Misirə uçuşumuz üç saatdan çox çəkdi. Mahir pilot olan Məhəmmədrza Behzad Müizzi ilə birgə təyyarəni idarə edirdi. Təqribən bir saatlıq uçuşdan sonra o, pilot yerini tərk edib restorana gəldi, Fərəh və mənimlə bərabər yemək yeməyə başladı. Bilmirəm, beynindən nələr keçdisə, müqəddiməsiz-filansız dedi: «Atam böyük səhv eləyib. Onun kifayət qədər vaxtı vardı ki, Kamal Atatürk kimi ruhaniləri qılıncdan keçirsin!»
Günortadan sonra Asuan aerodromuna çatdıq. Təyyarə enməyə hazırlaşarkən, Məhəmmədrza yenidən öz pilot yerini tutdu. Hava ilıq və xoş idi. Prezident Ənvər Sadatla xanımı bizi qarşılamağa gəlmişdilər. Rəsmi qarşılama mərasiminin bütün qaydaları icra olundu, hətta toplardan havaya atəş də açıldı. Məhəmmədrza yorğun və pərişan görünürdü. Sadat irəli gəlib Məhəmmədrzanın və qızımın üzündən öpdü və dedi: «Əlahəzrətlə xanımı əmin ola bilərlər ki, öz ölkələrində və qardaşlarının yanındadırlar!» Bu sözləri eşidən Məhəmmədrzanın gözləri yaşardı. Vitse-prezident Mübarək də qarşılayanlar arasında idi. Sadatla xanımı 1976-cı ildə İranda rəsmi səfərdə olmuşdular. Həmin səfər zamanı Məhəmmədrza səxavət göstərib Misirə bir milyard dollarlıq kredit ayırmışdı. Xanım Cihan Sadat qızım Fərəhin yaxın rəfiqəsi idi və inqilaba qədər onlar həftədə bir neçə dəfə telefonla danışırdılar...
Şam süfrəsi arxasında Sadatla Məhəmmədrza arasında xeyli söhbətlər oldu. Sadat Məhəmmədrzanı ilk dəfə Fövziyə xanıma elçi gələrkən gördüyünü söyləməklə onu heyrətə saldı. Sadat dedi ki, 1939-cu ildə Məhəmmədrza Fövziyəni görmək üçün Misirə gələndə o, kral Faruqun ordusunda xidmət edən gənc zabit imiş və İran vəliəhdinin (Məhəmmədrzanın) şərəfinə düzülmüş fəxri qaravulda dayanıbmış.
Yeməkdən sonra istirahət salonuna keçib müxtəlif içkilər içə-içə söhbəti davam etdirdik. Həkimlər Məhəmmədrzaya spirtli içki içməyi qadağan etsələr də, o, bir stəkan konyak içdi, sonra onun stəkanı bir neçə dəfə dolub boşaldı. Konyak öz işini gördü – şah birdən ağlamağa başladı. O, məsum uşaq kimi hönkür-hönkür ağlayırdı.
Hamı susmuşdu. Sakitləşəndən sonra üzünü Sadata tutub dedi: «Mən öz əsgərlərini döyüş meydanında tək qoyub qaçan komandirə bənzəyirəm!» Cihan Sadat soruşdu: «Əlahəzrətin fikrincə, indi onların başına nə gələcək?» Məhəmmədrza bu sualı cavabsız buraxdı. Sadat şahı bu dərddən qurtarmaq üçün dedi: «Misir sizin ordunun yüksək rütbəli zabitlərinə siyasi sığınacaq verməyə hazırdır. Ya da onlar müəyyən müddətə Misirə gələ bilərlər!» Məhəmmədrza başını yelləyib dodaqaltı Karteri söydü və dedi: «Amerikalılar buna imkan verməzlər. Onlar artıq öz əlaltılarını ölkədən çıxarıblar. Qalanlar taleyi naməlum olanlardır». Sonra Məhəmmədrza bildirdi ki, ABŞ səfiri ilə general Robert Hayzer ondan generallardan Tufaniyan, Əzhari, Üveysi, Cəm, Minbaşiyan və daha on nəfərə ölkədən çıxmaq icazəsi verməyi, qalanlarının isə xaricə qaça bilməməsi üçün pasportlarını yığmağı tələb etmişdilər.
Şah elə bilirdi ki, bir çox zabitlər, o cümlədən ordu generalı Hüseyn Fərdust ondan qabaq İranı tərk ediblər. Amma sonra Fərdustun xəyanət etdiyini eşidəndə, ağır zərbə almış adam kimi otaqda o baş-bu başa var-gəl edib astadan deyirdi: «Fərdust, Fərdust! Yox, yox... inana bilmirəm... heç cür inana bilmirəm!»
Asuanda olduğumuz beş gün ərzində Əmiraslan Əfşar və Məhəmmədcəfər Behbehaniyan (o, İsveçrədən Misirə gəlib bizə qoşulmuşdu) şahı inandırmağa çalışırdılar ki, Misiri tərk etmək lazımdır. Onlar hesab edirdilər ki, amerikalılar qəsdən şahı Asuanda – kütləvi informasiya vasitələrindən uzaq bir məkanda saxlamaqla, onun hadisələrdən təcrid edilməsinə nail olmaq istəyirlər. Behbehaniyan bu fikirdə idi ki, ABŞ rəhbərliyi Məhəmmədrzanı öz ölkəsində görmək istəmir və onun elə Misirdə dünyasını dəyişməsini arzulayır. Doğrudan da, Məhəmmədrzanın xərçəng xəstəliyi şiddətləndiyindən təcili cərrahiyyə əməliyyatına ehtiyacı vardı, belə bir əməliyyat üçün ən yaxşı şərait isə ABŞ-da mövcud idi. Sonradan biz eşitdik ki, İran müvəqqəti hökumətindəki amerikalı müşavirlər və ABŞ vətəndaşı olan Sadıq Qütbzadə kimi şəxslər Vaşinqtona şahı qəbul etməməyi təkidlə məsləhət görüblər, çünki bu, ABŞ-İran münasibətlərini daha da pisləşdirə bilər. Şahlığın süqut etməsinin və inqilabi hökumətin iş başına gəlməsinin ilk çağlarında Amerika ilə İran müvəqqəti hökumətinin bəzi mühüm üzvləri arasında əlaqənin mövcudluğu barədə fikir uşaq təxəyyülünün məhsulu kimi görünərdi. Amma sonralar İranın bir çox dövlət xadimlərinin ABŞ-ın xeyrinə casusluqda ittiham olunaraq edam edilməsi göstərdi ki, amerikalılar İrandakı müxalif qruplarla 1960-cı illərdən birbaşa əlaqə saxlayırlarmış. O da məlum oldu ki, məşhur Qvadelupa (Fransa) görüşündə dünyanın sənayecə inkişaf etmiş dövlətlərinin başçıları şahın hakimiyyətdən kənarlaşdırılması barədə yekdil razılığa gəliblərmiş və həmin vaxt bizim bəzi «inqilabçılar» qapı arxasında dayanıb aparıcı Qərb dövlətləri rəhbərlərinin hansı qərarı çıxaracaqlarını gözləyirlərmiş. Tehrandakı Amerika səfirliyi tutulandan sonra əldə olunan sənədlər göstərdi ki, ABŞ böyük bir riyakardır və üçüncü dünya ölkələrində öz müttəfiqlərini himayə etməklə bərabər, onlara müxalif olan qruplarla da əlaqə saxlayır və qara gün üçün bir alternativ kimi onları gücləndirərək istiqamətləndirir. Səfirliyi tutmuş radikal gənclər girov götürdükləri diplomatları şaha dəyişmək tələbini irəli sürdükləri zaman Məhəmmədrza and içirdi ki, bu da amerikalıların öz oyunudur və arxasında başqa məqsədlər durur. Sonrakı hadisələr Məhəmmədrzanın bu şübhəsini təsdiqlədi. Aydın oldu ki, Amerikada azı bir cinah İrandakı yeni hökumətlə razılığa gəlməyin və şahı islam inqilabı məhkəməsinə təhvil verməyin tərəfdarıdır. Panamada az qalmışdı ki, bizim təyyarəmizi saxlayıb Məhəmmədrzanı tutsunlar və İrana göndərsinlər. Bu barədə bir qədər sonra danışacağam.
Bütövlükdə biz Asuanda beş gün qaldıq. Bu müddətdə görüşümüzə gələnlər o qədər də çox olmadı. Hətta telefon danışıqlarımız da az idi. Rabitə işçilərinin tətili üzündən İranla telefon əlaqəsi saxlamağımız mümkün deyildi. Bizə tez-tez zəng edən şəxslərdən biri İordaniyanın kralı Hüseyn idi. Qızım Fərəhin yaxın dostlarından olan sabiq Yunanıstan kralı Konstantin də bizimlə əlaqə saxlayır və baş verən hadisələrə görə narahatlığını bildirirdi. Konstantin bizim vəziyyətimizi başqalarından daha yaxşı anlayırdı, çünki o da Məhəmmədrza kimi hakimiyyətdən kənarlaşdırılmışdı. Çox keçmədən Konstantin Misirə gəlib bizə baş çəkdi.
Asuana gəldiyimiz gün Fərəh Parisə zəng edib doktor Jorj Felandeni Misirə çağırdı. Bu həkim beş il idi ki, Məhəmmədrzanın xərçəng xəstəliyinin müalicəsi ilə məşğul olurdu. Fərəh eyni zamanda Bazelə (İsveçrə) telefon açaraq, şahın maliyyə məsələləri üzrə müşaviri Behbehaniyanı Asuana dəvət etdi. Yaşı yetmişi ötmüş və cizgi filmlərindəki babaları xatırladan bu şəxs Pəhləvi ailəsinin xaricdəki sərvətini idarə edirdi. Şah ona bildirdi ki, bundan sonra maliyyə məsələlərimlə özüm məşğul olacağam və siz bu barədə banklara məlumat verməlisiniz.
Behbehaniyan Asuanda olduğu bir neçə gün ərzində Pəhləvi sələtənətinin süqutu ilə bağlı yeni fərziyyə irəli sürdü. O, Məhəmmədrzanın yanında bir neçə dəfə belə fikir səsləndirdi ki, amerikalılar şahın devrilməsində rol oynamayıblar – bu, ingilislərin işidir və əslində ingilislər amerikalıları da aldadıblar! Behbehaniyan deyirdi ki, Məhəmməd Müsəddiq İran neftinin ingilislərin əlindən çıxıb amerikalıların ixtiyarına keçməsinə bais oldu, amerikalılar da Müsəddiqi aradan götürüb şahı hakimiyyətə qaytarmaqla, bütün İranı nəzarətə aldılar və ingilislərin uzunmüddətli həyati mənafelərinə toxundular – o vaxtdan ingilislər itirilmiş fürsəti geri qaytarmağa çalışırlar; bunun üçün onlar 1953-cü ildən üzü bəri 25 il ərzində öz əlaltılarını yetişdirməklə məşğul olublar ki, münasib şərait düşən kimi İranda hakimiyyətə gətirsinlər. Fərəh bu fikrə qəti etirazını bildirib onu əsassız və gülməli adlandıraraq dedi: «Amerika və İngiltərə iki bədəndəki bir ruh kimidir. İngilislər amerikalıların ən yaxın müttəfiqidir və onlar bir-birinin mənafeyinə toxunmazlar». Behbehaniyan qızımın bu reaksiyasından açıq-aşkar incidi və bir neçə dəqiqə sükut etdi. Sonra fikirlərini ümumiləşdirirmiş kimi dilləndi: «İngilislər müasir İranda üç dəfə hakimiyyəti dəyişdiriblər: əvvəl Məhəmmədəli şahı taxtdan salıblar, sonra Əhməd şahı, indi də əlahəzrəti!» Behbehaniyanın Əhməd şahın ingilislər tərəfindən devrilməsi barədə sözləri Məhəmmədrzanı özündən çıxardı və ona dedi: «Axmaq kişi, bəsdir!» Biz şahın qəzəbinin səbəbini anlamadıq. Sonralar Fərəh bunu belə izah etdi: «Əgər Əhməd şahı ingilislər aradan götürüblərsə, deməli, Rza şahı da onlar hakimiyyətə gətiriblər. Şahı qəzəbləndirən də bu nəticə oldu». Behbehaniyan şahın ona bir dəstə adamın yanında «axmaq» deməsindən bərk incidi və ertəsi gün səhər bizi tərk edib Bazelə qayıtdı. Getməmişdən qabaq o, bizimlə olan bir neçə şəxsə demişdi: «Təəssüf edirəm ki, bütün ömrüm boyu belə bir adama xidmət eləmişəm!»
Deməliyəm ki, uzun illər şahın maliyyə işlərinə baxan Behbehaniyan olduqca düzgün və etibarlı adam idi. Şahın xarici banklardakı hesablarının çoxu onun adına idi və əgər istəsəydi, bu pulları şaha qaytarmaya bilərdi, amma o, həmin pullardan bir qəpiyinin də arxasına keçmədi. Buna baxmayaraq, ömrünün ixtiyar çağında şah bir dəstə adamın yanında onu «axmaq» adlandırdı.
Bəs Behbehaniyan nə etdi və Məhəmmədrzanın cavabını necə verdi?! Bu, tarixin maraqlı faktlarından biridir. Asuanı tərk edib Bazelə qayıtdıqdan sonra Behbehaniyan həmin axşam şahın onu təhqir etməsinin şahidi olan şəxslərə birbəbir məktub yazıb xahiş elədi ki, özləri müəyyənləşdirsinlər, kim axmaqdır – şah, yoxsa o?! Həmin məktubda Behbehaniyan yazmışdı: «1963-cü ildə ölkənin baş naziri Əsədullah Ələm ayətullah Xomeynini edam etdirmək istəyirdi, amma şah mollaların təzyiqindən çəkinib Xomeyninin sürgün olunmasına razılıq verdi. Əsədullah Ələm şaha demişdi ki, mən baş nazir kimi ölkədə asayişin qorunmasına birbaşa cavabdehəm, bu şəxs (ayətullah Xomeyni) sağ qalsa, gec-tez yeni bir qarışıqlıq törədəcək. Şah isə Xomeyniyə qarşı tədbir görmək əvəzinə Ələmi vəzifəsindən kənarlaşdırmışdı!» Behbehaniyan öz məktubunda Hüveyda ilə bağlı bir çox məsələləri də qeyd etmişdi ki, biz şahın ən yaxın adamları olsaq da, o vaxtadək onlardan xəbərsiz idik. Məktub şaha müraciətlə yazılmışdı və Behbehaniyan onun bir surətini də şəxsən Məhəmmədrzaya göndərmişdi. Biz bir yerə toplaşıb bu qərara gəldik ki, məktub barədə şaha heç nə deməyək və ona ünvanlanmış surəti də gizli saxlayaq...
Dediyim kimi, biz Asuanda cəmi beş gün qaldıq. Bu müddət ərzində Sadat çalışırdı ki, vaxtını Məhəmmədrza ilə keçirsin və onu darıxmağa qoymasın. Onlar gah Nil çayında qayıq səyahətinə çıxır, gah da çayın sahillərindəki qədim məbədlərin qalıqlarına tamaşa edirdilər. Hamımız Amerikadan xəbər gözləyirdik ki, xüsusi təyyarə ilə bu ölkəyə uçaq. Beşinci gün Ərdəşir Zahidi Vaşinqtondan zəng vurub Məhəmmədrza ilə bir qədər danışdı, sonra dəstəyi başqa bir şəxsə – ABŞ Xarici İşlər Nazirliyinin əməkdaşına verdi və o da şahla qısa söhbət etdi. Həmin söhbətdən sonra marşrutumuz dəyişdi və biz ABŞ-a getmək əvəzinə Mərakeşə yollandıq.
Bir saat keçməmiş Mərakeşin Qahirədəki səfiri tələsik özünü Asuana yetirdi və kral Həsənin rəsmi dəvətini Məhəmmədrzaya çatdırdı. Kral Həsən bu dəvətin öz şəxsi istəyi ilə edildiyini, İran şahına diqqət və hörmətinin əlaməti olduğunu göstərməyə çalışsa da, biz bilirdik ki, Ənvər Sadat Misirdəki islam fundamentalistlərinin və «İslam qardaşları» təşkilatının İran şahının bu ölkədə olması əleyhinə nümayişlər keçirəcəyindən və qarışıqlıq törədəcəyindən ehtiyatlanır. Amerikalılar isə şahı qəbul etmək istəmirdilər və Sadata təzyiq edirdilər ki, onu Misirdə saxlasın. Amma Sadat onları inandırmışdı ki, Məhəmmədrzanın Misirdə qalması onun üçün təhlükəlidir və hər iki tərəf sonda şahın Mərakeşə yollanması barədə razılığa gəlmişdilər; kral Həsənin dəvəti də məhz onların təkidi nəticəsində baş tutmuşdu.
1979-cu il yanvarın 21-i, yaxud 22-də biz Mərakeşə gəldik. Kral Həsən şahı aeroportda qarşıladı. Rəsmi qarşılanma mərasimindən sonra onunla birlikdə ali qonaqlar üçün nəzərdə tutulmuş «Cənnət» sarayına yollandıq. Bu saray Atlas dağlarının üzərində tikilmişdi və gözəl mənzərə ilə əhatə olunmuşdu... Sarayın yaxınlığında yaşıl bağlar və təbii göllərlə çevrələnmiş «Məmuniyyə» oteli yerləşirdi. Bu oteldə bir qayda olaraq dünyanın ən varlı adamları və məşhur diplomatlar qalırdılar. İndi isə burada Amerika və Avropadan xeyli jurnalist məskən salmışdı. Onlar çalışırdılar ki, şahla görüşüb ondan müsahibə alsınlar. Bu şəxslərdən bəziləri sonralar 1979-cu il İran hadisələri ilə bağlı dəyərli kitablar yazdılar...
Biz Mərakeşdə çaşqınlıq içərisində idik. Hələlik bizə əməlli-başlı izah edən olmamışdı ki, ABŞ Məhəmmədrzanın bu ölkəyə gedişini niyə ləngidir. Vaşinqtondan ziddiyyətli xəbərlər gəlirdi. Məhəmmədrzanın bir çox dostları onu əmin edirdilər ki, ABŞ gec-tez onu qəbul edəcək. Bəziləri isə bildirirdilər ki, Amerika hökuməti şahın bu ölkəyə ayaq basmasına imkan verməyəcək. Məhəmmədrza bu ziddiyyətli xəbərlərin təsiri altında təlaş keçirib ABŞ-ın Rəbatdakı səfiri ilə əlaqə saxladı. Səfir Riçard Parker söz verdi ki, Amerika şahı qəbul edəcək.
Şahı Mərakeşdə, Misirdə, yaxud İordaniyada qalıb Amerikaya getməməyə təşviq edən şəxslərdən biri Ərdəşir Zahidi idi. Uzun illər İranın ABŞ-dakı səfiri olmuş, Amerika rəsmiləri ilə yaxın əlaqələrə malik Zahidi əmin idi ki, ABŞ rəhbərliyi Tehranda girov götürülmüş diplomatları xilas etmək üçün şahı İran inqilabi hökumətinə təhvil verəcək. Mən görürəm ki, şahlığın süqutundan sonra İranda və xaricdə çap olunmuş bir çox kitablarda Ərdəşir Zahidinin bu tövsiyəsi yanlış şərh olunur. Həmin kitablarda yazılır ki, Zahidi şahın İrana yaxın ölkələrin birində qalmasında israr etməklə, MKİ-nin və Pentaqonun köməyinə arxalanıb Məhəmmədrzanı yenidən hakimiyyətə qaytarmaq istəyirmiş! Hətta məşhur müəlliflərdən biri qeyd edir ki, Zahidi admiral Kəmaləddin Həbib İlahi ilə birlikdə yeni İran hökumətini devirmək planı hazırlayıbmış. Bunlar hamısı əsassız və gülünc sözlərdir! Ərdəşir Zahidinin atası general Fəzlullah Zahidi 1953-cü il 19 avqust çevrilişində mühüm rol oynamışdı və bəzi yazarlar bu cür şərhlərlə Ərdəşiri atasına bənzətməyə çalışmışlar. Bəziləri də Məhəmmədrzanın tərəfdarı olduqlarından sadəcə öz arzularını gerçəklik kimi qələmə vermişlər. Bir çoxları isə Zahididən aldıqları pulun, kürünün və xalçanın müqabilində onu atasının yolu ilə gedib çevriliş edərək Məhəmmədrzanı hakimiyyətə qaytarmağa qadir olan bir şəxs kimi təqdim etməyə çalışmışlar! Bütün bunların yalan olduğunu göstərən bircə dəlil var: Ərdəşir Zahidi kefcil və açığını desəm, əyyaş bir adam idi!
İranda iğtişaşların başladığı ilk günlərdən bizə xəbərlər çatırdı ki, Ərdəşir Zahidi Vaşinqtondakı səfirliyimizin pullarını sağa-sola xərcləməklə, ABŞ-da İran dövlətinə məxsus əmlakı və binaları satıb-sovmaqla məşğuldur. Ərdəşir uzun müddət Amerikada yaşadğı və bu ölkənin hakim dairələri ilə sıx əlaqələrə malik olduğu üçün hamıdan, hətta Məhəmmədrzanın özündən də yaxşı bilirdi ki, o getməlidir. Biz bilirdik ki, Ərdəşir Zahidi MKİ-nin agentlərindən biridir. Onun İranın ABŞ-dakı səfiri təyin olunması da bu ölkənin istəyi ilə baş tutmuşdu və burada işlədiyi müddətdə o, Uilyam Rocers, Riçard Nikson, Henri Kissincer və Cerald Ford kimi şəxslərin yaxın dostu olmuşdu...
Mərakeşdə olduğumuz son günlərdə Ərdəşir Zahidi həyəcanlı bir halda Amerikadan gəlib Fərəhlə mənim yanımda şaha bildirdi ki, o, heç bir vəchlə ABŞ-a getməməlidir. Özünü şaha canıyanan kimi göstərən Zahidi deyirdi ki, Amerika demokratları Con Kennedinin zamanından şaha düşmən kəsiliblər və öz girovlarını azad etmək üçün Məhəmmədrzanı asanlıqla qurban verə bilərlər. Zahidi çıxıb gedəndən sonra şah söylədi: «Bu kişiyə tapşırıq verilib ki, bizi Amerikaya getmək fikrindən daşındırsın». Dediyim kimi, Məhəmmədrza müalicə olunmaq üçün mütləq Amerikaya getməli idi. Lakin bizim Amerika səfərimizi zəruri edən başqa səbəblər də vardı. Mənim əziz nəvələrim – Rza, Əlirza, Fərəhnaz və Leyla Amerikada idilər. Bizim şəxsi əmlakımız və maliyyə vəsaitimiz Amerikada idi. Dostlarımız və qohumlarımız Amerikada idilər. Amerika isə bizdən İordaniyaya getməyi, yaxud Mərakeşdə və Misirdə heç nəsiz qalmağı tələb edirdi!..
Tehran radiosu hər gün müxtəlif toqquşmalar, qətllər və edamlar haqqında xəbərlər yayırdı. Misirdə və Mərakeşdə bizimlə olan bəzi şəxslər İranda qalmış ailələri və qohumları üçün ciddi narahtlıq keçirməyə başlamışdılar. Bir gün şah təyyarəsinin pilotu polkovnik Müizzi Məhəmmədrzanın yanına gəlib İrana qayıtmaq üçün icazə istədi. O və heyətin digər üzvləri İranda qalmış ailələrinin taleyindən bərk nigaran idilər. Şah göstəriş verdi ki, onlara lazımi qədər pul verilsin. Müizzi və onun üç nəfər heyət üzvü ümumilikdə əlli min dollar alıb İrana qayıtdılar. (Polkovnik Müizzi sonralar «Xalq mücahidləri» qruplaşmasına qoşuldu və gizli bir uçuşla Məsud Rəcəvi ilə Əbülhəsən Bənisədri Tehrandan Parisə apardı).
Məhəmmədrza bilə-bilə ətrafında olanları çıxıb getməyə təşviq edirdi. Beləcə bizimlə qalanların sayı cəmi bir neçə nəfərə endi. Şahı narahat edən məsələ ətrafındakıların bədxərcliyi və əyyaşlığı idi. Onlar istədikləri qələti edir, pulunu da şahın hesabına yazdırırdılar. Cəmi bir neçə gün ərzində «Məmuniyyə» otelində qalanların xərcləri 200.000 dollara çatmışdı. Nəhayət, şah hər şeyi açıq söyləməyə məcbur oldu: «Biz indi sürgündəyik və sizə verməyə pulumuz yoxdur. Kim öz xərcini ödəməyə qadirdirsə, bizimlə qala bilər, əks təqdirdə yaxşı olar ki, İrana qayıtsın!» Bu sözlərdən sonra ətrafımız sürətlə boşalmağa başladı. Məlum oldu ki, inidiyə qədər bu şəxsləri Pəhləvi ailəsinə bağlayan nə imiş...
Fevralın 22-də şah ABŞ-ın Mərakeşdəki səfiri Parkerə zəng vurub tezliklə Amerikaya yollanmaq istədiyini bildirdi. Səfir dedi ki, hələ inqilabçıların Tehrandakı ABŞ səfirliyini tutmasından bir həftədən çox vaxt keçməyib və belə məqamda şahın Amerikaya getməsi vəziyyəti daha da gərginləşdirə bilər. Məhəmmədrza hirslə söhbəti kəsib birbaşa Vaşinqtonla telefon əlaqəsinə girdi və bəzi şəxslərlə danışıqlar apardı. Bunlardan biri ABŞ-ın nüfuzlu kapitalisti Devid Rokfeller idi. Şah həmçinin Bzejinski ilə də qısa söhbət etdi. Zbiqnev Bzejinski digər ABŞ rəsmiləri ilə müqayisədə açıq danışırdı, necə deyərlər, «mus-mus» deməklə arası yox idi. O, şaha bildirdi ki, prezident Karter onu Amerikada görmək arzusunda deyil. Deməliyəm ki, şahın Cimi Karterlə münasibətləri həmişə soyuq və ziddiyyətli olmuşdu. Prezident seçkilərində Məhəmmədrza Karterin rəqibini – respublikaçıların namizədi Cerald Fordu dəstəkləmişdi. Ümumiyyətlə, şah daim respublikaçıları demokratlardan üstün tuturdu. Karter prezident seçiləndən sonra 1977-ci ilin noyabrında Məhəmmədrza ilə Fərəh Vaşinqtona rəsmi səfərə dəvət olundular. Həmin səfərdə Karter şaha bildirmişdi ki, İranda şahlığın ABŞ tərəfindən qeyd-şərtsiz dəstəklənməsi dövrü arxada qalmışdır; əgər şah bundan sonra da Amerikanın himayəsini görmək istəyirsə, özünün sərt daxili siyasətinə yenidən baxmalı və SAVAK-ın cilovunu çəkməlidir. Səfər gedişində böyük bir dəstə Ağ Evin qarşısında etiraz nümayişi keçirmiş, şahla Fərəhə tərəf kartof və pomidor atmışdı. Polis nümayişçiləri dağıtmaqdan ötrü gözyaşardıcı qazdan istifadə etmiş və qazın təsirindən gözləri yaşarmış Məhəmmədrzanın təsvirlərini o gün hamı görmüşdü! Mən iki dəfə Məhəmmədrzanın göz yaşlarının şahidi olmuşam: bir həmin səfərdə Karter Ağ Evin həyətində onu qarşılayanda, bir də İranı tərk edəndə! Məhəmmədrza deyirdi ki, bu nümayişi ona təzyiq göstərmək üçün amerikalılar özləri təşkil ediblər. Həmin səfərdən qayıtdıqdan sonra şah bir sıra siyasi məhbusların azad olunması barədə fərman verdi və elə bu da əhalinin cəsarətlənməsinə, onun tələblərinin artmasına səbəb oldu.
Martın axırlarında kral Həsən bizə açıq şəkildə bildirdi ki, özümüzə yeni sığınacaq tapmaq barədə düşünməliyik, çünki Tehranda onun əleyhinə nümayişlər keçirilir və o, «cinayətkarı gizlədən xəyanətkar» adlandırılır. Fərəh şaha təklif etdi ki, İordaniyaya gedək, orda köhnə dostumuz kral Hüseyn çox güclü hakimiyyətə malikdir. Məhəmmədrza dedi: «Bunun mənası varmı? Bir müddət sonra Hüseyn də üzr istəyib ölkəsindən getməyimizi xahiş edəcək!» Sonra şah Ərdəşir Zahidiyə zəng vurub Amerikada təhlükəsiz bir iqamətgah tapmağı tələb etdi. Zahidi cavab verdi ki, şəxsən Milli Təhlükəsizlik Şurasının üzvü Devid Aronla danışıb; cənab Aron deyib ki, şahın ABŞ-a gəlişi İranda olan amerikalıların girov götürülməsinə və hətta öldürülməsinə səbəb ola bilər.
Bizim Sortada (İsveçrə) gözəl bir villamız vardı. Fərəh təklif etdi ki, ora gedək. Şah bu təklifi bəyəndi, çünki İsveçrədə xeyli maliyyə vəsaitimiz vardı, İsveçrənin dövlət adamları arasında da şahın dostları az deyildi. Heç kəs təsəvvür eləmirdi ki, isveçrəlilər şahın xahişini rədd edərlər. Şah Ərdəşir Zahidiyə bizim İsveçrəyə getməyimiz üçün lazımi tədbirlər görmək tapşırığı verdi. Amma səhərisi o zəng edib dedi ki, isveçrəlilər bizim xahişimizi ehtiramla rədd etdilər. Tacir xislətli isveçrəlilər devrilmiş şahı qəbul etməklə öz ölkələrinin neftlə təminatı məsələsini təhlükə altında qoymaq istəməmişdilər. İsveçrədən əlimiz üzüləndə İngiltərəyə getmək xəyalına düşdük. Məhəmmədrza bu fikri bəyənməyib dedi: «Məni devirənlərdən biri də ingilislərdir. İndi necə onların ətəyindən yapışa bilərəm?! Atamı da onlar ölkədən çıxartmışdılar!» Yeniyetməlik və gənclik illərini Fransada keçirmiş Fərəh (o indi də Fransada yaşayır) təklif elədi ki, Fransaya gedək. Amma şah razılaşmayıb dedi ki, Qvadelupa görüşündə ona xəyanət etmiş ilk Qərb lideri Jiskar d’Esten olub və məhz o, Qərbin şahı dəstəkləməkdən əl çəkməsi təklifini irəli sürüb! (Sonralar Cimi Karter öz xatirələrində yazmışdı ki, Qvadelupa görüşündə mən Qərb ölkələri rəhbərlərinin artıq şahı müdafiə etmədiyinin şahidi oldum. Hamıdan çox Jiskar d’Esten bu əqidədəydi ki, şah hakimiyyətdən getməlidir). Sonrakı hadisələr Məhəmmədrzanın haqlı olduğunu sübuta yetirdi. Fransızlar nəinki bizi qəbul etmək istəmədilər, hətta tələb etdilər ki, onların müttəfiqi olan kral Həsənin mövqeyini zəiflətməmək üçün mümkün qədər tezliklə Mərakeşi tərk edək!..
Bir sözlə, heç bir ölkə İran şahını qəbul etmək istəmirdi. Bu boyda dünyada bizə sığınacaq olacaq kiçik bir guşə tapılmırdı. Taleyin ironiyasına bax ki, dünyanın bir çox ölkələrində bizim evimiz və şəxsi əmlakımız vardı və beynəlxalq hüquq baxımından biz bu yerlərə maneəsiz getmək haqqına malik idik!..
Biz çox sonralar Fransanın şahı müdafiə etməməsinin səbəblərini öyrəndik. İranın bir sıra nüfuzlu inqilabçıları fransızlarla sıx və səmimi əlaqələrə malik idilər. Əbülhəsən Bənisədr və Sadıq Qütbzadə kimi şəxslər 1978-ci ildə keçirilən Qvadelupa görüşündə iclas zalının qapısı arxasında dayanıb gözləyirlərmiş ki, Jiskar d’Esten oradan çıxıb onların vəzifəsini müəyyənləşdirsin. Əbülhəsən Bənisədr Fransaya qaçandan sonra qızım Fərəhlə görüşdə bildirmişdi ki, şahın devrilməsində fransızlar da az rol oynamayıblar. Fələyin qəribə işləri var: indi İranın ilk prezidenti Əbülhəsən Bənisədr qızım Fərəhin yaxın dostudur və onların Fransa polisi tərəfindən mühafizə olunan evləri bir-birinin yaxınlığında yerləşir.
Bir gün bizə xəbər verdilər ki, ABŞ-ın Rəbatdakı səfiri cənab Parker şahla görüşmək istəyir. Şah Parkeri sarayın kitabxanasında qəbul etdi. Qızım Fərəh də görüşdə iştirak edirdi. Onun danışdığına görə, Parker şahla görüşən kimi dərhal mətləbə keçib açıq şəkildə söyləmişdi: «Əlahəzrət ABŞ-a getmək fikrindən daşınmalı, Cənubi Amerika və ya Afrika ölkələrindən birinə yollanmalıdır!» Sözün tam mənasında sınmış şah səfir Parkerdən acizanə surətdə xahiş etmişdi ki, onun heç olmasa ailəsi ilə birlikdə Meksikaya getməsinə köməklik göstərsin. Məhəmmədrza demişdi ki, Afrika ilə bağlı kədərli xatirələrə malikdir, çünki atası Rza şah orada sürgündə olmuş və Cənubi Afrikada vəfat etmişdir; Meksikaya isə ona görə üstünlük verir ki, ABŞ-a yaxındır və orada olan qohumları ilə əlaqə saxlamaq baxımından əlverişlidir. (Həmin vaxt şahın anası Tacülmüluk xanım bərk xəstə idi və Əşrəfin Beverli-Hilzdəki evində qalırdı). Şahın düşkün ruhundan və zəifləmiş vücudundan təsirlənən səfir Parker təəssüflə demişdi: «Əlahəzrətin bu xahişini Vaşinqtona qəbul etdirmək üçün əlimdən gələni edəcəyəm!» Sonralar Parker öz xatirələrində yazmışdı: «Şahın yanından çıxanda ABŞ-ın öz müttəfiqi ilə belə rəftar etməsinə görə xəcalət çəkdim. Bu, həmən şah idi ki, otuz ildən artıq bir müddətdə Orta Şərqdə bizim maraqlarımıza sədaqətlə xidmət etmişdi!»
Xaricdə keçən hər gün Məhəmmədrzanı taxt-tacdan daha da uzaqlaşdırırdı və bu, kral Həsənin iti gözlərindən yayına bilməzdi. Nəhayət, günlərin bir günü o, ədəblə şahı öz ölkəsindən qovdu. Niyə ədəblə? Qoyun danışım.
Bir gün hələ səhər yeməyini qurtarmamışdıq ki, kral sarayının protokol rəisi qabaqcadan xəbər vermədən Məhəmmədrzanın yanına gəldi və yemək masası arxasında oturmuş şaha müraciətlə dedi: «Əlahəzrət kral II Həsən cənabınızın Mərakeşi tərk etmək arzusundan xəbərdardır. Buna görə də özünün xüsusi təyyarəsini cənabınızın ixtiyarına verir ki, sabah Mərakeşi tərk edəsiniz!» Sonra da cavab gözləmədən yüngülcə təzim edib otağı tərk etdi. Şahın tikəsi boğazında qaldı. Əsəbi halda çəngəl-bıçağı boşqaba çırpıb dilləndi: «Bu zatıqırıq dünənə qədər mənə «əlahəzrət şah» deyirdi, indi «cənab» söyləyir! Sabah mütləq getməliyik, yoxsa hələ məlum deyil nələr görəcəyik!» «Hə, burdan da qovulduq. Bəs hara gedə bilərik?!» Bunu da qızım dedi və masanın arxasından qalxıb narahat halda otaqda gəzişməyə başladı.
Məhəmmədrza telefona yaxınlaşıb səfir Parkerə zəng vurdu. Xoşbəxtlikdən bu dəfə səfir pis xəbər demədi. Parker bildirdi ki, Rokfeller külli miqdarda rüşvət verməklə Baham adalarının hakimiyyət orqanlarını şahı qəbul etməyə razı sala bilib. Dəqiq yadımda deyil, aprelin 1-i, yaxud 2-də Rəbat aeroportuna yollandıq. Mərakeş kralına məxsus «Boinq-747» təyyarəsi bizi gözləyirdi. Həmin təyyarə ilə Baham adalarının mərkəzi olan Nasoya gəldik.
Baham yeddi yüz kiçik adadan ibarət bir ölkədir. Bu adaların əksəriyyətində insan yaşamır və qabarmalar zamanı onlar suyun altında qalır. Naso aeroportunda bizi Robert Armao adlı yaraşıqlı və nəzakətli bir gənc qarşıladı. Bu gənc Rokfellerin işçilərindən idi, amma Məhəmmədrza əmin idi ki, o, MKİ-nin agentidir.
Amerikalıların «cənnət adaları» adlandırdığı Baham adaları dünyanın əyləncə və eyş-işrət mərkəzlərindən biridir. Dünyanın hər guşəsindən varlı adamlar kef çəkmək və başqa yerlərdə qadağan olunmuş işlərdən çıxmaq üçün bura gəlirlər. Burada kazinolar və gecə klubları səhərədək işləyir. Onların müştəriləri varlı ərəb şeyxləri, Avropa və Amerikanın iri kapitalistləridir. Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında yerləşir və bu yaxınlıq o qədərdir ki, biz özümüzü ABŞ-da hiss edirdik. Məhəmmədrzanın Baham adalarında çoxlu dostları vardı. Monako şahzadəsi burada bir neçə kazinonun sahibi idi. Bir çox əyləncə mərkəzləri Frenk Sinatraya və Ceri Luisə məxsus idi. İndoneziya prezidenti Suhartonun da burada bir neçə kazinosu və iri oteli vardı. Məhəmmədrza danışırdı ki, Kuba inqilabına qədər amerikalılar əylənmək və kef çəkmək üçün Kubaya gedirdilər, amma Fidel Kastro hakimiyyətə gələndən sonra amerikalılar öz kapitallarını Baham adalarına köçürüb buranın iqtisadi baxımdan çiçəklənməsinə nail oldular. Kubadan qovulmuş kazino sahibləri də Bahamda məskən saldılar. Baham adaları 1973-cü ildə müstəqillik qazansa da, ölkənin ən qiymətli torpaqları amerikalıların əlində idi.
Biz Baham adalarına çatan kimi mənim əziz nəvələrim də valideynlərini görmək üçün Nasoya gəldilər. Məhəmmədrza və Fərəh uşaqları ilə birgə Ceyms Krasbinin möhtəşəm villasında qalırdılar. Mən və bizimlə olan digər şəxslər okeanın sahilində gecəsi 300 dollara lüks kotteclər icarə etmişdik. Cəmi iyirmi nəfər idik və hər gün qaldığımız kotteclərə görə altı min dollar ödəyirdik, yemək pulu və sair xərclər də təxminən bir o qədər olurdu.
Bir neçə həftə əvvəl bizdən ayrılıb ticarət işləri ilə əlaqədar ABŞ-a getmiş sabiq Yunanıstan kralı Konstantin Məhəmmədrzanın Baham adalarına gəldiyini eşidən kimi özünü ora yetirərək bizə qoşuldu. Polkovniklərin qiyamı nəticəsində taxtdan salınan Konstantin Məhəmmədrza ilə oxşar tale yaşadığından bizim halımızı yaxşı anlayırdı və gecədən xeyli keçənə qədər qızım Fərəhlə sahildə gəzişib ona ürək-dirək verirdi. Konstantin vəfalı və etibarlı adam idi. Yunanıstandakı qiyamdan sonra Məhəmmədrza Avropadakı bəzi sərmayələrinin idarəsini ona həvalə etmişdi, eyni zamanda o, İran ordusu üçün müəyyən satınalmaları həyata keçirib bundan əldə etdiyi gəlirlə dolanırdı. Məhəmmədrza həmişə deyirdi ki, dünyada mənim səmimi və həqiqi dostum yoxdur, ətrafımda fırlananların hamısını sərvət və hakimiyyət maraqlandırır, amma Konstantin bir istisnadır!
Çevirəni: Məsiağa Məhəmmədi
(davamı olacaq)

Şərh yaz