ƏBÜL-KƏLAM AZAD:

ŞƏRQDƏ VƏ QƏRBDƏ İNSAN KONSEPSİYASI VƏ
TƏHSİL MƏSƏLƏSİ


Əbül-Kəlam Azad (1888-1958) – Hindistanda milli azadlıq hərəkatının liderlərindən biri, Cəvahirləl Nehrunun yaxın dostu və silahdaşı, eyni zamanda görkəmli mütəfəkkir və filosof olmuşdur. Təqdim olunan yazı onun 1951-ci ildə YUNESKO-nun təşkilatçılığı ilə Dehlidə keçirilən beynəlxalq simpoziumda etdiyi çıxışın mətnidir.


İbtidai icma cəmiyyətindəki ilk addımlardan başlayaraq, son altı min ildə bəşəriyyət böyük bir yol keçmişdir. Tarix bu yolda insanın çoxlu gözlənilməz maneələri dəf etməsinin, canlı və cansız təbiətlə mübarizəsinin şahidi olmuşdur. Bütün bu müddət ərzində məruz qaldığı fəlakətlərə baxmayaraq, insan təbiətin böyük sirlərinə ümumən uğurla və ardıcıl şəkildə yiyələnmişdir. Təbiətin gizli çöhrəsindən bir-birinin ardınca pərdələr götürülür və onun dərk olunmamış bütün sirləri insan inadkarlığı qarşısında geri çəkilir. Bəli, təbiətin sirlərinin açılması sahəsində insanın zəfər yürüşü dönməz və qarşısıalınmazdır, lakin onun özünü dərk etmək sahəsində böyük uğurlar qazandığını biz enyi yəqinliklə söyləyə bilərikmi? Deyə bilərikmi ki, həqiqəti axtarmağa başlamasından altı min il keçdikdən sonra insan özünü olduğu kimi tanıyır? Məncə, razılaşarsınız ki, bu sahədə biz kədərli bir vəziyyətin möcudluğunu qeyd etməyə məcburuq. İnsanın düzəltdiyi güzgü şəxsiyyətin daxili aləmindən savayı, dünyanın bütün cəhətlərini əks etdirməyə qadirdir. Etiraf etməliyik ki, insan hələlik öz təbiəti barədə aydın bir təsəvvür əldə edə bilməmişdir. Onun üçün kainatın sirlərini kəşf etmək öz «mən»inin sirlərini açmaqdan asandır. Təqribən üç min ildir ki, filosoflar dönə-dönə bu suala qayıdırlar: insan nədir, o haradan gəlir və hara gedir? Və həmin bu sualların cavabı ümumən verilməyib. Tamamilə aydındır ki, insan öz «mən»inin xarakterini və sonsuz kainatda yerini müəyyənləşdirmədən fərdi, ictimai, milli və beynəlxalq məsələlərin qənaətbəxş həllinə nail ola bilməz.

İnsan bütün dünyada vahid məntiq və təfəkkür metodlarından istifadə etmişdir. İnsan ağlının xüsusiyyətləri ümumi və eynidir. İnsan hissləri də əsasən oxşardır. Hər yerdə oxşar şəraitdə insan özünü təxminən eyni cür aparır. Odur ki, Yer kürəsinin hansı hissəsində yaşamağından asılı olmayaraq, insanın özünə və dünyaya baxışı çox vaxt uyğun olur. Eynilə onun varlığın açılmamış sirlərinə münasibəti də üst-üstə düşür. Olimpə heyranlıq və pərəstişlə baxan yunanlar, Himalay ətəklərində gözlərini əbədi qarla örtülmüş dağ zirvələrinə dikərək meditasiya edən hindlilərlə eyni hissləri keçirmişlər.
Bununla belə, insan şüuru müxtəlif regionlarda bir sıra ümumi problemlərə müxtəlif cür yanaşmağa istiqamətlənmişdir. Hətta yanaşmanın özündə fərqlər olmadıqda da, ümumi problem və ümumi çözümlərin müxtəlif aspektlərini vurğulamaq meyli açıq-aşkar özünü göstərmişdir. Bir-birinin tam təkrarı olan iki situasiya yoxdur. Odur ki, dünyanın müxtəlif hissələrində insanlar labüd şəkildə, eyni problemlərin müxtəlif tərəflərinə diqqət yetirmişlər. Məhz bu vurğulama fərqlərindən çıxış edərək, biz milli və regional şüurun müəyyən özünəməxsusluğundan söhbət açırıq.
Şərqlə Qərbi bir-birindən fərqləndirən xüsusiyyətləri mən elə həmin nöqteyi-nəzərdən ümumiləşdirməyə çalışacağam. Məncə, razılaşarsınız ki, hətta çözümlər forma baxımından uyğün gəldikdə belə, çalarlardakı fərqlər əhəmiyyətlidir. Bu şərait bizə bəzi çözümlərin Şərqə, bəzilərinin isə Qərbə məxsus olduğunu söyləməyə əsas verir.
Dediyim kimi, Şərq və Qərb filosoflarının baxışlarında ümumi cəhətlər çoxdur, lakin bütün yazılı tarix boyunca, məsələn, Hindistan, Yunanıstan və Çində mövcud olmuş dünyagörüşlərinin müxtəlif aspektlərindəki fərqlər dərhal nəzərə çarpır. Hind fəlsəfəsi daha çox insanın daxili aləminə diqqət yetirmişdir. İnsanın daxili təbiətini anlamağa səy göstərən filosoflar hissi, mental və hətta məntiqi təcrübənin hüdudlarını aşaraq, insanın dərində gizlənmiş həqiqətlə eyniyyətini təsdiq etməyə çalışmışlar. Yunan filosoflarını başlıca olaraq xarici aləmin təbiəti maralandırırdı. Onlar insanın ətraf gerçəklikdəki yerini müəyyənləşdirməyə çalışırdılar. Çində isə filosofları həm insanın daxili təbiəti, həm də onu əhatə edən aləm az maraqlandırırdı. Onların diqqəti insan münasibətlərinin öyrənilməsinə yönəlmişdi. Bu rakurs fərqləri həmin regionların hər birində fəlsəfənin sonrakı inkişafına mühüm təsir göstərmişdir. Nəticədə onların insan konsepsiyasında heyrətamiz müxtəliflik müşahidə olunur.
Yunanları insanın ətraf dünya ilə münasibətləri maraqlandırırdı. Ona görə lap qədimdən yunan fəlsəfəsi «insan nə edir?» məsələsinə «insan nədir?» sualından müqayisəolunmaz dərəcədə artıq diqqət yetirmişdir. Doğrudur, bəzi erkən yunan mütəfəkkirləri insanı ilk növbədə mənəvi varlıq saymışlar və bu fikir, görünür, Platona qədər üstünlük təşkil etmişdir. Lakin Aristotel fəlsəfəsinin meydana çıxması ilə fəlsəfi fikrin istiqaməti dəyişmiş və insanın özündən onun aləmdəki fəaliyyətinə keçmişdir. İnsanı ağıllı heyvan (canlı) kimi səciyyələndirən Aristotelin təsiri ilə fəlsəfə pozitivist mahiyyət kəsb etmişdir. Zaman keçdikcə, bu pozitivist, empirik və elmi istiqamət Qərb şüurunda üstün mövqe qazanmışdır. Həmin baxışa görə, ağıl insanı başqa heyvanlardan (canlılardan) fəqrləndirir və onun sayəsində insan öz əcdadından çox uzaqlaşmışdır. Bununla belə, öz əsası və mahiyyəti baxımından, o, irəliyə doğru inkişaf edən heyvan (canlı) olaraq qalır. Həmin fikri, yəqin ki, ingilis filosofu Rayl hamıdan yaxşı ifadə etmişdir. Bu filosof insanın heyvandan törədiyini qəbul edərək, göstərir: indi insan öz inkişafında elə bir mərhələyə çatıb ki, aşağıya yox, yuxarıya baxmalıdır. İnsan – şaquli vəziyyətdə dayanan yeganə heyvandır (canlıdır) və o, yalnız baxışlarını yuxarı yönəldəcəyi təqdirdə, həmin vəziyyəti qoruyub saxlaya bilər.
Avropa fəlsəfi fikrinin inkişafına xristianlığın və Platonun öz qüvvəsini hifz etmiş ideyalarının güclü təsir göstərməsi şübhə doğurmur. Belə ki, biz orta əsr sxolastlarının filosofdan çox, teoloqu xatırlatmasını müşahidə edirik. Hətta bizim günlərdə də Avropa fəlsəfəsində dini-idealist meyl güclüdür. Doğrudur, Yeni dövrdən başlayaraq, bu meyl tədricən öz mövqelərini elmi ideyalara söykənən fəlsəfi dünyagörüşə verir. Elmin zəfər yürüşü, XVII əsrdən başlamış və bununla da insanın təbiət üzərində hökmranlığı artmışdır. Elmin müvəffəqiyyətləri Qərbin gözlərini qamaşdırmış və onu elmin hər şeyə qadir olması qənaətinə gətirmişdir. Qərb elmi konsepsiya və metodları insan təcrübəsinin bütün sahələrində tətbiq etməyə çalışmış, insanı isə obyektlər içərisində mövcud olan obyekt kimi nəzərdən keçirməyə başlamışdır. Zaman ötdükcə, materialist və elmi istiqamət Qərbdə geniş yayılan dünyagörüşünə çevrilmişdir. Onun çiçəklənməsi XIX-XX əsrlərə aiddir – bu dövrdə Darvin insanın heyvandan əmələ gəldiyini sübut etməyə çalışırdı, Marks isə insan şüurunun onun varlığı ilə müəyyən olunduğunu irəli sürürdü.
İnsanın irəliyə doğru inkişaf edən heyvan (canlı) olması barədə baxışın əksinə olaraq, Şərqdə tamamilə başqa bir insan konsepsiyası ilə qarşılaşırıq. Hələ ən qədim dövrlərdə Şərq mütəfəkkirləri insana xas olan mənəvi (ruhani) başlanğıcı qeyd edirdilər. İnsanın daxili mahiyyətinin müşahidəsi Hindistanda vedanta fəlsəfəsinin, müsəlman ölkələrində isə sufizmin meydana gəlməsini şərtləndirmişdir. İnsan haqqında mənəvi konsepsiya bütün Şərq ölkələrində fəlsəfi fikrə ciddi təsir göstərmiş, Qərbdə də diqqətdən kənarda qalmamışdır. Bu konsepsiyaya görə, insanın mahiyyətini yalnız onun cismani varlığını nəzərdən keçirməklə dərk etmək olmaz. İnsanın əsl təbiəti yalnız o zaman anlaşıla bilər ki, o, Tanrının təzahürünün (emanasiyasının) nəticəsi kimi öyrənilsin. Şərq fəlsəfəsində panteist istiqamət geniş inkişaf tapmışdır. Hind fəlsəfəsinin müxtəlif məktəblərində hər şey Tanrının mahiyyətinin təzahürü kimi qiymətləndirilir və bu zaman insana ilahi substansiyanın ən yüksək ifadəsi kimi xüsusi yer ayrılır.
Eyni şəkildə sufizmdə insan Allah adlanan sonsuz bir okeanın dalğası hesab edilir. İnsan Allah adlanan Günəşin bir zərrəsi, bir şüasıdır. Nə qədər ki, insanın gözləri biliksizliklə dumanlanıb, o özünü əbədi varlıqdan asılı olmayan bir vücud sayır. Lakin gözləri açıldıqda, bütün zahiri fərqlər itir və insan özünü əbədi varlığın bir anı kimi dərk edir.
Şərqdə yaranıb yayılmış insan konsepsiyası insanı, sadəcə olaraq, digər heyvanlardan yüksəkdə duran canlı kimi deyil, öz təbiəti baxımından onlardan fərqli varlıq kimi nəzərdən keçirir. İnsan özünə bərabər canlılar arasında birinci yerdə dayanmır, o, istənilən digər varlığın mahiyyətindən uca olan bir mahiyyət daşıyır. O, yalnız irəliyə doğru inkişaf edən canlı deyil, özündə İlahinin xüsusiyyətlərini kəşf etməyə qadir olan bir varlıqdır. Əslində onun təbiəti o qədər uca və kamildir ki, insan ağlının dərk edə biləcəyi şeylər içərisində bundan ucası yoxdur. Bu ideya ərəb dilində gözəl ifadə olunmuşdur: «Kim özünü dərk edibsə, Rəbbini də dərk edib». Bu prinsip inkişaf etdirildikdə, belə bir fikir doğurur ki, insan təcrid olunmuş fərd deyil, özündə bütün kainatı ehtiva edir. Sufi şairlərdən biri bu barədə belə yazıb: «Sənə elə gəlir ki, sən kiçik bir bədəndən ibarətsən. Sən bilmirsən ki, maddi aləmdən də böyük olan kainat sənə sığışıb».
Məncə, hamı razılaşar ki, insan haqqında bundan yüksək bir konsepsiya ola bilməz. Tanrı insan fikrinin son həddini səciyyələndirir. İnsanı Tanrı ilə eyniləşdirməklə, Şərq insan konsepsiyası onu Tanrı məqamına yuksəldir. Odur ki, insanın Tanrı ilə öz eyniyyətini bərpa etməkdən başqa son məqsədi ola bilməz. Beləcə o, bütün məxluqlardan yüksəkdə dayanır.
Bura qədər biz Şərqdə və Qərbdə fəlsəfənin nöqteyi-nəzərindən insan konsepsiyası haqqında danışırdıq. İndi görək, din bu barədə nə deyir. Əgər biz yəhudiliyə və xristianlığa müraciət etsək, Əhdi-ətiqdə belə bir aydın müddəaya rast gələrik ki, Tanrı insanı özünə bənzər və oxşar bir şəkildə yaratmışdır. Buradan belə çıxır ki, insan da Tanrının xüsusiyətlərinə malikdir. Xristianlığın mövqeyi açıq ifadə olunmuş mənəvi mistisizm ünsürü ilə səciyyələnir.
İslamda da biz eyni dünyagörüşünün izinə rast gəlirik. Əslində Quran insanın ucaldılmasında daha da uzağa gedərək, bəyan edir ki, insan yalnız Tanrının bənzəri və oxşarı kimi yaradılmayıb, həm də yer üzündə Onun xəlifəsidir. Adəmin yaradılışı barədə Allah buyurur: «Mən yer üzündə öz xəlifəmi yaratmaq istəyirəm».
Aristotelin əksər ərəb filosoflarına böyük təsiri hamıya məlumdur, lakin Aristoteli şərh edərkən də, onlar birmənalı şəkildə insanın yer üzündə Allahın canişini olması fikrinə əsaslanırlar. İbn Sina və İbn Rüşd bütün metafizika məsələlərində Aristotelin davamçısı kimi çıxış edirlər, lakin islamdan mənimsədikləri insanın mənəviliyi ideyası onları bu fikri etirafa valar edir: insan Tanrı xassələrinə malik olduğundan, onun istər bilik, istərsə iradənin təzahürü sahəsində yüksələ biləcəyi zirvələrə hədd yoxdur. Qəzzali, Razi və sair müsəlman sxolastları öz əsərlərində bu fikri inkişaf etdirmişlər.
Demək lazımdır ki, vedanta və sufizm insanı belə yüksəkliyə qaldırmaqla yanaşı, bir tərəfdən, insanın imkanlarına heç bir məhdudiyyət qoymur, digər tərəfdən isə, insan iradəsini sıxışdıran şəksiz fatalizm ünsürünü ehtiva edirlər. Bu paradoks onların insan və Tanrı münasibətləri barədə təlimi ilə izah olunmalıdır. Əgər insan ilahi təzahürün (emanasiyanın) nəticəsidirsə, onun bütün işləri mahiyyət etibarilə, İlahinin fəaliyyətidir və hər şey Tanrının iradəsi ilə baş verir. Bu mövqeyi insanın tale əlində yalnız oyuncaq olması fikrindən cəmi bir addım ayırır.
Beləliklə, vedanta və sufizmin təlimləri öz ilkin formasında insanın bir sıra yüksək mənəvi nailiyyətlərinə şərait yaratsalar da, maddi həyat sahəsində insanın tərəqqisi yolunda müəyyən dərəcədə əngələ çevrildilər. İnsanla Tanrının eyniyyəti ideyasının yayılması cəmiyyəti insan iztirablarına biganələşdirdi, çünki iztirab xəyali, qeyri-real bir şey sayılırdı. Biz görürük ki, Şərq cəmiyyəti çox vaxt sosial bəlaların kökünü kəsmək qayğısına qalmamışdır. Belə bir hadisəyə biz Qərb insan konsepesiyasında da rast gəlirik. Materializm fəlsəfəsi, belə görünür ki, hər şeydən öncə, həyata determinist baxışı bərqərar etməli idi. Belə ki, səbəbiyyət qanunu bütün maddi aləmə hakimdirsə, həmin qanun insan fəaliyyəti sahəsinə də aid olunmalıdır. Bu meyl bihevioristlərin psixoloji təlimlərində özünü daha parlaq şəkildə büruzə verir. Lakin Qərb şüuru belə determinist konsepsiya qarşısında duruş gətirmiş, nadir və əlçatmaz bir mənəvi enerji nümayiş etdirmişdir.
Bu gün qarşıda duran başlıca vəzifə – Şərqdə və Qərbdə fəlsəfi və dini dünyagörüşə mühüm təsir göstərmiş bu iki konsepesiyanı birləşdirmək imkanlarını axtarmaqdan ibarətdir. Qərbin tərəqqi nəzəriyyəsi ilə birləşdirilən insanın missiyası haqqında Şərq konsepsiyası bəşəriyyət qarşısında elmdən sui-istifadədən çəkinmədən irəliyə doğru fasiləsiz hərəkət imkanları aça bilərdi. Bu iki baxışın birləşdirilməsi, hər halda, insanla Tanrının eniyyəti barədə Şərq konsepsiyasında mövcud olan fatalizmdən yaxa qurtarmağa da kömək edər. İnsanın missiyasına dair Şərq konsepsiyası nəinki Qərb elminin tərəqqisi ilə bir araya gələ, hətta onun səbəblərinin tamamilə ağlabatan izahını verə bilər. Əgər insan, sadəcə olaraq, yüksək inkişaf tapmış heyvan (canlı) olsaydı, onun irəliyə doğru hərəkətində bir hədd olardı. Yox, əgər Tanrı sonsuz olduğu kimi, o da sonsuzdursa, onun idrakına hədd ola bilməz. Beləliklə, elm bəşəriyyətin düşüncəsini məşğul edən müəmmaları açmaqla, qələbədən qələbəyə adlamaq qüdrətinə malik olur.
Bəşəriyyətin gələcəyi üçün Şərq və Qərb insan konsepsiyalarının sintezini həyata keçirməyin əhəmiyyətini şərtləndirən daha dərin bir səbəb də vardır. Elm özlüyündə neytraldır. Onun nailiyyətləri eyni uğurla həm diriltmək, həm də öldürmək üçün istifadə oluna bilər. Elmin Yer üzündə firavan həyata xidmət etməsi, yoxsa dünyanın ümumi bir tonqalda məhvinə gətirib çıxarması elmə sahib olanın dünyaduyumu və təfəkkür tərzindən asılıdır. İnsana yalnız təkamül edən bir heyvan (canlı) kimi baxıldığı təqdirdə, heç bir şey onun elmdən özünün heyvani ehtiraslarla qızışdırılan mənafeləri naminə istifadə etməsinə mane ola bilməz. Yox, əgər insana Tanrının təzahürü kimi baxılırsa, bu halda elm onun əlində Tanrı iradəsinin həyata keçirilməsi, yəni Yer üzündə sülhün bərqərar edilməsi və bütün insanların xeyirxah niyyətlərinin gerçəkləşdirilməsi vasitəsinə çevrilər.
Mən çalışdım ki, Şərq və Qərb insan konsepsiyalarının müəyyən mənada bir-birini qarşılıqlı şəkildə tamamladığını göstərim. Əgər bunlardan birində insan mahiyyətinə xas olan üstünlük vurğulanırsa, digərində – insanın əldə etdiyi və öz səyləri sayəsində əldə etməyə qadir olduğu tərəqqiyə xüsusi əhəmiyyət verilir. Əgər birincidə insan təbiətindəki mənəvi (ruhani) başlanğıca diqqət yetirilirsə, ikincidə həmin mənəvi üstünlüyün zəruri maddi zəminə möhtac olması qeyd edilir. Və əgər bütün bu fərqlərə baxmayaraq, Şərq və Qərb insan konsepsiyaları barış yolunu tapa bilsələr, bu iki regionun təhsil sistemlərinə vahid ümumdünya təhsil sisteminə çevrilməyə mane olan bir səbəb qalmaz.
İstər Şərqə, istərsə də Qərbə hakim olan təhsil sistemi özünəməxsus paradokslara malikdir. Şərqdə şəxsi qurtuluş ideyasına hədsiz üstünlük verilir. İnsan biliyə fərdi qurtuluş naminə can atır. Şəxsi nicat problemnə xüsusi maraq göstərən Şərq şüuru ictimai rifah və tərəqqiyə heç də həmişə kifayət qədər diqqət yetiməmişdir. Qərbdə isə əksinə, ictimai tərəqqinin ehtiyaclarına maraq üstünlük təşkil etmişdir. Əslində ictimai rifaha belə xüsusi diqqət bəzən şəxsiyyətin əzildiyi totalitar cəmiyyətlərin meydana çıxmasına səbəb olmuşdur. Bu gün, elmin inkişafı sayəsində Şərq və Qərbin bir-birinə yaxınlaşdığı şəraitdə, şəxsiyyət və ya cəmiyyətə xüsusi münasibətin yerini onların hər ikisinin mühümlüyünün adekvat anlayışı tutmalı və hər iki cəhəti nəzərə alan təhsil sistemi yaradılmalıdır.
Beləliklə, müasir dövrdə təhsilin əhəmiyyəti aydınlaşır. Təcrübə göstərib ki, təhsil şəxsiyyətə və onun vasitəsi ilə cəmiyyətə ciddi təsir göstərməyə qadirdir. Fərdin şəxsiyyət kimi bütövləşmədiyi bir yerdə ahəngdar cəmiyyət ola bilməz. Odur ki, çağdaş dünyada təhsilin vəzifəsi bütöv cəmiyyətdə bütöv şəxsiyyət formalaşdırmaqdan ibarətdir. Şərq və Qərb insan konsepsiyaları da bu prosesə öz töhfələrini verməlidir.
Fikirlərimi yekunlaşdırmazdan əvvəl, diqqətinizi daha bir məsələyə cəlb etmək istərdim. Çox vaxt belə bir sual ortaya çıxır: təhsil nədir, məqsəd, yoxsa vasitə? Mən deyərdim ki, ümumən Qərbdə təhsilə vasitə kimi baxılır, Şərqdə isə o, məqsəd sayılır. Əgər təhsil vasitə hesab olunursa, onda labüd şəkildə belə bir sual doğur: bəs onun məqsədi nədən ibarətdir? Qərb çox vaxt bu məqsədin ictimai rifahdan ibarət olduğunu qeyd etmişdir, lakin «ictimai rifah» anlayışını müxtəlif cür yozmaq olar. İstənilən halda təhsilə vasitə kimi baxılması idrakın əhəmiyyətinin müəyyən qədər kiçildilməsinə gətirib çıxarır. Mən belə düşünürəm ki, Şərq konsepsiyası təhsilin həqiqi təbiətinin daha dəqiq başa düşülməsinə əsaslanır. Təhsili məqsəd hesab etməklə, biz biliyin başlıca dəyərlərdən biri olmasını təsdiqləmiş oluruq. Yəqin ki, Qərb filosoflarından heç biri biliyin mühümlüyünü inkar etməz, lakin təhsil məqsəd sayılmadığı təqdirdə, bilik dəyər kimi dərk oluna bilməz. Bundan əlavə, təhsilin məqsəd olması faktının özünün etiraf edilməsi insanın məqamını yüksəldir. Bütün bunları nəzərə alıb, mən belə hesab edirəm ki, təhsilə hər halda maddi nemətlər əldə etmək üçün vasitə kimi yox, bir məqsəd kimi yanaşmaq lazımdır.
Deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, Şərq konsepsiyasına görə, insan Tanrının təzahürürün nəticəsi olduğu üçün Tanrıya xas olan hədsiz imkanlara malikdir və bunun sayəsində o, bütün məxluqat üzərində hökmranlığa nail ola bilər. Qərb konsepsiyasına əsasən, insan, şübhəsiz, heyvandır, lakin elə bir heyvandır (canlıdır) ki, maddi aləmdə qeyri-məhdud tərəqqiyə nail ola bilər. İnsanın elmi nailiyyətləri onun bütün digər varlıqlardan üstünlüyünə əyani sübutdur və həmin nailiyyətlər onun quruda, suda və havada hakimiyyətini təmin etmişdir. Beləliklə, Qərb sanki təcrübi yolla insan haqqında Şərq təlimini təsdiq etmişdir. Lakin Qərb nəzəriyyəsi insandakı mənəvi (ruhani) başlanğıca kifayət qədər diqqət vermədiyindən, onun elm sahəsindəki nailiyyətləri insanın mövcudluğu üçün təhlükə mənbəyinə çevrilmişdir. Ona görə də Qərb elminin nailiyyətlərini insanla Tanrının mənəvi birliyi ideyası ilə birləşdirmək mümkün olsaydı, elm dağıdıcılıq alətinə deyil, sülhə, bəşəriyyətin tərəqqi və çiçəklənməsinə nail olmaq vasitəsinə çevrilərdi.

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər