Spujməy Zəryab. BAZAR

(hekayə)

Çağdaş əfqan ədəbiyyatının önəmli simalarından olan Spujməy Zəryab 1950-ci ildə Kabulda doğulub. Bu şəhərdə litseyi və universiteti bitirərək, Parisdə təhsilini davam etdirib və ədəbiyyat üzrə doktorluq dərəcəsi alıb. Vətəninə qayıtdıqdan sonra müxtəlif qadın litseylərində dərs deyib. Taliban rejimi dövründə Fransaya mühacirət edib. İlk hekayəsini məktəb şagirdi olarkən yazıb. İndiyədək bir neçə hekayələr toplusu işıq üzü görüb. Əsərləri fransız, alman, ingilis və s. dillərə tərcümə olunub.

Adam başını qaldıranda uzaqdan köhnə bir qüllə görünürdü. Qüllənin dörd tərəfində dəyirmi pəncərələr vardı və pəncərələr uzaqdan dərin quyulara bənzəyirdi. Adama elə gəlirdi ki, qüllə yumru gözləri ilə ətrafı təəccüblə seyr edir.
Qüllə bazarın ortasında yerləşirdi. Mən balaca olanda bu qüllə mənə çox-çox böyük görünürdü. Onun qarşısında özümü lap balaca hiss edirdim. Amma indi bu qüllə mənim üçün yalnız daşdan və palçıqdan ibarət bir kütlə idi. Elə bil mənim böyüməyimlə, qüllə öz böyüklyünü və əzəmətini itirmişdi. Qüllə dörd yol ayrıcında dayanmışdı. İnsanlar onun o tərəf-bu tərəfindən keçirdilər. Adam uzaqdan qülləni və insanları seyr edəndə gülməyi tuturdu: insanlar balaca, lap balaca kuklalara bənzəyirdilər… və qüllə iri, lap iri gözləri ilə balaca adamları təəccüblə süzürdü.

Bir axşam gündəlik işimi həmişəkindən bir qədər də gec qurtarıb asta-asta bazara yollandım. Soyuq külək əsirdi, şaxta xırda iynələr təki adamın bədəninə batırdı. Boynum çiyinlərimin arasında itmişdi, paltomun yaxasını mümkün qədər yuxarı qaldırmışdım. Yaxam qulaqlarımı örtmüşdü. Əlimdəki çantam ağırlıq edirdi, istəyirdim elə orada onu yola atım. Soyuq külək adamın gözlərini çıxarırdı. Başımı aşağı əydim - belə olanda külək birbaşa adamın üzünə vurmur, gözlərini yaşartmırdı. Qaranlıqda yolun rəngi də dəyişmişdi, boz deyildi, boz ilə qaranın qarışığından ibarət bir rəng idi, polad rənginə oxşayırdı. Yolu getdikcə mənə elə gəlirdi ki, yol da hərəkətdədir, mənimlə bir yeriyir. Diqqət verdim ki, yol çatlarla doludur, bütün hissələri çatlayıb və çatlar anbaan gözümə daha da uzun görünürdü. Elə bil çatlar qabağa qaçır, daha da dərinləşirdi. Yolun kənarında bir arx vardı, susuz arx. Arx yol boyu uzanırdı, səkilərin üstündə nizamsız şəkildə daşlar və kərpiclər tökülüb qalmışdı. Divarlardan dərin yarıqlar ağızlarını açmışdı, onlardan bayıra kəsafət tökülmüşdü. Adamın ürəyi bulanırdı.
Mən yolla irəliləyirdim. Bazarın donuq lampaları uzaqdan utancaqlıqla işıq saçırdı. Yol parça-parça olmuşdu. Mənə elə gəlirdi ki, zəlzələ şəhəri parçalayır, şəhər çatlayır. Çatlar getdikcə dərin, daha da dərin olurdu. Adamı qorxu bürüyürdu.
Qülləyə yaxınlaşırdım. Ona çatmaq üçün qaçmaq istəyirdim. Qüllənin ətrafında insanlar çox idi və adam qorxusunu unudurdu. Bir neçə addım qaçıb yoruldum, dərindən nəfəs aldım. Ağır çantam qoymurdu ki, qaçım. Yolun kənarında böyük bir darvaza gördüm. Darvazanı möhkəm və şaquli millərdən qayırmışdılar. Millər qaranlıqda polad rəngində görünürdü. Millərin o tərəfindən, uzaqdan qəribə səslər gəlir, adamın canına qorxu salırdı. Fəryada bənzər insan səsləri idi, amma adam ayırd edə bilmirdi ki, nə deyirlər. Yavaşca başımı qaldırdım və qorxa-qorxa mil darvazaya baxdım. Diqqətlə baxdım. Onun arxasında ağaclar vardı, qupquru ağaclar. Qaranlıq ağacları da qaraltmışdı. Millərdən və ağaclardan qorxdum. Qaçmağa başladım. Çantamın ağırlığını unutmuşdum. Mənə elə gəlirdi ki, yol da mənimlə bərabər sürətlə qaçır. Yolun çatları da qaçır, divarın yarıqları da…
Qülləyə çatmışdım. Adamlar görünürdülər, amma bazar başqa günlərdəkindən tamamilə fərqlənirdi. Hay-küylə dolu idi. Qaçhaqaç idi. Alver gedirdi. Bir nəfərin yanında ayaq saxladım. Soruşdum:
- Nə olub?
… Kişi susurdu, heç nə demədi.
- Nə olub?
- …
Gedib başqasının qarşısında dayandım. Soruşdum:
- Ağa, nə olub?
- …
Heyrətlənib öz-özümə dedim: "Niyə heç kəs mənə cavab vermir?" Yenə soruşdum:
- Ağa, xahiş edirəm, deyin, nə olub?
- …
Əvvəlcə susdu, sonra dedi:
- Xəbərin yoxdur?
- Yox, heç nədən xəbərim yoxdur. Nə olub?
- Cibində nə qədər var?
Ciblərimi axtardım. İki-üç kağız və bir neçə xırda pul vardı.
- Olanım budur.
- Bunları ver, ver mənə, sənə deyim.
- Pullarımı niyə alırsan?
Hirsləndim, ona acığım tutdu. Pullarımı cibimə atdım, cingildəyib düşdülər. Kişiyə dedim:
- Heç demə, başqasından soruşaram.
Kişi güldü, ucadan güldü, məni təpədən dırnağa süzdü, rişxəndlə süzdü. Gedib başqa birisinin yanında dayandım. Dedim:
- Nə olub? Nə olub?
Kişi təəccüblə mənə baxdı, heç nə demədi. Yenə dedim:
- De, axı nə olub?
Kişi ciblərimə baxdı, barmağı ilə onlara işarə edib soruşdu:
- Pulun var?
Dedim:
- Hə.
- Nə qədər?
Bütün pullarımı cibimdən çıxarıb göstərdim:
- Olanım budur.
- Bunları mənə ver, sənə deyim.
Məni heyrət bürümüşdü. Gözlərim girdələşmişdi - qüllənin heyrətli gözləri kimi. Pullarımı ovcumda sıxıb kişiyə dedim:
- Hamısını alma…
Bu cümləni çox tələsik dedim. Soruşdu:
- Nə?
- Hamı…sı...nı... alma.
- Mən yaxşı adamam, yarısını alaram.
Pullarımı sayıb yarısını kişiyə verdim. Kişi pulları ovcunda tutub gözlərinə yaxınlaşdırdı, onlara yaxşı-yaxşı baxdı, sonra cibinə tökdü, cingilti eşidildi. Elə bil cibi "hopp" edib pulları uddu. Sonra dedi:
- Gəl!
Şaxta hələ də bədənləri qamçılayırdı. Tez-tez gedirdik, camaatın arasından çətinliklə yol açırdıq. Dükanların yanından keçdik, hər yerdə basabas idi. Bir guşə tapdıq, kişi dayandı. Gözləri yaşarmışdı. Dedi:
- Mən yaxşı adamam.
- Bilirəm… Bilirəm, nə olub, de!
Nəmli gözləri adamı kədərləndirirdi. Səsini yavaşıdıb dedi:
- Burada hər şey alınıb-satılır. Bədənlər, sözlər, gülüşlər, ağlayışlar, qulaqlar… Bunları bilmirdin?
Matdım-matdım kişiyə baxırdım. Yenə qüllənin heyrətli gözləri yadıma düşdü. Soruşdum:
- Nə dedin, qulaqlar da alınıb-satılır? Qəribədir, çox qəribədir.
Cibindən bir ovuc pul çıxardı, gözlərimin qabağında tutdu, xırda pulların cingiltisi və kağız pulların xışıltısı bir-birinə qarışdı, özünəməxsus bir səs yaratdı. Onları mənim gözlərimə yaxınlaşdırıb dedi:
- Bu mühümdür, çox mühümdür.
Boynunun damarları çıxmışdı, lampaların utancaq işığında üzü parıldayırdı. Üzünün qırışları daha da dərin görünürdü. Ağzını qulağıma yaxınlaşdırıb qışqırdı:
- Bu çox mühümdür, çox.
Mənə elə gəldi ki, səsi hər yana yayıldı.
Dedim:
- Bilirəm, bunu bilirəm. Amma burada necə hər şey alınır və satılır?
Kişi mənim sualıma cavab vermədi, boynunu əyib dedi:
- Bilirsən, mən yaxşı adamam, amma mən də sözümü satıram, gülüşümü satıram, ağlayışımı satıram, hər şeyimi satıram…
Kişi susdu. Qəhər boğazını tutmuşdu. Nəmli gözləri bir az da yaşarmışdı. Üzünü yana çevirdi, boynunun damarları titrədi, burun pərələri də əsdi, xeyli astadan dedi:
- Mən yaxşı adamam, xahiş edirəm, inan.
- Hə, hə, amma bütün bu şeyləri necə satmaq olar? Sözü, qulağı…
- Mən… mən sənə göstərərəm, hər şeyi göstərərəm, əgər…
Utana-utana cibimə baxdı və davam etdi:
- Əgər qalan yarısını da mənə versən, sənə göstərərəm.
Qeyri-iradi əlimi cibimə saldım, pulları yoxladım, xırda pullar barmaqlarıma daha iri gəldi, kağız pullar daha da şax. Tərəddüd edirdim. Birdən ovcumu açıb pulları kişiyə verdim və dedim:
- Al, bunların hamısını al, göstər!
Kişi sıxıla-sıxıla pulları aldı, baxışlarını məndən gizlətdi və dedi:
- Ancaq mən yaxşı adamam.
Əlini uzatdı və pulları aldı. Cibi pulları uddu və sonra dedi:
- Gəl mənim ardımca, gəl.
Getdim. Bir küncdə dayandı, əli ilə bir tərəfə işarə edib dedi:
- Ora bax.
Baxdım. Lampanın zəif və utancaq işığı altında iki nəfər dayanmışdı, biri o birindən soruşurdu:
- Nə olub? Nə olub?
O biri kişinin dodaqları elə bil yapışqanla yapışdırılmışdı, bir-birindən ayrılmırdı. Sual verən başını çiyninə əyib yalvara-yalvara soruşdu:
- De, xahiş edirəm, de, burada nə olub?
O biri kişi eləcə sakit idi. Üçüncü dəfə sual təkrar edildi. Bu dəfə kişi soruşanın cibini göstərib dedi:
- Cibində nə qədər var?
Soruşan matdım-matdım ona baxdı, pullarını çıxardı. Pul çox deyildi. Dedi:
- Bunlardır.
Kişi dedi:
- Əgər onları mənə versən, sənə deyərəm.
Soruşan yazıq-yazıq pullarına baxdı, birdən elə bil kimsə əlini irəli itələdi və pulları kişinin ovcuna qoydu. Kişinin cibi pulları uddu, sonra o dedi:
- Bilirsən, burada hər şey satılır: söz satılır, gülüş satılır, ağlayış satılır, qulaqlar satılır… Hər şey satılır, hər şey.
Qaşlarını yuxarı dartdı. Xüsusi bir tövrlə dedi:
- Hə, məsələ budur, başa düşdün? Mən də sözümü sənə satdım. Gördün?
Soruşan elə bil birdən balacalaşdı, lap balacalaşdı, başını tərpətdi, dönüb getdi. Arxasınca baxdım, elə bil bədəni ayaqlarına ağırlıq edirdi. Elə bil bədəni ilə ayaqları arasında təzad yaranmışdı və ayaqları bədənini daşımaq istəmirdi. O, uzaqlaşdı və qaranlıqda gözdən itdi.
Oradan uzaqlaşdıq. Adamların arasından çətinliklə yol açırdıq. Basabasda bütün səslər bir-birinə qarışmışdı: xırda pulların cingiltisi, kağız pulların xışıltısı, adamların hay-küyü, nə qədər və necə, alış və veriş.
Yol yoldaşım dayandı və dedi:
- Ora bax!
Gördüm bir qadın bir kişinin qarşısında dayanıb ona nəsə danışır, dostcasına danışır, nə isə gülməli şey danışır. Amma kişi dodaqları tikilmiş kimi gülmür. Qadının hekayətindən gülməyim tutdu, ancaq bilmirəm niyə qadının görkəminə baxanda gülüşüm yox oldu və məni qüssə bürüdü. Mənə elə gəldi ki, qadın danışmağa, gülməli şeylər nəql etməyə məcburdur. Mənə elə gəldi ki, qadın danışmağa özünü məcbur edir, zorla məcbur edir ki, dostcasına danışsın və gülməli şeylər desin. Amma kişi gülmürdü. Mən təəccüblənirdim ki, kişi niyə gülmür. Axırı qadın dedi:
- Gül, xahiş edirəm, gül. Heç olmasa bir dəfə…
Kişi qadının cibinə sarı baxdı, sonra dedi:
- Nə qədər varındır?
Qadın əlini cibinə salıb dedi:
- Olanım budur.
Kişi utana-utana pullara baxdı və dedi:
- Bunları ver, gülüm.
Qadın tərəddüdlə əvvəl pullarına, sonra kişiyə baxdı, elə bil qorxdu.
Dedi:
- Al, hamısını al.
Kişi pulları aldı, cibi pulları uddu, sonra qadına baxdı və dodaqlarının ucu qulaqlarına tərəf dartıldı. Dişləri göründü, məhəbbətlə güldü, sonra birdən ağzı açıldı, qəhqəhə çəkdi. Qadın uşaq kimi sevindi və hekayətinə davam etdi. Birdən kişi qadının əlini tutdu və dedi:
- Davam etmə, mən gülürəm. İndi mən gülürəm.
Qadın susdu. Heç nə demədi, yalnız kişiyə baxdı. Mənə elə gəldi ki, qadının içində nə isə qırıldı. Qadın əyildi, lap əyildi, divarın dibində oturdu, divara söykəndi. Kişi hələ gülürdü. Şaqqanaq çəkib gülürdü.
Yol yoldaşım başını tərpətdi və mənə dedi:
- Görürsən, sənə demədim?
Oradan uzaqlaşdıq. Elə bil havada gedirdim, ayaqlarım yümyüngül olmuşdu. Mənə elə gəlirdi ki, bu yüngüllüklə böyük məsafələri bir anda qət edərəm. Başım gicəllənirdi, müvazinətimi saxlaya bilmirdim. Kişi məni arxasınca dartdı. O, bir darvazanın ağzında dayandı və dedi:
- Burada adam ölüb.
Ürəyim titrədi. Ölümü yada saldım. Həyətdən bir qadının naləsi eşidilirdi. Darvaza yarıaçıq idi. Birdən kişi darvazanı bir az da açıb içəri girdi. Mən də daxil oldum. Həyət kvadratşəkilli idi. Şəhərin bütün həyətləri kimi. Həyətdə çoxlu adam vardı. O tərəf-bu tərəfdə durmuşdular. Zəif bir lampa həyəti güclə işıqlandırırdı. Həyətin ortasında bir tabut qoyulmuşdu. Tabut çox kobud düzəldilmişdi. Mənə elə gəldi ki, meyid tabutun içərisində çox narahatdır. Adamlar tabutun ətrafında dayanmışdılar. Bir qadın onun yanında oturmuşdu, başını tabuta vurur və ağlayırdı. Onun naləsi adamın ürəyinə od salırdı. İstəyirdim qadının yanında oturum, başımı o tabuta vurub ağlayım. Amma bilmirəm niyə bunu etmədim. Qadın birdən başını qaldırdı, fəryadla tabutun ətrafında dövrə vurmuş adamlara dedi:
- Ax, siz niyə ağlamırsınız? Siz ki bizim dostlarımız idiniz, niyə ağlamırsınız siz…
Tabuta işarə etdi və üzünü adamlara tutub dedi:
- Baxın… Artıq o ölmüşdür… Hu-hu-hu… Bu, dəhşət¬dir… u-hu.. u-hu…
Ağlamağına davam etdi. Adamlar matdım-matdım qadına və tabuta baxırdılar. Dodaqları bir-birindən ayrılmırdı. Gözləri qupquru idi. Qadın saçlarını yolurdu, başını qaldırdı və qışqırdı:
- Ağlayın… ağlayın… u-hu… u-hu…
Tabutun ətrafında dövrə vurmuş adamlar bir səslə qadından soruşdular:
- Nə qədər varındır?
Qadın onlara baxdı. Gözlərinin kənarından yaş süzülürdü. Gözləri qızarmış, şişmişdi. Qırıq-qırıq dedi:
- Pul? Çoxdur.
Tabutun ətrafına dövrə vurmuş adamlar dedilər:
- Bilirik, qaç, onları gətir.
Qadın inanmırmış kimi onlara baxdı və soruşdu:
- Nə üçün?
Dedilər:
- Onunçün ki, ağlayaq.
Qadın bir sıçrayışla yerindən qalxdı. Çadrasının ucu ilə üzünü quruladı, ucadan burnunu çəkdi, otaqlardan birinə getdi. Adamlar bir-birinə baxmırdılar, hamısı utancaq halda gözlərini tabuta dikmişdilər. Qadın qayıtdı. Əlində bir çanta vardı, köhnə dəri çanta idi, elə bil illərlə saxlanmışdı, üzündən köhnəlik yağırdı, dəstəyi yeyilmişdi. Qadın hönkürüb ağlayırdı, qalanları isə çantaya baxırdılar. Qadın kəskin hərəkətlə çantanı açdı, pulları adamlara sarı atdı. Yenə xırda pulların cingiltisi və kağız pulların xışıltısı qulaqları doldurdu. Birdən adamlar hönkürtü ilə ağlamağa başladılar. Ucadan ağlayırdılar. Qadının naləsi başqa adamların naləsi arasında itib-batmışdı. Onlar ağlaya-ağlaya qızılı güllərlə dolu qara parçanı tabutun üstünə saldılar, tabutu çiyinlərinə qoyub apardılar.
Həyətdən çıxdıq. Küçədə gördüm ki, çoxlu adamlar tabutu çiyinlərinə alıb aparır və hönkür-hönkür ağlayırlar. Ağladıqca butun bədənləri titrəyirdi. Yanımdakı kişiyə dedim:
- Çox qəribədir.
Kişi dedi:
- Yalnız bu mühümdür, çox mühümdür.
Sonra ondan soruşdum:
- Nə üçün bunlar ölünü gecə basdırırlar?
- Nə bilim, yəqin qayda belədir.
Və davam etdi:
- Hər halda ölünu basdırmaq lazımdır, gecə ya gündüz, daha bunun əhəmiyyəti yoxdur. Ancaq gərək onu basdırmağa adamlar olsun.
Tabutu aparan adamların və tabutun ardınca gedənlərin naləsi hələ də uzaqdan eşidilirdi.
Yorulmuşdum, istəyirdim mənə yoldaşlıq edən kişi çıxıb getsin. Ona dedim:
- Mən artıq gedirəm, başqa şey görmək istəmirəm.
O, təkidlə məndən yapışdı və dedi:
- Dayan, bir şey qalıb, dayan, xahiş edirəm.
İrəli getdik. Adamların arasından özümüzə yol açdıq. Bir yerə çatdıq. Lampanın zəif işığında iki nəfər oturmuşdu. Biri iki əli ilə qulaqlarını bərk-bərk tutmuşdu. Çox möhkəm tutmuşdu. İkincisi ona deyirdi:
- Qulaq as, sənə deyiləsi çox şey var. Xahiş edirəm, qulaq as. Belə mən boşalıram, yüngülləşirəm. Bax, əgər deməsəm, əgər sözümə qulaq asan bir kəs olmasa, mən ölərəm. Başa düşürsən, ölərəm.
Birinci kişi əlləri ilə qulaqlarını bərk-bərk bağlamışdı.
İkinci təkidlə təkrar etdi:
- Qulaq as, yalnız buna.
Birinci ikincinin cibləriniə baxdı, soruşdu:
- Nə qədər varındır?
İkinci əl atıb cibindən bir neçə kağız və bir qədər xırda pul çıxardı və dedi:
- Olanım budur.
Birinci dedi:
- Bunları mənə ver, qulaq asım.
Kişi qəribə bir sevinclə bütün pullarını ona uzatdı. Birinci əllərini qulaqlarından çəkdi və ikinci hekayətinə başladı. Mən eşitmədim ki, nə deyir. Amma mənə elə gəldi ki, bu səhnəni hardasa görmüşəm. Yadıma düşdü. Bir vaxtlar bir hekayə oxumuşdum, məzmunu belə idi.
"Bir faytonçu kişi, onun da bir oğlu vardı. Bir gecə oğlu öldü. O gecə faytonçu çox istəyirdi ki, dərdini bir kəsə desin. Kim faytona minirdisə, faytonçu deyirdi:
- Bilirsiniz, mənim oğlum ölüb, oğlum!
Müştəri öskürürdü, ya da ümumiyyətlə, eşitmirdi. Faytonçu yenidən təkrar edirdi:
- Bilirisiniz, ağa, mənim oğlum ölüb, oğlum!
Müştəri isə eşitmirdi. Faytonçu bu sözü bütün müştərilərə dedi və heç kəs eşitmədi. Axırda gecə getdi evinə. Atı ilə üzbəüz dayanıb dedi:
- At, mənim oğlum ölüb!
Və hönkürüb ağladı".
Mənə elə gəldi ki, bu hekayəni yüz dəfələrlə oxumuşam. Ürəyimdən keçirdi ki, hündür bir yerdə dayanıb bu hekayəni ucadan hamıya danışım, təkrar edim, yüz dəfələrlə təkrar edim. Mənə elə gəlirdi ki, şəhər həmin faytonçu ilə doludur. Mənə elə gəldi ki, şəhərin bütün sakinləri həmən faytonçuya oxşayır. Sanki şəhərin bütün sakinləri bir at axtarır və elə bil şəhərdə bir dənə də at yoxdur. Öz-özümə dedim:
- Necə də kədərlidir ki, şəhərdə bir dənə də olsun at yoxdur.
Yanımdakı kişi soruşdu:
- Nə dedin?
Cavab vermədim. Üzümü çevirdim. Qüllə görünürdü və hədəqədən çıxmış gözləri ilə bazarı süzürdü. Mənə elə gəldi ki, qüllənin də deməyə çoxlu sözü var. Mənə elə gəldi ki, qüllə də qüssədən ağırlaşıb. Yadıma düşdü ki, mənim də deməyə çoxlu sözüm var. Dostlarımın surətləri bir-bir beynimdən keçdi: müxtəlif qiyafələr - gözəl, bir az gözəl, kifir görkəmlər. Boyları da zehnimdə canlandı - uca, bir az uca, alçaq boylar. O qiyafələrdən birini seçdim. Ən yaxşı dostumu seçdim. Digər surətlər balacalaşdılar, bir nöqtəyə çevrildilər və sonra yox oldular. Ən yaxşı dostumun qiyafəsi beynimi doldurmuşdu, amma onun evi oradan xeyli uzaqda idi. Çantam da yaman ağırlıq edirdi. Çantamı yola atmaq istəmirdim, ancaq arzulayırdım ki, kimsə çantamı məndən oğurlasın. İstəyirdim yoldaşıma deyəm: "Bu çantanı məndən oğurla, xahiş edirəm, oğurla!"
Bu fikir mənə gülməli gəldi, demədim, yalnız söylədim ki:
- Mən daha gedirəm, xudahafiz.
Mənə baxdı. Heç nə demədi.
Ondan ayrıldım. Dostumun evinə getmək istəyirdim. Tanış küçələrdən və dalanlardan keçdim. Yorulmuşdum. Gecənin qaranlığında zəif işıqlı küçə lampaları utancaqlıqla sayrışırdılar. Mənə elə gəldi ki, küçə lampaları işıqlarının zəif olduğunu bilirlər və işıqlarının zəifliyinə görə xəcalət çəkirlər.
Dostumun evinə çatdım, pillələrlə qalxıb qapını döydüm.
Dostum gəldi… Ayaq səslərini tanıyırdım. Qapını açdı. Gözləri yuxulu idi. Çantamı bir küncə atdım və dedim:
- Sən bilirsən şəhərdə nə vəziyyətdir?! Adamlar hər şeylərini satırlar, gülüşlərini, ağlayışlarını, söz…
Birdən gördüm ki, dostum divara söykənib matdım-matdım mənə baxır və iki əlini qulaqlarına tutub. Mən yenidən təkrar etdim:
- Axı qulaq as, hər şeylərini satırlar…Qulaq as, xahiş edirəm.
Dostumun dodaqları tərpəndi və bu sözləri eşitdim:
- Nə qədər varındır?
Əllərimi ciblərimə saldım, əllərim ciblərimin lap dibinə qədər getdi, mənə elə gəldi ki, əllərim ayaqlarıma çatıb. Ciblərimdə heç nə yox idi. Gözucu cibimin kənarına baxdım. Cibimin astarının parçası kobud və çirkli idi.
İnanmırmış kimi dostuma baxdım - əlləri qulaqlarında idi və qulaqlarını bərk-bərk qapamışdı.
Mənə elə gəldi ki, bədənim çox ağırlaşıb, sanki ayaqlarım bədənimi saxlamaq istəmirdi. Hiss etdim ki, gözlərim getdikcə böyüyür, sanki gözlərim hədəqəsindən çıxırdı. Mənə elə gəldi ki, o an qülləyə oxşayıram. Həmən qülləyə ki, matdım-matdım bazara baxır. Dostum qulaqlarını qapayıb matdım-matdım mənə baxırdı. Üzümü çevirdim, qapıdan çıxdım. Çətinliklə yeriyirdim. Bu vəziyyətdə öz-özümə dedim: "Bir at… Bir atım olsaydı…".
Bilmirəm niyə addımlarım yavaşıyırdı. Yol gedə bilmirdim. Dörd yol ayrıcına çatanda hiss etdim ki, bədənim son dərəcə ağırlaşır və ayaqlarım güclə sürünür. Buna baxmayaraq bütün vücudumla bir tərəfə dartınırdım - bazara tərəf. Elə bil bazar gözəgörünməz bir kəndirlə məni özünə tərəf çəkirdi. Zorla çəkirdi. Bir də gördüm ki, bazarın ortasında dayanmışam, ətrafımda həmən hay-küy davam edir və mən o yan-bu yana baxıram. Bir kişi heyrətlə ətrafı süzdü, gəlib qarşımda durdu və məndən soruşdu:
- Şəhərdə nə olub?
Bilmirəm niyə ona cavab vermədim, elə bil kimsə dodaqlarımı bir-birinə tikmişdi. Elə bil dilim ağzıma yapışmışdı. Heç nə demədim. Kişi bir də soruşdu:
- Şəhərdə nə olub?
Bir də gördüm gözlərim kişinin cibinə dikilib. Dedim:
- Nə qədər varındır?
Səsim utancaq idi. Mənə elə gəldi ki, bu utancaq səs mənimki deyil. Sanki başqa bir kəs içimdən qışqırır. «Nə qədər varındır? Nə qədər varındır? Nə qədər?» Beynimdə at surətləri aşağı-yuxarı gedirdilər. Atlar fikirli və sakit halda gözlərini qırpırdılar…

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər