SƏLİM BABULLAOĞLUDAN İKİ ŞEİR

“Kultaz.com” portalında modern Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri, şair və tərcüməçi Səlim Babullaoğlunun yeni şeirləri dərc edilib. Həmin şeirlərdən ikisinin mənə aidiyyəti olduğundan, onları burada da verməyi lazım bildim. Buyurun, oxuyun...

MƏSİHAĞA MƏHƏMMƏDİYƏ

«Külək yatıb» dedin. Məni diksindirdin.
Vərdiş etdiyimiz ifadənin söz hissəsiylə
indi görünməyən, olmayan təbiət hadisəsiylə
mənim qohum olduğumu asanca bildirdin.

Bunu indi xatırladım. Mən indi daha çox xatirəyəm.
Hara baxsam, hara dönsəm arxada yalnız keçmişdir,
hətta arxadakı göydələn belə az əvvəl keçilmişdir,
yəni, ən yaxın tarixdir də söyləyə bilərəm.


Yenə bu feli qafiyələr. Yalnız onlar yüzə-yüz düzdür.
Yenə dar səkilərdə kimsəsiz adamı ötürən addım səsləri -
üstəgəl əksləri, göydələnin sancıldığı səma yastığında
qızılı xallardan parıltılarını çıxsan belə azdır. Təklik heç vaxt çoxalmır.

Külək yatıb. Yazdır. Yenə günəş doğacaqmı bir sabah?
Batacaqmı? Gələcəkmi arxasından yeni günlər, kim bilir?
Yatıb külək. Oyaq uşaq pəncərədə bir çiçəyi dindirir,
qığıltıya qoxusuyla gülümsəyir ətirşah.

5 iyun



SƏTTARIN MƏSİHAĞAYA DEDİKLƏRİNDƏN

Öləndən sonra adamdan şəkillər və xatirələr qalır,
onların hasilindən və cəmindən dirilik heç cürə alınmır.
«Vətən! Vətən!» deyib dili qabar olan babamın
rəsmi önündə durmaqdan başqa mənə indi bir şey qalmır.

İtirdiklərmiz bizi həmişə yandırır,
çünki heç nə itmir, çünki bu dünyada hər şey həmişə yanımızdadır;
sağımızda, solumuzda, başımızın üstdədir;
tikanlı məftillər elə tikanlı bəhanədir -
bunu anlayanda isə gec olur.
Yəni, demək istəyirəm ki, biz bir-birimizi sevmirik, dostum,
və biz heç nəyin fərqində deyilik.

Məsələn, günəş, o mənim həyatımda 12131 dəfə doğub, hesablamışam.
Qəribədi, üst-üstdə yığsam, mən ona heç 1000 dəfə düz-əməlli baxmamışam.

Hə, qəribədi dünyanın işləri, bilirsən,
qızım on beş aylığında gördü Bakını, mən - otuz üç yaşımda,
Vətəni tanımaqda qızımla həmyaşıd olduq dünən.

Dünən oteldə, qızım qucağımda güzgüyə baxırdıq, qürrələnirdik.
Amma fərqliydi bu sevinclər: qızım mənimləydi deyə sevinirdi,
mən birgəlikdən çox diriliyə.
Sonra lap az, azca da Vətəndə olmağın sevinci vardı içimdə.
Bunu anladım və pis oldum, Məsih. Görəsən niyə
güzgülər bizi belə asanlıqla göstərdilər, çoxatdılar, topdan etdilər
və mənanı ustalıqla həm gizlətdilər, həm də faş etdilər.

Küçələrdən, binalardan, evlərdən asılan rəhbərin şəkli
hələ də məni diksindirir, təqib edir.
Hamı şəkillə şəkil çəkdirir, ona sakitcə təzim edir.
Hər şey satılır bu ölkədə, satılırsa demək alınır,
şəkil bizdən bizi satmağı təklif edir:
be sobut nist lozum.
İndi, tacir dükanlarında insan qəlbi həmişə endirimdədir,
satılan şeyin üstündə o adi bir peşkəşdir, hədiyyədir, dostum.

O şəklin biri də bizim evdədir.
Bilirsən, şəkil, hər dəfə ona baxmaqçün saygı duruşu tələb edir.
Mən o şəklin şüşəsində diriliyə, mütiliyə nifrət etdim, Məsih.
Onun riyakar, hökmlü, iti baxışları, saqqalı
xirtdəyimə dirənmiş ülgücü xatırladır.
«rədd ol!» əvəzinə məni xırıldadır.

İllərdir ki, hər gecə əqrəblər cütləşir, Ay doğur,
amma o mənə qadınımla olmağa sanki qoymur.
Mən qadınıma hər dəfə demək istəyirəm: gözəlim..!
Şəkilsə pıçıldayır: to mesle aftab zibayi…

Sənin dilin dildir, mənimki zəban,
sənin dünyada Vətənin vardır - Azərbaycan,
mənim bu cahanda didərgin Təbrizim, Ərdəbilim,
sənin sözün sözdür, ağzın ağız, məndə yalnız dəhan,
onu da vəsf ediblər orta əsrlərdə.

Sözlər bitmir, dostum, onlar bizi atıb gedirlər,
Qızımla məni qoyub gedən qadınım kimi,
Pirərvan yolunda, qumluqda, üfüqdə qaralıb itən köçlər,
yazsan əgər, elə o sətirlər kimi.
Mən də sözəm, Məsih, və yəqin sabah çıxıb gedəcəm.

7-8 iyun


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər