Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR

"Səhər" təxəllüslü Həmidə Rəiszadə 1952-ci ildə Ərdəbildə doğulmuşdur. "Mavilər" və "Yaşıl mahnı" adlı şeir kitabları ilə tanınmışdır. Əsərləri əksərən ana dilindədir. Farsca da şeirlər yazmışdır. Aşağıdakı şeirlər onun "Mavilər" kitabından seçilərək latın əlifbasına çevrilmişdir.

AĞLAYA BİLSƏYDİM

Dayanmağa divar,
Nəfəs çəkməyə az-çox hava,
Alışdırmağa siqar,
Sinəmin dərdin bitirməyə dava
Var.
Bunlar deyil dərdim;
Günəş yerinə ulduzlara kifayət eləyə bilərdim –
Başımı çiynivə qoyub
Ağlaya bilsəydim.


HƏSRƏT


Bir türkü dilimdə,
Bir sevinc baxışımda,
Bir gülüş dodağımda
Ölüşgədi.
Alqışa uzanmış qollarım
Həsrətlə qol-boyun oldu.
Kim qopardıb ulduzları?

YAŞIL EHSASLI

Yenə nisgil ləçəyin saldı xəzan,
Açmamış qönçələri çaldı xəzan,
Məni də caynağına aldı xəzan,
Yaşıl ehsaslı çəmən saxla mənə.

Yalana düzlük oxu etsə əsər,
Gül bitib, qönçə gülüb, açsa səhər,
Bir də görkəmli ürək görsən əgər,
O ürəklərdə vətən saxla mənə.

Sözlərin sinələrə köz qaladar,
Duyğunu tüşgülü közdən caladar,
Ondakı söz Günəşi çalxaladar,
Sözdə ulduz kimi dən saxla mənə.

Dayaq ünvanlı dağ avarəsiyəm,
Qara günlərdə ağ avarəsiyəm,
Bir gülüşlük dodaq avarəsiyəm,
Qəmlərə qarşı gülən saxla mənə.

Demirəm, xoşluğa yad et, yada sal,
Qəm önündə adımı fəryada sal,
Məni də qəm bölüşəndə ada sal,
Bir ürək paylı məhən saxla mənə.

Bir dayan, zirvəyə diz qoy, gəlirəm,
Sanma ki, xəstəyəm, iz qoy, gəlirəm,
Bir çanaq sözdə dəniz qoy gəlirəm,
Bir döyüş meydanı çən saxla mənə.

Ucalıqlarda izin var deyərək,
Çıxaram dağlara "yar-yar" deyərək,
Gələrəm qürbət evin dar deyərək,
Vətən ünvanlı kəfən saxla mənə.

SAHİRƏ

Hansı göz yaşıyla tarlanmış baxış
Günəş həsrətiylə göyə bağlandı
Gizləndi arzular ulduzu
Söndü?!
Hansı yolda qalmış göz yaşı
Axdı
Dənizə qoşulan qəm bulağına
Dənizdən alovlu
Dalğa daşlandı?!
Hansı ah sızladı yel qulağına
Inilti səsinə ayıldı tufan
Dağlar silkələndi
Göy doluxsandı?!
Hansı əl üzüldü eşq ətəyindən
Ürəklər odlandı
Zaman dayandı?!
Bir mahnı bardağı çöndü
Calandı
Bir varlıq çardağı uçdu
Talandı
Gecədən ayrılıb
Zülmətdən qırıb
Yüksəldi arzular ucalığından
Ulduzlar qoynunda
Nura quylandı.


4 Şərh
  1. Əziz Məssiağa,
    Qara xəbəri yenicə Həmiddən eşidib çox kədərləndim. Siz sağ olasız.
    Vay günündə kənarızda olmaq istəyərdim. Yazıqlar olsun ki Vay günlərimizi də paylaşabilmədik!


  2. Əziz Ülkər xanım!
    Kədərimə şərik olduğunuz üçün təşəkkür edirəm, Tanrı sizə və böyüklərinizə uzun ömür versin.
    Təəssüf ki, siz deyən kimi, nə vayda, nə toyda bir-birimizin yanında ola bilmirik, bu da bir taledir. Yetər ki, könüllərimizi bağlayan tellər qırılmasın...
    Sağ olun, var olun.


  3. salam massiaga muallim bo garra xabardan çox çox kadarlandim siza bu boyuk eitgi eiçin bas sagligi veriram bo dardiniza manda sarikam hormatla baxtiyar mugan oglo


  4. Əziz Bəxtiyar müəllim, çox təşəkkür edirəm,sağ olasız. Ulu Tanrıdan sizə və yaxınlarınıza uzun ömür diləyirəm.
    Yaxşı ki, sizlər varsınız...


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər