SATİRİKİN LİRİKASI

SAPLAQDAN BİR QƏZƏL

Təxminən ay yarım əvvəl “Azərbaycan” saytında “Cənubi Azərbaycanın Sabiri” kimi tanınan şair Saplağın vəfat etməsi xəbərini oxumuşdum. Təəssüf ki, istəyimə rəğmən, bu acı xəbəri və unudulmaz şairin şeirlərindən bir nümunəni zamanında oxuculara çatdıra bilmədim. Sağ olsun dəyərli ziyalımız Güntay Gəncalp, dünən aşağıdakı şəkillə birlikdə Saplağın bir qəzəlini mənə göndərmiş. Güntay bəyə səmimi təşəkkürümü bildirərək, həmin qəzəli sizlərə təqdim etməzdən öncə şair barədə qısa məlumat verməyi vacib sayıram.
“Saplaq” təxəllüslü Xeyrullah Haqbəyi 1943-cü ildə Güney Azərbaycanın Heris mahalında doğulub. Atası Azərbaycan Demokrat Firqəsinin üzvü olduğu üçün uşaq ikən ailəsi ilə birgə Tehrana köçməli olub və burada təhsil alıb. 1979-cu il inqilabına qədər əksəriyyəti xurafat əleyhinə olan satirik şeirləri ilə məşhurlaşıb, amma bu şeirlərin çoxu nə onda, nə də sonralar çap edilməyib. İnqilabdan sonra siyasi və ədəbi fəaliyyətlə məşğul olan şairin qeyri-satirik əsərlərindən ibarət “Herisdən bir səs” və “Mən Günəş vurğunuyam” adlı kitabları işıq üzü görüb. Saplaq həmçinin Kərəc şəhərindəki “Fərruxi Yəzdi” ədəbi cəmiyyətinin yaradıcılarından biri kimi uzun illər bu qurumun idarə heyətində fəaliyyət göstərib.

Ey könül, sevda yolu aləmdə hicransız deyil.
Vəslə imkan olsa, hicran dərdi dərmansız deyil.

Dalğalan, ey hissimin coşqun mühiti, dalğalan!
Hicrə düşmüş könlümüz dəryasız, ümmansız deyil.

Ayrı düşmüş ellərin dərdilə tufanlaşmışam,
Ol səbəbdən şeirimin bir beyti tufansız deyil.

Nəğməmiz hicran kədərli, ayrılıq nisgillidir,
Qəm qonaqlı ömrümüz, bir an da mehmansız deyil.

Sinəmiz amac olarkən, ayrılıq səyyadına,
Qaana dönmüş qəlbimiz, bir ləhzə peykansız deyil.

Mən vüsal uğrunda öz qaanımla peyman bağladım,
Elsevər şair, əfəndim, əhdə peymansız deyil.

Qoy Cənub həsrətli Rüstəm dinləsin bu nəğməni:
”Təbrizin bir daxması indi Süleymansız deyil”.

Mən Araz hicranlı, mən Sabir dözümlü Saplağam,
Yazdığım qəmnamələr həsrətsiz, hirmansız deyil.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər