Mehparə Ögüt. ŞEİRLƏR

İTMƏK BU DÜNYADAN

Yoruldum…
Gecənin ən qəmli saatlarında yadıma düşməyindən.
Səbəbsiz yerə durub-durub səni düşünməkdən.
Xəyali olmayan bir varlığı gözləməkdən.
Yoruldum və bezdim,
Özümə əzab verməkdən…

Saçlarıma düşən hər dəndən,
Üzümə qonan hər qırışdan,
Daşıya bilmədiyim bu ağır bədəndən,
Yoruldum və bezdim,
Özümə etdiyim pislikdən…

Mən isə gömgöy bir səmaya oyanmaq istəyirəm,
Dəniz qoxusunu doyunca çəkmək içimə.
Arabir qaçaraq kimsənin bilmədiyi yerlərə,
Sığınmaq istəyirəm yalnız özümə…
Sığınmaq və itmək bu dünyadan gizlicə…

AYRILIQ SƏHNƏSİ

Düşün ki, bir ayrılıq səhnəsi, pərdə açılır,
Aktyorlar sən və mən…
Tamaşaçılar oturmuş bir-bir, ikibir,
Maraq dolu gözlərlə bizi izləyir.
Hamısı da əvvəllər yaşamış kimi bu səhnəni,
Bir duyğu fırtınasına qərq edir özünü...
Gülüşlərin yerini hıçqırıqlar tutur,
Alqışlarln yerini ağır bir tənhalıq.
Və düşün ki, projektorlar sönməyə başlayır;
Tamaşaçılar bir-bir, ikibir gedir…
Və düşün ki, səhnədə yalnız sən və mən,
Bil ki, pərdə bağlanır…

Bu son pərdə, son bağlanış həyatımızda.
O gündən sonra ayrılır yollarımız.
Alışmaq çətin olsa da ilk çağlar,
Mən daim ümid edirəm sənsiz keçən illərimdə.
Nə vaxt bir ulduz axsa səmadan
Və nə vaxt açılsa dilək qapım öz-özünə,
Dodaqlarımdan süzülən sən olursan yenə.
Və təkcə sən lazımsan, həyatımın bu son finalında…

Həyat çətindir çətin olmasına,
Bəzən daşlar ilişsə də ayağına, qorxutmaz heç bir şey,
Ürəyində bir ümid varsa hələ.
Və bu ümid çoşaraq artırsa,
O zaman hələ çox şey vardır yaşanacaq həyatında.
Tikanlı bir gülü sevmək qədər çətinsə də məhəbbət,
Və məhəbbət ağrı çəkməksə əgər;
O zaman mən bütün ağrılara razıyam,
Yanımda təkcə sən ol, yetər…
Və bağlanarkən bu son pərdə,
Birlikdə salamlayaq bütün tamaşaçıları,
Yan-yana, qol-qola və məhəbbətlə…

ÖLÜMÜ DÜŞÜNMƏK

Ölümü düşünmək hərdən,
Lövbər saldığın dünyanın limanından,
Bir gün ayrılmaq məchul üfüqlərə,
Buraxıb ətin örtdüyü sümükləri limanda,
Seyrə dalmaq görünməzliyində…
Yuxarılardan baxmaq tərk etdiyin dünyaya,
Həsrət duymaq geridə qalan hər şeyə;
Evinə, sevdiklərinə, dostlarına.
Bağçandakı çiçəklərə.
Bir damla göz yaşı tökmək,
Buludların üstündən yerin yaşıllığına.
Günəşin doğuşundan axşamın qaranlığına,
Təkbaşına qaldığın ölümün qucağında,
Ölümü düşünmək bir gün gələcəyini bilə-bilə.
Gecənin bir yarısı yatağında…


Azərbaycan türkcəsinə uyğunlaşdırma: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər