Baba Kuhi Bakuvi. HƏLLACIN HƏYATI VƏ ÖLÜMÜ

Nişabur sufisi Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Əhməd ibn Bakuyə Şirazi1 belə nəql edir ki, mən bu hekayəti Tustər2 şəhərində Hüseyn ibn Mənsurun3 oğlu Həmddən eşitmişəm. O, deyirdi:
«Atam Hüseyn ibn Mənsur Beyzada4 «Tur» adlı bir məhəllədə doğulmuş, amma Tustərdə böyümüşdü. İki il Səhl ibn Abdullah Tustəridən5 dərs almış, sonra Bağdada getmişdi. Bəzən kobud parçadan paltar geyinər, bəzən də iki rəngbərəng xirqəyə6 bürünərdi. Gah kətan geyib başına əmmamə qoyar, gah da hərbi libas geyinərdi. On səkkiz yaşında ikən o, Tustərdən Bəsrəyə yollandı və əynində xirqə Əmru ibn Osman Məkkinin və Cüneyd ibn Məhəmmədin7 yanına getdi. On səkkiz ay Əmru Məkkinin yanında qaldı. Elə o zaman anamla – Əbu Yaqub Əqtənin qızı Ümm-Hüseynlə izdivaca girdi. Bu izdivaca görə Əmru ibn Osman onu məzəmmət elədi və həmin səbəbdən Əmru ilə Əbu Yaqub arasında böyük ədavət yarandı.

Belə olduqda atam Cüneydin yanına getdi və Əbu Yaqubla Əmrunun ixtilafından çəkdiyi əzabı ona danışdı. Cüneyd atama dözməyi məsləhət bildi və hər ikisinin hörmətini saxlamağı tapşırdı. O, bir müddət bu hala dözdü, sonra Məkkəyə gedib bir il orada qaldı. Oradan bir dəstə dərvişlə Bağdada qayıdıb Cüneydin yanına getdi və ondan nəsə sorudu. Cüneyd cavab vermədi və onun bu davranışını iddialılıq əlaməti kimi qiymətləndirdi.
Atam ondan incidi və anamla birlikdə Tustərə qayıdıb iki il orada qaldı. Tustərdə camaat arasında böyük nüfuz qazandı. Bu səbəbdən sufilər ona kin bəsləməyə başladılar. Əmru ibn Osman da daim onun barəsində Xuzistan8 camaatına məktublar yazır və onu ən böyük günahlarda ittiham edirdi. Axırı atam birdəfəlik sufi libasını əynindən çıxardı, uzunqol rida və qəba geyinib adi adamlarla oturub-durmağa başladı. Sonra bizi qoyub beş illik səfərə çıxdı: Xorasan və Mavəraənnəhrə, oradan da Sicistan9 və Kirmana getdi. Nəhayət, Farsa qayıdıb camaat arasında çıxışlar etməyə və insanları Allaha səsləməyə başladı.
Fars camaatı onu «zahid Əbu Abdullah» kimi tanıyırdı. O, Fars əhalisi üçün çoxlu kitablar yazdı. Sonra Farsdan Əhvaza10 getdi. O, camaat qarşısında çıxışlar edirdi və bütün təbəqələrdən olan adamlar onun başına toplaşırdlar. O, insanlara sirlərdən və ürəklərində gizlətdiklərindən danışırdı, onların sirlərini aşkar edirdi. Buna görə də ona «Həllac əl-əsrar»11 deyirdilər. «Həllac» ləqəbi onun üstündə buradan qaldı.
Atam Farsdan Bəsrəyə gedib bir neçə gün orada qaldı. Məni Əhvazda dostlarının yanında qoyub ikinci dəfə Məkkəyə yollandı. Bu dəfə rəngbərəng parçalardan tikilmiş yamaqlı libas geymişdi. Böyük bir dəstə bu səfərdə onu müşayiət edirdi. Əbu Yaqub Nəhricuri ona paxıllıq etdi və bəlli ittihamları bir daha dilə gətirdi.
Məkkə səfərindən Bəsrəyə qayıdıb bir ay orada qaldı. Sonra Əhvaza döndü. Daha sonra anamla və Əhvazın mötəbər şəxslərindən bir neçə nəfərlə birlikdə Bağdada yollandı. Bir il Bağdadda qaldı. Ondan sonra müridlərindən birinə dedi: «Oğlum Həmdi mən qayıdana qədər öz yanında saxla, çünki mən küfr və bütpərəstlik diyarına getməli və oranın əhalisini Allaha dəvət etməliyəm».
Onun sorağını əvvəlcə Hindistandan aldım. Sonra ikinci dəfə Xorasana, Mavəraənnəhrə, Türküstana və Maçinə12 getdi. O yerlərin əhalisini Allahın yoluna səslədi və onlar üçün çoxlu kitablar yazdı ki, həmin kitablar bizə gəlib çatmayıb. Mənim bildiyim yalnız budur ki, qayıdandan sonra Hindistandan ona göndərilən məktublarda onu «Əbül-Müğis» adlandırırdılar, Maçindən və Türküstandan gələn məktublarda ona «Əbül-Müin»13, Xorasan camaatının məktublarında «bəsirət və zəka sahibi», Fars əhalisinin məktublarında «zahid Əbu Abdullah», Xuzistandan göndərilən məktublarda isə «Şeyx Həllaci-əsrar» deyə müraciət edirdilər, Bağdadda bir çoxları ona «Məczub», Bəsrədə bəziləri ona «Heyran» deyirdilər.14
Səfərdən qayıtdıqdan sonra onun barəsində söylənilən böhtanların sayı daha da artdı. Belə olduqda üçüncü dəfə Həccə getdi və iki il orada qaldı. Geri döndükdən sonra əhvalı dəyişdi. Bağdadda torpaq alıb özünə ev tikdi. Camaat arasında öz təlimini yaymağa başladı ki, mənim onun barəsində az anlayışım var. Məhəmməd ibn Davud bir dəstə fəqihlə onun əleyhinə qalxdı və onun təlimini qətiyyətlə pislədi.
Həmişə Nəsr Qüşurinin üstündə onunla Əli ibn İsa arasında söz-söhbət olurdu.15 Sonralar onunla Şibli16 və digər sufi şeyxləri arasında da eyni hal baş verdi.
Bir çoxları ona «cadugər» deyirdilər. Bəziləri onu «dəli» adlandırır, bəziləri də kəramət və möcüzə sahibi sayırdılar, inanırdılar ki, əgər o, dua eyləsə, duası müstəcəb olar. Camaat arasında söz-söhbət kəsilmək bilmirdi. Axırda sultan onu həbs edib zindana saldırdı.
Sonralar Nəsr Qüşuri xəlifənin yanına gedib icazə aldı ki, onu təkadamlıq zindanda saxlasınlar. Buna görə də zindanın yanında onun üçün kiçik bir ev tikdilər. Həmin evin bayır qapısını bağladılar. Bu tikilini bir divar əhatə edirdi və onun zindana açılan qapısı həmin divara qoyulmuşdu. Düz bir il insanlar gəlib bu evdə onunla görüşürdülər. Sonra onunla görüşməyi qadağan etdilər və o, beş ay heç kəsi görmədən orada qaldı. Yalnız Əbül-Abbas ibn Əta bir dəfə gizlincə bu zindana gəldi, bir dəfə də Əbu Abdullah ibn Xəfif.17
Mən gecələr evdə anamın yanında olurdum, gündüzlər də atamın xidmətində. Sonra iki aylığa məni zindana saldılar. O vaxt mənim on səkkiz yaşım vardı.
Zindandan çıxarılmasına bir gün qalmış gecə atam durub namaz qıldı. Namazını qurtarandan sonra elə hey deyirdi: «Mənim işimdə hiylə işlətdilər, mənim işimdə hiylə işlətdi¬lər»… Beləcə gecənin əsas hissəsi arxada qaldı. Uzun sürən sükutdan sonra birdən o qışqırdı: «Həqq, Həqq!» Yenidən ayağa durub ridasını geyindi. Üzünü qibləyə tutub əllərini göyə qaldırdı və Allahla söhbətə başladı.
Onun xidmətçisi İbrahim ibn Fatik mənimlə birlikdə orada idi. Biz onun sözlərinin bir qismini yadda saxladıq. O, deyirdi: «Biz Sənin şahidlərinik, biz Sənin lütf və mərhəmətinə pənah gətirmişik ki, Öz mahiyyətinlə, Öz əmrin və fərmanınla nə istədiyini aşkar edəsən. Yerin və göyün sahibi Sənsən, zamanı yaradan Sənsən, surətləri çəkən Sənsən! Bütün varlıqlar Sənin qarşında səcdəyə gəlir. Sənin əmrinlə cismlər mövcudluq qazanır, hökmlər yazıya alınır.
Sən asimanda təcəlla etdiyin kimi, yerdə də istədiyin vaxt və istədiyin kəs üçün təcəlla edəcəksən. Sənin hökmün elm, nitq, mütləq qüdrət və bəyan sahibi olan danışan ruhun surətində – insanın surətində ən gözəl şəkildə təcəlla edəcəkdir. Sən bu şahidinin vücuduna Öz mahiyyətindən bir şey bəxş etmisən. Və mənim başlanğıcımı istədiyin üçün sonda mənim zatımı mənim yaratdığımın zatında əyan edirsən, mənim bilik və kəramət¬lərimin mahiyyətini aşkara çıxarırsan. Məni Öz əzəli və əbədi aləmlərinin ərşinə qədər ucaldırsan və elə bir məqama çatdırırsan ki, «Ol!»18 kəlməsini dilə gətirməyimi əmr edirsən…
İndi mən ölüm ərəfəsindəyəm. Məni öldürəcəklər, dara çəkəcəklər, yandırıb külümü küləklərə və dalğalara tapşıra¬caqlar?!
Mənim külümün ən kiçik zərrəsi – çevriləcəyim möhtəşəm cisimlərdəki səbr toxumu - ən böyük dağlardan da gerçək bir həqiqətin müjdəsini verəcək!»
Sonra bu şeri oxudu:

Sənə bədənlərin ölümündən xəbər verirəm,
Çünki onların şahidi Allahla görüşdükdən sonra canını tapşırdı.
Sənə qəlblərin ölümündən xəbər verirəm,
Çünki vəhy buludu o hikmət dəryasına yağış yağdırmışdı.
Sənə haqqın dilinin ölümündən xəbər verirəm –
Elə qədim zamanlardan ki, xatırladıqca gedib yoxluğa çıxırsan.
Sənə elə bir bəyanın ölümündən xəbər verirəm ki,
İsiənilən şairin uca kəlamı onun qarşısında baş əyib.
Sənə ağlın göstərişlərindən xəbər verirəm,
Çünki ondan köhnə binadan başqa bir şey qalmayıb.
And olsun pak eşqinə!
Sənə o camaatın macərasından xəbər verirəm ki,
Hətta heyvanları da itaətkar idi.
Hamısı məhv oldu, onlardan bir əlamət belə qalmadı –
Ad tayfasının başına gələnlər və İrəm qəsrinin dağılması kimi,
Çünki onlardan da bir nişanə yoxdur.
Və onlar elə bir camaatı öz yerlərində qoyub gediblər ki,
Azğınlıq və sərgərdanlıq yolunu tutublar.
Bunlar lal və kar insanlardan da nadandırlar
Və hətta heyvanlardan da!

Bunu deyib susdu. Xidmətçisi İbrahim ibn Fatik söylədi: «Ey mənim ağam, mənə bir şey, sonuncu bir söz miras qoy!» Həllac dedi: «Sənə öz nəfsini tapşırıram – əgər sən onu əsir etməsən, o səni əsir edəcək!»
Səhər açılanda onu zindandan çıxardılar. Gördüm ki, zəncir və qandal içərisində rəqs edərək oxuyur:

Həmsöhbətim mənə heç bir zülm etmədi,
Özü necə içdisə,məni də elə içirtdi –
Ev sahibi qonaqla rəftar etdiyi kimi.
Amma piyalə dolanan kimi
Qılınc və dəri döşənəcək gətirdilər.
Yay vaxtı əjdəha ilə şərab içən kəs
Elə buna layiqdir…
Onu meydana apardılar. Beş yüz qamçı vurduqdan sonra əllərini və ayaqlarını kəsdilər. Mən eşidirdim ki, o, dar ağacının başında da Allahla söhbətləşir və deyir: «İlahi, mən bu gün arzularımın son mənzilinə yetişəcəyəm və Sənin qəribəliklərinə tamaşa edəsəyəm! İlahi, Sən Səni incidəni sevirsən, belə olan halda Sənin yolunda incidiləni sevməyə bilərsənmi?!»
Sonra gördüm ki,Əbubəkr Şibli dar ağacının altına yaxınlaşaraq uca səslə bu ayəni oxuyur: «Məgər biz səni insan¬lardan çəkindirmədikmi?»19 Ardınca ona müraciətlə soruş¬du: «Təsəvvüf nədir?» Həllac dedi: «Sən onun ən aşağı mər¬təbəsini indicə görürsən». «Bəs ən yuxarı mərtəbəsi hansıdır?» «Sən ona çatmazsan. Sabah görəcəksən ki, nə baş verir. Təsəvvüf Allahın qeyb aləmindədir, mən onu aşkar edirəm, amma sənə gizli qalıb».
Axşam namazı yetişəndə xəlifənin yanına getdilər ki, onun dar ağacından düşürdülməsinə icazə alsınlar. Amma onlara deyildi: «Artıq çox gecdir, bu işi sabaha saxlayaq». Səhər açılan¬da onu dar ağacından düşürdüb apardılar ki, boynunu vursunlar.
Mən eşidirdim ki, o, qışqırır və uca səslə deyir: «Vəcd əhlinin istədiyi vahidi yeganə etməkdir!»20 Sonra bu ayəni oxudu: «Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə haqq olduğunu bilərək ondan qorxarlar».21
Bu, onun son sözləri idi. Onun boynunu vurdular, sonra bədənini bir həsirə büküb neft tökərək yandırdılar. Daha sonra külünü minarənin başına apardılar ki, külək hər tərəfə yaysın.
Atamın şagirdi İbrahim ibn Fatik danışırdı ki, Həllacın edam edilməsindən üç gün sonra qüdrətli Rəbbi yuxuda gördüm. Onun hüzurunda olduğumu hiss edib soruşdum: «İlahi, Hüseyn ibn Mənsur neyləmişdi?» O, mənə dedi: «Mən həqiqəti ona əyan etdim, o isə öz bildiyi kimi insanları Allaha səslədi, onda Mən də gördüyün cəzanı ona verdim».
* * *
Vasitdə22 Əli ibn Mərzaniqdən eşitdim ki, Əbu Abdullah ibn Bazyar deyirmiş: Hüseyn ibn Mənsuru ona görə «Həllac» adlandırıblar ki, Vasitə gələn kimi bir pambıqtəmizləyənin yanına gedib həmin işlə məşğul olmaq istədiyini bildirmiş və ona söyləmişdi: «Sən get mənim işimi yerinə yetir, mən sənin işinə yardımçı olacağam». O kişi çıxıb getmişdi. Qayıdanda görmüşdü ki, dükanında olan bütün pambıqlar çırpılıb. O gündən sonra ona «Həllac» deməyə başladılar.
* * *
Əbu Yaqub Əqtə Əbu Zərə Təbəriyə demişdi: «Mən qızımı Hüseyn ibn Mənsura vermişdim, çünki onu yaxşı adam bilirdim və onun çalışmaları barədə müsbət fikirdə idim. Lakin tezliklə mənə aydın oldu ki, o, cadugər, yalançı, bədniyyət və kafir imiş».
* * *
Hibətullah ibn Əhməd Şirazi deyir ki, Qənnad danışırmış: «Hüseyn ibn Mənsuru Bağdadda yasa və qəmə batmış halda gördüm. Soruşdum ki, necəsən? Cavabında Səmnun Mühibbin bu şerini mənə oxudu:

Bu gecə məni yoxsulluq libasında görsən də,
Bil ki, azadlığın son həddinə yaxınlaşmışam.
Məni bu halda görüb kədərlənmə,
Çünki bu, əvvəlkilərdən fərqli bir haldır.
Mənim elə bir ruhum var ki, gərək əzab çəkib ölsün,
Ya da ki - sənə açığını deyirəm –
Məni özü ilə pillə-pillə qaldırıb
Ən yüksək qismətə çatdırsın».
* * *
Əbül-Fəvaris Cuzqani Qərmisini deyir ki, İbrahim ibn Şeybandan bu sözləri eşitmişdim: «Kim iddialılığın nəticələrini görmək istəyirsə, Həllaca və onun taleyinə baxsın».
* * *
Əbu Abdullah Hüseyn ibn Məhəmməd deyir ki, Əbu Yaqub Nəhricuri danışırmış: «Hüseyn ibn Mənsur Məkkəyə gəldiyi zaman düz bir il məscid meydanında qaldı. Təharət və təvaf nəzərə alınmazsa, yerindən tərpənmədi – nə günəşə fikir verdi, nə də yağışa. Hər gün axşam namazında ona bir kuzə içməli su və bir dənə Məkkədə bişirilən şirin çörək gətirirdilər. O, çörəyi götürüb dörd loxma ondan yeyər, iki qurtum da su içərdi – birini çörəyi yeməzdən əvvəl, birini də ondan sonra. Qalan çörəyi kuzənin üstünə qoyurdu və ertəsi gün yenə həmin şeyi onun üçün gətirirdilər.
* * *
İsa ibn Bəzul Qəzvini deyirdi ki, Əbu Abdullah Xəfifdən soruşdum: «Hüseyn ibn Mənsurun məzhəbinin düzgünlüyü barədə nə fikirdəsən?» Dedi: «Düşünürəm ki, o, adi bir müsəlmandır». Söylədim: «Axı sufi şeyxləri və əksər müsəlman¬lar onu kafir elan etmişlər!» Dedi: «Kaş onu kafir adlandıranlar zindanda mənim ondan gördüklərimi görəydilər. Əgər bunlar tövhid deyilsə, onda bu dünyada ümumiyyətlə, tövhid mövcud deyil».
* * *
İbn Xəfif Əbül-Həsən ibn Əbi Tövbə tərəfindən Hüseyn ibn Mənsur barəsində sorğu-suala tutulan zaman demişdi: Eşit¬diyimə görə, Əbu Yaqub Nəhricuri belə danışırmış: «Hüseyn ibn Mənsur dörd yüz nəfərlə Məkkəyə gəldi. Sufi şeyxlərinin hərəsi onlardan birini öz mənzilində yerləşdirdi. Mən birinci səfərində ona məhrəm olmuşdum və bundan istifadə edib sufi şeyxlərini məcbur elədim ki, camaatı ondan uzaqlaşdırsınlar. Axşam düşən kimi onun yanına gedib dedim: «Şam yeməyinə mənim yanıma gəl». Həllac cavab verdi: «Biz şamı Əbu Qübeys23 dağında yeyəcəyik». Yeməyimizi götürüb Əbu Qübeys dağına getdik. Orada şam elədik. Yemək qurtarandan sonra Həllac soruşdu: «Şirni yemək istəyirsiniz?» Mən dedim: «Biz bir az bundan əvvəl xurma yemişik». O, söylədi: «Odda bişirilmiş bir şey istəyirəm».
Bunu deyib ayağa qalxdı və heybəsini götürüb bizdən bir qədər uzaqlaşdı. Az sonra bir cam və şirni ilə geri döndü, onları bizim qarşımıza qoyub bizə təklif edərək dedi: «Bismillah!» Biz hamımız yeməyə başladıq.
Mən öz-özümə düşündüm: «Bu şirniyat, şübhəsiz, Həllacın cadugərliyinin məhsuludur ki, Əmru ibn Osman onun barəsində danışırdı». Buna görə də ondan bir tikə götürüb vadidən endim və şirniyatçıların yanına getdim. Həmən şirinçörək tikəsini onlara göstərib soruşdum: «Məkkədə bu cür şirni bişirən kəsi tanıyır¬sınızmı?» Lakin heç kəs belə bir şəxsi tanımadı. Nəhayət, onu bir aşpazın qızına göstərdim. Qız onu tanıyıb söylədi: «Bu cür şirniləri yalnız Zübeyddə24 bişirirlər».
Mən dostlarımdan biri ilə tanışlığı olan zübeydli zəvvar¬lardan birinin yanına gedib şirnini ona göstərdim. O, şirnini tanıyıb mənə söylədi: «Bu şirni bizim diyarda bişirilir, lakin sizin dediyiniz şəkildə onun bura gətirilməsi mümkünsüz bir işdir. Mən onun bura necə gətirildiyini anlamıram».
Mən həmən camı da onun yanına gətirtdim və ondan xahiş etdim ki, Zübeyd şirniyatçılarından hansınınsa belə bir cam itirib-itirmədiyini öyrənsin. O, vətəninə qayıtdıqdan sonra aydınlaş¬dırdı ki, həmən cam Zübeyddəki şirniyat dükanlarının birindən götürülüb. Bu səbəbdən mən yəqin etdim ki, cinlər Həllacın xidmətindədirlər.
* * *
Əbu Abdullah Xəfif Əbu Əhməd Səğirə danışırmış: «Məkkədən qayıdan zaman Bağdadda Həllacla görüşmək istədim. Bundan bir qədər əvvəl adamların Həllacla görüşməsini qadağan etmişdilər. Mən tanıdığım bir şəxsin yanına gedib təkidlə kömək göstərməsini xahiş etdim. O da zindanbana25 tapşırdı ki, məni zindana buraxsın. Zindanban zindanın qapısını bir dəstə yüksək rütbəli süvarinin üzünə açdığı zaman məni də gizlicə içəri buraxdı. Sonra mənə bələdçilik edib zindanın divarında təzəcə açılmış qapını nişan verdi və dedi: «Oradan içəri keç!» Mən içəri daxil olub hər cür rahatlığı olan bir ev gördüm. Bu ev Həllacın şagirdlərindən olan varlı bir şəxsin vəsaiti hesabına tikilmişdi. O şəxsin adı Nəsr Qüşuri idi. Evin otaqlarından biri qızılı iplərdən toxunmuş elə bir xalça ilə döşənmişdi ki, mən ondan gözəlini o vaxtadək görməmişdim. Xalçanın üzərinə təzə ağ parçadan süfrə sərilmişdi.
Otaqda cavan bir oğlan və yaxşı geyinmiş bir kişi – yəqin ki, Həllacın xidmətçisi idi – oturmuşdu. Məni görən kimi ayağa qalxıb dedilər: «Çoxdan idi ki, zindanbandan başqa kimsə bizim yanımıza gəlmirdi». Mən soruşdum: «Şeyx hardadır?» Həllacın oğlu Həmd cavab verdi: «İşi var». Üzümü o kişiyə tutdum: «Nə vaxdan onun xidmətçisisən?» İbrahim ibn Fatik dedi: «On səkkiz aydır». Soruşdum: «Şeyx bu evdə nə ilə məşğuldur?» Söylədi: «Bu qapını görürsən? Bu qapı avaralar, oğrular və quldurlarlda dolu zindana açılır. Şeyx onlarla görüşür, Allahı onların yadına salır və onlar onun təsiri ilə tövbə edirlər». Dedim: «Şeyx nə yeyir?» Söylədi: «Hər gün ona cürbəcür yeməklər gətirirlər, amma o, yeməklərə baxır, sonra barmağını onlara toxundurub dodaqaltı nə isə oxuyur və heç bir şey yemədən hamısını geri qaytarır».
Biz bu söhbətdə ikən Hüseyn ibn Mənsur gəldi və bizə yaxınlaşdı. Xoşsifət bir adam idi, təmiz paltar və ağ yundan qəba geyinmişdi, ayağında Yəmən çəkməsi vardı. Kürsünün qırağında oturub məni salamladı və soruşdu: «Hardansan?» Dedim: «Farsdan». «Hansı şəhərdən?» Dedim: «Şirazdan». Şirazdakı tanınmış şəxslər barədə suallar verdi, mən də cavab verdim. Sonra dedi: «Bəs bura hardan gəlmisən?» Söylədim: «Mək¬kədən». Məkkənin böyükləri haqqında da sorğu-sual etdi, mən cavab verdim. Daha sonra dedi: «Bağdad şeyxləri ilə görüş¬müsənmi?» Söylədim: «Bəli». Əbül-Abbas ibn Ətanı soruşdu. Dedim: «O, tamamilə sağ-salamatdır». Söylədi: «Əgər onu görsən, de ki, bu əlyazmaları etibarlı bir yerdə saxlasın». Sonra soruşdu: «Mənim yanıma necə gələ bildin?» Dedim: «Şirazdan yaxşı tanıdığım bir əskərin vasitəsilə».
Biz bu söhbətdə idik ki, zindanban içəri girdi. Bütün bədəni titrəyə-titrəyə Həllacın qarşısında yeri öpdü. Həllac soruşdu: «Sənə nə olub?» Zindanban dedi: «Məndən xəlifəyə şikayət ediblər. Deyiblər ki, guya mən rüşvət alıb bir əmiri zindandan azad etmişəm və adi bir adamı onun yerinə oturtmuşam. Bu böhtana görə ölüm təhlükəsi qarşısındayam». Həllac dedi: «Get, sənin başına heç bir pis hadisə gəlməyəcək. Allah səni hifz edəcək».
Zindanban çıxıb getdi. Hüseyn ibn Mənsur yerindən qalxıb evin ortasına yaxınlaşdı, yerə oturub əllərini yuxarı qaldırdı, adsız barmağını göyə tutmuş halda dedi: «Xudaya!» Sonra başını aşağı əydi, belə ki, yanaqları yerə dəydi. O qədər ağladı ki, yer göz yaşlarından islandı. Bir müddət yerə uzanmış halda qaldı, elə bil huşunu itirmişdi. Bu zaman zindanban gəlib çıxdı və bir tərəfdə əyləşdi. Həllac soruşdu: «Nə oldu?» Zindanban dedi: «Məni bağışladılar». Həllac yerdən durub öz yerində oturdu və söylədi: «Xəlifə nə dedi?» Zindanban dilləndi: «Xəlifə dedi ki, səni başını bədənindən ayırmaq üçün hüzuruma çağırmışdım, lakin səni bağışlayıram;amma bir də belə iş tutma!Mən dedim ki, mənə böhtan atıblar. Bundan sonra xəlifə əmr etdi ki, mənə bahalı paltar, qiymətli hədiyyə və gümüş pulla ənam versinlər».
Həmin anda Hüseyn ibn Mənsur kürsünün üstündə oturmuşdu, kürsünün qurtaracağında isə kiçik bir dəsmal vardı. Kürsünün uzunluğu azı on beş arşın olardı. O, əlini dəsmala doğru uzadıb onu götürdü. Amma mən bilmədim ki, onun əli uzandı, yoxsa dəsmal özü ona tərəf hərəkət etdi. Həmin halı müşahidə edəndə anladım ki, Həllaca cürbəcür böhtanlar atılmasına səbəb olan şey bu imiş. O, dəsmalla üzünü quruladı. Mən mürəxxəs olmaq üçün icazə aldım. Gedib Əbül-Abbas ibn Ətanı tapdım və gördüklərimi ona danışdım. Sonra Həllacın sifarişini ona çatdırıb dedim: «Tapşırdı ki, bu əlyazmaları etibarlı bir yerdə gizlədəsən». İbn Əta söylədi: «Əgər onu bir də görsən, de ki, bəli, onun çatdığı məqama mən də çatım deyə, bu əlyazmaları etibarlı bir yerdə saxlayacağam».
* * *
Əbül-Həsən ibn Əbu Tövbə Əhməd İsfahanidən eşitmişdi ki, Hüseyn ibn Mənsur İsfahana gələndə Əli ibn Səhlin hüzurunda minbərə qalxmış və Əli ibn Səhlə müraciətlə demişdi: «Ey möhtəkir, mən sağ ola-ola sənə yaraşarmı ki, hikmətdən söz açasan?!Səhv ilə istilam26 arasında yeddi yüz pillə məsafə var, sənin isə heç birincisindən xəbərin yoxdur». Əli ibn Səhl ona fars dilində kəskin bir cavab verib dedi: «Özünü həqiqi müsəlman sayan heç bir şəhərdə gərək sənin kimisinə yer olmasın!» O da şəhərdən çıxıb getdi.
* * *
Əbül-Həsən ibn Əbu Tövbə deyir ki, Əli ibn Əhməd Hasib mənə bunları danışıb: «Atam deyirdi ki, Mötəzid27 məni məxfi məlumatlar toplamaq üçün Hindistana göndərmişdi. Gəmidə Hüseyn ibn Mənsur adlı bir nəfərlə yoldaş oldum. Ünsiyyətcil və mehriban bir tacir idi. Sahilə çatıb gəmini tərk etdik. Hamballar yüklərimizi gəmidən boşaldanda ondan soruşdum: «Bura niyə gəlmisən?» Dedi: «Sehr öyrənmək üçün;istəyirəm onun köməyilə insanları Allaha səsləyim».
Sahildə bir ev vardı və orada qoca bir kişi yaşayırdı. Hüseyn ondan soruşdu: «Sizlərdən kimsə sehrbazlıq bilirmi?» Qoca bir yumaq çıxarıb ipin ucunu Hüseynə verdi, yumağı isə göyə tulladı. Yumaq dönüb gəmi oldu, kişi də gəmiyə mindi. Sonra gəmidən düşüb Hüseynə yaxınlaşdı və soruşdu: «Bunu deyirsən?!» Hüseyn cavab verdi: «Bəli!» Qoca kişi dedi: «Bu, bizim ustadların bildiklərindən kiçicik bir nümunədir». Bundan sonra Hüseyn məndən ayrıldı və mən daha onu görmədim.»
* * *
Əbül-Fəvaris Cuzqani deyir ki, mən bunu İbrahim ibn Şeybandan eşitmişəm: «Bir gün ustadım Əbu Abdullah Məğribi çətin bir məsələni soruşmaq üçün Əmru Məkkinin yanına getmişdi. Məkki ona cavab verdikdən sonra dedi: «Burada, Əbu Qübeys dağında bir cavan var». Biz Məkkinin yanından çıxıb o cavanı görmək üçün dağa qalxdıq. Günortaya az qalırdı, günün ən isti vaxtı idi. O, Əbu Qübeys qayasının üstündə günəşin altında oturmuşdu, tər bədənindən axıb qayanın üstünə tökülürdü. Məğribi ona baxanda, üzünü yana çevirdi və əli ilə mənə işarə elədi ki, get işinin dalınca. Biz ondan aralanıb dağdan endik. Məscidə daxil olanda Əbu Abdullah mənə dedi: «Əgər sağ qalsan, görəcəksən ki, bu cavanın başına nələr gəlir. Allah onu elə bir dərdə giriftar edəcək ki, dözə bilməyəcək. Çünki o, orada oturub dəli kimi dözümlülükdə Allahla rəqabətə girmək istəyir». Biz onun kimliyini öyrənməyə çalışdıq və bildik ki, o, Həllacdır».
* * *
Əli ibn Hüseyn Farsi deyir ki, Əbubəkr ibn Sədan mənə bunu danışıb: «Bir dəfə Hüseyn ibn Mənsur mənə dedi: «Əgər mənə iman gətirsən, sənin üçün elə bir quş düzəldəcəyəm ki, onun nəcisindən tum qədərincə bir batman qurğuşunun üstünə töksən, dərhal qızıla çevriləcək». Mən isə ona dedim: «Əgər sən mənə iman gətirsən, sənə elə bir fil düzəldəcəyəm ki, yatanda belə ayaqları göyə çatacaq;əgər onu gizlətmək istəsən, mən onu sənin gözlərinin birində gizlədəcəyəm». O, mənim bu sözümə mat-məəttəl qalıb susdu».
* * *
Əli ibn Hüseyn söyləyir ki, Əbubəkr ibn Sədan deyirdi: «Hüseyn ibn Mənsur hoqqabaz və sehrbazdır».
* * *
İsa ibn Bəzul Qəzvini deyir ki, Əbu Abdullah ibn Xəfifdən Həllacın bu beytlərinin mənasını soruşdum:

Həmd olsun o Allaha ki, insanları
Öz ilahi aləminin nuru ilə yaratdı.
Sonra yeyən və içən bir kəsin simasında
Özünü xəlq etdiklərinə pərdəsiz göstərdi.
Beləcə Onun yaratdıqları Onu üzbəsurət görə bildi,
Necə ki, gözün ucu bir qaşdan o biri qaşa uzanır.

Bunu eşidən Şeyx söylədi: «Bunu deyənə Allahın lənəti olsun!» Mən dedim: «Bunun müəllifi Hüseyn ibn Mənsurdur». Şeyx söylədi: «Əgər onun əqidəsi belədirsə, onda o, kafirdir. Ola bilər ki, bu beytlər ona məxsus deyil, çünki onun adına çoxlu sözlər çıxırlar».
* * *
Əbu Abdullah ibn Müflih Tahir ibn Əhməd Tustərinin dilindən belə nəql edir: «Həllacın işinə mat qalmışdım ki, yolundan əl çəkmir, hiylələrə əl atır, sehr və cadu öyrənir. Bir gün onun yanına getdim, salam verib bir qədər oturdum. Mənə dedi: «Ey Tahir, and olsun o Kəsə ki, səni görür və bütün insanların işlərini bilir! Elə düşünmə ki, mənim gördüyüm bu işlər gözbağlıcadır, yox, bütün bu işlər mənə aşkar və aydındır».


İZAHLAR:

1. Baba Kuhi Bakuvi (934 – 1050) ərəb mənbələrində «İbn Bakuyə» və ya «İbn Baku» kimi, farsdilli qaynaqlarda isə «Bakuvi» və daha çox «Şirazi» kimi təqdim olunur. «Şirazi» nisbəsi kifayət qədər anlaşılandır, yəni müəllifin uzun müddət Şirazda yaşaması və orada vəfat edib dəfn olunması ilə əlaqədardır. Bəllidir ki, Baba Kuhi ömrünün böyük bir hissəsini sufizmin mühüm mərkəzlərindən sayılan Nişaburda keçirmiş, orada xanəgah başçısı kimi fəaliyyət göstərmiş, Əbu Əbdür¬rəhman Süləmi, Əbülqasim Qüşeyri, Əbu Səid Əbülxeyr və Xacə Abdullah Ənsari kimi ünlü sufi şeyxləri ilə təmaslarda bulun¬muşdur. Onun «Nişabur sufisi» kimi təqdim olunması da bununla bağlıdır. Yeri gəlmişkən deyək ki, Baba Kuhinin bu əsərini düz 90 il əvvəl – 1914-cü ildə Həllacın həyatına aid daha üç mənbə ilə birlikdə ilk dəfə nəşr etdirən məşhur Fransa şərqşünası Lui Massinyon onun əslən «Şirvandakı Bakıdan» olduğunu qeyd etmişdir.
2. Tustər – indiki Şuştər. İranın cənub-qərbində yerləşən şəhər.
3. Hüseyn ibn Mənsur – Həllacın (858 – 922) əsil adı. Göründüyü kimi, «Mənsur» onun atasının adı olsa da, özü də bu adla – Mənsur Həllac kimi tanınmışdır.
4. Beyza – İranın cənubunda, Şiraz yaxınlığında yerləşən yaşayış məntəqəsi.
5. Səhl ibn Abdullah Tustəri (818 – 896) – erkən sufizmin məşhur nümayəndəsi. Quranın alleqorik təfsirinin ilk nümunələrindən birini yaratmaqla təsəvvüf nəzəriyyəsinin inkişafına ciddi təsir göstərmişdir.
6. Xirqə – sufilərə məxsus üst geyimi. Adətən müxtəlif parça kəsiklərindən tikilir, yamaqlı olur və beləliklə, dünya nemətlərindən imtinanın rəmzi sayılırdı.
7. Cüneyd ibn Məhəmməd Bağdadi (vəf. 910-cu il) – məşhur sufi şeyxi, təsəvvüfdə iki mühüm cərəyandan birinin – «ayıqlıq» («səhv») təliminin yaradıcısı.
8. Xuzistan – İranın cənub-qərbində, İraqla həmsərhəd ərazidə yerləşən vilayət.
9. Sicistan – indiki Sistan. İranın cənub-şərqində, Əfqanıstanla həmsərhəd bölgədə yerləşən vilayət.
10. Əhvaz – Xuzistan vilayətinin mərkəzi.
11. «Həllac əl-əsrar» – «həllac» sözünün mənası «pambıq təmizləyən», yaxud «mahlıc hazırlayan» deməkdir. Bu peşənin sahibi xüsusi alətlə pambığı çırparaq, onu çiyiddən ayırırdı. Hüseyn ibn Mənsura «Həllac» adının verilməsinin məhz bu peşə ilə bağlı tarixçəsi mətndə bir qədər sonra nəql olunur. Bəzi mənbələrdə Həllacın atasının bu peşənin sahibi olduğu və ləqəbin də buradan qaynaqlandığı göstərilir. Konkret bu halda isə aydındır ki, «həllac» sözü məcazi mənada işlənmişdir: «sirlərin həllacı», yəni «siləri açan», «sirləri seçib aşkara çıxaran».
12. Maçin – hərfi mənası «böyük Çin» deməkdir, yəni «əsil Çin». Orta əsrlər ədəbiyyatında çox zaman «Çin»lə birlikdə – «Çinü Maçin» şəklində işlənirdi, çünki o vaxtlar «Çin» indiki Çinə deyil, şimali Çinə, yaxud Şərqi Türküstana deyilirdi.
13. «Əbül-Müğis» və «Əbül-Müin» hərfən «imdada yetənin, kömək edənin atası» deməkdir.
14. «Məczub» sözünün hərfi mənası «cəzb olunmuş» (yəni Allah tərəfindən), «Heyran» isə «heyrətə düşmüş» (yəni düşünmək və təhlil etmək qabiliyyətini əldən vermiş) deməkdir.
15. Əli ibn İsa xəlifə Müqtədirin (908 – 932) vəziri, Nəsr Qüşuri isə saray əyanlarından biri idi.
16. Şibli (861 – 946) – məşhur Bağdad sufilərindəndir və təsəvvüf tarixində mühüm yerlərdən birini tutur. Mənbələrin yazdığına görə, əvvəlcə Həllacın qızğın tərəfdarı olmuş, sonra isə ondan üz döndərib onu «sirləri gizli saxlamamaqda» ittiham etmişdir.
17. Əbül-Abbas ibn Əta (vəf. 922-ci il) – Həllacın müasiri və dostu olmuş məşhur sufilərdən biri. «Həllacın əqidəsi – mənim əqidəmdir» deyib onu axıra qədər müdafiə etdiyinə görə öldürülmüşdür.
Əbu Abdullah ibn Xəfif (882 –982) – təsəvvüf tarxində müstəsna şəxsiyyətlərdən biri olub «Şeyxi-Kəbir» («Böyük Şeyx») adı ilə məşhurdur. Maraqlıdır ki, Həllacın görüşünə getmiş bu şəxs sonralar Şirazda Baba Kuhinin müəllimi olmuşdur. Baba Kuhi kimi onun da qəbri Şirazdadır və ziyarətgah sayılır.
18. «Ol!» - Quranın «Bəqərə» surəsinin 117-ci ayəsinə işarədir: «Allah bir şeyin yaranmasını istəyəndə ona yalnız «Ol!» deyər və o da olar».
19. Qurani-kərim, «Hicr» surəsi, 70-ci ayə.
20. Yəni Məşuqla (Allahla) vəhdətdə olan aşiqin varlığına son qoyub yalnız Məşuqun qalmasına nail olmaqdır.
21. Qurani-kərim, «Şura» surəsi, 18-ci ayə.
22. Vasit - İraqda Bəsrə ilə Kufə arasında yerləşən şəhər.
23. Əbu Qübeys – Məkkə şəhərində Kəbənin və Məscidül-Həramın kənarında yerləşən bir dağdır.
24. Zübeyd – Yəməndə Ədən – Məkkə yolunun üstündə yerləşən bir şəhər.
25. Zindanban – zindan (həbsxana) rəisi.
26. «Səhv» («ayıqlıq») – sufinin çaşqınlıq halını yaşadıqdan sonra özünə gələrək ayılması.
«İstilam» («kökündən qoparmaq») – sufinin qəlbində Haqqın təcəlla edərək onu özündən alması.
27. Mötəzid – Abbasi xəlifələrindən biri. 892 – 902-ci illərdə hakimiyyətdə olmuşdur.

Fars dilindən tərcümə və izahlar Məsiağa Məhəmmədinindir



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər