Hamid Əhmədi. MƏCNUN

(hekayə)

Oğlan ayağın tormozdan götürüb soruşdu:
- İyirmi altısıydı, ya iyirmi doqquzu?
Qız gülümsədi:
- Sən hər il bunu soruşursan…
Doğrusu da, oğlan hər il bu zaman bunu soruşardı, nədənini heç biri bilmirdi.
Qırmızı çırağın dalısında dayanmışdılar, hava tutulmuşdu. Oğlan qızla bu gün birlikdə eşiyə çıxmaq üçün gecə min müsibətlə maşını atasından istəmişdi. Gəlmişdilər səkkiz il qabağı yada salıb günlərin keçirsinlər.
Çıraq yaşıl oldu. Oğlan maşını yola salıb dedi:
- O duvarı da uçurdublar, yeri boş qalıb.
Qız başını şüşədən çıxardıb, gözlərin yumub dedi:
- Ürəyim sıxılır oranı görəndə, o duvar… – yel saçlarını oynadırdı, – o duvar bizim sevgimizə şahiddi.
Başını içəri gətirib:
- Yadında, yarım saat ikimiz dinməz-danışmaz oturmuşduq? – dedi.

Hərdən bir maşın gəlir-gedir, bura bir xəlvət xiyavandır, iki tərəfi də söyüdlə kölgələnib, darıxmalı payız axşamı da olsa, özünə görə gəzməli yerdi, xəlvət, sakit.
İki nəfər o başdan gəlir, payızın bu xəlvət xiyavanının yarpaqların ayaqlaya-ayaqlaya. Qız bir nimkət1 göstərir, ona sarı gedirlər. Bir tikə duvar nimkətin dalısında var, o əl-bu əli boşdu. «Bu duvar burada nə üçündü?» – ikisinin fikrindən keçir. Bir yarpaq yerə düşür, onlar oturub səssiz yerə baxırlar, biri-birinin başmaqlarına…

Oğlan ayağın basır tormoza. Xəlvət xiyavan hələ də xəlvətdi (ancaq belə nəzərə gəlir). Bir yarpaq yerə düşür, ikisi də duvarla nimkətin boş yerinə baxırlar. Qız oğlanın əlindən yapışır:
- Səkkiz il oldu – deyir.
İki nəfər o başdan gəlir, bir oğlan, bir qız. Nəzərə gəlir halları xoşdu, payızın yarpaqlarını ayaqlaya-ayaqlaya burada dayanan iki nəfərə baxırlar. Oğlan qıza deyir (hansı oğlan hansı qıza, mən də bilmirəm):
- Duvarın yeri gör nə boşdu…
Qız fikrində deyir: «Mən burda doğulmuşam, göbəyimi burda kəsiblər, elə burda da basdırılmışam».
Oğlan ağlayıb deyir:
- Mənim anam da burda basdırılıb.
Bir ağ paltarlı kişi onlara yaxınlaşır, oğlana sarı gəlir, əlin oğlanın çiyninə qoyub deyir:
- Ağlama, hamı öləcək, sən indi Deep Depression mərhələsindəsən, darıxma…
Sonra cibindən rəngli-rəngli həblər çıxardıb verir oğlana:
- Bunları at, halın düzələr.
Sonra millət yığışır bunların başına. O iki nəfər də gəlir, onlara oxşadıqlarından təəccüb eləyib ağlayırlar. Millət ağlayır… (Bəlkə də gülür).
Xiyavan bala-bala şuluğlaşır, hər tərəfdən adamlar gəlir. «Görəsən, nə xəbərdi?» - qızla oğlanın fikrindən keçir.
Kamera gətirirlər, duvarın yerinə duvara oxşar bir panel qoyurlar, bir nimkət.
Hər yer adamdı, amma heç birindən səs çıxmır. (Səssiz ağlayıb-gülürlər, ağlaya-ağlaya gülürlər).
Oğlan fikirləşir: «Görəsən, maşının qapısın bağadım? Maşına bir zad olsa, atam öldürər».
Həmin kişi deyir:
- Mən sənin atanam, qorxma, öldürməyəcəm səni…
Söyüdlərdən projektor aslayırlar, hər yer işıq olur. Qız qorxudan oğlana yaxınlaşır, oğlan bağrına basır qızı.
Millətin içindən bir nəfər mikrofon əlində eşiyə çıxır, elə çıxır deyəsən, millət bir-birinə yapışılmış bir şeydi, su kimi.
İndi mikrofonlu kişi səsin alıb başına, amplifayerlər qulaqları yırtır.
Sözlərin heç birini düşünmək olmur. Qız yavaşcadan:
- Nə deyir? - soruşur.
Səs kəsilir. Millət su kimi axır qanovlara, pox qoxusu dünyanı götürür, itir-batır, duvarı gətirənlər duvarı aparırlar, duvarın yeri yenə boş qalır, nimkətin də, projektorlar da söndürülür, mikrofonlu kişinin yerə düşmüş mikrofonu da götürülür.
Qız qalır oğlanla və maşın və söyüdlər yarpaqların tökə-tökə.
Qız fikrində soruşur: «Nə xəbər idi? Sən də mən görənləri gördün?»
Oğlan bir siqar alışdırır. O biri oğlanın da siqarın alışdırır, yerə baxır.
- Görəsən, bu adda xiyavan var heç? – soruşur.
O biri oğlan soruşur:
- Görəsən, biz doğruyuq, yoxsa yalan?
Qız fikrində deyir: «Yox, bu adda xiyavan qalıb səkkiz il qabaq iyirmi altısında».
Qız fikrində deyir: «Biz yalanıq, yalan…»
Sonra soruşur:
- İyirmi altısı idi, ya iyirmi doqquzu?...

_______
Nimkət – skamya



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər