AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ

LAURA CƏBRAYILLI

Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar…
Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.

Bax, bu dil məsələsi bizim tarixşünaslığın, şərqşünaslığın ən yaralı yeridir. Alimlərimiz minbir əziyyətlə tapa bildiklərini elə qəliz şəkildə dilə gətirirlər ki, onları asanlıqla başa düşmək olmur. Məsiağa Məhəmmədi isə savadlı, dünyagörüşlü, məlumatlı və həm də ana dilli araşdırıcıdır. O, "Tədqiqlər və tərcümələr" adıyla Azərbaycan ədəbiyyatının ən qarışıq dövründən, İmam Qəzzali, Xacu Kirmani, Kəlim Kaşanidən danışır. Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Şeyx Məhəmməd Xiyabani ilə çağdaş oxucunun rahat dərdləşməsinə imkan, şərait yaradır.
Müəllif çox vaxt fərqli şəkildə yozulan farsdilli ədəbiyyata qayıdır, amma türk yazarlarını nəyin bahasına olursa-olsun, sudan quru çıxarmağa çalışmır. Həqiqəti axtarır və gəldiyi nəticələri hisslə yox, məntiqlə yazır. Çünki hisslə-pafosla özünü aldada bilərsən, amma başqalarını yox. Bizim isə əslində nə özümüzün, nə də başqalarının gözündə böyüməyə ehtiyacımız var. Biz özümüzü elə olduğumuz kimi görsək, tapsaq, tanısaq – bəsimizdir.
Bəs keçmişdə bizim nəyimiz görünür? "Nizami və Qəzzali", Əbu Səid Əbülxeyrin "Qırx məqam" risaləsi, "Tərzi Əfşar və onun "tərzi", "Yusif Qarabaği və onun "Yeddi bağ" əsəri", "Qəribə xəyallı şair" – Saib Təbrizi… Hamını düşündürən suallara bu məqalələrdə aydın cavab tapılır. Üstəgəl, tərcümələr –Baba Kuhi Bakuvi "Həllacın həyatı və ölümü", Şəms Təbrizi "On hekayət", Şeyx Məhəmməd Xiyabani "Yüz kəlam"…
Elədir, hamısı qiymətlidir, maraqlıdır. Müəllif bizim əvəzimizə işlərin hamısını görüb. Bircə qalır kitabı tapmaq və tənbəlliyin daşını atmaq. Çətin deyil ki?!


"Vətəndaş Həmrəyliyi" qəzeti, № 66 (281), 2004-cü il


1 Şərh
  1. Laura xanım, Sizi burda görmək çox yaxşıdır. Sizi radioda ilk gördüyümdə dərin anlamlı suallarınızla məni heyrətə düşümüşdünüz. Sonra düşündüm ki, gerçəkdən də sualla cavab çarpışmasından suall cavabdan daha üstün. Suallar insan beyninin qatlarını aça bilıir. Bu yazınızda dərin sorular var. Qələminizə sağlıq. Yalnız bilmirəm mən rast gəlmirəm, yoxsa Szi özünüz az yazırsınız? Belə güclü qələm sahibi daha çox yazmalıdır.
    Çox təəssüf ki "oriantalizm-şərqşünaslıq" və "Oksidentalizm-qərbşünaslıq" qavramlarını yalnız qərb ürətdi. Qərbin güzgüsündə görünən Şərqin simasına "şərqşünaslıq" adını taxdılar. Qərbdə güzgüsündə bir çox şeyləri qəsdən yansıtmadı.
    Məsih bəyin yaradıclığı və araşdırmaları haqqında bu qısa yazınızda çox gözəl dəyərləndirmədə bulunmuşsunuz. Gerçəkdən də tənbəlliyin daşını atıb oxumaq lazım.
    Salamlarımla: Güntay Gəncalp---Finlandiya


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər