”TANRI BÜTÜN DÖVRLƏRİN ƏN BÖYÜK ROMANIDIR”

RZA BƏRAHƏNİYƏ ON SUAL

- Həyatın mənası nədir?
- Həyat özü-özlüyündə mənasızdır. Həyatın anlamı bizim ona nə məna verməyimizdən asılıdır. Misal üçün, sevgisiz bir həyat mənasızdır.
- Xoşbəxtlik və bədbəxtliyi necə anlayırsınız? Sizə görə, insanın xoşbəxtlik və bədbəxtliyinin son həddi nədir?
- Mən gözəlliyin surətini sinəmin üstünə qoyub ölmək istəyirdim. Ancaq olmadı, varlıq bundan da xəsis imiş. Həssas adamın duyduğu ağrı tükənməzdir. Xoşbəxtlik sevdiyin bir insanın yanında azad yaşamaqdır, yəni röya. Bunun əksi isə kabusdur.
- Fatalizm, yoxsa iradə azadlğı? İnsanlar istər fərdi, istər kollektiv baxımdan öz talelərinin yaradıcısıdır, yoxsa öncədən müəyyənləşmiş və qaçılmaz bir taleyin əsiridir?
- İnsanın dünyaya gəlişi öz əlində deyil, müəyyən qədər məcburidir. Amma insan ehtiyatlı olub ölümünü gecikdirə bildiyi üçün körpəlik, uşaqlıq, dəlilik, qocalıq və məhbusluq istisna olmaqla, fərdi və ictimai anlamda öz taleyinin qurucusudur. Özünü qabaqcadan yazılmış və qaçılmaz bir taleyin əsiri bilən insan əslində hərəkət edən ölüdür.


- İnsan cəmiyyətinin gələcəyini necə görürsünüz: yüksəliş, yoxsa süqut? Bəşəriyyətin gələcəyi ilə bağlı optimistsiniz, ya pessimist?
- Sualın birinci hissəsinin cavabı: yüksəliş. İkinci hissənin cavabı: optimist. Amma həm sual, həm də təbii ki, cavab çox mücərrəddir.
- İnsanlığın bütün qayələri və idealları içərisində sizin həyat fəlsəfənizi ifadə edən hansıdır?
- Fikir müxtəlifliyini qoruyub saxlamaqla, başqaları ilə bərabər yaşamaq. Bu zaman başqalarından da bərabərliyi fikir müxtəlifliyi ilə birgə istəməyi gözləmək . Bu, sosializmin bir növüdür, intəhası onun indiyə qədər gördüyümüz növlərindən yox.
- Tanrı nədir?
- Tanrı bütün dövrlərin ən böyük romanıdır.
- Ölümə necə baxırsınız?
- Ölüm mənə necə baxırsa, elə. Əslində heç baxmır da. Həm də ölüm bu tərəfdə var, ölməyin o tərəfində ölüm yoxdur. Mənim ölümüm ölümümlə ölür.
- Ədalətə necə tərif verirsiniz?
- Hamı üçün bərabər şəraitdə fərdlərin istedad, fərasət və təxəyyülünün üzə çıxması və inkişafına imkan yaradılması kimi. Bu işin vacib şərti bütün istismar və mənimsəmə strukturlarının aradan qaldırılmasıdır.
- İnsan xislətinə inanırsınızmı? İnsanın xislətinə nikbinmi yanaşırsınız?
- İnsanın xislətinə inanmıram. İnsan yaşadığı hər anda yeni bir xislət qazanır. Yalnız daşın, ağacın və heyvanın dəyişməz xisləti var. İnsanın xisləti onun xislətinin dəyişməsindədir. İnsan daim ”ərəfədə” yaşayır.
- Həyatın sizə öyrətdiyi ən böyük dərs və anladığınız ən dəyərli həqiqət hansıdır?
- Zalıma qarşı elə mübarizə aparmaq ki, sonrakı zülmkarın da yolu bağlansın. Sevdiyin kəsin yanında azad yaşamaq. Bundan böyük səadət yoxdur. Başqa birisinin xəlvət xəyallarına və röyalarına girmək. Müştərək yuxular görmək ehtirası. Həqiqət daim gələcəyə doğru geri çəkilməkdədir. Onu tapmaq üçün hərəkət etmək onun haqqında danışmaqdan qat-qat önəmlidir.

22 sentyabr 1999

Qeyd: Bu eksklüziv müsahibə Avropada fars dilində çıxan ”Sual” (”Porseş”) dərgisində çap olunmuşdur. Müsahibənin farsca mətnini lütfkarlıqla mənə göndərmiş hörmətli Güntay bəy Gəncalpa dərin təşəkkürümü bildirirəm.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər