Martin Haydegger. GÜNDƏLİK İNSAN VƏ "ONLAR" SAHƏSİ

Azərbaycan türkcəsinə uyğunlaşdırma və açıqlama: Hümmət Şahbazi

Martin Haydegger (1889-1976) – Ekzistensializmin alman fəlsəfəsindəki təmsilçisi. Ən önəmli əsəri olan “Varlıq və Zaman”da (Sein und Zeit) varlığın anlamı problemini qoyaraq, ekzistensial ontologiyanı inkişaf etdirmişdir.


İnsanın başqa insanlar ilə, başqa insanlar üçün və başqa insanlara qarşı sürdürdüyü gündəlik yaşam fəaliyyətində, sürəkli olaraq başqalarından fərqli olma qayğısı yatar. Bu, başqalarından fərqi qapatma, başqalarından geridirsə, həmin geriliyi yox etmə və ya başqalardan üstündürsə, onları altda tutma qayğısıdır. Başqalarla özünün arasındakı məsafənin qayğısı – insanın özünə də örtülü qalan bu qayğı başqalarla birlikdə olmağı gərginləşdirir. Gündəlik insan bu məsafənin nə qədər az fərqindədirsə, bu qayğı bir o qədər sarsılmaz və əsaslı şəkildə təsirini göstərir.
Belə ki, birlikdə olmanın ehtiva etdiyi bu məsafədə insan, başqalarla birlikdə mövcud olan gündəlik insan kimi, başqalarına uyğunlaşma, başqaları üçün nə keçərlidirsə, onu keçərli sayma durumundadır. Burada insan özü deyildir; onun “özü olması”nı başqalar üzərlərinə götürmüşlər. İnsanın gündəlik yaşam imkanları başqaların qoyduğu ölçülərlə idarə olunur. Bu başqalar müəyyən deyildir. Hər bir başqa bütün başqaların yerinə keçə bilər. Önəmli olan, insanın fərqinə varmadan təslim olmaqlığı, başqaların səssiz, gözə çarpmayan hegemonluğudur. İnsanın özü başqaların bir parçası olaraq, onların gücünü təmin edir. Əslındə onların bir parçası olduğunu gizləmək üçün insanın “başqalar” deyə adlandırdığı şey, gündə birlikdə olmağı meydana gətirənlər, yəni hər zaman burada olanlardır. Başqaların kimliyi nə bu, nə də digər şəxs, nə insanın özü, nə bəzi kimsələr, nə də hamının cəmidir. Onların kimliyi “kimsəsizlik”, yaxud “hər kəs”dir.

İnsana hər zaman ən yaxın olan, içində insanın gündəlik yaşam məşğuliyyətlərinin olub bitdiyi sahə “ictimai” sahədir. İstər ictimai nəqliyyat vasitələrinin, istərsə də xəbərləşmə vasitələrinin (misal üçün, qəzetin) istifadəsində hər başqa digər başqasından fərqsizdir. Bu “başqalarla-birlikdə-olma”da insanın özü başqalar içində əriyir və hər bir başqanın fərqlilik və özəlliyi artan şəkildə ortadan qalxır. Bu “nəzərəçarpmazlıq” və “bəlirsizlik” içində “hər kəs sahəsi” və bu sahənin hegemonluğu inkişaf edir. Hər kəs nədən xoşlanır və necə əylənirsə, biz də ondan xoşlanır və elə əylənirik. Sənət və ədəbiyatı hər kim necə oxuyur, görür və qiymətləndirirsə, biz də elə oxuyur, görür və qiymətləndiririk. Kütlədən hər kəs necə qaçırsa, biz də elə qaçırıq. Hər kəsi hirsləndirən, bizi də hirsləndirir. Müəyyənlikdən məhrum və hamımızdan ibarət olan “hər kəs” sahəsi insana gündəlik varlıq formasını diktə edir.
Hər kəs sahəsinin özünəməxsus necəlikləri vardır. Birlikdə olmanın ehtiva etdiyi məsafə öz təməlini onun şərtləndirdiyi “sıradan olma”da tapır. Sıradan olma hər kəs sahəsini meydana gətirən xüsusiyyətlərdən biridir. Hər kəs sahəsi öz varlığını ancaq sıradan olma ilə qoruyur. Nəyin edilib-edilməməsinin lazım gəldiyinin, nəyin keçərli, nəyin keçərsiz olduğunun, nəticə və uğurun necə əldə ediləcəyinin ölçülərini verən sıradan olma bu ölçülərlə hər kəs sahəsinə dəstək verir. Nəyin gözə alına biləcəyinin sərhədlərinin qabaqcadan cızıldığı şəraitdə sıradan olma əvvəlcə ortaya çıxmaq istəyən hər cürə qaydadan kənarlığı nəzarət altına alır. Hər cürə üstünlük səssizcə basdırılır. Xüsusi olan hər şey dərhal adiləşmiş, çoxdan bilinən səviyyəsinə endirilir. Uzun cəhd və çalışmalarla qazanılan hər şey dərhal istifadəyə hazır duruma salınır. Bütün sirlər qüvvəsini itirir. Sıradan olma qayğısı insanın təməl bir meylini, bütün varlıq imkanlarının “bərabərləşməsi” təmayülünü aşkara çıxarır.
Məsafə, sıradan olma, bərabərləşmə hər kəs sahəsinin varlıq tərzlərı olaraq, ictimaiyyəti meydana gətirirlər. Dünyaya və insana hər cürə baxışı nizamlayan, hər zaman haqlı olan ictimaiyyətdir. Və bu, ictimaiyyətin obyektlər ilə təmələ enən bir bağ qura bilməsi, "şeylər"i açıqca görə bilməsi ilə deyil, "şeylər"ə girə bilməməsi, səviyyəli ilə səviyyəsiz, pozulmuş ilə pozulmamış arasında heç bir fərq sezməməsi ilə bağlıdır. İctimaiyyət hər şeyi bulanıqlaşdırır və aşkarlıqdan məhrum olanı bilinən, asanca istifadə edilə bilən bir material kimi ortaya qoyur.
Hər kəs sahəsi hər yerdə hazır olur, amma insanın qərar verməsi gərəkdiyi yerdə hər kəs ortadan çəkilir, qaçıb gedir. Belə ki, bütün qərarlar öncədən hər kəs sahəsi tərəfindən verildiyi üçün hər kəs sahəsi insanın məsuliyyətini insanın üzərindən alır. Hər kəs sahəsi asanlıqla hər şeyin məsuliyyətini boynuna götürə bilir, çünkü bu sahədə edilmiş olanlardan ötrü heç kimdən təkbaşına özünü sorumlu sayması gözlənilmir. Edilənlərə görə məsuliyyət daşıyan həmişə “hər kəs”, daha doğrusu, “heç kim”dir.
Beləcə, hər kəs sahəsi insanın gündəlik həyat yükünü zəiflədir, insanın yaşamağı asanlaşdırma meylinə yardımçı olur. İnsanın varlıq yükünün zəiflədilməsində daim insanın köməyinə qaçan hər kəs sahəsi bununla sürəkli olaraq öz hegemonluğunu təmin edir.
Hər kəs sahəsində hər kimsə başqasıdır və heç kimsə özü deyildir. Adi insanın kimliyi sualının qarşılığı olan “hər kəs”, insanın başqalarla-birlikdə-olmasında öz varlığını təslim etdiyi “heç kim”dir.

AÇIQLAMA:

"Başqa" anlayışı Haydeggerdən sonra özəlliklə Hans Qadamerin düşüncəsində davam edir. Ümumiyyətlə, bu sahədə "başqası" anlayışı üç məna daşıyır:
A) "mən" və "başqası" arasındaki qarşılıqlı anlayış. Bu baxımdan "mən" həmişə "başqası"nın özü kimi olmağını və özü kimi düşünməsini istəyir. Daha doğrusu, "başqası"nın özü ilə uyğunlaşmasını istəyir. Bu baxımdan, "başqası” məhz "mən"in şəxsi məqsədlərini açıqlamaq üçün bir vasitə kimi istifadə olunur.
B) "mən" özünü "başqa"sında görür. O, başqasını yaxşıca qavramağa çalışır və bu anlamda Haydeggerin dediyi "başqa"nın "digəri olmağı" anlayışı özünü göstərir. Və bu anda üçüncü anlayış irəli gəlir.
C) "şəxs" daha özünə yox, başqasına aiddir. Başqasının hüzurunu dərk edir, onunla söyləmləşir və ikitərəfli bir danışıq və söyləm yaranır. Bu halda "mən" və "başqası" öz düşüncələrini məcburən bir-birinə yükləmirlər.

Çevirəni: Akın Etan

"Sein und Zeit", sayfa 126-128, M.E.B.Y. (Milli Eğitim Bakanlığı Yayınları), D.D:3 İstanbul, 1979

Qaynaq:

http://mimoza.marmara.edu.tr/~avni/dersbelgeligi/dersbelgeyazilari/5martinheidegger.htm


4 Şərh
  1. h.şahbazi :

    saygili məsiağa bəy

    yenidən bu yazını yaydığınız üçün çox sağolun


  2. Siz sağ olun, dəyərli Hümmət bəy...


  3. Martin Heideger XX. əsrin ən önəmli fikir adamlarından biridir. J.P. Sartr onu oxumağa başlar və anlamaz. Daha sonra Heidegeri oxumaq üçün ayrıca zaman ayırar. Bəzi araşdırmacılar onu faşistlərlə işbirliyi yapmaqla suçlar və rektoru olduğu universitetdə yəhudiləri satdığını yazarlar. Faşist görüşün doğuşunda rolunun olduğunu yazarlar. Bu üzdən də keçən əsrdə bəzi sinema filmlərində faşizmin qaynağı tənqid edilirkən, Heideger nəzərdə tutulur. Filmdə onun rəsmi rəmzi olaraq göstərilir.
    Heideger alman dilinə bir neçə fəlsəfi sözlər gətirmişdir. Onların başında “dasein” durmaqdadır. Bir neçə fəlsəfi qavram Heidegerə məxsusdur. Öldükdən sonra onun gətirdiyi qavramlar qəbul edildi.
    Heidegerə görə “varlıq” və “zaman” sorununun doğru cavablanması üçün tarixsəl çərçivə içində düşünülməlidir. O, epistemoloji təməlli düalist varlıq anlayışını yenidən yozumlayaraq yerinə ontoloji təməlli varlıq nəzəriyəsini gəlişdirməyi nəzərə almışdır. Heideger Dekartın “düşünürəm öylə isə varam” önərməsini “varam, öylə isə düşünürəm” şəklində ortaya qoyar. Heideger modern fəlsəfəni tənqid edər. Modern fəlsəfələri ormanlqıdakı ağaclara bənzədər. Necə ki, ormanlıqdakı ağacların sıxlığı günəşin şüalarının görülməsini əngəllər, şüalar qırır-qırıq görünər. Modern fəlsəfədəki bu bol fəlsəfi axımlar da o sıx olan ağaclar kimi bütün olanın görülməsini önlər. Bu üzdən də Heideger ontoloji üzərində israrla durar. Heidegerə görə ondan öncəki fəlsəfənin unutduğu bir şey var: Zaman. Yəni “olmaqlıq”ın tarixiliyi. Bu üzdən dən sonu “-olmaq”la bitən yüz söz düzəldər öz fəlsəfəsini anlada bilmək üçün. Bütün “-olma”lıq onun zaman fəlsəfəsini anlatmaq üçündür.
    Heideger fəlsəfəsinin qarşı çıxdığı ən önəmli məsələ metafizik məsələsidir. O, metafiziyi fəlsəfənin düşməni olaraq görür.
    Heideger “varlığın tamamlanması nə ilə mümkündür?”- sualını sorar və bu şəkildə cavablar: Ölümlə varlıq tamamlanır. Həyatın doğru anlamı ölümə aparmasındadır. Ölüm Heidegerə görə yeniləşmənin ən düzgün imkanıdır. Bütün həyat imkanları orada toplanır, orada birləşir. Mövcudluq ən dərin mənası ilə ölümə gedən varlıqdır. Yəni sonu olan mövcudluqdur. Sonu olan mövcudluq zaman içində bulunduğu üçün “zaman” varlığın sualıdır. Heidegerə görə, sonsuz olanı zaman içindən sıyrılmış, zamanın dışında təsəvvür edəriz. İnsan olmayan məxluqlar, zaman içində gəlişir. Ancaq insan, yalnız insan zaman içində bulunduğu halda zamanı da aşa bilir. Çünkü insan, zaman içində yaşamaqla qalmaz, zaman içində yaşadığının fərqində də olur. Heidegerə görə tarixi insan sonlu mövcudluqdur. “Sonluluq sahəsi”ndə gerçək ilə kəndi arasındakı sıx münasibət ona şəkil, anlam və xüsusiyət verər. Münasibətdə bulunduğu gerçəkliyin ilk planında isə, mənsub olduğumuz millət gəlir. Bu üzdən də Heidegerə görə tarixi insan tipi hər şeydən öncə milli şüurunu anlayan insanda şəklini alır.
    Heidegerlə fəlsəfi düşüncə, tarixi düşüncə olur.
    Heidegerə görə, “heçlik” qavramı olmasaydı “varlıq”dan danışa bilməzdik. Çünkü “varlıq”ın sınırı heçlikdir. Bu üzdən də Heidegerə görə yalnız varlıq aranmalıdır və bilimin də konusu varlıqıdr. “Heçlik” nədir o zaman? Heçlik “deyil”in və “yox” demənin ana qaynağıdır... Nədən varlıq olsun da heçlik olmasın? Heçlik insan varlığına, hər olanın olduğu kimi görünməsi imkanıdır. Heçlik qavramı, var olanın ziddi olan bir qavram deyildir. Varlığın tam özünə aiddir. Varlığın öz içindədir. Var olanın varlığında heçliyin heçlənməsi meydana gəlir. Heçlik ancaq mövcudluğun təməlində göründüyü üçündür ki, varlığın yabancılığı hissi içimizə girər. Varlığın bu yabancılığı bizi sıxışdırdığı üçün “heyrət”i oyandırır və özünə çəkər. Bu heyrətin, yəni heçliyin görünməsinin dərinliklərindən “nə üçün” sualı çıxar. İnsan varlığı, heçliyin içinə girdiyi təqdirdə ancaq var olanla təmassa keçə bilir. “metafizik” dediyimiz olaya da bu heçlik içində ehtiyac duyarıq.


  4. Dəyərli şərhiniz üçün sağ olun, Güntay bəy!..


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər