ƏBU SƏİD ƏBÜL-XEYRİN «QIRX MƏQAM» RİSALƏSİ

Sufizmin tarixi və nəzəriyyəsinə dair ədəbiyyatın yarandığı dövrdən (X əsrin sonu – XI əsrin əvvəllərindən) etibarən «məqam» və «hal» kateqoriyaları onun başlıca predmetini təşkil etmişdir. Bu da təsadüfi deyildir, çünki əgər sufinin əsas və son məqsədi Allaha qovuşmaqdırsa, onda bu məqsədə nail olmağın üsul və vasitələri ən vacib məsələ kimi meydana çıxır. Məhz bu səbəbdən təsəvvüf nəzəriyyəçiləri sufinin Allaha doğru yolunda («təriqət» və «sülük»da) başlıca mənəvi-əxlaqi və psixi-ruhani pillələr kimi «məqam» və «hal» anlayışlarını geninə-boluna şərh etmişlər. Bu anlayışların özü isə iki cəhətdən fərqləndirilmişdir: a) davamlılıq baxımından – «məqam» nisbətən dayanıqlı və daimi psixoloji vəziyyətdir, «hal» isə ötəri və keçəridir; b) əldə olunmaq baxımından – «məqam» sufinin (salikin) özü tərəfindən qazanılır, «hal» isə ona Allahın inayəti kimi bəxş olunur. Təsəvvüf terminologiyası ilə desək, məqam – «kəsbi», hal isə «vəhbi» olur.

Sufi ədəbiyyatında ənənəvi olaraq, yeddi məqamdan (tövbə, vərə’, zöhd, fəqr, səbr, təvəkkül, riza) və on haldan (müraqibə, qürb, məhəbbət, xof, rica, şövq, üns, itminan, müşahidə, yəqin) söhbət gedir. Bununla belə, xüsusən sufizmin erkən çağlarından, məsələyə fərqli baxışlar da mövcud olmuşdur. Məsələn, Xacə Abdullah Ənsari (1006-1089) Allaha doğru yüksəliş yolunu yüz (!) meydana bölmüşdür. Erkən sufizmin başqa bir nümayəndəsinin – Əbu Səid ibn Əbül-Xeyr Meyhəninin (967-1049) oxuculara təqdim olunan kiçik həcmli risaləsində isə sufinin keçməli olduğu qırx məqamdan bəhs olunur. «Məqamati-ərbəin» («Qırx məqam») adlanan və fars dilində yazılmış bu risalə digər analoji abidələrlə müqayisədə bir sıra özəlliklərə malikdir. Əvvəla, Əbu Səid digər müəlliflərin «hal» adlandırdığı vəziyyətləri də «məqam» anlayışı altında verir, yəni «məqam-hal» bölgüsünə riayət etmir. İkincisi, o, yeddi deyil, qırx məqamdan söhbət açır. Təsəvvüfdə qırx rəqəminin xüsusi məna daşıdığını (ərbəin, çillə) nəzərə alsaq, bu, heç də təsadüfi sayılmamalıdır. Üçüncüsü, Əbu Səid «bəqa» məqamından sonra da bir çox məqamlardan bəhs edir, halbuki digər müəlliflərdə bu, təriqət əhlinin ən yüsək məqamı kimi qiymətləndirilir. Nəhayət, dördüncüsü, risalədə sonuncu – qırxıncı məqam kimi «təsəvvüf» götürülür. Bu da kifayət qədər əsaslı və məntiqidir. Məşhur sufi şeyxi Cüneyd Bağdadi (vəf. 910) «təsəvvüf nədir?» sualına belə cavab vermişdi: «Təsəvvüf odur ki, Allah səni səndə öldürsün və Özündə diriltsin». Bu baxımdan Əbu Səidə görə, məhz sadalanan məqamları keçdikdən sonra «salik» əsl sufi – təsəvvüf əhli olur.
Əbu Səid Əbül-Xeyrin bu risaləsi təqribən otuz il əvvəl tapılaraq nəşr olunmuş və az sonra Seyid Hüseyn Nəsr tərəfindən ingilis dilinə tərcümə edilmişdir. Ötən il risalənin farsca mətni «Nameye-parsi» jurnalında (№ 3, 2003, s. 130-135) yenidən nəşr olunmuşdur ki, bizim tərcüməmiz də həmin nəşr əsasında həyata keçirilmişdir. Qeyd edək ki, Pakistanda və Hindistanda mövcud olan bir sıra əlyazmalarda bu risalə Mir Seyid Əli Həmədaniyə (1314-1385) aid edilir. Bəzi müəlliflər isə risalənin Əbu Səidə mənsubluğunu inkar edirlər. Lakin bu, S.H.Nəsrin sözləri ilə desək, risalənin sufi ədəbiyyatının nümunəsi kimi əhəmiyyətini qətiyyən azaltmır. Üstəlik əsərin dil və üslub xüsusiyyətləri onun məhz X-XI əsrlərdə yazıldığını söyləməyə əsas verir.

Məsiağa Məhəmmədi


Mərhəmətli və rəhmli Allahın adı ilə [başlayır və Ondan] kömək diləyirik!

[Allaha doğru] yol gedən və [Allaha] ibadət edən şeyx, Haqqı axtaran övliyaların sultanı Əbu Səid Əbül-Xeyr – Allah onun ruhunu işıqlandırsın! – buyurur: Sufi qırx məqamdan keçməlidir ki, təsəvvüf küçəsində onun addımları düzgün olsun.

Birinci məqam “niyyət”dir. Sufinin niyyəti elə olmalıdır ki, əgər dünyanı və onun nemətini, axirəti və onun cənnətini, [habelə] bəla və möhnətini ona göstərsələr, dünyanı və onun nemətini kafirlərə, axirəti və onun cənnətini möminlərə bağışlasın, özü isə bəla və möhnəti seçsin.

İkinci məqam «inabət»dir. Sufi xəlvətdə olduqda Allahı görməlidir. Aləmin hadisələri onun başını [belə] tərpətməsinə səbəb olmamalıdır və Haqqın bəlaları onun məhəbbət quşunu uçurmamalıdır.

Üçüncü məqam «tövbə»dir. Bütün insanlar haramdan tövbə edərlər və haramı yeməzlər ki, əzaba düçar olmasınlar. Sufilər isə halaldan tövbə edərlər və halalı yeməzlər ki, haram barədə şübhəyə düşməsinlər.

Dördüncü məqam «iradət»dir. Bütün aləm rahatlıq və ondan ötrü mal və nemət arzulayar, onlar (sufilər) isə möhnət və bunun sayəsində mülk və vilayət istəyərlər.

Beşinci məqam «mücahidə»dir. İnsanlar onu iyirmi etməyə çalışırlar, onlar isə iyirmini yox etməyə cəhd edərlər.

Altıncı məqam «müraqibə»dir. «Müraqibə» - öz nəfsini xəlvətdə saxlamaqdır ki, beləliklə, aləmin Padşahı onları günah işlətməkdən saxlasın.

Yeddinci məqam «səbr»dir. Onlar iki aləmin bəlalarına düçar olsalar belə, ah çəkməzlər və bütün insanlar onlara məhəbbət bəsləsələr də, səbr küçəsindən özgə yolla getməzlər.

Səkkizinci məqam «zikr»dir. Ürəklərində yalnız Onu (Allahı) tutar və dilləri ilə yalnız Onu çağırarlar. Hərgah yorulsalar, Onun dərgahından başqa bir yerə üz tutmazlar.

Doqquzuncu məqamı «riza»dır. Əgər [Allah] onları çılpaq saxlasa, məmnun olarlar, əgər ac saxlasa, məmnun olarlar və heç zaman ixtiyar küçəsində məskən salmazlar.

Onuncu məqam «nəfsə müxalifət»dir. Onların nəfsi yetmiş il bir nemətdən ötrü nalə çəksə də, əzab və möhnətdən savayı bir şey əldə etməz.

On birinci məqam «müvafiqət»dir. Bəla və rahatlıq, rifah və məhrumiyyət onların nəzərində bir olar.

On ikinci məqam «təslim»dir. Əgər qəza oxu bəla pusqusundan onlara hücum çəksə, özlərini təslim mancanağına qoyub bəla oxunun qarşısına atarlar, canlarını və ürəklərini sipər edib qəza oxunun qarşısında duruş gətirərlər.

On üçüncü məqam «təvəkkül»dür. Onlar nə xalqdan bir şey istəyərlər, nə də Haqqdan. Ona (Allaha) Onun özünə görə pərəstiş edərlər – arada təmənna və söz-söhbət olmaz. Beləcə aləmin Padşahı lazım bildiyi vaxt onları arzularına çatdırar – arada haqq-hesab olmaz.

On dördüncü məqam «zöhd»dür. Onların bütün dünyadan bez, palaz və keçə kəsiklərindən ibarət yüz parçalı bir libası olar. Və həmin libas onların nəzərində ipək və atlas geyimlərdən min dəfə üstün olar.

On beşinci məqam «ibadət»dir. Bütün günü Quran oxuyub [Allahı] zikr etməklə məşğul olarlar və bütün gecəni oyaq qalarlar: bədənləri xidmətə çalışar, ürəkləri ilahi eşq və məhəbbətlə coşar, başları aləmin müşahidəsinə qarışar.

On altıncı məqam «vərə»dir. Onlar hər təamı yeməz, hər libası geyməz və hər şəxslə oturub-durmazlar. Yalnız Allah-təala ilə ünsiyyəti seçərlər.

On yeddinci məqam «ixlas»dır. Bütün gecəni namaz qılar və bütün günü oruc tutarlar. Əgər onların nəfsi itaət göstərməsə, əlli illik ibadəti bir şərbətə satıb bir itə və ya bir kəsə verər və o zaman deyərlər: «Ey nəfs, [indi] bildin ki, sənin etdiyin Allaha yaraşmır?!».

On səkkizinci məqam «sidq»dir. Düzlüksüz bir addım da atmaz və düzlüksüz bir nəfəs belə almazlar. Onların dilləri ürəklərindən, ürəkləri başlarından, qəlbləri isə Haqqın hüzurundan xəbər verər.

On doqquzuncu məqam «xof»dur. Onun (Allahın) ədalətinə baxdıqda, qorxudan titrəyərlər və ibadətə heç bir ümid bağlamazlar.

İyirminci məqam «rica»dır. Onun (Allahın) fəzlinə baxdıqda, şövqə gələrlər və qorxu aradan qalxar.

İyirmi birinci məqam «fəna»dır. [Sufilər] öz nəsflərini fəna putasına qoyub [əridərlər] və Ondan (Allahdan) savayı hər şeydən əl çəkərlər. Onların dilinə dünyaya aid söz gəlməz, dilləri Onun (Allahın) adından özgə bir şey söyləməz, bədənləri yalnız ibadət üçün tərpənər, başları ancaq Onun hüzuruna doğru dönər.

İyirmi ikinci məqam «bəqa»dır. [Sufilər] sağa baxsalar, Haqqı görərlər; sola baxsalar, Haqqı görərlər – bütün hallarda Onu görərlər. Onun bəqası ilə baqi olarlar, Onun qəzasına razı olarlar, Onun fəzl və bəxşişinə şad olarlar.

İyirmi üçüncü məqam «elmül-yəqin»dir. Onlar elmül-yəqin gözü ilə baxdıqda, yerin fövqündəkiləri görərlər və arada heç bir hicab olmaz.

İyirmi dördüncü məqam «həqqül-yəqin»dir. Onlar həqqül-yəqin gözü ilə baxdıqda, bütün yaradılmışlardan və məxluqatdan keçib sorğu-sualsız Haqqa nəzər salarlar və arada hicab olmaz.

İyirmi beşinci məqam «mərifət»dir. Onlar bütün yaradılmışlar və aləm əhlinin vasitəsilə Haqqı tanıyarlar və onların idrakında nöqsan olmaz.

İyirmi altıncı məqam «cəhd»dir. Onlar ürəkdən və candan Ona (Allaha) pərəstiş edərlər və onların itaətinə şübhə olmaz.

İyirmi yeddinci məqam «vilayət»dir. Dünya və axirət onların hümmətinə sığışmaz, cənnət və nemət onların gözündə bir zərrəyə də dəyməz.

İyirmi səkkizinci məqam «məhəbbət»dir. Bütün aləmdə sevdikləri bir Kəs olar. Məhəbbətləri bir olar, çünki zahirən və batinən bir Kəsə bağlanarlar. Bədənləri şövqdən əriyər. Ürəkləri Haqqın hüzurunda çırpınar. Nə övlad fikri çəkərlər, nə övrət; nə dünya fikrində olarlar, nə də sərvət.

İyirmi doqquzuncu məqam «vəcd»dir. [Onları] dünyada tapmazlar, qəbristanlıqda tapmazlar, qiyamətdə tapmazlar, Siratda tapmazlar – çünki onlar Əbədi Hüzurda olarlar. Onların olduğu yerdə bir Haqq olar, bir də özləri.

Otuzuncu məqam «qürb»dür. Əgər [onlar] desələr ki, ilahi, bütün küfr və tüğyan əhlini, bütün müşrik və asiləri bizə bağışla, aləmin Padşahı onların sözünü rədd etməz.

Otuz birinci məqam «təfəkkür»dür. Onların munisi Onun (Allahın) adı olar. Onlar Onun sözü ilə təskinlik taparlar.

Otuz ikinci məqam «vüsal»dır. Onlar özləri bu dünyada olsalar da, ürəkləri Mövlanın yanında olar.

Otuz üçüncü məqam «kəşf»dir. Haqq ilə onların ürəyi arasında heç bir hicab olmaz. Əgər onlar aşağı baxsalar, [yerin altındakı] balığa qədər [hər şeyi] görərlər; əgər yuxarı baxsalar, ərşi, kürsünü, lövhü, qələmi və behiştə qədər [hər şeyi] görərlər və heç nə onların önündə maneəyə çevrilməz.

Otuz dördüncü məqam «xidmət»dir. Onlar bir an belə xidmət meydanından uzaqlaşmazlar,bir dəm də Yarın görüşünü tərk etməzlər.

Otuz beşinci məqam «təcrid»dir.Əgər onları cəhənnəmə aparsalar, «mərhəba» deyərlər; əgər cənnətə aparsalar, «mərhəba» deyərlər. Nə cənnətdən şad olarlar, nə də cəhənnəm¬dən qorxarlar. Onlar sevgidən dönməzlər və bütün dünyada heç nəyə bağlanmazlar.

Otuz altıncı məqam «təfrid»dir. Dünyada insanlar arasında qərib olarlar. Əgər onları döysələr, yollarından qalmazlar; əgər onları əzizləsələr, buna aldanmazlar.

Otuz yeddinci məqam «inbisat»dır. [Allahın] hüzuruna yetişməkdə əzmkar olarlar. Əgər ölüm ayağında aləmin Padşahı Əzraili onların yanına göndərsə, Yardan xəbər tutmayınca, can verməzlər. Uca behiştə qədəm basmayana qədər Münkir və Nəkirdən qorxmazlar, qiyamətdən çəkinməzlər. Və bağışlayan Hökmdarın görüşünə getməyincə, hurilərə və [cənnətdəki] qəsrlərə nəzər salmazlar.

Otuz səkkizinci məqam «təhqiq»dir. Hamısı heyran olarlar və fəğan ilə insanlardan qaçıb Onun dərgahının halqasından yapışarlar.

Otuz doqquzuncu məqam «nəhayət»dir. [Bu zaman] onlar mənzilə çatarlar, möhnət çöllərini arxada qoyarlar və ürəklərinin gözü ilə Haqqı görmüş olarlar.

Qırxıncı məqam «təsəvvüf»dür. Sufi o kəsdir ki, bütün istəklərdən təmizlənmiş olsun. Batini pislikdən təmizlənsin, danışığı səhvdən, yalandan və qeybətdən uzaq olsun. Başı aşağı olsun. Gözünü dünyadan çəkmiş olsun və Haqqa qovuşmuş olsun.

Bu qırx məqamdan hərəsi peyğəmbərlərdən – onlara salam olsun! – birinə aiddir. Birincisi Adəmdir, sonuncusu Məhəmməd - onlara, digər peyğəmbərlərə və göndərilmişlərə, yaxın mələklərə Allahın salavatı olsun! Allah-təala öz rəsulunun bütün əshabələrindən razı olsun! Amin!



BƏZİ TERMİNLƏRİN İZAHI



İnabət – günahlardan əl çəkmək, üz döndərmək, Allah yoluna qayıtmaq

İradət – istək

Mücahidə – çalışma, cəhd etmə

Müraqibə – özünü müşahidə, özünə nəzarət, sayıqlıq

Zikr – xatırlama, yada salma

Riza - razılıq

Müvafiqət – razılıq, uyğunluq; «müxalifət» sözünün antonimi

Zöhd- zahidlik, tərkidünyalıq, asketizm

Vərə – çəkinmə, imtina

İxlas – səmimiyyət, sədaqət

Sidq – sadiqlik, düzlük

Rica – ümid

Fəna – fanilik, yox olma

Bəqa – əbədilik, daimilik

Elmül-yəqin – yəqin bilik

Həqqül-yəqin – həqiqi yəqinlik, tam əminlik

Mərifət – mistik idrak, qnosis

Vilayət - müqəddəslik, övliyalıq; hökmranlıq

Qürb – yaxınlıq

Kəşf – açılma, pərdənin götürülməsi

Təfrid – təklik, təklənmə, tənhalıq

İnbisat – genişlənmə; ruh yüksəkliyi, sevinc

Münkir və Nəkir – xalq arasında «İnkir-Minkir» adı ilə məşhur olan mələklər

Təhqiq – araşdırma; həqiqilik, gerçəklik

Təsəvvüf – sufizm

0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər