ÖMRÜN FƏSİLLƏRİ

(ARTUR ŞOPENHAUERDƏN İQTİBAS)

«Ömür dedikləri...»
Həyatın müxtəlif mərhələlərində insanın özünə, başqalarına və bütövlükdə dünyaya münasibətində daimi dəyişiklik baş verir. Lakin insan yaşa dolduqca, dəyişən onun xarakteri (xasiyyəti) deyil, temperamentidir. Müxtəlif yaş dövrlərini birləşdirən cəhət budur ki, bütün həyatımız boyu bizim ixtiyarımızda yalnız İNDİ olur: fərqləndirən cəhət isə odur ki, əvvəldə bizim qarşımızda uzun bir GƏLƏCƏK, sonda isə arxamızda qısa bir KEÇMİŞ dayanır.

Uşaqlıq
Uşaqlıqda insan varlığı iradəyə deyil, idraka xidmət edir. Buna görə də sonralar uşaqlıq «itirilmiş cənnət» kimi xatırlanır. Əlaqələri məhdud, tələbatı az olan uşağın vücudu əsasən idraka yönəlmişdir: o, büsbütün yeni və təkrarsız görünən dünyada zehninə qida axtarır. Uşaqlıq – fasiləsiz poeziyadır: hər şey təzədir, təəssüratlar hələ sonsuz təkrar ucbatından kütləşməyib: uşaq marağı ayrı-ayrı görüntü və hadisələrdə həyatın mahiyyətini anlamaqla məşğuldur. Hər şey uşağa əbədi görünür, fərd bütövlükdə növü təmsil edir. Uşaqlıq dövrünün təcrübə və tanışlıqları bütün sonrakı idrak və təcrübə üçün tiplərə, rubrikalara, kateqoriyalara çevrilir. Beləcə, hələ uşaq ikən bizim dünyagörüşümüzün möhkəm əsası qoyulur, onun dayaz, yoxsa dərin olacağı müəyyənləşir.
Uşağın idrakı obyektiv və poetik mahiyyətdədir, əyani qavrayışa və seyrçi baxışa əsaslanır. Tərbiyə prosesində isə ona sırf abstraksiyalar – anlayışlar aşılanır. Lakin anlayışlar əsl mahiyyəti əks etdirmir – bizim idrakımızın həqiqi məzmunu məhz əyani qavrayışdan ibarətdir. Bu qavrayışı isə yalnız biz özümüz əldə edə bilərik, onu heç kəs bizə aşılaya bilməz. Odur ki, bizim mənəvi və intellektual dəyərimiz kənardan əxz olunmur, bizim varlığımızın dərinliklərindən doğur. Heç bir Pestalotsi anadangəlmə səfehi düşünən insana çevirə bilməz. Heç vaxt! Səfeh doğulubsa, səfeh də öləcəkdir...
Uşaqlıqda şeylər bizə əsasən zahiri görünüşü, obyektiv tərəfi baxımından məlum olur, onların subyektiv və dəhşətli tərəfi hələ qaranlıq qalır. Odur ki, bu tanışlıq bizdə sevinc doğurur: gerçəkliyin və sənətin qarşımızda canlandırdığı obrazları bizim cavan intellektimiz ülvi varlıqlar kimi qavrayır. Buna görə az sonra bizdə həqiqi həyat ehtirası baş qaldırır və bu ehtiras bizi daimi vurnuxma və qərarsızlığın qoynuna atır. Burada biz şeylərin o biri üzü ilə tanış oluruq və tədricən böyük ümidsizliyə qapılırıq – illüziyalar dövrü keçib getməyə başlayır. Beləliklə, uşaqlıqda həyat bizim uzaqdan baxdığımız teatr dekorasiyasına bənzəyir: qocalıqda isə həmin dekorasiya artıq düz gözümüzün qarşısında dayanır.

Gənclik, yetkinlik, qocalıq
Gənclikdə biz xoşbəxtlik dalınca qaçırıq və qəti şəkildə əminik ki, onu tapacağıq. Lakin bu ümidimiz daim puça çıxır və bizdə narazılıq doğurur. Gözlərimiz önündə müxtəlif, ixtiyari formalarda xoşbəxtliyin qeyri-müəyyən, ilğıma bənzər obrazları qaçışır və biz əbəs yerə onların real prototiplərini arayırıq. Beləliklə, ömrün birinci hissəsi xoşbəxtlik arzusu ilə, ikinci hissəsi isə bədbəxtlik qorxusu ilə səciyyələnir. Yaşlı adam artıq bu və ya digər dərəcədə hər cür xoşbəxtliyin illüziya, iztirabın isə gerçəklik olduğunu anlayır. Yetkin adamın dünyaya baxışı ilk növbədə, nəzərlərinin soyuqluğu ilə gəncinkindən fərqlənir: o, şeylərə çox sadə yanaşır və necə varsa, elə də qəbul edir. Gəncin qarşısında isə dünyanın həqiqi siması onun təxəyyülünun doğurduğu qəribə illüziyalarla çulğaşır, yaxud təhrif olunur. Ən yaxşı tərbiyə bu olardı ki, yeniyetmələri həmin illüziyalardan qoruyasan. Lakin bu, çox çətin bir məsələdir. Hər halda uşaqlara oxumağa romanlar yox, bioqrafiyalar vermək lazımdır.
Gənclikdə bizə elə gəlir ki, həyatımızda bütün mühüm, əlamətdar hadisə və şəxslər şeypur və təbil sədaları altında meydana çıxacaqlar. Qocalıqda isə geriyə baxıb görürük ki, onlar hay-küysüz, arxa qapıdan və hiss olunmadan bizə yaxınlaşmışlar.
Həyatı toxuma naxışa bənzətmək olar. Gənclikdə biz onun üzünü, qocalıqda isə astarını görürük. Astar o qədər də gözəl deyil, amma ibrətlidir, çünki sapların əlaqəsini görməyə imkan verir.
36 yaşa qədər biz həyati qüvvə (enerji) baxımından öz faizləri hesabına yaşayan adama bənzəyirik: bu gün xərclədiyimizin yeri sabah dolur. Həmin vaxtdan isə biz öz kapitalına toxunmağa başlayan rentaçıya oxşayırıq. Əvvəlcə bir şey hiss olunmur: məxaricin böyük hissəsi bərpa olunur, kiçik kəsir isə nəzərə çarpmır.
Lakin tədricən həmin kəsir böyüyür, sərvətimiz sürətlə azalır və ən pisi odur ki, bu vəziyyətin aradan qalxacağına ümid yoxdur. Beləcə biz tam müflisləşməyə doğru gedirik. Əgər bizim müqayisədəki hər iki ünsür, yəni həm həyat qüvvəsi, həm də əmlak eyni vaxtda tükənirsə, bu, çox kədərli bir vəziyyətdir. Ona görə insan yaşa dolduqca, onun mülkiyyətə sevgisi artır. Uşaqlıqda və gənclikdə isə biz həyati qüvvə baxımından faizlərindən kapitalına da bir şey əlavə edən şəxsə bənzəyirik: təkcə xərclər özlüyündə bərpa olunmur, hələ kapital da artır.
Hər bir insanın xarakteri, görünür, müəyyən yaş dövrünə uyğundur və məhz həmin yaşda yaxşı mənada seçilir. Bəziləri gözəl gənc olur və bununla hər şey bitir: başqaları güclü və işgüzar kişi olur, qocalanda isə bütün dəyərini itirir: bir çoxları isə qocalıqda özlərini daha yaxşı göstərirlər. Gənclikdə – intuisiya, qocalıqda – təfəkkür hakimdir. Ona görə birincisi – poeziya dövrü, ikinci isə fəlsəfə zamanıdır.
Şübhəsiz, ən çox enerji və zehni qüvvələrin ən yüksək gərginliyi gənclikdə, ən geci 35 yaşa qədər, müşahidə olunur. Bundan sonra tədrici zəifləmə gedir. Lakin yetkinlik dövrü intellektual sahədə kompensasiyasını alır. Bizim hər şeyi nəzərdən keçirməyə, götür-qoy etməyə vaxtımız olub, yalnız indi biz onların həqiqi əlaqəsini dərk edirik. İnsan öz müstəqil nəticələri, orijinal baxışları üçün materialı gənclikdə toplayır, lakin yalnız yaşlı vaxtında həmin materialın tam sahibinə çevrilir. Buna görə çox vaxt böyük şəxsiyyətlər öz şah əsərlərini 50 yaş ətrafında yaradırlar. İdrak ağacının kökləri gənclikdədir, meyvələri isə ağacın başında olur. Belə də deyə bilərik: ömrümüzün ilk qırx ili – mətn, sonrakı otuz ili isə həmin mətnə yazılmış şərhlərdir.

Xoşbəxt çağlar: gənclik, yoxsa qocalıq?
Adətən gəncliyi həyatın xoşbəxt çağları, qocalığı isə kədərli bir dövrü adlandırırlar. Əgər ehtiraslar xoşbəxtlik gətirsəydi, bu fikri düzgün saymaq olardı. Halbuki onlar gənci üzür, ona azacıq sevinc və bol-bol əzab verirlər. Qocalıqda isə ehtiraslar insanı rahat buraxır, idrak sərbəstlik və üstünlük qazanır. Hər hansı həzzin mənfi təbiətini və iztirabın müsbət səciyyəsini nəzərə almaq lazımdır ki, ehtirasların xoşbəxtlik gətirmədiyini anlayasan və bəzi həzzlərdən məhrumluğuna görə qocaya yazığın gəlməsin. Belə ki, hər bir həzz hansısa tələbatın ödənilməsidir: əgər qocalıqda bunların ikisi də – tələbat və həzz –aradan qalxırsa, təəssüflənməyə dəyməz.
Platon tamamilə haqlı olaraq, cinsi tələbatın aramsız istəklərindən qurtulduğuna görə qocalığı xoşbəxtlik çağı sayırdı. Hətta belə demək olar ki, cinsi tələbatın yandırdığı cürbəcür və saysız hisslər insanda müəyyən dərəcədə ağılsızlıq doğurur və yalnız onlar söndükdə, insan sözün tam mənasında ağıllı olur. O da şübhəsizdir ki, gəncliyə müəyyən menlanxoliya və kədər, qocalığa isə müəyyən şadlıq xasdır və bunun səbəbi ondadır ki, gənc göstərilən «iblisdən» tam asılılıqdadır, həmin «iblis» ona bir saat belə sərbəstlik vermir və əksər bəlaların birbaşa və ya dolayısı ilə səbəbkarı olur; qocanın şadlığı isə uzun zaman onu sıxan zəncirdən qurtulmuş və sərbəst hərəkət imkanı qazanmış şəxsin şadlığıdır.
Hər halda, gənclik – narahatlıqı dövrü, qocalıq – rahatlıq çağıdır: rahatsızlıq isə xoşbəxtlik ola bilməz. Gənc fantaziyasını bürümüş naməlum şeylərə ehtiras və acgözlüklə can atır və bununla da rahatlığını itirir. Qoca isə hər şeyin puç və fani olduğunu anlayıb və bilir ki, qarşısındakı fındıqları nə qədər qızıla tutsalar da, onların içi boşdur. Ona görə o hər şeyə soyuq nəzərlə baxır, heç nə onu qıcıqlandırmır: o, illüziya və xəyallardan uzaqlaşmış, şeylərin həqiqi mahiyyətini dərk etmiş, bütün dünyəvi varlıqların cılızlığını anlamışdır. Onun nəzərində artıq insanların böyük və kiçik, yüksək və alçaq saydıqları şeylərin fərqi yoxdur. O, sakit bir halda dünyanın yalançı uğurlarını təbəssümlə seyr edir. Bu da istənilən, hətta ən adi qocaya belə müdriklik bəxş edir və onu gənclərdən fərqləndirir. Ən başlıcası isə bu, daxili rahatlıq, ruhi müvazinət doğurur ki, xoşbəxtliyin zəruri şərti və mahiyyəti elə bundan ibarətdir.

Evtanaziya, yaxud təbii ölüm
Çox vaxt xəstəliyi qocaların nəsibi sayırlar, lakin əgər insana tam qocalana qədər yaşamaq qisməti yazılıbsa, xəstəlik onun zəruri atributu deyil. Bəs onda tam qocalıq nə deməkdir.? Başqa sözlə, insan ömrü nə qədər olmalıdır?
Əslində insan həyatını nə uzun, nə də qısa saymaq lazımdır, axı o bizdən ötrü bütün digər zamanları qiymətləndirmək meyarıdır. Upanişadlarda ömrün təbii uzunluğu kimi 100 il göstərilir. Bu, düzgün fikirdir, belə ki, müşahidələrə əsasən, 90 yaşı adlamış adamlar evtanaziya qazanırlar, yəni heç bir xəstəlik, təlaş, xırıltı, titrəmə olmadan, hətta rəngi belə qaçmadan, çox vaxt oturduqları yerdə, özü də yeməkdən sonra ölürlər. Demək olar ki, onlar ölmürlər, sadəcə olaraq, ömürləri bitir..
İstənilən daha erkən yaşda insanlar əsasən xəstəlikdən ölürlər, başqa sözlə vaxtsız vəfat edirlər. Əhdi-ətiqdə insan ömrünün müddəti 70, ən çoxu 80 il göstərilir. Herodot da belə yazır. Lakin bu, düzgün deyil, yalnız gündəlik gerçəkliyin sadə və səthi qavrayışının nəticəsidir. Əgər ömrün təbii uzunluğu 70-80 il olsaydı, insanlar həmin yaşda qocalıqdan ölərdilər. Lakin belə deyil: onlar da daha cavan insanlar kimi xəstəlikdən ölürlər. Xəstəlik isə mahiyyətcə qeyri-normal bir şeydir, odur ki, belə ölüm təbii deyil. Yalnız 90-100 yaşlarında adamlar adətən qocalıqdan ölürlər: xəstəliksiz, ölümqabağı çırpıntısız, təlaşsız və xırıltısız, hətta rəngi belə qaçmadan. Bu da evtanaziya adlanır.

«Həyat nə, ölüm nə?»
Gənclikdə biz gümrah və nikbin halda dağa qalxırıq və dağın o biri tərəfindəki yamacda bizi gözləyən ölümü görmürük. Zirvəni aşdıqda isə yalnız adını eşitdiyimiz ölümü aşkar görməyə başlayırıq, nəticədə gümrahlığımız azalır, nikbinliyimiz üzümüzdə də əks olunan ciddiyyətlə əvəz olunur.
Gənclikdə bizə nə qədər desələr də, həyatı sonsuz sanır və vaxtın qədrini bilmirik. Yalnız qocalanda biz ömrün necə qısa olduğunu dərk edirik: gənclikdə bizə möhkəm və sabit görünən həyat ötəri, müvəqqəti hadisələrin növbələşməsinə çevrilir – biz hər şeyin boşluğunu anlayırıq.
Hər halda gəncliklə qocalığın başlıca fərqi ondadır ki, gəncin qarşısında həyat, qocanın önündə ölüm dayanır, gənclik – qısa keçmişə və uzun gələcəyə malikdir, qocalıq isə əksinə. Qocalıq dövrü dramın beşinci pərdəsinə bənzəyir: faciəvi sonluğun yaxınlaşdığı məlumdur, lakin onun necə olacağı hələ bilinmir. Doğrudan da, insan qocalanda qarşısında yalnız ölum dayanır, gənc olanda isə – həyat və bunlardan hansının daha dəhşətli olması hələ sual altındadır: bəlkə həyat elə şeydir ki, onun arxada qalması qarşıda dayanmasından yaxşıdır?! Axı hələ Ekkleziast deyirdi: «Ölüm günü doğum günündən yaxşıdır». Hər halda uzun ömür arzusu çox cəsarətli arzudur...

0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər