Səlim Babullaoğlu. ŞEİRLƏR

«İLYAS GÖÇMƏNİN ŞƏKİL DƏFTƏRİ» SİLSİLƏSİNDƏN

MARAFON

İstanbulda, Boğaz körpüsündə şərqdən qərbə ənənəvi marafon qaçanların arasında on yaşlı ayaqqabı boyayan uşaq da vardı. O qaçanların ayağına-qaçışına-əməlinə təəccüblə baxırdı.

Adamlar çoxluqda yox, təklikdə daha çoxdular :
yaddaşları, xəyalları ilə.
Adamlar çoxluqda yox, birlikdə daha çox haqlıdırlar,
bunu isə hər gün və təklikdə anlamaq olar:
Hər növbəti dəqiqə tarix üstəgəl indi deməkdi.
Yüz il əvvəl doğulan körpə hələ yaşayırsa belə,
on yaşlı uşaqdan ən azı doxsan il kiçikdi:

ona görə məni bu fikirlərə görə qınamayın, mən çox qocayam,
«bu iş sənlik deyil» deyənlərə deyirəm:
mən həmişə ayaqqabı boyayacam.
Mənim cavabdeh olduğum adamlar var:
xəstə anam var, lal qardaşım var…
Amma bunları qayğı yox, bekarçılıq qaçırdır, onlara nə var…
Düzü, mən onları heç anlamıram: niyə belə çoxdular?
Axı onlar şərqdən qərbə hansı vacib xəbəri aparırlar?
Onların arasında Filippidin olduğuna inanmıram.
Olmaya farslar yenə də uduzublar? Axı onlar niyə qaçırlar?
Sən, ey, bu şəkli çəkən kişi, əmi, bu şəklin altına belə yazarsan:
«Allah sənə rəhmət eləsin, Orxan Vəli…
Nələr etmədik bu Vətən üçün, kimimiz ayaqqabı boyadıq,
kimimiz Filippidi yamsıladıq…»


DAŞYONAN


Adana camesindəki daşyonan qoca kitabənin birində bu sözləri yazmağı düşünürdü…

Mən hər gün daş oyuram,
şamdan,rahlə, sütünlar və kitabələr yonuram,
Əslində mən daşdan daşı qovub
onu həqiqi yazısına qovuşdururam…
Tələsin! Gəlin!
Bir-birinizə atmağı düşündüyünüz daşları qarşıma tullayın,
mən onlardan qələmdan yonaram;
bəlkə qaynar sevginizi və nifrətinizi anladan sözləri yazacaq qələmlər
məhz orda bir azca soyumalıdır, uyumalıdır,
bəlkə hər şey soyuq başla olmalıdır.
Bəlkə siz daşı təkcə ətəyinizdən deyil,
ürəyinizdən də tökəcəksiniz, atacaqsınız,
Bəlkə siz heç nə yazmayacaqsınız,
və bu daha doğru olacaq;
Çünki siz özünüz də bir yazı,bir sətir, bir sözsünüz-
yəni bunu anlayacaqsınız.
Tələsin, gəlin!
Adana camesinin ətrafındakı ustanı soruşun, axtarın!
Daşı təkcə ətəyinizdən deyil,
ürəyinizdən də tökün,atın!


HƏRBİ KEÇİD


Hərbi keçiddəki şax addımlar arasından nəvələrini qolları altına almış qoca boylanırdı.

Dabanlar sürtülsə də, dizlər bükülsə də
şalvarlar əzilib-üzülsə də
heç bir əsgər, heç bir yolçu
özündən o yana adlaya bilməz;
Hər kəs öz bədəniylə öz sərhəddi,
demək ki öz vətənidir,
heç bir əsgər bu sərhəddi keçə bilməz,
hər bir yolçu əslində özünü fəth edən əsgər,
demək ki, hər bir əsgər də
bir az özünü fəth edən sərkərdədir.

Getmək- darıxdığın yeri tərk etdiyin,
yəni məhz ordan getdiyinçün maraqlıdı-
bunu bir vaxtlar çıxıb gedən
və bir daha qayıtmayan şair deyib;
Getmək- görmədiyin yeni yerlərə
özunu apardığınçün bir az darıxdırıcıdı-
bunu isə heç vaxt getməyəcək,
özü öz sərhəddi olan başqa bir şair deyib.
Bəs mən nəvələrimə bunu necə anladım? Ya anlatmayım?
Bu dərd deyilsə də hər halda kədərlidir.

Axı onlar, bu çəyirdək gözlü balalar,
hələ çox-çox balacadı;
bütün paradlar, nümayişlər, hərbi yerişlər
onlar üçün olsa-olsa tamaşadı.
Onların dava-dava oyununda
tərdən, burun suyundan başqa bir şey axmaz,
Sevgi sürəti ilə uçar onların
taxta tüfənglərinin pəltək güllələri: duf-duf, ta-tax-tax.
Bütün zibilliklər, atılmış yerlər-Afrika da daxil,
qonşu həyətlər onlar üçün doğma vətəndir.

Bu vətənin, bu dünyanın- qonşu həyətlər də daxil
davasız, hərbsiz bir günü yoxdusa, sülh hardadı? Nədi?
Bəlkə hərb və sülh deyilən şey
bu dünyanın həqiqi adı və familidi?.
Onda biz hamımız hərb və sülhün övladları,
surətləriyik, Tolstoy da, uşaqlar da, mən də,
İlyas, elə sən də. Sən də bütün fotoqraflar kimi
reallığı taqqıltıyla öldürən, əsir götürən əsgərsən;
Sülh vaxtı ən çox baxılan, dövrəyə alınan əsirlər,
bir də dava haqqında rəsmlərdi.


MASKALILAR

Maskalı adamların himni

Kim oxuyar alnımızdakı sətir-sətir qırışları,
kim? Hansı dilçi,hansı xəttat?
Axı, bu yazılara baxan kimsə bu xətti tanımaz.
Göz yaşlarımız yalnız yanaqlarımızı suvarmaz, hətta
yanğımızı da yatırar ki, bunu siz
yenə də üzümüzə baxıb sezə bilməzsiniz.
Göz yaşımızla yuduq gözlərimizi, amma
kirpiklərçün fərq etmədi, onlar əvvəlki kimi
nə tozdan, nə qorxudan, nə pis nəzərdən
yenə qoruya bilmədilər bizi,qırpıldılar.
Kim duyar müşkülləri səyriyən gözümüzdən
ağrısını ürəyimizin üzümüzdən kim duyar?
Əgər ki, bu sualların cavabı yoxdusa,
Nədən üzümüzü görsün adamlar?
Əgər üzümüzə öyrəşənlərin sayı çoxdusa,
Bəlkə onu arada gizlətməkdə lüzum var.
Kim bilir bəlkə elə bizim özümüz də
Arada güzgüyə baxanda çaşmalıyıq,
Bəlkə biz də özümüzə
arabir özgə üzüylə baxmalıyıq…


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər