Kiyan Xiyav. ŞEİRLƏR

BUYUR YAVALIQ

Buyur yavalıq!
Buyur yaramazlıq!
Buyur, zaman çörəyinə
budur yavanlıq.
Ölülər
öz zülüm-zülmət gecələrində
unudublar hər şeyi.
Və dirilər
ölülərin baş qaxıncıdır.

Bütün gündüzlərimizdən
Günəşsiz qayıdırıq
Bütün gecələrimizdən
Ay-ulduzsuz.
Və həyatın döyüşündə
heç bir qılınc,
heç bir qalxan qidalandırmayır bizi.

Buyur şahmat
gəl yenidən yenə quraq!
Yenə şah sən,
yenə mat mən.
Armudu stəkanlara dal!
Yeni ləzzətlərimizi
tütün kəşf edəcək,
buyur!
Neylərsən ki vətən bağı al-əlvandır
yox üstündə sarı bülbül?!
Neylərsən ki
qızıl güllədir ürəyə dikilən,
yoxsa qızıl gül?!

Buyur yavalıq!
Buyur yaramazlıq!
Buyur, ömür çörəyinə
yalnız budur yavanlıq!

ÖZÜNDƏN ÖZGƏ

Qolumda sarılan bu örkənlərlə
həyatda qalası deyil,
ağzıma tıxanan bu parçalarla
ölümə gedəsi oldum.
Bir qaraney səsi oldum
qürbətimi doyurmadı
oyuq-oyuq bir məmləkət adı;
Ac bir şəhər
susuz bir küçə, əskidən.
Və mən
dodağımdan yenə susuzluq danışarkən,
hardasa, eşidən bir qulağa etdim umud.
Qara bulud
çalxalandı köksümdə üsyan ünvanıyla
və tufanlı dəniz halında bir duyğu
dalğalı qanadıyla
sardı məni birdən-birə.
Mərə, dostlar, mərə!
Bu yaşamaq nə yaşamaq?
Başqaları suçlu ikən,
qanlı divanlar bizə tutuldu.
Ax, bizə nə oldu?
Ki zaman bir keçid verməz özündən
və bizi özündə əridər sonsuz çalxanış.
Alış, ürəyim, alış!
Ki korluğunda quylanaram bir məzarın.
Bir məzar ki dörd divarın arası,
üzərində damar salan bir duman.
Vay aman,
vay!...
Nə Çində, nə Maçində,
tam bir yanar vulkan içində,
uyuyar xəyalım.
Ağrın alım!
Bir biləydin bu xəyal
aşılmaz dağlar üstündə,
necə qaranlıqdan keçər!
Və umudum
varılmaz uçurumların dibində,
necə zəhər sulardan içər!
Keçər, gülüm, bu da keçər,
aldırma!
Fəqət
məni düşünmək istəsən,
Aynalara bax!
Ki o səndən tanıdığın, bir fiqur yox.
Daha tam özünlə özgələşibsən
tam özünlə
ço…x, ço…x, ço…x!

DƏLİ CEYRAN BALASI

Qafqazın tonqalı söndü
və Kiçik Asiya daha kiçildi.
Nə nar, nə nur
nə də bir qürur qaldı haçalanmamış.
Ah, e…y dədə!
Qocaman Habilin yorğun barmağı
başqa bir havaya girdi
başqa pərdədə.

Bakının kədərli sabahlarında
ruhu düşgün görünür Qız qalasının.
Və Araz gülüşünün soyuqluğunda
çözülməz sirri yatır
doğulmadan boğulan bir Təbriz balasının.

Ceyranlar talvasadan
bir-birinə sarılaraq, çəkinirlər köpəkdən.
Və ölüm öpüşündən yanmış lələklər
Bir-bir ələnir durna qatarından.

Aman, aman!
Ceyranların tovsun qaçışına düşmən köpəklər,
köpək oğlu köpəklər.
Bizi yağmalamayınca
Ayaqdan düşməyən ölüm əlləri.

Mən yüzillikdən bəri
Uca dağlar anası
bir ceyran balası olduğumdan,
qorxuram
qorxuram köpək adından.

Ax, olsaydı bir halımıza baxan…
Ki həriflər
ortalığı qan gölünə döndərdilər
qan gölünə döndü yerin altında da, qara qızıl neftlər.

Heyiflər olsun, heyiflər!
Çuxur oldu olası qanlı vətən
bir parça qan çuxuru.
Quru axdı bulaqları,
zəmiləri yanıq göyərdi
və kürəyini umudsuzluğa dayadı qamış külbələr.
Çuxur oldu, ax!
Ceyran sürüləri köçdü
necə də toz qaldıraraq.

Sezərsənizsə, balam!
Çuxur oldu,
çuxur oldu olası qanlı vətən.

Və mən
«Qarabağ pasvanıykən,
duz doldurdum yarama»
sonra qanlı köynəyimin altında,
çarpazlama-çarpazlama gizlətdiyim qurşun şeirlər,
öz bağrımı sökdülər mütləq.
Və onların soyunda mütləq köpəklik var
Kim bilir soyları nə,
uruspu dölləri bəlkə.
Qolay öldürüb, sital-sital gedərlər
gülərlər, alay edərlər, sırtıqcasına.

Doyulmaz bir seyirdir bu, doğrusu.
Ah, e…y dədəm oğlu!
Bu varlıqmı?
Hava ölüm qoxudu.
Daha doğrusu,
yetişmiş dünyanın quduz anları
və mən
ürək dələn hürüşlərə dözümüm yoxkən,
göz yaşımı silirəm.
Çünki uca dağlar anası
bir dəli ceyran balasıyam mən.
Və köpək cinsi ilə bacara bilməm,
bilirəm.





2 Şərh
  1. sagolun hürmatli masiaga müallim va
    salamlar kiyan bay sizinla
    gorüşmayma çox çox sevindim dostlarin janli goruşlari çox gozaldir.....
    bo sitada xoş gordüm sani.. şerina galdikda nejada gozal demisan .. dirilər
    ölülərin baş qaxıncıdır.. tez tez gorüşmak ümüdü ela



    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər