Azərbaycan türkcəsinə uyğunlaşdırma və açıqlama: Hümmət Şahbazi
Martin Haydegger (1889-1976) – Ekzistensializmin alman fəlsəfəsindəki təmsilçisi. Ən önəmli əsəri olan “Varlıq və Zaman”da (Sein und Zeit) varlığın anlamı problemini qoyaraq, ekzistensial ontologiyanı inkişaf etdirmişdir.
İnsanın başqa insanlar ilə, başqa insanlar üçün və başqa insanlara qarşı sürdürdüyü gündəlik yaşam fəaliyyətində, sürəkli olaraq başqalarından fərqli olma qayğısı yatar. Bu, başqalarından fərqi qapatma, başqalarından geridirsə, həmin geriliyi yox etmə və ya başqalardan üstündürsə, onları altda tutma qayğısıdır. Başqalarla özünün arasındakı məsafənin qayğısı – insanın özünə də örtülü qalan bu qayğı başqalarla birlikdə olmağı gərginləşdirir. Gündəlik insan bu məsafənin nə qədər az fərqindədirsə, bu qayğı bir o qədər sarsılmaz və əsaslı şəkildə təsirini göstərir.
Belə ki, birlikdə olmanın ehtiva etdiyi bu məsafədə insan, başqalarla birlikdə mövcud olan gündəlik insan kimi, başqalarına uyğunlaşma, başqaları üçün nə keçərlidirsə, onu keçərli sayma durumundadır. Burada insan özü deyildir; onun “özü olması”nı başqalar üzərlərinə götürmüşlər. İnsanın gündəlik yaşam imkanları başqaların qoyduğu ölçülərlə idarə olunur. Bu başqalar müəyyən deyildir. Hər bir başqa bütün başqaların yerinə keçə bilər. Önəmli olan, insanın fərqinə varmadan təslim olmaqlığı, başqaların səssiz, gözə çarpmayan hegemonluğudur. İnsanın özü başqaların bir parçası olaraq, onların gücünü təmin edir. Əslındə onların bir parçası olduğunu gizləmək üçün insanın “başqalar” deyə adlandırdığı şey, gündə birlikdə olmağı meydana gətirənlər, yəni hər zaman burada olanlardır. Başqaların kimliyi nə bu, nə də digər şəxs, nə insanın özü, nə bəzi kimsələr, nə də hamının cəmidir. Onların kimliyi “kimsəsizlik”, yaxud “hər kəs”dir.
İnsana hər zaman ən yaxın olan, içində insanın gündəlik yaşam məşğuliyyətlərinin olub bitdiyi sahə “ictimai” sahədir. İstər ictimai nəqliyyat vasitələrinin, istərsə də xəbərləşmə vasitələrinin (misal üçün, qəzetin) istifadəsində hər başqa digər başqasından fərqsizdir. Bu “başqalarla-birlikdə-olma”da insanın özü başqalar içində əriyir və hər bir başqanın fərqlilik və özəlliyi artan şəkildə ortadan qalxır. Bu “nəzərəçarpmazlıq” və “bəlirsizlik” içində “hər kəs sahəsi” və bu sahənin hegemonluğu inkişaf edir. Hər kəs nədən xoşlanır və necə əylənirsə, biz də ondan xoşlanır və elə əylənirik. Sənət və ədəbiyatı hər kim necə oxuyur, görür və qiymətləndirirsə, biz də elə oxuyur, görür və qiymətləndiririk. Kütlədən hər kəs necə qaçırsa, biz də elə qaçırıq. Hər kəsi hirsləndirən, bizi də hirsləndirir. Müəyyənlikdən məhrum və hamımızdan ibarət olan “hər kəs” sahəsi insana gündəlik varlıq formasını diktə edir.
Hər kəs sahəsinin özünəməxsus necəlikləri vardır. Birlikdə olmanın ehtiva etdiyi məsafə öz təməlini onun şərtləndirdiyi “sıradan olma”da tapır. Sıradan olma hər kəs sahəsini meydana gətirən xüsusiyyətlərdən biridir. Hər kəs sahəsi öz varlığını ancaq sıradan olma ilə qoruyur. Nəyin edilib-edilməməsinin lazım gəldiyinin, nəyin keçərli, nəyin keçərsiz olduğunun, nəticə və uğurun necə əldə ediləcəyinin ölçülərini verən sıradan olma bu ölçülərlə hər kəs sahəsinə dəstək verir. Nəyin gözə alına biləcəyinin sərhədlərinin qabaqcadan cızıldığı şəraitdə sıradan olma əvvəlcə ortaya çıxmaq istəyən hər cürə qaydadan kənarlığı nəzarət altına alır. Hər cürə üstünlük səssizcə basdırılır. Xüsusi olan hər şey dərhal adiləşmiş, çoxdan bilinən səviyyəsinə endirilir. Uzun cəhd və çalışmalarla qazanılan hər şey dərhal istifadəyə hazır duruma salınır. Bütün sirlər qüvvəsini itirir. Sıradan olma qayğısı insanın təməl bir meylini, bütün varlıq imkanlarının “bərabərləşməsi” təmayülünü aşkara çıxarır.
Məsafə, sıradan olma, bərabərləşmə hər kəs sahəsinin varlıq tərzlərı olaraq, ictimaiyyəti meydana gətirirlər. Dünyaya və insana hər cürə baxışı nizamlayan, hər zaman haqlı olan ictimaiyyətdir. Və bu, ictimaiyyətin obyektlər ilə təmələ enən bir bağ qura bilməsi, "şeylər"i açıqca görə bilməsi ilə deyil, "şeylər"ə girə bilməməsi, səviyyəli ilə səviyyəsiz, pozulmuş ilə pozulmamış arasında heç bir fərq sezməməsi ilə bağlıdır. İctimaiyyət hər şeyi bulanıqlaşdırır və aşkarlıqdan məhrum olanı bilinən, asanca istifadə edilə bilən bir material kimi ortaya qoyur.
Hər kəs sahəsi hər yerdə hazır olur, amma insanın qərar verməsi gərəkdiyi yerdə hər kəs ortadan çəkilir, qaçıb gedir. Belə ki, bütün qərarlar öncədən hər kəs sahəsi tərəfindən verildiyi üçün hər kəs sahəsi insanın məsuliyyətini insanın üzərindən alır. Hər kəs sahəsi asanlıqla hər şeyin məsuliyyətini boynuna götürə bilir, çünkü bu sahədə edilmiş olanlardan ötrü heç kimdən təkbaşına özünü sorumlu sayması gözlənilmir. Edilənlərə görə məsuliyyət daşıyan həmişə “hər kəs”, daha doğrusu, “heç kim”dir.
Beləcə, hər kəs sahəsi insanın gündəlik həyat yükünü zəiflədir, insanın yaşamağı asanlaşdırma meylinə yardımçı olur. İnsanın varlıq yükünün zəiflədilməsində daim insanın köməyinə qaçan hər kəs sahəsi bununla sürəkli olaraq öz hegemonluğunu təmin edir.
Hər kəs sahəsində hər kimsə başqasıdır və heç kimsə özü deyildir. Adi insanın kimliyi sualının qarşılığı olan “hər kəs”, insanın başqalarla-birlikdə-olmasında öz varlığını təslim etdiyi “heç kim”dir.
AÇIQLAMA:
"Başqa" anlayışı Haydeggerdən sonra özəlliklə Hans Qadamerin düşüncəsində davam edir. Ümumiyyətlə, bu sahədə "başqası" anlayışı üç məna daşıyır:
A) "mən" və "başqası" arasındaki qarşılıqlı anlayış. Bu baxımdan "mən" həmişə "başqası"nın özü kimi olmağını və özü kimi düşünməsini istəyir. Daha doğrusu, "başqası"nın özü ilə uyğunlaşmasını istəyir. Bu baxımdan, "başqası” məhz "mən"in şəxsi məqsədlərini açıqlamaq üçün bir vasitə kimi istifadə olunur.
B) "mən" özünü "başqa"sında görür. O, başqasını yaxşıca qavramağa çalışır və bu anlamda Haydeggerin dediyi "başqa"nın "digəri olmağı" anlayışı özünü göstərir. Və bu anda üçüncü anlayış irəli gəlir.
C) "şəxs" daha özünə yox, başqasına aiddir. Başqasının hüzurunu dərk edir, onunla söyləmləşir və ikitərəfli bir danışıq və söyləm yaranır. Bu halda "mən" və "başqası" öz düşüncələrini məcburən bir-birinə yükləmirlər.
Çevirəni: Akın Etan
"Sein und Zeit", sayfa 126-128, M.E.B.Y. (Milli Eğitim Bakanlığı Yayınları), D.D:3 İstanbul, 1979
Qaynaq:
http://mimoza.marmara.edu.tr/~avni/dersbelgeligi/dersbelgeyazilari/5martinheidegger.htm
Böyük Azərbaycan şairi və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun (1794-1846) çoxsaylı əsərlərindən biri də uşaqlara və yeniyetmələrə müraciətlə yazdığı “Nəsihətlər”idir. “Nəsihətnamə” və “Kitabi-nəsihət” adı ilə də tanınan bu kiçik həcmli əsər hicri 1252-ci (1836-cı) ildə müəllifin məşhur “Təhzibi-əxlaq” kitabının xülasəsi kimi qələmə alınmışdır. Əsərin eyni zamanda həm fars, həm də Azərbaycan dillərində yazıldığı bildirilsə də, farsca variant daha geniş yayılmış və sonradan müxtəlif şəxslər tərəfindən dilimizə çevrilmişdir. Məsələn, mərhum Məmmədağa Sultanovun yazdığına görə, “Nəsihətlər” “1907-ci ildə qubalı Məşədi Əbülqasim adlı bir şəxsin xahişilə həmyerlisi Seyid Rza Mir Hüseyn oğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. F.Köçərli və başqa alimlərimiz tərəfindən “Nəsihətnamə” adı ilə çap edilən parçalar çox ehtimal bu tərcümədən alınmışdır” (A.Bakıxanov. Seçilmiş əsərləri. Bakı, 1984, səh.8). Lakin M.Sultanov bu tərcümənin “dilinin ağır və təhriflərlə dolu olduğunu” nəzərə alıb özü əsəri farscadan tərcümə etmiş və həmin tərcümə qeyd olunan “Seçilmiş əsərlər”də, eləcə də ayrıca kitabça şəklində (Bakı, 1982) nəşr olunmuşdur. Amma hər iki nəşrdə “Nəsihətlər”in beşdə biri – əsasən dini məzmunlu nəsihətlər – ixtisar olunmuş, beləliklə, 102 (yaxud 103) nəsihətdən 83-ü verilmişdir.
AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondundakı əlyazmalar içərisində 2580 saylı inventar kimi A.Bakıxanov “Nəsihətlər”inin tərcüməsi saxlanmaqdadır. 17.5 x 22 sm ölçülü dəftərin 11 vərəqində şikəstə elementlərini ehtiva edən nəstəliq xətti ilə yazılmış əlyazmanın yalnız birinci vərəqi azca zədələnib. Mətn qara mürəkkəblə yazılmış, üzərində isə qırmızı mürəkkəblə redaktə işi aparılmışdır.
Naməlum redaktor mətni müasir ədəbi dilimizin normalarına uyğunlaşdırmağa çalışmış və tərcüməni xeyli sərbəstləşdirmişdir. Mütərcim isə bir çox hallarda dilimizin qrammatik normalarını pozmuş, lakin orijinala maksimum sadiq qalmış, müəllifin nəinki fikirlərini, hətta ifadələrini də dəqiq səsləndirməyə müvəffəq olmuşdur. Biz təbii ki, mətnin tərcüməçi variantını – redaktə düzəlişlərini nəzərə almadan – nəşrə hazırladıq.
Təəssüf ki, mütərcimin şəxsiyyəti barədə qəti söz söyləmək bizim üçün çətindir. Əlyazmanın sonunda fars dilində belə bir cümlə var: “Əz tərəfe-Kərbəlayi Əlövsət Babayev qələmi kərd” (“Kərbəlayı Əlövsət Babayev tərəfindən yazıldı”). Belə ifadə (özü də qüsurlu!) tərzi adı çəkilən adamın mütərcim deyil, mətni köçürən şəxs olduğunu düşünməyə əsas verir.
Tərcümənin XX əsrin əvvəllərində edildiyini kifayət qədər əminliklə söyləmək olar. Bəlkə bu, mərhum M.Sultanovun haqqında danışdığı tərcümədir? Hər halda biz onu Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabının birinci cildində verilmiş parçalarla (Bakı, 1978, səh.304-306) tutuşdurduq. İki mətn arasında böyük yaxınlıq, bəzi nəsihətlərdə isə eyniyyət müşahidə olunmaqla ilə bərabər, xeyli fərqlər də aşkara çıxdı. Odur ki, biz qəti bir söz deməyə çətinlik çəkirik. Əgər bu, doğrudan da, M.Sultanovun haqqında söz açdığı tərcümədirsə, onun “təhriflərlə dolu olması” fikri ilə heç cür razılaşa bilmərik.
Hər halda biz sözü gedən tərcüməni transliterasiya edib tərcümə tariximizin bir abidəsi kimi çapa hazırladıq. Onu da nəzərə almaq lazımdır ki, Abbasqulu ağanın nəsihətləri ilk dəfə tam şəkildə oxuculara təqdim olunur.
“KİTABİ-NƏSİHƏT”İ-ABBASQULU XAN BAKUYİ QÜDSI
Bismillahir-rəhmanir-rəhim
Fars dilindən türk dilinə tərcümə olundu
[Həmd olsun nemətləri Bağışlayana və ehtiyacları Ödəyənə! Və salam olsun gözəl əxlaqi xüsusiyyətləri tamamlamaq üçün Göndərilənə və onun səmimi və etibarlı yardımçılarına!]1
Amma sonra: Belə deyir günahlarına və acizliyinə iqrar edici bəndə Abbasqulu ikiminci Mirzə Məhəmməd xanın [oğlu] Bakuyi – Allah onların hər ikisinə cənnət ilə nicat versün! Hərçənd uşaqlara təlim olmaqdan ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfzdə və mənada asan olub onların xülqlərinin [...]2 eyləsün. Danışılmış və yazılmış nüsxələrin bəzisi ibarətdə və mənada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları anlamıyorlar və bir parəsində dəxi mətləblər elə uzun və pərişandur ki, oni zəbt etmək və anlamaq müşkül görünüyor. Bu səbəbdən bu sözün mənasından ki, “uşaqlıqdan elm ögrənmək daşda nəqş kimidir”, qəflət vaqe olur. Xülqlərin gögçəkligini uşaqlıqda hamı vəqtdən artuq təlim vermək lazımdır. Sonradan pis olan xasiyyətlər adət və bərqərarlıq səbəbilə təbiətdə qərar dutsa, elm və ədəb insanə müşkül əsər eylər. Pəs buna görə tarixi-islamiyyənin min iki yüz əlli ikiminci ilində bir müxtəsər kitab ki, ibarətdə və mənada asan və aşkar və “Nəsihət” ilə adlanmış olsun, təlif etdim. Minnətləri bağışlayan Allahın mərhəmətindən ümid dutaram ki, onun faidəsi uşaqlara artıqraq olsun.
Uşaqlara xitabdır: Mənim əzizim, sən insansan! Allah-təala insanı aləmdə hamı şeydən yaxşıraq yaradubdur. Görmüyorsan ki, heyvanlar o güc ilə və böyüklük ilə insanın əlində giriftardırlar. Bu ancaq işlərin tərzini bilmək səbəbindəndir. Bu insan taifəsinin arasında dəxi hər kəs iş bilən və yaxşı işlidir, həmişə hörmətli olur. Pəs yaxşı işligin və iş bilməyin tərzini ögrənmək gərək. O adamlarun ki, yaxşı-yamanı təhqiq və təcrübə ilə məlum edüblər, onların sözləri bizdən ötri nəsihətdür.
1. Aləm bu əsas və nizam ilə olmaz ki, sahibsiz olsun. Pəs bir Allah vardur ki, hamını yaradubdur, gərəkdir oni bilmək.
2. Bir surətdə ki, ata-ana öz fərzəndlərini özlərinin ixtiyarına buraxmaz və hər birini bir işə həvalə eylər, pəs necə olur ki, Allah-təala bizə bir təklif eyləməsün.
3. Çün biz Allahı görə bilmənük, pəs bir kimsənə gərəkdür ki, Allahın təklifini və sözünü ki, mələklərin vasitəsilə ona yetişmiş olsun, o da bizə yetirsün. Biz belə adəmə “Peyğəmbər” deyirük.
4. Peyğəmbərlər çox olublar, hamısı haqdular. Çün hər bir iş bir vəqtdə münasib olur, imdi bizim peyğəmbərlərimiz Həzrət Məhəmməd Abdullah oğlunun şəriətini sair peyğəmbərlərün şəriətlərindən yaxşıraq buyurubdur və ona tabe olmağı bizə əmr eyləyibdür.
5. Allah-təalanın təklifi və fərmanı ki, peyğəmbər bizə buyurubdur, Qurandır ki, başdan-ayağa Allahın sözüdür. Heç kəs onda dəxl və təsərrüf edə bilməz, ondan ötri ki, insanın sözi Allahın sözinə oxşamaz.
6. Peyğəmbərin ev əhlindən olan imamlara tabe olmaq və məhəbbət eyləmək hər kəsə vacibdür, çünki onun əməlinin varisidürlər və Həzrət Mehdi ki, zəmanənin axırında gəlüb şəriətin hökmlərini tamam yer yüzinə cari edəcəkdür, onlardandur.
7. Çün Allah-təala bizə təklif eyləyübdür, hər kəs o təklifə əməl eyləsə, Allah-təala ona bu dünyada nemət və kəramət verür və qiyamətdə behiştə aparur və o kəs ki, əməl eyləməyə, dünyada zəlil və biabur olur və qiyamətdə cəhənnəmə gedər.
8. Qiyamət bir gündür ki, Allah-təala hamı xəlayiqi bir yerdə dirlətüb onların əməllərinin hesabını istər: yaxşı işlüləri behiştə göndərər ki, həmişə orada rəngin olan bağlarda və yürək istəyən imarətlərdə hesabsız nemətlərdən feyzmənd olurlar.
9. Yaman işlüləri cəhənnəmə aparar ki, neçə min il orada tünd odda yanarlar, əjdəhalar, əqrəblər onların bədənlərinin ətlərini para-para edərlər.
10. Allahın təkliflərindən birisi beş vəqt namazdur ki, Allahı yad etməkdən ötri qılmaq gərək.
11. Ramazan ayının hamısını sübhin tüluindən axşamacan oruc dutmaq gərək, ta acların halından xəbərdar olasan və ona rəhm eyləyəsən.
12. Vacibdür ki, mal sahibləri zəkat, xüms və sədəqələr füqəralərə versünlər ki, onlarun dirilmək mayəsi və onlarun canlarının və mallarının səlamətliginə səbəb olsun.
13. Öz ata-ananı Allahdan, peyğəmbərdən və imamlardan sonra hamı kəsdən əzizraq say və hər nə ki buyursalar, əməl elə və heç vəchlə onları incitmə. Allah-təala razı degil o kəsdən ki, atası və anası ondan narazı ola və həm böyük qardaşına, əminə və dayına itaət eylə.
14. O kimsənələr ki, mərtəbədə, ya elmdə, ya sinnində səndən böyükraqdırlar, onları hörmətli dut, ta o kimsənələr ki, səndən əksükdürlər, səni hörmətli dutsunlar.
15. Din alimlərini böyük dut; peyğəmbər və imam bizim aramızda hazır degillər və biz şəriətin hökümlərini bilməkdə [din alimlərinə] möhtacuq.
16. Padşahların və əmirlərin itaətin vacib bil; əgər onlar olmasalar, xəlayiq bir-birinin malına və namusuna qəsd edərlər və mülkiyyə işlər nizam qəbul eyləməz.
17. Hər vilayətdə ki, olasan, o vilayətin mülkiyyə olan zabitəsinə müxalif bir əməl eyləmə ki, əzab və üqubətə giriftar olmayasan.
18. Bir iş və bir söz ki, dünya və axirət faidəsi onda olmaya, eləmə və demə ki, sənə zərər yetişür.
19. Əgər bir adamı bədbəxt və biçarə görəsən, ona gülmə ki, Allah-təala qüdrətlüdür səni də onun tək eyləsün.
20. Hər kəsə yetişsən, salam ver və əgər sənə söz desə, ədəb və hörmət ilə cavab ver, ta hamı kəs səni dost dutsun.
21. Elə kimsənələr ilə yoldaşlıq elə ki, böyüklər onlara yaxşı desünlər; əclaf və hərzəgu adamlardan qıraq ol, ta sən dəxi onlar kimi olmayasan.
22. Çün bir adamı möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eyləməkdə müzayiqə eləmə, ta özgələr dəxi ehtiyac vəqtində sənə kömək eyləsünlər.
23. Heç kəsin yamanlığını bir kəsin yanında demə ki, əgər dostdur, sənin həqqində bədgüman olur; əgər düşməndir, o kəsə yetirür.
24. Yalan deməkdən özünü saxla, çün bir kimsənə bu xasiyyəti səndə bilsə, sənin doğru sözüvə dəxi bavər eyləməz.
25. Bir kimsənə ki, özgənin eybini gəlüb sənə desə, ondan uzaq ol ki, sənin də eybini özgələrə deyər.
26. Dostluqda bir adam ilə elə olma ki, əgər bir gün o səninlə düşmən olsa, səni aciz eyləsün; düşmənlikdə dəxi o qədər yamanlıq eyləmə ki, əgər bir gün dost olasa, ondan şərm edəsən.
27. Qəzəb vəqtində insanın halı pərişan olur, özüni o halda hamı şeydən qırağa dut. Bir işi ki, eyləmək gərək, qəzəbün sakit olandan sonra eylə.
28. Hər iş ki, sənün boynunda degil, əbəs yerə onda çalışma, neçün ki, ondan faidə tapmazsan və öz işündən dəxi dala qalarsan.
29. Bekarlıqdan qorx ki, hamı eyblərdən bədtərdür. Hiç zad aləmdə bekar degil.
30. Hamı şeyi Allah-təala öz aləminin nizamından ötri səbəbli yaradubdur ki, birisi o birisiz qaim olmaz. Sən də onlardan birisən. Əgər bekar otursan, daş və palçıq səndən yaxşıraq olurlar ki, imarət işinə gəlürlər.
31. Elm və kamal hasil etməgi hamı zaddan əzizraq say, ondan ötri ki, hamı zad onların səbəbilə müyəssər olur.
32. Yaxşılıq bir kəsin həqqində eyləmə ki, özgələrə yamanlıq eyləmək səyində ola. Yaxşılıq eyləmək yamanların həqqində – yamanlıq eyləməkdür yaxşıların barəsində.
33. Məhz hər sözü eşitmək ilə bavər eyləmə. Ehtimal var ki, onu deyənin bir qərəzi olsun və ya onun həqiqətini özü anlamayubdur. Pəs o sözü özgə yerlərdən də təhqiq elə.
34. Çox olur ki, biz bir işin necəligində xatircəmlik bəhəm edirik, sonra məlum olur ki, işin surəti özgə növilə olubdur.
35. Şuxluğu və zərafəti özünə adət eyləmə, ondan ötri ki, nəzərlərdə xəfif görünərsən; rişxənd səbəbilə özgələr səndən incinürlər, ehtimal var ki, yamanlığa dəxi qəsd eyləsünlər.
36. Mübahisədə əgər bir kimsənəyə qalib oldun, elə eyləmə ki, onun nadanlığı hazırda olanlara məlum olsun, ta bu səbəbdən sənin ədavətin onun yürəgində məqam dutub intiqam almaqdan ötri fürsət vəqti gözləməsün.
37. Danışıq vəqtində göftügu fürsətini özgələrə ver, ehtimal vardur ki, hiyləkar şəxs səhv edib müddəanın həqiqətin bəyan eyləsün; əgər sən çox danışsan, xəta və nöqsan sənin tərəfindən olur.
38. Salamatlıq haldadır, nə mərtəbədə və malda. Çox olur ki, fəqir bir parça çörəgi dincliklə yesün və sahibşövkət adam işlərin məğşuşluğu səbəbindən təşvişdə və qüssədə olsun.
39. Çün bir müsibətə giriftar oldun, səbr və təvəkkül eylə. Tələf olmuşu heyf yemək dala qaytarmaz, ehtimal vardur ki, iztiraba düşmək səbəbindən gələcək tədbirdən dəxi qafil olasan.
40. Öz müsibətüvi xalqin yanında izhar eləmə ki, əgər düşməndirlər, onların tən etməginə səbəb və qüvvətlərinin artuq olmağına bais olacaqdur və əgər biganədürlər, onların nəzərlərində həqir olmuş olursan və əgər dostdurlar, onların qəmgin olmağına və sənin müsibətinin tazəliginə bais olur.
41. Pis olan xislətlərin çoxu təmənnanın əksinə nəticə verür. Xəsis adam məaşın tənglik qorxusundan məşəqqətdə keçirür. Mütəkəbbir adam xəlqin nəzərində zəlil və biabur olur. Xudnəma, yəni özüni xəlqə göstərən ki, ar-namusdan qorxar, aləti-məzhəkə olur. Qəzəb sahibi özgənün günahından ötri özünə əzab eylər.
42. Paxıllıq – qabiliyətin olmamağındandır. O kimsənə ki, öz hünərinə etimadı var, çalışur ki, özgələrdən artuq ələ gətürsün, amma hünərsiz adam çün tərəqqi eyləməgə qüdrəti yoxdur, özgənin tənəzzülin axdarur ki, onilə bərabər olsun.
43. Heç bir od paxıllıqdan yandırıcıraq yoxdur. Onun sahibi hərgiz fərağət nədir bilməz, ondan ötri ki, özinin qəmi və özgənin şadlığı hər ikisi onun üçün müsibət olur.
44. Həris adam həmişə qəmdədir; nə qədər ki, varıdır, güman eyləyür azdır.
45. Düşmənin mehribanlığına və təarüfünə etimad eyləmə; ehtimal var ki, səni aldadur və ya əgər zəifdir, fürsət vəqtinə intizarı var.
46. Bir kəsin təhsin və xoş əmr etməgini öz qabiliyyətüvə həml eyləmə, bəlkə bir mətləbi var və bunları öz müddəasının yüzinə pərdə çəkür.
47. Hər mənsəbdə ki, varsan, öz qədrinin əndazəsin nə əksük dut və nə yuxarı hesab elə.
48. Xəlq üçün tez sənin əhvalından xəbərdarluq olmasun. Həmin dil səbəbilə yaxşını yamana həml edərlər. Pəs öz dilüvi saxla o zaddan ki, deməli degildir.
49. Hər bir işi əqlin zabitəsinə müvafiq əmələ gətir, belə ki, bəxtin onun əncamında kömək eyləməsə, bari iş bilmək adı səndən ötri qalar.
50. O şeyi ki, bilməyürsən, izhar eləmə və həm o şeyi ki, bilürsən, çox etimad eləmə; ondan ötri ki, bizim elmimiz çox azdur və əqlimiz xeyli müşəvvəşdir.
51. Hər kəs təarüflü və şirin dillidir, onun dostları çox olar.
52. Xoşbəxt o kimsənədür ki, onun dostları vardır. Ondan yaxşı nə zad var ki, dost sənin müsibətündə sənə şərik ola və sənin qüsurunu sənə göstərə və ehtiyac vəqtində sənə kömək eyləyə.
53. Bir kimsənə ki, dünya malının çox qeydində ola, dostluğa yaramaz, ondan ötrü ki, öz xeyri üçün özgənin zərərinə çalışacaqdur.
54. İşlərdə özündən bilici adamlara məşvərət eylə; yalquz əql eyləyə bilməz ki, hər işin səlahın bilsün.
55. Sözün qiymətin deyənin halından qiyas eyləmə; gah olur ki, nadan adam bir söz deyər ki, ağıllı adam ona heyran qalar, və ağıllı adam elə iş eylər ki, nafəhm adam oni eyləməz.
56. Yaxşılıq səbəbilə azad kişini özünə qul edərsən, əziyyət vasitəsilə qullar səndən qaçarlar.
57. Çox yeməkdən özüni saxla ki, bədənin səhhətinə və əqlin salamatlığına zərəri vardır.
58. O şeyi ki, yürəgün istəyür eləmə, o şeyi ki, əqlin xahiş edür əmələ gətür; ondan ötri ki, yaxşı-yamana əql təmyiz verür.
59. Heç bir dövlət elmdən yaxşıraq degildir, neçün ki, həmişə səninlə vardur, bir kimsənə eyləyə bilməz oni sənin əlündən alsun.
60. Çün istəyürsən bir adama nəsihət edəsən və ya onun işinin səlahın deyəsən, xəlvətdə de ki, xəlq arasında qəbul eyləməz və həm yürəgi incimiş olur.
61. Hər qism vədə eylədün ona vəfa eyləməkdə çalış, ta özgə vəqtdə dəxi əgər vədə eyliyəsən, ona bavər eyləsünlər.
62. Nə qədər mümkündür, özgəsi sənə bir şey verəndə qəbul eyləmə, çünki sən onun nəzərində zəlil olursan və o sənin nəzəründə böyük görünür.
63. Bir işi ki, bu gün qadirsən eyləməgə, sabaha qoyma. Ehtimal var ki, sabah onu eyləyə bilməyəsən.
64. Pakdamənlig, yəni təmiz xasiyyətligi özüvə adət eylə. Hər kəs ki, fəsad işlərə mürtəkib olsa, onun dini və həyası gedər və xəlq arasında tez rüsva olar.
65. Əgər bir eyb və pislik bir kimsədən görəsən, onu gizlətməyə çalış ki, Allah-təala sənin də eyblərüvi örtər.
66. Nə qədər ki, yaxşıluq ehtimalı var, xəlqləri yamanlığa həml eləmə, bəlkə o, yaxşı işdir, sən onun məsləhətin bilməyürsən.
67. İnsanın şərafəti həsəb iləndür, nəsəb ilən degül; belə ki, qabiliyyətlü övlad nəsəbin şərafətindən biehtiyacdur, amma naxələf övlad dudmanı zaye edəndür.
68. O şeyi ki, özüvə görə yaman sayursan, özgənin həqqində rəva tutma, ta onun cəzası özgədən sənə qayıtmasun.
69. Çün hər əməlin cəzasını hamı dinlərün əhli, hətta bütpərəstlər dəxi həqqü yəqin bilürlər, pəs yaxşıdan və yamandan hər nə ki, özgəyə eyləyürsən, özüvə eyləyürsən.
70. Hər sözü ki, deyürsən və ya hər işi ki, eyləyürsən, xatircəm olma ki, xəlvətdəyəm, bir kimsənə bilməz. Çox olur ki, bilsünlər, necə ki, hər yaman işlü adam bu gümanı eylər, tez rüsva olar.
71. Heç kəsin zərərinə razı olma, sövdədə pakhesab ol, əmanətə xəyanət eyləmə, ta ki, Allah-təalanın qəzəb olmuşi və xəlayiqin mərdudi olmayasan.
72. Öz qohum-əqraban ilə və onlara təəllüq olan kəslər ilə müraat eyləmək və kömək etmək səyində ol, ta onlar dəxi sənə mehriban olsunlar.
73. Öz qonşuların və həmşəhr adamların ilə yaxşılıqla sülük eylə, ta onlar dəxi sənün ilə həmin işvədə müraat eyləsünlər; sən bir nəfərsən, onlar çoxdurlar – bir nəfərin ehtiyacı çoxa aşkardır.
74. Bədməzac adamlardan və bədməzaclıqdan həzər eylə ki, hamı yaxşı xasiyyətləri zaye edər; bədməzac adam öz təbiətindən azardadır, ta ki, xəlqə nə yetişür.
75. Yaxşıluq bir kəsin həqqində ki, elədün, aşkarda və ya kinayə ilə ona minnət qoyma ki, bu səbəb ilə sənin yaxşıluğun zaye olub xoşnudluğun əvəzinə küdurət həsilə gəlür.
76. Aqil adam odur ki, öz eybini özgələrin eybindən artuq görə və öz hünərin əksük saya.
77. Bir kimsənə ki, sənə pislük eyləyə, səbr qıl və mülayimlig ilə özündən dəf eylə; elə ki, yamanluqdan qeyri çarə olmasa, onun şərrin dəf edən qədəri caiz bil, artuq eləmə.
78. Ta mümkün olduqca dostluğun tələbində ol, neçün ki, düşmənligün peşmanluqdan qeyri bir faidəsi yoxdur.
79. Heç düşməni həqir sayma; ehtimal var ki, onun dostları olsun, ya əlaqəsi o kəslər ilə olsun ki, sahibi-qüvvət olalar və ona kömək eyləmək məqamına gələlər.
80. Bir kəsin ədavətinə yürəgündə yer vermə ki, sənin dinivin və yürəgivin rahatlığın bərhəm edər.
81. Çün bir yamanlıq öz həqqündə özgələrdən eşitsən, tez o kimsənənin özünə izhar eləmə; gah olur ki, o sözün doğri və xilaf olmağı onun ətvarından və göftarının səyağından məlum olur.
82. Bir malı ki, Allah sənə veribdür, dünya və axirət mənfəətlərində sərf eyləməkdən ötridir. O kimsənə ki, bəxillig edür, guya özünü maldan məhrum dutur, neçün ki, tez tələfə gedər və ya varis aparar.
83. Malı sərf eyləməgdə xəbərdar olmaq gərək ki, israfa gedməsün və öz məqamının qeyrisində sərf etməgin səbəbilə bir məsləhət ki, nəzərdə vardur, fövt olmasun.
84. Yaman işi ki, eyləyürsən, onun faidəsi səndən ötri qalmaz, amma onun günahı və bədnamlığı sənə baqi qalar.
85. Yaxşı əməldən iki dəfə ləzzət apararsan: birisi o işi edən vəqtdə və birisi də o zaman ki, onun cəzası sənə yetişür.
86. Çün hamı zad üçün aləmdə zail olmaq ehtimalı vardur, özüvi heç zada bağlama ki, əgər bir gün zaval tapsa, sənin zindəganluğun müşkül olur.
87. Öz ömrüvi bir elə işdə tələf eyləmə ki, axırında o işi tərk eyləmək sənə lazım gələ.
88. İşlərinin tədbirində və əmələ gətürməgində təcil et, neçünki, işlərinin məsləhətini bilmək üçün vüsəti-vəqt lazımdur, onu əmələ gətürməgindən ötri fürsət qənimətdür.
89. Fəqirlikdən və bədbəxtlikdən şikayət eyləmə ki, səndən fəqir və biçarəraq aləmdə çox vardur; onlar şadluq edərdilər əgər sənin halında olsaydılar.
90. Allah-təala aləmi məsləhət və nizamə müvafiq yaradubdur. Pəs hamı xəlayiq ola bilməz ki, bərabər olsunlar. Necə ki, bir bədənin özündə o zad ki, gözdən tələb olmuşdur, qulaqdan gəlməz; o zad ki, ağız eylər, əl eyləyə bilməz – hər birisini bir surət ilə xəlq edibdür.
91. İnsanın hər birisinin necə ki, surətdə və səsdə təfavütləri vardur, habelə elmdə və xülqdə təfavütləri vardur. Çün xudavəndi-aləmi həkim bilirüg və irad eyləmək yeri yoxdur ki, neçün filankəsi belə eyləyübdür və filankəsə o qədər veribdür.
92. Çün bir iş ki, sənin mətlubunca surət bağlamaya, dürüst mülahizə eylə: aya, sən onun səbəbi olmamısan?! Çox olur ki, biz işləri əql zabitəsinə müvafiq əmələ gətirmirük, ondan sonra şikayət özgələrdən eyləyirük. Hamıdan bədtərdür, Allahı xeyrə mane güman edüb deyirük ki, Allah vermədi.
93. Ədaləti gözləmək hər halda vacibdür: necə ki, israf, habelə bəxl məzmumdur, əgərçi helm xislətlərin gögçəkraqıdur, amma qəzəb dəxi öz yerində gərək olur. Pəs aqil kişi odur ki, həmişə miyanərövlığı özünə adət eyləsün.
94. Bir günahkarı bir əzabdan xilas etməkdə ki, həqqində tənbeh olmağa layiqdir, çalışma; ondan ötrü ki, özgələr dəxi günah işlərə mürtəkib olmağa cürət bəhəm edərlər və biçarələrə əziyyət edərlər.
95. Bir günahsız adamı bir müsibətə giriftar görsən, hər təriq ilə ki, eyləyə bilərsən, onu qurtarmaqda və kömək eyləməkdə səy qıl, ta ki, Allah-təala özgələri müsibətdə sənə kömək vasitəsi eyləsün.
96. Bədbəxt o kimsənədür ki, bir kəsin həqqində yaxşıluq fürsəti vardur, eyləməyür, ba vücudiki, insan üçün ondan sonra şükr eyləmək vacibdir ki, özü kimi kimsənəyə vəliünnemət olubdur.
97. Əməlsiz və istihqaqsız Allahdan nemət ümidi dutmaq əbəsdür, ondan ötri ki, qeyri-müstəhəqqə əta eyləmək olmaz.
98. Hər iş ki, varundur, özün əncamına mübaşir ol, ya mütəvəccih; ondan ötrü ki, heç kəs sənin xeyrüvi öz xeyrindən artuq axdarmaz. Bundan qəti-nəzər, çün səliqələr müxtəlifdür, müşküldür ki, bir kimsənə bir işi hər cəhətdən sənin rəyüvə müvafiq əmələ gətürsün.
99. Külli işlərdə kömək olmasa, çarə yoxdur, ondan ötri ki, bir nəfərün mübaşir olmağı hamı işlərə mümkün degil, bəlkə bir cüzi işlərə məşğul olmağun səbəbilə böyük işlərdən dəxi qafil qalursan. Pəs lazumdur ki, hər bir işi bir adama tapşurub özün mücməl təriqilə mütəvəccih olasan.
100. İşlərdə mübaşir olmağı öz qüvvətün və qabiliyyətün qədər eylə, nəfsin xahiş edən qədər eyləmə. Gah olur ki, çox istəməkdə azdan qalırsan.
101. Yaxşıluğu hər kəsin halına münasib eylə. Gah olur ki, cüzi zad bir kəsin təbinə böyük zaddan qəbulraq düşsün.
102. Əgərçi bizim üçün işlərdə ixtiyar vardur, amma Allahın qəzası olmasa, bir iş eyləyə bilmənük. Pəs lazımdur ki, öz işimizün tədbirin dürüst edüb ona əncam vermək dövlətin xudavəndi-aləmdən sual edək.
İzahlar:
1. Bu parça orijinalda ərəbcədir və tərcümədə də olduğu kimi saxlandığından, bizim tərəfimizdən dilimizə çevrilmişdir.
2. Əlyazmada oxunmur.
Lüğət:
ləfz – söz, ifadə
xülq – xasiyyət, xarakter
ibarət – ifadə
pərişan – dağınıq, rabitəsiz
təlif etmək - yazmaq
təhqiq – araşdırma, tədqiq
fərzənd - övlad
təklif – vəzifə
təsərrüf – müdaxilə
cari etmək - yaymaq
sübhin tülui – səhərin açılması
hərzəgu – boşboğaz
müzayiqə etmək - əsirgəmək
bavər etmək – inanmaq
şərm etmək – utanmaq
imarət – tikinti
xəfif – yüngül
göftügu - danışıq
məğşuş – qarışıq
tənglik – burada: yoxsulluq
fərağət – rahatlıq
təarüf – zahiri mehribanlıq, nəzakət
təhsin – tərif
həml etmək – burada: aid etmək
müşəvvəş – dağınıq, pərişan
səlah – məsləhət, xeyir
həsəb – ləyaqət, qabiliyyət
nəsəb – nəsil, nəcabət
dudman – ocaq, nəsil
mərdud – rədd edilmiş
təəllüq – bağlılıq
müraat – yola getmək
məzac – xasiyyət
azar - əzab, əziyyət, incimə
bərhəm etmək – alt-üst etmək, qarışdırmaq
ətvar – davranış
göftar – danışıq
bəxil – xəsis
cəza – mükafat, əvəz
həkim – hikmət sahibi
mətlub – istək
surət bağlamaq – həyata keçmək
miyanəröv – orta həddi gözləyən, mötədil
mürtəkib olmaq – törətmək
bəhəm etmək - əldə etmək, qazanmaq
təriq – yol
ba vücudiki – halbuki, baxmayaraq ki
vəliünnemət – xeyirxah, hami
istihqaq – haqqı çatma
müstəhəqq – haqqı çatan
mübaşir – başlayan, girişən
mütəvəccih – diqqətli, diqqət yetirən
mücməl - ümumi
qəza – təqdir
sual etmək – istəmək, diləmək
Davamı