...Mən başqa bir şey deyil,
Sadəcə, danışan qan damcısıyam.
Haqqında danışacağımız böyük rumın şairi Nikita Stenesku 1933-cü ildə Rumıniyanın neft sənayesi mərkəzi sayılan Ploeştdə anadan olub. İlk şeirini 1957-ci ildə Buxarest Universitetinin Filologiya fakültəsinin məzunu ikən «Tribuna» qəzetində nəşr etdirib. İlk kitabı «Sevginin mənası» isə 1960-cı ildə çap olunub. N. Stenesku 20-dən artıq kitabın müəllifidir. Şair həm də jurnalistlik fəaliyyətilə məşğul olub. Uzun illər rumınca «Ədəbiyyat qəzeti»nin və «Luçaferul» qəzetinin redaktoru işləyib. Məşhur «Struqa poeziya gecələri»nin 1982-ci ildəki «Qızıl tacı» onun sonuncu mükafatlarından sayılır. Şair uzun sürən ağır xəstəlikdən sonra 1983-cü ildə vəfat edib.
Steneskunun ədəbiyyata gəldiyi 60-cı illərdə nəinki rumın ədəbiyyatında, bütövlükdə dünya ədəbiyyatında İnsana yanaşma metodları sürətlə dəyişməkdə idi. İndi artıq o, təkcə sosial hadisələrin mərkəzində duran bir obyekt kimi deyil, daha dərin və çoxtərəfli varlıq kimi tədqiq olunmağa başlayırdı. Açıq ictimai pafos, siyasi ehtirasdan meditativ, fəlsəfi poeziyaya keçid Steneskunun ilk kitabındanca özünü göstərmişdi. 60-cı illərin ortalarında bir-birinin ardınca nəşr etdirdiyi «Vaxta haqqı çatan» (1965), «11 elegiya» (1966) kitabları tənqidçiləri şairi nəinki müasirlərindən fərqləndirmək, həm də onu böyük bir şairlər nəslinin bayraqdarına çevirmək zərurəti qarşısında qoymuşdu. Stenesku isə öz növbəsində hər kitabı ilə ədəbiyyat aləmini titrətdiyi və onlarla gənc şairə ilham verdiyi halda, məktəb yaratmadığını dönə-dönə vurğulayırdı. Onun ədəbiyyata münasibəti fərqli idi. 1971-ci ildə Moskvada nəşr olunan «Xarici ədəbiyyat» jurnalının sorğusuna cavab verərkən Stenesku yazırdı: «...Ədəbiyyatın məqsədi qanunlar yaratmaq deyil, onları emossional qüvvəylə doldurmaq, qanunları hisslərdən keçirməkdir… Ədəbiyyatın əzəli mahiyyəti təbiət qanunlarını, xüsusən də insan təbiətinin qanunlarını hisslər vasitəsilə başqalarına ötürməkdir».
Stenesku poeziyasının mahiyyətini təbiət qanunlarının emossional qavranılması təşkil edir. Emosiya, qavrayış, şüur və yaradıcılıq qabiliyyətinə yalnız insan malik olduğundan, təbii şəkildə bütün qanunlar insana gəlib çıxır və ondan keçir. Çünki yalnız insan əzmlə bu qanunları açır, öz davranışları ilə onları tənzimləyir, öz yaradıcılığında onlara istinad edir. Steneskunun poetik qavrayışında müasir insan ən müxtəlif maddi və mənəvi əlaqələrin mərkəzində durur. Şairə görə, İnsan dünyayla bioloji və ekoloji, tarixi və etnik, fəlsəfi və estetik cəhətdən bağlıdır. Bu bağların hər biri isə böyük bir elmdir. Tənqidçilər doğru müşahidə etmişlər ki, Stenesku ayrı-ayrı şeirlərlə yanaşı bəzi mövzularda bütöv kitab yazır. Onun demək olar ki, bütün kitablarını bu cür xarakterizə etmək olar. Y.Kojevnikova görə, Stenesku poeziyasına kompleks anlayışlar daxildir. Hisslərin subyektivliyi və biliklərin obyektivliyi burada bir araya gəlir. Bu poeziyada demək olar ki, bütün şeirlər bir-birilə üzvü vəhdət təşkil edir. Stenesku yaradıcılığında ayrı-ayrılıqda yazılmış şeir axtarmağa dəyməz. Dialektik bağlılıq onların hamısını birləşdirir və bütün şeirlərin ana xəttini İnsan təşkil edir. Stenesku insan həyatının müxtəlif komponetlərinin dialektik əlaqəsini göstərmək üçün Prometey haqqında mifə dönə-dönə müraciət edir. Və oda sahib çıxdığı üçün güclənmiş bəşəriyyətin, eyni zamanda həm də qayaya zəncirləndiyi üçün gücsüzlüyün rəmzi olan Prometeyin şəxsində özünün mənəvi durumunu təsvir edir.
Ptolomey doğulanda hələ heç kəs doğulmamışdı.
O öləndən sonra da çoxları hələ doğulmamışdı.
İnsan qəlbinin lap dərinliklərinə enmək Stenesku poeziyasının əsas məqsədidir. Bu yolda ən müxtəlif vasitələrdən istifadə olunur. K.Kovalcinin vurğuladığı kimi, N. Stenesku özünü təkrarlamır. O, müasir poeziyanın malik olduğu bütün arsenalı işə salır. Folklor interpretasiyası və klassik ənənələrdən tutmuş verlibrin şüurda metoforik əksetməsinə qədər hər bir üsul şair tərəfindən sınaqdan çıxarılır. Qeyd edək ki, Stenesku bütün hallarda uğurlu kəşflər etməyə nail olur. Qeyd edək ki, fəlsəfi Stenesku poeziyasında Sözün öz yeri var. «Poeziya nədir?» sualı ətrafında gəzişmələr insan ağlının hüdudlarını cırmaqlayır. Poeziya və ayrıca Söz özü daşda, torpaqda, suda, insanda və nəhayət, Tanrının özündə axtarılır.
Mənə de: Bəlkə, sən, söz,
Ola bilər ki, Allah sənsən
Ancaq mənə demək istəmirsən ki, bu sənsən,
Dilimi qopartdıqları üçün mənə nifrət edirsən.
Stenesku şeirlərində İnsan-Söz qarşılaşmasına tez-tez müraciət edir və oxucuda onların bir-birlərindən doğması təəssüratını yaradır:
İnsan insanın dediyi sözdür,
İnsan aydın sözdür. İnsan insanın oxuduğu sözdür.
İnsan aydın olmayan sözdür.
İnsan insanın daşında yatan sözdür.
İnsan insanın başı üzərindəki ulduzların arasında Dincələn sözdür.
İnsan insanın sözü deyil.
Sözü «daşdan-daşa çırpıb», poeziyanı hər şeyin içində gördükdən sonra şair sanki son nəticəyə gəlir poeziyanın nə olması barədə. Deyir:
Ah dostlar, poeziya heç də göz yaşı deyil,
o hıçqırıqdır,
hələ mövcud olmayan gözün fəryadı,
gözəl doğulmalı olan birinin göz yaşıdır,
xoşbəxt doğulmalı olan birinin göz yaşı.
Fikrimizcə, «Poeziya nədir?» sualına Nikita Stenesku bütün yaradıcılığı boyu cavab axtarıb. Sözü ən ali məqama çatdırmaq, eyni zamanda onun ətrafımızdakı hər şeyin içində olduğunu söyləməklə şair oxucunu böyük seçim qarşısında qoyur. Ya yüksək məqam, ya oturduğun stul, yediyin çörək…
Stenesku Sözün onun üçün nə demək olduğunu ən ağlasığmaz üsullarla təsvir edir. Söz Şair üçün ən qiymətli varidatdır. Həm də onun hər şeydən möhkəm olduğunu sübut etmək üçün Söz bütün sınaqlardan çıxarılır:
1.Dulusçu qızmış küplərin satılmağa layiq olduğunu,
etibarlı və Möhkəm olduğunu sübut etmək üçün
Onların üstündə ayaqyalın gəzən kimi
Mən də sözlərə ürəyimi qoyuram.
2. Sənə malik olduğum ən yaxşı şeyi göstərirəm,
Yəni şeirləri.
Sənə göstərirəm və soruşuram:
- İnanırsanmı ki, onlar daş kimidir, inanırsanmı?
Ümumiyyətlə, Stenesku yaradıcılığında tez-tez Şair-Söz-Poeziya üçbucağına rast gəlmək mümkündür. Bu bucaqlar vəhdət təşkil etdiyi qədər həm də ayrı-ayrılıqda təhlilə məruz qalırlar. Stenesku şeirləri özünün çoxcəhətliliyi və əlvanlığı ilə diqqət çəkir. Şairə, sözə və poeziyaya verdiyi qiymətlə, bu üçbucağı müxtəlif situasiyalara salmaqla, insanların onlara münasibətini açıqlamaqla həndəsi fiqurun yerini möhkəmlədir. Üçbucağın içində və ətrafında dairələr də var. Bu üçbucaq bütün fiqurların içinə girir və özü onlarda deyil, onları özündə əridir. Hər şey sözdən keçir, sözdən yaranır və sözə qayıdır. Bu, lap Bibliyadakı: «Hər şeydən öncə söz vardı» - deyimi ilə üst-üstə düşür. Stenesku yaratdığı üçbucağın hər şeyin fövqündə durduğuna əmindir. Əgər üçbucağın bir bucağı olan Söz ən ali məqama çatdırılırsa, digər bucaq olan Şair heç də bütün zamanlarda və bütün ölkələrdə anlaşılmır, qəbul edilmir. Heç kim şairi görmür. Bəziləri görmür, çünki görməkdən məhrumdurlar. Digərləri görmür, çünki ürəkdən məhrumdurlar. Nəhayət, yerdə qalanlar görmür, çünki mövcud deyillər. Şairi görmək üçün gözə, ürəyə sahib olmaq lazımdır. Ətrafdakıların heç də hamısı buna qadir deyillər. Qəzəbli insanların fikrincə, əgər şair yeməli deyilsə, o niyə də anlaşılmalıdır? Ətir saçmayan bir şey necə çiçək adlana bilər? Şairin bir çiçək olduğuna inanmaq üçün öncə insanın ruhunun gözü olmalıdır. Şairin qoxusunu duymaq böyüklük istər. Şair həm də maddi bir şey deyil. Nə yeyilir, nə ətir saçır. Bütün həyatlarını maddiyyat üzərində qurmuş insan adlanan zavallı məxluqlar Şairi anlamaqdan sadəcə məhrumdurlar. Çünki ruhları yoxdur. Unutmayaq ki, nadanlıq bəşəriyyət tarixi boyu şairləri məhv etmiş başlıca amil kimi dəyərləndirilir. Steneskunun Şairi də belə bir tale yaşamaqdadır. Ona görə yaşamaqdadır ki, şairlərin Şair obrazı ölməzlik qazanmış bir məxluqdur. Stenesku yoxdur, ancaq onun Şairi yaşayır və hələ də onu yemək, qoxulamaq istəyən nadanların əlində əzab çəkir. Şair hər kəsi and verir ki, əgər əlləri şüa kimi nazik deyilsə, şairə toxunmasınlar. Yoxsa əlləri ilişib qalacaq onun içində...
Ancaq Stenesku öz Şairini yaşadığı zamandan, məkandan və ümumiyyətlə, fani dünyadan ayırmaq fikrində deyil. O, səmavi olduğu qədər də Yer adamıdır. O, ətrafındakıları görür, bütün olub-keçənləri öz içindən keçirir, yaxşıya-pisə reaksiya verir. Bununla belə, Stenesku əmindir ki, Şair də əsgər kimidir, onun şəxsi həyatı yoxdur.
Steneskunun poeziyasında bəşəri problem olan «anlamaq dərdi»ni də görməmək mümkün deyil. Bu, istər Şairin şəxsində olsun, istərsə də Sevginin dilindən səslənsin.
1. Necə əzablı tənhalıqdır
Məna olan yerdə mənanı anlamamaq.
Necə əzablı tənhalıqdır
Günün günorta çağı kor olmaq.
Mahnı səslənəndə kar olmaq da tənhalıqdır.
Məna olmayan yerdə Heç nə anlamamaq,
Gecəyarı kor olmaq,
Tamamilə sükut içində kar olmaq
- Ah, tənhalıqlar tənhalığı!
2. Anlamaq lazım deyil,
Biz sadəcə mövcud olmalıyıq.
Nəyin bahasına olursa-olsun olmaq,
Həqiqətən olmaq.
Bəs görəsən olmaq nədir? Cavab ilk baxışda çox sadə görünür. Amma yaranışla son arasındakı məsafədə bütün İnsan həyatının hər bir anının önəmli olması fikri oxucunu düşünməyə məcbur edir. Üstünlük isə yaranışa verilir:
Olmaq nədir?
Necə yəni olmaq nədir? Olmaq elə olmaqdır.
Yəni O, yəni L, yəni M, yəni A, yəni Q.
O Q-dən böyükdür, yeri gəlmişkən.
Vəssalam.
Stenesku poeziyasında Sevgidən danışmaq bu günə qədər sevgi haqqında deyilənləri bir kənara qoyub Tanrının bu lütfünə yeni baxış bucağı axtarmaq deməkdir. Bu lirikada biz yenə də ətrafımızda gördüyümüz hər şeyi ən müxtəlif rakurslarda yenidən müşahidə etmək imkanı qazanırıq. K.Kovalci də hesab edir ki, Stenesku öz lirikasına fəlsəfəni, təbiəti, tarixi və insanlığı gətirməyə çalışır. Onun lirik istedadı öz intensivliyi və hər şeyi əhatə etməsilə seçilir. Ürəyi sirli planet adlandıran şair bu planetdə yaşayıb ölməklə xoşbəxt ola biləcəyini düşünür. Ürəyin fəsillərə, məkana və qarşılaşdığı obyektə görə dəyişən halı şairin də əhvalına ciddi təsir edir və nəticədə bir-birindən əhatə dairəsinə, qavranma üsuluna görə fərqlənən əsərlər yaranır. Öncə «Qəlb nədir?» sualının cavabına diqqət yetirək:
O, baxışda hər şeyi dəyişdirir və işığı öldürür.
O, ölümə layla çalır, ondan sözlər çıxana qədər
və göz yaşıyla tərpənməz ulduzların qanunlarını bəzəyir.
Onu bəzən qəlb adlandırırlar,
Əslində isə ona nəğmə demək lazımdır.
Şairə görə, insan qəlbi fövqəlbəşər gücə malikdir. Onun bacarmadığı iş, keçə bilmədiyi sədd yoxdur. Güclü olduğu qədər də zərif, kövrək bir varlıqdır ürək.
Həkimlərə, fizioloqlara, anatomiklərə məsləhətim var:
İlk növbədə ürəyin hisslər,
beynin isə qavrayış mərkəzi olmasına şübhə edin.
Təsdiq edirəm: Tezliklə görəcəksiniz,
Əmin olacaqsınız ki, Sağlam təfəkkür səhv etməyib.
Baxmayaraq ki, ürək hisslər,
Beyin isə düşüncə mərkəzidir.
Axı ürək başqadır
Və beyin də tamamilə başqadır.
Şair Sevgini ağrıyla eyniləşdirir və həm də şüurlu şəkildə bu ağrını yaşamağa can atır. Bəlkə də əmindir ki, sevginin bəxş etdiyi ağrı ürəyin qidasıdır, ürək onu ömründə heç olmasa bircə dəfə dadmasa, yaşaya bilməz. Bu ağrını ürəyə və aşiqə yaşadan isə qadındır…
Bir zərbəylə dağıdaram ürəyimi
Qoy ağrını tanısın!
Qoy ağrını tanıyıb sənin o qəribə adını bilən
Kişi sevgisini tanısın, ah qadın!
Steneskunun lirik qəhrəmanını ağrılara düçar edən həm də hicrandır. Hicranın səbəbləri göstərilmir. Hər sətirdə sanki aşiqin olduğu kimi qəbul edilməsi, olduğu kimi sevilməsi iddiası yer alır. Amma tələb kimi səslənən sözlərin arasında çarəsiz aşiqin yalvarışlarını da eşitməmək mümkün deyil.
Ancaq mən yatanda,
Beləcə dərin yuxuya gedəndə
Mən yatdığım kimi yatanda
Sənin oyanmağa və durub getməyə ixtiyarın yoxdur.
Aşiq öz sevgilisini ən yüksək məqama qaldırır və onsuz məhv olduğunu ən parlaq boyalarla təsvir edir:
Qara buluda bürünərək
Gizlənmiş, pozulmuş və əzilmişəm.
Mən düşüb getdiyin
Kral taxtıyam.
Steneskunun yaradıcılığında güclü müşahidə ilə qeyri-adi qavrayışın yaratdığı vəhdət insanı heyrətə salır. «O» şeirində məhəbbəti yaxınkən ondan qaçan, öz əzizini, ilahi mələyini öpmək üçün buzlu yola çevrilərək onu incitməkdən belə çəkinməyən aşiqin son qənaəti oxucunu: «doğrudan da belədir…» deməyə məcbur edir.
«Sevdiyi naminə bu qorxunc dünyada, bu göylər altında yaşayan» aşiq kosmos, qalaktika, Yer, göy, ağac, torpaq, ölüm, həyat, sevgi və özü haqqında düşünərkən tez-tez sevgilisinə müraciət edir. Bütün anlayışlar haqqında konkret, real və çox cəsarətli fikirlər söyləsə də, aşiq yalnız sevdiyi qarşısında danışmağa söz tapmır. Bu səbəbdən də biz Steneskunun aşiqini romantik qəhrəman kimi dəyərləndirə bilərik. Nəzərə alsaq ki, ümumiyyətlə, romantiklərin realistliyə və ya realistlərin romantikliyə meyilləndiyi anlarda necə kataklizmlər baş verir, o zaman Steneskunun bütün yaradıcılığında izlənən narahatlığın səbəbi aydınlaşır. Müxtəlif ab-havaya köklənmək, gah zilə qalxıb, gah bəmə düşmək və ən əsası öz ayağıyla girdiyi labirintdən özünəməxsus tərzdə, lap mələklərdən qanad alıb uçmaqla olsa belə qurtulmaq Stenesku istedadının ən parlaq göstəricisidir. Bir daha vurğulayaq ki, Stenesku ən müxtəlif mövzular da yazsa da, onun yaradıcılığının tam mərkəzində İnsan durur. Şairin şeirlərində daş, ağac, budaq, Günəş, zaman, ölüm və ölümsüzlük xüsusi yer alsa da, İnsan bütün bu anlayışların mayasındadır. Odur ki, əminliklə deyə bilərik: Nikita Stenesku bütün həyatını, istedadını, enerjisini İnsanın vəsfinə həsr edib. Bundan daha böyük bir şair qayəsi ola bilərmi?
Sonda qeyd edək ki, bəzi rumın mütəxəssislər N.Steneskunun rus dilinə tərcüməsində bədii itkilərin çox olmasını vurğulayırlar. Hərçənd bu tərcümələr onilliklərlə rumın ədəbiyyatını tədqiq etmiş və rumın dilini mükəmməl bilən tədqiqatçılara məxsusdur. Şairin əsərlərilə tanış olduqda anlaşılmaz fikirlər, yarımçıq ifadələr bolluğu bizi Steneskunun həmvətənlərinin fikirlərini qismən bölüşmək zorunda qoyur. Bununla belə, bədii cəhətdən bir qədər naqis tərcümənin şairin qeyri-adi yaradıcılığına kölgə salmadığı qənaətindəyik. Bu cür təqdimatda belə Stenesku bütün möhtəşəmliyi ilə oxucuların qarşısındadır.

Şərh yaz