«Bir az da belə getsə, bu işi görməyə kadr tapılmayacaq»
Məsiağa Məhəmmədi – 1963-cü ildə anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu tlə bitirib. Əfqanıstanda hərbi tərcüməçi işləyib. «Saib Təbrizi və farsdilli poeziyada hind üslubu» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hazırda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiridir. Fars dilindən gözəl tərcümələr edən alimin bu günlərdə «Tədqiqlər və tərcümələr» adlı yeni kitabı işıq üzü görüb. Maraqlı kitabda müəlliflə söhbət etmək üçün əl yeri tapdıq. Həmin «əl yeri»ndən tutub alim qardaşımızı söhbətə çəkdik.
- Məsiağa müəllim, sizin «Tədqiqlər və tərcümələr» adlı kitabınızla tanışlıq göstərir ki, elmi fəaliyyətinizdə mətnşünaslıq (və mənbəşünaslıq) geniş yer tutur. Ümumiyyətlə, mətnşünaslıq nədir? Azərbaycan mətnşünaslığının dünəni və bu günü barədə nə deyə bilərsiniz?
- Filologiyanın bir qolu kimi yaranıb sonradan müstəqil sahəyə çevrilən mətnşünaslıq son dərəcə ciddi bir elmdir. Əsas mahiyyəti mətnin tarixi və tənqidindən ibarət olan bu elm tədqiqatçıdan yüksək peşəkarlıq və geniş erudisiya tələb edir. Bu, xüsusən orta əsrlərə, ənənəvi mədəniyyət tipinə aid olan mətnlər üzərində işləyən araşdırıcılara aiddir. İlahi mətn haqqında deyilmiş məşhur hədisi yada salaq: «Quranın zahiri və batini, batininin də batini və beləcə yeddiyə qədər batini vardır». Belə mürəkkəb struktura və semantikaya malik çoxplanlı orta əsr mətnlərinin düzgün oxunuşu və nəşri olduqca çətin bir işdir. Adətən bu işi aysberqə bənzədirlər – hazırlanmış mətn işıq üzü görür, tədqiqatçının buna qədərki gərgin zəhməti və mətn ilə «söhbəti» isə görünməz qalır. Mən qətiyyətlə deyə bilərəm ki, həmin «görünməyən iş» ideoloji qəliblər və hazır sxemlər üzrə monoqrafiya yazmaqdan daha çətindir və daha yüksək qiymətə layiqdir.
Əfsus ki, bizdə bunu anlayanların sayı sürətlə azalır. Əvəzində kompilyativ (hətta plagiat!) səciyyəli «monoqrafiyalar» az qala elmi tədqiqatların əsas «janrına» çevrilir. Halbuki Azərbaycan mətnşünaslığının Firudin bəy Köçərlidən, Salman Mümtazdan, Hümmət Əlizadədən üzü bəri zəngin bir ənənəsi var. Amma bu gün həmin ənənə qırılmaq təhlükəsi ilə üzləşib. Başı çıxan da, çıxmayan da mətn nəşr edir, yaxud mətn üzərində araşdırma aparır. Necə deyərlər, «planka» çox aşağı düşüb. Təsəvvür edin, özünü orta əsrlərin böyük şairlərindən birinin ardıcıl tədqiqatçısı sayan şəxs mətni səhv anlayıb tərcümə edir, sonra da həmin səhv yozum üzərində «konsepsiya» qurub elmi ictimaiyyətə sırıyır. Yaxud Şah İsmayıl Xətai barədə silsilə yazılarla çıxış edən «tədqiqatçı» «qamusu» (yəni, hamısı) sözünü «qamus» (lüğət, ensiklopediya) sözü ilə qarışıq salıb «orijinal təhlili» ilə adamı mat qoyur.
Bu azmış kimi elmi mətnşünaslıq ənənələri o qədər də güclü olmayan İranda kəmsavad bir şəxs Füzuli divanının dəhşətli səhvlərlə dolu «tənqidi mətnini» nəşr edir, bizim telekanallardan biri də həmin mətni biçarə oxuculara «füzulişünaslıqda yeni mərhələ» kimi təqdim edərək, tapıb oxumağı məsləhət görür. Halbuki bir vaxtlar mənim müəllimim Rüstəm Əliyevi İrana dəvət etmişdilər ki, onlar üçün Firdovsinin, Sədinin, Xəyyamın tənqidi mətnlərini hazırlasın. Yeri gəlmişkən, orta əsrlərə aid farsdilli və ərəbdilli mənbələrin nəşrindən danışanda, Rüstəm müəllim deyərdi ki, bu mətnlər tərcümə və şərh edilməzsə, «özündə şey» olaraq qalar. Əlavə edim ki, həmin tərcümə və şərhlər tədqiqatçının «qabında» nə olduğunu əks etdirən ən yaxşı güzgüdür. Bu sahədə də son illərin mənzərəsi ürəkaçan deyil.
- Tərcümədən söz düşmüşkən, niyə «Min bir gecə» dilimizə çevrilib, amma Qəzzalinin əsrləri Azərbaycan dilində yoxdur?
- Qəzzali bəşər tarixinin ən böyük zəkalarından, ən nəhəng şəxsiyyətlərindən biridir və bu, bizim üçün ciddi boşluqdur. Sovet dövründə Qəzzaliyə münasibət, təbii ki, ideoloji mizanla ölçülürdü və bir çox klassiklərin əsərlərinin «dini hissələrinin» ixtisar olunaraq nəşr edildiyi şəraitdə «dini elmləri dirçəltmiş» şəxsiyyətin müsəlman respublikasında geniş oxucu kütləsinə təqdimi mümkünsüz bir iş idi. Necə ki, sovet quruluşu dağılmayınca, Quran da dilimizdə səslənmədi. Amma Quran da, Qəzzalinin əsas əsərindən müəyyən parçalar və bir neçə risaləsi də hələ 1960-cı illərdə rus dilinə tərcümə olunmuşdu. «Min bir gecə» isə sovet ideoloqlarının nəzərində «xalq ədəbiyyatı» nümunəsi idi və onun səkkiz cilddə nəşrinə heç bir problem yaranmamışdı. (Yeri gəlmişkən, deyim ki, ərəb filoloqları istər orta əsrlərdə, istərsə də müasir dövrdə «Min bir gecə»yə ciddi əsər kimi yanaşmamışlar. Məşhur şərqşünas Aqafangel Krımski yazırdı ki, mən Livanda olanda bir oxumuş ərəb qoltuğumda «Min bir gecə»nin əlyazmasını görüb məzəmmətlə başını buladı, yəni gör nə oxuyursan). İkinci səbəb kimi Qəzzali əsərlərinin son dərəcə mürəkkəb mətnini göstərmək olar, yəni bu əsərləri başqa dilə çevirmək, necə deyərlər, hər oğulun işi deyil. Amma bizim şəraitdə spesifik və heyrət doğuracaq bir səbəb də var: kimlərsə bu əsərlərin tərcüməsini və geniş kütləyə çatdırılmasını heç cür istəmir. Qəribədir, min il əvvəl olduğu kimi, Qəzzaliyə əsas daşlar yenə də dirçəltmək istədiyi dinin «xadimləri» tərəfindən atılır. Onlar, Qəzzali demiş, onun fikirlərinə tab gətirmirlər.
- Sizin kitabınızı oxuyanda, istər-istəməz Salman Mümtazın «Azərbaycan ədəbiyyatının qaynaqları» kitabını xatırladım. Bu müqayisə kontekstində götürsək, Şərqin hansı yazılı abidələri dilimizdə yoxdur?
- Bu sahədəki vəziyyətlə öyünməyə əsas yoxdur, halbuki orta əsr mədəniyyətimizin ümumşərq sivilizasiyasının tərkib hissəsi olduğunu, başqa sözlə, genetik və tipoloji səciyyəsini nəzərə alsaq, tərcümə olunası abidələr çoxdur. Əlbəttə, bu istiqamətdə müəyyən işlər görülüb və xüsusən bizim şərqşünas alimlərin xidmətləri qeyd olunmalıdır. Amma indiyədək bu iş daha çox fərdi təşəbbüslər əsasında və pərakəndə şəkildə həyata keçirilib, hərçənd o, vahid plan əsasında sistemli formada, özü də dövlət səviyyəsində icra olunmalıdır, çünki məsələ tariximiz və mədəniyyətimiz baxımından çox mühümdür. Yəni, tutalım, latın qrafikası ilə çap olunmalı əsərlərin siyahısı yüksək səviyyədə təsdiq edilib nəşr olunduğu kimi, tərcüməlik mənbələrin də siyahısı müəyyənləşməli və bu işə peşəkarlar cəlb olunmalıdır. Məsələn, Türkiyədə Şərq mənbələrinin «Şərq-islam klassikləri» adı altında vahid seriya şəklində nəşri təcrübəsi var. Moskvada hələ sovet dövründən «Şərqin yazılı abidələri» adlı seriya mövcuddur və çoxlu kitablar nəşr olunmuşdur.
Burada mənim təsəvvür etdiyim şəkildə tərcümə olunmalı mənbələrin adlarını sadalamaq mümkün deyil. Nizami Muzeyində işlədiyim vaxt tərtib etdiyim «Şərq» tərcümə toplusu bu yöndə görülməli işin müəyyən istiqamətlərini ehtiva edir. Yəni bura ədəbi, tarixi, fəlsəfi abidələr, məktub və sənədlər daxildir. Təsəvvür edin ki, orta əsrlər tariximizə dair Ravəndinin «Rahətüs-südur», Rəşidəddin Fəzlullahın «Cameüt-təvarix», Hinduşah Naxçıvaninin «Təcarübüs-sələf» və s. kimi abidələr hələ də dilimizə çevrilməyib. «Tarixi-aləmarayi-Abbasi» kimi çox mühüm bir mənbəni, eləcə də Səfəvilər dövrünə aid digər abidələri tərcümə və nəşr etməmişik. Əlbəttə, Şah İsmayılın həyat və fəaliyyətinə dair romanların yazılması yaxşı haldır. Lakin ideoloji şərait dəyişəndə opponentlərə romanla cavab vermək olmur. Kimsə durub Şah İsmayıl haqqında qərəzli sözlər deyir, mənbələr ortada olmadığından çaşqınlıq yaranır. Halbuki Şah İsmayıl Xətai Məmmədəmin Rəsulzadə ilə bərabər azərbaycançılıq ruhunun ən böyük ifadəçisidir – mənbələr xalqa çatdırılarsa, hamı bunu aydın görər.
Yaxud klassik ədəbiyyatımızla bağlı mənbələri götürək. Çox yaxşı ki, Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» kitabı dilimizə çevrilib, amma elə onun özünün də əsaslandığı Övfinin «Lübabül-əlbab», Dövlətşah Səmərqəndinin «Təzkirətüş-şüəra» əsərləri və s. bu tipli qaynaqlar hələ də tərcüməsini gözləyir. Şərq poetikasına dair ərəb və fars dillərində bir neçə mühüm əsər var, onlar da dilimizə çevrilməlidir. Belə olan halda, klassiklərimizin hansı estetik prinsiplərə söykəndiyini, hansı poetoloji sistem daxilində yazıb-yaratdıqlarını dərindən dərk edə bilərik. Şərqin böyük mütəfəkkirlərindən İbn Sinanın, Biruninin, Farabinin, Sührəvərdinin, İbn əl-Ərəbinin əsərləri, söz sənətinin Sənai, Məərri, Əttar, Rumi kimi korifeylərinin yaratdığı nümunələr dilimizdə yoxdur. Bunsuz biz varisi olduğumuz mədəniyyətin köklərini anlaya bilmərik, bu anlayış olmadıqda isə onu qoruyacağımıza ümid bəsləmək əbəsdir.
Bir sözlə, mənbələr çoxdur, sadəcə məsələ dövlət səviyyəsində qoyulmalıdır, çünki belə ağır və məsuliyyətli işin maliyyə təminatı çox mühüm məsələdir. Açığını deyim ki, bir az da belə getsə, bu işi görməyə kadr da tapılmayacaq. Onda mətbuatda geninə-boluna təriflənən kitabında «Eşqdir mehrabı uca göylərin» misrasının altında M.Füzuli yazanların meydanı bir az da genişlənəcək. İndiki halda, yəni mövcud maliyyə təminatı şəraitində ciddi nəticələr gözləmək əbəsdir və hər şey fərdi təşəbbüslər çərçivəsində qalacaq. Son bir ildə mən özüm Baba Kuhi Bakuvinin «Həllacın həyatı və ölümü» əsərini, Qəzzalinin Sultan Səncərə məktubunu və onun sarayında çıxışını, məşhur sufi şeyxi Əbu Səid Əbülxeyrin «Qırx məqam» risaləsini tərcümə etmişəm, amma bunlar dəryadan bir damladır.
- Deyəsən, gəlib təsəvvüfə çıxdıq. Bu barədə, eləcə də Azərbaycanda sufiliyin tarixi və sufi ədəbiyyatı barədə nə deyə bilərsiniz?
- Sufizm orta əsrlər müsəlman Şərqində ictimai-mədəni və intellektual həyatın bütün sahələrinə nüfuz etmiş son dərəcə mürəkkəb bir hadisədir və onun nəzəri və praktik qolları, irfani və əxlaqi aspektləri, nəhayət, siyasi yönləri vardır. Əxilik, xəlvətilik, hürufilik, nəqşbəndilik, gülşəniyyə və səfəviyyə təriqətləri Şərqin, o cümlədən, Azərbaycanın təkcə mənəvi həyatında deyil, siyasi həyatında da mühüm rol oynamışlar. Azərbaycanda sufi ədəbiyyatının Şəms Təbrizidən, Mahmud Şəbüstəridən, Övhədi Marağayidən tutmuş Seyid Yəhya Bakuviyə, Gülşəni Bərdəiyə, Nəbatiyə, Seyid Nigariyə qədər zəngin tarixi var. Və ümumiyyətlə, bütün orta əsrlər ədəbiyyatımız bu və ya digər dərəcədə təsəvvüfün təsirinə məruz qalmışdır. Eləcə də musiqimiz. Muğam əslində irfani musiqidir və məsələn, «Şur» muğamındakı «Səmai-Şəms» heç də bir musiqi professorunun dediyi kimi «səmaya məxsus olan günəş» (!) deyil, Şəmsin, yəni Şəms Təbrizinin səmasıdır və «səma» da bilindiyi üzrə, sufilərin şer, musiqi və rəqs məclislərinə deyilir. «Çahargah»dakı «Mənsuriyyə» heç də şairin dediyi kimi «qələbə, təntənə» deyil, «ənəl-həqq» söylədiyinə görə dara çəkilmiş Mənsur Həllacın havasıdır.
- Son dövrlərdə bizdə sufizmə marağın artması göz qabağındadır. Bəs bu marağın ödənilməsi necə, sizi qane edirmi?
- Daha çox bu maraqdan sui-istifadə hallarını müşahidə edirəm. Mətbuatda bu mövzuda çoxlu primitiv, hətta yanlış məzmunlu yazılar gedir. Bizim kitab bazarında çox geniş yayılmış bir kitab var, deyəsən, dilimizə də tərcümə olunur: İdris Şahın «Sufizm» kitabı. Onun həqiqi sufizmə çox az dəxli var. Sufizmin dünyaca məşhur tədqiqatçılarından biri olan Annemari Şimmel deyirdi ki, islam mistisizmi, yəni təsəvvüf barədə yazmaq az qala qeyri-mümkün bir işdir. Bizdə isə bu, bəzilərinə çox asan görünür. Elmi mühitdə, Cavanşir Yusifli demişkən, «irfanoloq»ların böyük bir dəstəsi yetişib və bu mövzuda nə istəyirlərsə, yazırlar, amma çoxları mənbələri və dilləri bilmir. Lakin yaxşı nümunələr də var: gənc tədqiqatçı Könül Bünyadzadə təsəvvüfə dair mühüm qaynaqlardan birini – Sərrac Tusinin «əl-Lümə» əsərini dilimizə tərcümə edib. Məncə, əsas iş bu yöndə, yəni mənbələrin üzə çıxarılması istiqamətində getməlidir.
- Bəs siz necə, bu sahədə bir iş görürsünüzmü?
- Bəli, Şəms Təbrizinin «Məqalat» əsərini tərcümə edirəm. Eyni zamanda Seyid Yəhya Bakuvinin risalələrini çapa hazırlayıram.
- Sizə bu işdə uğurlar arzulayıram.
- Çox sağ olun.
İlham Qəhrəman
«Aydnlıq» qəzeti, 07.05.2005

Şərh yaz