Dördüncü hissə
İRANI TƏRK EDƏNDƏN SONRA
Bizim ata-baba yurdumuzu tərk etməyimizlə nəticələnən hadisələr 1978-ci ilin yanvar ayında başladı. Yanvarın 7-də «Ettelaat» qəzetində ayətullah Xomeynini tənqid və təhqir edən bir məqalə dərc olundu. Hamıya bəllidir ki, bu məqalə barıt anbarına düşmüş qığılcım rolunu oynadı və onun alovu bütün ölkəni bürüdü. Son dərəcə məlumatlı bir adam kimi həmin məqalə barədə əsl həqiqəti söyləyə bilərəm: bu biabırçı məqalə sabiq baş nazir Hüveyda və onun adamları tərəfindən hazırlanmışdı; həmin məqalənin Məhəmmədrzanın göstərişi ilə yazılması barədə indiyə qədər deyilənlər isə ağ yalandan başqa bir şey deyil.
Məhəmmədrza 1963-cü ildə bir dəfə ruhanilərlə üz-üzə gəlmişdi, ruhanilər də SAVAK-ın və şah qvardiyasının təzyiqlərindən xeyli zərər çəkmişdi, odur ki, hər ikisi bir-birinin «ərazisinə» girməməyə çalışırdı. Xomeyni Nəcəfdə öz dini işləri ilə məşğul idi və 1972-ci ildə Əlcəzairdə şahla Səddam arasında sülh müqaviləsi imzalanması nəticəsində İran-İraq münasibətləri yaxşılaşdıqdan sonra susmuşdu; daha doğrusu, İraq hökuməti onun siyasi fəaliyyətinə icazə vermirdi.
1978-ci ilin qışında ayətullah Xomeyninin böyük oğlu Nəcəfdə vəfat etdi. Müsəlman adətlərinə uyğun olaraq, Xomeyninin qohumları və tərəfdarları Nəcəfdə, Qumda və Məşhəddə yas mərasimləri təşkil elədilər. Bu məclislərdə çıxış edən bəzi şəxslər başsağlığı verməklə yanaşı, Xomeyninin sürgündə olmasını da vurğulayıb onun İrana qayıtmasına icazə verilməsini tələb etdilər. Qumdakı SAVAK və polis əməkdaşlarından bir qrupu yersiz canfəşanlıq göstərərək, ayətullah Xomeyninin oğlunun yas mərasiminə hücum edib onu dağıtdı. Bu hadisə Qumda kiçik iğtişaşların baş verməsinə səbəb oldu. Əgər hökumət buna ciddi əhəmiyyət verməsəydi, tezliklə unudulub gedəcəkdi və ölkənin digər məntəqələrində əks-səda doğurmayacaqdı. Amma SAVAK məmurlarının ağılsızlığı və səriştəsizliyi, eləcə də Hüveyda qruplaşmasının vəziyyətdən sui-istifadə etməsi davamlı iğtişaşların baş verməsinə səbəb oldu və sonda situasiya hamının nəzarətindən çıxdı. Bu hadisələrə qədər 13 il ərzində baş nazir olmuş və ölkə iqtisadiyyatını böhran həddinə gətirib çıxardığı üçün işdən kənarlaşdırılıb Cəmşid Amuzqar ilə əvəzlənmiş Hüveyda vəziyyəti Amuzqar hökumətinə zərbə vurmaq baxımından münasib bilib iğtişaşları daha da qızışdırmağa və onun vəzifədən çıxarılmasının siyasi böhrana səbəb olduğunu göstərməyə çalışırdı. Təsadüfi deyil ki, Məhəmmədrza həyatının sonuna qədər Hüveydanı bağışlaya bilmirdi, həmişə onu lənətləyib şahlığın süqutunun əsas səbəbkarı olduğunu söyləyirdi.
Sözügedən məqalənin ilkin variantını Hüveyda özü hazırlamışdı və onun əlaltısı olan jurnalistlərdən Pərviz Nikuxah yazının üzərində işlədikdən sonra çap olunmaq üçün ölkənin əsas qəzetlərinə – «Keyhan» və «Ettelaat»a göndərmişdilər. «Keyhan»ın rəhbəri doktor Misbahzadə məqaləni çap etməkdən imtina eləmişdi. «Ettelaat»ın baş redaktoru Fərhad Məsudi isə məsləhətçilərinin xəbərdarlığına məhəl qoymayıb ayətullah Xomeyninin əleyhinə olan yazını qəzetində dərc etmişdi. Məqalənin çapından dərhal sonra Qumda, Məşhəddə, Təbrizdə və digər şəhərlərdə ruhanilərin və ayətullah Xomeyni tərəfdarlarının nümayişləri keçirildi və tədricən ölkəni etiraz dalğası bürüdü. Mən indi o məqalənin məzmununu dəqiq xatırlamıram, amma yadımdadır ki, məqalə ruhanilərin və şəxsən ayətullah Xomeyninin ünvanına təhqirlərlə dolu idi.
Hüveyda bu məqalə ilə öz məqsədinə – Cəmşid Amuzqarın dövlət idarəçiliyində guya səriştəsiz olduğunu göstərməyə nail oldu, amma onun Amuzqara qarşı mübarizəsi öz ziyanına başa çatdı. Belə ki, bundan bir il də keçməmiş Hüveyda İranda edam olundu, Cəmşid Amuzqar isə hal-hazırda ABŞ-da rifah içində yaşamaqdadır və Beynəlxalq Valyuta Fondunun məsul işçisidir.
Ərdəşir Zahidi mənə danışırdı ki, həmin məqalənin çapından və Qumdakı ilk nümayişdən sonra şaha zəng vurub bu təxribata görə Hüveydanı həbs edib cəzalandırmağı və iğtişaşları yatırmağı təkidlə xahiş eləyibmiş. Amma şah bu səmimi məsləhətə məhəl qoymayıb Ərdəşir Zahidini Hüveydaya qarşı şəxsi ədavətdə ittiham edibmiş.
Sonralar Panamada olduğumuz zaman Məhəmmədrza etiraf edirdi ki, ilk vaxtlar iğtişaşlara münasibətdə səhlənkarlıq göstərib və Hüveyda tərəfindən aldadılıb. O danışırdı ki, SAVAK-ın rəisi general Nəsiridən baş verənlərlə bağlı izahat istəyib. Nəsirinin şahla görüşündə iştirak edən Hüveyda dərhal Nəsirinin köməyinə yetişib və SAVAK-ın işinin yarıtmazlığını ört-basdır etmək üçün deyib ki, qarışıqlığı törədən sərhədin o tayından gəlmiş bir ovuc «Tudə»çidir. Məhz bu iki şəxs bir müddət şahı inandıra bilmişdi ki, bütün hadisələrin arxasında kommunistlər («Tudə»çilər) dayanır! Daim sui-qəsd xofu ilə yaşayan, hamıdan və hər şeydən şübhələnən Məhəmmədrza rəsmi bəyanatlarında, müsahibə və çıxışlarında qırmızı və qara irticanın birliyindən danışırdı və bu zaman «Tudə»çilərlə ruhanilərin ittifaqını nəzərdə tuturdu. Hətta Təbriz hadisələrindən sonrakı müsahibələrindən birində demişdi ki, Təbrizdə qarışıqlıq salanlar Azərbaycan əhalisi deyildir, Azərbaycanda asayişi pozmaq üçün sərhədin o tayından gələnlərdir!
Yadımdadır ki, bir dəfə bu barədə qızımla Məhəmmədrza arasında kəskin mübahisə oldu. Fərəh şaha dedi ki, Türkiyə bizimlə təhlükəsizlik haqqında saziş imzalayıb, həm də SENTO blokunda bizim müttəfiqimizdir, belə olan halda İrana təxribatçılar göndərə bilərmi?! Sonra əlavə etdi ki, SSRİ ilə sərhədimizdən quş da uça bilmir; necə ola bilər ki, günün günorta çağı minlərlə adam sərhədi keçsin və təxribat törətmək üçün İran torpağına gəlsin?! Məhəmmədrza bəzi dəlillər gətirdi və isbat etməyə çalışdı ki, əcnəbilər İranın inkişafını istəmirlər, onun üçüncü dünya ölkələri üçün nümunəvi bir dövlət halına gəlməsini arzulamırlar.
O vaxtlar SAVAK Sovet Azərbaycanında bir millətçinin hakimiyyət başına gəlməsi barədə geniş hesabat hazırlayıb şaha təqdim etmişdi. Hesabatda göstərilirdi ki, Heydər Əliyev – əslən İrandan (Zəncan ətrafından) olan bir azərbaycanlı və Politbüronun (SSRİ-nin ən ali hakimiyyət orqanının) üzvü Azərbaycan Sovet Respublikasının rəhbəri seçilib və bu vəzifədəki ilk çıxışında İran Azərbaycanı ilə birləşməyi özünün son məqsədi elan edib.
Məhəmmədrza SAVAK-a nəhəng məbləğdə büdcə ayırmışdı və ölkənin iqtisadi işlərinə birbaşa müdaxilə ixtiyarı vermişdi. SAVAK-ın Nəsiri və Sabiti kimi rəhbərləri iqtisadi fəaliyyətlə məşğul idilər və hədsiz var-dövlət toplamışdılar. Onlar Məhəmmədrzanı SAVAK-ın işlək struktura malik olduğuna və fəaliyyətinin səmərəliliyi baxımından dünyanın aparıcı casus təşkilatları ilə bir sırada durduğuna əmin etmək üçün qəribə əhvalatlar quraşdırıb hesabatlar və analitik informasiyalar şəklində ona verirdilər, bununla da SAVAK-ın haralara yol tapdığını göstərmək istəyirdilər. Məhəmmədrza bu hesabatlara qətiyyən inanmasa da, detektiv və fantastik əhvalatlara fitri marağı üzündən onları yaxşı qarşılayırdı.
Həmin hesabatları və təhlilləri oxumağın nəticəsi bu olmuşdu ki, Məhəmmədrza Niyavəran sarayının qarşısında keşik çəkən qvardiya əsgərinə, yaxud bağçadakı gül kollarını budayan qoca bağbana MKİ-nin və ya «İntelicent Servis»in agenti kimi baxırdı və elə təsəvvür edirdi ki, bütün dünya ona qarşı qəsd hazırlamaqla məşğuldur! Getdikcə şahın şübhələri o qədər artmışdı ki, öz yaxın ətrafına da inanmırdı və mənim qardaşım oğlu Rza Qütbini sovet casusu və «Tudə»çilərin əlaltısı sayırdı.
Məhəmmədrza İranda qarışıqlıq və iğtişaşların yaranmasında heç bir vəchlə özünü müqəssir bilmirdi. Həmişə təəccüblə soruşurdu ki, bu camaat nə istəyir?..
Qumda ayətullah Xomeyninin oğlunun yas mərasiminə SAVAK və polis əməkdaşlarının ağılsız müdaxiləsi nəticəsində baş verən kiçik insident məmləkətin ən ucqar nöqtələrini də əhatə edən silsilə nümayişlər və davamlı iğtişaşlarla sonuclandı. İş o yerə gəlib çatdı ki, 1978-ci ilin Ramazan bayramı günü yüz minlərlə adam Tehranın küçələrinə çıxıb şəxsən şahın əleyhinə şüarlar səsləndirməyə başladı. Məhəmmədrza həmin gün vertolyota minib Tehran səmasından yumruqlarını düyünləyərək «şaha ölüm!» deyən nümayişçiləri seyr etdi və geri qayıdandan sonra İranı tərk etmək qərarına gəldi. O, son dərəcə ümidsiz və pərişan görünürdü. Sonralar Fərəh mənə danışmışdı ki, silahlı qüvvələrin komandanları, xüsusən ordu generalı Üveysi və general-mayor Nişat nümayişlərin yatırılmasına əmr verməyi şahdan xahiş etmişdilər. Amma Məhəmmədrza demişdi: «Biz ölkənin bütün əhalisini qıra bilmərik ki!»
Bundan sonra şah ailə üzvlərinə tövsiyə etdi ki, mümkün qədər tezliklə ölkəni tərk etsinlər. Amma artıq şah nəslinin bir çox nümayəndələri şeylərini yığıb İrandan getmişdi. Yeri gəlmişkən, bəzi kitablarda Əşrəf xanım haqqında olmazın əfsanələr qoşurlar və yazırlar ki, guya Əşrəf xanım dəmir iradəli bir qadın imiş, şahı İranda qalmağa vadar edib özü də onunla bərabər qalmaq və qiyamçıları əzmək istəyirmiş! Bu sözlər başdan-ayağa yalandır, çünki Əşrəf xanım Pəhləvi nəslindən birinci olaraq, şahın ölkəni tərk etməsindən xeyli qabaq İrandan getmişdi və özünün Nyu-Yorkdakı dəbdəbəli evində rahat həyat sürürdü.
Siyasi xadimlər, dövlət adamları və hətta ordunun yüksək rütbəli zabitləri bir-birinin ardınca məmləkəti tərk edirdilər. Hər gün qəzetlərdə neçə-neçə dövlət məmurunun və hərbçinin ölkədən getməsi barədə xəbərlər dərc olunurdu və Məhəmmədrza özünün necə tək qoyulduğunun şahidi olurdu. Hətta hərbi hökumətin baş naziri olan general Əzhari də ölkədən qaçmışdı! Bəziləri deyirlər ki, Əzharini insult vurmuş və o, şahdan icazə alaraq, müalicə məqsədilə İranı tərk etmişdi. Bir çoxları da yazırlar ki, Əzhari özünü xəstəliyə vurub müalicə bəhanəsilə Amerikaya getmişdi. Bunların heç biri həqiqətə uyğun deyildir. Əzhari şahdan çox amerikalılara sadiq idi və Məhəmmədrzanın dediyinə görə, hələ ABŞ-da hərbi təhsil alarkən, amerikalılar tərəfindən əməkdaşlığa cəlb edilmiş, sonralar onların himayəsilə vəzifə pillələrini sürətlə adalyıb ordunun baş qərargah rəisi olmuşdu. Əzhari uzun müddət SENTO-da amerikalıların sağ əli idi və o, ölkəni tərk edəndən sonra şah anladı ki, ABŞ Pəhləvi səltənətinin yaşaması üçün heç bir plana malik deyil və o, getməlidir. Əzhari və ailəsi şahın xəbəri olmadan, ölkədən çıxmaqla bağlı heç bir rəsmi qaydaya riayət etmədən amerikalı müşavirlərin ixtiyarına verilmiş Duşantəpə hərbi bazasından ABŞ hava qüvvələrinə məxsus təyyarədə İranı tərk etmişdi. Və yalnız Amerikaya çatandan sonra Əzhari şaha telefon açaraq ondan halallıq istəmişdi. Üstəlik şaha məsləhət görmüşdü ki, ölkədən çıxmaq barədə düşünsün, özü də mümkün qədər tez!
Güman edirəm ki, bu fakt sizə həmin vaxt İranda nələr baş verdiyini təsəvvür etmək imkanı yaradacaqdır. İnqilabın gedişində həyatdakı bütün uğurlarına görə Məhəmmədrzaya borclu olan yüksək rütbəli hərbçilər hamıdan əvvəl və hamıdan çox ona xəyanət etdilər! Burada general Qarabağinin xəyanətini xatırlamağa ehtiyac yoxdur. Hamı bilir ki, general Qarabaği amerikalıların göstərişi ilə Mehdi Bazərganla əlaqəyə girib ordunun hadisələrə müdaxiləsinə imkan vermədi və silahlı qüvvələrin bitərəfliyi haqqında bəyanat yaymaqla səltənətin süqutuna yol açdı. Bunlar o kəslər idilər ki, özlərinin qabağa getmələri üçün arvadlarını və cavan qızlarını Məhəmmədrzaya peşkəş edirdilər!..
Biz İrandan çıxmazdan əvvəl Pəhləvi və Diba nəsillərinin əksər nümayəndələri və ümumiyyətlə, hər hansı şəkildə bizimlə əlaqəsi olan şəxslər canlarının qorxusundan ölkəni tərk edib xaricə getmişdilər. Məhəmmədrza bütün davranışı ilə bizə anlatmağa çalışırdı ki, getməkdən özgə çarə yoxdur. Fərəh deyirdi: «Amerikalılar və ingilislər şahdan tələb ediblər ki, hakimiyyəti Şahpur Bəxtiyara təhvil verib getsin».
Şahpur Bəxtiyar müxalifətçi Milli Cəbhənin üzvlərindən biri idi və SAVAK-la yaxından əməkdaşlıq edirdi. O, Fransada təhsil almışdı və İkinci Dünya müharibəsində Fransa Milli Müqavimət hərəkatının sıralarında göstərdiyi şücaətə görə general De Qol tərəfindən ordenə layiq görülmüşdü. Bəxtiyar Fransa vətəndaşı idi, arvadı da fransız idi. Uşaqları Fransada yaşayırdı. Özünün İranda bir neçə şirkəti və fabriki vardı. Məhəmmədrza onu MKİ-nin agenti sayırdı və amerikalılar Bəxtiyarı baş nazir təyin etməyi şaha məsləhət görəndə, şahın buna şübhəsi qalmadı.
1979-cu il yanvar ayının 16-da biz İran torpağını tərk etdik. O zaman Rza ABŞ-da aviasiya məktəbində oxuyurdu. Odur ki, təyyarədə mən, Fərəh, Məhəmmədrza və bir neçə xidmətçi uçacaqdıq. Aeroportda hərbi hava qüvvələrinin komandanı general Əmirhüseyn Rəbiinin ağlaması səhnəsini heç vaxt unuda bilmirəm. Milliyyətcə alman olan həyat yoldaşının onun göz yaşlarının şahidi olmasına məhəl qoymadan, general Rəbii ağlaya-ağlaya özünü şahın ayaqlarına atıb acizanə surətdə xahiş etdi ki, məmləkəti tərk etməsin və ordunun bir neçə saata qiyamçıları məhv etməsinə icazə versin. Bu səhnəni seyr edən şah ağlamağa başladı. Bizim də gözlərimiz yaşla doldu...
Tehrandan Misirə yollandıq. Misirə çatan kimi Asuana getdik. Orada böyük bir bəndin arxasında iri süni göl yaradılmışdı. Gölün kənarında Misir hökumətinə məxsus bir mehmanxana vardı. Mərhum Ənvər Sadat və onun İran mənşəli xanımı Cihan Sadat bu mehmanxananı bizim ixtiyarımıza vermişdilər ki, orada yaşayaq. İranı tərk etməyimizdən keçən ilk həftələrdə bizimlə olan şəxslər hələ şahın ölkəyə qayıdacağına ümid bəslədiklərindən üzümüzə gülür və yaltaqlanırdılar, amma elə ki, bir ay ötdü, əsl simalarını göstərməyə başladılar.
Bəzi kitablarda yazırlar ki, Fəridə Diba şahdan və Fərəhdən qabaq İranı tərk etmişdir. Bu, həqiqətə uyğun deyil. Mən şahı Misirə aparan təyyarədə onunla birgə ölkədən getmişəm və şahın öldüyü günə qədər onun yanında olmuşam. Bizim İrandan getməyimizin və Misir, Mərakeş, Panama, Meksika və Amerikadakı sərgərdanlığımızın tarixçəsi çox ibrətamizdir. Məhəmmədrzanın bir sözü məni həmişə ağrıdır. Amerikalılar İran inqilabi hökumətini qıcıqlandırmamaq üçün müxtəlif bəhanələrlə şahı ABŞ-a buraxmamağa çalışdıqları zaman şah Rokfellerlə bir telefon söhbətində demişdi: «Məgər bu gen dünyada bir yer tapılmır ki, mən həyatımın son günlərini orada rahat yaşayım?!»
Bu söhbətin tarixi dəqiq yadımda deyil. Amma İrandan çıxdığımız günü heç zaman unutmaram – 16 yanvar 1979-cu il... Hava limanında soyuq külək əsirdi. Mən bizimlə gedəcək şəxslərlə şah və xanımından qabaq Mehrabad aeroportuna yollanıb şaha məxsus «Boinq-707» təyyarəsinə minmişdim. Bir çox dövlət adamları, siyasi xadimlər, yüksək rütbəli zabitlər şaha ehtiramlarını bildirmək üçün meydanda sıraya düzülmüşdülər. Şah aeroportdakı birmərtəbəli məxsusi iqamətgahında Şahpur Bəxtiyar hökumətinin Məclisdə təsdiq olunmasını gözləyirdi ki, rahat ürəklə ölkəni tərk edə bilsin. Bir müddət sonra Şahpur Bəxtiyar vertolyotla aeroporta gəldi və Məclisin onun başçılıq etdiyi hökumətə etimad göstərdiyini şəxsən şaha xəbər verdi. Şah bu xəbərdən məmnun qalıb otaqdan çıxdı və təyyarəyə doğru addımlamağa başladı. Məhəmmədrza aeroportda olan bir qrup jurnalistə bilidirdi ki, yorulduğu üçün qısa müddətə Misirdə istirahət etməyə gedir və özünü yaxşı hiss edən kimi ölkəyə qayıdacaq. Amma biz bilirdik ki, məsələ belə deyil və bir daha İrana qayıtmayacağıq. Bir gün əvvəl şah bizi bir yerə yığıb demişdi: «Bu, İranda yediyimiz sonuncu şam yeməyidir. Vaşinqtonla London məndən tələb edib ki, təcili İranı tərk edim və geri qayıtmaq fikrini də başımdan çıxarım».
Sonralar Asuanda olarkən Məhəmmədrza bizim yanımızda Misirin mərhum prezidenti Ənvər Sadata demişdi ki, onun istifadə müddəti bitib, buna görə də amerikalılar və onların əmioğlusu olan ingilislər onu işlənmiş dəsmal kimi kənara atıblar. Oxuculara deməliyəm ki, şahın amerikalılar və ingilislərlə ixtilafının kökü ərəblərin neft embarqosu dövrünə gedib çıxır. 1967-ci ildə 6 günlük ərəb-İsrail müharibəsi gedişində ərəblər Qərb ölkələrinə neft ixracını dayandırdılar. Nəticədə neftin qiyməti fantastik səviyyəyə qalxdı. Embarqoya qoşulmayan İran öz neftini baha qiymətə satıb böyük gəlir əldə etdi. Ərəblərin embarqosu bitəndən sonra Məhəmmədrza İranın OPEK təşkilatına rəhbərlik etməsinə müvəffəq oldu. Bu isə təşkilatın daha da möhkəmlənməsinə və neftin qiymətinin artmasına gətirib çıxardı. Həmin məsələ iri neft şirkətlərinin narazılığına səbəb oldu. İran neftinin əsas alıcıları olan amerikalılar və ingilislər böyük təzyiqlər göstərməyə başladılar ki, İran neft hasilatını artırsın və neftin qiyməti aşağı düşsün. Məhəmmədrza Qərb neft şirkətləri ilə açıq qarşıdurmaya getmişdi və İranın sədrliyi OPEK-i dünya iqtisadiyyatına əhəmiyyətli təsir göstərən nəhəng kartelə çevirmişdi. Neftin qiymətinin artması Qərb iqtisadiyyatında durğunluq yaratmışdı, İran isə ölkənin hərtərəfli inkişafı üçün zəruri olan böyük valyuta gəlirlərinə sahib olmuşdu. Amerikalılar və ingilislər ümid edirdilər ki, təzyiqlər vasitəsilə Məhəmmədrzanı yola gətirə biləcəklər, amma Məhəmmədrza nəinki tutduğunu buraxmamışdı, hətta 1976-cı ildə verdiyi məşhur müsahibədə qətiyyətlə demişdi ki, İran heç kimə güzəştə getməyəcək! İrandakı iğtişaşlar, daha doğrusu, səltənətin süqutu ilə sonuclanan təxribatlar buradan başlamışdı. Biz sonralar bu məsələni Rokfellerlə müzakirə etmişdik. Rokfeller bunu təsdiqləyib söyləmişdi: «Neft şirkətləri şahı devirmək istəmirdilər, onların məqsədi şaha öz güclərini göstərmək və onu ağıllandırmaq idi, amma sonra vəziyyət hamının nəzarətindən çıxdı!»
Misir prezidenti Ənvər Sadatın qonağı olduğumuz zaman əslən İsfahandan olan xanım Cihan Sadat bir dəfə Məhəmmədrzadan soruşdu ki, niyə qiyamçılarla sərt davranmadınız, qətiyyətsizlik və mülayimlik göstərdiniz? Məhəmmədrza bu suala cavab vermədi, amma mən də, Fərəh də, ailəyə yaxın olan bəzi digər şəxslər də şahın bu mülayimliyinin səbəbini bilirdik. Məhəmmədrza xərçəng xəstəliyinə tutulduğu üçün güclü depressiyaya düşmüşdü. Hakimiyyətinin son iki ilində o, heç nəyə maraq və diqqət göstərmirdi. Qızım Fərəhin şahın müavini təyin edilməsi və Dövlət Şurasının yaradılması onunla bağlı idi ki, Fransa və İsrail həkimləri Məhəmmədrzaya çox yaşamayacağını bildirmişdilər. Sonralar şahın bu ağır xəstəliyinə prostat problemi və qara ciyərin şişməsi də əlavə olunmuşdu. Beləliklə, hakimiyyətinin son çağlarında Məhəmmədrza təkcə Pəhləvi səltənətinin məhvə getməsini deyil, həm də öz vücudunun şamının əriyib sönməsini müşahidə edirdi. Hər gecə Niyavəran sarayında ruhların çağırılması mərasimi keçirilirdi və Məhəmmədrza bu yolla atasının ruhunu çağırıb ondan məsləhət almağa çalışırdı. Ruhları çağıranlardan biri bu işdə böyük səriştəyə malik şah ordusunun istefada olan giziri, digəri isə «Ettelaat» qəzetinin yaşlı müxbiri idi. İkinci şəxs o qədər qoca idi ki, ruhları çağırmağa qadir deyildi və yalnız birincinin bu işi düzgün gördüyünü müşahidə və təsdiq etmək üçün məclisə qatılırdı. Bu mərasimlərdən birində iştirak edən Fərəh deyirdi ki, Məhəmmədrza İranın keçmiş baş nazirlərindən bir neçəsinin ruhu ilə əlaqəyə girə bilib. Məhəmmədrza ruhların çağırılması mərasimlərində iştirakı nəticəsində melanxoliyaya qapılmış və heyrətamiz fikirlərə düşmüşdü. O deyirdi ki, mən İranın gələcəyini ölənlərin ruhlarından soruşmuşam. Onlar söyləyiblər ki, İran müharibəyə sürüklənəcək, çoxlu qan töküləcək və ölkə parçalanacaq!
Biz bütün çılpaqlığı ilə şahın cisminin, əsəblərinin və psixikasının sıradan çıxması və pozulmasını müşahidə edirdik. Bu dərəcədə xəstə olan bir insandan qiyamçılarla sərt davranmağı və xalq üsyanını yatırmağı gözləmək olardımı?!
Ən pisi o idi ki, şahın Ərdəşir Zahidi kimi yaxın müşavirləri ona mümkün qədər tez İranı tərk etməyi məsləhət görürdülər, çünki amerikalılar və ingilislər üçün Məhəmmədrza ilə ailəsinin həyatı heç bir əhəmiyyət kəsb etmir, hətta onlar Pəhləvi nəslinin İranda öldürülməsinin tərəfdarıdırlar ki, bu, Qərbə bağlı olan digər hökumətlərə dərs olsun və onlar Qərb şirkətlərinin mənafelərini təhlükəyə saldıqları təqdirdə hansı tale ilə üzləşəcəklərini bilsinlər! Amma qızım Fərəh deyirdi ki, bunlar hamısı uydurmadır, çünki Karter onunla görüşdə Məhəmmədrzanı və Pəhləvi səltənətini dəstəklədiyini bəyan edib. Məhəmmədrza isə Karterin bu bəyanatlarını ağ yalan sayırdı və deyirdi ki, amerikalılar onu ölkədən çıxarıb səltənət binasını dağıtmaq istəyirlər. O, NATO-nun Qərbi Almaniyadakı qoşunlarının komandanı general Robert Hayzerin Tehrana ardıcıl məxfi səfərlərini xatırladaraq bildirirdi ki, bu kişi ordunun mənə sadiqliyini aradan qaldırmaq tapşırığını yerinə yetirir.
Sonralar Amerikada olduğumuz zaman Devid Rokfeller açıq-aşkar deyirdi ki, şahın devrilməsində ABŞ-ın uzunmüddətli maraqları var. İndiyə qədər bizim maraqlarımız şahı dəstəkləməyi tələb edirdi, indi isə bizim uzunmüddətli mənafelərimiz şahın hakimiyyətdən getməsini tələb edir! Devid Rokfeller əmin idi ki, İranda islam fundamentalistlərinin hakimiyyətə gəlməsi bu ölkə ilə həmsərhəd cənub regionlarında əlli milyondan artıq müsəlmanın yaşadığı SSRİ üçün problemlər yarada bilər. O vaxtlar sovet ordusu hələ Əfqanıstanı işğal etməmişdi. Devid Rokfeller bizə deyirdi ki, ABŞ SSRİ-ni müsəlmanlarla üzücü müharibəyə cəlb edib onu zəiflətmək istəyir; Vaşinqtonun son məqsədi sovet imperiyasını dağıtmaqdır və buna nail olmaq üçün biz Orta Şərqdə dəyişikliklərə rəvac verməyə məcburuq! Sonralar Əfqanıstan məsələsi ortaya çıxanda biz Rokfellerin sözlərini xatırladıq. İranda inqilabın baş verməsi və ardınca da İran-İraq müharibəsinin başlaması regionda silah bazarının qızışmasına səbəb oldu. Həmin dövrdə təkcə amerikalılar regionun varlı dövlətlərinə yüz milyard dollarlıq silah satdılar. Şahın və bizim ailənin köhnə dostlarından olan Rokfeller deyirdi ki, Vyetnam müharibəsi bitəndən bəri Amerikanın silah şirkətləri istehsal və satışda belə yüksək səviyyə ilə qarşılaşmamışdılar və bu, İrandakı dəyişikliyin ABŞ iqtisadiyyatına verdiyi ən böyük xeyirlərdən biri idi.
İnqilabın doğurduğu böhranlı vəziyyət və ondan sonrakı qanlı müharibə neftin qiymətinin aşağı düşməsinə səbəb oldu. 1978-ci ilin əvvəllərində bir barreli 40 dollardan da baha olan neft sürətlə ucuzlaşmağa başladı, hətta bəzi yerlərdə bir barreli 7 dollara satılırdı! ABŞ iqtisadiyyatı ilə tanış olanlar bilirlər ki, bu ölkənin iqtisadiyyatının iki hərəkətverici qüvvəsi var: neft və silah! ABŞ və İngiltərə şahın süqutuna şərait yaratmaqla çox böyük siyasi və iqtisadi mənfəətlər əldə etdilər. SSRİ-nin dağılmasına İran inqilabı birbaşa təsir göstərdi. Sovet iqtisadiyyatı neft gəlirlərinə əsaslanırdı. SSRİ dünyada ən böyük neft istehsalçısı və ixracatçısı idi. Ona görə də neftin qiymətinin bir barrel üçün 40 dollardan 7 dollara enməsi SSRİ-yə elə ağır zərbə vurdu ki, o, nəinki öz müttəfiqlərinə kömək göstərmək iqtidarında olmadı, hətta Əfqanıstandakı müharibənin xərclərini ödəməyə və öz əhalisi üçün taxıl almağa gücü çatmadı! Xülasə, ABŞ hökumətinin məsul şəxslərinin, Devid Rokfeller və ya Henri Kissincer kimi imkanlı və məlumatlı adamların dilindən bu cür sözlər eşidəndə düşünürdük ki, Məhəmmədrza öz mülahizələrində o qədər də yanılmırmış...
Çevirəni: Məsiağa Məhəmmədi
(davamı olacaq)

Şərh yaz