Showing posts with label Transliterasiya. Show all posts
Showing posts with label Transliterasiya. Show all posts

Süleyman Məhəmmədi. ŞEİRLƏR

ALA BİLMƏDİYİM QƏZETLƏRDƏ

Ala bilmədiyim qəzetlərdə,
dərgilərdə
nə yazılmışdı görəsən?!

Ögey qalmış bu şəhərdə
mən heç köynəyimi köhnəltmədim,
yaşamadım arzularımı.

Ağzını çəkib bağlamış
mağazalar içində
manekenlərin sabahlara çıxış planları
və sinemada yeni bir film afişləri
daha dayandırmır məni.
Bilirəm, məni sevindirən sevgilər
çox uzaqlardadır.

Qorxuram
burdakı küləklərdən:
hardasa birinin alov səsinə
oxşayır.
Sahilində iz salmadığım dənizlər
səsləyir ayaqlarımı.

Tələsirəm biləm bu anda,
biləm yer kürəsinin
hansı daşına
ayağım dəyib, dəyməyib.
Hansı cığırdan
izim pozulub, pozulmayıb.
Tələsirəm
səni tapam...
Ömür küləklərdən daha tez sovuşur.
Gəzirəm,
yuxularda qalmış
yeni izlərini
sayaqlayam...

Ala bilmədiyim qəzetlərdə,
dərgilərdə
nə yazılmışdı görəsən?!


BIÇAQ

Mən səninlə keçməmişəm
sərv meydanından,
qərənfil küçəsindən.
Mən səninlə ötməmişəm
sevgi xiyabanından.
Pəncərələr divarlanıb,
qapılar qusub adamları meydanlara.
Əlləri işli,
beyni işsiz adamlar.
Arxamca min ağız
kürəyimə bıçaq kimi işləyir.
Mən dinmədən
ulduzlu bir axşamın
özləmində
göynəyirəm.


PAYIZ

Çəltik saralıb,
biçilib.

Ətrində bu çəltiyin görürəm
dolaşan payızı.
Bu çəltikdə ağzında mahnı gəzdirən
qadın, qızlar
hardadır indi?

Qadınlar payız,
qızlar payız,
mahnılar payız.

Günəşin dodağında hər səhər oxuyan
quşlar
hardadır indi?
Nə doğuşda oxudular,
nə batışda Günəşi bu payız.
Günəş də payız,
quşlar da payız.

Səni görərdim:
o yalqız ağacdan aslanan
uşaq beşiyin laylalarla
yellərdin.
Sən yoxsan, səsin də yox.
O yalqız ağac payız,
o beşik payız,
laylalar payız.


Davamı

İbrahim Savalan. BİR DAHA TUTULSAM…

Qızım, mən sənə
nə mahnı öyrədəcəyəm
nə yad dildə sürud
nə də Quran
get hər nəyə inanırsan inan

mənim sənə payım
kiçicik bağça
və neçə güldan

toxum ək
su səp
hər gün Günəş durmadan oyan
sərçə səsinə
sarmaşıq həvəsinə
mən sənə nə salam öyrədəcəyəm
nə sağollaşma
yalnız çiçək becərmək öyrədəcəyəm
çiçək becərmək

***
Qızılgül qönçələyib
yaz çıxmadan buraxılsam
Beş alı ağacı əkəcəyəm
Kiçik bacıma
“hər gün bunları suvar”
söyləyəcəyəm.
Tarlamızın göy tablosuna
ulduz, Ay çəkəcəyəm.
Axı bizim yoncalar
Ay işığında ucalar.

Bir daha tutulsam
tutulacaq tablodakı Ay.
Məktub yazacağam kiçik bacıma
salam göndərəcəyəm alı ağacıma
Sonra yazacağam
tapda mis qazanları
cin qaçsın
Ay açsın.


Davamı

Sima Didar. ŞEİRLƏR

TANRIM

“Bütlərə tapınmayın”, – dedilər –,
Tanrımız vardır bizim!”
Vurub sındırdılar bütlərin hamısını,
Tanrını zəncirlədilər.

İndi isə mən
ac qalmış gözlərimin körpəsinə
axtarıram sevgilərin anasını.
Kimə yalvarmalıyam,
mənim Tanrım,
dörd divar arasında
dustaqlanıb?!


GÖZLƏRİNDƏ

Tanış oldum gözlərində,
bir pəncərə dəniz ilə.
Gözlərini bağlamasaydın,
boğulacaqdım!


İTİRDİYİM

Axtarıram
param-parçalanmış boşqablar arasında,
kirlənmiş fincanlar içində,
üzü qaralmış itirdiyimi.
Harda itirdim mən onu?
Neçə saniyə,
neçə ildir?
Bəlkə də tarix boyu itmişdi elə,
olmaya heç tapılmaya,
itirdiyim qadınlıq!


Qaynaq (ərəb əlifbasında): http://simay.blogfa.com/


Davamı

Bəxtiyar Muğanoğlu. KƏLBƏCƏR

Müdrik babaların miras qoyduğu,
Necoldu qeyrəti, arı, Kəlbəcər?!
Uca dağlarında bayquş banladı,
Çapıldı, talandı varı, Kəlbəcər.

Tapdağı olmusan yağının, yadın,
Külüngünün səsi gəlmir Fərhadın.
Vətəndən didərgin düşmüş övladın,
Qan ağladı səndən sarı, Kəlbəcər.

Qaçqına, köçkünə döndü hər kəsin,
İdrisin, Qəmkeşin ucaltmır səsin,
Yaqubun oxumur “Mənsuriyyə”sin,
Susubdur kamanı, tarı, Kəlbəcər.

Sazla haray-həşir salır Ədalət,
Şəmşir yata bilmir məzarda rahət,
Dünyadan həsrətlə köçdü Sücaət,
Bəhməni itirmə barı, Kəlbəcər.

Xocalı talandı, Şuşa da yandı,
Göyçənin fəryadı ərşə dayandı.
Muğanoğlu deyər, ölləm, amandı,
Çağır gəlsin dostu, yarı, Kəlbəcər!



Davamı

İKİ ŞAİR, İKİ ŞEİR – 2

Zaman Paşazadə. AĞAC

Dallanmış, budanmış bir ağacam.
Ucun tutub ucuzluğa ucalmış
bır ağac!
Nə kəndir bağlanacaq budağım var,
nə yaşam duyuracaq yarpağım.
Köküm hardasa unudub məni
və calaqlanıb yelpənəklər kötüyünə!
Və sən
ətəyimdə torpaq çərtərək,
cücərirsən çiçək-çiçək.

Hələ bəlli deyil
quş əkməyimisən?
Çinarmısan?
Almamısan?
Nəsən, nəsən,
nəyin nəsisən?!
Kölgə‎si sehirli çinarlığın da məni maraqlandırmır.
Qızıl almalığın da mənə gərək deyil.
Göyərirsənsə,
sarmaşıq ol;
sar məni,
sarıl mənə.
Əl atıb ucalacağın heykəl məndən
və mənə yaşam verəcək yarpaq səndən.
Dirək məndən,
bayraq səndən.


Qadir Cəfəri. ŞEİR

Günəş gülümsəmirsə də, sevgilim,
bircə sən gülümsə.
Yetər ki, onda
gülümsəyər bağçamızda çinarlar,
çinarda sığırçınlar.
Dəniz gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
akvariumdakı balıqlar baxıb uzünə
gülümsəyəcəklər,
gözlərində dənizi görəcəklər.
Ormanlar gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
yellər çalacaq ormanda sevinc mahnısını
və titrək-titrək
oynayacaqlar yarpaqlar.
Torpaq gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
bitkilər bitəcək sənin gülüşlərindən,
sehirli lobya birisi.
Onda çıxıb
öldürəcəyəm günəşi dustaqlamış qara divləri,
sonra buludlanacağam,
yazın isti nəfəsini eşidəcək ormanlar.
Və bunların hamısı sənin gülüşündən bitəcək,
sadəcə gülüşündən.


Qaynaq (ərəb əlifbasında):
http://www.uchluk.blogfa.com/post-6.aspx
http://www.qaranfil.blogfa.com/post-58.aspx






Davamı

İKİ ŞAİR, İKİ ŞEİR

Seyid Cavad Əbuturabi. NİYƏ GƏLİRSƏN?!

Eşitdim gəlirsən yoxlamağıma,
Bu soyuq ocağa niyə gəlirsən?!
Gəlmə, gəlməyinə razı deyiləm,
Yoxu yoxlamağa niyə gəlirsən?!

Bənzərəm dənizdə sınıq beləmə,
Düşmüşəm girdaba, batmışam qəmə.
Arzumun əkini gedib vəğəmə,
Batmışam alağa, niyə gəlirsən?!

Uca dağdan dımırlanan daş kimi,
Qara gözdən yerə süzən yaş kimi,
Başından sallanan uzun saç kimi,
Düşmüşəm ayağa niyə gəlirsən?!

Obası dağılan yiyəsiz dağam,
Ceyranı ovlanan ovsuz ovlağam,
Gözəsi quruyan susuz bulağam,
Qurumuş bulağa niyə gəlirsən?!

Dilim qıfıllıdır, dodağım dağlı,
Qollarım cidarlı, qıçım badağlı,
Pozulan bağlar tək qapısı bağlı,
Pozulan bir bağa niyə gəlirsən?!

Ağacda çürüyən sınıq budağam,
Eldən alahıyam, yardan uzağam,
Başmağı cütlənmiş gedər qonağam,
Qonaq bir qonağa niyə gəlirsən?!

Dünən tanış idim, bu günü yadam,
Boyaq kimi yaddan çıxan bir adam,
Savalan şairi, qoca Cavadam,
Bayağam, bayağa niyə gəlirsən?!


Yusifəli Güldəstə (Qoca). ALLAH!

Min bir dərdi şələlədim,
Cınağıma çatdım, Allah!
Vətən boyda bir nisgili,
Öz sevgimə qatdım, Allah!

Susadılar al qanıma,
Çatlar düşdü dabanıma,
Daş atdılar ünvanıma
Başı qalxan tutdum, Allah!

Bu yaşamsa, ölüm nədi?
Qeyrət dişim dil çeynədi.
Yaladım, yaram göynədi,
Qara qanlar uddum, Allah!

Yuyulmadım sellər ilə,
Əyilmədim yellər ilə,
Namərd dostun əllərilə
Böhtanlara batdım, Allah!

Qoca tək doldum günaha,
Taleyimdən sındım daha,
Bu dünyanı ucuz-baha,
Bir manata satdım, Allah!




Qaynaq (ərəb əlifbasında):

http://javad-abootorabi.blogfa.com/

http://golargoja.blogfa.com/







Davamı

Ərəstu Mücərrəd. BOYALAR RƏQSİ

Tutuşur əski məzarların adsız baş daşı kimi gələn günlər, ağlımda. Anlam itir şüşə binaların örtülü pəncərələri arxasında və təpəli kəndlərin yanar yamaclarında saxsı kuzələrin ömrü boşuna ötür. Nə quyu, nə də ki su. Sönür bu yolların yalnız ulduzu da və qırmızı dənizin dalğaları susur. Kimə söykənəcək bu küləklər, indi ki itirilmiş tüfənglərin tətikləri çəkilməyəcək bir daha və atılmış sevgi yollar ayrıcında bölünəcək.
Tutuşur əski məzarların adlım meyitlərinin hayı başımda və dolur havaları yalın ayaqlarıma. Qaçımmı özümdən, yoxsa plyajların sevinc köpüyü püskürəcək sabahına, dayanımmı?!

Deyil, mən inanmamışam boyaların alovlu rəqs eləmədiklərinə, mən inanmamışam büllur səslərin endiklərinə. Sönərsə də yapayalnız ulduz və susarsa da qırmızı dalğalar, yenə qızaracaq batı uzaqları və tətiklər çəkiləcək şar topları havaya atılırkən sevinc partlayışında. Bax, plyajlar köpüklənir və boyalar rəqsə gəlir, görmürsən?!

Qaynaq (ərəb əlifbasında):
http://www.yenilik.blogfa.com/post-172.aspx

P.S. Bu yazı Sima Ənnağının istəyi nəzərə alınaraq, latın qrafikasına keçirilmişdir – M.M.



Davamı

Rza Bərahəni. TƏBRİZ ŞEİRLƏRİ

Xəbər verildiyi kimi, dünya şöhrətli yazıçı Rza Bərahəni bir qrup Güney Azərbaycan ziyalısı ilə birlikdə Bakıda səfərdədir. Bu münasibətlə böyük yazıçının doktor Əli Qərəcəlu tərəfindən dilimizə tərcümə olunmuş “Təbriz şeirləri” silsiləsini müəyyən redaktə ilə latın qrafikasına çevirib sizlərə təqdim edirəm.

1.
Qadınların başından çadralarını qaçıran
yaşıl bir yel
və əziz bir xatirə.
Sən hələ
ordasan
ki, iyirmi il qabaq Təbrizin o küçəsində idin.
Yunusu udan
balıqdır
çadra.

2.
Mənim xalqım
səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə
tüfəng
ələ alıb savaşmış;
tüfəng
illər boyu
əlində idi illər boyu.
İndi
qorxusu yox
əgər
sükut eləmişsə;
çünki
ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək
ki, çiçəklənir,
gül açır
və ürək
irilikdə
meyvələr də verir
səmimiyyətlə.

3.
Gecə yarısı
təpə başında
qəhvəxanada
yoldaşlarımla
mən
Savalan balı
yedik.
Qulaq asdıq
kəndin
itlərinin hürüşlərinə.
Şeir oxuduq
və zindandan
danışdıq.
Kəsdi sözümüzü
qəhvəçinin ağlaması.
O,
türkcə cəh-cəh vuran xanəndəyə
qulaq asırdı;
Ki külək dalğalarında uzaqdan gələn irmaq səsi
kimi
gəlirdi.
Biz daha
heç
danışmadıq

4.

Səhərləri
qızarmış çörəyə bənzər Təbrizin.
Günortası
quzu kababına bənzər Təbrizin;
böyründə isti qan damlası ilə.
Axşamları
buz kimi vodkadır, yandırar;
belə ki, sən
bağıraraq evə gələrsən.
Və gecə yarısı
sanki bir qadındır pərqu balış tək;
başını üstünə qoymadan yatarsan.
Oyandığında
Təbriz işıq fəsillərinə bənzər.

5.
Sən ki Şərqin ilk inqilabını
güclü qolların üstündə qaldırdın,
Uca alnın daha da ucalsın, ey şəhər!
Ey hərəkətin cəhəti,
ey mənim davamım,
ey mənim köküm.
Günəş
düz sənin köksündən göyərir;
mən hətta sənin qəbiristanlıqlarını da sevirəm.

6.
Səndən danışanda
kağızım qurtarır;
mənə başqa bir kağız ver –
böyüklüyü göy qədər
ki, səndən yenə
başqa sözlər danışım.

7.
Yanında yaşamaq sənin
Günəşin yanında yaşamaq deyil,
ondan üstündür.
Uzaq yaşamaq
cəhənnəm kimidir;
daha yaman bəlkə də.
Ey mənim cənnətim, hansı şəhərin bacısısan
ki, şeirimi onun ayaqlarına səpim.

8.
Sənin adının musiqisi yanından
bir kişi keçir rəngbərəng bülbül qəfəsiylə
(səslə adımı, adımı səslə).
Müzəffəriyyə dalanında
xalçanın ipəyi dəli olub,
sındırıb sükutu, danışır;
sən ipək təsvirlərin dilisən
(səslə adımı, adımı səslə).
Rastaküçədə
su kranını açdı bir qadın;
heç zaman su vedrəyə tökülməmişdi bu sürətlə
(səslə adımı, adımı səslə).
Görünür divar üstündən
dəvənin boynu və hörgücü;
dəvələr hündür, divarlar qısa
(səslə adımı, adımı səslə).
Palçıqla suvanmış divarları belə şirinlətdi
qızlarının bal rəngli gözləri
(səslə adımı, adımı səslə).
Qardaşımdır mənim
kişnəyən at;
küçədən keçən tovuz
bacımdır mənim
(səslə adımı, adımı səslə).
Dəhrə
xırdaladı şişəyin sümüklərini;
o ətdən mən yazığa da verin bir tikə
(səslə adımı, adımı səslə).
Güləşir
meydançada “şir-balıq”larımız;
düşünür qadınlar onların qollarını
(səslə adımı, adımı səslə).
Dünyanın ən qalın kitabıdır
Ərk,
durub qarşımızda
bizim dik;
tarix sənsən
(səslə adımı, adımı səslə).
Çay qırağında
bir kişi
qaynatası ilə gəlir,
arvadı ilə gəlir,
atası ilə gəlir,
oğlu ilə gəlir,
anası ilə gəlir,
qızı ilə gəlir.
Yuxarı çıxır inqilab pillələrindən mənim elim;
Adın ulduzlarla dolsun, ey Təbriz,
(səslə adımı, adımı səslə).

9.

Çiçəklənən dan yeri
və büllur bülbüllər
və yoxsulluq, quduz yoxsulluq
sənin çöhrənin ətrafında
yarı tutulmuş Ay kimi daim dolanan
bir təzad.
Cavan bir qadına bənzərsən
gözəl,
rəna;
Ki əndamını köhnə paltarla örtmüş.
Xalqın bu məsəli necə də doğrudur burada:
xarabada yatan xəzinəyə bənzərsən.

10.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!
Orada bir balaca otaq var
Uzun, qədim, dolanbac küçələrə açılar.
Mən ilk qəzəlimi
O otaqda yazdım.
O balaca otağı mənim üçün saxla;
Ya da dərin bir qəbir qaz
qırmızı köksünün içində.
Bax, şairin cənazəsi
söz izdihamının
və ən seçkin şeirinin
çiynində gəlməkdə.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!


Farscadan tərcümə: Əli Qərəcəlu



Davamı

Rza Kazımi. HAVAYA PİLƏDİYİMİZ FATİHƏLƏR

(hekayə)

“Ora daha biz üçün qürbət deyil”, – rəhmətlik böyük atam dedi.

Onların qəbirləri bizimki kimi deyil. Siman* bölüklərini yan-yana düzürlər, məsələn, olur qəbir. Həmi də tanışların başı üstə fatihə verə-verə bu başından o başınacaq gedib çıxdığımız öz qəbristanlarımız kimi deyil ora. “Behişti-Zəhra”** özü üçün bir şəhərdir. Neçə-neçə xiyabanı var, buranın xiyabanlarının tayı yox ha, elə bil asfaltı gecəynən gətirib töküblər ora. Biri tanımayan olsa, heç yüz ilə də tapa bilməz öz adamını. Bir dənə, iki dənə deyil, bizim şəhərin adamları qədər qəbir daşı var orda. Rəhmətlik Qotaz bəyin qəbriynən Xatının qəbri arasında üç xiyaban fasilə var. Xatını basdırandan sonra Qotazın da torpağı üstünə gedib fatihə vermək istədik, ancaq hara gedəcəkdik. Dedilər, onun qəbrini qız nəvəsi yaxşı tanıyır. Uzaqdan-yaxından gələn qonaqların arasında nə qədər onu gəzdiksə, gədəni tapa bilmədik. Axırda öz Məşə Bayatımız dedi, elə uzaqdan-uzağa fatihəni oxuyub havaya piləsək, yel onu aparıb yerinə yetirər. Biz də göz işlədikcə bir-birinin yanına düzülmüş qəbirlərə baxa-baxa həmd-surəni oxuyub pilədik. Mənə elə gəldi ki, gecə çörəyinə möhtac olan xeylək adamın qonşuluğunda kabab bişirirəm öz adamıma.

Özü də qəbirlərin onundan doqquzunda ölünün şəklini qoyublar daşın baş tərəfinə. Ata-babalarımız düz deyirmiş, axirəzzamanda Əzrail qocalardan çox cavanları xirtdələyəcəkmiş. Cavanların şəklinə baxanda, ürəyim toxtayırdı bir az. Rəhmətlik Xatın altmış ilə yaxın yaşadı bu dünyada. Hələ Tehrana köçməmişdən qabaq, qəşəng yadımdadır, bel-buxunlu bir qadın idi özü üçün. Neynəyirsən, qəbrə qoyanda, beli-zadı bükülmüşdü rəhmətliyin. Qəbir də deyəndə, iki siman bölüyü. Hələ deyirdilər, bir-iki təbəqə də onların üstündən tikəcəklər. Dövlətin əlindən hər iş gəlir. Özü də ora Tehran deyərlər, gündə bilirsən neçə nəfər adam ölür? Allah göstərməsin, elə yaslı adamdır minibus-minibus axışır Behişti-Zəhraya. Mürdəşirxanası nə boyda olsa yaxşıdır? Haranı deyim, bizim şəhrdarimiz*** onun yanında heç zaddır. Cəsədi yumağa verməyə də növbətə dayanmalısan. Orada hər iş görmək istəsən, ayın-oyun almaqdan tut otobusa minməyə kimi, sırada durmalısan. Xatından qabaqkı ölü pota bir kişi idi. Onu arvadının çadrasına bükmüşdülər. Adamları deyirdi, qəlbi dayanıb birdən. Heç beş dəqiqə sovuşmamış, bizdən sonra, ayrı bir ölü də gətirdilər. Yanılmasam, dədə-nənəsinin bircə oğlanı idi elə bil. Bacıları özünü öldürürdü lap. Biri, bilmədim nəyi idi, iki yol ürəyi keçdi o belə naməhrəmin qabağında. Gözüm əvvəl-axır elə orda doldu bir az. Arada Məşə Bayatnan çıxdıq siqar çəkməyə. Yarım saata yaxın orda durduğumuzda, ölülər elə bu cür, təsbeh dənələri kimi düzülürdü bir-birinin dalıyca. Xatını öz yorğanına bükdüyümüzə görə, onu uzaqdan-uzağa da yorğanın iri güllərindən seçmək olurdu. Xatını yuyub kəfənləyənə kimi, biz təzə yonulmuş bir qəbir daşının üstündə əyləşib siqar çəkdik dalbadal. Mən beşini tüstülədim, siqar çəkməyən Məşə Bayat da ikisini. Adına görə, üstündə əyləşdiyimiz qəbrin içindəki zənən xeylağı idi. Nə bilim, bəlkə də qız imiş rəhmətlik. Mürdəşirxananın o biri qapısından Xatının Tehrandakı nəvələri bizə əl eləyəndə, biz siqarlarımızı söndürüb meyit namazı qılmaq üçün durduq ayağa. Getməmişdən qabaq bayaqkı qıza da fatihə oxuduq Məşə Bayatnan. Namazımız heç beş dəqiqə çəkmədi. Pişnamaz namazı qurtarar-qurtarmaz bizdən pulunu alıb o biri ölünün sorağına getdi. Özü də bir dənə, iki dənə yox ha, onun kimi neçə-neçə adam işləyir orda. Tələm-tələsik qıldığı namaz ancaq canımıza sinmədi əslən. Allah Xatına rəhmət eləsin, burda ölsəydi, öz məscidimizin mollası cənazəsi üstə namaz qılımışdı indi. Meyitə elə namaz qılır, adam deyir, ölünü behiştə yola salır. Öləndə də, adam öz şəhərində ölsün! Hə, Xatını çiynimizə götürüb ambulansın içinə qoyduq. Çox adam gəlmişdi uzaqdan-yaxından. Biz üç minibusnan cənazənin dalına düşsək də, qohumların bir neçəsi öz maşınlarıynan gəlirdilər. İnanmazsan, sonsuz adamların yası kimi minibusun içində oxşamadan-zaddan xəbər yox idi heç. Kişili-qadınlı hamı düz-düz əyləşib böyründəkiynən pıçıldaşırdı. Minibusun harda saxladığını bilmədim axırda. Mürdəşirxandan iki xiyaban o yanlıq idi, yoxsa üç xiyaban? Yadımda qalmadı heç. Xatını basdırıb qayıdanda, qəbrinin adresini nəvələrinin birinə yazdırdım. Bax, budaha, qoymuşam sicillimin**** arasına. Qotaz bəyin qəbrini axtaranda, Məşə Bayatın oğulluğu: “Heç öz uşaqları ildə-ayda bir dəfə də getmirlər dədələrinin torpağı üstə” – dedi bizə. Mən gördüyümü gördüm, heç kəsi qınamaq olmur. Orda elə evindən çıxıb qəbir üstə getmək üçün nəm neçə saat vaxt ayırmalısan. Hələ qayıtmağın da qalıb Allaha. Toz-tüstünü demirəm, xiyabanlarda bəyəm maşın əlindən iynə atmalıdır yerə? Qəbrinə nur yağsın, axırı bilmədim Xatın nə üçün buranı qoydu getdi ora. Rəhmətlik bir dəri olmuşdu, bir sümük. Orda nə tez qocalarmış adam. Üstünə yenə siman bölüyündən qoydular. Xala xətrin qalmasın deyə, onun üstünə də bir az sarı torpaq tökdülər. Di qurtardı getdi. Hər nə bolluq olsa da, sən demə, Tehranda torpaq qıtlığı var imiş. Qəbristanda da torpaq tapılmasa, daha heç zad. Ölünün başına neçə ovuc torpaq səpib hər nə başdan olur olur orda. Torpaq da deyəndə, sən torpaq eşit, sapsarı qum gör. Gələn seri***** Tehrana dönsəm, bir torbalıq torpaq götürəcəyəm öz qəbristanımızdan. Buranın torpağına Kərbəla türbətindən qatıblar. Rəhmətlik nənəm deyərdi, altı dəvəyə yükləmişdilər türbətləri. Odur buranın torpağını ovcuna alanda, məxsus bir iy qalxır ondan. Deyirlər, hər kəsin kəfəninə bir az Kərbəla torpağından qoysan, qəbir sıxıntısından qurtarar cənazəsi. İndi orda Xatın yolumuzu gözləyir bizim. Özü də Xatından sonra, Qotaz bəydən sonra gör neçəsi Behişti-Zəhrada basdırılıbdır. Bu dönə səni də özümnən aparacağam Tehrana. Sən cavansan, Qotaz bəyin də qəbrinin yerini tez öyrənərsən. Amandı, fəqət burdan götürəcəyimiz torpaq yadından çıxmasın...

___
* Sement, beton
** Tehranın ən böyük qəbristanlığı
*** Şəhər bələdiyyəsi
**** Pasport
***** Dəfə


Qaynaq (ərəb əlifbasında): http://www.1001gece.blogfa.com/post-78.aspx


Davamı

Aydın Araz. SAAT, ALTIDA DAYANMIŞDI

(Hekayə)

Atilla İskəndaniyə

Qaranlıq pillələri enib dükanın aşağı çəkilmiş kirkirəsini döydü. Qoca gahdan yatmağa evə getməzdi, qalardı dükanın içində, radioya qulaq asıb siqar çəkərdi dalbadal.
- Aç, mənəm – dedi Əmir.
Qoca uzun, incə barmaqlarını məftillərin arasına salıb kirkirəni çəkdi yuxarı. Əmir boynunu azca əyib girdi dükana. Siqar tüstüsü divarda yanan kiçicik çırağın başında burulub fırlanırdı. Divardan köhnə-köhnə, işdən düşmüş saatlar asılmışdı. Neçəsi də işləyirdi. Təkcə radionun sönük olduğunda, əqrəblərin tik-tak səsləri eşidilirdi.
- Yorulma! Bağla gedax çay qırağındakı şama. Bu gecə Ay doludu, işıxdı! – dedi Əmir.
Əmir boynuna kiçik naldan olan bir boyunbağı salmışdı. Sağ qulağının üstündə həmişə bir gilə siqar var idi. O ancaq siqar çəkməzdi.
Qoca siqarıyla başqasını alışdırıb qapını qıfılladı. Kirkirəni çəkib pillələri çıxdıqlarında, başını qaldırıb fələkədəki saat binasının əqrəblərinə baxdı. Saat altını göstərirdi.
- Hər gecə sahat on ikidə bu sahat altı sahat qabax, altı sahat da dalıdı – gülümsəyərək dedi Əmir.
- Buyün onuncu ixtarı da verdilər. Amma düzətməyəcəm – dedi qoca.

Şəhərin təkcə saatçısı idi qoca. Saat binasının saatını otuz-otuz beş il öncə bir almanlıyla birgə qoşmuşdular. Almanlı qadınıyla gəlmişdi. Dostluq qurmuşdular qocanın ailəsiylə. Saatın qılığını almanlıdan sonra yalnız qoca başarırdı.
Şəhəri ikiyə bölən quru çayın üstündə taxtalarla düzəlmiş titrək körpüyə yetişdikdə, qoca Əmirə dedi:
- Əvvəl sən keç.
- Ay doludu, çay doludu, Ay doludu, çay doludu – körpünün üstündən keçərək söylədi Əmir.
Körpünün o başına yetişdikdə əlinin tərpətməsilə qocaya “gəl” dedi.
Körpü hələ titrəyirdi. Qoca asta-asta körpünün üstündə yeriyib, hərdən də dayanırdı. Qocanın ağ sar-saçı Ayın işığında parıldayırdı. Sərhəd çaya yaxınlaşdıqca, cırcırların səsindən azalıb suyun gurultusuna artırılırdı. Çay sərhəd olduğuna görə qoruqçuluq bürclərindəki sərbazlardan gizli gəzməli idilər. Onlar adamdır, atdır, yoxsa nəmənədir bilməzdilər. Vurardılar.
- Alnında ağ bir xal var, quyruğu xalis ipəkdəndi. Onu da özümünkü eləsəm, elə keflənərəm ha... – dedi Əmir.
Qoca baxırdı çayın o tayındakı qoruqçuluq dəkəlinə. Yəqin içində bir qoruqçu sərbaz barmağını maşa üstündə saxlayıbdır. Orda tərpənən balaca işıq da gizlicə çəkdiyi siqarın işığı idi.
Əmir qocadan neçə addım öndə yeriyirdi. Çayın ləpələri daşa dəyib daşlanırdı Əmirin potunları üstünə.
- Yorulma ha, az qalır – dedi Əmir.
Qoca özünü Əmirə yaxınlaşdırdı addımlarını yeyinlədərək.
Şamda qamışların boyu adam boyundan da uca idi. Qıçlarını yarımçılıq büküb oturdular.
Qoca Əmirin saqqalına düşmüş dənlərə baxırdı. Həmişə gözlərini bir yerə zilləyib fikrə dalanda, həndəvərinin səsinə kar olurdu qulaqları.
Əmir əlini qocanın çiyninə vurduqda, yuxudan diksinən kimi birdən yerindən tərpəşdi.
Əmir gülümsəyərək:
- Hə! Genə də İsmayıl yadıva düşdi? Unut ey! Yadında, mən havax Leylanın yadına düşüb ağlayanda, hammız qınayırdız məni?! O qədə onu yadıma salıb ağladım ha, daha ağlamıram. Çünki ölülərə niyə garah ağlıyax? – dedi.
Qoca Əmirin sevdalı günlərini xatırladı. Leyla ilə Əmir gizli sevgi yaşadırdılar. İsmayıldan sonra, heç kəsin xəbəri yox idi ilgilərindən. Bir yay günündə Leylanın qardaşı onları şamda sevişərkən görmüşdü. Qeyrət damarları şişib onu öldürmüşdü. Hələ neçə iləcən Əmiri də öldürmək qəsdində idi. İsmayıl aylarca Əmiri gizlətmişdi evlərinin zirzəmisində. Elə o günlərdə qoca onun ağlamaqlarını görmüşdü. Toxtaq verərdi ona. Çox ağlayanda da, qınayardı onu.
Qoca çiynindən Əmirin əlini götürüb əlinin içində sıxdı:
- Elədir! Ağlamazlar. Ancax hərdən olmur, Əmir... Qocaların gələcəkləri yox. Ona görə keçmişləriynən yaşayallar. Acı olsa da, şirin olsa da. İsmayıl qalsaydı, indi onun da saqqalı ağarmışdı yəqin.
Əmir qamışların arxasında gizləndi. Səssizcə qamışları aralayıb qocaya:
- Bax! Ay işığında Domrulun belindən eşiyə vuran damarlar nə parıldayır! – dedi.
Qoca gülümsənib:
- Niyə adını Domrul qoyubsan? – dedi.
Əmirin gözləri atdan dönməyərək:
- Dəlidi, onunçün – dedi.
Əmir atları çox sevərdi. Vəhşi atları şamdan tutub əhli eləməyə çalışardı.
Əmirlə İsmayıl iki can dostuydular. Qoca isə İsmayıldan sonra yalnız Əmirə elədiyi məhəbbətlərlə atalığını duya bilirdi. Qocanın qadını İsmayıldan sonra dığlayıb ölmüşdü.
- Gözəl atların var – dedi qoca.
Əmirin gözləri sevincdən parıldayırdı. Qoca çayın o tayında dəkəldən uzaq olan Qafqaz dağlarına baxırdı. İkinci Dünya Savaşının tozunu-tüstüsünü hələ də duya bilirdi o dağlarda. Almanlı dostu saat dəndələrini buraxıb tüfəng götürmüşdü əlinə. Alman ordusuyla Qafqazın dağlarında küləyə ilişmişdi. Qolunda xaç sınmışdı. Gülümsəmələri donmuşmuş yanaqlarında. Nə bəlli, qarların içində donubdur illərdir. Ayaqları ora çatsaydı bir gün bəlkə onun cənazəsini qarların altından çıxardıb gətirərdi İsmayıl ilə arvadının yanında quylardı.
- İsmayılı bir yol itələdim çaya şuxluq üçün. Az qalırdı boğulsun. Amma boğulmadı ki. O, igitdi – bir qamış sınığıyla çayın qırağındakı nəmli torpağı cızarkən dedi Əmir.
Qoca Əmirin yaxşı yadında olmadığını bilirdi. Onda İsmayıl səkkiz yaşındaydı. İkinci kilasda oxuyurdu. Sınaqlara özünü yetirə bilmədi. Qıçı iyirmidən artıq bəxyə yemişdi. Yaxşı hələ qıçı ilişmişdi çayın işindıki tikanlı məftillərə, yoxsa su aparmışdı İsmayılı.
Qoca dilaltı:
- İgit idi – dedi.
- Görürsən? Domrulun qabağında dizə çökmüşü deyirəm. O at satmalı deyil. Onu tutsam ha, sənə pay verəcağam, söz verirəm – dedi Əmir.
- Onun da adı var, Əmir? – dedi qoca. Qurşun səsi gəlirdi uzaqdan.
- Hə! Onun da adı İsmayıldı da... Görmürsən nə igitdi? – Əmir dedi.
- Daha gedax, Əmir xan – dedi qoca.
Ay işığı çayın suyunda dalğacıqların bıcağıyla doğram-doğram olurdu. Gecə yarısı, qurşun səsi gəlirdi uzaqdan. Onlar şəhərə dönürdülər. Qorxu Ay işığı tək yayılırdı həndəvərlərinə.

2

Qoca açarını burub evinin qapısını açdı. Evə girdikdə, fərmandaridən gələn ixtar kağızlarını rəfdən götürüb bir daha oxudu. Hamısında bir şey istənilmişdi ondan. Ancaq son kağızlarda xahişlərin yerini hədə-qorxular tutmuşdu. Dərbar vəziri gələcəkdi şəhərə. Abırsızlıq idi saatın təmir olunmaması. Bu balaca şəhərdə təkcə gözə çarpan bina saat binası idi. Qoca saatı işə salmaq istəmirdi. Bunu şəhərdə hamı bilirdi. Kimsə nədənini bilməyirdi ancaq. Üç ildən artıq idi saatın işdən düşməsi. Bundan öncəki fərmandar da qocanı bu işə razılaşdırsın deyə çox çalışmışdı.
Əmir fışqa çalarkən, qocanın qapısı dalında dayanmışdı. Qoca fışqanın səsini eşidən kimi həmişə qapını açardı.
- Gə içəri, Əmir.
- Domrulnan İsmayılı doyunca tumarladım, gəldim – əlini tutdu qocanın burnunun önünə – elə bil İsmayılın iyisi gəlir – dedi Əmir.
Otağa girdilər. Qoca divara ponislənmiş şəkildə oğlunu əlindən yapışmışdı. Almanlı da gülümsəyirdi. Hamısı durmuşdulər binanın önündə. Almanlının kamerasıyla çəkilmişdi şəkil. Saat ilk dəqiqələrini vururdu o şəhərdə. Əmir barmağını şəkilə çəkib: “Hamısı öldülər, səndən sonra” – dedi. Qoca heç nə demədi.
Əmir barmağını almanlının üstündə saxlayıb:
- Bu sarı kişi axı Hitlerin ordusunda nə iş görürdü. Birini istir desin, get sahatıvı düzət daa, məyə yox?! – dedi.
Qoca əlini başına apararaq dərin bir ah çəkib:
- Döyüşə getməmişdən qabax məktubunda yazmışdı, mən istəmədən gedirəm. Yazmışdı burda orduya qatılmayanların qapısında “satqın” yazırlar, işəyirlər qapı-pəncərələrinə, çörək satmıllar olara. Qalmax getmaxdan da çətin olub. Yəqin ki, Qafqaz dağlarında donub cənazəsi. Axı yazmışdı diri qalsam, genə məktub yazacağam. Mən ki almanca başarmıram. Yazıx İsmayıl oxuyub çöndərmişdi mənə. Lisansını almağa qoymadılar. Əlimdən aldılar onu... – dedi.
Əmir birdən ayağa qalxıb:
- Mən gedirəm şama – dedi.
- Hər gecə şam?! Gəl gir yat. Bir az özünə fikir ver, oğlan – dedi qoca.
Əmir başını aşağı salıb otaqdan eşiyə çıxdı.

3

Qapı döyüldükdə gün təzə çıxmışdı. Qapını döyənlər isə kəlantəridən gəlmişdilər. Qolunu zəncirləyib apardılar.
Qocanın gözləri kəlantərinin girəcəyindəki saata sataşdı. Saat, altıda dayanmışdı. Saniyə əqrəbi yerində çırpınırdı, ancaq yerimirdi. Batrisi var imiş yəqin.
Qarnıyoğun bir ustuvar qocanı tapşırdı sərbazın əlinə: “Gədəni öz sayağımızla razılat saatı düzətməyə. Fərmandar istəyir..” – dedi.
Dediklərinə görə, yalnız üç gün qalırdı vəzirin gəlməyinə. Kəlantərinin təkcə selulunun içindən nəm iysi gəlirdi. Qolu bağlı qocanı səndəlidə oturtmuşdular. Qaranlıq idi. Ancaq dəmir daraqların arxasından işıq sızırdı içəriyə. Sərbaz əlindəki kabel ilə qocanın kürəyindən vururdu. Qocanın beynindən İsmayıl keçirdi. İsmayıl edam olunmamışdan öncə neçə gün burada işgəncə olmuşdu.
Zəncirli əllərinin üstündən vuranda, selulun dar pəncərəsindən baxan ustuvar sərbaza:
- Dayan, – dedi – əllərindən vurma! Əlləri karımıza gələcax.
Mavi damarları eşiyə vurduğu qədər, əllərinin dərisi kövrək idi. Barmaqları isə sənətkar əlləri tək uzun və incə idi. Həmin bu barmaqlarıyla incə-incə çərxdəndələr qoşmuşdu saatlara.
Saat altıda qocanın qollarını açıb buraxdılar. Altı saatacan saatın təmirini başlamalı idi.
Dükanına sarı getdi. Kirkirəni yuxarı çəkib oturdu səndəlinin üstündə. Əqrəblərin tik-takını eşıtməsin deyə, radionu açdı. Əmir çapıq dodaqla girdi dükana. Əmirdən at iysi gəlirdi. Sevinclə:
- Bu gün Domrulu tutub gətirdim. İlxıdadı. Altı seri məni çırpdı yerə. Dəlidi da. Amma heç zadım olmadı ki. Şamda atdan çox sərbaz var. Hey güllə atıllar, atları hürküdüllər. Mənə dedilər, daha gəlmə, amma özün bilirsən ki... – dedi. Şalvarından zığları qopardıb tökürdü yerə.
Qoca cibindən dəsmalını çıxardıb Əmirin ağzının qanını sildi. Birdən Əmirin gözü sataşdı şallaq yerinə.
- Kim vurub səni? – dedi Əmir. Qoca susub heç nə demədi.
Əmir dodağını qocanın boynuna sarı aparıb öpdü qamçının yerindən. Qocanın boynu qanlı oldu.
Dükana girdi narıncı kiravatlı fərmandar müavini. Qapını bərkdən çırpıb:
- Axı sənin ki əlinnən gəlir, niyə düzətmirsən? – dedi.
Əmir yerindən qalxıb:
- Dəyyuslar! Niyə vurubsuz onu? İsmayılı öldürdüz, bəs deyil? – dedi.
Fərmandar müavini divardakı saatın pandulundan yapışıb saxladı. Gözlərini bərəldərək qocaya:
- Vəzir gələndə şəhərin saatı işləməsə, səni onun qabağında kəsəcəyəm – deyib qapını çırpıb getdi.
- Öldürəllər ha bular, düzət saatı. Səni də öldürsələr, mənnən atlarım tək qalarıx axı. Baxma, mən elə görsədirəm ki, İsmayılı yaddan çıxartmışam. Ha, Leylanı öldürdülər, İsmayılı da. Dəyyuslar hamını öldürdülər! – titrək dodaqlarıyla dedi Əmir.
Dükanın daş döşəməsinə damla-damla yaş tökülürdü. Əqrəblərin tik-takı dükanın sükutunda cingildəyirdi. Qoca gözlərini divardakı saata zilləmişdi. Əmir qoluyla gözlərini silirdi.
Qoca öskürüb boğazının xıltını uddu. Dərin nəfəs alandan sonra Əmirə sarı dönüb:
- Saatı düzətmək istəyirəm, Əmir! Belə sən də sevinərsən. Yox? – dedi.
Əmirin yanaqları hələ də islaq idi:
- Onda da deyəllər qorxdular!
Qoca əlini başına çəkib:
- Hərdən insan istəmədiyi işləri görmax məcburiyyətində qalır. Sora həmin işləri görməyə dəlil axtarıb vijdanının zaminini işdən salır. Əmir xan, nə olar buna görə daha mənnən danışma! Saatı düzətmək istirəm – dedi.
Əmirin çənəsi büzüşdü, “mən gedirəm şama” – deyib dükandan eşiyə çıxdı.

4


Saat binasının meydanı dolu idi adamla. Qoca binaya dayanmış nərdivanın pillələrini yuxarı çıxırdı. Hamı yanındakı ilə pıçıldaşırdı. Qocanın addımları titrəyirdi. Gözlərini camaata sarı gəzdirib Əmiri axtarırdı. Son ləhzələrdə Əmirin tərdidlərinə son qoya biləcəyini bilirdi. Pillələri sona çatdırıb ayağını saat binasının otaqçasına qoydu. Bu an meydanı fışqayla çəpik səsi bürüdü. Qocanın canına titrətmək düşdü. O günün qara alatoranlığı düşdü yadına. O çirkin səhərin saat altısı. Fışqalar, çəpiklər eyni idilər. Həmən meydan, həmən adamlar. Oğlunun asılmasının həyəcanlı tamaşaçıları... Əlləri titrəyirdi qocanın.
Fərmandar müavini bu dönə qırmızı kiravat bağlamışdı boynuna. Başını qocaya sarı qovzayıb əlindəki mikrofonla:
- Tez ol! Vaxtımız azdır, işimiz çox. Vəzirin maşını şəhərə yaxınlaşıb – dedi.
Ərteş “cip”lərinin biri şəhərin meydanına tərəf yaxınlaşırdı. Çıraqları yanıq idi. Camaat maşının dövrəsinə yığışdılar. Bir-birinin çiynindən boylanıb maşının dalındakı qanlı canəzəyə baxmaq istəyirdilər. Üstdən qoca çox rahat Əmirin qana bələnmiş gövdəsini görə bilirdi. Saatın otaqçasından donuxmuşdu camaata. Fışqa səsləri qulaqlarında təkrarlanırdı.
Şam yolunda toz qalxmışdı. Sanki burulğan şəhərə yaxınlaşmaqdaydı. Vəhşi atların sürüsü şəhərə girdi. Kişnəmək səsi camaatı dağışdırırdı.
Qoca otaqçanın üstündə donub qalmışdı. Atlar şəhəri almışdılar. “Cip”in yanında “İsmayıl” dayanmışdı. Dayandığı yerdə ayaqlarını çırpırdı yerə kişnəyərkən. “Cip”in başına dolanırdı. Əmirin cənazəsini iyləyirdi.

İzahlar:

Şam – çay qırağındakı qamışlıq
İxtar – xəbərdarlıq
Sərbaz – əsgər
Dəkəl – qüllə
Dəndə – dişli çarx
Şuxluq – zarafat
Kilas – sinif
Bəxyə – tikiş
Fərmandar – qubernator
Dərbar – saray
Vəzir – nazir
Fışqa – fit, fışqırıq
Ponis – knopka, basmadüymə
Lisans – diplom
Kəlantəri – polis idarəsi
Ustuvar – İranda çavuşa bərabər hərbi rütbə
Selul – kamera (həbsxanada)
Səndəli – stul
Seri – dəfə
Kiravat – qalstuk
Pandul – kəfgir
Ləhzə - an
Tərdid – tərəddüd
Ərteş – ordu

Qaynaq (ərəb əlifbasında) : http://www.1001gece.blogfa.com/post-71.aspx


Davamı

Əli Cavadpur. ŞEİRLƏR

PAYIZ

Meşədə payız
bir ağacın yarpağından başlayır,
yarpaq-yarpaq payızlayır ağaclar,
ağac-ağac payız yayır ağaclar!

Çörək həsrətiniz ürəyimi aldı
payız küləyi kimi,
Ay qara aclar!
Ay ağ aclar!
Qoymadı ağzımda tikəmi udam!..

Payızlayır dünyamız
Adam-adam!..


MƏKTUB

Sən o şəhərin gündüzündəsən,
mən bu şəhərin gecəsində -
ömrümüzün gecə-gündüzün yaşayırıq.
Gecəsini mən yaşaram,
sən gündüzlərdə ol,
Günəş doğsun üzünə,
Sevgilim!


♦ ♦ ♦

Dönərsən daban daşına,
Kimsə dolanmaz başına,
Özün dolan özbaşına,
Öz başına dolan, axtar.

Ayların alnı qırışıb,
Bura çoxdandı qış düşüb,
Düzün başına daş düşüb,
Dolanmağa yalan axtar!

Ağılın-huşun hardadı?
Qaçıbdı hər nəyin vardı.
Dərmanın zəhrimardadı,
Dost olmağa ilan axtar.

Ocağında közü quru,
Bulağında gözü quru,
Unut Əli Cavadpuru,
Sən qeydinə qalan axtar.


YAZ YAĞIŞI

Hardan başlayıb görən?
Necə də gözəl yağır,
bu yaz yağışı!
Ürəyimin gücünü
qələmimin qoluna
yığır bu yaz yağışı!

Belə yağan yağışın
damcısından aslanıb
göylərə getmək olar!
Belə yağışdan sonra
çiçəyə dönüb
torpaqdan bitmək olar!

Hardan başlayıb görən?
Necə də gözəl yağır!
Ruhuma, canıma,
duyğuma yağır bu yaz yağışı.
Belə yağan yağışdan
bir az sonra yəqin ki,
çiçəklərin başına
kəpənəklər dolanar!
Gözlərindən öpdüyüm
bulaqlar da bulanar!
Gumultuyla axan çay
bir az da gumuldanar!

Bu gözəl yaz yağışı
hardan başlayıb görən?
Bu yağışla şeirim də
gül açar, çiçəklənər -
yağan yağışdan sonra
göyçəklənən dağ kimi.
Ürəyimi bircə söz
ancaq ki, üzür yenə
gizli ağlamaq kimi:
Hər yerə yağdı yağış,
hər yeri yudu yağış;
İnsanların içində
olan qara çirkabı
yuya bilmədi yağış!..
Bəlkə elə onunçün
hönkür-hönkür ağladı,
nəsə gülmədi yağış.

♦ ♦ ♦

Ürəyim ovcumda qalar
yiyə duran olmaz;
Acısı çox ağrı kimi,
yalan olmuş doğru kimi!
Tutulmuş oğru kimi!
Yiyə duran olmaz.
Ürəyim ovcumda donar!
Ürəyim ovcumda yanar!
Ürəyim ovcumda çırpınar!
Qəribəm:
İynə atmağa yer olmayan şəhərdə,
Dərisinə yerləşməyən dünyada,
Gözü kəlləsinə çıxan kənddə
qəribəm;
Gücü ürəyində qərib,
ürəyi ovcunda qərib!


Davamı

Vədud Dusti (İlqar). ŞEİRLƏR

Şair və tərcüməçi Vədud Dusti (V.İlqar) 1969-cu ildə Marağada doğulub. Tehranda hüquq təhsili alıb, sonra Təbriz universitetində ədəbiyyat üzrə magistraturanı bitirib. İndiyədək “Zeytun işığında”, “Allah rəhmət eləsin” və s. kitabları nəşr olunub.



UÇMAQ


Qartalıq
adımız qartal
Amma
qartalır dizimiz
qartalır qanadımız
Demirəm uçmuruq
uçuruq biz
Amma
divar kimi
dam kimi
u
çu
ruq
Adam kimi
uçuruq.

ŞAM

Çiynində əsərək işıq bayrağı
dan sökülənədək
kəfən əynində
gecə ilə döyüşdün
igidcəsinə
qan-tərin içində
yerə güpsədin
gecənin arxasın
doğruldu arzun:
şərəfli yaşadın
şərəfli öldün
İndisə xoruzlar
ayağa qalxıb
səni alqışlayır
Sağ ol... çox sağ ol!
Ay ömrünü Günəşə bağışlayan şam!


TANIMAQ OLMAYIR

Heç kimi, heç nəyi tanımaq olmayır
Dünənin
kişilik vəsfinə həsr edən
bu günün keçirir
müxənnəslər kimi
Axtalıq naminə
sabahın toy tutur.

Heç kimi, heç nəyi tanımaq olmayır
Dünənin axtası
bu gün ad sümsünür
ürəyi hələ də
sümürgə olaraq şöhrətə
keçəcək yolları
sulayır büsbütün
süpürür bir daha
Kişilik axtarır sabaha

Heç kimi, heç nəyi tanımaq olmayır
Ömürlük yas üzü görməyən
lıqqalar içində ləhləyən
lovğagöz qarğalar
nədənsə həmişə qaraya bürünür!
Belədir dünyamız
belədir əzəldən
qabandan inəyi tanımaq olmayır
heç kimi, heç nəyi tanımaq olmayır.


MAVİ MƏSAFƏ

Heç bilirsənmi
bütün qatarların alın yazısı
ayaqlarındadır?
Və təkərlərində
pərdə-pərdə
təkrar Vağzalısı naxışlanıb?
Və üsyan
anlaşılmaz bir kəlmədir
beyinlərində?
Və qəbristan
heç bilirsənmi
bizim enəcəyimiz son vağzal deyil?
Burada yalnız
qatarlar dəyişilir
Biz durnalara qoşuluruq
səfər, səfərdir
Və qurtuluş gəraylısı dodaqlarda
mavi məsafədən ötüb
bir görünməz nöqtəyə üz qoyuruq
Yolumuz bir
Və hamı
bir nəfərdir.


BİLMƏYİRƏM

Məndə qəmlər nədəndi, bilməyirəm.
Mən dağam, qəmsə çəndi, bilməyirəm.

Yusifim itməyibdir, amma ürək
Niyə beytül-həzəndi, bilməyirəm.

Göz açıb könlümü əsir gördüm,
Kimsə atmış kəməndi, bilməyirəm.

Bir nəfər hey içimdə nərə çəkir,
Mən oyam, ya o məndi, bilməyirəm.

Özümü sürgün etdim öz içimə,
Hansı torpaq vətəndi, bilməyirəm.

Varlığımdan soruşsanız da mənim,
Cavabım “yox”du, “hən”di, bilməyirəm.



Davamı

Ülkər Ucqar. ŞEİRLƏR

BAĞLA YÜK-YAPINI

Bağla yük-yapını, gedək...

Sən burada bir gün görmədin, ay bala, ay qız!
Min əkdiyin buğda bir oldu, qıtlıqlar keçirdin.
Döyüş alanlarında yaşayırmışsan kimi tapdalandı içində arzuların.
Kətmək bağlayıb belə barmaqların, qadası,
Səhəri əl də çəkməmişsən saçlarına heç!

Bağla yük-yapını,
Kim darıxacaq sənə, ay qız?!
Bir gün yollar başını kəsərmişlərsə də istəyənlərin,
İndi hərəsi bir tayfanın ağsaqqalı,
Hərəsi əlliliklər verir bayramda neçə uşağa.
Sənin hələ də çəlik biləklərində bilərziklərin gözəl!
Hələ də birtümənlik yığırsan boyunbağı qayırmağa sən!

Eyyy, toyunda oynayım, ay qız!
Nə oturmuşsan?
Hələ də allı-pullu gəlin ola bilərsən,
Sən hələ də qoşulub qaça bilərsən.
Hə, amma
qaçanın qaçırdanı olar.
Sevə-sevə,
öpə-öpə apararlar.
Az boylanıb yeddi qapıdan həsrətlə
Qol-qola gedənlərə baxmamışsan ki!
Az “xoşbəxt olasız!” deyəndə
Gözlərin yaşarmayıb...

Dur, səni də mən özüm qaçırdım, ay bala!
Dur, silkələ ətəyindən bu toz-torpağı.
Qırışar sabah-biri gün üzündə gülüşlərin,
Sırxab dağının zil günü səpgil salar yanaqlarına...

Dur, vaxt ikən gedək.
Gün batar, çarəsiz qalarıq iki qız tayfası
çöl-bayırda biz...
Dur, qadan alım, qaragün, qaragilə
Təbriz!

O ARADA BİR GÖZƏLLƏŞMİŞDİM

O arada bir gözəlləşmişdim –
Anam yanına salıb toylara aparırdı,
Öyünə-öyünə qapılardan keçirdik, iki möhtəşəm qadın!
Anam sarı bir qız imiş,
“Sarı susar” deyərdi qonşular.
Danlayardı acıqlananda nənəm: “Camalı da yoxdu
Allahdan ötür evi yıxılmışın barı”.
Qaldı, qaldı, otuz yaşında birdən gözəlləşdi,
Toy gecəsi atamın ürəyindən keçəndə qərib gözəl qız!
Get-gedə gözəlləşdi,
Saçlarına dən düşdü də gözəlləşdi,
Qıpqırmızı xına qoydu saçlarına, gözəlləşdi.
Gözəlləşdi,
Gözəlləşdi.
...
Mən də o aralarda bir gözəlləşmişdim,
İndisə sarı bir qızam!

♦♦♦

Ad günüm:
“Yüz il yaşa,
Min il,
Minlər il...”
Çığıra-çığıra qapıdan girirsən,
Hələ də – adamın uşağı olmaz deyə –
Iki qadının arasından keçməyən oğlan!
Min il?
İyirmi dörd ildə iyirmi dörd qadınlıq sevib-sevilmişəm...
Səs səsə yetişmir:
“Min il,
Minlər il...”
Nuh peyğəmbər idi, kişinin oğlu...
Başı ağac becərtməyə qarışdı
Gəmi qayırmağa.
Mən min il yaşasam...
Səs səsə yetişmir:
“Min il,
Minlər il...”


Qaynaq (ərəb əlifbasında): http://ucqar.blogfa.com/


Davamı

Səttar Gülməhəmmədi. ŞEİRLƏR

MƏLƏK KİMİ

Nə döyürsən pəncərəmi?
Vaxtsız əsən külək kimi!
Başım üstdən dərdi, qəmi
Ələyirsən ələk kimi.

Adın qızıl, özün missən,
Qaradaban, üzü pissən,
Aldadıcı bir İblissən,
Görünsən də mələk kimi.

Həqiqətə inanmazsan,
Əyri yoldan usanmazsan,
Nə qandırıb, nə qanmazsan,
Daş bağırlı ürək kimi.

Şərdir arzu-əməllərin,
Gündə eylər qan əllərin,
Xeyir verməz əməllərin,
Şirəsi yox pətək kimi.

Ömrün-günün ötsə də yaz,
Dünya mənə, deyirsən, az.
Qarnın acdır, gözün doymaz,
Bərəkətsiz ətək kimi.

Vüsal yolun bağlayan çən
Qaçar bir gün, gələr gedən.
Dönər sənin də dönərgən,
Çarxı dönmüş fələk kimi.

Səttaram, andığım günlər,
Oduna yandığım günlər,
Sənə inandığım günlər,
Dağıldı bir kələk kimi.


KƏLBƏCƏRSİZ NƏ GƏZİRSƏN GƏNCƏDƏ?


Kəlbəcərli şair Bəhmən Vətənoğluna

Bu dünyanın az gəli var, çox gedi,
Gələn düşər tələsinə, a Bəhmən!
Bizi yaman içimizdən qurd yedi,
Döz zamanın şələsinə, a Bəhmən!

Eşqin bəlli hər qocaya, gəncə də,
Baş əyirəm sinəndəki gəncə də,
Kəlbəcərsiz nə gəzirsən Gəncədə?
Uyma vaxtın hələsinə, a Bəhmən!

Gözümüzü kor yaratdı Yaradan,
Çoxmu çəkər bu zülməti yara dan?!
Mən bu dərddən, sən o kəskin yaradan,
Yanasıyıq sinə-sinə, a Bəhmən!

Odu sönməz haqq adınlı kürəmin,
Haqq da bizdən əsirgədi kərəmin,
Əlim çatmaz o dağlarda Kərəmin
Qarda qalan lələsinə, a Bəhmən!

Dərd ocaqlı, qəm şələli o dağlar,
Bax, Bəhmənsiz, Sücaətsiz od ağlar.
Mirsəyyafsız sinəmdəki o dağlar,
Min dağ olur beləsinə, a Bəhmən!

Ellər deyər buz bulaqlı gözələr,
Vüsal yolun hey ilmələr, gözələr,
Səttarın da ürək qanın göz ələr,
Gözlərinin giləsinə, a Bəhmən!


ÜRƏYƏM MƏN


Kimliyimi soruşursan,
Suya həsrət özəyəm mən.
Dərd əlindən qəm dağında
Xəzan vurmuş çiçəyəm mən.

Hər sinəyə dağılmışam,
Sanki şirin nağılmışam,
Bir vaxt igid oğulmuşam,
İndi quru bəzəyəm mən.

İntizarın düzlərində,
Yandım hicran sözlərində,
Həsrət eşqin gözlərində,
Qalan arzu, diləyəm mən.

Öz gülümü dərə-dərə,
Günahsız düşmüşəm şərə,
Zülm əlilə iki yerə,
Bölünmüş bir ürəyəm mən.

Səttaram, könlümün teli
Hər zaman oxşayıb eli.
Dosta əsən səhər yeli,
Yada çovğun küləyəm mən.



Davamı

BEHRUZ SƏDİQDƏN BİR QƏZƏL

A Ğ R I

Ağrı ağzında yem olmaqdadı bağrım, mələyim,
Qıyma mən bir quzu tək çöldə çobansız mələyim.

Ağlayış əlləri atmış məni dərd təndirinə,
Göz yaşından mənə ver göz bəbəyim, göz bəbəyim.

İtmişəm orman ara, ah, canavar qorxusu var,
Gəl ki varlıq diləyin ürkək ürəkdə bələyim.

Heç mənim ağlıma sığmazdı gözəl gülşən ara,
Yaşların qanlı əlində belə dərd ilmələyim.

Şığıyıb ildırımın boz səsi vursa ağacı,
Mən ağaclıq başı üstə gərəyimdir əl əyim.

Hayla sən, hayla məni, ey dəlisoy arzularım,
Kim günəşlər bulağın qanlı gözümlə çiləyim.


Qaynaq (ərəb əlifbasında): http://tonqal.blogfa.com/post-87.aspx


Davamı

Qafur Tağıoğlu. ŞEİRLƏR

ÜRƏK DOLU GÖYƏRÇİN

Apar məni uşaqlıq beşiyinə
böyüklərdən, böyüklükdən incimişəm
uşaqlıq beşiyinə apar məni
Gözlərim əkiz yetim uşaq
ağlamadan yorulub yatsın
anamın kiprik səsinə oyanım
Ürək dolu göyərçin səsinə
qaytar yenə
Dodaqlarım və anamın əlləri
öpüşlərimi yer-göy tutmasın.

OLAN-OLMAZ

İndi ki tanrıların qulağı ağır eşidir
bağırmayın məni kəlmələr
boş yerə bağırmayın
Olan-olmazıma bir kibrit çəkib
yardımçı çağırmayın
Zəlzələ görmüş bir damam
nəyim qalıb?
Anasın öldürmüş uşağam
kimim qalıb?
Bağırmayın
heç yardımçı çağırmayın

POSTMODERN

Bura postmodernistin durağı
burada bütün anlamları qoyub keçməlisən
qoltuq ciblərinədək axtarırlar
Kimsən
kim imişsən
unut
Pasportu olmaq yasaq
Hamının ad günüdür
Adın nədir?
Sən də özünə ad qoy
Həyat burdan başlanır
bura dünyanın əvvəlidir…

HƏR İKİMİZ

Mən və sən hər ikimiz satılmışıq
Fərqimiz?
Mən beş yüz minə
sən yüz dənə beş minə
Mən və sən hər ikimiz aldanmışıq
mən bir böyük yalana
sən min bir kiçik yalana
Mən və sən hər ikimiz inanmışıq
sən kitabsız peyğəmbərə
mən peyğəmbərsiz kitablara
Hər ikimiz göz dikmişik
birimiz göy tanrısına
birimiz əl tanrısına
Hər ikimiz qalmışıq
keçmişlər dönümündə
gələcək döngəsində

QARABAĞIM

Günəşin xırmanı sovrulursa da,
tərpəniş
dodaqlarımda donub
Səni haraylamaq
daş kimi dilimdən asılıb
Gəl, dedim
körpü salaq
gözlərdən ürəklərə
Xəzərin qırağından
sənə balıqqulağı toplamışam
Vətən övladımın aşiqlik mahnıları
bütün dənizlərdə ləpələnəcək
Ayaq səslərim bütün yolları oyatdı
sənə baxan yol
gərək ki belə uzaq olmayaydı
amma olubdur
Belə qanlı olmayaydı
amma olubdur

Araz dodaqlarından öpmək istəyir
Oxuduğum vətən mahnısıdır
Sənin vətənin haradır?
Dünya kəndinin yuxusu çox şirindir
Ayağının altında yer dayanmır
yersizcə göylərə aldanmaq nədir?
Hər ayaq qoymada min qorxu var
Kimdi yarpaq kimi
tökülən baltaların ayağına
Çürümüş tabutlar tək
ölümə sarı sürünən
ayaqları altında tikanlı simlər?
Sənsən
Kimdi gözləri islanmış
öldürücü acılardan?
Sənsən
Kimdi
basılmış
satılmış
didələnmiş
parçalanmış
qolları kimi ayaqlarına buxov bağlanmış?
Sənsən
Sənə oxşama demək
yabaçı dilində
Sənə oxşama demək
ölümdən də qorxuludur.


________
Şeirlər müəllifin «Talvasalı günlər» (Ərdəbil, 2008) adlı kitabından seçilərək, ərəb əlifbasından latın qrafikasına çevirilmişdir – M.M.


Davamı

Ərəstu Mücərrəd. ŞEİRLƏR

NƏ YOLLARDAN KEÇDİK!

…Qırmızı işıq arxasında
tanışdıq,
ağ cizgilər üzərində.
Qıvraq arabalar tək
zaman ötdü önümüzdən…
Ardıcıl siqnallar –
və öyləcə polis fitləri!
Baxmadıq,
qırmızı işıqlar arxasında sevişdik…
Və keçilməz
nə yollardan keçdik
gözlərinin yaşıl işığıyla!

…O, HƏM DƏ YOLDAŞIM İDİ

Atlar
otlar
üzərindən
ötdülər!

Dırnaqlarından
qopar qığılcım
və qızılı yallarında
tufan!

…İti baxışlarıyla
itdilər otlar düzənində;
lal qurşun havada itən kimi…

Atlar!

İzləri
ulduzların
gözlərində qaldı…


NAZİM HİKMƏTDƏN İRAQ!

Yaşamaq
bir məzar kimi
tək və hürr
Və bir məzarlıq kimi
qardaşcasına,
bu tale bizim

QUMLAQDA

…Burada
saçlar küləyə verilməz,
islanmaz yağmura
Və dəniz
səni öpəməz heç!
Sən bizim elə açıqca yad,
elə ki, Narım –
dözəməzsən!
Bu dəmir şəhərdə
mavi ruhlar
ağır-ağır paltarlar içrə
və günlər sanki bir ovuc qum,
sovrular qumlaqda!
Hər şey yad sənə,
hər şey uzaq;
Narım!
Qaytara bilərmisən uçaq biletini?!



Tarix mənə dedi:
qan
qan
qan
Qandım!
Tarix tamam
qan
qan
qan


Qaynaq (ərəb əlifbasında): http://dusharge.blogfa.com/post-280.aspx


Davamı

Dədə Katib. ŞEİRLƏR

Xəbər verildiyi kimi, bu günlərdə Güney Azərbaycanın tanınmış el şairi Dədə Katibin «Günümüz aydın» adlı sayca üçüncü kitabı işıq üzü görüb. Həmin kitabdan üç şeiri sizə təqdim edirik.

OĞLUYAM

Yaradana şükr elirəm,
Mən bir müsəlman oğluyam.
Fikr etməmiş danışmaram,
Bir doğru insan oğluyam.

İlham almışam Qurandan,
İbrət almışam zamandan,
Qorxmaram tozdan, dumandan,
Dalğalı tufan oğluyam.

Mən bir türkəm, bozqurdluyam,
Oğuz, Dədə Qorqudluyam,
Bir qızğın atəş odluyam,
Bir qeyrətli qan oğluyam.

Dədə Katib, elim türkdür,
Doğru-düzgün yolum türkdür,
Xoş danışan dilim türkdür,
Mən Azərbaycan oğluyam.

OYANSIN

Qadir Allah, getsin qışın dumanı,
Yenə bahar gəlsin, güllər oyansın.
Çiçəklənsin yurdumuzun hər yanı,
Yağmur yağsın, coşqun sellər oyansın.

Güllər bizim olsun, qazlar bizimki,
Sözlər bizim olsun, sazlar bizimki,
Marallar bizimki, nazlar bizimki,
Yayla yaşıllaşsın, ellər oyansın.

Qüdrətlənsin iyitlərin qolları,
Güclənək, qapsayaq sağı, solları,
Vuraq, pozaq, açaq bağlı yolları,
Caddələr şən olsun, yollar oyansın.

Bir-birə dayansın güclü çiginlər,
Qarabağdan çıxsın quduz xainlər.
Bakıda oxusun aşıq qadinlər,
Barmaq mizrab çalsın, tellər oyansın.

Dədə Katib, qısatmaram dilimi,
Həqqə doğru bağlamışam belimi,
Çox sevərəm Azərbaycan elimi,
Azərbaycan türki dillər oyansın.


NƏ ADƏTDİR?

Qadir Allah, nə adətdir zamanda?!
Yoxsulun düz sözün heç kəs haqlamır.
Nə qohum, nə qardaş, nə də qonşular,
İllər dönür, bir-birini yoxlamır.

Mömin qardaş hərdən toya gələndə,
Minlik səpir toyçuları görəndə,
On beş tümən müstəhəqqə verəndə,
Sancı tutur, sübhə kimi yuxlamır.

Elm məclisindən dolanır uzaq,
Mənalı sözlərdən olubdur qaçaq,
Mənasız sözlərə qoç oğlu qoçaq,
Əngi bərkdi, ha danışır laxlamır.

Dədə Katib əyri yoldan qəyidir,
Fələk dəyirmandı, xəlqi üyüdür,
Bir ata bir sürü övlad böyüdür,
Səkkiz oğul bir atanı saxlamır.


Qaynaq (ərəb əlifbasında): http://aratquluncu.blogfa.com/post-52.aspx


Davamı

Seyid Heydər Bayat. ŞEİRLƏR

YALANÇILAR

Uşaqlıqda
Ay əllərimi aldatdı gölməçədə
Cavanlıqda
Sən ürəyimi aldatdın
Həyətdə
İndi baxıram
Yol ayaqlarımı aldadıb
Küçədə


YENƏ DƏ DİLƏK


Çıxmaq üçün endik
Olduğumuz zirvələrdən
Qanadı verdilər sənə
Uçmaq nisgilini mənə
Ayağı verdilər sənə
Çatmaq diləyini mənə
İndi yalvarıram sənə
Ay sən!
Geri qaytar məni,
Olduğum zirvələrə

AMMA QIZ!

Getmişdim alma dərəm
Sarımsaqlar yekəlmişdilər
Bir qız ətəyi dolu sarımsaq
Baxıb dedi: «İstidən saxlar
At ağzına
İsti vurmadan saxlar»
«Amma qız,
Mənim hələ donum açılmayıb»
Qaçıb anasına dedi: «Yazıq! Ana, o oğlan dəlidir»
«Almalar?!
Almalar?! Hardadır?» -
sordum
«Ağaclarını kəsdik, alanı yoxdu» -
dedi
«Üzümlüklər necə?» -
sordum
«Sirkəsiz sarımsaq, bir şeyə yaramaz
Üzümlüklər durur» -
dedi

OĞRU!

Tanrı coşdu
Mən axdım
Varlığın çayı dalğalandı
Tanrı şaxdı
Mən saçdım
Yoxluğun yurdu işıqlandı
Tanrı baxdı
Mən baxdım
Mən alçaqlandım
O ucalandı
Yer-göy
Aralandı
Sonra
Sol cibimidən Həvvanı eşiyə çıxartdım
Tanrı
dedi: «Ay oğru!»
Gözləri buludlandı

DİVAN

Hüseyn Münzəviyə

Heç bilmədim sən şeirsən,
Ya şeir – sən!
Şeir qandır
Sən damar
Sən damarsan
Şeir qan
Dalırsız bir-birinə
Divan olub
Məni divanə edirsiz
Siz!

_______________
Şeirlər müəllifin «ALMA YOLU» kitabından (Tehran, 2008) seçilərək latın qrafikasına çevrilib. Bu kitabın mənə çatmasına yardımçı olmuş şair dostum Həmid Asəfiyə təşəkkürümü bildirirəm – M.M.


Davamı

Elşən Böyükvənd. ŞEİRLƏR

Sözcüklərin qabığını soyub
hər sətirdə boşqaba qoymuşam
gəlib yeyəcəksənmi?
Arazda bir qayığım vardır
kürəyi sevgidən
minib gedəcəyikmi?
Hansı zaman
gözləyişin köynəyinin düymələrini
ürəyimdən açacaqsan?
Sözcüklərin qabığını soyub
hər sətirdə boşqaba qoymuşam
qaralarmı?



Boyunbağın boynumdadır
qoxun
ad günümə aldığın oyuncaqda;
Sənsiz
bu duzsuz günlərdə
öpüş yasaq.
Dodağım susamış bir salama
və şeirlərim sətirsiz kağızlara köçür.
Hey,
səni hər gecə
tavana çəkirəm gözlərimlə.



Dedi: Diş fırçan yoxmu sənin?
Var – dedim.
Dedi:
Nədən böylə qoxuyur ağzın
pişik ölüsü tək?
Ah, dostum – dedim –
İçimdə kəfənsiz bir ölü yaşayır
Və günün bütün saatlarında
içimə ağıları ilə
yeyə vuran bir qara geyimli ana
Nə bir molla
Nə də meyit namazı qılan insan.
Yalnız
damarlarındakı
laxtalanmış qanı sümürən
milçəklərin ziyafətidi
və qorapalana döndərdikləri meyitdə
yas düyüsü olan qurdların.
Bir ölü yaşayır içimdə
mənimsə
əllərim qoynumdadır.



Didilmiş yun kimiyəm
məxmər parçasında sırılıb
yorğanın olub
əndamına büküləcəyəm
heç bir qəzəl söyləmədən.
Dəniz boyda sinəndə
üzəcək dodağım balıq kimi
və ağ qayış kimi
dolanacaq belinə əllərim.
Gövdəmizsə,
iki dəmirçəkən* kimi
yapışacaq bir-birinə
bir axşam boyu.
_______
* maqnit



Zaman Paşazadənin insani yaşamına sunuram

Örpəklər oğrusudur külək
bütün qızların
gövdəsini yalayan,
boyasız axımdı külək
çapar çapar
çapıb
çalar
çuxurları
çulğalayar,
kirli qulaqlar üçün
dilotu yemişdi külək,
yalar darar
darar yalar
qız telini
dondurma yalayan uşaq kimi,
dəlilərdən də özgür
sınırlar sındırandı külək.

____________
Elşən bəyin şeirlərini mənə göndərmiş dəyərli dostum Hümmət Şahbaziyə təşəkkür edirəm – M.M.


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər