G.Gəncalp. FÜZULİNİN MİLLİ KİMLİK VƏ DİL FƏLSƏFƏSİ

Füzulinin əsərlərini oxurkən, onun dil və kimlik haqqındakı görüşlərindən asanlıqla vaz keçmək olmur. Günümüzə qədər dilin üzərinə bir çox fəlsəfi yanaşmalar olmuşdur. Rasionalistlər dili insan ağlının ürünü olaraq görmüşlər. Pozitivistlər dili təbiətin səslərini təqlid olaraq yozmuşlar. Empiristlər dili duyğuların özünü açığa çıxarması kimi dəyərləndirmişlər və teolojist baxışlar isə dili Tanrının varlığa sözlərlə axışı kimi qəbul etmişlər. Bu baxışlar içində Füzuli daha çox dili bütün və kamil olan Tanrının evrənə sözlər şəklində axışı kimi görmüşdür. Çünkü söz nəsnəni sınırlar, onun anlamını bəlli edər, işləvsəlliyini (funksiyasını) müəyyənləşdirər. Hər bir nəsnənin bütünolanla içdən-içə bir ilişkisi var. Nəsnənin bütün və “bir”olanla ilişkiləri sözlərdə kəsişər. “Öncə söz vardı” görüşünü bu şəkildə Füzuli də qəbul edər. Çünkü söz nəsnənin “özündəolan”ı anladan bir tək varlıqdır. Nəsnənin “özündə olan” sözdə saxlıdır. Bu üzdən də Füzuli sözün varlığını tinsəl-ruhi varlıqla özdeşləşdirər:

Can sözdür əgər bilərsə insan,
Sözdür ki, deyirlər, özgədir can.

Əgər söz tinsəl (ruhi) varlıqla özdeşləşirsə, o zaman dilin gerçək maddəsi səs və düşüncələrin hərəkəti olaraq meydana çıxır. Səsin özünü ayrımlaşdırıb (articulation) sözə dönüşdürməsi düşüncənin və ruhun devingənliyi (hərəkətliliyi) kimi anlaşılır. Qeybdən (görünməz dünyadan) görünürlüyə məna axışı, ruhun dansı və varlığa enməsi ilə gerçəkləşir Füzuliyə görə. Surətsizlikdən surət dünyasına axış yalnız sözlərlə müyəssər olur. Hər bir mətn sözlərlə özünə surət vermiş surətsizlikdir. Surətsizlik heç bir zaman sözlərsiz mətnləşə bilməz. Çünkü surətsizliyin surətə dönüşümü sözlə olur. Sözə dönüşüm surətləşmənin ilkin şərtidir:

Göstərər hər dəm niqabi-qeybdən rüxsaar söz.

Bütün sirlər və gizlər yoxluq və ya görünməzlik dünyasındadır. Hər zaman yoxluq və bilinməzlik sirli görünmüşdür. Bu sirlər dünyasında “var”lıqlar sözlərlə surətləşirlər, sirlər dünyasının surətsizliyi sözlərlə surətləşir.

Xazəni-gəncinəyi-əsrardır hər dəm çəkər,
Riştəyi-izharə min-min gövhəri-əsraar söz.

Füzulinin də mənsub olduğu irfan fəlsəfəsi sözlər dünyasında mümkün olur. Çünkü bütün bilgilərin və mərifətlərin, elmlərin qaynağı dildir. Dil olmazsa, nə irfan, nə mərifət, nə də musiqi mövcud olur. İrfan əhlinə düşən görəv də mərifət əldə etmək üçün dilin söz dənizində üzməyi başarmaqdır. Buradakı dil geniş düşüncə aləmini və parlaq duyğuları içinə almaqdadır.

Olmayan qəvvasi-bəhri-mərifət, arif deyil
Kim sədəf tərkibi-təndir, löv-lövi-şəhvar söz.

Füzulinin anlatılarından belə anlaşılır ki, dil nə təbiətin təqlid edilən səsidir, nə duyğuların dışa vuruşudur, nə də ağlın məhsuludur. Füzuliyə görə dil, ağlın doğasıdır, ağlın təbiəti dildir. Dil olmazsa ağıl da olmaz. Dilin yaradıcısı ağıldır, yoxsa ağlın yaradıcısı dil sorusu qarşısında burada dil ağıldan ayrı olaraq görülmür. Düşüncənin mətnləşməsi sözlərlə mümkün olur. Ağıl sözlərlə düşünür və sözlərlə düşünüşlər nəsnələşirlər. Bu üzdən də hər dildə mütləq və bütünolan “tək”olan mənanın bəlirtiləri var. Füzulinin bu anlatısından belə nəticə çıxarmaq olur ki, dünyada bütün dillər eşitdir və örnəyin bir dilin digər bir dilə üstünlüyü ola bilməz. Üstünlük dillərdə birikmiş olan bilgi ölçülərinə görə ortaya çıxa bilər. Ancaq dillərin yaradılışı etibarı ilə bir-birinə üstünlüyündən söz edilə bilməz. Füzuli bunu öz yaradıcılığında da isbatlamışdır.
Bu girişdən sonra Füzulinin türkcəçilik girişimlərini anlamaq və anlatmaq daha asan olacaqdır. Asan olacaqdır, çünki Füzuli özü də bunu asan etməkdə çox çalışmış və başarmışdır:

Ol səbəbdən faarsi ləfziylə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfziylə ikən düşvar olur.
Məndə tofiq olsa bu düşvarı asan eylərəm,
Novbahar olqac, tikandan bərgi-gül izhar olur.

Füzulinin bu dördlüyünü bir az incələmək lazım olacaqdır. Türklər ərəb-fars milliyətçiliyi mərkəzli islama hammallıq etmişlər tarix boyu. Hammalın da dili və kültürü xoş görülməz heç bir zaman. Füzulinin yaşadığı dönəmdə üç türk soylu imperatorluq var: Osmanlı, Səfəvi, Baburlər. Ancaq türk dilinə sahib çıxan yox. Nisbətən Baburlar dönəmində türkcə parlayır və Babur şahdan “Baburnamə” kimi bir mənəvi miras türkçə qalır. Bütün bu görüntülərin yanı sıra ərəblərin və farsların türk dilini aşağılamalarına tanıq oluruq. Türk dilini və kimliyini Osmanlılar hər kəsdən daha çox aşağılamışdır. Bu səbəbdən olsa gərək, farsca yazan, ərəbcə yazan şairlərin ciblərini altunlarla doldururlar, ancaq türkçə yazan Füzuli acından qan qusub Osmanlı şahı Sultan Süleymana “Şikayətnamə” yazırdı. Yalnız, türk kimliyini, türk dilini yüksəltmə qərarlılığından da vaz keçmirdi. Bu üzdən də Füzulinin türk dilini savunan bir qəhrəman kimi meydana çıxmasına tanıq oluruq. Və hər kəsin aşağıladığı bu dildə fəlsəfi əsərlər yazmağı mümkün və asan edəcəyəm, deyir. Örənə (xarabazarlığa) dönüşdürülmüş türkcəni gülüstana çevirmək iradəsi ilə yola çıxır və bu yolda yalnız Tanrıdan imdad diləyir:

Təmiri-xərabə talibəm mən,
İnşaallah ki, qalibəm mən.

Füzuli türkcənin şeiriyyət və fəlsəfə dili olmasına tam olaraq inanır və bu yolda qalib olacağına heç şübhə etmir. “Leyli Məcnun” nədən türkçə yazılmalıdır sorusu da burda cavablanır. Çünki:

Leyli-Məcnun əcəmdə çoxur
Türklərdəsə bu fəsanə yoxdur.

Füzuli də burada Mahmud Kaşğarlı və Əlişir Nəvai kimi öz milli kimliyini yüksəltməyi bir zərurət hesab edir. Hətta bu baxımdan özünü türk fikir cərəyanlarına mənsub bilir və süxəndan (söz ustası) Əlişir Nəvainin açdığı türkcəçilik yolunda yürüdüyünü etiraf edir:

Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan.

Füzuli türk kimliyini yüksəltməyi özünə tarixi və ilahi görəv bilmişdir. Yalnız, Füzulinin belə böyük girişimdə bulunması bir sürü soysuzlaşmışlar tərəfindən də tənə və məsxərə ilə qarşılansa da, şair öz haqlılığından və böyük iradəsindən vaz keçməmişdir:

Hər söz ki, gəlir zühurə məndən
Yüz tənə bulur hər əncüməndən.

Füzulinin yaradıcılığından da bəlli olduğu kimi, hər dil öz ilkələrini öz içində daşıyar. Yaradıcı bir insan bu ilkələrə ulaşmadıqca, bu ilkələri dərk etmədikcə, o dildə böyük əsərlər yaza bilməz. Öyrənilən bu ilkələr yaradıcı şəxsin ruhsal yapısına dönüşür və artıq o dilsiz yaşamaq olmur. Dil ruhun özünü sənət şəklində ifadə etməsi üçün yatqınlaşır. Füzuli fenomenində görünən də budur. Füzuli türk dilinin iç və yaradıcı ilkələrini kəşf etdiyi üçün ətrafdan gələn tənə və məsxərələrə aldırış etmir. Nədən? Çünki Tanrı, tarix və milli zərurət Füzulinin ruhuna, vicdanına və istedadına türkcəni yüksəltmə missiyasını yükləmişdir. Füzuli bunu açıqca etiraf edir. Hər əsrdə zaman hansısa millətdə bir şairi, bir fikir adamını mənsub olduğu dili ucaltmaq üçün görəvləndirmişdir. Füzuli böyük bir qərarlılıqla belə inanır ki, yaşadığı əsrdə Tanrı, tarix və milli zərurət türk dilini və kimliyini ucaltmaq üçün Onu görəvləndirmişdir. Füzulinin yaradıcılığında bu, bir fəal və yaradıcı inanc halına gəlmişdir. Şeiryazma gələnəyi adlanan o möhtəşəm ərdəm tarixdən silinməsin deyə mən bu işə girişməliyəm deyir Füzuli:

Türkü ərəbü əcəmdə əyyaam,
Hər şairə vermiş idi bir kaam.
Taa olmaya rəsmi-şeir məfquud,
Əbvabi-fünuni-nəzm məsduud.
Lazım mənə oldu hifzi-qanuun
Zəbti-nəsəqi-kəlaami-mövzuun.

Şeirin (nəzmin), ədəbiyatın çöküş dönəmini yaşadığı bir zamanda Füzuli xəstə ədəbiyata can vermək istər:

Dövr istər ki, xaar ola nəzm,
Bizaatü bietibaar ola nəzm.
Mən müntəzirəm verəm rəvacın,
Gər xəstə isə edəm əlacın.

Belə bir qərarlılıq və düşüncə ilə yaşayıb-yaradan Füzuli istər-istəməz yalnızlığa çəkilir. Çünkü türk dilinə heç bir dövlət dəyər vermir, sadəcə Füzuli öz fərdi iradəsi ilə bu yoldan dönməməkdə qərarlıdır. Bu üzdən də qəm mərhələsində yalnızlaşır Füzuli.
Qəm mərhələsində qalmışam fərd
Nə yaar, nə həmnişin, nə həmdərd.
Ancaq Füzuli bu yalnızlığını da çox anlamlı bilir. Dərd diyarındakı səfərini kimsə ilə dəyişmək istəmir. Çünki Füzuli öz ruh dünyasında dünyanın uluları ilə həmsəfərdir. Yalnızlığında fəzilət əhli ilə həmsəfərdir. Çünki Füzulinin bulunduğu o məqam tərk edilməsi mümkün olmayan eşq məqamıdır:

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim
Bu fəzilət daxili-əhli-kəmal eylər bəni.

Bu məqama ərmişlik böyük fəlsəfi və dərin şübhələrdən, gümanlardan keçib təməli düşüncənin dərinliyinə dayanan inancla mümkün olurmuş Füzuliyə görə və bu yolda yalnız ali, yüksək ruhlu insanlarla səfərdaşlıq müyəssər olur:

Ey Füzuli, mən gümaniylə cahanda yox işim,
Ol səbəbdən aali insanlarla oldum həmsəfər.

Füzulinin yalnızlığı insandan qaçış anlamında olan özünü bəyənmişlik deyildir. Özünə həmsəfər istər. Ancaq kiminlə? Diyari-dərdə səfər etmək üçün iradə, istitaət, dözüm və bilgi gərəkir:

Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yaar bu səfərdə?

Və Füzuli türk kimliyini yüksəltəmək üçün çıxdığı səfərdə Ona həmsəfər olacaq insanın özəlliyini anladır. Keçici hisslərə vurğun olanların onunla həmsəfər olmaları mümkün deyildir:

Hər kimdə ki, vardır istitaət,
Dərdü qəmü möhnətü qənaət.
Oldur bu müsafirətdə yaarım,
Zövq əhlinə yoxdur etibaarım.

Bu səbəbdən də Füzulinin yolçuluğu tarixi bir yolçuluqdur. Yəni Füzulinin özündən öncə Kaşğarlılar, Yunis Əmrələr, Nəvailər və digərləri başlatmışlar. Füzuli yola onlarla ruhi təmasa girərək davam edir və özündən sonrakılara buraxır bu yolu. Bu üzdən də bu gün bizlər hiss edirik ki, Füzuli ilə bu yolda həmsəfərik.
Füzuli yalnızca öz yaradıcılığı ilə türk dilini və kimliyini yüksəltməklə uğraşmır. Həm də üzünü Tanrıya tutub: “Ey ərəbin, türkün, farsın çətinliklərini çözən ulu Tanrı. Ərəb dilini dünyanın zəngin dili etdin, fars dilinin şairlərini İsa nəfəs etdin. Mən türk dillini yüksəlt, ya Rəbbim! Mən türk zəbandan (dillidən) iltifatını əsirgəmə!”- deyir.

Ey üqdəgüşayi-ərəbü türkü əcəm,
Etdin ərəbi əfsəhi-külli-aləm.
Qıldın füsəhayi-əcəmi İsadəm,
Mən türk zəbandan iltifaat eyləmə kəm!

Bütün bunlar nəyi anladır? Bunlar anladır ki, Füzulidə dil və milli kimlik məsələsi bir vicdan və ruh məsələsi olmuşdur. Bu üzdən də günümüzdə hər bir mənəviyat əhli olan türk öz ruhunda, ağlında və şüurunda Füzulinin mübarək nəfəsini hiss edir.
Sonluq olaraq, Füzulinin üç beyti ilə bu yazını bitirəlim və Füzulinin “Eşq fəlsəfəsi” haqqında bir sonrakı yazıda buluşalım.

Küfri-zülfün salalı rəxnələr imaanımıza,
Kafər ağlar, bizim əhvali-pərişanımıza.
Əksik olmaz qəmimiz, bunca ki, bizdən qəm alıb
Hər gələn qəmli gedər, şaad gəlib yanımıza.
Qəmi-əyyam, Füzuli, bizə bidaad etdi,
Gəlmişiz iczilə daad etməyə sultanımıza.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər