Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)


Şah bir müddət idi ki, Sürəyya İsfəndiyaridən ayrılmışdı və tək yaşayırdı. İranın kədərli kraliçası kimi şöhrət tapan Sürəyya İsfəndiyari şahdan ayrılandan sonra milliyyətcə alman olan anası ilə birlikdə İranı tərk etmiş və Parisdə məskunlaşmışdı. Bu da taleyin heyrətamiz oyunlarından biri idi ki, İran şahının xanımını Parisə göndərmiş və Parisdən bir iranlı qızı Tehrana gətirmişdi ki, şahın yeni xanımı olsun!
Fərəhin Şahnaz xanımın görüşünə getməsi məsələsində hamılıqla razılığa gəlsək də, mən Hafiz Şiraziyə həddən artıq inandığım üçün yerimdən qalxdım və taxçadan İranın bu məşhur şairinin divanını götürüb fal açdım, bu beyt çıxdı:

Kim bu işrəti çəkməsə, ömürlük qalar nakam,
Kim bu məclisə gəlməsə, həyatı olar haram.

Ərdəşir Zahidi həyat yoldaşı Şahnaz xanımla Kərəc yaxınlığında yerləşən Hesarək kəndindəki bir villada yaşayırdı.
Görüşün təyin edildiyi gün Fərəh sadə və qızlara xas bir paltar geyinib çox adi qiyafədə şahın böyük qızının yanına getdi. O hardan biləydi ki, tezliklə Şahnaz xanım onun qızlığı olacaq! Həmin gün axşam saat beş radələrində Xarici İşlər Nazirliyinə məxsus sürməyi rəngli bir avtomobil bizim evimizin qarşısına gəldi və Fərəh Ərdəşir Zahidinin göndərdiyi bu maşında Şahnaz xanımın evinə yollandı.
Şahnaz xanımla Fərəh arasında adi bir görüş olmuşdu. Sonralar Fərəh mənə danışmışdı ki, bu görüşdə şahın qızı ona çoxlu suallar verib, onun fikirlərini və baxışlarını dərindən öyrənməyə çalışıb. Ümumən Fərəh Şahnaz xanıma yaxşı təsir bağışlamışdı və onlar səmimi dostlara çevrilmişdilər; belə ki, aprel-may aylarında onların görüşləri daha üç dəfə təkrarlanmışdı. Sonuncu görüşdə əlahəzrət şah qabaqcadan xəbərdarlıq etmədən Hesarəkə gəlmiş, qızının xudmani qonaqlığında iştirak etmiş və Fərəhlə tanış olmuşdu. Yadımdadır ki, həmin gün Fərəh mənim tikdiyim püstəyi rəngli donunu geymişdi. Fərəh bu görüşdən çox həyəcanlı qayıtmışdı, bilmirdi söhbətə hardan başlasın və təəssüratını bizə necə çatdırsın.
Fərəh danışırdı ki, mən Şahnaz xanımla hovuzun kənarında gəzişib ordan-burdan söhbət edirdim. Birdən xidmətçilər qorxmuş və çaşmış halda xəbər verdilər ki, əlahəzrət təşrif gətirib. Fərəh deyirdi: «Ürəyim bərk çırpınırdı. Çalışırdım ki, əlahəzrətlə münasibətdə olduğum kimi görünüm, danışığım və hərəkətlərim təbii olsun, süni təsir bağışlamasın. Bir dəfə şahı Parisdə oxuyan iranlı tələbələrlə görüşdə uzaqdan görmüşdüm. Bu həmin şah idi ki, mən bir neçə dəfə onun əleyhinə nümayişlərdə iştirak etmişdim və indi onu yaxından görmək imkanı qazanmışdım. Şahla söhbətimizin ilk cümləsi hələ də yadımdadır. Şah məndən soruşdu: «Harada oxuyursunuz?» Mən dedim ki, təhsilimin son günlərini keçirirəm və Paris Politexnik İnstitutundan məzun olmaq üçün diplom işi hazırlamaqla məşğulam. Bu cümlələrlə bizim tanışlığımız başlandı və söhbətin bir neçə dəqiqəsi mənim Parisdəki təhsilimə həsr olundu...
Şah mənimlə son dərəcə lütfkar davranırdı və mən onun səmimi söhbətinin güclü təsiri altına düşmüşdüm. O vaxta qədər yatsam yuxuma da girməzdi ki, bir gün şahın yanında əyləşib onunla üzbəsurət söhbət edəcəyəm. Amma indi görürdüm ki, şah da başqaları kimi adi insandır və onun istəkləri də o biri insanlarınkına bənzəyir.
Mən şahla söhbətin asan bir şey olduğunu görüb sözlərimi açıq dedim və fikirlərimi bəzək-düzəksiz ifadə etdim...»
Biz yalnız Fərəhin Məhəmmədrza ilə izdivacından sonra o günkü görüşün təsadüfi olmadığını başa düşdük. Sonralar şah özü əhvalatı belə danışırdı: «Bir gün qızım Şahnaz gözləri sevincdən parlayan bir halda mənim yanıma gəlib bildirdi ki, o və əri Ərdəşir Zahidi Fərəh Diba adlı cavan bir qızla tanış olublar və belə hesab edirlər ki, həmin qız hər cəhətdən mənim həyat yoldaşım olmağa və İranın birinci xanımı məqamını tutmağa layiqdir. Qızım və kürəkənim Fərəhi şam yeməyinə dəvət etmişdilər, mən də onların təkidi ilə həmin ziyafətə getdim. Fərəhlə tanış olub söhbət edəndən sonra məlum oldu ki, əksər məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür...»
Fərəhin Məhəmmədrza ilə görüşləri bir neçə dəfə təkrarlandı. Bir gün növbəti belə görüşdən qayıdan Fərəh bizi heyrətə salıb dedi: «Bu gün əlahəzrət açıq-aşkar mənə evlənməyi təklif etdi». Mən soruşdum: «Bəs sən nə cavab verdin?» Fərəh dilləndi: «Məlum məsələdir - məmnuniyyətlə bu təklifi qəbul etdim!»
Hər bir ananın son arzusu qızını gəlin görmək və onu bəxtinə düşən ocağa köçürməkdir. Bizim həyatımız çoxlu çətinliklər nəticəsində əvvəldən dəyişkən şəraitdə keçdiyindən və eləcə də qızım Fransaya getməklə avropasayağı tərbiyəyə yiyələndiyindən, mən digər iranlı analar kimi onun üçün cehiz tədarük etməmişdim. Yalnız bir neçə ay bundan qabaq onun Kərim Paşa Bahaduri ilə evlənmək istəyindən xəbər tutmuşdum və güman edirdim ki, Kərim Paşa Bahaduri mənim gələcək kürəkənim olacaq. Heç vaxt ağlıma belə gətirməzdim ki, ölkə padşahının qaynanası olacağam. İndi nə etməliydim? Mən həyatım boyu heç vaxt əyan-əşrəflə oturub-durmamışdım və onların məclislərində iştirak etməmişdim. İndi məmləkətin şahı və Pəhləvilər ailəsi ilə necə münasibət quracaqdım? Qızımın toyu üçün nə etməliydim? Necə cehiz hazırlamalıydım? Dərziliklə güzəranını keçirən dul bir qadın şahın evinə layiq cehiz verə bilərmi?
Fikir-xəyal sel kimi beynimi bürümüşdü...
Bütün bu hadisələr bir aydan da az müddətdə baş verdi. Eynən ildırım sürətilə! Və biz özümüzə gəlməmiş hər şey ciddi şəkil aldı. Əvvəlcə əlahəzrət Fərəhə açarı qızıldan olan bir «Kraysler» avtomobili bağışladı. Bu, onun gələcək həyat yoldaşına ilk töhfəsi idi. Sonra şah Fərəhə bir brilyant boyunbağı hədiyyə etdi. Biz bu bahalı hədiyyələr müqabilində şaha nə bağışlaya bilərdik? Mən iranlıların adət-ənənəsinə uyğun olaraq gələcək kürəkənimə layiqli bir hədiyyə verməliydim. Amma şaha layiq olan hədiyyə mənim imkanım xaricində idi. Qızım özünün çəkdiyi, Dəmavəndin zirvəsini və Dərbəndin mənzərəsini əks etdirən iki şəkli çərçivəyə salıb gələcək həyat yoldaşına bağışladı.
Deməliyəm ki, mən o vaxta qədər şahı görməmişdim. Nəhayət, bir gün Fərəh bildirdi ki, əlahəzrət məni və qardaşım Məhəmmədəlini Sədabad sarayına şam yeməyinə dəvət edib. Səhv etmirəmsə, 1959-cu il may ayının axırları idi. Biz şahın görüşünə yollandıq. Özümü bir qədər itirmişdim. Maşın şah iqamətgahının həyətinə daxil olub ağ rəngli sarayın qarşısında dayananda xidmətçilərdən biri irəli çıxaraq maşının arxa qapısını açdı ki, mən və Fərəh düşək. Amma mən dizlərimin taqətsiz olduğunu hiss edib maşından düşə bilmədim. Maşının qabaq oturacağında əyləşmiş və bizdən əvvəl maşından düşmüş qardaşım mənim ləngidiyimi görüb yaxın gəldi və mənim əlimdən tutub ehmalca maşından düşürdü.
Sədabad sarayı Təcriş meydanının şimalında yerləşirdi, onun bir tərəfi Dərbənd meydanına, digər tərəfi Mənzəriyyəyə, qalan tərəfləri isə Əlbürz dağ silsiləsinin cənubuna və Şahabada çatırdı. Mən o vaxta qədər bir neçə dəfə Dərbənd meydanına gəzməyə getmişdim, amma heç zaman ağlıma gətirməmişdim ki, haçansa Sədabad sarayının qonağı olacağam. Qızım şaha ərə gedəndən sonra bildim ki, bu, təkcə bir saray deyil, bir neçə uca və gözəl saraydan ibarət kompleks imiş.
Gözəl bir gün idi. Bülbüllərin cəh-cəhi, qumruların nəğməsi, digər quşların səsi Sədabad sarayının geniş həyətini başına götürmüşdü. Sarayın qarşısında kifayət qədər böyük bir hovuz vardı və ətrafındakı sərv ağacları ona xüsusi gözəllik verirdi.
Mən heyrət içərisində ətrafdakı mənzərəni seyr edirdim. Gözəl hava və quşların nəğməsi məni özümdən alıb uzaqlara aparmışdı. Birdən gördüm ki, Məhəmmədrza ilə Şahnaz bizə doğru gəlirlər.
Şah bu qızı hədsiz bir məhəbbətlə sevirdi. Şahnaz gözəl, dəyanətli və təmiz qəlbli bir qız idi. O, yüksək əxlaqi keyfiyyətləri ilə Pəhləvilər ailəsinin digər üzvlərindən fərqlənirdi. Deməliyəm ki, kifayət dərəcədə dindar idi və elə bu səbəbdən qonaqlıqlarda və gecə ziyafətlərində iştirakdan imtina edib tədricən guşənişin oldu. Onun Ərdəşirdən ayrılmasının səbəbi də, hamının bildiyi kimi, ərinin əxlaqından narazılığı olmuşdu. Mən bu barədə sonra danışacağam, indi isə icazə verin, gələcək kürəkənimlə ilk görüşüm haqqında söhbət edim.
Məhəmmədrza irəli gəldi, Fərəh ona əl uzadıb məni təqdim elədi. Mən əvvəlcədən məşq etdiyim bütün hərəkətləri unutdum, o cümlədən, şaha əl verərkən qaydaya görə dizlərimi qatlamağı yaddan çıxartdım.
Məhəmmədrza mənimlə və qardaşım Məhəmmədəli ilə ehtiramla görüşdü. Sonra biz hamımız saraya daxil olduq.
Məhəmmədrza bir qədər söhbət elədi. Mən onun danışığından belə başa düşdüm ki, Fərəh bizim bütün həyatımızı artırıb-əskiltmədən ona nəql edib və mənim şaha deməyə artıq sözüm qalmayıb.
Məhəmmədrza bildirdi ki, Fərəhlə evlənmək niyyətindədir və Fərəhin arzusuna uyğun olaraq, bu axşam bu məsələni mənimlə müzakirə etmək və mənim rəyimi öyrənmək istəyir.
Mən dedim ki, söz şahındır və hər şey əlahəzrətin istədiyi kimi olmalıdır. Sonra Hafizin divanına baxıb fal açmağımı ona danışdım. Şah çox sevindi və bir neçə dəfə soruşdu: «Doğrudan? Doğrudan o beyt çıxdı?!» Mən Hafizə həddən artıq inandığımdan söz açanda şah göstəriş verdi ki, Hafizin divanını gətirsinlər və mən yenidən onun hüzurunda fal açım. Bu dəfə də yaxşı beyt çıxacağına əmin deyildim, amma şahın bu uşaqcasına istəyini yerinə yetirməyə bilməzdim, odur ki, buna hazır olduğumu bildirdim. Bir neçə dəqiqədən sonra xidmətçi Hafizin divanını gətirdi. Mən Hafizin uca ruhuna salam-dua göndərib fatihə oxuyub imdad dilədim ki, mənim abrımı qorusun və elə beytlər çıxsın ki, bu məclisin növrağı pozulmasın, əksinə, sevinc və şadlığı daha da artsın. Hafizin divanını açan kimi yenə əvvəlki beyt çıxdı və mən dərhal onu şaha oxudum. Şah bir neçə dəfə: «Qəribədir! Qəribədir!» - dedi. Şaha söylədim ki, Hafizə birinci dəfə müraciət edəndə də bu beyt çıxmışdı və bu mənim üçün də çox qəribədir.
Bir neçə dəqiqədən sonra Əşrəf xanım da bizə qoşuldu. Mənim üçün o vaxta qədər yaxından görmədiyim bu bacı-qardaşın hərəkət və davranışlarındakı oxşarlıq çox maraqlı idi. Şah məni ona təqdim edib dedi ki, bu, İranın birinci xanımı olacaq Fərəhin anasıdır. Mən başa düşdüm ki, Əşrəf xanım o günə qədər Fərəhi görməsə də, şahın qızımla tanışlığından xəbərdardır. Sonra şah dedi ki, gələcək gəlini ilə yaxından tanış olmaq üçün anası Tacülmüluk xanım da şam yeməyində iştirak edəcək.
Əşrəf sakitcə oturmuşdu, bizim danışıqlarımızı dinləyir və heç bir fikir bildirmirdi.
Şah qardaşıma məşğuliyyəti ilə bağlı sual verdi. Qardaşım bildirdi ki, bir neçə şəriki ilə bir tikinti şirkətini idarə edir və hal-hazırda Mehrabad aerodromunun asfalt zolağının çəkilməsi ilə məşğuldurlar. Şah qardaşıma dedi ki, Fərəhdən eşitdiyimə görə, siz onun Fransada oxuması üçün çox əziyyət çəkmiş, onun tərbiyəsində mühüm rol oynamısınız. Məhəmmədəli təvazökarlıqla cavab verdi ki, bizim hər ikimizin əziyyətini bacım çəkib və mən bütün uğurlarıma görə fədakar bacıma borcluyam. Şah üzünü mənə tutub soruşdu: «Eşitmişəm ki, siz rəştlisiniz. Rəşt camaatı çox yaxşı və mədəni camaatdır». Mən bu sözlərə görə şaha təşəkkürümü bidirdim. Məhəmmədrza yenidən dilləndi: «Atam bir müddət Rəştdəki kazak korpusunda xidmət etmişdi və Rəştdə yaşadığı dövrü həmişə yaxşılıqla xatırlayırdı». Mərhum əlahəzrətin adı çəkilən kimi hərə onun haqqında bir neçə kəlmə xoş söz dedi. Məhəmmədəli söylədi ki, Rza şah Pəhləvi limanına baxmağa gələndə orda imiş və mərhum əlahəzrəti yaxından görübmüş. Sonra o, bir qədər şahın xüsusi gəmisinin Rəhləvi limanına gəlməsi ilə bağlı xatirələrini danışdı ki, bu da şahla Əşrəfin hədsiz sevincinə səbəb oldu. O ana qədər susan Əşrəf danışmağa başladı və atası ilə birlikdə xüsusi gəmidə Pəhləvi limanına getməsi, orada xüsusi sarayda qalması ilə bağlı xatirələrini ətraflı nəql elədi. Beləcə bir də gördük ki, qonaqlıq məclisi xatirələr məclisinə çevrilib və hamı Rza şahı tərifləmək yarışına girib.
Fərəh söhbətin mövzusunu dəyişmək üçün Məhəmmədrzaya dedi: «Əgər əlahəzrət icazə versəydi, diplom işimi instituta təhvil vermək, işlərimi yekunlaşdırmaq və Parisdəki şeylərimi yığışdırmaq üçün Fransaya gedərdim». Şah bu fikri razılıqla qarşılayıb dedi: «Məsələ burasındadır ki, Şəms xanım da Avropaya getməyə hazırlaşır. Mən elə edərəm ki, birlikdə Fransaya gedib həm şəxsi işlərinizi yoluna qoyarsınız, həm də nikah və toy üçün lazım olan şeyləri alarsınız».
Söhbət burada kəsildi, çünki elan etdilər ki, şahın anası təşrif gətirib. Biz hamımız şahın anasına hörmət əlaməti olaraq, ayağa qalxıb sıraya düzüldük.
Məhəmmədrza irəli gedib Tacülmüluk xanımı qucaqladı və ana-oğul bir müddət qucaqlaşmış halda qalıb öpüşdülər. Məhəmmədrza boydan anasına oxşamışdı – Rza şah uca qamətli, Məhəmmədrza isə alçaq boylu idi.
Şahın anası Əşrəf xanımla da eyni hərarətlə qucaqlaşıb öpüşdü. Şahnaz xanım da irəli gedib əvvəlcə nənəsinin əlini, sonra üzünü öpdü.
Şahın anası cəvahirlərlə bəzənmiş dəbdəbəli bir libas geyinmişdi və daş-qaşının parıltısı adamın gözlərini qamaşdırırdı. O, həmişəki yerində oturandan sonra Məhəmmədəli irəli gedib onun əlini öpdü. Mən də yaxınlaşıb ehtiramımı bildirdim. Sonra Fərəh irəli gedib ona əl verdi.
Yazıq arvad sümüklərindəki, xüsusən dizlərindəki ağrılardan əziyyət çəkirdi və mənə elə gəlir ki, bunun əsas səbəbi onun çəkisinin ağırlığı idi.
Məhəmmədrza bizi təqdim edib dedi ki, bu, haqqında sizə danışdığım Fərəh Diba, bunlar isə onun anası və dayısıdır. Şahın anası bir söz demədən bizi başdan-ayağa süzdü.
Tacülmüluk xanımın gəlişindən bir neçə dəqiqə keçmişdi ki, əlahəzrət xidmətçilərdən soruşdu: «Şam yeməyi hazırdırmı?» Müsbət cavab aldıqda, bizi şam yemək üçün xüsusi salona dəvət etdi.
Şah anasının qoluna girib qabağa düşdü, Fərəh, Şahnaz və Əşrəf onların dalınca, Məhəmmədəli ilə mən isə onların yanı ilə hərəkət edib şam yemək üçün dəbdəbəli bir salona daxil olduq. Yemək masası arxasında Məhəmmədrza ilə Fərəh arasında qısa söhbət oldu. Məhəmmədrza dedi ki, toy üçün lazım olan şeylərin İrana göndərilməsini İranın Parisdəki səfirliyinə həvalə edəcək. Qərar belə oldu ki, Fərəh Parisdə nə istəsə alsın və aldığı şeylərin hesabını səfirliyə təqdim etsin, səfirlik də alınmış malların pulunu ödəyib onları Tehrana göndərsin.
Şam yeməyindən sonra qəhvə və çay içmək üçün başqa bir salona keçəndə İranın iki məşhur müğənnisinin və İran radiosu çalğıçılar ansamblının orada olduğunu görüb heyrətləndim. Özü də bunlar mənim çox sevdiyim müğənnilər idi. Musiqiçilər ehtiram əlaməti olaraq ikiqat əyildilər. Məşhur caz müğənnisi Viqən və digər tanınmış müğənni Puran Şapuri irəli çıxıb əlahəzrətin, anasının, Əşrəf xanımın və Şahnaz xanımın əllərini öpdülər, mənə, Fərəhə və qardaşıma da təzim etdilər. Onlar bilmirdilər ki, qarşılarında dayanan, saçlarını arxada yığmış bu arıq qız bir il keçməmiş ölkənin birinci xanımı olacaq.
Bizə çay və qəhvə gətirdilər, musiqiçilər də öz işlərinə başladılar. Viqənlə Puran Şapuri birlikdə bir neçə mahnı oxuyub bizi feyzyab etdilər.
Məhəmmədrza musiqini hədsiz dərəcədə çox sevirdi və nə qədər ki, İranda idi, onun musiqi gecələrinin ardı-arası kəsilmək bilmirdi. 1960-cı ildə Niyavəran sarayının tikintisi başlayanda, şah göstəriş verdi ki, orada filmlərə baxmaq və konsertlər təşkil etmək üçün xüsusi bir zal da tiksinlər. Məhəmmədrza caz musiqisinin vurğunu idi və bu sahədə onun sevimli müğənnisi Frenk Sinatra idi ki, həm də şahın ən yaxın dostlarından sayılırdı. Fərəh isə uzun müddət Parisdə yaşadığından fransız mədəniyyətini dərindən mənimsəmişdi və fransız müğənnilərinin əksəriyyətini bəyənirdi. Bu müğənnilərin bir çoxu, o cümlədən, Co Dassen Fərəhin dəvəti ilə dəfələrlə Tehrana gəlmişdi.
O gecənin xatirəsi heç vaxt yadımdan çıxmaz. Əgər desəm ki, bu, həyatımın ən gözəl gecəsiydi, mübaliğə etmiş olmaram.
Əlbəttə, şahın anasının davranışı qətiyyən xoşuma gəlmədi və Tacülmüluk xanımın sonrakı hərəkətləri həmişə ondan gen gəzməyimə səbəb oldu. Sirr deyil və hamı bilir ki, mənimki Tacülmüluk xanımla heç vaxt tutmadı. Tacülmüluk olduqca təkəbbürlü idi və ətrafındakılara həqarətlə baxırdı. O, Məhəmmədrza üzərində böyük təsiri olmasından ləzzət alırdı və öz davranışı ilə ailənin bütün üzvlərinə anlatmağa çalışırdı ki, Pəhləvi nəslində birinci şəxs odur. Artıq rəhmətə getdiyindən onun barəsində bundan artıq danışmağı düzgün saymıram. Yalnız bunu əlavə etməliyəm ki, Pəhləvi səltənətini «quran» məhz Tacülmüluk xanım olmuşdu. Əri bu məsələni bilirdi, amma indi o, həyatda olmadığından Tacülmüluk xanım istəyirdi ki, hamı ailənin indiki məqamına görə Rza şahın xanımı kimi ona minnətdar olsun. Bəzən o əsəbiləşəndə hətta Məhəmmədrzaya deyirdi: «Əgər atan olmasaydı, indi sən heç kim idin!» Onun tam səmimi münasibətdə olduğu yeganə şəxs Əşrəf xanım idi. O, Əşrəfi həqiqətən ürəkdən sevirdi və ona məhəbbətində hətta ifrata varırdı.
Beləcə Parisdəki tələbəliyi dövründə Tudə partiyasının üzvü olub şahın hakimiyyətinə qarşı fəaliyyət göstərən, nümayişlərdə iştirak edən bir qız İran şahının nişanlısı oldu. Bir neçə həftə bundan əvvəl ölkədən çıxmasına icazə verilməyən, Fransaya qayıtmaq hüququ olmayan bir qız indi xüsusi təyyarədə diplomatik pasportla Parisə yollandı ki, öz toyu üçün alış-veriş etsin!
Bəs Ərdəşir Zahidi ilə Şahnaz xanım nə üçün irəli durub şaha həyat yoldaşı olacaq bir qız axtarışına çıxmışdılar?
Sürəyya şahdan ayrılıb İranı tərk edəndən sonra (deyirdilər ki, onun boşanmasının əsas səbəbi Əşrəflə Şəmsin onun şəxsi həyatına müdaxilə etmələri olub) Məhəmmədrzanın yaxınlarından hər biri çalışırdı ki, ona həyat yoldaşı olacaq bir qız tapsın və bu yolla şaha təsir imkanı qazansın. Şahın anası öz bacısı qızını təklif etmişdi, amma Məhəmmədrza həmin qızla bir müddət ünsiyyətdə olub onu özünə münasib bilməmişdi və Giti Xətir adlı bu qızı xeyli kapitalla İtaliyaya göndərmişdi. Giti Fərəhlə Məhəmmədrzanın izdivacından sonra İrana gəldi və İranın İtaliyadakı səfiri Əlinağı Ənsarla əlaqədə olduğundan onun Kərəc yaxınlığındakı Mehrşəhrdə yerləşən, bir neçə hektarlıq sahəni əhatə edən dəbdəbəli mülkündə yaşamağa başladı.
Şəms, Əşrəf, hətta Fatimə və Qulamrza da şaha qız tapmaq üçün əl-ayağa düşmüşdülər. Qulamrza öz baldızını təklif etmişdi.
Bütün bunların bir qismini toydan sonra Məhəmmədrza özü Fərəhə danışmışdı, bir qismini də Fərəh sarayda ona yaxın olan qadınlardan eşitmişdi...
Fransa səfərində mən də Fərəhə yoldaşlıq elədim. İlk dəfəydi ki, xarici səfərə çıxırdım. Fərəhin rəfiqəsi və tələbə yoldaşı Leyla Əmir Ərcümənd də bizimlə bir təyyarədə Parisə uçurdu. Şahnaz, Şəms və Fatimə də bizimlə bərabər idi. Şəms xanımın əri Mehrdad Minbaşiyan onu müşayiət edirdi. Mənim təkidimlə qardaşımın arvadı Luiz Səmsamüddövlə Bəxtiyari (Luiz Qütbi) də bizə qoşulmuşdu. Luiz İranın tanınmış və əsilzadə ailələrinin birindən idi.
Əsədullah Ələm iki nəfəri də bizə qoşmuşdu ki, işlərimizi yoluna qoysunlar. Onların hər ikisi sarayın bacarıqlı işçilərindən olub xarici səfərlərdə böyük təcrübəyə malik idilər. Şahın dostu Məcid Ələm də bizim təyyarədə Parisə uçdu, amma orada bizdən ayrıldı və daha onu görmədik.
Parisi görən kimi başa düşdüm ki, niyə qızım həmişəlik burada qalmaq və İrana qayıtmamaq qərarına gəlibmiş. Bu həmən şəhər idi ki, Əhməd şah Qacar ona olan sevgisindən nəsillik səltənətini unutdu və o qədər Parsidə qaldı ki, taxt-tacını əldən verdi. 1979-cu il inqilabı nəticəsində İranı tərk etdikdən sonra mən və Fərəh müəyyən fasilələrlə vaxtımızı bu şəhərdə keçirmişik.
Parisdə Fərəhin dostlarından ikisi də bizə qoşuludu. Bunlardan biri Fəridə Mirbabayi idi ki, sonralar İrana gəlib Fərəhin xüsusi dəftərxanasının rəisi oldu. Digəri son dərəcə cazibədar, emosional və şair təbiətli qadın olan Nahid Külhər idi ki, bir fransıza ərə getmişdi və səhv etmirəmsə, onun ərinin adı Jan Lafrans idi. Onlar Sena çayına yaxın Sen-Fuje küçəsində coşqun və qəribə bir həyat yaşayırdılar. Fərəh bu Nahid xanımı çox sevirdi, belə ki, o da yeniyetmə çağlarında Fərəhlə birlikdə Tehrandakı «Janna d`Ark» məktəbində oxumuşdu və onların Tehrandan başlanan dostluğu Paris Politexnik İnstitutunda davam etmişdi.
Bizim Parisə gəlişimizdən dərhal sonra haradansa Fərəhin İran şahı ilə evlənəcəyi barədə xəbər tutan Fransanın «Ağ və Qara», «Lö-Sövar», «Fiqaro» kimi məşhur nəşrləri öz müxbirlərini qaldığımız mehmanxananın qarşısına göndərib Fərəhin şəklini çəkir və bu iranlı qızın Parisdəki həyatı, onun tezliklə İranın birinci xanımı olacağı barədə geniş materiallar verirdilər. Fərəhin şəkilləri növbə ilə Fransanın əksər nəşrlərinin birinci səhifəsində çap olundu. Hara gedirdiksə, bizi tanıyır, istiqanlı və qonaqpərvər fransızların adətinə uyğun olaraq, hörmət və məhəbbətlərini bildirirdilər. Hər yerdə Fərəhlə xatirə şəkilləri çəkdirməyə can atırdılar. Fərəhin oxuduğu institutun rəhbərliyi də xüsusi ziyafət təşkil edib onunla xatirə şəkilləri çəkdirdi.
Parisdə Fərəhin İran şahına ərə getməsi xəbəri elə böyük əks-səda doğurmuşdu ki, elə bil bir fransız qızı şərqli padşahla evlənməyə hazırlaşırdı. Mətbuatda gedən başlıqların bəziləri indi də yadımdadır. Fransanın məşhur jurnallarından biri «Min bir gecə» ölkəsinin kraliçası» başlığı ilə Fərəhin iri şəklini üz qabığında çap etmişdi. «Pari maç» jurnalı Fərəhi «əfsanəvi bir varlıq» adlandırmışdı. Başqa bir jurnal «Fransada oxuyan tələbənin İran şahı ilə izdivacı» başlıqlı yazı dərc etmişdi.
İki həftə Parisdə qaldıq. Biz Fərəh üçün toy bazarlığı etməyə gəlsək də, vaxtımızın çoxu şahın bacılarının alış-verişinə sərf olundu – Əşrəflə Şəms hamıdan çox şey aldılar.
Bir gün Fərəhin tələbə olarkən yaşadığı mənzilə getdik. Fərəh tələbəlikdən qalma bəzi şeylərini – şəkillərini, sənədlərini və kitablarını yığıb götürdü, qalan şeyləri isə ev sahibəsinə bağışladı.
Bir gün də məşhur «Kartye» salonuna getdik. Fərəh orada saçlarını düzəltdirdi və sifariş verdi ki, toy ərəfəsində bu salonun ustaları Tehrana gəlsinlər. Bir neçə tanınmış satış mərkəzindən, o cümlədən, «Kristian Dior»dan paltar, ayaqqabı, əlcək, alt geyimi və bəzək əşyaları aldıq.
Biz öz aləmimizdə toy üçün lazım olan şeyləri almaqla məşğul olduğumuzu düşünsək də, əslində toya hazırlıqla bağlı əsas işləri Əsədullah Ələmin göndərdiyi həmən iki saray məmuru görürdü və bizim heç bundan xəbərimiz də yox idi. Bir gün onlar Fərəhi yalnız Avropanın zadəgan ailələri üçün toy paltarları tikən bir salona apardılar və orada Fərəhin ölçülərini götürdülər. Harada Fərəhin ölçülərini bilmək lazım olurdusa, onlar qızımı özləri ilə ora aparırdılar, buna ehtiyac olmadığı hallarda isə özləri məsələni həll edirdilər və etiraf etməliyəm ki, onlar öz işlərini çox yaxşı bilirdilər. Toydan və Fərəh Sədabad sarayına köçəndən sonra bildim ki, bu iki nəfər, yəni cənab Sahibixtiyar (sonralar o, şah saraylarının nəzarətçisi və saray xidmətçilərinin rəisi təyin olundu) və cənab Firiduni bundan əvvəl Sürəyya İsfəndiyarinin də toy məclisinin təşkilatçıları olmuşdular və belə işlərdə böyük təcrübəyə malik idilər.
Biz Parisdən qayıtdıqdan sonra nikaha və toya hazırlıq işləri sürətlə aparıldı və 1959-cu il dekabr ayının 20-də Gülüstan sarayında keçirilən dəbdəbəli mərasimlə Fərəh şaha ərə getdi.
Şahın bacılarından söhbət düşmüşkən, deməliyəm ki, baldızları içərisində yalnız Fatimə xanım Fərəhə təmiz və səmimi münasibət bəsləyirdi. Fatimə Məhəmmədrzanın ögey bacısı idi. Onun nikahları da o qədər uğurlu olmamışdı. Birinci əri Vinsent Heyler adlı bir amerikalı idi ki, rəsmi şəkildə boşanmadan ondan ayrılıb öz ölkəsinə getmişdi. İkinci əri çox ləyaqətli bir insan və mənim həmşəhərlim olan ordu generalı Məhəmməd Xatəmi idi ki, təyyarə qəzası nəticəsində həlak olmuşdu və onun parça-parça olmuş cəsədini Diz bəndinin arxasındakı bir dərədən tapmışdılar. Fatimənin özü də bir müddət bundan əvvəl Londonda döş xərçəngindən vəfat etdi.
Mən Fatiməni ürəkdən sevirdim. O, ziyafətlərdə və xüsusi məclislərdə iştirak etməyi xoşlamır, vaxtını Fərəhabad küçəsində Hərbi Hava Qüvvələri qərargahının yaxınlığında yerləşən adi mənzilində əri və oğlanları ilə keçirməyi üstün tuturdu. Tənhalığı və guşənişinliyi sevən bu qadın «Məsnəvi»ni, «Gülüstan»ı, Hafizi və irfani kitabları oxumağa xüsusi maraq göstərirdi.
Bütün analar öz qızlarının nikah və toy mərasimlərinə hazırlıqda başlıca rol oynayırlar. Lakin mənim nəinki bu işlərdə kiçicik rolum belə yox idi, əksinə, mənim öz yerimə də şah sarayının məmurları qərar qəbul edirdilər ki, hansı libası geyim, yaxud hansı bəzək əşyasını taxım.
Fransadan toy məclisinin təşkili üzrə məsləhətçi qismində bir neçə nəfər gəlmişdi və onların içərisində dünyaca məşhur Klod Belmond da var idi. Parisdə Fərəhin ölçülərini götürüb ilkin nümunəni hazırlamış məşhur «Kristian Dior» salonu da özünün iki ən yaxşı dərzisini Tehrana göndərmişdi ki, Fərəhin gəlinlik paltarını Tehranda onun əynində yoxlayıb tiksinlər və beləliklə, paltarda heç bir qüsur olmasın. Parisdən «Kartye»nin ustaları da gəlmişdilər: onlardan ikisi toy günü Fərəhi bəzəyəcəkdilər, ikisi də gəlinin yaxınlarının və şahın bacılarının bəzənməsi ilə məşğul olacaqdılar.
Toy mərasimində istifadə olunmaq üçün Mərkəzi Bankın xəzinəsindən bir sıra daş-qaşlar götürülmüşdü. Əlbəttə, bunlar dövlətin cəvahiratı sayılırdı, bundan əlavə nikah bağlanarkən Məhəmmədrza və onun ailə üzvləri Fərəhə xeyli daş-qaş hədiyyə eləmişdi.
Hər gün Fərəhi balaca kukla kimi stulda oturdub müxtəlif geyim və bəzək nümunələrini onun üzərində sınaqdan keçirirdilər. O da məcbur idi ki, saç ustaları və dərzilərin dediklərinə qulaq assın. Hələ üstəlik məclisin əsas təşkilatçılarının göstərişləri də vardı. Dediyim kimi, bu iki nəfər Avropanın zadəgan ailələri üçün məclislərin və ziyafətlərin təşkili üzrə tanınmış mütəxəssislər idi.
Ənənəvi memarlığın unikal nümunəsi və ilkin Qacar dövrünün qiymətli abidəsi olan Gülüstan sarayı toy mərasimi üçün hazırlanmışdı.
Xüsusi təyyarə fasiləsiz olaraq Tehranla Paris arasında uçuşlar edir və toy məclisi üçün zəruri olan şeyləri Tehrana daşıyırdı. Atamın, ardınca da ərimin vəfatından sonra minimal iqtisadi imkanlarla dolandığım və işlərimi yola verdiyim üçün bütün bu xərclər mənə ağlasığmaz görünürdü. Bəzən hansısa lenti özü ilə Tehrana gətirməyi unutmuş fransız dərzi təyyarəni Parisə göndərirdi ki, ona bir parça lent gətirsin. Halbuki həmin lentdən Tehranda da tapmaq olardı. Mən bu məsələlərə müdaxilə edə bilmirdim və düşünürəm ki, Məhəmmədrzanın da bu işlərdən xəbəri yox idi. Hər şey şah sarayının mərasimlər idarəsinin ixtiyarında idi. Bütün saray isə mənim həmişə nifrət bəslədiyim Əsədullah Ələmin güclü əllərində idi. Mənə elə gəlirdi ki, toy mərasimi əslində yüzlərlə şəxsin şənlik və əyləncə məclisidir və onların hərəsi bu ziyafətin təşkilinə bir cür müdaxilə edir. Fərəh də hərdən təklikdə mənə deyirdi ki, ölkədə milyonlarla insanın doyunca çörək tapmadığı bir şəraitdə bu qədər pulun sağa-sola səpələnməsi ona əzab verir. Hər halda Fərəh dözməyib bu mətləbi yumşaq və ehtiyatlı bir tərzdə şaha çatdırmışdı. Əlahəzrət ona demişdi ki, toy gərək qədim bir ölkənin padşahına layiq şəkildə keçirilsin; bütün dünyanın diqqəti bu toydadır, mən axı adi bir rəiyyət kimi evlənə bilmərəm!
Bu söz kifayət qədər məntiqi idi. Biz əvvəlcə hissə qapılsaq da, toy gecəsi xarici qonaqları, səfirləri və siyasətçiləri görəndə başa düşdük ki, Məhəmmədrzanın dediyi kimi, əcnəbilər belə toylarda məhz bu cür dəbdəbənin şahidi olmağı arzulayırlar.
Gülüstan sarayının güzgülü zalı nura qərq olmuşdu. Hər yanda təntənə və dəbdəbə hökm sürürdü. Hamı sevinc və şadlıq içərisində idi, amma mən dərin narahatlıq hissi keçirirdim. Belə bir məclis, bəlkə bundan da dəbdəbəlisi, vaxtilə Fövziyə və Sürəyya üçün qurulmuşdu, amma indi onların hər ikisi təklikdə və qürbətdə yaşayırdılar. Məsəl var ki, atalar üçdən deyib. Görəsən, Məhəmmədrzanın üçüncü nikahı boşanmaqla nəticələnməyəcək ki?! Bu nigarançılıq Fərəhin birinci övladı doğulana qədər məni tərk etmədi.
Fərəh evliliyinin ilk ayından Cahanşah Saleh adlı qadın həkiminin nəzarətində idi. Doktor Cahanşah Saleh ginekoloji xəstəxananın müdiri idi. Çox yaxşı və məharətli həkimdi, bir müddət də səhiyyə naziri olmuşdu. Şah xüsusən Rza doğulandan sonra doktor Salehə çox qayğı göstərir və onu himayə edirdi. Cahanşah Salehin bir qardaşı da vardı ki, Tehran universitetinin yaxınlığında yaşayırdı və şahın müxaliflərindən biri kimi tanınırdı. Amma Cahanşah Saleh öz nüfuzu sayəsində qardaşı Allahyarı SAVAK-ın təqiblərindən qoruya bilmişdi.
1960-cı il fevral ayının axırlarında hər gün Fərəhi müayinə edən doktor Saleh bildirdi ki, Fərəh hamilədir. Bu, çox sevindirici bir xəbər idi, amma mən hələ də narahat idim. Şah oğlu olmasını arzulayırdı və yalnız oğlan uşağının doğulması onu razı salıb sevindirə bilərdi.
1960-cı il noyabr ayının 2-də Tehranın cənub ucqarındakı Mövləvi küçəsində yerləşən doğum evində Fərəhlə Məhəmmədrzanın ilk oğlan övladı dünyaya gəldi. Hamı Rzanın doğuluşundan hədsiz sevinc içərisində idi, amma ən çox Fərəhlə mən Allaha şükr edirdik, çünki Pəhləvi sülaləsinin davam etməsi üçün şahın vəliəhdə ehtiyacı olduğunu bilirdik.
Oğlu olmadığına görə Məhəmmədrza ailəsinin təzyiqi altında Əlirzanı vəliəhd elan etmək qərarına gəlmişdi. Əlirzanın ölümündən sonra isə bir müddət Qulamrzanın vəliəhdliyindən söhbət getdi, amma şah daxilən bunu istəmirdi.
Rzanın dünyaya gəlişi şah sarayında böyük canlanma əmələ gətirdi. Şah sevincindən yerə-göyə sığmırdı. «Rza» ərinin adını dirçəltmək istəyən Tacülmüluk xanımın seçimi idi. Məhəmmədrza da deyirdi: «Oğlum II Rza şah olacaq». Amma fələyin gərdişi Məhəmmədrzanın bu arzusunun həqiqətə çevrilməsinə imkan vermədi. İranda baş verən inqilab nəticəsində Məhəmmədrza ölkəni tərk etməyə məcbur olub taxt-tacdan əl çəkdi, Rzaya da İranda şahlıq etmək qismət olmadı.
Mən qızımın Məhəmmədrza ilə tanış olması və evlənməsinin tarixçəsini çox yığcam şəkildə danışdım və yersiz təfərrüata varmağa lüzum görmədim. Oxucuya nə faydası var ki, mən toy gecəsi verilən yeməkləri sadalayım, yaxud toyun bütün gedişini xırdalıqlarına qədər təsvir edim. Bu müxtəsər söhbəti də ona görə elədim ki, 1979-cu il hadisələrindən sonra nəşr olunan bəzi kitablardakı yanlış məqamlara bir cavab olsun. Həmin dövrdə çap olunan xatirələrin bir qismində mənim qızım yalnız ona görə təhqirlərə məruz qalıb ki, İran şahının həyat yoldaşı olub. Görəsən, Fərəh bir sahibkara, müəllimə, təyyarəçiyə, yaxud mühəndisə ərə getsəydi, yenə də onun Parisdə yaşadığı illər haqqında olmazın yalanlar yazacaqdılarmı?!
General Hüseyn Fərdust öz xatirələr kitabında mənim qızımı təhqir edərək, gerçəkliyə uyğun olmayan mətləblərdən söz açıb. O yazır ki, Fərəh sol və kommunist təmayüllü kasıb bir qız olub. Biz heç vaxt varlı olduğumuzu deməmişik. Mən özüm atamın, ardınca da ərimin ölümündən sonra maddi baxımdan pis şəraitdə yaşadığımı həmişə cəsarətlə dilə gətirmişəm. Siyasi təmayülə malik olmaq da müəyyən yaş dövrünə, xüsusən tələbəlik illərinə xas olan bir cəhətdir və dünyanın hər yerində tələbələr və gənclər bu cür təmayülə malik olurlar. Beləliklə, cənab Fərdustun dediklərində yeni bir şey yoxdur, sadəcə o, bunları bir eyib kimi qələmə verir. Gərək o, unutmayaydı ki, özü də yoxsulluq «eyb»indən xali olmayıb və yalnız Məhəmmədrza ilə tanış olandan sonra doyunca çörək tapıb.
Amma Fərəhin Ərdəşir Zahidi ilə tanışlığının və onun şaha təqdim olunmasının detalları barədəki uydurmaları və qızımı «Hesarəkin Fərəhi» adlandırması bu şəxsin xəbisliyinə və nankorluğuna dəlalət edir, halbuki o, qızımı görəndə bir neçə metrlikdən ayaqlarını cütləyib rəsmi-təzim edirdi, sonra da qızımın əlini öpürdü.
Bu gün vətənimdən uzaqlarda, qürbət eldə xatirələrə dalarkən, öz-özümə sual verirəm ki, görəsən, Məhəmmədrzanın qızıma elçi düşməsini eşidəndə, sevinməyə dəyərdimi?! Görəsən, şaha ərə getmək və ölkənin birinci xanımı olmaq doğrudanmı xoşbəxtlikdir?! Məgər bütün ömrünü məhdudiyyətlər içərisində və mühafizə altında yaşamaq, qabaqcadan müəyyən edilmiş proqram üzrə yuxudan durmaq və günü başa vurmaq xoşbəxtlik sayıla bilərmi?!
Hamı elə düşünürdü ki, Fərəh hamilə olub oğlan doğmaqla İranın xoşbəxt kraliçası olub, amma onun özü başqa fikirdə idi və bir gün xəlvətcə mənə demişdi: «Mən bu Pəhləvi ailəsi üçün buzov doğmuş bir inək kimiyəm».
Sirr deyil ki, Məhəmmədrza ilə Fərəhin izdivacı məhəbbət əsasında baş tutmamışdı. Məhəmmədrza Fərəh kimi göstəriciləri olan bir qız axtarırdı ki, onunla evlənsin və vəliəhdi dünyaya gəlsin. Qızım da xüsusi şöhrətpərəstliklə səciyyələnən bir yaşda idi və şahla tanış olandan sonra əvvəlki (özü də səmimi!) hisslərinə arxa çevirib İranın birinci xanımı olmaq istədi.
Qardaşımdan eşitdiyimə görə, ruslarda məşhur bir atalar sözü var: «Böyük şeylərə nail olmaq üçün daha böyük şeyləri qurban vermək lazımdır».
İnqilab qələbə çalandan sonra inqilabi məhkəmənin sədri ayətullah Xalxali şahın, Fərəhin və onların övladlarının həbs olunması barədə hökm çıxaranda, çox təəssüf elədim ki, niyə 1959-cu ildə Fərəhin şaha ərə getməsinə mane olmadım. Hərdən bundan ötrü özümü qınayanda yaxın adamlarım soruşurlar: əminsənmi ki, sənin etirazın bu izdivaca mane ola biləcəkdi?
Bəzən uzun bir ömrü birlikdə yaşamış qoca qadın və kişilərin çay sahilində, göl və ya hovuz qırağında oturub çörək parçalarını xırdalayaraq balıqlara və ördəklərə verdiyini görəndə, öz-özümə sual verirəm: görəsən, Fərəhin Niyavəran və Sədabad saraylarının hündür hasarları, tikanlı məftilləri və qalın divarları arxasında gecəli-gündüzlü mühafizə altında keçən həyatı daha xoşbəxt olub, yoxsa dünyanın müxtəlif yerlərindəki milyonlara insanın rahat və sadə həyatı?! Dünyada mənim ürək bağladığım yeganə varlıq bircə qızım olub. O qızım ki, min bir əziyyətlə böyütmüşəm və indi əmin deyiləm ki, o, həyatın əsil ləzzətini bir kənd qızı və ya orta təbəqədən olan bir şəhər qızı qədər duya bilib. Mən nəvələrimi canımdan artıq sevirəm, amma indi əmin deyiləm ki, onlar şah balası olduqlarına görə adi bir vətəndaşın övladlarından daha artıq xoşbəxtdirlər.
Gizlətmirəm, qaynana ilə kürəkən arasında olan adi münasibətlər heç vaxt mənimlə Məhəmmədrza arasında olmayıb. Mən həmişə kürəkənimə «əlahəzrət» deyə müraciət etməyə borclu idim və daim öz kürəkənləri ilə səmimi söhbət edən, deyib-gülən qaynanalara həsəd aparırdım. Məni yaxından tanıyanlar irfana meylli olduğumu yaxşı bilirlər. Mənim əxlaqi xüsusiyyətlərimlə sarayın dəbdəbəli həyatı arasında heç bir ümümi cəhət olmayıb və mən İranı tərk etdiyim günə qədər heç vaxt saray mühitinin ağırlığını həzm edə bilməmişəm.
Əlbəttə, Rza dünyaya gələndən sonra Fərəhin mövqeyi xeyli möhkəmləndi və o, şah sarayının bir çox işlərində söz sahibinə çevrildi. İctimai həyatda xüsusi nüfuz qazansa da, əminəm ki, o heç vaxt göstərdiyi qədər xoşbəxt olmayıb (hərçənd o, dərd çəkməməyim üçün şəxsi həyatındakı çətinliklər barədə mənə heç nə demirdi).
Rzadan sonra Fərəhnaz, Əlirza və Leyla dünyaya gəldilər və Fərəh bütün məhəbbətini övladları arasında bölüşdürdü. Mən də heç bir şeyə xüsusi diqqət və maraq göstərmirdim, bütün qəlbim nəvələrimə olan sevgi ilə dolmuşdu və daim onlarla birgə olmağa çalışırdım.
Ümidvaram ki, qızımın Məhəmmədrza ilə tanışılığı və evlənməsinin tarixçəsini dolğun şəkildə nəql edə bildim. Hər şey beləcə sadə olmuşdu. Öz kitablarında cürbəcür qeyri-adi əhvalatlar uyduranlar ya qərəzlidirlər, ya da məlumatsız...

(davamı olacaq)

Çevirəni: Məsiağa Məhəmmədi



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər