Həmid Arğış. CƏHƏNNƏM İLİYİ

(hekayə)

Sınmayan və əyilməyən insanlara ithaf

Kimsə onu satmışdı ki, yazın ilk günlərində, ətirli və su pərdəsindən yaranan bir könül oxşayan havada qamarlandı…
Gözlərinin önündə qara və ulu kölgələr çaxnaşırdılar. Ağzında acı bir ağrını sezirdi. Ürəyi şiddətlə çırpınmağa başlamışdı. Damarlarında axan qanlar dalğalanırdılar. Bədəninin key olmağın duyurdu. Tövşüməyə düşmüşdü. Dərin və ağır bir boşluqda görürdü özünü. Qulaqlarında bağırtı səsləri məhv olurdu…
- Deyəcəyəm… Hər nə istəsəz… - öz bağırtısından daşlandı.
İndi kamil ayılmışdı. Otağın ortasında idi, yataqda… Neçə ləhzə heyranlıqla öz ətrafına baxdı. Otağın tavanından qaranlıq yağırdı. Açıq pəncərədən gümüş saçaqlı Ayı axtarmağa tərpəndi. Qara buludlar Ayı boğmuşdular. Otağın dərin sükutu sancırdı qulaqların. Yanında yatan qadına baxdı, onun çılğın baxışlarına…
- Yadıma gəlmir… Yadıma gəlmir nələr demişəm… Heç yadıma gəlmir nələr başıma gətirdilər…
- Sən ki… - qadın boğultu səslə bir zad demək istəsə də:
- Dinmə, bir zad demə – onun sözünü kəsdi, – hətmən yenə istirsən deyəsən çox fikir eləmə, onlar insan yox, heyvandılar, hər zad düzələcək…
- Yox!.. Bu dəfə başqa bir zad demək istəyirəm, – qadın tutqun bir səslə dedi.

İçərisin yandıran sözləri dışarı tökməkdən utanırdı. Üç ay idi ki, onun bu davranışına özün adət verə bilməmişdi. O, gecələr müxtəlif vəziyyətlərdə yuxudan daşlanırdı… Qan-tər içində, heyranlıqda… Sanki dərin huşsuzluqdan ayılıbdı. Gahdan da onu yerini batırmış görürdü.
Pəncərədən əsən yel pərdəni xış-xışa saldı. Hələ dərin bir boşluqda çabalayırdı. Qadın isə dərin bir narahatlıqda, sükutda. Qadın onun bu qeyri-adi işlərinə nə səbəb olduğunu düşünmürdü. Başına nə gəldiyini ondan soruşanda, dərin bir boş uçurumda tapırdı onu! Qaranlıq bir otaq… Bədəninin heç bir yerində yara, ya əzilmə izi tapmamışdı. Gahdan düşünürdü: «Qorxudublar.. Ya da…» Burda qorxurdu… «Hətmən beynini yuyublar». Bu barədə çox qorxulu zadlar eşitmişdi.

* * *
Yenə dərin bir qaranlıq uçurumda çabalayırdı… Qadın sükutu pozdu axırda:
- Yadındamı, bir gün dedin, şeirlərimlə millətimin düşmənlərinə od yağdırıram?..
Üzünün rəngi ölülər kimi idi. Yenə qan-tər içində idi. Keçən gecələr o ayılmamışdı, qadın düşünürdü yenə hər zad əvvəlki kimi olmaqdadır… Amma yenə bu gecə bir bağırtı ilə ayılmışdı. Qız çağından onun şeirlərini diqqətlə oxuyardı. Elə onu onla tanış edən dilsiz, ancaq sözlü şeirlər idi. O, şeirlərində inamlı və yüksək ruhlu bir şair kimi yaranırdı…
İndi isə qadın şeirlərdən söz açmaqla ona ümid vermək istəyirdi…
«Şeirlərim… şeirlərim… şeirlər…» Bir bomba beynində partladı. Bədəninə aydın bir titrətmə qondu. Sanki bədəninə bərq yapışdırmışdılar. Titrədikcə uçurumlar dolur, qaranlıqlar geri çəkilirdilər zehnindən. Ağ bir otaq… Acı bir iynə…
- Buzlu bir su gətir… Yanıram…
Səssiz ağlayan qadın neçə ləhzə ona baxdı. Onun səsində gizli bir inam duydu. Ayağa durdu su gətirsin…
Boğazından içəri axan su içəri alovun söndürə-söndürə mədəsinə doldu. Hələ də yanğınlıq duyurdu. Yenə su içdi.
Pəncərəyə qonan buludlar Ayın önündən yavaş-yavaş geri çəkilirdilər. Yenə əzbər olduğu təhlükəli şeirlər zehnində idi. Zehninə qonan tozlar indi kamilcə silinmişdi…
Axşamüstü idi. Çalışdığı dükanın qapısın bağlayıb evə sarı gedirdi. Yenicə çapa verdiyi şeir kitabı çoxlarının məzacına uyğun düşməmişdi. Biri telefonda demişdi: «Şeirlərində çoxlu zadlara sataşırsan, bu şeirlər başını uduzacaq!» O isə gülüb yalnızca: «Mən şairsəm, millətimin söylər dili olmalıyam» - demişdi.
Əlindəki siqarı xiyavanın quru arxına atdı. Maşın dalınca idi, evə getmək üçün… Bir anda önündə ağ bir maşın dayandı. Hələ əlini cibindən çıxartmadan, bir quş kimi yerdən qalxıb özünü maşının içində gördü. Qollarından sərt yapışan əllər tərpənmə gücünü almışdılar ondan… Gözlərinə bağlanan qara parça sancırdı gözlərini…
Gözləri açılanda özünü qəfəs kimi bir otaqda gördü. Qara bir stul üstə bağlanmışdı əllərindən, qollarından. Neçə ləhzə ətrafına baxdı. Neçə kölgəni mat bir şüşə arxasından seçə bildi… Ətraf otaqlardan gələn qeyri-adi və vəhşi bağırtılar səsi qorxu salmışdı canına. Önündəki masa üstündən üzünə şaxan közərmə lampanın işığı qamaşdırırdı gözlərini. Sol qoluna sarı baxdı; qolundakı saatı işləmirdi… Qıçları neçə müddət idi qaşınmağa başlamışdı. O anda hazır idi hər nəyin versin, ancaq bir dəfə özünü qaşısın. Dizləri alışırdı. Sanki od tutmuşdular onlara… İndi bədəninin tamam yerləri qaşınırdı. Ətrafındakı boğultulu və anlaşılmaz səslər onu daha vəhşətə salmışdı. Gözlərin vəhşicə şaxan lampanın işığı söksə də, onları açıq saxlamağa cəhd edirdi. Ətrafında vız-vız səsləri ucalırdı. Dərin bir çılğınlıqda özünü hiss edirdi…
Başı üstə birini gördü. Özü görünmürdü. Başı lampanın işığı arxasında qaranlıqda idi. Birdən sağ qolunda acı bir ağrını sezdi.
- İndi qıfıllanmış diliz açılar… Cəhənnəm iliyi açardır…
Nəfəsin duydu üzündə… Gözləri şüşə kimi saf və ehsassız idi.
Bir gizlin qorxu canına doldu. Səsi qurudu. Neçə ləhzə səy etdi özünü itirməsin. Lakin damarlarında qan yerinə dağ qurğuşun dolanmasını birdən ehsas etdi. Əlləri keyləşirdi. Barmaqların tərpətməyə çalışdı, tərpəntilərin duymadı. Gözlərinin dərisi çəkilirdi, bir kimsə maqqac ilə ilə çəkirdi sanki… Dişləri qıfıllaşdı. Nəfəs çəkmək ona yavaş-yavaş çətinləşirdi. Nə üçün o vəziyyətə düşdüyündən xəbərsiz idi. Öz vüqar və durumun saxlamağa çalışdı. Səhənd dağı gözü önündə idi. Bəzz qalası dumanda; Babək atlıları ilə məhv olurdu uzaqda… Bir qalın çən dağı bürüyürdü…
Neçə ləhzə idi adi haldan çıxmışdı. Sudan dışarı düşmüş balıq kimi yer-göyə atılırdı. Otağın sərin havasında havasızlıqdan boğulurdu. Dərindən tövşüyürdü, dalbadal. Ağır gələn nəfəsi boğazından xırıltı səslə eşiyə çıxırdı. Yavaş-yavaş üzü qaralırdı. Boğazını sıxırdı bir kimsə sanki. Gözləri hədəqədən eşiyə çıxmışdı. Neçə ləhzə idi nəfəs çəkməyi duyulmurdu…
Qadın onun hər an qiyafəsinin dəyişməsini görəndə axırda:
- Nə oldu sənə?! – deyə soruşdu – Qorxubsanmı?!
Başın buladı:
- O ləhzələri bir dəfə də yaşamaq istəmirəm. Bilmirsən, o ağ otaqda huşun başına gələndə, min dəfə arzu edirsən… arzu edirsən, nə istəyirlər verim, ancaq məni buraxsınlar… Bir dəfə də o cəhənnəm iliyin təcrübə etməyim…
- Hansı… ağ otaq… nə cəhənnəmi?! – təəccüblə soruşdu.
- Burax!.. Çox dəhşətlidir… Deyə bilmərəm…
- Döydülərmi səni?
- Kaş döyərdilər… Bax, iki yol ayrımında qalmışam. Bilmirəm nə edəm…
Qadın gözlərinə baxdı. Neçə ləhzə sükut yarıqaranlıq otağa hakim oldu.
- Mən sənin şeirlərinə inanıram… Onlarda olan mənalara da… Hətmən millət də sənə inanır. Bir gün bu ölkə sənə güvənəcək!
- Bilirəm… Bilirəm nə edim…

* * *
Ədəbiyyat və incəsənət məclislərində yeni bir kitabdan söz-söhbət gedirdi. Hamı o kitab haqqında qızğın bəhslər edirdi. Özəlliklə onun bir şeiri haqqında ətraflı bəhslər olunurdu. Hamı o şeiri cəsarətli və təhlükəli bilirdi… O şerin adı «Cəhənnəm iliyi» idi.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər