Nizar Qəbbani. ŞEİR DƏFTƏRİNƏ HAŞİYƏLƏR

Ərəb dünyasının ən ünlü şairlərindən biri olan Nizar Qəbbani 1923-cü ildə Suriya paytaxtında doğulub. Dəməşq Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra uzun illər diplomat kimi fəaliyyət göstərib, Suriyanın Beyrut, Qahirə, İstanbul, Madrid və Londondakı səfirliklərində mədəniyyət attaşesi kimi çalışıb. Bir müddət Birləşmiş Ərəb Respublikasının Çindəki səfirliyinin birinci katibi işləyib. 1966-cı ildə diplomatik fəaliyyətdən uzaqlaşaraq özünü bütünlüklə bədii yaradıcılığa həsr edib.
Qəbbani 16 yaşından şeir yazmağa başlayıb. İlk kitabı – «Əsmər bənizlinin dedikləri» – 1944-cü ildə tələbə olarkən işıq üzü görüb və böyük əks-səda doğurub. Bundan sonra vəfatına qədər daha 34 şeir kitabı çıxıb. Qəbbani həmçinin bir sıra nəsr əsərlərinin müəllifidir. Onun sözlərinə bəstələnmiş mahnılar ən məşhur ərəb müğənniləri tərəfindən ifa olunub.
Qəbbaninin poeziyasında məhəbbət, erotika, feminizm motivləri və ərəb millətçiliyi ideyaları başlıca yer tutur. Şarin qadın mövzusuna xüsusi əhəmiyyət verməsinə şəxsi həyatında baş vermiş bir faciə də mühüm təsir göstərib: 15 yaşı olanda böyük bacısı sevmədiyi adama ərə verildiyi üçün intihar edib. Sonralar şair yaradıcılığında qadın və məhəbbət məsələsinin böyük önəm daşımasının səbəblərindən danışarkən deyib: «Məhəbbət ərəb dünyasında məhbus kimidir, mən onu azadlığa çıxarmaq istəyirəm. Mən öz poeziyamla ərəb ruhunu, hissini və cismini azad etmək əzmindəyəm. Bizim cəmiyyətimizdə kişilərlə qadınlar arasındakı münasibətlər qeyri-sağlam xarakter daşıyır».


Şəxsi həyatının sonrakı mərhələsində Nizar Qəbbani daha iki faciə ilə üzləşib: əvvəlcə Qahirə Universitetində oxuyan 17 yaşlı oğlu Tofiq ürək xəstəliyindən vəfat edib, 1982-ci ildə isə sevimli qadını Bəlqis (Bilqeyis) Beyrutdakı İraq səfirliyinin partladılması zamanı həlak olub. Bu ağır hadisələr Qəbbaninin yaradıcılığında dərin iz buraxıb. Sonuncu olaydan sonra şair naşirlik fəaliyyəti ilə məşğul olduğu Beyrutu tərk edərək bir müddət Cenevrədə və Parisdə yaşayıb, sonra qəti olaraq Londonda məskunlaşıb. Ömrünün son 15 ilini Londonda keçirən Qəbbani 1998-ci ildə burada vəfat edib.

Şeirlə bir canıq biz –
əriş-arğacımız bir,
sinirimiz də birdir,
birdi qan qrupumuz.
Bir meridianda,
bir paraleldə
yaşayırıq sanki...
* * *
Damarlarımdan qopub
kağız üstə çırpınan,
oyur-oyur oynayan
vəhşi balıqdı şeir...
* * *
Hər gün, hər axşam
tilovumu kağızların dalğaları qoynuna atıb
bir qəfil möcüzə gözləyirəm mən.
Balıqçı tutacağı balığın yerini bilmir -
Mən də şeirin...
* * *
Mənim gözümdə şeir
dənizlə,
dənizin yeri-göyü titrədən
qəzəbilə bağlıdır.
Mənim nəzərimdə
şeirə ən çox oxşayan
balıqdı ancaq, balıq –
fosforlu gözlərilə,
hərəkəti,
əsəbi,
barmaqlar arasından qəfil sürüşməyilə.
Mən şeirlə ağac, bağ
ya da güllər və quşlarla dolu xalça arasında
bir oxşarlıq görmürəm.
Bunlar öz sabitliyi,
sakitliyilə gözəldir,
şeirsə, daim təlatümdədir -
dəniz kimi...
* * *
Səni sevirəm,
ona görə yox ki, gözəlsən,
ona görə ki şeirə oxşayırsan!
* * *
Heç kəs bilmir şeir nədi,
onun nə telefon nömrəsi
nə ünvanı bəllidi...
Şeir – məftildə gizlənmiş
elektrik cərəyanıdı,
məftili doğrayıb içinə baxsaq,
iki ucunu görərik yalnız,
elektrik cərəyanını yox..
* * *
Qeybdən gələn
bir səsdi şeir,
bir səs...
onu gözləməkdən özgə
bir ayrı əlacı
yoxdu şairin...
* * *
Ərəb tənqidçisi
şeirin başına fırlanır –
oğru
oğrun-oğrun
bankın ətrafında dolaşdığı tək...
* * *
Uşağa bənzədiyindən
odla oynamalıdır şeir,
dünyanı alt-üst etməli,
pəncərə şüşələrini sındırıb
yol işarələrinə dil çıxartmalıdır
və düz yoldan çıxmalıdır ki,
yaşaya bilsin...
Dəli kimi
səs-küy salıb
sonra
yetkinlik çağlarını
yaşamayan şeir –
mağmın, ölü şeirdir...
* * *
Gündə on milyon barrel
neft verən quyu
bir Mütənəbbi verə bilməz...
* * *
Şair quş olmaq istəyir.
Quş
şair olmaq istəməz ömründə –
qorxar ki, ovlayar onu
ərəb rejimləri.
* * *
«Biz şair xalqıq!» -
bunu bizə məktəbdə öyrətdilər.
Ancaq böyüyüb
şeir məclisinə gedəndə
gördük ki,
birinci sıra hökumət üzvləri üçün saxlanıb,
ikinci sıra təhlükəsizlik xidməti üçün,
üçüncü sıra hökumət üzvlərinin
xanımları üçün,
dördüncü sıra hökumət üzvlərinin uşaqları
və onların dayələri üçün,
beşinci sıra hökumət üzvlərinin buyuruqlarını
yazanlar üçün...
Onda şeir
başını tutub,
evinə qayıtdı ki,
bir «panadol» həbi atsın...
və yatsın...
* * *
Nəzəriyyə yoxdu şeirdə,
ancaq hər şairin öz nəzəriyyəsi var...
Şeirə nəzəriyyə yedirənlərin
şeiri ziyanlıdı,
elmi tikanlı.
Bu yolu tutan şair
Günəşi satıb
Əlli şamlı çilçıraq düzəltmədə...
Bu yola gedən şair
dəryanı satıb
bir şüşə mineral su alıb sonda...
* * *
Könül quşu
göydə süzən,
xəyalı dərbədər
insandı şeir –
şairdən də bezir,
oxucudan da:
özündən də bezir
hər gün, hər axşam.
Pişik deyil, it deyil
ələ öyrəşdirərsən.
Öz adəti, öz haləti
öz dünyası var
şeirin.
O dünyaya girsən
qapılar bağlı.
Nə başına sığal çək, nə döy, nə danla,
Tərs qadındı -
dediyini
deyəcək yenə...

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər