RUHLARIN MƏCLİSİ

yaxud

Mövlanaya Şəhriyar qiyməti

Anadan olmasının 800 illiyi bütün dünyada təntənə ilə qeyd edilən Mövlana Cəlaləddin Ruminin (1207-1273) şəxsiyyəti və yaradıcılığı yaşadığı dövrdən başlamış günümüzə qədər ən müxtəlif yönlərdən dəyərləndirmə obyektinə çevrilmiş, öz kəlamı ilə desək, «hərə öz zənnincə ona yar olmuşdur». Azərbaycanın ədib və alimləri də daim Mövlananın sənət və fikir tarixindəki roluna çox yüksək qiymət vermişlər. Bu qiymət Mövlana əsərlərinə nəzirələrdən, onların iqtibas, təbdil və tərcüməsindən, şairə ithaflardan tutmuş onun elmi bioqrafiyasının yaradılmasına ilk cəhdə (Hacı Zeynalabdin Şirvani) qədər çeşidli formalarda təzahür etmişdir. Həmin sırada ölməz şairimiz Məhəmmədhüseyn Şəhriyarın Mövlana şəxsiyyəti və sənətinə özünəməxsus baxışı ifadə edən iri həcmli şeiri xüsusi diqqətə və söhbətə layiqdir.

Məsnəvi formasında və «Məsnəvi» bəhrində (bu da onun bəzi misralarını olduğu kimi şeirə daxil etməyə imkan vermişdir) yazılmış 123 beytlik bu şeiri Şəhriyar düz əlli il əvvəl – Mövlananın 750 illik yubileyinin qeyd olunduğu günlərdə qələmə almışdır. Qeyri-adi romantik pafosa malik şeirin süjeti Şərq poeziyasında özünəməxsus ənənəsi olan «ruhların görüşü» motivi üzərində qurulmuşdur: Şəhriyar belə hesab edir ki, Mövlana dünyanın hər yerində anılsa da, onun ruhu cismani həyatında olduğu kimi Şəmsi axtarmalı və deməli, Təbrizə gəlməlidir. Şair ən incə detallarına qədər xəyalında canlandırdığı bu gəliş münasibətilə Şəmsin qurduğu məclisə Şərqin ən böyük söz və fikir adamlarını toplayır. Burada kimlər yoxdur?! Qəzzali və İbn Sina, Rudəki və Firdovsi, Əbu Səid Meyhəni və Xəyyam, Sənayi və Əttar, Xaqani və Nizami, Əmir Xosrov və Feyzi, Mahmud Şəbüstəri və Hümam Təbrizi, Sədi və Hafiz, Cami və Nemətullah Vəli, Saib Təbrizi və Şeyx Bəhayi... Şəhriyar məhz bu nəhənglər içərisində Mövlanaya (və Şəmsə) qiymət verməyə çalışır, onu təkcə fars şeirinin korifeyləri Firdovsi və Sədidən deyil, hətta çox sevdiyi Nizamidən də üstün tutur. Onu da yada salaq ki, Şəhriyar nəinki fars dilində yaratdığı əsərlərlə bu dilin ən böyük ustadlarının qarşısına çıxan, eləcə də «mədəni müstəmləkəçilik» (Cəlal Ale-Əhməd) siyasəti nəticəsində bir çeşmə halına salınmış türk (Azərbaycan) dilini yenidən dəryaya çevirən qüdrətli söz ustası idi, həm də Şərq ədəbiyyatının, xüsusən farsdilli poeziyanın böyük bilicisi idi (misal üçün, onun klassik farsdilli şeirdə ədəbi məktəblər və bədii üslublar barədə fikirlərini xatırlayaq). Bu mənada şeirin sonunda «Məsnəvi» və Mövlana-Şəms münasibətləri barədə şairin dedikləri bütün poetik biçiminə baxmayaraq, ciddi elmi əsasa malikdir və Mövlana yaradıcılığının adekvat dərkindən qaynaqlanır. Bütün bunları nəzərə alaraq, şeirin farscadan filoloji tərcüməsini zəruri izahlarla birgə oxuculara təqdim etməyi lazım bildim. Ümid edirəm ki, haçansa bu şeirin poetik tərcüməsi də meydana çıxacaq.

Məsiağa Məhəmmədi


Məhəmmədhüseyn Şəhriyar

MÖVLANA ŞƏMS TƏBRİZİNİN XANƏGAHINDA

Mövlana günü münasibətilə


Hər an onların qanadlarının səsi eşidilir,
Ey can, gəl onları qarşılamağa gedək!

Dilbərlər məkanına gələn karvan yetişir,
Bu da hər an mənə bir hal bəxş edir.

Dəvəçilərin hay-küyünü eşit,
Oxuyanların «Şur» və «Şahnaz»ını dinlə!

Ariflərin karvanı qatar bağlayıb
Yol azuqəsi ilə bizə sarı gəlir.

Zınqırovların səsi arabir eşidilir,
Elə bil nəfəslərini sayırlar.

Deyəsən, karvan dayandı, fikir ver,
Mollanın (Ruminin) sədasıdır, ey ürək, qulaq as:

«Təbriz şəhəri dilbərlər məkanıdır,
Ey sarvan, dəvələrin yükünü aç!»1

Təbriz şəhəri müşk ətirli bir diyardır,
Şəmsin beşiyi, Mövlananın Kəbəsidir.

Ey karvan, xoş gəlmisən, içəri keç!
Ey bizim ürəyimizin ipinə bağlanmış, içəri keç!

Bu gecə şəhərimiz çıraqban olub,
Səmadakı Günəş qonaq qəbul edir.

Gecə hara, Günəşin qonaqlığı hara?
Yarəb, bu yuxuda baş verir, yoxsa oyaqlıqda?!

Bizim şəhərimiz sevinclə dolub,
Bəh-bəh, Mövlana Təbrizə gəlib!

Bu gecə o dilbər bizim şəhərimizdədir,
Bu xoşbəxtlik bizim üçündür.

Orada2 bizim Şəms üçün ev sahibi olan kəs
Burada bir gecəlik bizim Şəmsin qonağıdır.

Budur, eşq sultanı qapıdan içəri girir,
Afərin sənə, ey eşqin sonsuz gözəlliyi!

Göz üstə yerin var, ey əziz can,
Can sənə qurban, ey əziz qonaq!

Sən bizim viranə könlümüzdə xəzinəsən, gəl!
Baxmayaraq ki, aləmə sığmırsan, gəl!

Gəl, ey bizim Günəşə pərəstiş edən Ayımız!3
Ey bizim Mövlana Cəlaləddinimiz!

Biz hamımız balıq, sən bizim dəryamızsan!
Sən bizim dinimizin, dünyamızın abrısan!

Sədi söz xəzinəsi, sən söz dəryasısan,
O dənizdirsə, sən okeansan!

Firdovsinin şöhrəti nə qədər ucalsa da,
Sənin qarşına çatanda əlini açar!

Nizami xalis qızıla naxış vursa da,
Sənin yanında xalis qızılı dəyərini itirər!

***
Ey aşiqlər, canınızın ağuşunu açın,
Əsrlərin şövqündən doğan göz yaşlarını dərya edin!

Vəhdət dənizinin balığı gəlir,
Övliyalıq ölkəsinin şahı gəlir!

Bu gecə, ey təbrizlilər, qeyrət göstərin,
Mərifətin qolunu çırmalayın!

Yeddi əsrdir ki, onun şəkərini yeyirik.
Barı bir gecə də biz onu qonaq edək!

Ərş sakinləri bizim qonağımızdır,
Müqəddəslər bizim süfrəmizin başında oturub!

***
Gözümüzü bağlayıb xəyala dalaq,
Ərş sakinlərinin ruhunu xəyalımızda canlandıraq:

Dağ və təpə silsiləsi kimi dövrə vurmuş
Səliqəli və əzəmətli çadırlar görürəm.

O iri və uca yaşıl rəngli çadır
Firdovsinin – o uca sözlünündür.

Mövlananın çadırı ağ və parlaqdır,
Pak canın saflığı onda əks olunub.

Bura uca behiştin həsəd apardığı bir xanəgahdır,
Onun çadırları sanki hurilərin köşkləridir.

Hurilər onu yaxşıca silib süpürürlər,
Ənbər qoxuyan saçlarından ona ətir vururlar.

Hər bir çadırın önündə yumşaq dərili taxt qoyulub ki,
Dostu dostun yanında oturda bilsin.

Hər şeyə qadir olan eşq təbərzinlə
Nəfs divinin buynuzunu sındırıb.

Divlərin sınmış buynuzlarının ucundan
Xirqələr və kəşküllər asılıb.

Xirqələrin üzərində sancaq taxılmış
Tirmə taclar səf bağlayıb.

Daşa-divara saflıq qələmi ilə
Eşq və vəfa hekayətləri həkk olunub.

Sufilərin iman xirqəsi çiyinlərində
Ora-bura qaçdığını və coşqunluğunu görürəm.

Xanəgahı eyş-işrətə hazırlayırlar,
Şamlara ənbər qatırlar.

Şeyx Şəbüstəri4 ora-bura gəzişir,
Hay sala-sala hər guşəyə baş çəkir.

***
Arxada gül təpəsinə bənzər ocağın üstündə
Həqiqət Günəşinin (Şəmsin) qazanı pıqqapıqla qaynayır.

Şeyx Sənan xanəgahın ocaqçısıdır,
Tüstünün çadırı Ayın çadırı (haləsi) kimidir.

Şəmsin qazanında qaynayan eşq məcunudur,
Onu eşq ocağının sinəsində bişirir.

Onun suyu Mövlananın axan ilhamından,
Lobyası məna Günəşinin (Şəmsin) idrakındandır.

Pıqqıltısı müğənnilərin çəng və avazından,
Qaynaması sufilərin rəqs və səmasındandır.

Səbzisi gözəllərin yaşıl xəttindəndir,
Zahidlərin duası ona dəm verib.

Ona Nizami ədviyyat səpib,
Ona Saibin5 təkbeytlərindən duz tökülüb.

Əriyini Buxaradan Əməq6 göndərib,
Limonunu Molla Sədra7 verib.

Zirəsi Şah Vəlinin8 mətbəxindən,
Şöləsi Mövla Əlinin9 qeyrətindəndir.

Odunu azadələrin hümmətindən,
Tüstüsü aşiqlərin ürəkdən çəkdikləri ahdandır.

Onu bişirən eşq yanğısıdır,
Kasasını da aşiqlərin gözündən düzəldib.


Süfrəyə Şeyx Şəbüstəri başçılıq edir,
Onun «Gülşəni-raz»ı süfrəyə çağıranın duasıdır.

***
Salam, ey rahatlıq bilməyən aişqlər!
Salam, ey göz yaşı tökən bulaqlar!

Canınızı və ürəyinizi səhnə edib təmizləyin,
Ona göz yaşı səpib kipriklərinizlə süpürün.

Ud yandırın, yasəmən ətri səpin,
Özünüzə yüz üsulla bəzək vurun.

Təsəvvürlər pərdəsini qaldırın,
Canın göz qapaqlarını açın.

Ürəyin gözü üstündə şahın yerini boşaldın,
Şahın şəklini o ucalıqdan asın.

Qəlblərinizi ayna kimi təmizləyin ki,
Bəlkə o işıqlı camalı görə biləm.

Qapı arxasından şahın gəlişini bildirən «çəkil!» səsi eşidildi,
Qoca qapıçı ürəkdən «Odur!» söylədi.

Canının gözünü bu görüş üçün açıq saxla,
Pərdətutan qoca pərdəni qaldırdı:

Budur, o nur dəryası qapıdan içəri girdi,
Elə bil Musa Tur dağından endi.

Bir qoluna Əbu Səid10 girib,
O biri qoluna da Cüneydlə Bayəzid11.

Xəyyam onun başına çətir tutub,
Şeyx Cam12 əmrə müntəzir dayanıb.

Siması nur dəryasının aynasıdır,
Qaməti Tur dağının vüqarını göstərir.

Əzəli səhərin haləsi olan saçları
Əbədi gözəllik Günəşini dövrəyə alıb.

Göz sanki Məsihin simasına baxır,
Qulaq sanki aydın ayələr eşidir.

O gözəlliyi necə təsvir edə bilərəm ki,
Gözlərim heyran qalıb onu görmədi.

O büsbütün sirrdir, əgər faş etsəm,
Yarasaya Günəşi təsvir etmiş olaram.

Heç kəs onun sirrini faş edə bilməz,
Hərə öz təsəvvürüncə ona yar olub.

Onun halını vəsf edərkən bihal olsam yaxşıdır,
Sirri olanların dili lal olsa yaxşıdır.

***
Əbaların qolundan şövq əli çıxdı,
Bədənlərdəki paltarlar qəba oldu.

Xirqə geyənlər onun əzəmətindən heyrətə düşüb
Xirqələrini çıxararaq onun ayaqlarına atdılar.

Şəms onun çiynindən öpüb irəli apardı,
Yuxarı başa keçirib taxtda oturtdu.

Elə bil Haqqın əlləri onu ağuşuna aldı,
Üzərinə nurdan bir pərdə çəkdi.

Pirin simasından eşq yağır
Və aləmi tutan gözəlliyi vəsf edir.

***
Onun saf etiqadlıları qapıdan içəri girirlər,
Onun dərvişlərinin hərəsi bir padşahdır.

Ariflər sapa düzülmüş ləl və dürr kimidir,
Şəmsin gözünün sarayı dolub.

Xanəgahın bütün fəzasını
Günəşlə Ayın pərvanələri tutub.

Həqiqət Günəşi (Şəms) özü xirqəsini çıxarıb
Şaha qonaqpərvərlik göstərir.

Saib ucadan «xoş gəldin!» deyərək,
Şeyx Şəbüstəriyə kömək edir.

Məsnəvixanlar13 hekayət danışır
Və ayrılıqdan şikayət edirlər.

Şam və məşəllər nur yağdırır,
Elə bil hurilər ətrafa gül səpir.

Qapıda, divarda şüalar oynaşır,
Sufilər cuşa gəlib səma rəqsi edirlər.

Xaqaninin oxuduğu qəsidə yarımçıq qaldı,
Çünki Hümam14 qəzəl deməyə başladı.

Padşahın eşqinin həyəcanlandırıcı hekayəti
Yalnız qəzələ və tarın siminə sığışa bilər.

***
Görürsən ki, ariflər və aqillər
İltifatla başlarını aşağı salıblar.

Qapı ağzında bir tərəfdə Şeyx Bəhayi15 durub,
Bir tərəfdə də Sənayi16 əli sinəsində dayanıb.

İbn Sina şahın qəlyanını aparır,
Fəxr Razi17 şaha tütün çatdırır.

Su gətirmək Feyzi Dəkəninin18 öhdəsindədir,
Dehləvi dəhlizdə dayanıb19.

Tus şairi20 əkinin suyunu bağlayıb,
Qəzzali21 də ipi pambıq edib.

Rudəki arabir rud çalaraq,
Xoş Səmərqənd nəğməsi oxuyur:

«Muliyan çayının ətri gəlir,
Mehriban yar yada düşür»22.

Sədi bir guşədə qiyamət qoparıb
O üzü və qaməti vəsf edir.

Xacə (Hafiz) öz xoş avazı ilə oxuduğu
«Şahnaz»la məclisə xoş bir «Şur» (coşqu) salıb.

O yanda Şeyx Əttar23 müşk səpib ud yandırır,
Bəd nəzəri üzərlik tüstüsünə tutur.

Məclisi bəzəməyə Nizami layiqdir,
O şöhrətli söz ustası layiqdir.

Məclisi nizamlamağı Nizamiyə tapşırıblar,
Cam gəzdirməyi Camiyə24 tapşırblar.

Xəyyam mey kuzəsini başına çəkir,
Firdovsi ucadan deyir: «Nuş olsun!»

Bizim məstliyimiz mənəvi şərabdandır,
Bizim çərəzimiz «Məsnəvi»nin neyi və avazıdır.

Bizim hədiyyəmiz göz yaşımız və eşqimizdir,
Onun qaşının bir işarəsi bizə yol göstərir.

***
Gözümüzü açıb bu xoş röyadan ayrılaq,
Eşqi ağılla tutuşduraq.

«Şahnamə» bizim təbilimiz və şeypurumuzdur,
«Məsnəvi» bizim çəngimiz, neyimiz və zınqırovumuzdur.

Tanrı xilqət neyinə üfürəndən bəri
Mövlanadan yanıqlı ney kim görüb?!

İlahi, bu neyçi nə gözəl çalır,
«Çalır» deyirlər, amma od vurur.

«Neyin bu sədası hava deyil, oddur,
Kimdə bu od yoxdursa, yox olsun!»25

Bu qələndər gör nə qovğa salıb,
Aləmi öz sədası ilə doldurub!

Bu «Məsnəvi» yaradılış kitabı olduğundan
Köhnə onda bir an içində yeniləşər.

Hissəciklə tamı yenidən bir-birinə qovuşdurub,
Yaradılış kimi bir məhşər meydana gətirib.

Onun hər vərəqində yüz səhnə canlanır,
Onun hər sözündə yüz naxış görünür.

Onun hər sözü mübtədanın neçə-neçə xəbəridir,
Üstəlik özü də neçə-neçə sonun başlanğıcıdır.

Elə ki, söz həm mübtəda, həm də xəbər olar,
Bir dünya mənanı qucağına alar.

Otuz hissədən ibarət Qurana and olsun ki,
«Məsnəvi» fars şerinin Quranıdır.

Düşüncə gözəlləri ona vurğundur,
Beyinlər onun dəryasında qərq olub.

***
Mövlana könlünü Şəmsin eşqinə verdi
Və bu qədər divanı Şəmsin adına bağladı.

Ona görə də Mövlananın ilhamına yox,
Mövlananın Şəmsinə əhsən!

Bizim dilsizlikdən şikayətlənən Şəmsimiz
Mövlana şerinin dilində təzahür etdi26.

Dil dağından ürəyi ağrıdığından
Tanrı ona bu əbədi dili verdi.

Bu «Məsnəvi» kitabı əbədidir,
Ey Mövlananın ruhu, sən də əbədi yaşa!

***

Mövlana Ruminin yeddi yüz əlli illiiyi
Hər bir ölkədə keçirilsə də,

Mövlana Şəmsi axtarır,
Şəms hardadırsa, ora gedir.

Şəms təbrizli və bizimki olduğundan
Mövlananın ruhu da yəqin bizim qonağımızdır.

***

Ey Şəhriyar, ilhamın çağlayırdı,
Ona görə də qonaqlarının vaxtını xoş keçirdin.


İzahlar:

1. Beyt Mövlanaya məxsusdur.
2. Konya şəhəri nəzərdə tutulur.
3. Şəms Təbrizi «Söhbətlər»ində özünü Günəşə, Mövlananı isə Aya bənzədir. Eyni müqayisəyə Ruminin əsərlərində də rast gəlirik.
4. Azərbaycanın böyük filosof-şairi, sufi ədəbiyyatının mühüm nümunələrindən biri olan «Gülşəni-raz»ın müəllifi Şeyx Mahmud Şəbüstəri (1287-1320) nəzərdə tutulur. Bir qədər aşağıda Şəhriyar onun əsərinin də adını çəkir.
5. Özünü «Mövlana tərzinin davamçısı» adlandıran, farsdilli poeziyada bütöv bir cərəyanın başında duran dahi Azərbaycan şairi Saib Təbriziyə (1601-1677) işarə olunur.
6. XI-XII əsrlərdə yaşamış şair Əməq Buxari (vəf.1148).
7. Səfəvilər dövründə yaşayıb «Molla Sədra» kimi məşhur olan filosof və ilahiyyatçı Sədrəddin Şirazi (1572-1640).
8. Görkəmli sufi şairi, nemətullahi təriqətinin banisi Şah Nemətullah Vəli (1330-1431).
9. Həzrət Əli nəzərdə tutulur.
10. Böyük sufi şeyxi Əbu Səid Əbül-Xeyr Meyhəni (967-1049).
11. Erkən sufizmin görkəmli nümayəndələri Cüneyd Bağdadi (vəf.910) və Bayəzid Bəstami (vəf. 875)
12. Təsəvvüf tarixində özünəməxsus yer tutan Şeyx Əhmədi-Cam Jindəpil (1049-1125)
13. Məsnəvixan – peşəkar «Məsnəvi» qiraətçisi. Bu beyt «Məsnəvi»nin ilk sətirlərinin azca dəyişdirilmiş variantıdır.
14. Mövlananın müasiri olmuş Azərbaycan şairi Hümam Təbrizi (vəf.1315)
15. «Şeyx Bəhayi» adı ilə məşhur olan alim və şair Bəhaəddin Amili (1546-1622).
16. Sufi poeziyasının ünlü nümayəndəsi Sənayi Qəznəvi (1048-1140). Mövlanaya güclü təsiri olmuşdur.
17. Məşhur ilahiyyatçı Fəxrəddin Razi (1149-1209). Mövlananın atası Bəhaəddin Vələdlə münaqişəsi olmuşdur. Şəms də, Mövlana da ona mənfi münasibət bəsləmişdir.
18. Moğollar dövrünün böyük hind şairi Əbül-Feyz Feyzi Dəkəni (1547-1595)
19. Dahi hind şairi Əmir Xosrov Dehləvi (1253-1325)
20. Burada «Tus şairi» dedikdə Firdovsi nəzərdə tutulur və onun dehqanlığına işarə olunur.
21. Məşhur filosof və ilahiyyatçı Əbu Hamid Məhəmməd əl-Qəzzali (1058-1111). Şəhriyar Qəzzali (pambıqdan iplik əyirən, ip toxuyan) sözünün hərfi mənasına işarə etmişdir.
22. Burada fars-tacik ədbiyyatının banisi sayılan Rudəki Səmərqəndinin (IX-X əsrlər) rud alətində çalmasına işarə olunmuş və onun məşhur «Buye-cuye-Muliyan ayəd həmi...» şerindən bir beyt verilmişdir.
23. Sufi ədəbiyyatının böyük nümayəndəsi Şeyx Fəridəddin Əttar Nişaburi (1119-1230). Qaynaqlarda Mövlananın uşaq ikən onunla görüşdüyü bildirilir.
24. Nizaminin görkəmli davamçılarından olan şair və sufi Əbdürrəhman Cami (1414-1492).
25. Bu beyt «Məsnəvi»nin giriş hissəsindən götürülmüşdür.
26. Şəms Təbrizi daim dilin və sözün onun hiss və düşüncələrini ifadə etməkdə «acizliyindən» şikayətlənmiş, buna görə də əsər yazmağa meyli olmadığını bildirmişdir. Mövlana isə öz əsərlərinin Şəmsin səsi olduğunu vurğulamışdır. Şəhriyar burada həmin mətləbə işarə edir.
0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər