SALAM, EY MƏSUM GECƏ!

Foruğ Fərruxzadın poeziyası haqqında qeydlər

1960-cı illər yeni fars şeirinin kamilləşmə dövrüdür və onun məruz qaldığı differensiasiya prosesi də bu təkamülə dəlalət edir. Həmin differensiasiyanın ən parlaq göstəricisi «şer-e nou» ("yeni şeir") daxilində ifrat təmayülün meydana gəlməsi, eksperiment xatirinə eksperiment aparan şairlər qrupunun formalaşıb güclənməsi sayıla bilər. Lakin bu meyl nə qədər güclənsə də (xüsusən 60-cı illərin ikinci yarısında), ədəbi atmosferin həlledici amilinə çevrilə bilmədi. Yeni poeziyanın təməl daşlarını qoymuş və artıq yaradıcılıqlarının yetkinlik çağlarına daxil olmuş şairlər əsərlərini yeniliyin labüd müşayiətçisi olan qüsurlardan təmizləyir, məzmun və forma sahəsindəki axtarışlarını dərinləşdirirdilər. Bu axtarışların istiqamətini və başlıca parametrlərini müəyyənləşdirmək, ümumiyyətlə, poeziyanın təkamülünün təbiətini anlamaq baxımından Foruğ Fərruxzadın «Təvəllodi digər» («İkinci doğuluş») adlı şeirlər məcmuəsini dərindən araşdırmaq son dərəcə əhəmiyyətlidir. Çünki bu kitab təkcə F.Fərruxzadın fərdi yaradıcılığının inkişaf faktı kimi qiymətləndirilə bilməz, hərçənd bu nöqteyi-nəzərdən də əsər müəyyən mənada yeni hadisə idi. Bu cəhəti Rza Bərahəni bir qədər mübaliğəli şəkildə olsa da, düzgün qeyd etmişdir: «İkinci doğuluş» şairin ömür yolunun ortasında nəşr edilmişdir. O, ikinci yox, ilkin doğuluşdur».1

Doğrudan da, 1963-cü ildə çap edilmiş bu kitab şairin əvvəlki əsərləri ilə müqayisədə ciddi təbəddülatdan xəbər verir, şairin həyata obyektiv baxış və fəlsəfi təhlil səviyyəsinə yüksəldiyini göstərirdi. Lakin, fikrimizcə, yeni fars şeirinin ümumi inkişafı kontekstində həmin təbəddülat təbii sayıla bilər. Şairin bu əsərlə çağdaş ədəbiyyata göstərdiyi xidməti isə biz yeni şeirdə «qızıl orta» yaratması kimi səciyyələndirə bilərik. Burada heç şübhəsiz, şairin sənətə və sənətkar şəxsiyyətinə baxışı da mühüm rol oynamışdır.Bu baxımdan onun aşağıdakı sözləri diqqətəlayiqdir: «Mənim fikrimcə, sənətlə məşğul olan hər bir kəs əvvəlcə özünü «düzəltməli» və kamilləşdirməlidir, sonra özündən «çıxaraq» özünə varlığın bir vahidi kimi nəzər yetirməlidir ki, bütün istəklərinə, hisslərinə, düşüncələrinə ümumi bir vəziyyət verə bilsin. Şair olmaq – insan olmaqdır. Bəzilərini tanıyıram ki, gündəlik davranışlarının şeirləri ilə heç bir əlaqəsi yoxdur,yəni yalnız şeir yazanda şairdirlər, sonra hər şey bitir, yenə olurlar tamahkar, qarınqulu, zalım, dargöz, bədbəxt, paxıl və alçaq bir adam. Mən bu adamların sözlərini qəbul etmirəm. Mən həyata daha çox əhəmiyyət verirəm. Bu adamlar yumruqlarını düyünləyib hay-haray salanda (yəni şeir və məqalələrində), məndə ikrah hissi oyanır, inanmıram ki, düz deyirlər. Deyirəm, iraq olsun, yalnız bir boşqab plov üçün bu cür fəryad edirlər».2
1935-ci ildə Tehranda doğulan, 1967-ci ildə elə həmin şəhərdə avtomobil qəzasında faciəvi şəkildə həlak olan Foruğ Fərruxzad otuz iki illik həyatı boyunca beş kitablıq şeir yazmış, fransız, italyan və ingilis dillərindən tərcümələr etmiş, bir sıra filmlər çəkmişdir (bu filmlərdən biri – cüzamlı xəstələrin həyatı barədə Təbrizdə çəkdiyi "Bu ev qaradır" filmi hətta beynəlxalq festivalda birinci mükafata layiq görülmüşdür). Beş şeir kitabından dördü («Əsir» - 1955, «Divar» - 1956, «Üsyan» - 1957 və «İkinci doğuluş» - 1963) şairənin sağlığında, beşincisi («İnanaq soyuq mövsümün başlanğıcına» - 1974) isə ölümündən sonra nəşr edilmişdir.
Əgər ilk üç kitabında F.Fərruxzad ətraf gerçəkliyi subyektiv hissləri prizmasından qavrayır və onların adekvat ifadəsinə çalışırdısa, «İkinci doğuluş» məcmuəsindəki şeirlərdə həyatın, hətta hiss və yaşantıların obyektiv mənzərəsinin yaradılmasına, sanki lirik qəhrəmanın müdaxiləsini (təsvir obyektinə münasibət mənasında) istisna edən bir şəkildə təcəssümünə can atır və buna nail olur. Bu halda lirik qəhrəmanın rolu təsvir olunan predmet və hadisələrlə oxucu arasında «vasitəçi» səviyyəsinə endirilir. Bu şeirlərdə giriş və nəticə yoxdur, şairi əhatə edən aləmin konkret lövhələri var və bu lövhələr zaman etibarilə bir anı da, bir günü də, bir ömrü də ehtiva edə bilər. Doğrudur, bunlar şairin mənəvi, daxili dünyasından keçib büllurlaşır, amma ilkinliyini və orijinallığını saxlayır, ona görə də oxucu əksər məqamlarda «vasitəçini» sezmir, poetik lövhə öz canlılığı və sərt realistliyi ilə, tanışlığı və qeyri-adiliyi ilə onu cəzb edir, düşündürür və dəyişdirir. Bu cəhətdən maraq doğuran «Pərənde fəğət yek pərənde bud» («Quş yalnız bir quş idi») şeirindən bir parçaya nəzər salaq:

پرنده گفت" :چه بويي
چه آفتابي آه
بهار آمده است
و من به جستجوي جفت خويش خواهم رفت ."
پرنده از لب ايوان
پريد، مثل پيامي پريد و رفت .
پرنده کوچک بود
پرنده فکر نمي کرد
پرنده روزنامه نمي خواند
پرنده قرض نداشت
پرنده آدمهارا نمي شناخت ...
پرنده آه فقط يک پرنده بود …

Quş dedi: «Nə gözəl qoxu, nə gözəl Günəş, ah,
Bahar gəlmişdir,
Və mən öz tayımı axtarmağa gedəcəyəm».
Quş eyvanın kənarından
Uçdu, bir xəbər kimi uçub getdi.
Quş balaca idi,
Quş fikirləşmirdi,
Quş qəzet oxumurdu,
Quşun borcu yox idi,
Quş adamları tanımırdı…
Ah, quş yalnız bir quş idi.3

Göründüyü kimi, burada təsvir olunan mənzərəyə lirik qəhrəmanın şərhi yoxdur, lakin diqqət yetirsək, bu «şərhin» elə mənzərənin seçilməsində və onun tamlığını təmin edən müqayisələrin xarakterində («Quş qəzet oxumurdu», «Quşun borcu yox idi» və s.) gizləndiyini görərik. Bu mənada Foruğun şeirləri onun fərdi təcrübəsinin ifadəsidir. Elə bu da mövzu əlvanlığına, inikas üsullarının müxtəlifliyinə, obrazların rəngarəngliyi və çoxşaxəliliyinə baxmayaraq, kitabdakı şeirlərin üslubi vəhdətini (müəyyən bədii idrak tipinin məhsulu kimi) təmin edir. Bununla da şair oxucunu həyata onun gözlərilə baxmağa vadar etməyə nail olur. Şeir oxucuya ilk baxışda heç bir əlaqəsi olmayan predmetlərin, məntiq baxımından həcmlərində ümumilik olmayan anlayışların bağlılığını «kəşf etməyə» imkan yaradır və sözün geniş mənasında bədii ünsiyyət baş tutur.
F.Fərruxzad poeziyasının asossiativ dərinliyini şərtləndirən başlıca amil şairin dünyaduyumunda təbii və ictimai hadisələrin vəhdəti, tam ahəng təşkil etməsidir. Bu xüsusiyyət onun yaradıcılığında zaman kateqoriyasına da aiddir, daha doğrusu, məhz bu kateqoriyada təbiətlə cəmiyyətin harmoniyasının ifadəsi üçün daha geniş imkanlar tapılır. Foruğun şeirlərində kosmik və tarixi zamanlar insan həyatında çulğaşır, insan şəxsiyyətinin, onun mənəvi dünyasının təşəkkülündə zamanın bu iki aspekti eyni dərəcədə rol oynayır. Odur ki, onun lirik qəhrəmanı «fərdi» həqiqətlə bəşər mədəniyyətinin aşkarladığı «universal» həqiqəti birləşdirərək, həyatın mənası haqqında təsəvvürləri xeyli dərəcədə genişləndirir:

سلام اي شب معصوم!
سلام اي شبي که چشم هاي گرگهاي بيابان را
به حفره هاي استخواني ايمان و اعتماد بدل مي کني
و در کنار جويبارهاي تو ارواح بيدها
ارواح مهربان تبرها را مي بويند
من از جهان بي تفاوتي فکرها و حرفها و صداها ميايم
واين جهان به لانه ماران مانند است
و اين جهان پراز صداي حرکت پاهاي مردميست
که همچنان که ترا مي بوسند
در ذهن خود طناب دار ترا مي بافند

Salam, ey məsum gecə!
Salam, ey çöldəki cavanların gözlərini
İnam və etimadın sümük çuxurlarına çevirən gecə!
Sənin arxlarının kənarında söyüdlərin ruhları
Baltaların mehriban ruhlarını iyləyirlər.
Mən fikirlərin, sözlərin və səslərin laqeydliyi
dünyasından gəlirəm.
Bu dünya ilanların yuvasına bənzəyir
Və bu dünya o adamların ayaq səsləri ilə doludur ki,
Səni öpən anda
Beyinlərində səni asmaq üçün kəndir toxuyurlar…4

Foruğun yaradıcılığında bədii zamanın özünəməxsusluğu və onun poetik strukturun formalaşmasında müəyyənedici rolu şairin çıxılmaz və qaçılmaz tənhalıq motivini əks etdirən şeirlərində (bu cür şeirlər kitabda böyük əksəriyyət təşkil edir) daha qabarıq nəzərə çarpır. Adətən uşaqlıq və gənclik illərinin xatirələrini də ehtiva edən bu tipli şerlərdə şairin ümidsizliyi öz əksini tapır. Geriyə, keçmişə yol bağlanmışdır. Keçmiş haqqında xatirələr labüd olaraq indi barədə təskinlik veməyən düşüncələrə gətirib çıxarır. Beləliklə, lirik qəhrəman real və irrealın hüdudunda yaşayır, onun ruhu müxtəlif zaman müstəvilərində dolaşır, diaxron varlıq çərçivəsində qapanır. Bu baxımdan «An ruzha» («O günlər») adlı iri həcmli şeir parlaq nümunə ola bilər. Şeirdə uşaqlıq illərinin sadəlövh heyrətlər dünyasının təsvirindən başlayaraq qəhrəmanın həyatının hazırkı vəziyyətinə qədər bütün mərhələlərinin dəqiq xarakteristikası verilir. Burada başlancığ və son zamanlar haqqında təsəvvür verən iki parçaya nəzər salmaq kifayətdir:

آن روزها رفتند
آن روزهاي جذ به و حيرت
آن روزها ي خواب و بيداري
آن روزها هر سايه رازي داشت
هرجعبه سر بسته گنجي را نهان مي کرد
هر گوشه صندوقخانه در سکوت ظهر
گويي جهاني بود ...
آن روزها رفتند
آن روزها مثل نباتاتي که در خورشيد مي پوسند
از تابش خورشيد پو سيدند
و گم شد ند آن کوچه هاي گيج از عطر اقاقي ها
در ازدهام پر هياهوي خيابانهاي بي بر گشت
و دختري که گونه ها يش را
با برگهاي شمعداني رنگ مي زد، آه
اکنون زني تنها ست
اکنون زني تنها ست.

O günlər getdilər -
O maraq və heyrət günləri,
O yuxu və oyaqlıq günləri.
O günlər hər kölgədə bir sirr vardı.
Hər bağlı qutuda bir xəzinə gizlənirdi.
Günortanın sakitliyində anbarın hər küncü
Elə bil bir dünya idi…

O günlər getdilər -
O günlər Günəşdən quruyan bitkilər təki
Günəşin hərarətindən qurudular
Və akasiyaların ətrindən məst olan o küçələr
Geridönməz xiyabanların hay-küylü
İzdihamında itdilər.
Və yanaqlarını ətirşah ləçəkləri ilə
Rəngləyən o qız, ah,
İndi tənha bir qadındır,
İndi tənha bir qadındır.5

1950-60-cı illər fars şebrinin qeyd olunan üslubi keyfiyyətləri müəyyən ictimai-mədəni və estetik amillərin təsiri ilə meydana çıxmış yeni tipli lirik qəhrəmanın xarakteri ilə şərtlənmişdi. Çünki poeziyada fərdi başlanğıcın hakim mövqeyi zəminində formalaşmış və spesifik dünyaduyumunu təcəssüm etdirən bu lirik qəhrəman uyğun nitq açılışı tələb edirdi. Həmin tələbi həyata keçirməkdən ötrü «yeni poeziya» nümayəndələri müxtəlif bədii sistemlərin, ilk növbədə, modernizmin və klassik şeirin (hər şeydən öncə, sufi lirikasının) aktuallığını saxlayan ənənələrinin poetoloji və texniki təcrübəsindən uğurla faydalanır, qarşılarına qoyduqları estetik vəzifələrin öhdəsindən müvəfəqqiyyətlə gəlirdilər. Foruğun poeziyası bunun ən parlaq nümunəsidir.

Ədəbiyyat:

1. Rza Bərahəni. Təla dər mes. Tehran, 1347, s. 390.
2. Forugh Farrokhzad. Another birth. Middle Eastern Series. Albany Press. 1982, s.1.
3. Yenə orada, s. 40
4. Yenə orada, s. 78.
5. Yenə orada, s. 25, 27.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər