TƏRCÜMƏ ÇƏLƏNGİ

Pərvin Etisami. QƏZƏL

Xoşdurur1 kim sinədə dürri-məani2 saxlamaq,
Yox olurkən leyk3 ömrü cavidaani saxlamaq.

Əqlilə övraqi4-dünyaya girərkən, ey könül,
Eşqi də bir giz5 kimi içdə nihaani6 saxlamaq.

Can bağında anbaan əkmək gərək min türlü rəng,
Ol könül baağında yetkin baağbaanı saxlamaq.

Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül,
Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq.

Mənəviyyat aləmində parlayarkən gün kimi,
Zülmətin bağrın dələn nuuri-xudaanı saxlamaq.

Batilə meyl etməz oldun, Pərvin, ol üzdəndi kim,
Məhrəmi-yaar oldun, ol mülki-bəqaanı7 saxlamaq.

Ərdəbil, 1992
______
1. Xoşdurur - xoşdur
2. Məani - mənalar
3. Leyk - ancaq
4. Övraq - vərəqlər, səhifələr; dünya işləri
5. Giz - sirr
6. Nihani - gizli
7. Bəqa - əbədi var olan


Məliküşşüəra Bahar. BULAQ VƏ DAŞ


Sal dağdan ayrıldı coşqun bir bulaq,
Böyük bir daş ilə qarşılaşaraq,
Astaca söylədi: “Ey mehriban daş,
Yol ver burdan keçim mən yavaş-yavaş.”
Ancaq qəlbi qara namehriban daş,
Onu vurub dedi: “Burdan uzaqlaş!
Sellər qarşısında tərpənmədim mən,
Sən kimsən, çəkilim sənin önündən?”
Daşın cavabından sınmadı bulaq,
Torpağı qazmağa başladı ancaq.
Xeyli zəhmət çəkib təlaş edərək,
O daşın böyründən yol açdı gerçək.
Zəhmətlə hər şeyə yetərsən yəqin,
Zəhmət zinətidir bəşəriyətin.
Hər zaman ümidlə zəhmətə qatlaş!
Ümidsizliklərdən ölüm verər baş.
Sarsılmaq bilməsən işdə hər zaman,
Çətin işlərin də olacaq asan.

Ərdəbil, 1987


Simin Behbehani. ŞEİRLƏR


Həyat qanımızla qarışmış bizim,
Umudsuzluqları ruhumuz dandı.
Bir ənqa* od tutub yandıysa, onun
Külündən başqa bir ənqa yarandı.
*
Cismimiz bir dağdır, vüqarlı bir dağ,
Dağa təsir etməz nə sel, nə də su.
Ruhumuz dənizdir, coşqun bir dəniz,
Dənizin tufandan yoxdur qorxusu.
*
O qədər ev yıxan qüdrətli sellər,
Gəlib dənizlərdə tutdular qərar.
Şöhrətçün bir işi görən kimsələr,
Biz dahilər ara itib-batdılar.

Ərdəbil, 1987
______
• Ənqa- əfsanəvi quşdur. Yaşlandığında çıxıb bir uca dağın başında od tutub yanar və külündən gənc bir ənqa doğar.


Tərcümə etdi: GÜNTAY GƏNCALP


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər