Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)

Üçüncü hissə

XARİCİ SƏFƏRLƏR

Xarici ölkələrə səfərlərim və dünya miqyaslı şəxsiyyətlərlə görüşlərim barədə şirin xatirələrim var. Hərdən ötən çağların xoş xatirələrini yada salanda bu nəticəyə gəlirəm ki, insan ömrü xatirələr toplusundan başqa bir şey deyil...
Dediyim kimi, qızımın toyu üçün zəruri olan şeyləri almaqdan ötrü onunla birgə Parisə getməyim ölkə xaricinə ilk səfərim olmuşdu. Mənim xatirimdə hər şeyin birincisi dərin iz buraxır və onu yaddan çıxarmıram. Bu, xarici səfərlərimə də aiddir. Sonralar qırxdan çox xarici ölkəyə getsəm də, sevimli qızımla bərabər Parisə ilk səfərimi heç vaxt unutmuram.
Xatirəsi yaddaşımdan silinməyən başqa bir səfərimiz 1963-cü ildə Amerika Birləşmiş Ştatlarına olmuşdu. O zaman ABŞ hökuməti Məhəmmədrzanı və Fərəhi böyük təntənə ilə qarşılamışdı. Biz üstüaçıq maşında irəlilədikcə, göydələnlərin üzərindən başımıza rəngbərəng lentlər səpirdilər.

Şam yeməyi zamanı Məhəmmədrza Jaklin Kennediyə son dərəcə qiymətli və nadir bir komplekt bağışladı. Bu komplekt bir vaxtlar Şir ürəkli Riçardın arvadına məxsus olmuşdu. Jaklin Məhəmmədrzanın bu səxavətindən elə mütəəssir oldu ki, ayaq üstə dayanmış qonaqların hamısının gözü qarşısında onu öpdü, sonra da elə oradaca kopmlekti açıb üstünə taxdı. Bu unikal komplekt brilyant boyunbağıdan, almaz medalyondan, daş-qaşla bəzədilmiş qolbağdan, almaz qaşlı üzükdən və brilyant sırğalardan ibarət idi.
Bu böyük və misilsiz səxavətin müqabilində Kennedi Fərəhə akvarellə çəkilmiş bir şəkil verdi və dedi ki, bu, onun kollecdə oxuduğu illərdə çəkdiyi şəkillərdəndir. Jaklin isə Məhəmmədrzaya rəngi solmuş bir qalstuk bağışlayıb iddia etdi ki, bu qalstuk Corc Vaşinqtona məxsus olub!
ABŞ prezidenti ilə xanımının verdiyi hədiyyələrin heç bir dollar da qiyməti yox idi, halbuki bildiyimə görə, Məhəmmədrza Şir ürəkli Riçarda məxsus əntiq komplekti almaq üçün yüz minlərlə dollar xərcləmişdi. İqamətgahımıza qayıtdıqdan sonra Fərəh Məhəmmədrzanın yanında Kennedini və arvadını söyüb dedi: «Bu ... xaricdən gələn hər qonağa bir cındır qalstuk verib iddia edirlər ki, həmin qalstuk Corc Vaşinqtona, yaxud Avraam Linkolna məxsus olub!»
Con Kennedi siyasi həyatı demokratikləşdirmək istiqamətində Məhəmmədrzaya göstərdiyi təzyiqlərə görə İranda çox populyar idi. Amerikada da o, görünür, bütün dövrlərin ən sevimli prezidenti olmuşdur.
Jaklin adi görkəmli arıq bir qadın idi. Deyirdilər ki, prezidentin xanımı olmazdan əvvəl o, sadə ailədən çıxmış bir jurnalist imiş. Con Kennedi isə varlı və aristokrat bir ailədən, bizdə deyildiyi kimi, köklü nəsildən idi.
Mən o vaxta qədər amerikalıları yaxından görməmişdim və onlarla oturub-durmamışdım. Ona görə də təəccüblənirdim ki, necə hamının yanında bir-birinin arvadlarını öpür və mehribancasına onlarla rəqs edirlər. Amma Kennedinin bir neçə dövrə Fərəhlə rəqs etdiyini və Məhəmmədrzanın da qollarını Jaklinin belinə dolayıb oynadığını görəndən sonra təəccübüm aradan qalxdı. Və mən də bu cür ikinəfərlik rəqslərdə təcrübəsizliyimə, necə deyərlər, naşı olduğuma baxmayaraq, nəzakət naminə Nyu-York merinin dəvətini qəbul edib onunla rəqs eləməli oldum. Rəqsin sonunda mer xahiş etdi ki, sabah nahara onun qonağı olum və şəxsən özünün hazırladığı təamların dadına baxım. Mən ingiliscəni yaxşı bilmədiyim üçün Fərəh köməyimə yetişdi və mənim adımdan çox-çox təşəkkür edib dəvəti qəbul elədiyimi bildirdi; mənə də dedi ki, bu nüfuzlu siyasətçinin dəvətini qəbul etməkdən özgə çarə yoxdur, sən gərək fədakarlıq göstərib onun qonağı olasan!
Sonralar ABŞ prezidenti olmuş Riçard Niksonu mən ilk dəfə həmin qonaqlıqda gördüm. O vaxtlar Nikson ABŞ Xarici İşlər Nazirliyində işləyirdi və hələ o zamandan onunla Məhəmmədrza arasında dərin dostluq münasibəti yaranmışdı.
O dövrün ən populyar müğənnisi olan Frenk Sinatra da həmin ziyafətdə idi. Sinatra şahın səmimi dostu sayılırdı, amma şahın əleyhdarlarından biri ilə də dostluq edirdi, buna görə Məhəmmədrza daim ondan gileylənirdi. Frenk Sinatranın dostu və şahın düşməni bəxtiyari tayfasından olan Xeybər xan Qudərzi idi. Əlbəttə, Xeybər xan şahın siyasi düşməni deyildi, onunla Məhəmmədrza arasındakı münaqişənin kökündə maliyyə məsələləri dururdu və bu da şah üçün müəyyən problemlər yaratmışdı. Xeybər xan ABŞ-da iri kapitalist və Frenk Sinatranın qolf yoldaşı kimi tanınırdı. Frenki Xeybər xanı o qədər çox istəyirdi ki, özünün məşhur «Qudi,Qudi» mahnısını («Qudi» – «Qudərzi» sözünün qısaldılmış formasıdır) ona həsr etmişdi. Bu isə Məhəmmədrzanı yamanca qıcıqlandırırdı. Deməliyəm ki, Məhəmmədrza son dərəcə qısqanc idi və bu da onun ən böyük zəifliyi sayıla bilərdi.
ABŞ səfərində məni heyrətə salan məsələlərdən biri də amerikalıların öz prezidentləri ilə davranışı oldu. İranda bütün məmurlar və dövlət adamları, hətta baş nazir də Məhəmmədrzanın əlini öpürdü və bəziləri (əsasən hərbçilər) özlərini şahın ayaqlarına atırdılar. ABŞ-da isə adi insanlar belə prezidentə yalnız əl verib görüşür və bundan artıq ehtiram göstərmirdilər. Bu bir yana qalsın, bəziləri hətta prezidentlə kəskin tonda danışırdılar ki, bizim meyarlarla bu, açıq-aşkar hörmətsizlik idi.
Məhəmmədrzanın prezident Kennedi ilə Jaklinin şərəfinə verdiyi axşam ziyafətində mən müşahidə etdim ki, adi məmurlar və orta təbəqədən olan şəxslər, məsələn, Xarici İşlər Nazirliyinin işçiləri, jurnalistlər, Konqresin üzvləri, biznesmenlər və kommersantlar prezidentlə çox sərbəst rəftar edirlər, hətta bəzən Kennedi özü onları yanına çağırıb hal-əhval tuturdu.
Bir gün də Məhəmmədrza və Fərəhlə birlikdə prezidetin şəxsi fermasına getdik. ABŞ-da varlı adamların əksəriyyətinin torpaq sahəsi var, Kennedi də bu baxımdan istisna deyildi. Kennedi ailəsinə məxsus olan və atalarından miras qalan əkin sahələrində kəndlilər öz işləri ilə məşğul idilər. Amerika prezidentinə ehtiramlarını bildirmək üçün onlar əllərini havada sıxır, yaxud papaqlarını çıxarırdılar. Hətta bəziləri prezidenti qısaldılmış adı ilə çağırır və uca səslə deyirdilər: «Ey, Con!»
İranda doğulub-böyümüş və bizim bədbəxt kəndlilərin vəziyyətini yaxşı bilən bir adam üçün bu, inanılmaz bir mənzərə idi: bizdə kəndlilərin canı da, malı da ərbabların ixtiyarındaydı, hətta bəzən mülkədar toyun birinci gecəsi rəiyyətin gəlinini öz evinə aparırdı. Ona görə də bu boyda ölkənin prezidentinin kəndlilər qarşısında özünü belə sadə aparması məni əməlli-başlı heyrətə salmışdı. Prezident Kennedidən xoşu gəlməyən Məhəmmədrza deyirdi: «Amerikalılar ədəbsiz millətdirlər və ədəbsizlik onlar üçün bir növ dəyərdir!» Mən də kəndlilərin prezidentə belə münasibətindən təsirlənmişdim. Əslində mən nə İrandakı kimi şaha yaltaqlanmağı və onun əl-ayğını öpməyi bəyənirdim, nə də bir Amerika kəndlisinin prezidentə bu cür sayğısızlıq göstərib uzaqdan «ey, Con!» deyə qışqırmasına yaxşı baxırdım. İsveçrədə böyümüş Məhəmmədrza ilə Parisdə oxumuş Fərəh isə qərblilərin davranış qaydalarına bələd olduqlarından mənə qəribə gələn şeylərə təbii yanaşırdılar.
Məhəmmədrza ilə Fərəh prezident Kennedi və Jaklinlə yanaşı Senatın və Konqresin sədrlərinə, əksər senator və konqresmenlərə, hətta jurnalistlərə və nüfuzlu merlərə də hədiyyələr verdilər. Bu hədiyyələr əsasən İranda toxunmuş xalçalardan ibarət olurdu. Siyasi məsələlərdən başım çıxmadığına görə mən bu hatəmsayağı səxavətin səbəbini anlaya bilmirdim. Fərəh mənə izahat verib dedi ki, ABŞ-da dövlət qərarları nüfuzlu şəxslərin təzyiqi ilə qəbul olunur; biz də bu adamlara diqqət yetirməklə istəyirik ki, onlar Konqresin və Ağ Evin qərarlarının bizim xeyrimizə olmasına təsir göstərsinlər. Qızımın siyasi məsələlərin incəliklərini belə tez mənimsəməsi mənə əsl ləzzət verdi.
Bu səfərdə özümün böyük bir zəifliyimdən agah oldum və anladım ki, dil bilməyən kəs vətənindən kənarda lal adam kimi bir şeydir. Odur ki, İrana dönən kimi ingilis dilini yaxşıca öyrənməyi qərara aldım. Bu məsələni Ali Antonyadisə bildirdim və o, İran-Amerika cəmiyyətindən mənim üçün bir ingilis dili müəllimi tapdı.
Mən axıra qədər ingiliscəni mükəmməl şəkildə öyrənə bilməsəm də, çulumu sudan çıxarmaq həddində onu mənimsədim. Qızımla Londona xüsusi səfərim isə ingilis dili sahəsindəki biliklərimi sınaqdan keçirmək üçün yaxşı fürsət oldu.
Məhəmmədrza istəyirdi ki, Londonun cənubunda Viktoriya dövrünə məxsus tarixi binalardan birini satın alsın. Qəsrin ətrafında onlarla hektar torpaq sahəsi vardı. Qərar beləydi ki, Fərəh binaya baxıb bəyənməli, sonra da o, nəvəm Rzanın adına alınmalı idi. (Hər şey elə belə də oldu). Həmin əzəmətli binanı fransız mühəndisləri son dərəcə gözəl bir şəkildə bərpa etmiş və yenidən qurmuşdular.
Fərəh dərhal binanı bəyəndi və bizim vəkillərlə satıcı şirkət lazımi sənədləri hazırlayıb mübadilə etdilər. Fərəhin yaxşı müştəri olduğunu görən ingilis şirkəti Londonun qərbindəki aristokratlar məhəlləsində yerləşən bir mənzili də ona təklif etdi. Biz gedib yeni tikilmiş hündür binanın son mərtəbəsində olan həmin mənzilə də baxdıq. Mənzilin təqribən bir futbol meydançası qədər sahəsi vardı! Fərəh bu mənzili özü üçün aldı və bu alqıdan son dərəcə məmnun qaldı, çünki o, eynən Əşrəf xanımın Nyu-Yorkdakı mənzilinə bənzəyirdi.
Bizim Londona səfərimiz qeyri-rəsmi, hətta müəyyən qədər məxfi xarakter daşıyırdı və mətbuata da bu barədə heç bir açıqlama verilməmişdi, bununla belə kraliça II Yelizaveta bizi Bukingem sarayına şam yeməyinə dəvət etdi. Bu, ingilis kraliçasının İran dövlətinin birinci xanımının şərəfinə verdiyi sadə və xüsusi bir ziyafət olsa da, İngiltərə Xarici İşlər Nazirliyinin nümayəndəsi məclisdə iştirak edirdi. Sonradan Fərəh bunu mənə belə izah etdi ki, İngiltərədə kraliça hökumətin qərarlarına müdaxilə etmir və əslində bir simvoldur; ona görə də Xarici İşlər Nazirliyinin, yəni hökumətin nümayəndəsi ziyafətdə iştirak edirdi ki, həm iki kraliçanın söhbətindən agah olsun, həm də lazım gələrsə, ingilis kraliçasına müəyyən məlumatlar versin.
Biz kraliça ilə xeyli söhbət etdik. Kraliça əvvəlcə Məhəmmədrzanın səhhəti və işləri ilə maraqlandı və Fərəhdən xahiş etdi ki, onun və şahzadə Filippin salamlarını şaha çatdırsın. Kraliçanın söhbətlərindən belə anladım ki, İran haqqında son dərəcə geniş məlumata malikdir. O, hətta Xəyyamın bir rübaisini də ingiliscə bizim üçün söylədi. Fərəh mənə izah etdi ki, kraliça Xəyyamın rübailərinin Fitscerald adlı bir şərqşünas tərəfindən ingiliscəyə edilmiş tərcümələrini oxuyub və onun şeirlərinin vurğunudur.
Bu görüşdə siyasi məsələlər haqqında söhbət getmədi və axırda kraliça Fərəhdən xahiş etdi ki, əlverişli bir vaxtda Məhəmmədrza ilə birlikdə İngiltərəyə rəsmi səfərə gəlsin...
Təqribən on gündən sonra Fərəh İrana qayıtmaq istədi, mən isə Şotlandiyanı, Uelsi və İrlandiyanı görmək üçün ayın axırına qədər Britaniyada qalmağı qərara aldım. Fərəh mənim bu qərarımı bəyəndi və Londondakı İran səfirliyinə lazımi göstərişlər verdi, Tehrana qayıdan kimi isə mənim Londonda tək qalmamağım üçün qardaşım arvadı Luizi İngiltərəyə yola saldı. Luiz gələn kimi təklif etdi ki, əvvəlcə Şotlandiyaya gedək, çünki ora dünyanın ən gözəl yerlərindən biridir. Şotlandiyaya səfərdən sonra mən də bu fikri təsdiq etdim, hətta Luizə dedim ki, mən bu diyara vurulmuşam və imkanım olsa, həmişəlik köçüb burda yaşayaram... Amma sonralar İspaniyanın Aralıq dənizi sahillərini görəndə, anladım ki, Şotlandiyaya vurulmaqda tələsmişəm!
İngilislərin həyatında diqqətimi cəlb edən ən maraqlı cəhətlərdən biri hamının qanun qarşısında bərabər olması idi. Bir gün Luiz mənə bir qəzet göstərib dedi ki, London polisi şahzadə Çarlzı (kraliçanın oğlunu) maşınını qadağan olunmuş yerdə saxladığına görə cərimə edib. Qəzet yazırdı ki, şahzadə Çarlz avtomobilini bir restoranın qarşısında saxlayıb və qəhvə içmək üçün içəri girib, bu zaman oradan keçən yol polisi əməkdaşı maşının qadağan olunmuş yerdə saxlandığını görərək dayanıb və cərimə vərəqəsi yazaraq şahzadəyə təqdim edib. Bu hərəkətinə görə rəisləri tərəfindən mükafatlandırılmış həmin polis işçisinin şəkli də qəzetdə verilmişdi.
Bu xəbər məni əməlli-başlı heyrətə saldı və Luizə dedim: «Sən təsəvvür edə bilərsənmi ki, Tehran polisinin işçisi Məhəmmədrzanı, yaxud onun qardaşlarından və bacılarından birini cərimə eləsin və canını da salamat qurtarsın?!»
Mən mərhum kürəkənimi və onun idarəçilik üsulunu tənqid etmək istəmirəm. Deməliyəm ki, bu fərq bizim mədəniyyətimiz və adət-ənənələrimizlə bağlıdır. Mən Amerikaya, İngiltərəyə, Rusiyaya, Avropanın digər ölkələrinə, hətta Madaqaskara və Qanaya səfərlərim zamanı heç vaxt görməmişəm ki, kimsə prezidentin əlini öpsün. Həqiqət naminə onu da deməliyəm ki, insanlar özləri Məhəmmədrzanın əlini öpür, yaxud özlərini onun ayaqlarına atırdılar.
Xaricdə yaşadığım bu illər ərzində mütaliəyə kifayət qədər vaxtım olub. Xüsusən İranda çıxan kitabları oxumaq məndə maraq doğurur. Görürəm ki, bəziləri Məhəmmədrzanı hədsiz təkəbbür və xudpəsəndlikdə ittiham edirlər. Əslində mən Məhəmmədrza ilə tanış olanda, o mənə utancaq və təvazökar bir insan təsiri bağışlamışdı. Amma sonralar ətrafındakı şəxslərin yaltaqlıq və əcaib epitetlər qoşmaqla onda təkəbbür hissini necə oyatdıqlarının şahidi oldum. Onlar şaha təlqin edirdilər ki, o bütün insanlardan fərqlənir və bir növ fövqəlbəşəri varlıqdır...
İngiltərədən qayıdandan sonra canıyanan bir ana kimi bütün gördüklərimi Fərəhə danışdım. Fərəh dedi: «Ana, o sistem İngilətərəyə yarayır, bu sistem də İrana! İran camaatı şahı Allahın kölgəsi bilir, necə ki, bizim milli şairimiz Firdovsi deyib: «Allahın hökmüdür şahın fərmanı!» Əgər şah İngiltərə kral ailəsinin üzvləri kimi şəhərdə adi adamların arasında gəzsə, beş dəqiqə də davam gətirməz! Bizim adamlar hələ o mədəniyyətə yetişməyiblər ki, adi insan kimi onların arasına çıxaq».
İndi, neçə illərdən bəri şahanə həyatla vidalaşdığım və qürbətdə ömrümün son günlərini yaşadığım bu vaxtda görürəm ki, qızım da səhv edirmiş. İnsan üçün maneəsiz və sərbəst şəkildə adamlar arasında olmaqdan böyük ləzzət yoxdur. Əminəm ki, Məhəmmədrza ömrü boyu bu ləzzəti dadmamış, qızım da şaha ərə gedəndən sonra ondan məhrum olmuşdu...
1965-ci il aprelin ortalarında Yaponiyaya bir aylıq səfərim də yaddaşımda silinməz izlər qoymuşdur. Düşünürəm ki, bu səfərin ən maraqlı səhifəsi imperator Hirohito və onun xanımı ilə görüşümüz oldu. Bizim üçün imperatorla on beş dəqiqəlik qısa görüş nəzərdə tutulmuşdu. Mən eşitmişdim ki, imperator yaponların nəzərində çox yüksək dəyərə malikdir və Yaponiya ikinci dünya müharibəsində təslim olanadək adi adamlar onun səsini eşitməmiş, üzünü görməmişdilər, hətta iyirminci yüzilliyin əvvəllərinə qədər yaponlar öz imperatorlarını ilahi bir varlıq sayırdılar.
İmperatorun hüzuruna daxil olanda onun ilk sualı belə oldu: «Yaponiyanı bəyəndinizmi?» Mən bir qədər Yaponiya təbiətinin gözəlliklərindən danışdım. İmperator bu təriflərdən xoşhal olub dedi: «Bilirsiniz, bizdə belə bir məsəl var: deyirlər, Allah-taala yeri yaradarkən Yaponiyanı yaddan çıxarıbmış, ona görə də sonradan cənnətdən bir parça kəsərək yerə gətirib və yaponları orada məskunlaşdırıb. Beləliklə, Yaponiya behiştin bir parçasıdır!»
Bu sözlər imperatorun öz ölkəsinə hədsiz məhəbbətinin göstəricisi idi. Mən sadə yaponlarda da öz vətənlərinə tükənməz sevginin şahidi oldum. Və istər-istəməz bunu Pəhləvi ailəsinin ilin on iki ayını xaricdə keçirən, əcnəbilərlə ailə quran, Amerika və Avropada mülk alıb oralara kapital qoyan bəzi üzvlərinin öz ölkələrinə münasibəti ilə müqayisə etdim. Mən burada heç kimin adını çəkmək fikrində deyiləm, yalnız onu demək istəyirəm ki, şahlıq quruluşunun dağılmasında təkcə Məhəmmədrza müqəssir deyildi. Şahın qardaş və bacılarının öz ölkələrinə heç bir bağlılığı yox idi. Rza şah İranı nə qədər sevir və onun inkişafına çalışırdısa, övladları vətənlərinə qarşı bir o qədər biganə idilər...
Diqqətimi cəlb edən digər bir məsələ imperator Hirohitonun öz kifir xanımına hədsiz bağlılığı oldu. Yaponların müqəddəs saydığı bu şəxsin təbii ki, istənilən gözəl qızı almaq imkanı vardı, amma o öz hakimiyyət və sərvətindən sui-istifadə etməyib bütün ömrünü bu kifir qadınla yaşamışdı. Öz-özümə dedim ki, İranda adi rəiyyətin də əlinə bir az pul gələn kimi arvadının üstünə günü gətirir, amma bu böyük insan bütün var-dövlətinə baxmayaraq, həyatını həmişəlik kifir bir qadına bağlayıb. Əhsən bu ləyaqətə!
Tehrana qayıdandan sonra Məhəmmədrza məndən soruşdu: «Hirohito sizə necə təsir bağışladı?» Dedim: «Məncə, adi bir adamdır. Özü də çox adi!» Məhəmmədrza dilləndi: «Adi adam imperator ola bilməz!» «Doğru buyurursunuz» – deyə cavab verdim. Söhbətimizi eşidən Fərəh özünü saxlaya bilməyib söylədi: «İmperator bu adı və mənsəbi atasından irsən alıb. Nə çoxdur ləyaqətli atanın ləyaqətsiz övladı!» Məhəmmədrza bir şey demədi, amma hiss etdim ki, Fərəhin bu sözləri ona bərk toxundu...
Rumıniyanın prezidenti Nikolaye Çauşesku da məndə böyük maraq doğurmuş və onun fikirləri mənə qəribə gəlmişdi. Mən həm Rumıniyaya səfər etmiş, həm də Çauşesku Tehrana gələrkən onu görmüşdüm. Belə düşünürəm ki, Çauşesku Rumıniya Kommunist Partiyasının rəhbəri, Şərqi Avropanın ən güclü şəxsiyyətlərindən biri və nəhayət, ölkə prezidenti olmazdan qabaq sadəlövh bir kəndli idi! Sanki onun üçün zaman dayanmışdı və o, orta əsrlərdə qalmışdı: heç bir vəchlə Qərbin tərəqqisini və sivilizasiyasını qəbul etmirdi. Məhəmmədrza və Fərəhlə birgə Buxarestə gedib Çauşeskunun qonağı olduğumuz zaman o açıq-aşkar Məhəmmədrzaya nəsihət verməyə çalışırdı. Xanımı ilə İrana gələndə də nəsihətçiliyindən əl çəkmirdi.
Məhəmmədrza bu fikirdə idi ki, kiçik ölkələr böyük dostları olmadan ayaq üstə dura və inkişafa nail ola bilməzlər. Amma Çauşesku deyirdi ki, böyük ölkələr kiçik dövlətləri qarət etmədən yaşaya bilməzlər.
Məhəmmədrza dünya liderlərindən ikisini dəli sayırdı və bunu dəfələrlə şəxsi söhbətlərdə müxtəlif münasibətlərlə bizə demişdi. Bunlardan biri Liviya rəhbəri polkovnik Qəzzafi, ikincisi də həmin Çauşesku idi!
Çauşesku Məhəmmədrza ilə görüşdə demişdi: «İran və Orta Şərqin neft hasilatçısı olan digər ölkələri güclü bir təşkilat yaratmalı, nefti özləri çıxarıb özləri satmalıdırlar». O əlavə etmişdi ki, İkinci Dünya müharibəsinə qədər Rumıniya Avropanın neft ixrac edən dövlətlərindən biri idi, amma xarici şirkətlər ölkədəki nefti son barrelinə qədər qarət edib ekoloji şəraitə ağır zərbə vuraraq aradan çıxdılar. Çauşesku deyirdi: «Qərblilərin neft müqabilində sizə verdikləri pul yalnız neftin ixracı üçün lazım olan avadanlığın alınmasına çatır, əlbəttə, bir az da özünüzə qalır ki, acından ölməyəsiniz və nefti çıxarıb onlara verə biləsiniz».
Danışıqlardan sonra Məhəmmədrza demişdi: «Vallah, bu kişi dəlidir! İki ölkə arasında əlaqələrə dair müzakirələr aparmaq əvəzinə, vaxtının çoxunu antiqərb təbliğatına sərf edir».
Tehranda olarkən, Çauşesku Məhəmmədrza ilə birgə ingilis avtomobili istehsal edən «İran-nasional» zavoduna getmişdi. Məhəmmədrza yenicə istehsalına başlanılan «Peykan» avtomobilini İran sənayesinin qələbəsi kimi fəxrlə ona göstərmişdi. Amma Çauşesku demişdi: «Siz Britaniya iqtisadiyyatının xeyrinə ingilis avtomobili buraxıb öz camaatınıza satmaqdansa, at bəsləsəniz daha yaxşı olar!» Onun bu təklifindən heyrətlənən Məhəmmədrza deyirdi: «Bu kişi əsl kəndli kimi siyasətin qaydalarını da bilmir».
Mən görürdüm ki, Məhəmmədrza ilə Çauşeskunun düşüncə tərzi və baxışları arasında yerdən göyə qədər fərq var. Amma onu da sezirdim ki, Məhəmmədrza Çauşeskunu «kəndli» adlandırıb onun fikirləri ilə razılaşmasa da, qəlbində ona hörmət bəsləyir və onun qeyri-adi sözlərindən sonra düşüncələrə dalır.
Rumıniyaya cavab səfərində biz dünyanın başqa yerlərindən fərqli bir ölkə ilə qarşılaşdıq. Mən o vaxta qədər Şərqi Avropa ölkələrinə getməmişdim. Bundan qabaq Fransa və İngiltərə kimi Qərb dövlətlərində olmuşdum, amma Rumıniyada başqa bir həyat tərzi hökm sürürdü: həyatın ahəngi çox aram idi. Paris və Londonun küçələrindən fərqli olaraq, insanlar ora-bura tələsmirdilər. Belə təəssürat yaranırdı ki, insanların əsəbləri daha sakitdir; onlar daha gümrah və daha gülərüz idilər. Qərbi Avropa şəhərlərindəki basabas və tıxaclardan burada əsər-əlamət yox idi. Səma daha mavi, ağaclar daha yaşıl görünürdülər.
Mən bu təəssüratımı qızımla bölüşdüm. Fərəh dedi: «Səbəbi budur ki, Rumıniya və Şərqi Avropanın digər ölkələri sənayeləşmədən geri qalıblar. Bu ölkələrin iqtisadiyyatı hələ də əkinçilik və maldarlığa əsaslanır. Ona görə də ətraf mühit çirklənməyə məruz qalmayıb». Bu söhbəti eşidən Məhəmmədrza söylədi: «Sizə demirdim ki, bunlar kəndlidir?!»
Buxarestdə Çauşesku bizi avtomobil zavoduna apardı. Bu zavodun istehsal etdiyi avtomobil çox kiçik idi və köhnəlmiş model sayıla bilərdi. Çauşesku bizim həmin avtomobilə həqarətlə baxdığımızı sezib dilləndi: «Bu avtomobilin başqalarından bir çox üstünlükləri var!» Və bizim təəccüb içində olduğumuzu görüb əlavə etdi: «Əsas üstünlüyü də budur ki, bütün hissələrini özümüz istehsal edirik, yəni tam milli məhsuldur!»
Gecələr Buxarestin məhəllələrində növbə ilə işığı söndürürdülər. Hətta bizim şəhərdə olduğumuz müddətdə də elektrikin verilməsindəki fasilələr davam edirdi. Çauşesku bu barədə deyirdi: «Bizim elektrik stansiyalarını yanacaqla təmin etmək sahəsində imkanlarımız məhduddur, amma çalışırıq ki, öz imkanlarımızla kifayətlənək. Ona görə də işıqda bir neçə saat artıq yaşamaq xatirinə xaricilərdən borc almaq və müstəmləkəçilərdən asılı vəziyyətə düşmək istəmirik».
Çauşesku Qərbi Avropa ölkələrinin əksəriyyətini də müstəmləkə sayır və deyirdi: «Qərb ölkələri də müstəmləkədir – yəhudi kapitalistlərinin və transmilli şirkətlərin müstəmləkəsi!» Ümumiyyətlə, Çauşesku Qərbə çox pessimistcəsinə yanaşır və belə hesab edirdi ki, Qərb əxlaqi meyarlardan və insani dəyərlərdən məhrumdur.
Məhəmmədrza ilə Çauşesku arasında kəskin müzakirələr hətta iqamətgahımızın həyətində gəzişərkən də davam edirdi, amma bu, vaxtımızın xoş keçməsinə əsla mane olmurdu. Buxarestdə bizim şərəfimizə verilən ziyafət Londondakı Bukingem, yaxud Parisdəki Versal saraylarındakı ziyafətlər qədər təntənəli və dəbdəbəli deyildi, amma buradakı yeməklər daha ləziz idi. Rumın musiqisi də Qərb musiqisinə baxanda daha ürəyəyatımlı təsir bağışlayırdı. Əlbəttə, bu məsələlərdə bizim zövqlərimiz ayrı-ayrı idi. Mən əyalətdə doğulduğum və şahla Fərəhdən fərqli olaraq yeniyetməlik çağlarımı Avropada keçirmədiyim üçün zövq baxımından «kəndli» Çauşeskuya daha yaxın idim...
Ümumiyyətlə, mən şah ailəsinin üzvü olduğum müddətdə heç vaxt özümü üçüncü təbəqədən olan, əri və uşaqları ilə birgə asudə və sadə həyat sürən hər hansı bir qadından daha xoşbəxt saymamışam. Rəsmi davranış normaları mənim üçün əsl problem idi və tədricən kürəkənim, qızım və nəvələrimlə münasibətlərim də etiketə çevrilmişdi – bu isə istər-istəməz ən dəruni hisslərin də rəngini itirməsinə səbəb olurdu...

"AĞ İNQİLAB"DAN İSLAM İNQİLABINA

Burada ən əvvəl bir şəxs barədə danışmalıyam ki, o da Əli Əminidir. Əli Əmini namaz qılan, oruc tutan mömin bir adam idi. Məkkəyə gedib hacı da olmuşdu. Özü də xanım Fəxrüddövlə Qacarın oğlu idi. Mən onun şahla əlaqələrinin tarixçəsi barədə çox şey bilmirəm. Yalnız onu deyə bilərəm ki, şahla Fərəhin evliliklərinin ilk dövründə arabir Məhəmmədrzanın yanına gələrdi. Sonralar baş nazir olduğu zaman ölkədə müəyyən islahatlar həyata keçirməyə çalışdı. Lakin məmləkətin işlərinə şahla onun baxışları üst-üstə düşmədi. Belə ki, Fərəh deyirdi: "Əli Əmini Amerika demokratlarına meyllidir, şah isə demokratları bəyənmir, buna görə də sözləri düz gəlmir". Xülasə, Məhəmmədrza Əli Əmini ilə işləyə bilməyib onu istefaya göndərdi və onun siyasi fəaliyyətinə qadağa qoydu. Əli Əmini həm də iri mülkədar idi. Baharıstan meydanı yaxınlığındakı ata evində yaşayırdı. Bir qardaşı da ordunun yüksək rütbəli zabiti idi. Fərəh həmişə deyirdi ki, Əli Əmini amerikalıların etimad bəslədiyi bir adamdır və onlar dəfələrlə onu Məhəmmədrzaya tapşırıblar. Bu tapşırılma necə həyata keçirilirdi? Misal üçün, şahla Fərəh Con və Jaklin Kennedilərin dəvətilə Vaşinqtona getmişdilər. Elə ilk görüşdəcə Kennedi şahdan soruşmuşdu: "Bizim dostumuz cənab Əmininin kefi necədir?" Arif olan anlayır ki, şah Ağ Evə ayaq basan kimi Amerika prezidenti Əli Əminini soruşursa, bu nə deməkdir. Fərəh eyni zamanda deyirdi: "Kennedi hakimiyyətə gələn gündən İranda köklü dəyişikliklər etmək fikrinə düşüb. Əmini də şahın yerinə namizəd kimi nəzərdə tutulub". Amerika demokratları istəyirdilər ki, İranda idarə üsulunu dəyişdirib respublika qursunlar və Əli Əmini də prezident olsun. Amma şah respublikaçılarla səmimi münasibətləri sayəsində Kennedinin bu planına mane oldu; İrana münasibətdə ABŞ siyasi elitasının iki qanadı arasındakı ixtilaflar bu niyyətin gerçəkləşməsinə imkan vermədi. Bununla belə, Məhəmmədrza amerikalıların təzyiqləri ilə hesablaşmaq məcburiyyətində qaldı və Vaşinqtonun İranda torpaq mülkiyyətçiliyini dəyişdirmək, siyasi və ictimai islahatlar həyata keçirmək üçün hazırladığı proqramı özü reallaşdırmalı oldu. 1963-cü il yanvarın 26-da şah "ağ inqilabın" altı prinsipini xalqa elan etdi. Bu prinsiplər Amerika
mütəxəssislərinin hazırladığı həmən proqramdan götürülmüşdü...
Məhəmmədrzanın iki nəfərdən bərk zəhləsi gedirdi: birincisi, doktor Məhəmməd Müsəddiqdən, ikincisi də Əli Əminidən. Doktor Müsəddiqdən o qədər acığı gəlirdi ki, hətta heç kəs onun hüzurunda Müsəddiqin adını belə çəkməyə cürət eləmirdi. O zamankı hökumət üzvlərindən birinin familiyası "Müsəddiqi" idi və o şahın hüzurunda familiyası çəkilməsin deyə, saraydakı qarşılama mərasimlərinə gəlmirdi. Mən Məhəmmədrzanın dilindən bir neçə dəfə söyüş eşitmişəm, o da Əli Əmininin ünvanına.
1977-ci ilin yazında ölkə böhran həddinə çatmışdı. Əli Əmini yenidən sarayda peyda oldu. O, pırpız qaşları, qartal burnu və domba gözləri ilə şam süfrəsi arxasında Məhəmmədrza, Fərəh, Əşrəf və bəzən də mənimlə üzbəüz oturub nəzərlərini şahın sifətinə zilləyərdi. Şah ondan məsləhət istəyir, ölkəni qorumaq, böhranın qarşısını almaq üçün təklif gözləyirdi. Əli Əmini lal kimi şahın sözlərini dinləyər, axırda da dillənərdi: "Qoyun fikirləşim!" O gedən kimi Məhəmmədrza deyərdi: "Bu anası ... amerikalıların nökəridir. İndi gedib bütün söhbəti öz ağalarına xəbər verəcək!" Mən bir dəfə cəsarət edib soruşdum: "Əlahəzrət, Əmininin hər şeyi amerikalılara çatdırdığını bildiyiniz halda niyə onunla məsləhətləşirsiniz?" Şah cavab verdi: "Mən amerikalıların bilməsini istədiyim şeyləri bu ... deyirəm ki, onların qulağına çatdırsın!"
Məhəmmədrza SAVAK-ın verdiyi məlumatlara əsaslanıb deyirdi: "Əli Əmini hələ Amerikada oxuduğu zaman Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığıa cəlb olunub və hətta bir müddət Türkiyədə MKİ üçün casusluq edib". Onu da deyim ki, Əli Əmininin ikili vətəndaşlığı vardı, yəni İranla yanaşı həm də ABŞ vətəndaşı idi. Bizim hamımızdan məlumatlı olan Məhəmmədrza tez-tez gileylənirdi: "Amerikalılar və ingilislər mənimlə dostluq edib hakimiyyətimi müdafiə etməklə bərabər, mənə alternativ də hazırlayırlar. Onlar Amerika və Avropada oxuyan iranlı tələbələri əməkdaşlığa cəlb edib onlara maya qoyur və qara gün üçün saxlayırlar ki, lazım olanda qollarını çırmalayıb işə girişsinlər".
Məhəmmədrza xəstəlik dərəcəsində hamıdan şübhələnirdi. İnqilabın ilk günlərində bizim o vaxtadək tanımadığımız bir çox ruhanilərin və siyasətçilərin adları dillərə düşmüşdü, qəzetlər onların şəkillərini dərc edirdi. Şah onların hər birini Amerika və İngiltərənin xeyrinə casusluqda ittiham edib deyirdi ki, bunların hamısı amerikalıların və ingilislərn nökəridir. Bu xasiyyət Məhəmməd-rzada əvvəllər də vardı, amma 1977-ci ildən sonra o, hamıya ingilis və Amerika casusu, xarici neft şirkətlərinin əlaltısı kimi baxmağa başlamışdı. O, Əli Əminiyə "Əli Nefti" deyir və bildirirdi ki, Əli Əmini də xarici şirkətlərin nökəridir. Mollaları isə "qara irtica" adlandırırdı. İnsanlar onun bu ifadəsinin mənasını axıradək bilmirdilər. Mən hətta ciddi araşdırmalarda da Məhəmmədrzanın bu ifadə ilə nə demək istədiyinin açıqlanmasına rast gəlməmişəm. İrtica məsələsi aydındır, amma nə üçün qara? İlk vaxtlar Məhəmmədrza "qara neft irticası" deyirdi və əlavə edirdi ki, bu mollalar hamısı ingilis neft şirkətlərinin və onların amerikalı şəriklərinin nökərləridir! Sonralar tudəçilər şimal neftinin SSRİ-yə verilməsini tələb edəndə, Məhəmmədrza onları mollalarla bir tərəziyə qoyub "qırmızı və qara irtica" deməyə başladı.
Əli Əmini mollaguna bir adam idi və bir dəfə ruhanilərin üstündə onun şahla möhkəm mübahisəsi düşmüşdü. Deməliyəm ki, Təbriz camaatı qiyama başlayanda Məhəmmədrza başını itirmiş və sanki əvvəlki fikirlərini unudaraq demişdi: "Bunlar sərhədin o tərəfindən (yəni SSRİ-dən) gəliblər, hamısı da tudəçidirlər!" O vaxtlar az qala hər gün şah Əli Əminini yanına çağırtdırırdı. Əmini şah tərəfindən nüfuzlu mollalarla münasibətlər üzrə məsul şəxs idi. O, müntəzəm olaraq Quma gedib-gəlir və şaha məlumat verirdi. Onun Seyid Kazım Şəriətmədari ilə əlaqələri daha intensiv xarakter daşıyırdı. Mən özüm şəriət məsələlərində Tehranda yaşayan ayətullah Xansarini təqlid edirdim, amma Məhəmmədrza ayətullah Seyid Kazım Şəriətmədari ilə sıx əlaqə saxlayır və ona maliyyə yardımı göstərirdi. Rza doğulanda Şəriətmədari şah ailəsini təbrik etmişdi, arabir də Qumdan telefon açıb əlahəzrətə və mənim əziz nəvələrimə dualar edirdi. O, qətiyyən şahlığın əleyhdarı deyildi. Şəriətmədari islahatçı ruhanilərin bir nümunəsi idi. O, mühafizəkar ruhanilərin irticaçı dünyagörüşü çərçivəsindən kənara çıxmış və sivil dünyanın reallıqları ilə barışmışdı. Uşaqlarını da oxumaq üçün xaricə göndərmişdi. O, Məhəmmədrzanın dövründə İranın hərtərəfli inkişaf etdiyi qənaətində idi, özü də bu mövqeyində tək deyildi: Qumdakı bir çox digər görkəmli ruhanilər də Məhəmmədrzanın tərəfdarı idilər...
Əli Əmini çox çalışırdı ki, İranda yaşayan ruhaniləri Xomeynidən ayırsın və ölkə xaricində olan Xomeyni şaha qarşı mübarizəsində tək qalsın. Bir çox görkəmli ruhanilər, o cümlədən, həmin Şəriətmədari gizlində Əli Əminiyə demişdilər ki, Xomeyni avantürist bir şəxsdir və onu qəbul etmirlər. Amma camaat arasında nüfuzlarını qorumaq üçün aşkarda onu müdafiə edirdilər. Biz bu ikibaşlı mövqeyi anlamaqda çətinlik çəkirdik.
Burada ilk dəfə açıqlamaq istəyirəm ki, Seyid Kazım Şəriətmədari böhranın ən şiddətli çağında Əli Əmini ilə birlikdə gizlicə Qumdan Tehrana gələrək, Niyavəran sarayında şahla görüşmüşdü. Görüş zamanı Məhəmmədrza Şəriətmədaridən tələb etmişdi ki, nə yolla olursa-olsun, Xomeynini susmağa razı salsın, ya da onun əleyhinə çıxsın. Şəriətmədari də heç bir etiketə riayət etmədən şahın hər iki təklifini rədd edib demişdi ki, bu işləri görmək iqtidarında deyil: əvvəla, Xomeyni heç kəsin sözünə qulaq asmır, ikincisi, onun əleyhinə çıxmaq siyasi intihar kimi bir şeydir! Bu görüşdən sonra şah bəzi yaxın adamlarına, o cümlədən, Fərəhə demişdi: "Elə bir qüdrətli ruhani yoxdur ki, onu Xomeyniyə qarşı qoyaq".
Şəriətmədarinin saraya gediş-gəlişi son dərəcə məxfi bir şəraitdə həyata keçirilsə də, işin üstü açıldı və "Bi-Bi-Si" radiosu Məhəmmədrza ilə Şəriətmədari arasındakı müzakirələr barədə məlumat yaydı. Bir neçə gündən sonra xəbər çatdı ki, hərbçilər Şəriətmədarinin Qumdakı evinə hücum edərək, həyətdə toplanmış bir çox adamlara xəsarət yetiriblər. Məhəmmədrza bu xəbərdən bərk təəssüflənib SAVAK-ın rəsi general Nasir Müqəddəmdən izahat istədi. Müqəddəm bildirdi ki, bu hücum ayətullahın böyük oğlu Həsən Şəriətmədarinin istəyi əsasında həyata keçirilib. Belə ki, London radiosu şahla Şəriətmədarinin görüşü barədə məlumat verdikdən sonra ayətullahın əleyhinə cürbəcür şayiələr yayılmağa başlayıb, o cümlədən bu məsələyə diqqət çəkilib ki, niyə hökumət qüvvələri Şəriətmədarinin evi qarşısında insanların toplaşmasına mane olmur? Beləliklə, ayətullahın hökumətlə işbirliyində olması və şahı müdafiə etməsi barədə şübhələr artıb. Bunu görən ayətullahın böyük oğlu və əsas məsləhətçisi təhlükəsizlik qüvvələrindən xahiş edib ki, atasının evinə nümayişkaranə bir hücum çəkərək, bir qisim insanları döysünlər. Sonradan Şəriətmədari Qum hərbi komendantına söyləmişdi: "Mən dedim ki, döyün, amma bu qədər möhkəm yox!" General Nasir Müqəddəm bu əhvalatı danışandan sonra neçə aydan bəri üzü gülməyən şahın çöhrəsinə gülüş qondu. Hətta sonrakı bir neçə gün ərzində də o, Şəriətmədarinin sözlərini xatırlayıb ürəkdən gülürdü...

Çevirəni: Məsiağa Məhəmmədi


(davamı olacaq)



3 Şərh
  1. şah rejimindən olan xatirəmiz 21 Azər şəhidləridir. məncə bu çeviriyə vaxt qoymaq yaxşı deyil.


  2. Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər, əziz dost.
    Amma məsələyə bir qədər geniş açıdan yanaşmaq lazımdır, məncə...


  3. Vay be yüz min dollarlarin evezine bur cürük qalustuk


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər