"DÜNYA HEÇ ZAMAN HƏLLİNİ TAPMAYAN BİR PROBLEMDİR"
Livan şairi Məhəmməd Əli Şəmsəddin ilə müsahibə
Məhəmməd Əli Şəmsəddin müasir ərəb ədəbiyyatının dünya miqyaslı simalarından biridir. O, ərəb şairlərinin üçüncü nəslinə, yəni 1970-ci illər nəslinə mənsubdur. Həmin illərdə Livanın cənübünda bir qrup şair ədəbiyyata gəlmiş və sonralar "Cənub şairləri" adı ilə məşhurlaşmışdır. Şəmsəddin onlar içərisində ədəbi cəsarəti, şeirlərinin bədii tutumu, mürəkkəbliyi və narahatlığı ilə seçilir. Onun poeziyası mifoloji obrazlar və simvollarla doludur.
Şəmsəddin yeddi şeir toplusunun, üç nəsr kitabının və uşaqlar üçün yazılmış iki kitabın müəllifidir.
- Lütfən, özünüz barədə danışın.
- Doğrusu, öz əhvalımı dilə gətirmək mənim üçün çətindir. Qısaca onu deyə bilərəm ki, yazdığım şeirlər elə mən özüməm.
- Bəllidir ki, siz yeddi şer kitabının müəllifisiniz…
- Elədir. Özü də yeddi rəqəmi mənim üçün xüsusi caziyəbə malikdir və onu şeirlərimdə tez-tez işlədirəm. Məncə, o, rəqəmlərin ən sirlisidir. Bu sirrin kökləri mifologiyaya və dinə gedib çıxır, hətta Quranda da bu rəqəm həmin keyfiyyətdə işlənmişdir…
- Lakin siz yeddi rəqəmindən əlavə, bəzi sözlərə də xüsusi diqqət yetirirsiniz. Məsələn, "su", "uşaq"… və xüsusən "quş" sözünə. Bunu nə ilə izah edərdiniz?
- Bu məsələ bir çox amillərlə şərtlənmişdir. Onu da deyim ki, son vaxtlar İspaniyada kimsə mənim yaradıcılığım barədə geniş tədqiqat işi yazıb və bu zaman müəyyən statistik hesablamalar da aparıb. Məsələn, götürüb mənim yeddi kitabımı araşdırıb və görüb ki, "qan" sözü ilk kitablarımda cədvəlin başında dayanır, son kitablarımda isə cədvəlin sonuna düşür. Əvəzində əvvəllər az işlənən "su", "uşaq" və ya "quş" kimi sözlər tədricən çoxalmağa başlayıb. Nə isə. Amma soruşduğunuz "quş" sözü mənim üçün mühüm bir simvoldur. Qarşınızdakı jurnalın cildinə baxın: orada uçan göyərçinlər təsvir olunub. "Göyərçin" ən ilkin simvollardandır, çünki o, öz uçuşu ilə hər hansı bir varlığın zamanda hərəkətini göstərir. Göyərçin mənim üçün qanadlı bir canlı olmazdan öncə, bir ruhdur, qanad isə yalnız onun örtüyüdür. Qurani-Kərimə baxsanız, orada da "quş"un heyrətamiz bir simvol kimi işləndiyini görərsiniz. Aşağıdakı ayəyə fikir verin: "Hər bir insnın boynundan bir quş asdıq". Gəlin, əvvəlcə bu sözlərin yaratdığı təsvirə nəzər salaq, sonra onun rəmzi, simvolik mənasına keçək. Təsəvvür edin ki, böyük bir şəhərdəsiniz, küçələr adamlarla doludur, onların hərəsinin boynundan bir quş asılıb: küçədə adam və göyərçin əlindən tərpənmək olmur. Həmin sözlərdən mənim hissimin yaratdığı təsvir belədir, amma məsələnin mahiyyəti başqadır. "Hər bir insanın boynundan bir quş asdıq…". Mən bilmirəm, bu sözlərin dəqiq mənası nədir. Ola bilər ki, onlar nəyəsə işarə edir, məsələn, insanın boynundan asılan quş onun kitabıdır, yaxud taleyidir. Allah bilir, bu quş hardan hara qədər uçacaq. Hər halda bu ayənin mənası ona verilən şərhlərdən qat-qat dərindir. Və bu, sözün tam mənasında poeziyadır, baxmayaraq ki, söhbət Quranın mətnindən gedir…
- Bəs Quranda şairlərin pislənməsinə nə deyirsiniz?
- Quran şairlərin pozucu rəftarını pisləyir, amma heç vaxt bəşər təxəyyülünün çiçəklənməsinə qarşı çıxmır, əksinə, onu müdafiə edir. Quranda müxtəlif mənaları olan çoxlu ayələr var və onlar əslində insan xəyalının pərvazlanmasına, predmetlərin müsiqi yükünün açılışına xidmət edir. Quranda elə kəlmələr və ifadələr var ki, məncə, onlar xalis musiqidir: sözlərin musiqisi, dilin musiqisi. Musiqi həyatda və varlıqda bir prinsipdir. Göylərin hərəkəti də musiqiyə malikdir.
- Sizi şeir yazmağa təhrik edən nədir: həyat hadisələri, daxili tələbat, yoxsa…?
- Bu suala cavab vermək çətin bir işdir. Mən şeirin kəməndinə düşdüyüm bütün bu müddətdə özümə belə bir sual verməmişəm və ona hazır cavabım da yoxdur. Amma müəyyən bir baxımdan bu barədə danışa bilərəm. Mən şeir yazmayanda, varlığımın böyük bir hissəsi çarəsizlik burulğanına düşür. Burada çarəsizliyi sərgərdanlıq anlamında işlədirəm. Çünki şeir özü bir növ sərgərdanlıqdır və biz onun vasitəsilə başqa bir sərgərdanlıqdan qurtulmağa çalışırıq. Əlbəttə, sərgərdanlıq yanlış bir iş deyil. Məhz bu xüsusiyyət insanı daimi axtarışlara sövq edir, onun qarşısına suallar qoyur. Şeir yazmayanda, mənə elə gəlir ki, varlığımın müəyyən hissələri gizlənib. Elə bil şeir – yaşamaq üçün bir vasitə, mövcudluq üçün bir bəhanədir. Şeir - "sən"in şeirdəki varlığındır. Hər halda mənim üçün bu, belədir. Bilirsiniz ki, həyatda hər bir insan müəyyən sahədə "həkkaklıqla" məşğuldur: dülgər taxta üzərində, rəssam kətan üzərində "həkkaklıq" edir, mən də sözlərin mübhəmliyi üzərində. Deməli, şeir öz "mən"ini sübuta yetirmək vasitəsidir. Necə ki, kimlərsə öz "mən"inin siyasi hökmranlıqda və ya ictimai fəaliyyətdə təsdiq edir. Mənim bu sözlərdən başqa bir şey olmağa gücüm çatmır və belə düşünürəm ki, (bilmirəm, bu yaxşıdır, yoxsa pis) əgər bu sözləri məndən alsalar, mən özümü varlıqdan məhrum olmuş sanaram. Mən daimi bir boşluq hiss edirəm. Məndə qəbir kimi bir çuxur ağzını açıb və o, yalnız şeirlə dolur. Nə siyasi hakimiyyət, nə pul, nə də qadın sözə olan sevgini əvəz edə bilməz. Şeirdəki sözlərdən başqa heç bir şey məni razı salmağa, sevindirməyə qadir deyil.
- Necə bilirsiniz, şeir ani şəkildə, şimşəyin çaxması kimi doğulur, yoxsa şairin "bətn"ində yetişib münasib bir anda dünyaya gəlir?
- Belə düşünürəm ki, şeir - dan yerinin ilk nur telidir. Sübh çağının işıq teli bütün planetlərin 24 saat ərzində fırlanmasının məhsuludur. Yəni ulduzlar fırlanır, Yer dövr edir, Günəş batır… və nəticədə səhər vaxtı bu işıq teli meydana çıxır. Şeir də belədir – o, bütöv bir dövrənin məhsuludur. Şeir hadisələrin, işarələrin, düşüncələrin, mütaliənin və varlıqda olan bütün şeylərin qarışığıdır ki, şairin qəlbində gedən reaskiyada bişir və şeir halına düşür.
Zahirən şeir ani olaraq doğulur, lakin əslində o, şüurun və təhtəlşüurun gizli guşələrində, insanan daxilindəki məhrəm otaqlarda yaranır və qəflətən zühur edir.
- Sizin şeirlərinizdə qorxu və narahatlıq hissləri açıq-aşkar müşahidə olunur. Siz qorxuya bürünmüş bir fəzada dolaşırsınız. Bunun səbəbi nədir?
- Düz deyirsiniz. Səbəbi də budur ki, mənə elə gəlir, mən bu dünyaya atılmışam. Mənə hər şey verilib və heç nə də verilməyib. Mənə, insana, nə ad qoyursunuz, qoyun, lap elə Məhəmməd Əli Şəmsəddinə! Bu dünyanı mənə veriblər, amma "Adəm peşman deyil" adlı şeirimdə belə misralar var: "Mənə hər şey verilib, amma əlim heç nəyə çatmır". Fikir verirsinizmi? Mənə istək və meyllər verilib, qarşısına bəla və müsibətlər də qoyulub. Mənə bütün ləzzətləri və gözəllikləriylə birgə həyat veriblər, amma ölümü də yolum üstdə oturdublar. Daha dəqiq desək, bütün hərəkət istəklə imtina, icazə ilə qadağa, yaxud qadağa ilə qadağa arasında baş verir. Götürdüyümüz hər bir faydanın arxasında zərər, yaxud zərərlər durur. Əlbəttə, mənim şeirlərimdə ümid şüası da var. Mənim poeziyam ölümlə ümid arasında irəliləyir. Hər halda bütün bu mübhəm məqamarı açıb izah etmək mənm üçün çətindir. Məncə, şeirlərim içimdəki sirləri məndən yaxşı açıb göstərə bilir.
- Şeir oxumaqla aranız necədir?
- Düzünü deyim, şeir oxumaqdan yorulmuşam və əgər şeir oxuyuramsa, bunu poeziya aləmi ilə əlaqənin qırılmaması üçün edirəm. Daha çox fəlsəfi, tarixi kitabları, xatirə və bioqrafiyaları oxuyuram.
- Siyasi şeiri qəbul edirsinizmi?
- Yox, siyasi şeir səfeh və mənasız bir şeydir.
- Neçə vaxtdır ki. ərəb şairləri və tənqidçiləri arasında poeziyanın böhranından söhbət gedir. Sizcə belə bir böhran həqiqətən mövcuddurmu?
- Deyildiyi şəkildə yox. Mənim fikrimcə, böhran həyatın zəruri cəhətlərindən biridir. Heç indiyə qədər böhran keçirmədiyini deyən bir şair görmüsünüzmü? Böhran hamı üçün var, amma şairdən şairə, dövrdən dövrə fərqlənir. Hər şairin öz böhranı olur. Nizar Qəbbaninin böhranı ilə Məhəmməd Əli Şəmsəddinin böhranı tamam ayrı şeylərdir. Məncə, dünya həllə ehtiyacı olan və heç zaman həllini tapmayan bir problemdir. Həmişə naməlum şeyləri öyrənmək arzusu olub və var, lakin bu məchul şeylər heç vaxt bütünlüklə, axıra qədər aşkar olmur. Əks təqdirdə insan tükənər. Əgər insan qabaqcadan taleyi oxuya bilsə, qiyamət qopar, deyilmi? Deməli, bu böhran labüd bir şeydir. Mən özüm Livanın cənubundan çıxmış bir şairəm və əsasən kəndli olan yoxsul insanlarla birlikdə yaşayıram. Onların yaşadığı torpaq, özü də təkcə torpaq yox, tarix və insani dəyərlər bütünlüklə yox olmaq təhlükəsi ilə üzləşib. Bu səbəbdən mən bir növ böhran şəraitində yaşayıram. Digər tərəfdən, mən bir şair kimi dünyanın başqa yerlərində baş verən hadisələrə də biganə qala bilmərəm, çünki poetik təfəkkür bir bölgənin, bir ölkənin çərçivəsi ilə məhdüdlaşmır, bütün dünya ilə bağlanır. Özü də indi bizim Yer kürəmiz kiçik bir kəndə çevrilib. Odur ki, özünün kiçik və böyük dərdləri ilə yanaşı bütün dünyanın qəmini də ürəyinə yığan şairin böhrana düçar olması təbiidir.
- Siz şairin böhraından danışdınız, şeirin yox. Bilmək istərdik ki, şeir də böhran keçirirmi?
- Məncə, şeirin böhranı nisbi bir şeydir. Məsələn, deyirlər ki, camaat arasında şeirin hörməti azalıb. Lakin mən belə hesab edirəm ki, poeziya üfüqi baxışdan, yəni enindən nə qədər itiribsə, şaquli istiqamətdə, yəni dərininə bir o qədər qazanıb. Başqa sözlə, poeziyanın tərəfdarlarından bir hissəsi sıradan çıxıbsa, qalan hissə daha parlaq və daha dərin olub. Odur ki, böhran dəyişkən və nisbi bir şeydir.
Çevirəni: Məsiağa Məhəmmədi

Şərh yaz