TƏBRİZDƏN DOĞAN GÜNƏŞ

O Xəttat (Allah – M.M.) üç cür yazı yazdı:
Birini Ondan başqa hes kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə O oxudu, nə də başqaları.
O üçüncü yazı mənəm!

Şəms Təbrizi


Şəms Təbrizi kim idi? 1244-cü ilin bir payız günü dəvətsiz-filansız Konyaya gəlib şəhərin ən hörmətli ruhanisi, məşhur şeyx Bəhaəddin Vələdin oğlu Cəlaləddin Ruminin həyatını alt-üst edən, onu «fitvalar verən şeyxdən şairə çevirən» (Sultan Vələd), «minbərdə vüqarla oturduğu halda küçədəki uşaqların oyuncağına döndərən» (Mövlana) bu şəxs necə bir insan idi və buna necə nail oldu? Bu sual təkcə müasir tədqiqatçıları və onların sələfləri olan orta əsr təzkirəçilərini deyil, həm də hadisənin canlı şahidlərini – Mövlananın yaxın ətrafını və bütövlükdə Konya əhlini ciddi şəkildə maraqlandırmış və düşündürmüşdür.

Mövlananın oğlu Sultan Vələd özünün «Vələdnamə» poemasında Şəmslə görüşdən sonra atasının davranışında baş verən köklü dəyişikliyin onun müridlərində doğurduğu qəzəb dolu sualları belə ümumiləşdirmişdir:


چه كس است اين كه شيخ مارا او برد از ما چو يك كهي را جو
ساحر است اين مگر به سحر و فسون كرد بر خويش شيخ را مفتون
ورنه خود كيست او و در وي چيست با چنين مكر ميتواند زيست
ني ورا اصل و ني نسب پيداست مي ندانيم هم كه او ز كجاست

Axar su saman çöpünü alıb apardığı kimi
Bizim şeyximizi bizdən alan bu şəxs kimdir?
Bəlkə o sehrbazdır və sehrlə, ovsunla
Şeyxi özünə məftun etmişdir?!
Axı o kimdir və onda nə var ki,
Belə məkrlə yaşaya bilir?!
Onun nə əsli bəllidir, nə də nəsəbi,
Həm də biz bilmirik o hardandır.

Maraqlıdır ki, şeirlərindən birində eyni sualı (təbii ki, başqa anlamda) Şəmsə Mövlananın özü də ünvanlayır:

تو كيستي صاعقه اي يا آتشي
كه خانه و زندگي براي من باقي نگذاشتي

Sən kimsən? İldırım, yoxsa od-atəş?!
Sən məndə ev-eşik, ömür-gün qoymadın!

Şəmsin sirli şəxsiyyəti sonralar o qədər əfsanələşdi, elə müəmma haləsinə büründü ki, hətta məşhur ingilis şərqşünası Edvard Braun tarixdə belə bir adamın mövcudluğunu şübhə altına alıb onun Mövlana təxəyyülündən doğmuş bir obraz olduğu fikrini irəli sürdü. Nə yaxşı ki, nəhayət, Şəmsin qaynaqlarda adı keçən «Söhbətlər»i («Məqalat», yaxud «Xirqeyi-Şəms» - Şəmsin müxtəlif məclislərdə çeşidli mövzularda etdiyi söhbətlərin müridlər tərəfindən qələmə alınmış toplusu) tapılıb nəşr olundu və Şəmsin şəxsiyyəti, fikirləri, Mövlana ilə münasibətləriylə bağlı bir çox sualları cavablandırmaq, eləcə də onun barəsində yazılanlara xeyli təshihlər etmək imkanı yarandı. Məsələn, bir çox mənbələr Şəmsi savadsız bir dərviş kimi təqdim etmişlər. «Məqalat» isə Şəmsin öz dövrü üçün çox mükəmməl təhsil aldığını, o zamanın ən böyük elm və fikir adamları ilə oturub-durduğunu açıq-aşkar göstərməkdədir.
«Söhbətlər»də diqqəti çəkən ilk məsələ, təbii ki, Şəmsin özü barədə verdiyi bioqrafik məlumatlardır. Bu məlumatlar Şəms şəxsiyyətinin real cizgilərini kifayət qədər dolğun şəkildə əks etdirir. Bəlli olur ki, Şəms (Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad) XII əsrin sonlarında Təbrizdə bəzzaz ailəsində doğulub. Ailənin yeganə, bir qədər də ərköyün övladı olan Şəmsin qeyri-adiliyi hələ uşaqlıq və yeniyetməlik çağlarında özünü göstərməyə başlayıb. Belə ki, o qəribə yuxular görür, anlaşılmaz hallara düşür, bəzən üç-dörd gün heç nə yemirmiş (amma bundan zəifləmirmiş, əksinə, daha da gümrahlaşır, şüuru daha aydın, zəkası daha iti olurmuş). Bütün bunlar təbii ki, adi bir insan olan atasını bərk narahat edirmiş. Şəms bununla bağlı atası ilə dialoqlarını «Söhbətlər»də son dərəcə canlı şəkildə vermişdir: «Soruşurdu: - Sənə nə olub? Cavab verirdim: - Mənə heç nə olmayıb. Dəliyəm? Kiminsə paltarını cırmışam? Sənin üstünə düşmüşəm? Sənin paltarını cırmışam? Deyirdi: - Bəs bu nə vəziyyətdir? Bilirəm, dəli deyilsən, amma bu davranışını başa düşmürəm». Yaxınlarının və ətrafdakıların onu başa düşməməsindən doğan kədərli vəziyyəti, qəribə psixoloji ovqatı Şəms belə ifadə etmişdir: «Atamın məndən xəbəri yox idi. Mən öz şəhərimdə qərib idim. Atam mənə yad idi, ürəyim ondan ürkürdü. Mənimlə mehriban danışırdı, amma mənə elə gəlirdi ki, məni döyür, evdən qovur». Nəhayət, Şəms atası ilə arasındakı bu anlaşılmazlığı toyuq altına qoyulmuş qaz yumurtalarının misalı ilə izah edir: toyuğun çıxarıb bəslədiyi qaz balaları arxı görən kimi özlərini suya vurur, onların başqa növdən olduğunu anlamayan toyuq isə suya girə bilməyib narahat halda arxın qırağında o yan-bu yana qaçır. Atası ilə bağlı xatirələrini Şəms belə ümumiləşdirir: «Yaxşı adam idi, amma aşiq deyildi, yaxşı adam başqadır, aşiq başqa; aşiqin halını aşiqlər bilər!»
Atası Şəmsin oxuyub fəqih olmasını, cəmiyyətdə rəsmi mövqe tutmasını arzulayırdı, buna görə də onu Təbrizin ən yaxşı mədrəsəsinə qoymuşdu. Şəms də yaxşı oxuyur, fiqhi dərindən öyrənirdi, amma təhsilə, elmə karyera aləti kimi deyil, həqiqətə çatmaq vasitəsi kimi baxırdı: «Vallah, billah mədrəsələrdə oxuyanlar çalışırlar ki, sabah özləri də mədrəsə sahibi olsunlar. Dünya malı üçün elm öyrənmək nəyə gərək? Bu kəndir quyudan çıxmaq üçündür, bir quyudan çıxıb başqa quyuya düşmək üçün yox!»
«Söhbətlər»in mətni Şəmsin həm fiqh, həm də o dövrün digər elmləri sahəsində necə dərin biliyə, necə geniş erudisiyaya malik olduğunu aydın göstərir. Sonralar Mövlana yazacaqdı ki, kimya, nücum, riyaziyyat, ilahiyyat, hikmət və məntiqdə Şəmsin tayı-bərabəri yoxdur. Amma Şəms o dövrün terminologiyası ilə desək, təkcə «əqli» və «nəqli» elmləri öyrənməklə kifayətlənmirdi, paralel olaraq Təbrizdəki sufi məclislərində iştirak edirdi. Həmin dövrdə o, Əbubəkr Səlləbaf Təbrizi adlı bir şeyxin müridi də olmuşdu. Amma sonralar təsəvvüfdə ən yüksək məqama yetişsə də, ənənəyə uyğun olaraq özü ətrafına müridlər toplamadı. Şəms bunu «Söhbətlər»də çox maraqlı bir şəkildə izah edir: «Mən mürid tutmuram. Məndən çox yapışdılar ki, sənin müridin olaq, bizə xirqə ver, qaçdım... Mən mürid tutmuram, şeyx tuturam, özü də hər şeyxi yox, kamil şeyxi!» Şəms Tanrının məşhur hədisdə deyilən («Mənim qübbəmin altında övliyalarım var, onları Məndən başqa kimsə tanımaz») gizli övliyalarından idi, tanınmaqdan və şöhrətdən qaçırdı. Yenə özü başqa bir yerdə deyir: «Mənim bu aləmdə adi adamlarla işim yoxdur, onlar üçün gəlməmişəm». Təsadüfi deyil ki, bir müddət sonra müəllimi Şəmsəddin Xoyi ona dərs deməkdən imtina etmiş və bunu belə əsaslandırmışdı: «Mən Allahın yanında xəcil olmaq istəmirəm... Səndə üstün bir gövhər var, mən ona nəsə nəqş edə bilmərəm».
Beləliklə, Şəmsin kamil şeyx axtarışı ilə uzun-uzadı səfərləri başlayır: Dəməşq, Hələb, Bağdad, Qeysəriyyə, Ağsaray, Sivas, Ərzurum, Ərzincan... və nəhayət, Konya. Tez-tez yerini dəyişdiyi, qəfil gəldiyi kimi qəfil də yoxa çıxdığı üçün «uçan Şəms» ləqəbi ilə məşhurlaşır. O dövrdə hər hansı şəhərə gələn tacir karvansarada, fəqih – mədrəsədə, dərviş isə xanəgahda qalır, burada pulsuz yeməklə təmin olunurdu. Şəms xanəgaha getmir, ümumiyyətlə, özünün təsəvvüf əhli olduğunu büruzə vermirdi (adətən tacir qiyafəsində olurdu). Uzun müdət qaldığı şəhərlərdə Şəms əsasən müəllimlik edir, son dərəcə qənaətcil və təvazökar bir həyat sürürdü. «Söhbətlər»dən bəlli olur ki, hətta müəllimlikdə xüsusi metodikası varmış – təzə məktəbə gəlmiş uşağa 3 aya Quranı öyrədirmiş! Çox qalmadığı şəhərlərdə isə Şəms dolanışığını qayış düzəltməklə, rəngsazlıq və suvaqçılıqla, yəni əlinin zəhməti ilə təmin edirmiş. Şəxsiyyətinin bu cəhəti nəzərə alındıqda, «Söhbətlər»də bir tərəfdən müftəxor dərvişlərə, əsassız iddialara düşən mürşidlərə, digər tərəfdən də «Məhəmməd dininin quldurları», «dinin bünövrəsini qazan siçovullar» adlandırdığı şeyxlərə, minbər əhlinə yönəlmiş ardıcıl və kəskin tənqidin köklərini anlamaq mümkündür (sonralar bu mövzular «Məsnəvi»də də geniş yer alacaqdı).
Çoxsaylı səfərləri gedişində Şəms o dövrün ən məşhur elm və irfan adamları ilə görüşüb müzakirələr aparmış, istər müasirləri, istərsə də əvvəlki dövrlərdə yaşamış görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini (bəzən sox sərt və kəskin formada) «Söhbətlər»də ifadə etmişdir. Bu sırada onun «ən böyük şeyx» ləqəbi ilə tanınan Mühyiddin İbn əl-Ərəbi (1165-1240) haqqında fikirləri xüsusi maraq doğurur. İbn əl-Ərəbi ilə söhbətlərini təfsilatı ilə xatırlayan Şəms bəzən onun məntiqi qarşısında çaşıb qalan böyük filosofu belə təsvir edir: «Sözünün əvvəlində də mənə «övladım!» deyirdi, axırında da. Sonra da gülürdü: yəni belə övlad olar?!» Bununla belə İbn əl-Ərəbinin məqamını kiçiltmədən deyir: «O, bir dağ idi, dağ! Heyrətamiz bir kişiydi. Yaxşı həmsöhbət idi...»
Nəhayət, deyildiyi kimi, 1244-cü ildə Şəms Konyaya gəldi və onun Cəlaləddin Rumi ilə sonradan «iki dənizin qovuşması» adlandırılan məşhur görüşü baş tutdu (qaynaqlardakı işarələrdən, o cümlədən, «Məqalat»dan bəlli olur ki, Şəms Mövlananı əvvəllər də görübmüş və bir növ onun öz missiyası üçün yetişməsini gözləyirmiş). Həmin görüşdə Şəmsin verdiyi: «Kim daha böyükdür: Bayəzid Bəstami, yoxsa Məhəmməd peyğəmbər?» - sualı onun idrakın xarakterinə və irfanın təbiətinə baxışını əks etdirməklə, Mövlanada baş vermiş ruhi-mənəvi təbəddülatın mahiyyətinə işıq salır. Sonralar Şəms bu baxışını Həllac Mənsurun timsalında bir qədər də konkret ifadə edir: «Mənsura hələ Ruh bütün camalını göstərməmişdi. Yoxsa «Ənə-l-Həqq» («Haqq mənəm!») deyərdimi? Haqq hara, mən hara? Bu «mən» nədir? Söz nədir? Əgər Ruh aləmində qərq olsaydın, sözə sığardınmı?» Və bir qədər sonra fikrini daha açıq deyir: «Peyğəmbərin yolu ilə getmək zahirən ona təqlid etmək deyil, məsələn, o qovun yeməyibsə, sən də yemə (Məhəmməd peyğəmbər qovun yemədiyi üçün yuxarıda adı keçən məşhur sufi şeyxi Bayəzid Bəstami də qovun yemirmiş – M.M.). Peyğəmbərin yolu ilə getmək odur ki, o, Meraca gedibsə, sən də onun ardınca get!» Beləliklə, Şəms insanın qarşısına çox çətin vəzifə qoyur. Amma məsələ bununla da bitmir: «Allah-əkbər deyirsən, yəni Allah böyükdür. Onda sən də çalış ki, böyük olasan!» Yəni kamiləşmənin sonu yoxdur, məşhur hədisin ifadəsi ilə desək, idrakın birinci qarışını adlayıb təkəbbürə yuvarlanmaq olmaz, qarşıda təvazö doğuran ikinci, heyrət və heyranlıq yaradan üçüncü qarışlar var. Burada elm və ağıl müəyyən həddə («dərgaha») qədər işə yarayır, sonra «hicab»a – pərdəyə çevrilir; odur ki, sonrası ruhun və ürəyin işidir, qalanı eşqlədir. «Əgər bu mənaları oxuyub öyrənmək və müzakirə ilə dərk etmək mümkün olsaydı, onda gərək Fəxr Raziyə baxanda Bayəzidlə Cüneydin başına aləmin külü olaydı (məşhur ilahiyyatçı Fəxrəddin Razi, məşhur sufilər Bayəzid Bəstami və Cüneyd Bağdadi nəzərdə tutulur – M.M.). Deyirlər, Fəxr Razi Quranın təfsirində min kitab yazıb, bəziləri deyir beş yüz kitab. Yüz min Fəxr Razi Bayəzidin getdiyi yolun tozuna çatmaz...»
Və nəhayət: «Deyirsən ki, Allah birdir. Nə olsun, sən ki təfriqə içindəsən, bir deyilsən!» Şəms hikmətindən işıq alan Mövlana poeziyası ilk növbədə bu birliyə yönəlib, ona xidmət edir: «Biz birləşdirmək üçün gəlmişik, ayırmaq üçün yox!» - deyir Mövlana. Sözün, sənətin, fikrin bundan böyük missiyası varmı?! Ən başlıcası, bu birlik dil, yaxud din birliyi deyil, ürək birliyidir. Ürəyin dili başqadır. Mövlana nə gözəl deyib:

اي بسا هندو و ترك همزبان اي بسا دو ترك چون بيگانگان
پس زبان همدلي خود ديگر است همدلي از همزباني بهتر است

Nə çox hindli və türk var ki, dilləri birdir,
Nə çox iki türk var ki, bir-birinə yad kimidir.
Deməli, məhrəmliyin dili tam başqa bir dildir,
Ürək birliyi dil birliyindən daha yaxşıdır.

Beləliklə, Şəms Mövlananı elm məqamından eşq məqamına, alimlik mərtəbəsindən aşiqlik mərtəbəsinə ucaltdı, onu kitablarda yazılanları bilməkdən doğan zərərli və mənasız təkəbbürdən xilas etdi. «İnsanı bütün qorxulardan etiqad və eşq azad edər. Səni isidən hər etiqadı saxla, səni soyudan hər etiqaddan uzaqlaş» - dedi. Mövlana dünyaya yenidən gəldi. Özü demiş, «yanan çıraq yanmayan çırağa toxunub getdi»...
Şəmsin Konyadan qəfil yoxa çıxması, o dövr müəlliflərindən birinin yazdığı kimi «qeybə çəkilməsi» barədə müxtəlif fikirlər var. Ən məşhur versiya onun öldürülərək bir quyuya atılmasıdır. Lakin «Məqalat»ın ən görkəmli tədqiqatçısı, kitabın elmi-tənqidi mətninin tərtibçisi Məhəmmədəli Müvəhhid Şəmsin Konyadan Təbrizə qayıdarkən Xoyda vəfat etdiyini və Xoydakı Şəms Təbrizi minarəsinin bu nadir şəxsiyyətin əsl dəfn yeri olduğunu əsaslandırır. Biz də bu fikrə qoşuluruq.
Şəmsin «Söhbətlər»i canlı fikrin misilsiz bir abidəsidir. Tam qətiyyətlə deyə bilərik ki, klassik farsdilli nəsrdə onun analoqu yoxdur. Təəssüf ki, bizdə lazımınca tədqiq və təbliğ olunmayıb. Hələ də bizdə Şəmsi şair adlandıran, «Divani-Şəms»in ona aid olduğunu yazan «alimlər» var. Şəms özü isə: «Məndə heç vaxt yazmaq adəti olmayıb, söz məndə qaldıqca hər an başqa bir üz göstərir» - deyir. Amma Mövlana irsinin məşhur araşdırıcılarından Bədiüzzaman Füruzanfər yazır ki, Mövlananın əsərlərini həm də Şəmsin əsərləri saymaq olar. Zatən, Mövlana öz bənzərsiz divanını «Şəmsin divanı» adlandırmaqla bunu demək istəyib. Şəmsə müraciətlə açıq şəkildə:

بلكه صداي تو است اين همه گفتار من

- «Mənim bütün bu dediklərim sənin səsindir» - söyləyib. Və Şəmsin bu sözləri deməkdə nə qədər haqlı olduğunu təsdiq edib: «Əgər mənim deməyə bir sözüm olsa və bütün dünya ağzımı yumsa ki, o sözü deməyim, həmin söz min il sonra da olsa, mən istəyən şəxsə çatacaq!» Bu mənada Mövlananın bütün dünya tərəfindən qeyd olunan 800 illiyi həm də Mövlananı Mövlana edən, onun «haqqın və canın Günəşi» adlandırdığı Şəmsin – özünü Təbrizdən çıxan kişilərin ən kiçiyi sayan Şəms Təbrizinin bayramıdır.

20 oktyabr 2007



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər