Raziyə Tüccar. BOZ DAYANACAQ

(hekayə)

Kişi ilə qadın hər ikisi susurdu. Şüşətəmizləyənlər fasiləsiz yağan qarı çatdırıb kənara ata bilmirdi. Göyün tavanı qısalmışdı. Eşitdikləri yalnız təkərə bağlanmış zəncirin yolun səthinə çırpılmasından doğan səslər və maşının arxasından gələn kəsik, uca qışqırıqlar idi. Oğlanın xurmayı gözləri, qarğıdalı saçaqları tək qızılı saçları vardı. Boyu da elə idi ki, maşında ayaq üstə duranda ancaq burnunu şüşəyə yapışdırıb quşbaşı qara tamaşa edə bilirdi. Amma bilinmirdi ki, sevinir, yoxsa qorxur. Çünki həmişə olduğu kimi əyri dişlərini bir-birinə sıxıb boğuq qışqırıqlar çıxarırdı. Qadının başına bağladığı qara yaylıq rəngi qaçmış sifətini haşiyələmişdi. Nigaran baxışları qarşıya dikilmişdi. Xəyali bir şeyi ovcunda bərk-bərk sıxırdı. Kişi sağ əli ilə sükanı tutmuşdu, sol əli ilə də siqaret çəkirdi. İki yeni qırış alnında şırım açmışdı, gicgahlarında bir neçə ağ tük görünürdü. Bunları güzgüdə seyr edirdi.
- Ehtiyatlı ol!
Qadın qışqırıb sol əli ilə sükandan yapışdı. Kişi ayağını tormoza basdı. Maşın yerində üç dəfə fırlanıb dayandı. Kişi ancaq öz qışqırığını və sınıb tökülən şüşənin səsini eşidə bildi.

- Axmaq!
İndi böyrü üstə maşının içinə yıxılan oğlan fasiləsiz qışqırığı ilə onların ürəyini parçalayırdı. Qabaq şüşənin sınmış yerindən içəri soyuq vururdu. Qadın kəsilmiş biləyinə baxırdı. Qorxmuşdu və bütün gücü ilə yumruqlarını maşının qabaq şüşəsinə dayamışdı.
Bir inək asta-asta yolun qırağındakı meşəyə girməkdə idi.
Kişi yumruğunu sükana çırpdı:
- Hər yerdə əsəb döyüşüdür, hər yerdə!
Hirsindən partlayan qadının ağzı açıldı:
- Niyə bizi bu cəhənnəmə gətirmisən, niyə?!
Kişi cibindən dəsmal çıxarıb qadının biləyini səliqəsiz şəkildə bağladı. Oğlan indi ayağa durub ağlayırdı. Qadın qanrılıb o biri əli ilə onu arxaya itələdi:
- Kəs səsini, lənətə gəlmiş, kəs!
Maşının qapısını açıb düşdü. Villaya doğru yol yox idi. Kişinin çağırışlarına, oğlanın qışqırıqlarına məhəl qoymayıb kəsəsinə getmək qərarına gəldi. Amma onlar çatanadək qapı arxasında gözləməli olacaqdı. Elə də oldu.
***
Qadın soyuqdan bir küncdə büzüşmüşdü. Böyük otağın döşəməsi soyuq və nəm idi. Otaqda qədimi bir mebel və divar sobası vardı. Qədimi kəfgirli bir saat onun sükutunu pozurdu. Kişi sobanı yandırmağa çalışırdı. Odunlar nəm çəkmişdi və şölələr asanlıqla onların nəmişliyini uda bilmirdi. Oğlanın zırıltısı kişini özündən çıxarırdı. Ayağa durub siqaret yandırdı və pəncərəyə yaxınlaşdı. Pəncərə meşəyə açılırdı. Meşənin sıx ağacları qarın ağırlığından əyilmişdi. Bircə kiçik pöhrələr qardan yaxa qurtarmışdılar. Oğlan ağladıqca elə bil otaqda soyuq yel əsirdi. Kişi dönüb ona baxdı. Onun qızılı saçları totuq əllərinin üstündən asılmışdı. Kişinin səsində hiddət alovlandı:
- Niyə onun əynini dəyişdirib qarnını doydurmursan?
Qadının səsində nifrət dalğalandı:
- Başa düşmürsən ki, yorulmuşam, yorulmuşam, yorulmuşam!.
Kişi ona doğru bir addım atdı:
- Elə onunçün bura gəldik, dincəlmək üçün...
Qadın qalxıb oğlana tərəf getdi. Şəhadət barmağını onun alnına tuşladı:
- Bu lap cızığından çıxıb..., çıxıb cızığından...
Və onun səsini kəsmək üçün çiyinlərindən tutub möhkəmcə silkələdi.
Kişi sanki havadan asılmışdı. Çiyinləri sallanmış, gözləri qızmışdı:
- İşin olmasın onunla!
Qadın əsəbindən titrəyirdi:
- Rəhmsiz, zalım, duyğusuz... De, ürəyin nə istəyirsə de, hesab et ki, eləyəm. Özünü də ən yaxşı ata kimi göstər, amma bil ki, çirkinsən. Nə qədər inkar eləsən də...
Kişi maşanı götürüb havaya iki zərbə vurdu:
- Özün dayanacaqsan, ya mən susdurum?!
Pəncərə hələ açıq idi və içəri soyuq dolurdu. Soba sönmüşdü. Oğlan gah ağlamsınıb, gah da gülümsəyərək saçlarını dartışdırır və əl çalırdı. Qadın onu darta-darta mətbəxə apardı. Ayaqlarının altı düz, baldırları əyri idi, ona görə çətinliklə yeriyirdi. Kişi gözlərini onlardan çəkdi. Maşanı tullayıb sobaya yaxınlaşdı. Yenidən odunların üstünə nöyüt töküb kibriti çəkdi, odunlar alovlandı.
***
Oğlan yatmışdı. Daha nə təkərə bağlanmış zəncirin qarla örtülmüş yola çırpılmasından doğan səs eşidilirdi, nə də onun qışqırıqları. Amma hələ də hər ikisinin qulağında səs vardı. Səs, səs, səs...
Qadın divanda oturub ayaqlarını yelləyirdi. Kişinin bayaq əlinə bağladığı dəsmalın düyününü açmışdı və onu yenidən özü bağlamağa çalışırdı. Kişi sobanı yandırmış, konservləri açıb bir boşqaba boşaltmışdı. Amma qadının ürəyi buz parçası kimi soyuq idi və yemək istəmirdi.
Kişi gözləyirdi ki, o başlasın. Bir saat olardı ki, otağın tavanının bir küncündən damırdı. Gur qızılı saçlar açıq mavi üzlüklü döşəyin üstünə səpələnmişdi. Yorğan oğlanın düz boğazına qədər çəkilmişdi. Yorğanın altında büzüşmüş balaca vücud deyirdi ki, hava soyuqdur. Deyəsən, qadının ürəyini titrədən, kişinin varlığını əsdirən soyuq onun da canına işləmişdi.
Kişinin öskürəyi sükutu pozdu.
- Yəqin bilirsən ki, niyə bura gəlməyimizi istədim.
Qadın bu cür başlanğıca razı deyildi. Amma dözməyə məcbur idi. İndi əlindəki bıçağın ucu ilə stolun müşəmbəsi üzərinə xətlər çəkirdi. Kişi dilləndi:
- On bir ildir ki, birgə yaşayırıq.
Qadın dedi:
- Dözürük.
Sobanın yanında oturmuş kişi maşanı götürüb odunları qarışdırdı.
- Elə demə, hər şey məhəbbətdən başlayıb.
Qadın rişxəndlə gülümsədi:
- Və nifrətlə bitib.
Kişi döşəmənin üstünə düşmüş közü tələsik götürüb sobanın içinə atdı:
- Mən hələ ümidimi itirməmişəm.
Qadın əyilib ayağının altından çantasını götürdü və yaralı əli ilə bir şəkil çıxarıb ona uzatdı:
- Bax, yaxşı bax, yəqin ki, onu tanıyırsan.
Alovun işığı kişinin rənginin qaçmasını gizlədirdi:
- Sən düz başa düşmürsən.
Qadın şəkli dörd yerə parçaladı:
- Qoymayacam rahat nəfəs alasan, qoymaycam...
Kişi güldü:
- Bu nümunələrdən ciblərimdə və çantamda çoxdur...
Qadın rişxəndlə gülümsəyib şəklin qırıntılarını ətrafa səpələdi. Sonra üzünü əlləri arasına alıb ağlamağa başladı.
Kişi ona doğru addımladı. Qadın birdən yerindən qalxıb geri çəkildi:
- Əl vurma mənə! İndiyə qədər heç kəsə sənin qədər nifrət eləməmişəm.
Kişi əlacsız şəkildə ona baxdı:
- Axı mən ya yaxşı dost, ya yaxşı ər, ya da yaxşı ata olmalıydım. Yəni bunlardan heç biri deyiləm, heç biri?!
Qadın yataq otağına getdi. Taxtın baş tərəfindəki divardan çərçivəyə salınmış bir şəkil asılmışdı. Onu mıxçadan çıxardı. Toy şəkilləri idi. İndi kök və bir qədər qısa görünsə də, şəkildə incə və ucaboy idi. Kişi ona baxıb gülürdü, özü də bütün üzü ilə gülürdü, o isə güllər və tüllər içərisində bərq vururdu. Otağa qayıtdı. Yaralı əli ilə şəkli ona uzatdı:
- On bir ildən sonra bizim məhəbbətimiz uşağımıza oxşayır.
Sonra kişiyə tərəf getdi və onun yanından ötüb keçdi. Pərdəni kəskin bir hərəkətlə kənara çəkərək, pəncərəni açdı. Soyuq külək kişinin vücudunu titrətdi. Qadın üzünü pəncərənin toruna söykəyib qışqırdı:
- Necə deyim ki, yorulmuşam, yorulmuşam, yorulmuşam!
Səsi meşədəki ağacların gövdələrinə dəyib çilik-çilik oldu. Kişi gördü ki, onun çiyinləri titrəyir. Yerə əyildi. Evin damına yığılmış qar kişiyə ağırlıq edirdi.
***
Hava alatoran idi. Qar kəsmişdi. Mavi bir duman havanı bürümüşdü. Qadın oğlanın əlindən tutub yol gedirdi. Uzun paltosunun ətəkləri yeri süpürürdü. Meşədəki ağaclar onların hərəkətinə yamanca mane olurdu. Çiyinlərini qar örtmüş ağaclar. Bircə kiçik pöhrələr qardan xilas olmuşdular. Amma qadın arabir onları tapdalamaq məcburiyyətində qalırdı. Oğlan sakitcə onunla birgə addımlayırdı. Ayaqlarını çətinliklə atır və düz qabağa baxırdı. Gərək isti çəkmələrini geyəydi. Amma yola çıxanda qadın onları tapmayıb adi ayaqqabılarını geyindirmişdi. Oğlan soyuğa məhəl qoymayıb asta-asta yeriyirdi.
Qadın bütün gecəni yatmayıb fikirləşmişdi. Və səhər, səhər tezdən paltarlarını geyindirmək üçün oğlanı durğuzanda, çalışmışdı ki, kişi yuxudan oyanmasın. Külqabıda qalaqlanmış siqaret kötükləri göstərirdi ki, o da gecədən xeyli keçənə qədər yatmayıb. Yəqin ki, o, yuxudan ayılsaydı, onlar bu yolu getməzdilər. Amma indi...
Yavaş-yavaş meşədəki ağaclardan uzaqlaşdılar və dənizin sahilinə tərəf addımladılar. Mavi dumanın arxasında dəniz yaralı heyvan kimi nərildəyirdi. Sahilə çatanda qadın dayandı. Mülayim bir külək oğlanın qızılı saçlarını bir-birinə qarışdırdı. Qadın onun gödəkcəsinin son düyməsini də bağladı. Boynundakı şərfi bir az da sıxdı. Yaxasını axıra qədər qaldırdı. Əyilib ayaqqabılarını çıxardı və onun ayaqlarının düz altından öpdü. Sonra öz ayaqqabılarını da çıxardı və yavaş-yavaş suya girdilər.
Bir dalğa özünü onların ayaqlarına sürtdü. Sonra bir az yuxarı qalxdı. Oğlandan kəsik bir qışqırıq çıxdı və əllərini qızılı kəkilinə doğru apardı. Yenə ucadan qışqırıb əllərini bir-birinə vurdu. Artıq su belinə qədər çatmışdı. Növbəti dalğa onları bir-birindən ayırdı. Qadın həyəcanla özünü ona çatdırıb ayaqlarını qucaqladı. Üfüqdə qırmızı bir ürək parçalanmışdı və onun qanı suyun səthini örtürdü. Qadın uşağı bərk-bərk sinəsinə sıxıb gözlərini yumdu ki, boz dalğaya minib dərinliklərə getsinlər.
Kişi sönmüş sobanın yanında oturub onların boş qalmış yerlərinə baxırdı…

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər