Ciddu Krişnamurti. HƏYATIN ŞƏRHİ

Böyük hind filosofu və sosioloqu Ciddu Krişnamurti 1895-ci ildə Hindistanın cənubunda brəhmən ailəsində doğulmuş, təhsilini Londonda almış, vətənə qayıtdıqdan sonra bir müddət "Şərq ulduzu" adlı beynəlxalq dini təşkilata rəhbərlik etmişdir. 1920-ci illərin sonunda işdən əl çəkib Avropa və Amerikanı səyahətə çıxmış, öz fəlsəfi və siyasi baxışlarını canlı təbliğat yolu ilə yaymağa başlamışdır. Sonralar birdəfəlik ABŞ-da məskən salmış C.Krişnamurti dalbadal bir neçə kitab nəşr etdirmiş və böyük şöhrət qazanmışdır. 1986-cı ildə vəfat etmişdir. Onun üç cildlik "Həyatın şərhi" (1956-1961) əsəri müəllifin xəyali həmsöhbətlə dialoqu şəklində yazılmışdır. Burada o, sosial-siyasi həyatın ən köklü problemlərinə toxunur və özünəməxsus şərh verir. Bu problemlərin çağdaş ictimai-siyasi şəraitimiz üçün aktuallığını nəzərə alıb, əsərdən bəzi fraqmentləri oxuculara təqdim edirəm.


HAKİMİYYƏT ARZUSU

- Hakimiyyət dedikdə, biz nəyi nəzərdə tuturuq? Hər bir fərd və istənilən qrup ona can atır: öz hakimiyyətinə, öz partiyasının, öz ideologiyasının hakimiyyətinə. Partiya və ideologiya insanın özünün davamıdır. Zahid özündən əl çəkməklə hakimiyyət axtarır, eyni işi ana öz balasına münasibətdə görür. Bəzilərinin əlində məqsədəuyğunluğun amansız hakimiyyəti, maşının hakimiyyəti var; bir fərdin başqası tərəfindən əzilməsi, axmağın ağıllı tərəfindən istismarı var, pulun hakimiyyəti var, adın və sözün nüfuzu var, şüurun materiya üzərində hakimiyyəti var. Biz hamımız hakimiyyətə can atırıq - istər öz üzərimizdə olsun, istərsə də başqasının. Bu arzu bir növ xoşbəxtlik, həzz doğurur... Hər halda, biz nə üçün hakimiyyətə can atırıq?
- Mənə elə gəlir ki, hər şeydən əvvəl, o bizə maddi rahatlıq, cəmiyyətdə mövqe və müvafiq dairələrdə nüfuz qazandırdığı üçün.
- Amma məgər bizdə hər hansı formalı hakimiyyətə tabe olmaq kimi əks arzu yoxdurmu? Biz nə üçün avtoritetlərə (istər kitab olsun, istər şəxs, istər dövlət, istər din) sitayiş edirik? Şəxsiyyətlərə və ya ideyalara bu bağlılıq hardandır? Əvvəllər biz kahinin nüfuzunun əsiri idik, indi isə ekspertin, mütəxəssisin. Məgər siz adlı-sanlı şəxslərə, mövqe sahiblərinə, hakimiyyəti olanlara münasibətinizə fikir verməmisiniz? Hakimiyyət müxtəlif formalarda bizim bütün həyatımızı müəyyənləşdirir: birinin çoxları üzərində hakimiyyəti, birinin başqasından istifadəsi və ya qarşılıqlı istifadə.
- Birinin başqasından istifadə etməsi dedikdə, siz nəyi nəzərdə tutursunuz?
- Bu, çox sadədir. Biz bir-birimizdən qarşılıqlı xeyir üçün istifadə edirik. Cəmiyyətin müasir strukturu insanların bir-birindən qarşılıqlı asılılığı üzərində qurulub. Hakimiyyətə çatmaq üçün sizə seçkilərdə səs lazımdır: sizə lazım olanı əldə etmək üçün siz insanlardan istifadə edirsiniz, onlarınsa sizin vəd etdiyiniz şeylərə ehtiyacı var. Qadına kişi lazımdır, kişiyə isə qadın... Bu cür münasibətlər yaranışdan zorakı səciyyə daşıyır, məhz buna görə zorakılıq bizim cəmiyyətin əsasını təşkil edir. Nə qədər ki, sosial struktur münasibətlərin utilitar xarakteri ilə müəyyən olunur, o, zorakılıq və dağıntı doğuracaq.
- Axı qarşılıqlı asılılıq olmadan yaşamaq mümkün deyil?
- Mənim poçtalyona ehtiyacım var, lakin mən onu başqa ehtiyaclarım üçün istifadə etsəm, sosial zərurət psixoloji tələbata çevrilər və bizim münasibətlərimiz əsaslı şəkildə dəyişər. Məhz psixoloji tələbat və başqalarından istifadə zorakılığa və iztirablara gətirib çıxarır. Psixoloji tələbat hakimiyyət arzusu doğurur və hakimiyyət bizim mövcudluğumuzun müxtəlif səviyyələrində tələbatı ödəmək üçün istifadə olunur. Özü və ya öz partiyası üçün ambisiyalı niyyətləri olan, yaxud hər hansı idealla yetişmək istəyən şəxs cəmiyyətin parçalanmasına şərait yaradır.
- Məgər insanın ambisiyaları labüd deyil?
- O vaxta qədər labüddür ki, fərdin köklü transformasiyası baş verməyib. Nə üçün biz onu labüd saymalıyıq? Məgər insanın insana qarşı qəddarlığı labüddür?! Onu labüd saymaq cəfəngiyyat deyilmi?
- Əgər başqalarına qarşı amansız olmasan, kimsə sənə qarşı amansız olacaq, odur ki, təşəbbüsü ələ almaq lazım gəlir.
- Təşəbbüsü ələ almaq - hər bir fərd, qrup, ideologiya buna çalışır və bununla da amansızlıq, zorakılıq saxlanılır. Quruculuq yalnız sülh şəraitində mümkündür, qarşılıqlı istifadə zamanı hardan sülh ola bilər? Sözün hakimiyyəti ilə qılıncın hakimiyyəti eyni dərəcədə dağıdıcıdır. İdeya və etiqad eynən qılınc kimi bir insanı başqasının üstünə qaldırır. Məhz ideya və etiqad sevginin antitezisidir.
- Onda nə üçün şüurlu və ya şüursuz şəkildə hakimiyyət arzusu bizi bürüyür?
- Məgər hakimiyyət arzusu özündən, olan şeydən qaçmağın geniş yayılmış və layiqli cəhdlərdən biri deyilmi? Hər kəs öz səriştəsizliyindən, öz mənəvi yoxsulluğundan, tənhalığından qaçmaq istəyir. Gerçəklik – pisdir, ondan qaçmaq - cəzbedicidir. Fərz edək ki, sizi hakimiyyətdən, vəzifədən, min bir zəhmətlə qazandığınız dövlətdən məhrum etmək istəyirlər. Siz müqavimət göstərəcəksiniz, elə deyilmi? Siz özünüzü cəmiyyətə lazımlı sayırsınız, odur ki, zorakılıqla və ya məntiqi dəlillərlə müdafiə olunacaqsınız. Əgər siz bütün sahələrdə əldə etdiklərinizdən könüllü imtina etsəydiniz, heç nə olardınız, elə deyilmi?
- Yəqin ki, hə. Bu isə çox ağırdır. Şübhəsiz, mən "heç nə" olmaq istəmirəm.
- Beləliklə, sizin bütün qazandıqlarınız zahiridir, göstərmək üçündür, onlarda daxili mahiyyət, həqiqi ölməz sərvət yoxdur. Siz özünüzü zahirən nümayiş etdirməyə çalışırsınız, başqaları da bunu istəyir və bu münaqişədən qorxu və nifrət, zorakılıq və dağıntı törənir. Sizin ideologiyanız da əleyhdarlarınızın baxışları kimi qeyri-kamildir və beləcə siz bir-birinizi sülh, firavanlıq və ya Allah naminə məhv edirsiniz. Demək olar ki, hər kəs yuxarıda yer tutmaq istədiyi üçün siz zorakılıq, münaqişələr və düşmənçilik cəmiyyəti qurmusunuz.
- Bəs bunun kökünü necə kəsmək olar?
- Özünütəsdiqə, hakimiyyətə, yüksək rütbələrə və cəmiyyətdə mövqe qazanmağa hərislikdən xilas olmaqla; özünüz nəsinizsə, o - sadə bir kimsə olmaqla. Neqativ təfəkkür - intellektin ən yüksək formasıdır.
- Axı ayrı-ayrı şəxslərin səyi ilə dünyada zülm və zorakılığı aradan qaldırmaq olmaz. Bütün insanların dəyişməsi üçün isə yəqin ki, hədsiz dərəcədə çox vaxt tələb olunur.
- Hamı – ilk növbədə siz özünüzsünüz. Əslində siz soruşursunuz: "Başqa heç kəs dəyişmirsə, mənim dəyişməyimin faydası nədir?» Uzun yol birinci addımdan başlayır. Lakin əslində siz dəyişmək istəmirsiniz, siz istəyirsiniz ki, hər şey necə varsa, elə qalsın, xüsusən əgər özünüz yuxarıdasınızsa. Ona görə siz deyirsiniz ki, fərdlərin transformasiyası yolu ilə dünyanın dəyişməsi çox uzun müddət tələb edir. Dünya – sizsiniz. Deməli, məsələ sizdədir; bu problem sizdən ayrı mövcud deyil, çünki dünya sizin proyeksiyanızdır. Siz dəyişməyincə, dünya da dəyişməyəcək. Xoşbəxtlik qazanmaqda deyil, dəyişməkdədir... Yalnız xoşbəxt insan yeni ictimai qayda yarada bilər. Xoşbəxtlik xatirə deyil, o, həqiqətlə birgə doğulan daim yeni və heç vaxt təkrarlanmayan bir haldır.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər