Karl Qustav Yunq. REAL VƏ SÜRREAL

Müasir Qərb təfəkküründə «real» anlayışı yalnız «duyulan», yaxud «maddi» aləmlə məhdudlaşır. Gerçəkliyin bu şəkildə başa düşülməsinə Qərb təfəkkür tarixinin əvvəlki dövrlərində də rast gəlmək mümkündür. Lakin Yeni dövrdə Qərbdə hakim olan humanist və antropoloji düşüncə sakral aləmin açıq-aşkar inkarı ilə nəticələnmişdir və o, zahiri hisslər vasitəsilə qavranılmayan heç bir şeyi real saymır.
Məşhur İsveçrə psixoloqu Karl Qustav Yunq (1875-1961) əksər əsərlərində, o cümlədən aşağıdakı məqaləsində, bu sırf materialist münasibəti şübhə altına alır və yeni elmlərin metodologiyasına sadiq qalmaqla, mövcud elmi terminologiyadan və işlək anlayışlardan istifadə etməklə, Qərb adamının qarşısında yeni üfüqlər açmağa çalışır. Xristian mütəfəkkirləri və mistiklərinin düşüncəsinə, xristianlıq tarixinin idraki və dini təcrübəsinə dərindən bələd olan Yunq bir növ yayılmış materialist təfəkkür müqabilində sakral aləmə inamı dirçəltmək və bərpa etmək istəyir.


Renessansdan sonrakı Qərb estetik cərəyan və metodlarının əksəriyyəti gerçəkliyə «realizm» adlandırılan ümumi münasibəti bədii yaradıcılıqda forma və məzmun seçiminin əsasına çevrirmişlər. Bu cərəyan və metodları dərk etmək üçün həmin ümumi reallığın xüsusiyyətlərini və hansı ünsürlərdən ibarət olduğunu araşdırmaq lazımdır. Digər tərəfdən, XX əsrdə meydana çıxan bəzi estetik hərəkat və metodlar çalışırlar ki, reallığa bu ümumi münasibəti rədd edib bir növ ondan qaçsınlar, yaxud onu mücərrəd formalarda parçalayıb dağıtsınlar və əvəzində yeni bir «reallıq» yaratsınlar. Sürrealizm cərəyanı və ya abstraksionizm metodu şəklində təzahür edən bu reallıqdan qaçmağın səbəb və motivləri ötən əsrdəki «real» anlayışının təhlili nəticəsində aydınlaşa bilər. Yunqun bu məqaləsində məhz həmin məsələ müxtəsər şəkildə araşdırılır.

* * *

«Sürreal»ın mənim üçün heç bir mənası yoxdur. Reallıq mənim anlamağa qadir olduğum şeyləri ehtiva edir. Mənə təsir göstərən, məndə duyğu oyadan hər bir şey real və obyektivdir. Əgər bir şey məndə duyğu oyatmırsa və mənə müəyyən təsir göstərmirsə, mənim üçün qaranlıq qalır və mən onu dərk edə bilmirəm. Buna görə də mən yalnız real şeylər barədə mühakimə yürüdə, fikir söyləyə bilərəm, «irreal», «sürreal» və «subreal» şeylər barədə yox!..
Reallığın, necə deyərlər, «maddi», «qeyri-abstrakt» və duyulan aləmlə məhdudlaşdırılması xüsusi təfəkkür tərzinin nəticəsi və məhsuludur: elə bir təfəkkürün ki, universal sağlam düşüncənin bünövrəsini və dildən adi qaydada istifadənin əsasını təşkil edir. Reallığın bu cür qavrayışı belə bir məşhur müddəaya söykənir ki, insanın psixikasında duyulan şeylərdən özgə bir şey yoxdur. Halbuki psixikanın məzmununun böyük bir hissəsi hissi qavrayışlardan doğmur. Yuxarıdakı mövqeyə görə, yalnız hisslər vasitəsilə insana bəlli olan dünyadan müstəqim, yaxud qeyri-müstəqim şəkildə əxz edilmiş fikir və ya təsəvvür «real»dır.
Dünyadan bu məhdud mənzərəsi Qərb adamının birtərəfli baxışının törəməsidir. Maddi reallıq bütövlükdə reallığın geniş bir hissəsini ehtiva edir, lakin hər halda o, qaranlıq, hüdudsuz və qeyri-müəyyən bir sahə ilə əhatə olunmuşdur ki, insan istər-istəməz bunu «irreal», yaxud «sürreal» adlandırır. Şərq dünyagörüşünə bu cür dar və məhdud baxış tamamilə yabançıdır. Ona görə də Şərq təfəkkürünün heç vaxt «sürreal» adlı fəlsəfi təsəvvürə ehtiyacı olmayıb. Məhdud anlamda götürülən Qərb reallığı daim hisslərlə duyulmayan metafizik, fövqəlbəşəri elementlər və qüvvələrin hücum və hədələrinə, saysız-hesabsız digər təhlükələrə məruz qalır. Şərq reallığı isə bütün bu aləmləri təbii şəkildə ehtiva edir. Biz qərblilərin bütün bəlaları «psixi hadisə» anlayışından başlayır. Bizim reallıq çərçivəsində psixi hadisə müəyyən fiziki səbəbdən doğan üçüncü dərəcəli nəticədən başqa bir şey ola bilməz: «şüur axını» və ya bu tipli xoşagələn başqa bir şey də elə! Buna baxmayaraq, maddi aləmin həmin törəməsi nəinki duyulan dünyanın sirlərinə və gizli guşələrinə nüfuz edir, hətta «subyekt» səviyyəsində özünü dərk etməyə qadirdir. Amma yenə də o, köməkçi və ikinci dərəcəli reallıq sayılır.
Müəyyən bir fikir, yaxud təsəvvür «real»dırmı? Yəqin ki, duyulan bir şeyi əks etdirdiyi halda! Əks təqdirdə «irreal», «xəyali» və «uydurma»dır, ona göbrə də «mövcud» deyil. Bu cür mühakimə əslində fəlsəfi diqqətsizlik və səhlənkarlıqdan xəbər verir. Göstərilən təsəvvür duyulan reallığı əks etdirməsə də, mövcuddur və hətta təsir mənbəyi kimi də çıxış edir, yoxsa onun varlığını hardan bilərdik? Lakin bizim nəzərimizdə «mövcud» kəlməsi yalnız maddi şeylərə aid olduğundan, «irreal» təsəvvürlər lal, mübhəm və əslində real olmayan sürrealıqda yaşamağa razılıq verməlidirlər.
Buna görə də bizim reallıq barədə təsəvvürümüzə ən azı praktika sahəsində yenidən baxılmalıdır. Hətta ədəbiyyat da «sür-», «ekstra-» şəkilçiləri ilə başlayan çoxlu sözlər yaratmış və yaratmaqdadır, bu da tamamilə təbiidir, çünki bizim dünyaya baxışımız həqiqətən müəyyən cəhətdən naqisdir. Biz belə bir şeyi nəzəri sahədə çox vaxt unudur və praktikada heç yada salmırıq ki, bizim şüurumuzun heç bir maddi predmetlə birbaşa (vasitəsiz) əlaqəsi yoxdur, əksinə, obrazlar bizə mürəkkəb bir sinir aparatı vasitəsilə ötürülür. Hiss üzvünün sinir ucları ilə bizim şüurumuzda yaranan obraz arasında zəruri bir proses baş verir ki, həmin proses, məsələn, işığın fiziki reallığını psixi «işıq» obrazına çevirir. Amma bizim psixikamız bu zəruri və mürəkkəb çevrilmə prosesində maddi bir şeyi qavramır. Ani və vasitəsiz reallıq kimi qavranılan şey nəsnələrin obrazlarıdır ki, onlar müəyyən mərhələlər ərzində dəqiq şəkildə yaranmış və formalaşmışlar. Biz vasitəsiz olaraq obrazlar (surətlər) aləmində yaşayırıq, maddi predmetlər aləmində yox! Və predmetlərin təqribi mahiyyətini müəyyənləşdirmək üçün istər-istəməz fizika və kimya elmlərinin dəqiq üsullarına və mürəkkəb metodlarına möhtacıq. Bu elmlər və sistemlər əslində müəyyən vasitələrdir ki, onların köməyi ilə insan ağlı obrazların aldadıcı pərdəsi arxasından yığcam və ötəri şəkildə qeyri-psixi aləmə nəzər salmaq imkanı qazanır.
Beləliklə, bizim yaşadığımız dünya maddi dünya deyil, psixi bir aləmdir və o, bizə maddənin real mahiyyəti barədə yalnız ehtimali və qeyri-müstəqim nəticələrə gəlmək imkanı verir. Yalnız «psixi hadisə» bilavasitə reallığa malikdir və bu, bütün psixi hadisələrə, hətta «obyektiv» əsasa malik olmayan irreal fikir və təsəvvürlərə də aiddir. Biz onları «xəyal», yaxud «fantaziya» adlandıra bilərik. Lakin bu adlar onların gücü və təsirini azaltmır. Əslində elə bir «real» təsəvvür yoxdur ki, müəyyən məqamda öz yerini «irreal» təsəvvürə verməsin və beləliklə, onun daha böyük gücə və təsirə malik olduğunu sübuta yetirməsin. İllüzor təsəvvürlərin və xəyali ideyaların təsiri və nəticələri bəzən fiziki təhlükələrin təsirindən böyük olur, bununla belə bizim şüurumuz həmin təsəvvür və fikirlərin reallığını inkar edir. Bizim çox vaxt ifrat dərəcədə təriflədiyimiz ağıl və iradə bəzən «irreal» təsəvvürlərin qarşısında tamamilə aciz qalır və tərksilah olurlar. Bəşər övladına hakim kəsilən qüvvələr istər xeyir olsun, istərsə şər, şüuraltı psixi amillərdir: elə onlar da şüuru doğurur və əsasən istənilən dünyanın meydana gəlməsi, varlıq qazanması üçün lazım olan şəraiti yaradırlar. Biz psixikamızın yaratdığı bir aləmdə yaşayırıq.
Buradan psixikanı sırf fiziki amillərdən doğan bar reallıq sayan Qərb şüurunun yol verdiyi səhvin miqyasını anlamaq olar. Şərq dahi müdrikdir, çünki hər şeyin mahiyyətini və əsasını psixikada axtarır və tapır. Ruh və cism adlanan iki naməlum cövhər arasında psixi hadisənin reallığı yerləşir və psixi reallıq bizim bilavasitə təcrübədən keçirməyə qadir olduğumuz yeganə reallıqdır.

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər