از اين غيرت و بر آدم زد
عقل ميخواست كز ان شعله چراغ افروزد
برق غيرت بدرخشيد و جهان بر هم زد
مدعى خواست كه آيد به تماشا گه راز
دست غيب آمد و برسينۀ نامحرم زد...
Əzəl günü Sənin üzünün nuru təcəlla etdi,
Eşq meydana gəlib bütün aləmə od vurdu.
Üzün bir qədər cilvənib gördü ki, mələklərdə eşq yoxdur,
Bundan qəzəblənib oda döndü və özünü Adəmə vurdu.
Ağıl istəyirdi ki, o şölədən çıraq yandırsın,
[Amma] qısqanclıq şimşəyi parlayıb dünyanı bir-birinə vurdu.
Müddəi istədi ki, sirr gülşəninə gəlsin.
Qeybin əli gəlib naməhrəmin sinəsindən vurdu…
Göründüyü kimi, şair insanın yer üzündəki missiyasının çox böyük olduğunu, onun hətta mələklərdən də yüksəkdə dayandığını bəyan edir. Bu da insanın ilahi əmanət daşıyıcısı olmağı ilə əlaqədardır:
آسمان بار امانت نتوانست كشيد
قرعۀ فال بنام من ديوانه زدند
Asiman əmanət yükünü çəkə bilmədi
Bu püşkü mən divanənin adına yazdılar.
Burada Quranın «Əhzab» surəsinin 72-ci ayəsinə işarə olunmuşdur. Həmin ayədə deyilir: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü».
Beləliklə, insan çox ağır bir məsuliyyətin, çox yüksək bir vəzifənin altına girmişdir. Hafiz poeziyası əslində bu uca vəzifəni yerinə yetirməyə, ilahi əhdə sadiqliyə çağırır, hərçənd elə ilk insan bu əhdi pozaraq, bəşəriyyəti əzaba düçar etmişdir.
من ملك بودم و فردوس برين جايم بود
آدم آورد در اين دير خراب آبادم
Mən mələk idim, uca cənnət yerim idi,
Adəm məni bu xaraba qalmalı monastıra gətirdi.
Hətta şair kəskin bir ironiya ilə Adəm övladlarının bu ənənəyə sadiq qaldıqlarını vurğulayır:
پدرم روضۀ رضوان به دو گندم بفروخت
ناخلف باشم اگر من به جوى نفروشم
Atam cənnət bağını iki buğdaya satdı,
Naxələf olaram, əgər mən onu bir arpaya satmasam.
Burada diqqəti çəkən məqam şairin lirik qəhrəmanının bütün bəşər övladının adından çıxış etməsidir. Lirik qəhrəmanın məhz belə bir səciyyə daşıması Hafiz poeziyasının ən müxtəlif xarakterə, dünyagörüşünə, həyat tərzinə malik insanların mənəvi tələblərinə cavab verməsini təmin edən başlıca amillərdən biridir. Elə bu da Hafizin ən müxtəlif obrazlarının yaranmasına səbəb olmuşdur. Kimin üçünsə o, mömin müsəlman, kimin üçünsə dini əhkama laqeyd olan azadfikirlidir; kimin üçünsə varlığın ən ciddi problemləri üzərində düşünən filosof, kimin üçünsə dünyanın işlərinə biganə qalıb eyş-işrətə qurşanmış bir kefcildir. Hafiz təbii ki, bunların heç biri deyil, bəlkə də bunların hamısıdır – bir növ «külli-insan»dır.
Nəsimi demişkən:
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mömin mənəm, kafir mənəm, mən külli-insan olmuşam.
Bütün bunlara baxmayaraq, Hafizi sırf sufi şairi hesab etmək düzgün olmazdı. Divanda hətta süfilərə mənfi münasibəti ifadə edən misralara da rast gəlirik. Hafiz Şeyx Əhməd Qəzzalidən, Şəms Təbrizidən, Rumidən gələn mistik düşüncəni davam etdirərək, onu öz dünyaduyumunun ifadəsi ilə maddiləşdirmişdir. Hafizdə sufizm sistem şəklində deyil və ümumiyyətlə, Hafizdə hər hansı fəlsəfi sistem axtarmaq cəhdi bəri başdan uğursuzluğa məhkumdur. Hafiz təsəvvüfün konseptual müddəalarını qəbul edərək, onun bədii potensialını gerçəkləşdirməyə çalışmışdır. Bu baxımdan o, Füzulini xatırladır: Füzulidə təsəvvüf axtaranlar da onun hansı təriqətə mənsub olduğunu müəyyən edə bilmirlər, hərçənd onun poeziyasında təsəvvüf ünsürləri üzdə olan bir faktdır. Eynilə Hafiz haqqında Cami «Nəfəhatül-üns»də yazır:
"وى لسان الغيب و ترجمان الاسرار است. بسا اسرار غيبيه و معانى حقيقيه كه در كسوت صورت و لباس مجاز باز نموده هرچند معلوم نيست كه وى دست ارادت پيرى گرفته و در تصوف با يكى از ان طايفه نسبت درست كرده باشد..."
«O (Hafiz – M.M.), qeybin dili və sirlərin tərcümanıdır. Saysız-hesabsız qeyb sirlərini və həqiqi mənaları sürət geyimində və məcaz libasında aşkar etmişdir, hərçənd onun hər hansı bir pirin davamçısı olduğu və təsəvvüfdəki təriqətlərdən hər hansı birinə mənsubluğu məlum deyil…»
Hafiz kimi şəxsiyyət təriqət çərçivələrinə sığa bilməzdi, hər hansı bir şeyxin ardınca gedə bilməzdi. Onun piri olsa-olsa «piri-muğan», «piri-xərabat» ola bilərdi. Onun müridi də yox idi, çünki o, Şəms kimi bundan çox-çox yüksəkdə dayanırdı. Şəms Təbrizi «nə üçün mürid tutmursan?» sualına belə cavab vermişdi:
"من مريد نميگيرم، من شيخ ميگيرم، آن هم شيخ كامل"
«Mən mürid tutmuram, mən şeyx tuturam, özü də kamil şeyx!»
Hafizin də müridləri yox, davamçıları vardı. Cami kimi, Saib kimi. Hərəsi də kamil bir şeyxə bərabərdi…
Hafiz poeziyasına ümumi bir baxışda diqqəti çəkən ən qabarıq cəhət buradakı etiraz ruhudur. O, əksər qəzəllərdə kiminləsə mübahisə edir, hansısa iddiaların puçluğuna dair dəlillər gətirir. Bəs bu etiraz kimlərə ünvanlanıb? Adını hökmdar qoyub rəiyyətin qeydinə qalmaq əvəzinə əyyaşlığa qurşanan, hərdənbir güc nümayişi üçün məzlumları qırıb-çatan, kəllələrdən minarə quran sultanlara, fatehlərə, xalqı aldatmaq uçun pişiyinə namaz qılmaq öyrədən fəqihlərə, təriqət başçısı olduğu halda təkəbbürü kəramətini üstələyən şeyxlərə, Allah bəndələrindən üz döndərib axirət sevdası ilə yaşayan zahidlərə, minbərdən camaata bir şey deyib xəlvətə çəkiləndə başqa şey edən vaizlərə, insanları tövbəyə çağırıb özləri tövbə etməyən müftilərə, meyi haram buyurub vəqf malını halal malı kimi yeyən müdərrislərə – bir sözlə, cəmiyyətin bütün təbəqələrini sarmış yalan, saxtakarlıq və riyakarlığa!
واغطان كين جلوه در محراب و منبر ميكنند
چون بخلوت ميروند آن كار ديگر ميكنند
مشكلى دارم ز دانشمند مجلس باز پرس
توبه فرمايان چرا خود توبه كمتر ميكنند؟
گوئيا باور نميدارند روز داورى
كين همه قلب و دغا در كار داور ميكنند...
Mehrab və minbərdə özlərini bu cür göstərən vaizlər
Xəlvətə çəkiləndə başqa iş görürlər.
Bir müşkülüm var, məclisdəki alimdən soruş:
Tövbə etməyi buyuranlar nə üçün özləri az tövbə edirlər?!
Sanki onlar mühakimə gününə inanmırlar,
Ona görə də Hakimin işində bu qədər saxtakarlıq edirlər.
Özü də burada vaizlərdən, şeyxlərdən danışılması heç də sovet ədəbiyyatşünaslığında iddia olunduğu kimi, bu etirazın yalnız din xadimlərinə yönədildiyini söyləməyə əsas vermir. Hafizin etirazı, ümumiyyətlə, cəmiyyətdəki riyakar və saxtakar nüfuz, rəyasət və mənsəb sahiblərinə, formal və qeyri-formal liderlərə yönəlib. Sadəcə olaraq, bunlar dini cəmiyyətin personajlarıdır, dünyəvi cəmiyyətin də buna uyğun öz personajları var.
Bu qədər saxtakarlığa bürünmuş şəxslərin başqalarına qiymət vermək, onun möminlik və düzlük dərəcəsini müəyyənləşdirmək cəhdi Hafizin daha qətiyyətli etirazına səbəb olur:
عيب رندان مكن اى زاهد پاكيزه سرشت
كه گناه دگرى بر تو نخواهند نوشت
من اگر نيكم و گر بد تو برو خودرا باش
هر كسى آن درود عاقبت كار كه كشت
Ey pak xislətli zahid, rindlərə eyib tutma,
Çünki başqasının günahını sənin ayağına yazmayacaqlar.
Mən yaxşıyamsa da, pisəmsə də, sən get öz işində ol,
Çünki işin sonunda hərə öz əkdiyini biçəcək.
Hafiz bütün bunlara təkcə etiraz etmir, həm də gülür - özü də gah kəskin rişxəndlə, gah yüngül istehza və kinayə ilə. Amma bu gülüş heç vaxt müasiri Übeyd Zakanidə olduğu kimi satira səviyyəsinə qalxmır, bəlkə satiradan da təsirli olan, daha yüksək baxışdan, daha güclü bəsirətdən doğan ironiya olaraq qalır. Bu ironik pafos qarşısında duruş gətirmək qeyri-mümkündür.
واعظ شهر كه مردم ملكش ميخوانند
قول ما نيز همن است كه او آدم نيست
Camaat şəhərin vaizinə mələk deyir,
Elə bizim sözümüz də budur ki, o, adam deyil.
Misra-misra, beyt-beyt çaxan bu ironiya şimşəyi gecə doğmuş Günəş kimi şairin yaşadığı cəmiyyəti bütün personajları, bütün çılpaqlığı, bütün təzadları və miskinliyi ilə göz önündə canlandırır. Bu mənzərə o qədər əyani, o qədər vizualdır ki, divanı diqqətlə öyrənən rəssam Hafizin yaşadığı mühit və cəmiyyət barədə canlı tablolar yaradar, dramaturq pyes yazar, rejissor tamaşa qoyar, yaxud film çəkər. Qəzəl kimi sərt qanunları, dəqiq normaları, ən başlıcası, son dərəcə məhdud həcmi olan bir ədəbi formada buna nail olmaq doğrudan da qeybdən ilhamlanan, ilahidən feyz alan bir şairin işi ola bilərdi. Onun bu qüdrəti qarşısında İ.V.Höte kimi heyranlıq və valehlik izhar etməkdən başqa yol qalmır.
Hafizin sözügedən etirazı bəzən xəyyamanə şəkildə «inqilabçılıq» iddiaısına çevrilir:
بيا تا گل برافشانيم و مى در ساغر اندازيم
فلك را سقف بشكافيم و طرح نو در اندازيم
Gəl ki, gül səpək və qədəhə mey süzək,
Fələyin tavanının yarıb yeni bir qayda yaradaq.
Lakin bu ani üsyan yenidən dünyaya kənardan baxmağı bacaran, gündəlik həyatın qayğıları, dolanışıq və ruzi qaçaqaçları içərisində dünyanın ümumi mənzərəsini gözdən itirməyən müdrik bir insanın kinayəsi ilə əvəz olunur. Müdrik olduğu qədər mərhəmətli olan bu insan cahilləri bağışlamağa da qadirdir.
جنگ هفتاد و دو ملت همه را عذر بنه
چون نديدند حقيقت ره افسانه زدند
Yetmiş iki millətin davasını üzrlü say -
Çünki onlar həqiqəti görməyib əfsanə yolunu tutdular.
Etiraz doğuran personajların əks qütbündə Hafizin lirik qəhrəmanı – dünya nemətlərindən imtina etməyən, lakin onlara uyub insanlıq borcunu və şərəfini unutmayan, cəmiyyətdəki şərtilikləri qətiyyətlə rədd edən, heç bir ideoloji, təşkilati və maddi asılılıq tanımayan, öz fərdi mənəvi azadlığını yalnız ilahi sevgi ilə «məhdudlaşdıran», əslində fərdi azadlığını elə bu sevgi vasitəsilə reallaşdıran, Allahı sevdiyi üçün onun bəndələrinə də sevgi bəsləyən, ayıq olduğu qədər məst, məst olduğu qədər ayıq olan qorxusuz-hürküsüz bir rind dayanır. Bu rindin «şəriətində» yeganə günah kimisə incitməkdir:
مباش در پى آزار و هر چه خواهى كن
كه درشريعت ما غير از اين گناهى نيست
Heç kəsi incitmə və nə istəyirsənsə elə,
Çünki bizim şəriətimizdə bundan başqa günah yoxdur.
Sevgi ilə yaşadığı üçündür ki, o, pisliyi görmür, hər şeydə yaxşı, işıqlı cəhət axtarır.
منم كه شهرۀ شهرم بعشق ورزيدن
منم كه ديده نيالوده ام به بد ديدن
Mən sevgi bəsləməklə şəhərdə şöhrətlənmişəm,
Mən pisi görməklə gözümü çirkləndirməmişəm.
Buna görə də o, heç kəsi nəyəsə vadar etmir, münasibətlərdə tam sərbəstlik və səmimiliyin, daimiliyin və dözümlüyün tərəfdarıdır:
هر كه خواهد گو بيا هر كه خواهد گو برو
گيرو دار و حاجب و دربان دراين درگاه نيست
بندۀ پير خراباتم كه لطفش دايم است
ورنه لطف شيخ و زاهد گاه هست و گاه نيست
Kim istəyirsə gəlsin, kim istəyirsə, getsin,
Bu dərgahda çək-çevir, gözətçi və qapıçı yoxdur.
Mən xərabat pirinin bəndəsiyəm, çünki onun lütfü daimidir,
Şeyx və zahidin lütfü isə gah var, gah da yox.
Onun mey içməsi də əslində şeyx və zahidlərin riyakarlığına etiraz formasıdır:
مى خور كه شيخ و حافظ و قاضى و محتسب
چون نيك بنگرى همه تزوير ميكنند
Mey iç, çünki şeyx, hafiz, qazı və möhtəsib,
Əgər yaxşı baxsan, hamısı hiylə işlədirlər.
Və yaxud:
در مى خانه به بستند خدا يا مپسند
كه در خانۀ تزوير و ريا بگشايند
Meyxananın qapısını bağladılar, ilahi, qoyma ki,
Hiylə və riyakarlıq evinin qapısını açsınlar.
Onun içdiyi şərab – rəmzi bir şərabdır:
ما در پياله عكس رخ يار ديده ایم
اى بيخبر ز لذ ت شرب مدام ما
Biz piyalədə Yarın üzünün əksini görmüşük,
Ey bizim daimi içməyimizin ləzzətindən bixəbər olan!
«Halal-haram» qarşıdurmasının qəti həllini o, qiyamətə saxlayır və o zaman kimin Allah qarşısında üzüağ olacağının bilinmədiyini bəyan edir:
ترسم كه صرفه ای نبرد روز باز خواست
نان حلال شيخ ز آب حرام ما
Qorxuram ki, qiyamət günündə şeyxin halal çörəyi
Bizim haram suyumuzdan üstün olmasın.
Bütün bu dramatik və ziddiyyətli mənzərəyə baxmayaraq, Hafizdə bədbinlik, kədər yoxdur, qəribə bir coşqunluq və sevinc, ümid və nikbinlik ruhu hakimdir. Öz xələfindən fərqli olaraq, o, «qəmin hərifi» yox, «qəmin qənimidir»:
اگر غم لشکر انگيزد كه خون عاشقان ريزد
من و ساقى بهم سازيم و بنيادش براندزیم
Əgər qəm qoşun çəkib aşiqlərin qanını tökmək istəsə,
Mən və saqi birləşib onun kökünü kəsərik.
Hafizin fərdi «mən»in hududlarını aşaraq, universal «mənə» qovuşmuş lirik qəhrəmanı ilahi bir mərhəmətlə hər kəsin ürəyindən keçəni duyur, ona təsəlli və ümid verir:
اى دل صبور باش و مخور غم كه عاقبت
اين شام صبح گردد و اين شب سحر شود
Ey ürək, səbr elə, qəm yemə, çünki axırda
Bu axşam – sabah, bu gecə səhər olacaq.
Yaxud mərhum Əbülfəzl Hüseyninin tərcüməsində «Qalmayacaq» rədifli qəzəldən bəzi misralara nəzər salaq:
Yetişdi müjdə ki, qəmdən nişanə qalmayacaq,
O cür ki, qalmadı dövran, bu cür də qalmayacaq.
Nigarımın nəzərində əgərçi xar oldum,
Rəqibə də tapılar bir bəhanə, qalmayacaq…
Gətir fəqirin ələ könülünü sən, ey sultan,
Gedər əlindən, inan, bu xəzinə qalmayacaq…
Yazıblar ərşə qızıl xəttilə: bu dünyadə
Gözəl əməl qalacaq, başqa heç nə qalmayacaq.
Sarayda Cəmşid oxurmuş həmişə məstanə:
Gətir piyaləni saqi, zəmanə qalmayacaq.
Nə pisdən inci, nə də yaxşıdan xəcalət çək,
Qəm ilə eyşdən əsla nümunə qalmayacaq.
Nigar mərhəmətindən əl üzmə, ey Hafiz,
Həmişə qəlbi o cür zalimanə qalmayacaq.
Elə buna görə də Hafizin divanı milyonlar üçün təkcə düşüncə və estetik həzz mənbəyi deyil, həm də ümid mənbəyidir. Onun müqəddəs kitablara bənzər bir status qazanmasını şərtləndirən əsas amil də elə budur.
Hafiz divanı Avropa dillərinə tərcümə olunmağa başladığı andan Şərqdəki taleyini Qərbdə də yaşadı. Orada da ideoloji baxışlar və milli mənsubiyyət onun qarşısında səddə çevrilmədi. Onu idealist Hegel də, materialist Engels də yüksək qiymətləndirdi. Ona alman Höte də, amerikalı Emerson da, fransız Hüqo və Balzak da heyranlığını bildirdi. XIX əsrdə Avropada liberal dəyərlərin, xüsusən fərdin azadlığı ideyasının bərqərar olduğu bir vaxtda Fitsceraldın Xəyyamdan, Consun Hafizdən etdiyi tərcümələr qeyri-adi populyarlıq qazandı.
Bütün bu deyilənlərdən aydın olur ki, Hafiz yaradıcılığı bu gün təkcə ədəbi-tarixi və estetik əhəmiyyət kəsb etmir. Hələ XIX əsrdə Hafiz qəzəllərini rus dilinə tərcümə etmiş görkəmli rus şairi A.A.Fet (1820-1892) yazırdı: «Hafiz yaradıcılığı ilə səthi tanışlıq belə iki şəksiz həqiqəti təsdiq edir: birincisi, Qərb şair və mütəfəkkirlərində bizi heyrətə gətirən səmavi yüksəkliyə bəşər ruhu hələ çox-çox əvvəllər yetişmişdir; ikincisi, harada və nə zaman bitməsindən asılı olmayaraq, həqiqi poeziya çiçəkləri heç vaxt solmur».
Doğrudan da belədir. Hafiz poeziyasında tərənnüm olunan bəşəri ideallar, ilk növbədə onun bütün yaradıcılığından qırmızı xətlə keçən şəxsiyyət azadlığı ideyası bu gün – yüksək texnologiyalar və qloballaşma əsrində də öz aktuallığını saxlayır. O, XIV əsrdə olduğu kimi, XXI əsrdə də müxtəlif millətlərə, dinlərə və dillərə mənsub insanların həmsöhbətinə və həmdəminə çevrilməyi, onları düşündürən və narahat edən suallara cavab verməyi bacarır. Bu mənada Hafiz təkcə klassik şair deyil, həm də canlı bir müasirimizdir. İnsanlığa sevgi ilə yaşayan sənətkarın ədəbi taleyi ayrı cür ola da bilməzdi. Necə ki, özü buyurur:
هر گز نميرد آنكه دلش زنده شد به عشق
ثبت است بر جريدۀ عالم دوام ما
Yəni:
Eşq ilə yaşayan ölməz heç zaman,
Varlığı yox olmaz bir an dünyadan!
QAYNAQLAR:
1. Divane-Hafez. Tehran, 1320.
2. Hafiz Şirazi. Əsərləri. tərcümə edəni Ə.Hüseyni. Bakı, 1967.
3. Məhəmməd Moin. Hafeze-şirinsoxən. C. 1-2. Tehran, 1370.
4. Əbdülhüseyn Zərrinkub. Ba karvane-holle. Tehran, 1374.
5. Ziyaəddin Səccadi. Məbaniye-erfan və təsəvvof. Tehran, 1372.
6. Şibli Ne’mani. Şerül-əcəm. celde-dovvom. Tehran, 1368.
7. Zəbihullah Səfa. Tarixe-ədəbiyyat dər İran. Celde-sevvom. Tehran, 1353.
8. Əbdürrəhman Cami. Nəfəhatül-üns. Tehran, 1336.
9. М.Л.Рейснер. Эволюция классической газели на фарси (X-XIV века). М., 1989.
10. Восточная поэтика. М., 1983.
Çərx vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa.
Tutiyi-baği-cinan, bülbüli-şaxi-Şiraz,
Xaceyi-Şəms-ləqəb, şairi-qərra, qərra.
Nəbati

كشتى نشستگانيم اى باد شرطه برخيز (1
باشد كه باز بينيم ديدار آشنا راGəmidə oturmuşlarıq, ey səmt küləyi, qalx,
Bəlkə Yarın üzünü bir də görə bildik.
كشتى شكستگانيم اى باد شرطه برخيز (2
باشد كه باز بينيم ديدار آشنا راGəmisi sınmışlarıq, ey səmt küləyi, qalx,

This is my second visit to this blog. We are starting a new initiative in the same category as this blog. Your blog provided us with valuable information to work on. You have done a admirable job….
Cheers.
shipping a car cross country