
Ümid dəftərinə mən də yazdım nam,
Amma heç arzumdan almadım ki kam!
Ümid ilə nakamlıqda ürəyim,
Bir dünya qovğadır, zahirim aram.
***
Ötən gecə ol yaşıl çəmən üstə,
Dodaq dodaq üstə, tənim tən üstə,
Sevişib keçirdik gecəni böylə,
Gah yarım üstümdə, gah da mən üstə.
***
Bir könlüm var, hər kimsəyə yar olmaz,
Hümmətlidir, nakəslərə zar olmaz.
İstəyir eyləsin qışı-qarı yaz,
Amma təkdir – bir güllə bahar olmaz.
***
Şikar oldum mən də bir qara gözə,
Endim dalısınca dağlardan düzə,
Vədə verdi, vəfa qılmadı amma,
Beləcə aldandım bir yalan sözə.
***
Yarımın sinəsi bənzər mərmərə,
Qoşa narı dağdır, arası dərə.
Ötən gecə mən o mərmər dərədən
Sürüşdüm aşağı – adı deyilməz yerə.
***
Çıxdım dağa, danışdım Xuda ilə:
“Qəm vermə, versən də ver dəva ilə!”
Dedi: “Çox üzülmə, əgər aşiqsən,
Səs-səsə ver bülbüli-şeyda ilə!”
***
Eşq gülünü vurğun sinəmdə əkdim,
Göz yaşlarım daim dibinə tökdüm.
Qönçəsi cücərib tazə bitəndə,
Düşmən aldı, mənsə ahını çəkdim.
***
Ürəyim qanıyla yazdım bir sətir,
Xudaya, naməmi yarıma yetir.
Göz yaşım görəndə fikir vermədi,
Qanıma nə dedi? Xəbərin gətir!
***
Qəlbimin dərdinə dərman tapılmaz,
Könlümün canına canan tapılmaz,
Hücum çəksə qəm ləşkəri üstümə,
Dost-tanışdan mənə həyan tapılmaz.
***
Dedi: “Küsdüm, gəlmərəm mən, heç, heç!
Bil, üzünə gülmərəm mən, heç, heç!”
Dedim: “İstər vəfa, istər cəfa et,
Öz meylindir, bilmərəm mən, heç, heç!”
***
İnsan gərək ələ silah almasın,
Başqasının ümid gülün yolmasın.
Xalq dərdinə dərman ola bilmirsə,
Yaralı qəlblərin duzu olmasın.
***
Təzə yollar köhnələrdən yaxşıdır,
Təzə bir şey hər nələrdən, yaxşıdır
Amma bil ki, köhnə şərab, köhnə dost,
Necə olsa, təzələrdən yaxşıdır.
***
Zahirim gör, batinimdən tut xəbər,
Heç xoş yoxdur, xoş olsun məndən betər.
Məgər bilməyirsən köhnə misalı:
Qəm həddən aşanda, xoşluğa yetər.
***
Dənsiz dəyirmanın ağzına düşdüm,
Doğrandım, üyüdüm, ələkdən keçdim.
Yapıldım ömrümün təndirinə mən,
Qəm odunda yanıb bihudə bişdim.
***
Eşq yoluna can satanlar sağ olsun,
Qəm yoluna daş atanlar sağ olsun,
Gələcək nəsildən bir zaman, bizdən,
“Aram” deyib ad tutanlar sağ olsun!
Çevirəni: Məsiağa Məhəmmədi
Şərh yaz