(hekayə)
O gün ürəyim dərdlə dolu idi. Mənə elə gəlirdi ki, bu dünyaya gəldiyim gündən dərd içimdə məskən salıb. Mənə elə gəlirdi ki, dərd ölçülərimi böyüdüb və məni nəhəng bir varlığa çevirib.
Sonra həmişə olduğu kimi, özümü küçədə gördüm. Evlərin qapıları bağlı idi. Qapıların üstündə böyük və kiçik hərflərlə cürbəcür adlar yazılmışdı. Addımlarımı yavaşıtdım. Birdən hiss etdim ki, hər bir qapının önündə ayaq saxlayıb üstünə yazılmış adı oxuyuram, sonra da onu dodaqaltı təkrarlayıram. Mənə elə gəldi ki, adlar beynimdə sıraya düzülüb. Mənə elə gəldi ki, beynimdə bu adlardan uzun bir siyahı düzəlib. Mənə elə gəldi ki, beynim özü bir siyahıya çevrilib – adlardan ibarət bir siyahıya…
Yolçular təəccüblə mənə baxırdılar. Onlara elə gəlirdi ki, mən müəyyən bir şəxsin sorağındayam və onun evini axtarıram. Onlardan biri mənə yaxınlaşıb maraq dolu baxışlarla soruşdu:
- Siz kimin evini axtarırsınız?
Tərəddüd etmədən dedim:
- Rəsulun evini…
Yadıma düşdü ki, bu adı beynimdəki siyahıdan çıxardım. Amma bilmədim, niyə bu qədər adın içindən məhz Rəsulun adını seçdim…
- Rəsulun evini?! Siz Rəsulun evini ötüb keçmisiniz. Rəsulun evi burdan iki-üç döngə o tərəfdədir. Yəni keçib gəldiyniz tərəfdə.
- Deməli, mən Rəsulun evini ötüb keçmişəm?
- Bəli, bəli, keçmisiniz. Gəlin, mən onun evini sizə göstərim.
Yolçu ilə birlikdə həmən küçəylə geri qayıtdım. Bilmirdim, yolçuya nə cavab verəcəyəm. Axı mən heç kimin evini axtarmırdım. Bu Rəsul kim idi? Mən onu tanımırdım, yalnız adını oxumuşdum. İstəyirdim ki, yolçu çıxıb işinin dalınca getsin və məni tək buraxsın. Ondan soruşdum:
- Siz də kiminsə evini axtarırsınız?
- Yox, yox, mən heç kəsin evini axtarmıram. Mən sadəcə gəzirəm.
Bilmirəm, niyə xüsusi bir əda ilə ona dedim:
- Mən isə Rəsulun evini axtarıram. Rəsul mənim dostumdur.
Yolçu həsədlə mənə baxıb söylədi:
- Amma mən gəzişirəm, heç kəsin evini axtarmıram.
Mənə elə gəldi ki, yolçunun səsinə bir kədər qarışıb. Amma ona demədim ki, mən də heç kəsin evini axtarmıram. Demədim ki, ürəyim dərdlə doludur. Demədim ki, anadan olan gündən dərdlər ürəyimdə səf çəkib. Ondan soruşdum:
- Siz Rəsulu tanıyırsınız?
- Yox, mən Rəsulu tanımıram.
- Bəs evini hardan tanıyırsınız?
- Mən hər gün gəzməyə çıxıram. Gəzişəndə qapıların qarşısında ayaq saxlayıram, onların üstündəki adları oxuyub dodaqaltı təkrarlayıram.
Yenə yolçunun səsində kədər duydum. Mənə elə gəldi ki, bu kədərin həddi-hüdudu yoxdur. Mənə elə gəldi ki, onun da beynində adlardan uzun bir siyahı düzəlib və beyni əslində bir siyahıya çevrilib – tanımadığı adamların adlarından ibarət uzun bir siyahıya…
Yolçunun uca səsindən ayıldım:
- Budur, Rəsulun evi!
Həsrətlə mənə baxdı. Özümü itirmişdim, yolçuya deyə bilmirdim ki, mən də Rəsulu tanımıram, təkcə adını bilirəm.
Yolçu getdi, amma bir qədər uzaqda ayaq saxladı. Yenə əda ilə ona baxdım və barmağımla qapının zəngini basdım. Zəng cingildədi. Səsini özüm də eşitdim. Sonra qapının arxasından addım səsləri gəldi. Ürəyim döyünməyə başladı. Addım səsləri qulağımda qəribə əks-səda doğururdu. Mənə elə gəldi ki, dünyaya gəldiyim gündən bu qapının arxasında dayanmışam – adını bildiyim, özünü tanımadığım bir şəxsin qapısı arxasında. Mənə elə gəldi ki, anadan olandan bu qapının ağzında durmuşam – Rəsulun qapısı ağzında. Mənə elə gəldi ki, elə o vaxtdan addım səsləri qulağımda qəribə əks-səda verir.
Yolda rast gəldiyim kişinin baxışları mənə ağırlıq edirdi. O, heyrətlə mənə baxırdı.
Addım səsləri yaxınlaşdı. Qapı şaqqıldayıb açıldı. Ucaboy, nazik bədənli bir kişi qarşımda dayanmışdı. Çox arıq və uzun idi. Paltarları əyninə böyük görsənirdi. Həddən artıq arıq və uzun olduğu üçün beli azca əyilmişdi. Başında ağ saçlar qaralardan çox idi, girdə gözləri vardı. Diqqət yetirdim ki, saqqalı azca uzanıb və saqqalında da ağ tüklər qaralardan çoxdur. Sual dolu baxışlarını mənə zillədi:
- Kimi istəyirdiniz?
Səsi sakit idi, çox sakit, xoş bir titrəyiş də vardı səsində. Onun səsini bir qədər də eşitmək istədim, odur ki, özümü onun sualını eşitməmiş kimi göstərdim. Yenə soruşdu:
- Kim lazım idi?
- Rəsul.
Kişi təəccüblə mənə baxdı və ədəblə dedi:
- Buyurun, Rəsul mənəm.
Bilmirəm, əvvəlcə xəyalımda Rəsulu necə təsəvvür etmişdim, amma nə idisə, beynimdəki təsəvvürlə qarşımda dayanan kişi bir-birinə heç cür uyğun gəlmirdi.
Yenə də səsindəki xoş titrəyişi duydum. Ürəyim çırpındı. Tələsik dedim:
- Siz evinizi satırsınız?
Diksinən kimi olub soruşdu:
- Sizə kim deyib ki, mən evimi satıram?
Yolçunun uzaqdan mənə dikilmiş baxışlarının ağırlığını hiss etdim. Söylədim:
- Kimsə dedi… Eşitdim ki, satırsınız.
Kişi çiyinlərini çəkdi:
- Qəribədir, qəribədir… Doğrudan da, qəribədir.
Onun böyründən evin həyəti görünürdü. Yaşıl çəmənlik idi, gözəl şəkildə səliqəyə salınmışdı, rənglənmiş millərlə çəpərə alınmışdı. Həyətdən təravət qoxusu gəlirdi. İstəyirdim, uzun müddət qapının ağzında dayanıb bu təravət qoxusunu sinəmə çəkim.
Çəmənlikdə bir oyuncaq düşüb qalmışdı. Gəlincik idi. Kişidən soruşdum:
- O gəlincik kimindir?
Yenə təəccüblə mənə baxdı və o xoş, sakit səsi ilə dedi:
- Qızımın.
- Sizin qızınız var?
- Bəli, qızım var, amma bunun sizə nə dəxli?
- Qızınızı çox istəyirsiniz?
Bunun səfeh bir sual olduğunu hiss etdim. Kişi də bunu səfeh sual kimi qarşılayıb dedi:
- Əlbəttə.
İstəyirdim, onun qızını görəm – Rəsulun qızını. O isə mənim mümkün qədər tez qapıdan uzaqlaşmağımı istəyirdi. Dedim:
- Yaxşı, siz evinizi satmırsınız. Üzr istəyirəm.
Gülümsədi. Dişləri saralmışdı. Dodaqaltı nəsə deyib qapını bağladı.
Yolçu hələ də uzaqda dayanıb ağır baxışlarını mənə dikmişdi. Evdən bir neçə addım aralanan kimi qəsdən uca səslə dedim:
- Sağ ol, Rəsul, inşallah, görüşərik!
Yolçu həsədlə məni süzürdü. Evdən aralanan kimi mənə yaxınlaşıb soruşdu:
- İçəri niyə keçmədin?
Dedim:
- Təcili işim vardı. Rəsulu bu axşam evimə dəvət elədim. Bütün dostlarımı çağırmışam. Mənim dostum çoxdur.
Yolçu qibtə ilə mənə baxıb soruşdu:
- Dostlarınız sizi sevir?
Düşünmədən cavab verdim:
- Əlbəttə, məni sevirlər. Özü də çox sevirlər.
Yenə soruşdu:
- Siz axşamlar nə edirsiniz?
- Dostlarımla görüşürəm.
Bu dəfə yolçu dillənmədi. Ondan soruşdum:
- Bəs siz nə edirsiniz?
- Mən gəzirəm. Həmişə gəzirəm.
- Kiminlə gəzirsiniz?
- Tək gəzirəm.
Onun halına acıdım. Yadıma düşdü ki, mən də tək gəzirəm.
Yolçu bir daha mənə baxdı, baxışlarını üzümdə, saçlarımda… ta ayaqlarıma qədər gəzdirdi. Elə bil nəyisə xatırladı, gözlərində xüsusi bir parıltı əmələ gəldi. Bu elə bir parıltı idi ki, onu yalnız qadın kişinin gözlərində görə bilir. Kəkələyə-kəkələyə soruşdu:
- Siz tənha bir qadınsınız, necə olur ki, axşamlar dostlarınızı görməyə gedirsiniz? Və bu Rəsulu haradan tanıyırsınız? Sizin dostlarınız kimlərdir?
Bir anlığa çaşıb qaldım. Heç bir cavabım yox idi. İndi yadıma düşdü ki, mən bir qadınam və tanımadığım kişi ilə yoldaş olmalı deyiləm. Yolçu cavabımı gözləyirdi. Amma mən cavab verməyib soruşdum:
- Bəs siz niyə axşamlar evdən çıxıb bu küçədən o küçəyə gedirsiniz, niyə?
Kişi gözlərini səkinin səliqəsiz daşlarına dikdi və baxışlarını məndən gizlətdi. Səsini zəiflədib dedi:
- Mənim dərdim var. Elə bil, mən dərd çəkmək üçün yaradılmışam.
Və filosofcasına əlavə etdi:
- Hərə bir şey üçün yaradılıb.
Yenə intizar dolu nəzərlərlə gözlərim baxdı. Əvvəlki sualının cavabını gözləyirdi. Dedim:
- Mənim də dərdim ola bilər.
Kişi yenidən məni başdan-ayağa süzüb dilləndi:
- Bir qadının nə dərdi ola bilər?!
Mənə elə gəldi ki, yolçu daşdan yonulmuş bir adamdır, özü də çox pis düzəldilib. Ondan zəhləm getdi. Heç nə deməyib susdum.
Xəlvət küçələrdən keçib böyük bir şosseyə çıxdıq. Şosse hay-küylü idi, adamlar qarışqa tək qaynaşırdı. İşıqlar və kinoteatrın iri lövhələri insanın diqqətini özünə çəkirdi. Kinoteatrın binası üzərinə yanan lampalar düzülmüşdü. Kafelər adamla dolu idi. Kabab və yanmış ət qoxusu havanı bürümüşdü. Kafelərdəki adamlar lampaların göy, yaşıl işığına və yanmış ətin tüstüsünə qərq olmuşdular. Mənə elə gəldi ki, şəhər çox böyük və izdihamlıdır. Maşınar gurultu ilə o tərəf-bu tərəfə şütüyürdülər. Mənə elə gəldi ki, ilk dəfədir şəhərin böyüklüyünü hiss edirəm. Yolçu girdə gözləri ilə işıqlara və adamlara baxırdı, elə bil o da birinci dəfəydi ki, şəhərin böyüklüyünü duyurdu.
Əlini uzadıb biləyimdən tutdu, gözlərində həmən parıltı əmələ gəldi, astadan dilləndi:
- Bilmək istəyirdim ki… yəni… bu gecə mənimlə gedəcəksiniz?
Məqsədini anladım. Amma bilmədim, niyə özümü anlamazlığa vurub soruşdum:
- Nə dediniz?
- Heç… Demək istəyirdim ki, siz sərgərdan bir qadınsınız… Özü də təksiniz, bunu bilirəm… Qonağım olmaq… istəyirsiniz?
- Yox!
Mənə elə gəldi ki, o, səsimi eşitmir. Daş adam heç bir səs eşidə bilməz, o isə daş adama necə bənzəyirdi!
Matdım-matdım mənə baxdı. Gözlərində ikrah və inamsızlıq vardı. Dilləndi:
- Siz qadın ola-ola axşamlar evdən çıxıb küçələri dolaşır, qapıları döyürsünüz və dostlarınızı dəvət edirsiniz. Siz… Siz… Ümumiyyətlə, gecənin bu vaxtı qadın niyə evindən bayıra çıxmalıdır?
Hiss etdim ki, sonuncu cümləsi şapalaq kimi üzümə yapışdı.
Evindən… Evindən… Evindən… Bu söz beynimdə sıçrayıb sürüşdü. Və məni uzaq keçmişə – uşaqlığıma apardı. O zamankı evimizi xatırladım.
O vaxtlar evimizin yaşıl qapısı vardı. Kənarından möhkəm bir zəncir asılmışdı. Zəncir qapıya xüsusi bir gözəllik verirdi. Həyətə daxil olanda əvvəlcə ensiz və uzun bir yol görürdün. Onun sonunda kvadratşəkilli çəmənlik vardı – yayda gözəl, qışda kədərli görkəm alırdı. Otaqların pəncərələri hamısı həyətə açılırdı. Evimizin qapısı digər qapılardan fərqlənirdi. Başqa evlərin qapıları üstündə adlar yazılmışdı, bizim qapıda isə ad yox idi. Atam heç vaxt adını qapının üstünə yazmırdı. Yadıma gəlir ki, bir gün anam başqa qapılara baxdıqdan sonra şövqlə atama dedi:
- Adını qapının üstünə yaz! Ağ taxtaya qara hərflərlə!
Atam divara söykənib oturmuşdu. Buddanın kiçik heykəlini cibindən çıxarıb diqqətlə ona baxırdı. Yadıma gəlir ki, atamın cibində həmişə belə şeylər olardı: heykəlcik, möhür, daş parçası… Hərdən bekar olanda onları cibindən çıxarıb diqqətlə tamaşa edərdi.
Heykəl çox kiçik idi. Buddanın saçları başının üstündə yumaqlanmışdı. Bardaş qurub oturmuş, bir əlini çiyninin kənarına qoymuşdu. Nəzərlərini əzəmətlə qarşısına dikmişdi.
Atam anamın sözlərini eşitmirmiş kimi üzünü ona tutub dedi:
- Sən bilirsən ki, Budda şahzadə olub? Benares şahzadəsi.
Anam çadrasını düzəldib dilləndi:
- Əgər adını ağ taxtanın üstünə qara hərflərlə yazıb qapıya vursan, çox yaxşı görünər.
Atam kiçik heykəli ovcuna qoydu. Heykəl atamın ovcunda bardaş qurub oturmuşdu və əzəmətlə qarşısına baxırdı. Atam yenə üzünü anama çevirib dedi:
- Bir zamanlar bir adam yaşaya, sonralar, hətta əsrlər keçdikdən sonra diqər adamlar ona pərəstiş edələr, bütün varlıqları ilə ona tapınalar – bu, çox qəribədir!
Anam dilləndi:
- Əgər qapımız ağ rəngdə olsaydı, daha yaxşı olardı, sən yalnız adını qara hərflərlə onun üstünə yazardın.
Atam öz-özü ilə danışırmış kimi dedi:
- Əsrlər keçəndən sonra insanlar onun heykəllərini düzəldələr və bu heykəlləri hündür yerlərə qoyub onların qarşısında diz çökələr – olduqca qəribədir!
Anam dedi:
- Hər halda adını qapıya yaz, yaxşı?
Atam gülüb dedi:
- Yox, mənim bu işə gülməyim gəlir.
Yenə güldü. Mən atama baxırdım. Görkəmi, geniş alnı, başındakı tək-tük ağ saçlar, gözləri, nazik dodaqları, arıq ağ əlləri – hamısı mənə bir növ rahatlıq gətirirdi. Gülüşü də mənə rahatlıq bəxş edirdi.
Mənə elə gəldi ki, atamın gülməyini hələ də eşidirəm. Elə bil bu gülüş beynimin bir guşəsinə yazılmışdı. Gülüş səsini aydın eşidirdim, o cümlə də qulağımda səslənirdi:
- Yox, mənim bu işə gülməyim gəlir.
Bütün bunlar qəribə bir sürətlə beynimdən keçdi. Kişi soruşdu:
- Söylə, nə üçün bu vaxt evdən çıxmısan?
İstədim ki, deyəm: "Mənim evim yoxdur".
Yenə ev… ev… ev… Bu söz məni çəkib keçmişə aparırdı. Yenə uşaqlığıma qayıtdım. O zaman evin mənim üçün xüsusi mənası vardı. Acırdımsa, evə qaçırdım; qorxurdumsa, evə qaçırdım. Uşaqlarla sözüm çəpləşəndə, onlar məni döymək üçün üstümə gəlirdilərsə, mən kök və qısa ayaqlarımla təngnəfəs evə yüyürürdüm. Onlar məni təqib edirdilər və mən var qüvvəmlə çalışırdım ki, yaşıl rəngli qapımıza çatım. Mənə elə gəlirdi ki, yaşıl rəngli qapımız məhəbbət dolu təbəssümlə qollarını açıb məni səsləyir:
- Gəl!.. Gəl!.. Tez ol!.. Tez!..
Qapıya çatıb içəri girən kimi onu bərkdən çırpıb bağlayırdım, zənciri halqasına keçirirdim. O an elə bil evimiz mənim xırda vücudumu ovcuna alırdı və mən yəqin bilirdim ki, bu ovucu heç kəs aça bilməz. Qəzəbli uşaqlar yumruq və təpiklərini qapıya çırpırdılar. Mən isə qapının arxasında dayanıb onlardan qorxmurdum, əksinə, onlara gülürdüm. Mənim gülməyim onları lap özlərindən çıxarırdı. Qapını daha bərkdən döyəcləyirdilər. Axırı yorulub qapıdan uzaqlaşırdılar. Bundan sonra mənim vücudumu qəribə bir rahatlıq bürüyürdü. Mənə elə gəlirdi ki, çox yüksək bir yerdə dayanmışam. Həyəti dövrələyən divarlara baxırdım – uca və ağ idilər. Ucalıq və ağlıqları ilə adama rahatlıq bəxş edirdilər. Bəzən də həyətimizin ortasında duranda uca və ağ divarlardan, gözəl zəncirli yaşıl qapıdan uşaqcasına utanırdım. Bilirdim ki, onlar mənim qorxub qaçmağımı görüblər. Başımı aşağı salırdım, saçlarım üzümün iki tərəfini tuturdu. Ayaqqabılarıma baxırdım – onlar bapbalaca idilər. Mənə elə gəlirdi ki, uca və ağ divarlarla yaşıl rəngli qapı mənim balacalığıma gülürlər, səmimi şəkildə gülürlər, məni elə görən kimi onların gülməyi tutur. Sanki onlar gülə-gülə mənə deyirdilər:
- Eey, sən başqa adamlardan qorxmusan, özün kimi balaca adamlardan qorxmusan.
Mən başımı aşağı dikirdim. Elə edirdim ki, gözüm uca və ağ divarlara, yaşıl rəngli qapıya sataşmasın. Pilləkənlə yuxarı qalxırdım. Yavaşca dəhlizin qapısını açırdım. Dəhlizdə həmişə xoş bir istilik olurdu. Başımı yuxarı qaldırırdım. Bilirdim ki, başqalarının mənim qorxub qaçmağımdan xəbəri yoxdur.
Anamın yanına gedirdim. Əllərimi cibimə salıb deyirdim:
- Qonşu qızları döydüm. Oğlanları da vurdum… Əzildilər. Sonra qaçdılar. Mən onları qapılarına qədər qovdum. Onlar qorxudan içəri girib qapını bağladılar. Mən dedim: "Əgər qorxmursunuzsa, bayıra çıxın". Amma onlar çıxmadılar. Bildim ki, analarının yanına qaçıblar. İndi Allah bilir, analarına nə yalanlar danışırlar…
Anam heç nə demirdi. Bilmirdim, mənim yalanlarıma inanır, ya yox. Amma özüm onlara əməlli-başla inanırdım. Məndən kiçik bacı-qardaşlarıma təkəbbürlə baxıb hekayətimi onlara təkrar edirdim. Onlar mat-mat mənə baxır, heç nə demirdilər…
Kişi hələ də yanımda addımlayırdı. İstəyirdim ki, o, yolunu dəyişsin, çıxıb bir yana getsin və məni tənha qoysun. Özümdə ona qarşı bir qəzəb hiss edirdim. O, evi mənim yadıma salmışdı. Mənə elə gəldi ki, hələ də uşağam. Böyük-böyük yalanlar uyduran kiçik və qorxaq bir uşaq. Kişidən soruşdum:
- Sən heç ömründə iyirmi beş yaşlı uşaq görmüsən?
Kişi qulağına inanmırmış kimi mənə baxıb dedi:
- Dəli!
Birdən gözlərimi yumub ağzımı açdım və kişiyə dedim:
- İtil gözümün qabağından! Özünü yorma, mən səninlə gedən deyiləm. Get, səkilərin qırağında, işıqların altında duran qadınlardan birini seç, özünlə apar, gecəni səhər elə! Bilirsən, zəhləm getdi səndən. Sən… sən evi mənim yadıma saldın. Evi… Evi… Başa düşürsən?
Kişi matdım-matdım mənə baxırdı. Yoldan keçənlər çevrilib bir anlığa bizi süzür, sonra yollarına davam edirdilər. Kişi hələ də dayanmışdı. Soruşdum:
- Eşitmədin? Nəyi gözləyirsən?!
- Bəs sən hara gedirsən?
Səsində yenə kədər duyuldu. Bu sualla elə bil mənə şapalaq vurdu. Öz-özümdən soruşdum: "Mən hara gedirəm?" Bu sual işarəsi beynimdə böyüdü. Mənə elə gəldi ki, bu işarə bütün vücudumu tutub, özüm də əyilmişəm – sual işarəsi kimi. Dedim:
- Gedirəm evimə. Rəsulu gözləyəcəyəm. O biri dostlarım da gələcək.
Bilmirəm, yalanıma inandı, ya yox. Amma məndən aralandı və çıxıb getdi. Mənə elə gəldi ki, o, işinə təzədən başlamağa yollandı. Getdi ki, küçələri gəzib qapıların üstündəki adları oxusun, beynində adlardan bir siyahı düzltsin, beynini siyahıya çevirsin.
Mən də yoluma davam etdim. Dörd yol ayrıcına yetişdim. Uzaqdan kinoteatrın lampaları, göy və yaşıl işıqlar görünürdü. Yanmış ət qoxusu hələ də azacıq hiss olunurdu. Bilmirdim, dörd yoldan hansını seçim. Axırı küçələrdən biri ilə irəliləməyə başladım. Hava qaralmışdı. Həmişəki kimi qaranlıqdan qorxdum. Qapıların yanından keçirdim. O tərəf-bu tərəfə baxıb qapılara yaxınlaşırdım və üstündəki adları oxuyurdum. Beləcə çoxlu adlar oxudum. Yenə beynimdə adlardan uzun bir siyahı əmələ gəldi. Bu siyahı ürəyimi sakitləşdirirdi. Bilmirəm, niyə mən həmişə tanımadığım adamların adı ilə ürəyimə təskinlik verirdim.
Qaranlıqdan daha çox qorxmağa başladım. Mənə elə gəldi ki, uşağam – balacaboy, toppuş bir uşaq. Mənə elə gəldi ki, başqa uşaqlar ardımca qaçır və məni tutmaq istəyirlər. Bilmirdim mənə nə edəcəkdilər, bəlkə də parçalayacaqdılar. Ürəyimdə dedim: "İnsanı parça-parça etmək necə də dəhşətlidir: adamın əli bir tərəfə düşə, ayağı bir tərəfə, bədəni bir yana, yarıaçıq gözləri ilə başı bir yana". Bu dəhşətli mənzərədən bərk qorxuya düşdüm. Birdən qaçmağa başladım. Mənə elə gəldi ki, uşaqlar hələ də dalımca yüyürür və məni tutmaq istəyirlər. Mən balaca və kök ayaqlarımla qaçırdım. Nəfəsim daralırdı. Amma heç bir qapı məni özünə çağırmırdı. Heç bir qapı. Mənə elə gəlirdi ki, bütün qapılar əllərini yuxarı qaldırıb soyuq görkəm və quru səslə deyirlər: "Giriş qadağandır!"
Həsrətlə yaşıl qapını xatırladım. Düşündüm ki, qapıların üstündə oxuduğum adlar heç nəyə yaramır. Qapıların səsini daha da ucadan eşidirdim. Onlar mənə çox rəhmsiz görünürdülər – düşməncəsnə arxamca qaçan uşaqlar kimi.
Mən gah düz qaçır, gah da sağa dönürdüm. Bilmirdim, bu yol harada qurtaracaq. Mənə elə gəlirdi ki, yol bir divarda bitəcək. Hələlik qaçırdım. Hər an gözləyirdim ki, başım tappıltı ilə o divara dəyəcək və mən divarın dibində yxılıb qalacam. Qəzəblə arxamca gələnlər məni tutub parça-parça edəcəklər. Bunula belə özümdən soruşdum: "O divar kimin evinin hasarı olacaq?" Özüm də astadan, yalnız özümün eşitdiyim bir səslə cavab verdim: "Bilmirəm kimin". Səsimdə kədər və həsrət bir-birinə qarışmışdı.
Divar uzaqdan görünürdü. Mən sürətlə divara doğru qaçırdım. Hiss edirdim ki, hələ də arxamca gəlirlər. Qapıların səsini çox ucadan eşidirdim. Divara lap yaxınlaşmışdım. Gözlərim ancaq divarı görürdü. Birdən elə bil divar ağzını açdı. Divarın kənarında bir qapı açıldı. Sevinc vücudumu bürüdü. Xilas olduğumu hiss etdim. Öz-özümə düşündüm: "Görəsən, bu kimin qapısıdır?"
Qapıya çatdım. Tələsik içəri girdim. Qapını arxamca möhkəm bağladım. Qapı bərkdən səs çıxartdı. Tövşüyrdüm. Divarlara baxdım. Ağ deyildilər, boz rəngə çalırdılar. Adama rahatlıq gətirmirdilər, adamı qorxudurdular. Mənə elə gəldi ki, divarlar deyirlər:
- Sən qorxdun… Sən qorxdun…
Divarların səsində bədxahlıq və tənə duydum. Sakitcə ətrafı süzdüm. Birdən elə bil içimdə nəsə qırıldı. Dəhşətdən yerimdə quruyub qaldım. Qapının böyründə həmən yolçu dayanmışdı. Bic-bic gülümsəyib dedi:
- Sən… Sən özün gəldin… Bura… Bu ev mənim evimdir… Mənim…
Hələ də tövşüyürdüm. Deməyə bir sözüm yox idi. Mənə elə gəldi ki, divarlar da, qapı da yolçu ilə əlbirdir. Qapı bağlı idi. Qalan qapılar gözlərimin önündə düzülüb aşağı-yuxarı gedirdilər və bu dəfə onların təqdir səslərini eşidirdim. Başımı aşağı dikdim. Ayaqlarım böyük, çox böyük idi. Ayaqqabılarım da yekə, lap yekə görünürdü…
Çevirəni: Məsiağa Məhəmmədi

This is a beautiful piece of artwork. I love the colors and the shapes. It's just delightful.