Pərviz Hüseyni. YOL


(hekayə)

Səhərin alatoranında yolun başlanğıcına yetişdi. Bu yolun sonda onu hara aparacağını bilmirdi. Yol çılpaq idi, kənarlarını duman bürümüşdü. O, islanmış və soyuqdan donmuş halda duman topalarından keçib Günəşli yola çıxmış atlılar barədə düşünürdü. İstəyirdi ki, kimsə gəlib onu özü ilə aparsın.
Yolun iki tərəfi ağaclıq idi, küləklərlə təkbətək qalmış naməlum otlar ümidsizlik qoxusunu və səhərin soyuğunu dadırdılar. Təbiətin xəlvət guşəsindən başqa heç kəs yox idi, amma qəribə səslər eşidilirdi ki, onların da haradan çıxdığını ayırd etmək olmurdu. Görünür, bu səslər təxəyyülün məhsulundan başqa bir şey deyildi. Hər nə idisə, onun canına qorxu salırdı. Yoldan acı qürbət iyi gəlirdi. Oğrun-oğrun irəliləyirdi. Hava soyuyur və tənhalığı daha da ağırlaşdırırdı. Sanki hər şeyin üzərinə qurğuşun və kül səpilmişdi.

Nə qədər yol gəlmişdi? Bilmirdi. Amma duman seyrəlir və deyəsən, Günəşin şüaları toran xəlbirindən keçib çölün üzünə düşürdü. O, yad bir adamın azca qabaqda, yolun kənarında oturub ətrafı süzdüyünü gördü. Yad adam ona tanış gəldi. Tanış bir yad! Elə bil o, qəflətən yerdən çıxmışdı. Ya da görünür, başqa yollarla gəlib ora yetişmişdi. Özünə həmsöhbət tapdığını düşünüb gülümsədi və addımlarını itiləşdirdi. Tanış yad onu görən kimi ayağa qalxdı. Uzun qara saçları vardı. Ağzında dişləri yoxdu. Gözləri iki odlu çuxura bənzəyirdi. Beli əyilmişdi. Uca səslə dedi:
- İnanmazdım ki, yer üzündə bir insan qalıb!
Onu qorxu bürüdü. Kişinin səsinin əks-sədası dumana qarışdı və o, fikirləşdi ki, dəlinin birisinə rast gəlib. Yorğun halda dedi:
- Məgər özün insan deyilsən?!
Tanış yad güldü. Ucadan və dəlicəsinə, havanı yarıb keçən top mərmisinin davamlı vıyıltısına bənzər səslə güldü. Onun ağzı üzünün digər əzalarına nisbətən daha qabarıq nəzərə çarpırdı. Danışanda və ya güləndə, boş bir çuxura bənzəyən ağzından buxar çıxırdı…
Hə, yolda tənha olasan, bir dəliyə rast gələsən, o da deyə:
- Tüpürüm insanlara, mən onlardan deyiləm!
O, cavab vermədi. Yad adamdan daha çox qorxmağa başladı və iti addımlarla yola düzəldi. Bir qədər uzaqlaşdıqdan sonra dönüb geriyə baxdı. Yad adam getmişdi. Hara? Özündən qabaqda gedən kölgəsini gördü. Öz-özünə dedi: «Görünür, bütün bunlar xəyaldan başqa bir şey deyilmiş! Yoxsa o, birdən-birə hara qeyb ola bilərdi?!»
Addımlarını yavaşıtdı. Yorulmuşdu. Yolun kənarındakı ağaclar kölgələrini yerə sərmişdi. Özü də hiss etmədən yoldan çıxdı. Azca qabaqda iri bir ağac vardı. Tənha bir quş islanmış budaqlar arasında öz tayını axtarırdı və qürbət qəmindən nalə çəkirdi. Ağacın altında uzanıb baxmağa başladı. Ta o vaxta qədər ki, gözlərinin yorğun qapaqları yumuldu.
* * *
Yuxudan duranda kölgələr yoxa çıxmışdı və yolun kənarında dayanan bir kəs onu səsləyirdi. O, mənasız səfəri və bədənində məskən salmış yorğunluq haqqında düşündü. Yad adama çatanda, onu tanıdı. Üzünü tam görməsə də, elə bil illərlə onun dalınca düşmüşdü. Bu mübhəm kölgə dəhşətli bir şey kimi yuxuda və oyaqlıqda onu izləyirdi. Bu yad adam həmişə ona tanış gəlirdi. Sanki illərlə onu görmüş, lakin özündən uzaqlaşdıra bilməmişdi. Tanış səsin gurultusu eşidildi:
- İnanmazdım ki, yer üzündə bir insan qalıb!
- Mən hələlik qalmışam.
Bunu deyəndə, yad adam güldü. Nəfəsinin hərarəti acı dadırdı, ağzının çuxuru qaranlıq və dərin görünürdü. Saçları qarışmışdı. Gülə-gülə dedi:
- Qəmli və qərib bir qürubdur, gəl, sonuncu axşamı birlikdə olaq!
Ürəyi titrədi. Bədəni bumbuz idi. Sonuncu axşam?! Axı nə qədər yol qalmışdı ki?! Qarşıda gecə və şaxta vardı. Yad hələ orda idi. Ağzının boş çuxurundan buxar çıxırdı. Qızarmış gözləri o yan-bu yana qaçırdı. Gecənin soyuğundan çox onun vücudu adamı titrədirdi. Tərəddüd birə kimi canına daraşmışdı: qalsın, yoxsa qalmasın?!
Qaranlıq düşürdü. Taqəti tükənmişdi. Dadına yetəcək kimsə yox idi. Elə bil o, sonuncu adam idi. Yol çılpaq idi və mübhəm bir zülmət onun kənarlarını bürüyürdü. Külək əsir, onu yad adama tərəf itələyirdi. Yad adamın çəngəl kimi ona uzanmış əlini sıxıb onun ardınca yoldan aşağı sürüşdü. Gecə hər yeri öz qoynuna almışdı…

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər