
Höte ilk dəfə 23 yaşında Quranın latın dilinə tərcüməsi ilə tanış olmuş və bu tərcümənin bütün qüsur və təhriflərinə baxmayaraq, ilahi kəlamın güclü təsirinə məruz qalmışdır. Həmin dövrdə Herderə yazdığı məktubların birində Höte deyirdi: «Quranda Musanın söylədiyi: «Pərvərdigara! Mənim sinəmi aç!» - sözləri ilə dua etməyi çox sevirəm». Burada Höte, şübhəsiz, Quranın aşağıdakı ayələrini nəzərdə tutmuşdur: «Pərvərdigara! Mənim sinəmi aç, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar» («Taha» surəsi, 25-28-ci ayələr).
Hötenin Qurana münasibətini və islama bağlılığını açıqlamaq baxımından onun «Qərb-Şərq divanı»ndakı bu sətirlər böyük maraq doğurur:
Quranın əbədi olması barədə
bir söz demirəm .
Və onun bütün kitablardan
üstün olmasına inanıram.
Çünki mənim müsəlmanlıq borcum
belə tələb edir.
Höte dəfələrlə belə bir cəhəti anlatmaq istəyir ki, onun islam və Quran barədə fikirləri yalnız bir fərdin əqidəsinin izharı deyil, daha geniş mahiyyətə malikdir. O, oxucusuna bu fikri aşılamağa çalışır ki, islamla insan xisləti arasında dərin əlaqə vardır. Bu barədə o, yazır: «Qəribədir, hər bir insan öz şəraiti və halətinə uyğun əqidəyə malikdir. Halbuki, əgər islam Allahın iradəsinə təslim olmaqdırsa, deməli, biz hamımız islamla yaşayırıq və onunla da fani dünyadan köçürük. İslam elə bir dindir ki, bəşəriyyət yarandığı gündən onun kölgəsində yaşayır və o, yalnız Məhəmmədin peyğəmbərlik dövrü ilə məhdudlaşmır. İslam elə bir dindir ki, Məhəmməddən əvvəlki peyğəmbərlər də onun müjdəsini vermişlər»...
Höte Allah-təalanı aşağıdakı kimi vəsf edir:
Allah təkdir, vahiddir,
Yeganədir, pakdır.
Nə doğmuşdur,
Nə də doğulmuşdur.
Əslində bu misralar Quranın «İxlas» surəsindəki ayələrin tərcüməsindən başqa bir şey deyildir. Və Höteyə görə, insan yalnız belə bir Tanrıya baş əyib ona pənah apara bilər:
Səhvlərim məni pərişan edir,
Amma Sən məni pərişanlıqdan
qurtarmağa qadirsən!
Əməl vaxtı, şer yazdığım zaman
Özün mənə yol göstər!
Höte yazırdı: «Bir olan Allaha inam insan rühunun güclənməsinə və onun yüksək məqama qalxmasına səbəb olur. Çünki insan Tanrının vahidliyinə inam sayəsində öz ruhunun da vahidliyini dərk edir».
1820-ci Höte dostlarından birinə yazırdı: «Daha bundan artıq bir şey deyə bilmirəm, yalnız özümə islam vasitəsilə təsəlli verməyə çalışıram. Bu təlimdə heç kəs başqasına nəsihət verə bilməz. Hər kəs nə etmək lazım gəldiyini özü müəyyənləşdirməlidir. Biz hamımız islamla yaşayırıq, baxmayaraq ki, hərəmiz bir şəkildə bunu həyata keçiririk».
Bu cümlələrdən anlaşılır ki, Höte həqiqətən şüurlu şəkildə islam təliminə əsasən yaşamış və dəfələrlə bu təlimi dostlarına izah etməyə çalışmışdır.
Höte dönə-dönə islamın mühüm ideyalarından birini vurğulamışdır:
İlahinin sonsuz iradəsi qarşısında
Tamamilə təslim olmalıyıq.
Biz hamımız Ondanıq
Və hamımız Ona doğru qayıdacağıq.
Ölümündən bir il qabaq Höte Ekkermana yazmışdı: «Əziz dostum, axı biz ilahinin dərki sahəsində nə bilirik və bizim məhdud, əhəmiyyətsiz təsəvvürlərimiz ən ali varlıq haqqında nə deyə bilər? Mən bir müsəlman kimi Onu yüzlərlə ad ilə çağırmağı xoşlayıram, amma yenə Onun saysız sifətləri qarşısında acizliyimi görüb susuram».
Uzun illər boyu islamı öyrənməyinin nəticəsi olaraq, «Qərb-Şərq divanı»nda islam barədə yazdığı yüksək fikirlər Höteni qane etmirdi. O istəyirdi ki, «başqa bir divan»da ilahi kəlam əsasında qələmə aldığı hikmətli sözləri toplasın. Həmin hikmətlərin hansı mahiyyətdə olacağını Höte özü belə müəyyənləşdirmişdi: «Bu fikirlər islamın həqiqi təlimini öyrətməli və islamın həqiqi simasını canlandırmalıdır». Lakin amansız ölüm şairə bu planını həyata keçirməyə imkan verməmişdi.
Yeri gəlmişkən, ən maraqlı faktlardan biri məhz Hötenin ölüm səhnəsinə aiddir. Belə ki, Höte həyatla vidalaşdığı anlarda öz sinəsinə «W» işarəsi yazmışdır. Çoxları belə güman etmişlər ki, bu, şairin adının - Wolfgang sözünün baş hərfidir. Lakin bu əslində ərəbcə yazılmış «Allah» sözü olmuşdur. Hötenin ərəbcə yazmaq bacarığını isə o zaman hamı bilirdi. Beləliklə, 1832-ci il martın 22-də Höte öz sinəsinə «Allah» sözünü yazaraq, dünyasını dəyişmişdir…
Çevirəni: Məsiağa Məhəmmədi
Şərh yaz