Güntay Gəncalp. FÜZULİNİN ŞEİR FƏLSƏFƏSİ

Dil məsələsi əski çağlardan günümüzə qədər fəlsəfənin mövzusu olmuşdur. Evrənlə bilincli təmasın tək aracı dil olmuşdur. Özəlliklə sənətlə uğraşanlar üçün dil, ayrıca bir özəllik ifadə etmişdir. İnsanların gündəlik yaşamlarında istifadə edilən sözlər sənətçi üçün ayrıcalıqlı özəlliklər daşmışdır. Dərin insanı dəyərlər, bilgilər, düşüncələr hər zaman dildən qaynaqlanmış, dildə əks olunmuşdur. Dilin harda arac, harda qaynaq olduğunun sınırı bəlli deyildir. “Dil düşüncənin ifadə aracıdır” – kimi yozumlar ilkəl, primitiv dilçiliyin ortaya qoyduğu bir görüşdür. İrfan elminin zirvələrinə yüksəlmiş ərdəmli kişilər bu haqda geniş təcrübə birikdirmişlər. İrfanın zirvəsinə “eşq”lə varmaq mümkün olmuşdur, ərdəmli kişilərin verilərinə görə. Eşq, bir iç özümsəyiş sürəcidir. Evrəni, varlığı iç uzayda var etmə sürəci olduğu üçün çox yönlü ussal (əqli), bilimsəl, tinsəl (ruhi) devingənlikdir (hərəkətlilikdir). Eşq mərhələlərində “canan” bir qadın, bir tək obyekt deyildir. Varlıq özü bəlkə bir qadının timsalında mərkəzləşərək, eşqin obyektinə dönüşür. Aşiqlik varlığa ontolojik yanaşma eyləmi (fəaliyəti) kimi ortaya çıxır. Bu üzdən də vəhdətin (birin) kəsrətdə (çoxluqda) təzahürü kəsrətin anlaşılması, qavranılması ilə müyəssər olur. “Can” ilə “canan”ın vəhdəti varlığın varlıqla örtüşməsidir. Bu nə deməkdir? Bir “mən” var, bir də “mən”in dışında var olanlar var. “Mən” də bir varlıqdır. “Mən”in dışındakılar da bir varlıq. Bu iki varlığın örtüşməsi qavrama eyləminin hədəfidir. “Mən” və ya “can” hər zərrə, hər ulduz və planetlə bir şəkildə təmasdadır. Bu təmasın bilincində olmamaq, təmasın yoxluğu anlamında deyildir. İrfan fəlsəfəsi bu bilinci ortaya qoymaq istər. Füzulinin bu beytinə baxalım:

Canımı canan əgər istərsə, minnət canıma,
Can nədir ki, anı qurban etməyim cananıma.

Buradakı “can-mən” və “canan-sən” arasında birolma istəyi fədakarlıq şəklində görünür. Ancaq buradakı “sən”də evrən rəmzi şəkildə təzahür edər. Burada “sən” və ya “canan” varlıqdır. Varlığı təmsil edər. Bütün olanı təmsil edər. İnsan bütünü özümsəmə həsrətində yaşar sonuna qədər. “Mən”də gizlin bir “bütünlük” duyğusu var. Bu gizlin bütünlük özünü dışa vurmaq istər. Gizlin qalmaqdan çıxar. Varlığın anlamı da o gizlin olandır.

Biz cahan məmurəsin (abadlıqları – G.G.) mənidə viran bilmişiz,
Afiyət küncün bu viran içrə pünhan bilmişiz.

Pünhan (gizlin) olan zavala uğrayacaq hər maddənin içində var. O gizlinlik açığa çıxmaq üçün bir axış oluşdurar. Bu anlamda tarix də bir oluş sürəcidir, anlamların oluş sürəci. Məna, bütünolanla vəhdət halındadır. Bütünolanla vəhdətdə bulunmaq üçün irfan elmi özümsəmə yöntəmi gəlişdirmişdir. Hər bir zərrənin, hər bir varlığın bütün olanla bilinməz bir ilişkisi var. Bu bütün olanı Tanrı olaraq adlandırmaq da mümkün. Yəni bütünlüyü anladacaq və kəsrətin vəhdətlə, vəhdətin kəsrətlə olan ilişkilərini anladacaq və özündə mərkəzləşdirəcək bir qavram gərəkirsə, Tanrı sözünü qullanmaq mümkündür. Bu açıdan baxıldığında hər bir dil də vəhdətin (bütünün, küllün, Tanrının) kəsrətdə təzahürüdür. Hər dildə varlığın, küllün cövhəri var. Küll olan özünü yalnızca evrənin maddi varlıqlarında deyil, həm də dilsəl varlığında göstərmişdir. Bu üzdən də hər dil kəsrətin (çoxluğun) vəhdətə (bir olana) uzanan bir yoludur. Hər dil bir yoldur. Düşüncə və duyğu yolu. Evrənin sirlərini çözəcək açardır hər dil. Bu açarı doğru qullanmaq lazım. Bu açar itərsə, evrən idrak edilməz, bütünolanla, vəhdətlə ilişki sağlana bilməz. Füzuli irfanında “dil fəlsəfəsi” burdan meydana çıxır.
Füzuli irfanında eşq fəlsəfəsini bir başqa yazıya həvalə edib, Füzuli irfanında dil və şeiriyət məsələsi üzərində durmaq istərdim.
Varlığa bir vicdan sezgisi ilə yanaşmaq da ayrıca irfani özəllikdir Füzuli yaradıcılığında:

Hər zərrəyi-zahirin zühuri,
Bir özgəyə bağlıdır zəruri.

Hər zərrə və günəşin, planetlərin, bütün evrənin bir özgəyə, bir başqasına bağlılığı var. Bu bağlılıqda zərrə və evrən anlam qazanar. Fizika elmi bu bağlılıqların maddi yönünü öyrənmişdir. Yəni bütün varlıqlar arasında “cazibə” enerjisi varmış. Uzaydakı bütün varlıqların arasında çəkimsəl (cazibəvi) ilişki var. Elm incələr, cüziyatı öyrənər. Fəlsəfə isə bütünləşdirər və varlıqlar arasındakı ilişkiləri bütüncül açıdan öyrənməyə özənər. Fəlsəfə, varlıqların arxasındakı birolanı və “bir”in çoxluqla ilişkilərini incələr:

Həqqa ki, həmin vücud “bir”dir,
“Bir” zaatə vücud münhəsirdir.

Varlığın təməl və məsdər qaynağı “bir”dir. Varlıq bu məsdərin, bu “bir” olanın məzhəridir. “Bir” və “məsdər-təməl qaynaq” əşyanın sifəti, cövhəri kimi təzahür edər.

Ey vücudi-kamilin əsrari-hikmət “məsdər”i
“Məsdər”i zaatın olan əşya sifatın məzhəri.

“Zaat-töz” “bir”dir, müxtəlif görüntülü əşyalar ərəzidir (ileneksəldir). Ərəzi olanın varlığı özündən asılı olmaz. Kölgə kimi, ya da Ayın işığı kimi. Hər ərəzinin içində zaati olan var. Bunu Kant fəlsəfəsində “Nomen-özündə olan şey” və “fenomen-görünümlü varlıq” olaraq bilirik. Hər zərrə, hər var olan öz dərinliyində “zaat”la ilişkidədir. Bilgi birikimi bu ilişkilər bağlamında sağlanır.
Füzuli dil məsələsinə bu zirvədən baxır. Dil, Füzuliyə görə, həm zaatidir, həm də ərəzidir. Çünkü varlıq da yalnız dillə öyrənilir. Varlığın dərinliyinə dillə enilir. Dil olmazsa, bütünü anlamağa özənmək olmaz. Dil Füzuli irfanında bütünü və “bir”i anlamanın göstərgəsidir. Evrəni dillə öyrənirik, evrən öyrənildikcə dil özünü genişlədir, evrənlə daha da iç-içə girir. Evrən özünü dildə yenidən göstərir.
Əski çağlarda dil ilk öncə şeirdə özünü göstərmişdir. Şeirlə idrak edilmişdir varlıq. Vedalarda, Upanışadlarda geniş bilgilər var, ancaq bu bilgilər şeiriyətin içinə elə səpələnmiş ki, onu konkret bilgi şəklində alqılamaq mümkün olmur. Bilgi şeirlə bir yerdə insanın düşüncələrində, duyğularında yer etmişdir.
Füzuliyə görə, şeir evrəni, varlığı sezmənin ən doğru yoludur. Şeirsəl qavrayış sezgisəl anlamadır. Bu qavrayış yalnız insanın düşüncələrini doldurmur, həm də duyğuların dolduruşudur. İnsanda saxta, keçici, sönücü və aldadıcı duyğular da var. Doğru olan duyğularla saxta olan duyğuları necə bəlli etmək olar? Şeiriyəti aldadıcı duyğulardan necə təmizləmək olar? Bu suala Füzuli cavab verir.
Füzuliyə görə bilgi, özəlliklə şeirin iç dünyasını aydınlığa qovuşdurar. Saxta olanla doğru olanı, yalnız bilgi və elm yolu ilə bəlli etmək olar. Əlbəttə ki, buradakı “elm” bugünkü dar və dəyişik qollara ayrılmış elm deyil. Buradakı elm evrən, varlıq, toplum və insan haqqında əldə edilməsi gərəkən geniş bilgilərdir. Yəni parçalayıcı elm deyil, bütünləşdirici elm söz qonusudur. Bu, parçalayıcı elmin gərəksiz olduğu anlamına gəlməz, yox, bu, o anlama gəlməz. Sadəcə şeir bütünləşdirici duyğuları, görünümləri anlamaq, anlatmaq istədiyi üçün bütünləşdirici bilgiyə ehtiyac duyar. Füzulinin fikrini olduğu kimi yazıb sonra davam edəlim. Füzuli deyir:

Elmsiz şeir əsassız divar olur
Və əsassız divar, qayətdə bietibar olur.

Əsası möhkəm olmayan divarların üstündə saraylar, qalalar yapılmaz. Əsas möhkəm olsun gərək. Çünkü əsası etibarsız olan bir divar sonunda ziyan verər. Füzuli bu görüşün şeir üçün də keçərli olduğunu vurğular. Şeirin altyapısını oluşduran o möhkəm divar, dəprəmlərə dayanaqlı olan o möhkəm divarın adı ELMdir. Elmsiz şeir isə zamanın burulğanlarında itib-batar. Buradakı elmin konkret elm olmadığını söylədik. Örnəyin (məsələn), sosiologiya, riyaziyat, dirimbilim (biologiya), yerbilim (geologiya), göybilim (kosmologiya) kimi konkret elmdən söhbət getmir. Ancaq bu elmlərdən də təcrid edilmiş elm deyildir şeirin cövhərini oluşduran elm. Söz qonusu evrən və insan arasında duyğusal ilətişimin şeirsəl alqılayışıdır. Insan və evrən arasında üç növ ilişki var: 1. Bilinənlər; 2. Bilinməsi mümkün olanlar; 3. Bilinməsi mümkün olmayanlar.
Bilinməsi mümkün olmayan üçüncü mərhələyə birinci və ikinci mərhələlər gətirib çıxarır. Böyük ehtimala görə, şeir burdan başlayır. Bilinməsi mümkün olmayacaq haqda da elmli olmaq şeirdə müyəssər olur sanki. Çünkü bilinməzlik haqqında daima şeirsəl düşünürük. Şeirsəl düşünərək rahatlanırıq. Şeir bizi bilinməzliklərin basqısından, qorxusundan qurtarmış olur. Böyük ehtimala görə, bu səbəbdən din kitabları da şeirsəl yazılmışdır. Çünkü onlar da bilinməzliklər haqqında danışmışlar. Şeirlə insanın dostluğu da burdan başlasa gərək. İçimizdəki bilinməzliklərlə dışımızdakı bilinməzliklər arasında şeirsəl ilişki qorulmuş olur. Bu ilişkilərin odaq nöqtəsində “var”lıq anlam qazanır. “Oluş” və “axış” şeirlə sağlanmış olur. Özümüzdən asılı olmayaraq “oluş” və “axış” içində olduğumuzu sirli bir şəkildə sezmiş oluruq. Bu sezgisəl oluşun adını şeir olaraq tanımlayırıq. Bütün bunların hamısı soyut (mücərrəd) elmin ürünü kimi görünür. Parçalar, zərrələr arasındakı ilişkilər haqqında şeirsəl elm sahibi olmaq, estetik qavrayışın altyapısını hazırlayır.
Bilinməzliklərin şeirsəl sezgisi, Füzuliyə görə, yalnız və yalnız dildə sözlər yolu ilə sağlanır. Bilinməzliklər sözcüklərin ruhunu oluşdururlar, bu sözlər içimizdə, düşüncəmizdə estetik varoluşun zəminini yaradırlar. Hiss edirik ki, bilmirik, ancaq sezirik. Şeirdə sözlər yeni kimlikləri ilə boy göstərirlər. Sezgi dünyasında təcrübə qazanan sözlər şeirdə buluşurlar. Şeir sezgi ilə ilişkidə olan sözcüklərin buluşma məkanı kimi görünür. Varoluş, varlığa axış sözlə gerçəkləşir:

Xalqa ağzın sirrini hər dəm qılır izhaar SÖZ.

Yalnız varlığa axış sözlə gerçəkləşmir, varlıqdan qopuş da sözlərin olmadığı yerdə baş verir. “Sarsılış” bizim heçliyə düşdüyümüzü ifşa edər. “Sarsılmışam” dediyimizdə heçliyin içində burxulub qaldığımızı etiraf edərik. Yəni varlıq içimizdən və dışımızdan çəkilmişdir. Yoxluq içində çabalarıq. Sonra da bu “yoxluq”dan varlığa axış sözlərlə sağlanar, ancaq şeirsəl olaraq. Yoxluqdan, heçlikdən qurtulduğumuzda şeir bizi varlığa bağlar. Sözlər hər ləhzə “yox”dan “var” edər. Biz yenidən varlığa bağlanarıq:

Bu nə sirdir kim olur hər ləhzə “yox”dan “vaar” SÖZ.

Varlığa axış SÖZə və şeirə dəyər verməklə, sözləri ehya etməklə, sözlərə həyat qazandırmaqla mümkündür. Çünkü heçliyə yuvarlanış da SÖZsüzlüyün ürünüdür. SÖZ olmayan yerdə məna və ilətişim yoxdur. Ölüm yuxusunda, umudsuzluqdan insanı qurtaran sözdür, mənadır və şeirdir. Bəzən bircə söz insanı həyata bağlaya bilıir. Mutluluq da sözə verilən dəyərdən qaynaqlanır:

Ver SÖZə ehya ki, tutduqca səni xabi-əcəl
Edə hər saaət səni ol uyqudan bidaar SÖZ.

İnsanın dəyəri və dəyərsizliyi də SÖZlə ölçülər. SÖZ hər şeyin meyarı və var oluşun şərtidir. İnsan onurunun, heysiyətinin ölçüsü, “miqdarı” SÖZlə bəlli edilir:

Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdaar SÖZ.

Hər nəsnənin tözünü (cövhərini) sözlərlə idrak edirik, sezirik. Sözlər nəsnələri sadəcə sınırlandırmır, nəsnələrin özündə olan haqda soyut bilgi də verir. Çünki gerçəkdən, Füzuliyə görə, nəsnənin zaatı SÖZdür. O ki, deyirlər ruh başqadır, o “başqa” olan şey ancaq “SÖZ”dür:

Can sözdür əgər bilərsə, insan
Sözdür ki, deyirlər, özgədir can.

Şeir evrəni sezgisəl alqılamadırsa, o zaman insan duyğularını bütünüylə içərməlidir. Erotik duyğudan kənarda qalmış insanı təsəvvür etmək mümkün deyil. Şeir də bir tür varlıqla erotik ilişkidə bulunmaqdır. Varlığa toxunub və duyğulanmaq, bəzən də zövq almaq. Bu axan çay var ya, gözümüzün önündə tələsə-tələsə axıb gedən çay var. Bilirsinizmi bu niyə belə tələsir? Çünkü dağların arasında bir qız onu bəkləyir. O qız bu çayda soyunub çiməcək. Bu axar su onun çılpaq bədəninə sarılıb zövq alacaq. Ona görə belə tələsir. Tələsir ki, o qadının bədəninə qovuşsun. Bu tələsən çayın başında belə bir hava var:

Su ki, sərgərdan gəzər, başında vardır bir hava,
Qalibən bir gülrüxün sərvi-xüramanın sevər.

Bunun adı şeirdir. Çay da qadınla erotik ilişkidə bulunmaq üçün bir yerdə durmamaqdadır.
Bu dəyərləndirmə Füzuli dənizindən bir damla ola bilər yalnız. Bu mövzunu burda bitirib Füzulinin türk dili haqqındakı görüşləri, türkcəni yüksəltmək üçün Tanrıdan yardım istəməsi haqda bir sonrakı yazıda düşünəlim.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər