Əhməd Ünal Çam. ŞEİRLƏR

DİNCLİYİN AYAQ SƏSLƏRİ

Dincliyin ayaq səsləri,
addım-addım uzaqlaşır.
İçimdə qorxusu,
boynumda nəfəsi.
Vəfasızlıq ətrafımda sıxlaşır.

Hər güzgüdə bir məğlubun gözləri,
hər guşədə bir uduzmam.
Ah!.. içimi yandırır
peşmanlıq kolleksiyam;
Artıq içimə sığmır…


HƏR ŞAİR BİR AZ ÇİRKİN OLMALI


Hər şair bir az çirkin olmalı
(Mənim kimi)
Hər şeyi əskik yaşamalı bir az
(Mənim kimi)
Hər istədiyi uzaq,
Sevdiklərində naz,
Yaşanması arzulanmayanı
Hər kəsdən çox yaşamalı.
Qışda donmalı,
Hər kəsdən çox yanmalı
Gəlincə yay.
Çox olmalı həsrətləri,
Çox olmalı dərdi-səri.
Hüznü çox olmalı,
Yandırmalı içini bir az.
Çirkin olmalı
Hər şair bir az.


MƏN DƏNİZ FƏNƏRİYƏM

Mən məğlubların ən öndəki nəfəriyəm,
Gül bağçasına düşmüş kolun tikanıyam.
Özümə yox ki xeyrim, olsun başqasına,
Mən səhranın ortasında yanan dəniz fənəriyəm.


MƏNƏ ƏVVƏLKİ KİMİ BAXMA

Mənə əvvəlki kimi baxma,
Əldən düşmüşəm, yorğunam.
Yelkənim cırılıb, qırılıb sükanım da,
Kiçik dalğalardan belə qorxuram.
Çıxa bilmirəm açıq dənizlərə,
Sakit limanlarda lövbər salıram.
Nə qədər fırtına vardı içimdə,
İndi aram, indi durğunam.
Alışa bilmədim köhnələrinə,
Hər yeni dərdə də ağlayıram.
Gücüm çatmır kimsəyə,
Bir “üf!” deyiləndə yıxılıram.
Gənclik yadıma düşdükcə,
Saçımda ağ sayıram.
Mənə əvvəlki kimi baxma,
Günbəgün ölürəm.


GÖZƏL İNSANLAR VARMIŞ ÇOOX UZAQLARDA

Uzaq diyarlarda, çoox uzaqlarda
Vəfa varmış hələ də
Doldurdum heybəmi ümidlərlə
...gedirəm.

Uzaq diyarlarda, çoox uzaqlarda
Qədir-qiymət bilənlər varmış
...varmış hələ də
Boşladım səylərimi,
...gedirəm.

Gözəl insanlar varmış, çoox uzaqlarda
Dağlardan dinclik əsirmiş,
Çiçəklər gülüş açırmış,
Günəş doğurmış hər səhər.
Hər səhər, hər səhər
İnsanlar gülümsəyir,
... "Sabahın xeyir!” deyirmiş,
Kefini soruşurmış hələ də
Çooox çooox çox uzaqlarda.

Yıxdım son qalalarımı öz əlimlə
Yığdım şeirlərimi, gedirəm.
Sizə qalsın hər kədərim,
Hər məğlubiyyətim,
Kürəyimdən çıxardığım xəncərlər
Sizə qalsın...
Sizə qalsın mənəmlik,
Sizə qalsın qaşqabaq.
Gözəl atlara minib gedən gözəl insanlar
İz buraxmış könüllərdə
Bir şəfəq vaxtı, bitərkən üzüntü
Ayağımı son izlərə basa-basa
...gedirəm.

Qəm-qüssə silinərkən üzümdən
Dostluq mahnıları dilimdə
İllər sonra gəlib çıxan gülüşlə
...gedirəm.

Vida vaxtıdır saxta dostluqlara
Artıq düşmək yoxdur duzaqlara
Gül qoxulu izlərə bata-çıxa
Gedirəm, gedirəm
Çoox çoox çox uzaqlara...



Azərbaycan türkcəsinə uyğunlaşdırma: Məsiağa Məhəmmədi



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər