Showing posts with label Tədqiqlər. Show all posts
Showing posts with label Tədqiqlər. Show all posts

NƏİMİYƏ HƏSR OLUNMUŞ BİR ŞEİR HAQQINDA

Müasir İran poeziyasının görkəmli nümayəndəsi Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də nüfuzlu ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi tanınır, Tehran Universitetinin professorudur. Məşhur İran alimi Əbdülhüseyn Zərrinkubun sözləri ilə desək, Kədkəni eyni zamanda həm elmdə, həm də şeirdə yüksək məqama yetmiş istisnalardandır.
Şəfii Kədkəni şeir yazmağa yeniyetmə çağlarından başlamış, klassik poeziya ənənələri çərçivəsində qəzəllər yazmışdır. Daha sonra sərbəst şeirə üz tutmuş və “İran yeni şeirinin atası” Nima Yuşicin, xüsusən də həmyerlisi Mehdi Əxəvane-Salesin güclü təsiri altında olmuşdur. Lakin zaman keçdikcə klassik şeirin, özəlliklə sufi poeziyasının ənənələrini modern İran və dünya ədəbiyyatının nailiyyətləri ilə uğurlu bir şəkildə sintez etməklə, fars şeirində özünəməxsus bir yol tutmuşdur. Bu yol şairin 1977-ci ildə nəşr olunmuş “Muliyan çayının qoxusu” (“Buye-cuye-Muliyan”) adlı şeir toplusunda parlaq surətdə özünü göstərmişdir.
Qeyd edək ki, həmin kitabın adı Rudəkinin məşhur qəsidəsinin ilk misrasından alınmışdır. Topluda Şərq-islam bədii-fəlsəfi fikrinin Sührəvərdi, Əttar, Sədi və s. kimi nümayəndələrinin yaradıcılığı ilə bağlantılar, irfani motiv və obrazlar aydın şəkildə görünməkdədir. Burada yer almış kifayət qədər iri həcmli bir şeir isə hazırda 650 illiyi qeyd olunan böyük şairimiz İmadəddin Nəsiminin ustadı, hürufilik təliminin banisi Fəzlullah Nəimiyə həsr olunmuşdur.
“Fəzlullah Hürufinin məhkəməsindən” (“Əz mohakemeye-Fəzlullahe-Horufi”) adlanan bu şeirdə Şəfii Kədkəni Nəiminin şəxsiyyəti və missiyasının özünəməxsus ictimai-fəlsəfi yozumunu və poetik şərhini təqdim etmişdir. Şeir Nəimini küfrdə ittiham edənlərlə böyük mütəfəkkir arasında dialoq formasında qələmə alınmışdır. Maraqlıdır ki, Amerika postmodern şeirinin ünlü nümayəndəsi Çarlz Olsonun (1910-1970) misrası şeirə epiqraf kimi verilmişdir.

Şeirin yazılmasında Şəfii Kədkəni, heç şübhəsiz, Nəiminin yaradıcılığından, xüsusən onun “Vururam” (“Zənəm”) rədifli məşhur qəzəlindən bəhrələnmişdir. Həmin qəzəldə Nəimi:

Qazı mənim qarşımda nədir, müfti mənim dinimi nə bilir?
Mən onların hökmünə və məhkəməsinə yoxluq təpiyi vururam!
(Qazi çe başəd pişe-mən, mofti çe danəd kişe-mən,
Çun poşte-paye-nisti bər hokm-o bər yərğu zənəm!)

– beyti ilə din xadimlərinin onun barəsində hökm və fikirlərinə etinasızlığını ifadə etmişdir (Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı. Prof. Rüstəm Əliyevin nəşri. Tehran, 1974, s. 18). Kədkəninin şeirindəki bəzi ifadələr də (qeysərin qəsri, xaqanın tacı) bilavasitə həmin qəzəldən alınmışdır.
Fikrimcə, görkəmli İran şairinin bu əsəri Nəiminin bədii obrazını yaratmaq və düşüncələrini anlatmaq baxımından unikal bir nümunədir. Odur ki, “Nəsimi İli”ndə həmin şeiri farscadan Azərbaycan dilinə çevirməyi və zəruri izahlarla oxuculara təqdim etməyi lazım bildim.



Məhəmmədrza Şəfii Kədkəni

FƏZLULLAH HÜRUFİNİN MƏHKƏMƏSİNDƏN

What does not change / is the will to change
Charles Olson
(1)

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“ – Hərflər hərəkətin başlanğıcıdır,
hərəkət isə su və ağac,
ot və təbəssüm,
məktəbli uşaq və almadır,
Allahın qırmızı alması!
Mən bu əlvan üfunəti
Söz-söhbət suyu ilə yuyacağam,
çünki mənim sözlərim
dənizdən gəlir
və dənizə tələsir
yenidən”.


“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Xəbər çatıb ki, yağış
yenidən yağacaq.
Tanrı çılpaq olacaq
və külə dönmüş bağ
çiçək açacaq.

Bir müsafir yoldadır,
ərğəvan və buludla
doludur yelkəni
və zülmətin cismini,
bu yaralı qırxayağı
qovacaq itburnu çiçəklərinin yuxusundan.

Müsafirlər yoldadır,
şəfəqi çiyinlərinə atıb onlar,
şimşəyin libasını əyinlərinə geyib onlar.
Qardaşlarım
sözləri ilə
yarırlar gecəni.

Xəbər çatıb ki, gur yağış
yağacaq,
Tanrı çılpaq olacaq.
Görmürsənmi məgər
könlüm yamyaşıldır,
od və suyun malik olduğu
bir haldayam.
Axtarıram
hərflərin yeni nizamını
və elə bir vəzni ki,
gün ilə Ruzbehanı (2) birlikdə
mədh eləyim
və eşq Tasinini (3) bəstələyim.
Mənim küfrüm
elə bir küfrdür ki,
heç bir Simurq
qanad çala bilməz
onun zirvəsinə.

Bir bax,
partladı ildırımın qəzəbi,
şövqdən
islandı buğda sünbüllərinin kirpiyi
və ərğəvanlar namaz qılır orda”.

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”
Şallaq aşağı endi.

“– Zülmətin yolunu, dirilik suyunu
Xızıra bağışlayacaq.
Baxma ki, səf çəkib
Min Xacə Nizamülmülk (4),
min axta xacə
və hər birinin dodağında
min axta söz.
Bax ki, bunlar,
bunlar
necə yağışın altında
altı min illik
murdar leşlərin üzünü
hələ də qızardırlar
güllərin qanı ilə.
Bu Çingiz (5) heyvanxanasını seyr etmək üçün asan,
gərək bir zürafənin boynundan sallanasan”.

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

Yaşıl meşənin ortasında
Bir torağay qanad çaldı
və səhər nəsimindən
asılı qaldı.


İzahlar:

1) Dəyişməyən şey – dəyişdirmək iradəsidir (Çarlz Olson).
2) Orijinalda “ruz və Ruzbehan”. Məşhur sufi şeyxi Ruzbehan Bəqli Şirazi (1128-1209) nəzərdə tutulur.
3) Tasin - əslində Ta, Sin. Ərəb əlifbasının 12 və 16-cı hərfləri. Bu hərflər Quranın bəzi surələrinin, o cümlədən, 27-ci “Nəml” surəsinin əvvəlində işlənmişdir.
4) Xacə Nizamülmülk Tusi (1018-1092) – Səlcuq sultanlarının vəziri, məşhur “Siyasətnamə” əsərinin müəllifi.
5) Monqol imperiyasının qurucusu Çingiz xan (1162-1227) nəzərdə tutulur.




Fars dilindən tərcümə və izahlar: Məsiağa Məhəmmədi


Davamı

YUSİF QARABAĞİ VƏ ONUN «YEDDİ BAĞ» ƏSƏRİ

Son orta əsrlərdə farsdilli poeziyanın inkişaf xüsusiyyətləri, o cümlədən, böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1677) yaradıcılığı ilə bağlı elmi axtarışlarım zamanı mənbələr və tədqiqatlarla tanış olarkən, ara-sıra Yusif Qarabaği adına rast gəlirdim. İlkin təəssüratıma görə öz dövrünün fəlsəfi fikrinə mühüm təsiri olan, lakin bu gün hətta elmi dairələrdə belə kifayət dərəcədə tanınmayan filosofun şəxsiyyətinə marağım getdikcə artırdı. Bu, bir yandan öyrəndiyim dövrün poeziyasının özünəməxsus fəlsəfi əsasa malik olması və həmin məsələnin həllinin zəruriliyi kimi sırf elmi vəzifə ilə şərtlənirdisə, digər tərəfdən filosofun «Qarabaği» nisbəsi ilə əlaqədar idi - həmin günlərdə Qarabağda erməni separatçılarının fəaliyyəti güclənmiş, müharibə tonqalı alovlanmağa başlanmışdı. Mənbə və tədqiqatlarda mövcud olan məlumat və mülahizələr məni qane etmirdi və Yusif Qarabağinin əsərləri ilə bilavasitə tanışlığa güclü ehtiyac duyurdum.
Elə həmin vaxt M.E.Saltıkov-Şedrin adına Leninqrad (indi Sankt-Peterburq) dövlət kütləvi kitabxanasının fars və tacik əlyazmalarının tam kataloqu nəşr olundu [1]. Kataloqa əsasən həmin kitabxanada Yusif Qarabağinin farsca bir risaləsinin saxlandığını öyrəndim və çox keçmədən həmin risalənin mikrofilmini əldə edə bildim.
Əlyazma ilə tanışlıq gözlədiklərimi doğrultdu: həcmcə kiçik bir əsərdə alimin insan haqqında mükəmməl və sistemli konsepsiyası öz əksini tapmışdır. Bu konsepsiya Şərq-İslam mədəniyyətinin minillik ənənəsinə əsaslanır və bir növ onun yekunu təsiri bağışlayır. Elə bu faktdan çıxış edib əsəri zəruri şərhlərlə dilimizə çevirməyi lazım bildim.
Şübhəsiz, əsərlə tanışlıqdan əvvəl oxucuları onun müəllifi maraqlandıracaq və onlar «Yusif Qarabaği kimdir?» sualına cavab axtaracaqlar. Və təbii ki, hamının əli çatan «Azərbaycan Sovet Ensiklopediyasının» III cildindəki xəsis məlumat [2] onları qane etməyəcək. Odur ki, həmin suala mümkün qədər dolğun cavab verməyə çalışaq.
XVI-XVII əsrlərdə yaşamış, mürəkkəb və keşməkeşli bir həyat yolu keçmiş, məhsuldar elmi yaradıcılıqla və geniş pedaqoji fəaliyyətlə məşğul olmuş peşəkar Azərbaycan filosofu Yusif Qarabağinin kimliyi barədə və dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin «Tarixi-Raqimi» adlı əsərində verdiyi məlumatlar yaxşı təsəvvür yaradır: «Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misirində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir» [3]. Daha sonra: «O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi» [4].
Raqim Yusif Qarabağini həm də istedadlı bir şair kimi təqdim edərək yazır: «Yusif Qarabaği şeir deməkdə yüksək ilhama və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir» [5]. Bu fikir Yusif Qarabağinin «Yeddi bağ»dakı şeirləri ilə də təsdiq olunur. Maraqlıdır ki, vaxtilə Abbasqulu ağa Bakıxanov da Yusif Qarabağini məhz bir şair kimi yad etmişdir [6].
Dövründəki böyük şöhrətinə və ölümündən sonra əsərlərinin geniş yayılmasına baxmayaraq, XX əsrin əvvəllərindəki inqilabi hadisələr Yusif Qarabaği adından da yan keçməmişdir. Təsadüfi deyil ki, Yusif Qarabaği haqqında ilk geniş tədqiqatın müəllifi, tanınmış şərqşünas A. A. Semyonov ondan «XVII əsrin unudulmuş filosofu» kimi bəhs açmışdır [7]. Alim əldə etdiyi mənbələr əsasında Yusif Qarabağinin elmi bioqrafiyasını bərpa etməyə çalışmış və onun «Risalət əl-xəlvətiyyə» əsərini geniş təhlil etmişdir.
Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, «Danişməndani-Azərbaycan» adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır:
«Kosa adı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri. 1054-cü (1644-cü) ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin «Şərhi-əqayidi-əzüdi» əsərinə haşiyə və əlavələr yazmışdır ki, «Haşiyəyi-Xanəgahi» adı ilə məşhurdur. Yusif Qarabaği bu əsəri Səmərqəndin Hüseyniyyə xanəgahında yazmış və Əbu Hamid Xəlilullaha təqdim etmişdir (hicri-qəməri 999-cu il səfər ayının 2-də / 1590, 30 noyabr). Ağa Hüseyn Xalxali bu əlavələri tənqid etmişdir. Mövlana Yusif hicri-qəməri 1033-cü (1623-cü) ildə Buxara şəhərində ona cavab yazmışdır ki, bu da «Tətimmətul həvaşi fi izalətil ğəvaşi» («Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə») adı ilə məşhurdur»[8]. Daha sonra M. Tərbiyət onun bir beyt şeirini misal kimi vermişdir.
Çoxcildlik Özbəkistan və Azərbaycan tarixlərində Yusif Qarabaği bir sıra fəlsəfi əsərlərin müəllifi kimi yad olunmuş və həmin əsərlərin Oktyabr inqilabına qədər Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi öyrənildiyi göstərilmişdir [9]. H.Araslı da Yusif Qarabağini «Orta Asiya xalqlarının mədəniyyəti üzərində müəyyən təsiri olmuş» Azərbaycan filosofu kimi xatırlamışdır [10]. Maraqlıdır ki, müasir tədqiqatçı, akademik A.M.Boqoutdinov da Raqim kimi Yusif Qarabağinin öz dövründə müstəsna şəxsiyyət olduğunu vurğulamışdır: «Bu dövrün sufi ədəbiyyatında biz heç bir «səmərəli toxuma» rast gəlmirik. Ola bilər ki, kübraviyyə sufi təriqətinə mənsub olan Yusif Qarabaği Məhəmmədşahinin əsərləri istisnalıq təşkil edir» [11]. Lakin müəllif təəssüflə qeyd edir ki, bu əsərlər demək olar öyrənilməmişdir.
Yusif Qarabağinin həyat və yaradıcılığının öyrənilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, Azərbaycan tədqiqatçısı Ə.Ə.Əminzadəyə məxsusdur. O, əvvəlcə «Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər» adlı kollektiv əsər üçün Yusif Qarabaği haqqında məqalə yazmış [12] daha sonra özünün «Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən» adlı monoqrafiyasında ona xüsusi fəsil həsr edərək, filosofun həyatı və fəlsəfi irsi, ontoloji, qnoseoloji və etik görüşləri barədə geniş bəhs açmışdır [13].
Ə. Ə. Əminzadənin tədqiqatına əsasən, Yusif Qarabaği çox güman ki, XVI əsrin II yarısında Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində doğulmuş, ilk təhsilini burada almış, daha sonra İrana gedib o dövrün tanınmış alimi Həbibullah Mirzəcan Şirazinin (vəf. 1585) şagirdi olmuşdur. Bir müddət sonra o, müəllimi ilə birgə Orta Asiyaya mühacirət etmişdir. Ə. Əminzadə bunu haqlı olaraq, İranda şiəliyin hakim ideologiya səviyyəsinə qaldırılıb sünnilərin təqib edilməsi ilə əlaqələndirir [14].
Yəni bu, heç də «Azərbaycan tarixi»ndə deyildiyi kimi, «ölkənin (Azərbaycanın – M.M.) türklər tərəfindən işğalı» [15] ilə bağlı deyildi. Bu dövrdə Səfəvi İranından alim və şairlərin kütləvi surətdə Hindistana və Mavəraənnəhrə mühacirətinin başlıca səbəbi məhz ölkədəki ideoloji şərait, dini dözümsüzlük atmosferi olmuşdur. Şiəliyi hakimiyyətin dayağına çevirmiş Səfəvi hökmdarlarının himayəsi ilə sünnilər və eləcə də sufizm nümayəndələri ciddi təqiblərə məruz qalırdılar [16]. Yusif Qarabağinin əsərlərinin təhlili göstərir ki, onun elə bu səbəbdən Orta Asiyaya getməsi daha inandırıcıdır.
Yusif Qarabaği bir müddət Səmərqənddə yaşamış, tədrislə məşğul olmuş, «Böyük Axund» («Axundi-kəlan») adı ilə şöhrət qazanmışdır. Elə həmin dövrdə o, məşhur sufi şeyxi Nəcməddin Kübranın (1145-1221) adı ilə bağlı olan «kübraviyyə» təriqətinə qoşulmuşdur [17]. Daha sonra Buxaraya köçən Yusif Qarabaği burada məhsuldar elmi yaradıcılıqla məşğul olmuşdur. O, Buxara əmiri İmamqulu Bahadurxan (1611-1642) ilə yaxın olmuş, onun məclislərində iştirak etmişdir.
Yusif Qarabağinin oğlu Xacə Yaqub atasının ölmünə maddeyi-tarix yazmışdır. Həmin maddeyi-tarixə («Yaqubun gözündən Yusif getdi») əsasən, Yusif Qarabaği hicri-qəməri 1054-cü ildə (1644/45) vəfat etmişdir və Buxara ətrafında dəfn olunmuşdur.
Yusif Qarabağinin fəlsəfi irsi kifayət qədər zəngindir. Ə.Əminzadə yalnız Özbəkistan Şərqşünaslıq İnstitutunun əlyazmalarına əsasən alimin 20-yə qədər əsərinin adını çəkir [18]. Bu əsərlərin əksəriyyəti ərəbcədir.
Əsərlərin adları ilə tanışlıq Yusif Qarabaği yaradıcılığının məşhur İran alimi və şairi Cəlaləddin Dəvvani (1426-1502) irsi ilə sıx bağlı olduğunu söyləməyə əsas verir. Mənbələrə əsasən, Yusif Qarabağinin elmi-fəlsəfi əsərləri ilə yanaşı, poetik divanı da olmuşdur, lakin bu divan hələlik əldə edilməmişdir.
Son dövrdə Yusif Qarabağinin şəxsiyyəti və fəlsəfi irsi ilə bağlı olan daha iki tədqiqat meydana çıxmışdır. Bunlardan biri özbək alimi M.N.Nurutdinovun monoqrafiyasıdır [19]. İkincisi, Türkiyə araşdırıcısı Əbdürrəhim Gözəlin başqa bir Azərbaycan filosofu Mühyəddin Məhəmməd Qarabaği (vəf. 1635) həsr olunmuş kitabıdır [20]. Əsərin maraqlı cəhəti odur ki, müəllif xüsusi fəsildə bəhs etdiyi filosofdan başqa «Qarabaği» nisbəli daha on filosofun adını çəkib qısa məlumat verir və burada təbii ki, Yusif Qarabağinin də adı var. Yusif Qarabağinin vəfat tarixini 1035-ci (1625/1626-cı) il kimi göstərən Ə.Gözəl onun Süleymaniyyə kitabxanasında əlyazması saxlanılan yeddi əsərinin adını çəkmişdir [21].
«Həft cinan» risaləsi Yusif Qarabağinin farsca yazdığı ən mühüm əsəridir. Təsadüfi deyil ki, Ə.Əminzadə alimin fəlsəfi görüşlərini, demək olar bütünlüklə, bu risalə əsasında şərh etmişdir [22]. Lakin o, nə üçünsə, həm «Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər»də, həm də monoqrafiyasında əsərin adını «Həft behişt» («Yeddi behişt») kimi göstərmişdir.
Özlüyündə aydındır ki, Yusif Qarabaği «behişt» sözünü işlətsəydi, əsərə bu cür ad qoymazdı, çünki məlum olduğu üzrə, cənnət səkkiz bağdan ibarətdir (Məşhur hind şairi Əmir Xosrov Dəhləvinin poeması, habelə Həkiməddin İdris Bidlisinin Osmanlı tarixinə dair əsəri (XVII əsr) də məhz «Həşt behişt» - «Səkkiz behişt» adlanır).
Onu da deyək ki, tərcüməsini etdiyimiz əlyazma nüsxəsinin saxlandığı (bu nüsxə Məhəmməd Şərif adlı kitab tərəfindən avtoqrafdan köçürülmüşdür) Saltıkov-Şedrin adına kitabxananın kataloqunda risalənin adı «Həşt behişt» kimi göstərilmişdir[23]. Lakin əlyazmanın başlığında risalənin adı «Kitabi-həft cinan» («Yeddi cənnət bağı kitabı») kimi verilmişdir. Bu da tamamilə qanunauyğundur, çünki risalə hər biri «cinan» adlanan və öz növbəsində bir neçə «çəmən»ə bölünən (buna görə risalə həm də «Çəməniyyə» adı ilə məşhurdur) yeddi fəsildən ibarətdir. Bəs bu «behişt» sözü haradan meydana çıxmışdır? Əsərin əvvəlində Yusif Qarabaği onun yazılma səbəbindən bəhs edərkən yazır: «…Könlüm rəsmi maneələrə və gündəlik məşğuliyyətə baxmayaraq, bir risalə qələmə aldı ki, yeddi cənnət bağından (cinan) ibarətdir və xütbəni (girişi) də əlavə etsən, səkkiz olar və beləliklə, ona səkkiz behişt demək mümkün olar…».
Kataloqun tərtibçisi, görünür, müəllifin bu sözlərindən çıxış etmişdir. Lakin «Həft cinan» adı əsərin strukturunu əks etdirdiyi və əlyazmanın üstündə qeyd olunduğu üçün biz həmin adın üzərində dayandıq. Bir də «cinan» sözünü, sadəcə, «bağ» kimi də mənalandırmaq mümkündür.
Müəllif yeddi rəqəmini təsadüfən əsərin strukturunda əsas götürməmişdir. Bəlkə o, risalədə iki dəfə xatırlayıb sitat gətirdiyi dahi həmyerlisi Nizami Gəncəvinin «Həft peykər»ini – «Yeddi gözəl»ini nəzərdə tutmuşdur? Bəlkə də… Hər halda istənilən variantda «Həft behişt» adı istisna olunmalıdır. Risalənin «Həft cinan» - «Yeddi bağ» adı ilə təqdim olunması, yuxarıdakı dəlillər nəzərə alınmaqla, tamamilə məntiqidir, hərçənd müəllifin dediyi kimi, ona «Həşt behişt» söyləmək də mümkündür. Yusif Qarabaği bu «mümkünlüyü» sanki oxucularının ixtiyarına buraxmışdır. Biz də müəllifin bu iradəsi ilə hesablaşmalı oluruq.

Ədəbiyyat:
 
1. Персидские и таджикские рукописи Государственной Публичной библиотеки имени М. Е. Салтыкова-Щедрина, часть 1-2. составитель Г. И. Костыгова. Ленинград, 1988-1989.
2. ASE, III cild. Bakı, 1979, s. 48.
3. Xacə Seyid Şərif Raqim. Tarix-e raqemi. – AMEA Şərqşünaslıq İnstitutunun arxivi, inv. № 52, s. 218 b.
4. Yenə orada, s. 232 a.
5. Yenə orada, s.232b-233a.
6. А. А. Бакиханов. Сочинения. Записки. Письма. Вступ. статья, составление и прим. Э.М.Ахмедова. Баку, 1983, с. 268.
7. А. А. Семенов. Забытый среднеазиатский философ XVII в. и его «Трактат о сокрытом». – Известия общества для изучения Таджикистана и иранских народностей за его пределами. Т. 1, Ташкент, 1928, с. 137.
8. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 180.
9. История Узбекской ССР, т. I, Ташкент, 1955, с. 446; Azərbaycan tarixi. I cild, Bakı, 1961, s. 306.
10. H. Araslı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956, s.78.
11. А. М. Богоутдинов. Очерки по истории таджикской философии. Душанбе, 1961, с. 218-219.
12. Очерки по истории Азербайджанской философии, т. 1, Баку, 1966, с. 284-299.
13. Ə. Ə. Əminzadə. Azərbaycanda fəlsəfi və ictima-siyasi fikir tarixindən. Bakı, 1972, s. 32-79.
14. Yenə orada, s. 35.
15. Azərbaycan tarixi. I cild, Bakı, 1961, s. 306.
16. Ətraflı məlumat üçün bax: Məsiağa Məhəmmədi, Saib Təbrizi və farsdilli poeziyada «Hind üslubu», Bakı, 1994, s. 35-61.
17. «Kübraviyyə» təriqəti barədə bax: Дж. С. Тримингем. Суфийские ордены в исламе. M., 1989, с. 55-57.
18. Ə. Ə. Əminzadə. Göstərilən əsəri, s. 38-43.
19. М. Н. Нурутдинов. Юсуф Карабаги и общественно-философская мысль Средней Азии XVI-XVII вв. Ташкент, 1990.
20. Abdürrahim Güzel. Karabaği və Tehafütü. Ankara, 1991.
21. Yenə orada, s. 45-46.
22. Ə. Əminzadə. Göstərilən əsəri, s. 42-79.
23. Персидские и таджикские рукописи Государственной Публичной библиотеки имени М. Е. Салтыкова-Щедрина, часть II. Ленинград, 1989, с. 252-253.

1997-ci il


Davamı

ŞƏHRİYAR VƏ XX ƏSR İRAN ƏDƏBİ MÜHİTİ

Məhəmmədhüseyn Şəhriyarın poeziyası XX əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx surətdə bağlı olmuş, klassik irsin yaradıcı şəkildə mənimsənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə qarşılıqlı əlaqə və təsir zəminində formalaşmışdır. Həyatının bütün mərhələlərində tərkidünyalıq və guşənişinlik illəri yaşamasına, əski təbirlə desək, «sufi-məşrəb» və «dərviş-məab» olmasına baxmayaraq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poeziyada baş verən hadisə və dəyişiklikləri yaxından izləmiş, zəruri məqamlarda və ən mühüm məsələlər barədə səmimi şəkildə mövqeyini bildirmiş, sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müstəsna mahiyyəti məhz bu kontekstdə anlaşıla və qiymətləndirilə bilər.
XX əsr İran ədəbiyyatının inkişafı bütövlükdə «ənənəçilərlə» «yenilikçilərin» qızğın mübahisəsi və kəskin mübarizəsi şəraitində baş vermiş, onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəlmiş sosial-mədəni islahatları və Məhəmmədrza Pəhləvinin «ağ inqilabı» dövrünə təsadüf etmişdir. Bu prosesdə Şəhriyar əlahiddə bir yer tutur və biz burada həmin əlahiddəliyin mahiyyəti və səbəblərini açıqlamağa çalışacağıq.

Şəhriyarın ədəbiyyata gəldiyi 1920-ci illər bədii yaradıcılıqda, ilk növbədə poeziyada novatorluq axtarışlarının birinci dalğasının gücləndiyi dövr idi. Şeirdə bu prosesin bayraqdarı olmaq, klassik kanonları sındırmaq missiyasını Mazandarandan olan gənc şair Nima Yuşic (1895-1960) öz üzərinə götürmüşdü. Şəhriyar kimi fransız dilini mükəmməl bilən Nima Qərb ədəbiyyatından təsirlənməklə bir-birinin ardınca yeni poetik forma və üslubda yazdığı əsərlərini nəşr etdirir, ənənə tərəfdarlarının müqaviməti və etirazı ilə üzləşirdi. Etiraz edənlərdən biri də o dövrün nüfuzlu ədiblərindən olan Məlikküş-şüəra Bahar (1887-1951) idi. O Məlikküş-şüəra Bahar ki, Şəhriyarın ilk kitabına – 1931-ci ildə çap olunmuş divanına heyranlıqla dolu ön söz yazmış və Şəhriyarı «təkcə İranın deyil, bütün Şərq aləminin iftixarı» adlandırmışdı; gənc şairin klassik formanı gözləməklə yazdığı yeni ruhlu şeirlər Baharın zövqünü oxşamış və o hətta Şəhriyarın əsərlərindən yaradıcı impuls aldığını etiraf etmişdi.
Baharla yanaşı, Səid Nəfisi və Pejman Bəxtiyari kimi ədiblərdən yüksək qiymət alan Şəhriyar, bununla belə, ədəbi-estetik mübahisələrdə mühafizəkarların səngərində yer almadı və təkcə Nimanın yaradıcılığında deyil, bütövlükdə XX əsr İran poeziyası tarixində yeni səhifə açan «Əfsanə»ni böyük coşqu və həyəcanla qarşıladı. «Əfsanə» poeması Şəhriyara elə güclü təsir bağışlamışdı ki, şahidlərin dediyinə görə, kitabı əlindən yerə qoymur, ondan danışmaqdan doymurmuş.
Nəhayət, Şəhriyar əsərin müəllifi ilə şəxsən tanış olmaq üçün İranın şimalına – Barfüruşa yollanır. Nima ilə görüşmək Şəhriyara nəsib olmur, əvəzində onun qələmindən farsdilli poeziya üçün tamamilə yeni bir hadisə olan «Do morğe-beheşti» («İki cənnət quşu») adlı bir əsər çıxır. Şəhriyarın özünün də etiraf etdiyi kimi, həmin əsər Nimanın təsiri ilə yazılmışdır, lakin bu, Nimanın birbaşa davamçılarında gördüyümüz təsirdən fərqli – yeni poetik formaya deyil, yeni poetik təfəkkürə təkan verən, bədii təxəyyülü qanadlandıran bir təsirdir. Nimanın təsirini Şəhriyarın sonralar yazdığı «Həzyane-del» («Qəlbin sayıqlaması») «Ey vay madərəm» («Vay, anam»), «Mumiyayi» («Mumiyalanmış adam») «Pəyam be Eynşteyn») («Eynşteynə müraciət»), «Əfsaneye-şəb» («Gecənin əfsanəsi») kimi əsərlərində müşahidə etmək mümkünsə də, məhz təsirin qeyd olunan səciyyəsi nəticəsində bunlar Şəhriyarın öz üslubunda olan əsərlər sayılır. Şəhriyar haqqında ən qiymətli araşdırmalardan birinin müəllifi olan Hüseyn Münzəvi (1946-2004) haqlı olaraq yazır: ««İki cənnət quşu» «Əfsanə»nin təsiri altında yazılsa da, insafən, Şəhriyar öz axıcı və lirik dili, canlı və gözəl təbiət təsvirləri, eləcə də dialoqları qurmaq və duyğuları bəyan etmək bacarığı ilə... «Əfsanə»dən irəli getmişdir. Məşhur ifadə ilə desək, «birincilik üstünlüyü» Nimaya məxsus olsa da, «üstünlük birinciliyi» Şəhriyara məxsusdur».
Adı çəkilən əsərlər İranda yeni şeirin ən dəyərli nümunələri olmaqla, Şəhriyarın ədəbiyyatda ənənə və novatorluğa baxışının özünəməxsusluğunu da ortaya qoyur. Bu özünəməxsusluğu şairin aşağıdakı sözlərində aydın görmək mümkündür:
«Şeirin mayası qeyri-iradi insanın sinirlərində yaranan incə bir titrəyişdir – şairin sinir sistemi onu təbiətdən təhvil alıb bəsləyir və sonra onu şeir şəklində başqalarına təhvil verir. Şeirin vəzni, melodiyası, şeirdə sözlərin uyuşması insanın paltarı kimidir və şeir adətən bu paltarda rəsmən tanınır… Qafiyə şəklin salındığı çərçivə kimi bir şeydir ki, şeiri onunla bağlayırıq…, şeirin şəkli və ya forması onunla müəyyənləşir. Paltarın forması dəyişdikdə insanın mahiyyəti dəyişmədiyi kimi, şəklin dəyişməsi ilə şeirin mahiyyəti də dəyişməz. Şeir şair üçün ideal məqamında olan bir məqsədi izləyir… Poetika elmi şeiri təhlil və dərk etmək üçün yaranıb, şeir yaratmaq üçün yox! Poetika şeirdən törəyib, şeir poetikadan törəməyib… Şair bilməlidir ki, əgər mənzum söz quraşdırma yolu ilə, yaxud qaydalar əsasında yaranarsa, saxta bir sözdür və şeir deyil…».
Poetik sözün təbiətinə bu cür baxışın nəticəsidir ki, Şəhriyar digər ənənəçilərdən fərqli olaraq, Nima və ardıcıllarının yeniliklərinə dözümlü münasibət sərgiləyir, özü də onlardan istifadə edirdi, eyni zamanda yeniliyi formal parametrlərə müncər edənlərlə razılaşmırdı. Şəhriyar bədii yaradıcılıqda təxəyyülə, fantaziyaya müstəsna əhəmiyyət verirdi və Nimanın poetik şəxsiyyətində ən çox bu cəhəti qiymətləndirirdi. Onun fikrincə, yeni sözü köhnə «paltar»da da söyləmək mümkündür. Çünki şeirdə əsas olan fikirdir, məzmundur. Çox sevdiyi və bəhrələndiyi Saib Təbrizinin dediyi kimi:

یک عمر میتوان سخن از زلف یار گفت
در بند آن مباش که مضمون نمانده است

Bir ömür yarın zülfündən söz demək olar,
Elə düşünmə ki, [deyilməmiş] məzmun qalmayıb!

Şəhriyar klassik ənənələri dövrünün yenilikləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və novatorluq arasında düzgün nisbəti, «etidalı», «qızıl ortanı» tapmağa və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur. Bu, XX əsr İran poeziyasında onun əlahiddəliyini şərtləndirən birinci səbəbdir. Təsadüfi deyil ki, Nima Yuşic Şəhriyarı «İranda gördüyüm yeganə şair» adlandırmışdı.
Şəhriyar kimi əsasən klassik formalarda, ilk növbədə, qəzəldə yazıb-yaradan bir şairin Nimaya (və bütövlükdə «yeni şeirə») verdiyi dəstəyin İran ədəbi mühitində xüsusi əhəmiyyəti və mənası vardı. Bu dəstək iki şair arasında səmimi dostluq münasibətlərinin yaranmasına təkan vermişdi, Tehranda və Təbrizdə görüşən iki şair bir-birinin yaradıcılığı haqqında fikirlərini açıqlamış, bir-birinə şeirlər həsr etmişdi. Şəhriyarın Nimaya müraciətlə yazdığı çox təsirli şeirdən aşağıdakı misralar diqqəti çəkir:

نیما غم دل گو که غریبانه بگرییم
سرپیش هم آریم و دو دیوانه بگرییم
من از دل این غار و تو از قلۀ آن قاف
از دل به هم افتیم و به جانانه بگرییم...
من نیز چو تو شاعر افسانه خویشم
بازآی به هم ای شاعر افسانه بگرییم

Nima, ürəyinin qəmini de, qərib kimi ağlayaq,
Bir-birimizə baş əyib iki divanə tək ağlayaq
Mən bu mağaranın içindən, sən o Qafın zirvəsindən
Ürəkdən qucaqlaşıb candan ağlayaq…
Mən də sənin kimi öz əfsanəmin şairiyəm,
Gəl, ey əfsanə şairi, bir-birimizin halına ağlayaq!

Nima Yuşic isə Şəhriyarı özünün məhrəmi, onu duyan və dəyərləndirən bir şair, bir insan kimi səciyyələndirərək yazırdı:

رازی ست كه آن نگار می داند چیست
رنجی است كه روزگار می داند چیست
آنی كه چو غنچه در گلو خونم از اوست
من دانم و شهریار می داند چیست

Bir sirr var, onu o nigar bilir,
Bir əzab var, onu ruzigar bilir,
Qönçə kimi bağrımı qana döndərən şeyi
Mən bilirəm, bir də Şəhriyar bilir.

Yaradıcılıqlarının xarakteri, ictimai-estetik mövqeyi baxımından ciddi şəkildə fərqlənən iki şairin bir-birinə bu münasibəti son dərəcə ibrətamiz və düşündürücü faktdır.
Nima Yuşic dünyasının dəyişərkən, çağdaş İran poeziyasının önəmli nümayəndələrindən olan «Sayə» təxəllüslü Huşəng Ebtehac (1926-2000) Şəhriyara çox yanıqlı bir qəzəl ünvanlanmış, orada bir növ Şəhriyarın o zamankı İran ədəbi mühitində yerini, əhəmiyyətini açıqlamışdı:

با من بی کس تنها شده یارا تو بمان
همه رفتند از این خانه خدا را تو بمان
من بی برگ خزان دیده دگر رفتنی ام
تو همه بار و بری تازه بهارا تو بمان…
شهریارا، تو بمان بر سر این خیل یتیم
پدرا، یارا، اندوه گسارا تو بمان

Mən kimsəsiz və tənhalaşmış ilə, ey dost, sən qal!
Hamı bu evdən çıxıb getdi, sən Allah, sən qal!
Xəzan vurmuş, yarpaqları tökülmüş mən də getməliyəm,
Sən ki, barlı-bəhərlisən, ey təzə bahar, sən qal!..
Ey Şəhriyar, bu yetimlər dəstəsinin başında sən qal,
Ey ata, ey dost, ey dərdimizi yüngülləşdirən, sən qal!

Şəhriyar isə bu müraciətə yaradıcılığına xas kədər və fəlsəfiliklə belə cavab vermişdi:

سایه جان، رفتنی استیم بمانیم که چه؟
زنده باشیم و همه روضه بخوانیم که چه؟
درس این زندگی از بهر ندانستن ماست
این همه درس بخوانیم و ندانیم که چه؟
خود رسیدیم به جان نعش عزیزی هر روز
دوش گیریم و به خاکش برسانیم که چه؟

Sayə can, biz gedəriyik, qalaq, nə olsun?
Sağ olaq və daim rövzə oxuyaq, nə olsun?
Həyatın dərsi bizim bilməməyimiz üçündür,
Bu qədər dərs oxuyaq və bilməyək, nə olsun?
Artıq cana gəlmişik, hər gün bir əzizin cəsədini
Çiynimizə alıb torpağa tapşıraq, nə olsun?

Şəhriyar Nimanın ölümünə də bir şeir həsr etmiş və həmin şeirin aşağıdakı beytində özü və Nima barədə çox mühüm bir məsələyə işarə etmişdir:

من همه عبرتي از باختن ديروزم
او همه غيرتي از ساختن فردا بود

Mən – dünənin uduzmasına bir ibrət,
O – sabahın qurulmasına bir qeyrət!

Buradakı «uduzmaq» məsələsi Şəhriyar yaradıcılığının mahiyyəti ilə bağlı önəmli bir məqama işıq salmaqla yanaşı, onun necə yüksək ədəbi özünüdərk səviyyəsinə malik olduğunu göstərməkdədir. Aşağıda biz bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Şəhriyarın «yeni şeir» barədə düşüncələri Nimanın vəfatından sonra onun oğlu Şəragim Yuşicə yazdığı geniş məktubda öz dolğun əksini tapmışdır. Maraqlıdır ki, şair həmin məktubu özündən sonra Nimanın əsərlərini redaktəyə layiq bildiyi üç şairdən – Fəridun Təvəlləli, Nadir Nadirpur və yuxarıda adı keçən Sayədən başqa heç kəsə göstərməməyi təkidlə tapşırmışdır. Həmin vaxt Ş.Yuşic atasının külliyatını çap etdirmək fikrinə düşmüşdü. Bununla bağlı məsləhətlərini verən Şəhriyar Nimanı «fars ədəbiyyatında xüsusi mövqeyi olan, dəyişiklik körpüsü quran» bir şair kimi səciyyələndirir, eyni zamanda onun bir çox əsərlərinin eksperiment xarakteri daşıdığını vurğulamağı unutmur və Nimanın yaradıcılığı ilə bağlı mühüm bir problemə toxunaraq yazır: «Sənin atan ümumilikdə bir İran-Avropa şairi idi… Atan əvvəllər bu əqidədə idi ki, biz özümüz üçün çox şeir demişik, indi gərək bir qədər də avropalılar üçün şeir yazaq. Yəni elə yazaq ki, onlar asanlıqla başa düşsünlər, biz sənət və ədəbiyyatımızı onlara tanıda bilək. Bu, pis fikir deyildi, amma tezliklə özü bunun problemi ilə üzləşdi: deyirdi ki, əgər belə də etsək, tədricən öz ədəbi simamız aradan gedəcək. Odur ki, o bir müddət avropalıların başa düşə biləcəyi, Avropa dillərinə daha asanlıqla tərcümə ediləcək misralar yazdı, amma sonra bu problemlə qarşılaşdı».
Burada Şəhriyar XX əsrdə təkcə İran ədəbiyyatının deyil, bütün Şərq ədəbiyyatlarının qarşısında duran bir vəzifəyə – dünya ədəbiyyatına inteqrasiya olmaq məsələsinə toxunur və İranda «yeni şeirin» atası sayılan Nima Yuşicin «Avropaya çıxmaq» problemini necə həll etməyə çalışdığını açıqlayır. Bütövlükdə Qərb ədəbiyyatı XX əsrdə İran ədəbiyyatının xarakterini müəyyənləşdirən təsir amillərindən biri kimi çıxış etmiş, Nimadan sonra da Avropa şeirinə təqlid geniş yayılan bir hal olmuşdur. Rembo, Rilke, Elüar, Apolliner, Lorka, Eliot, Mayakovski kimi şairlər, simvolizm, dadaizm, sürrealizm kimi cərəyanlar İran poeziyasına dərin təsir bağışlamış, «yeni şeirin» bir çox nümayəndələri həm də Qərb modernizmi nümunələrinin fars dilinə tərcüməçiləri olmuşlar. Bu da təbii olaraq, əks reaksiya doğurmuş, «ənənəçilərin» kəskin mənfi münasibəti ilə qarşılaşmışdır. Şəhriyar isə fərqli bir yolla getmiş və bunu sözügedən məktubda belə açıqlamışdır: «Mən də az qalmışdı ki, ifrat yola düşüm, amma dayandım və «İki cənnət quşu», «Qəlbin sayıqlaması» və eləcə də «Gecənin əfsanəsi» kimi əsərlərimdə avropasayağı yabançı düşüncələri bacardığım qədər iranlılaşdırmağa (orijinalda: İranizə etməyə - M.M.) çalışdım və müəyyən həddə buna nail oldum. Ona görə də məndən sonra gələn Nadirpur, Sayə, Müşiri kimi şairlərin üslubu Nima ilə mənim aramda yerləşən bir şey olmuşdur».
Beləliklə, Şəhriyar nə «yenilikçilər» kimi Avropa şeirinə təqlid edir, nə də «ənənəçilər» kimi onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək yolunu tutur və bu da onun yaradıcılığının əlahiddəliyini təmin edən ikinci səbəb kimi çıxış edir. Qeyd edək ki, Şəhriyar təkcə ədəbi-estetik baxımdan deyil, ümumi ictimai və kulturoloji planda da bu mövqedə dayanır və Avropa mədəniyyətinə nisbətdə böyük İran yazıçısı Cəlal Ale-Əhmədin məşhur «Qərbzədegi» («Qərbçilik») əsərində nümayiş etdirdiyindən fərqli bir yanaşma cərgələyir.
1950-ci illərdə, xüsusən 1953-cü il çevrilişindən sonra «yeni şeir» böhran mərhələsi yaşayır, Şəhriyarın təbirincə desək, «bayağılaşma dönəminə» qədəm qoyur (bu böhran, heç şübhəsiz, həm də ideoloji səbəblərlə bağlı idi). Şəhriyar isə bu dövrdə fars divanının dalbadal çap olunan cildləri bir yana, ana dilində «Heydərbabaya salam» kimi möhtəşəm bir əsər yaradır və az bir zamanda onun şöhrəti İran hüdudlarını aşaraq, keçmiş SSRİ məkanına, Avropa və Amerikaya çatır. «Heydərbaba»nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənənəsində yeni bir səhifə açır, Pəhləvi rejiminin susdurduğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur. Bu, Şəhriyara İran ədəbi mühitində əlahiddə status qazandıran üçüncü səbəbdir. Şəhriyarın ana dilində yazdığı əsəri təkcə Azərbaycanda və Türkiyədə deyil, İranın farsdilli ədəbi mühitində də böyük maraq doğurur. O qədər ki, fars dilinin qızğın təəssübkeşi, böyük İran yazıçısı Məhəmmədəli Camalzadə «Heydərbaba»nı orijinalda oxumaq üçün Azərbaycan türkcəsini öyrənmək istəyinə düşür.
Şəhriyar ana dilində milli ruhun ifadəsi, milli adət-ənənələrin ensiklopediyası sayılan «Heydərbaba» kimi bir əsər yazmaqla kifayətlənmir, yuxarıda adları keçən şeirləri ilə farsdilli poeziyada gördüyü işi ana dilində də həyata keçirir, tezliklə ədəbi-tarixi və bədii-estetik baxımdan ondan heç də geri qalmayan «Səhəndiyyə»sini qələmə alır. «Səhəndiyyə», bizim ədəbiyyatşünaslıqda yetərincə diqqət verilməsə də, məzmununa, formasına, ritminə, ahənginə görə nəinki Güney, hətta sovet dönəmi Quzey Azərbaycan ədəbiyyatında da misli-bərabəri olmayan poetik nümunədir, Şəhriyar dühasının əlçatmaz məhsuludur:

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!
Başı tufanlı Səhəndim.
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
Sən ipək telli buludlarla üfüqdə sarışıbsan,
Savaşırkən barışıbsan…

Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu,
Dağa dağlar dayaq oldu.
Arazım ayna çıraq qoymada aydın şəfəq oldu,
O tayın nəğməsi qovzandı, ürəklər qulaq oldu.
Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu
Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu,
Yenə qəmlər qalaq oldu…

Lalə bitdi, yanaq oldu,
Qönçə güldü, dodaq oldu,
Nə sol oldu, nə sağ oldu,
Hamısı bir sayaq oldu…

1960-cı illərdə İranda «yeni şeirin» ikinci dalğası meydana çıxdı, ədəbi mühitdə yeni adlar, yeni imzalar göründü, çeşidli estetik proqramlar, manifestlər irəli sürüldü, bəyanatlar verildi. «Yeni dalğa» («mouce-nou»), «xalis poeziya» («şere-nab»), «həcm şeiri» («şere-həcm») kimi konsepsiyaların meydana çıxması, Əhməd Şamlu, Foruğ Fərruxzad, Bijən İlahi, Mənuçöhr Atəşi, Söhrab Sipehri, Məhəmmədəli Sepanlu, Yədullah Royayi, Əhmədrza Əhmədi, Mehdi Əxəvane-Salis və s. kimi şairlərin məhsuldar yaradıcılıq axtarışları məhz bu dövrə təsadüf edir. Əks qütbdə, yəni «ənənəçilər»in cəbhəsində Əmiri Firzukuhi, Rəhi Müəyyiri, Əbülhəsən Vərzi kimi şairlər yazıb-yaratmaqda idi. Heç bir ədəbi qruplaşmaya qoşulmayan, şöhrətinin zirvəsində olan Şəhriyar faktoru ilə hər iki cəbhə hesablaşır, yeri düşdükcə onun yaradıcılığı barədə fikirlərini açıqlayırdı. Məsələn, «yeni şeirin» ünlü nümayəndələrindən Mehdi Əxəvane-Salis ənənəvi janrlarda, xüsusən qəzəldə Şəhriyarın poetik qüdrətini etiraf edərək yazırdı: «Əgər adamın deməyə təzə sözü varsa, hələ də bu janrda (qəzəldə – M.M.) deyə bilər. Şəhriyar və Abbas Fərat hər ikisi qəzəl yazıb, amma onlar arasında nə qədər fərq var?! O gənc və coşqun ruhlu, fədakar və nalə çəkən bir aşiq, bu isə, özü demişkən, hər gecə bir-iki qəzəl deməyə adət etmiş şəxs! Günah janrlarda deyil, bu janrlardan necə istifadə edən adamlardadır…». Məşhur şairə Foruğ Fərruxzad deyirdi: «Vəzn və dil bir-birindən ayrı deyil, birlikdə gəlirlər, onların açarları da özlərindədir. Mən bu zəmində yaranmış əsərlərdən sizə nümunələr gətirə bilərəm. Bəlli olanlardan keçək, məsələn, Şəhriyarın «Vay, anam» şeirinə diqqət edin. Şəhriyar kimi qəzəlxan bir şair üzləşdiyi məsələ qarşısında daha qeyri-səmimi olmağı bacarmayanda, görün necə dil və vəzn öz-özünə bir-birinə uyğunlaşıb gəlirlər və nəticədə qətiyyən Şəhriyardan gözlənilməyən bir əsər yaranır».
Bu sözlərdə tərifli məqamlarla yanaşı, Şəhriyara soyuq münasibəti də (özü də daha çox qəzəl yazdığına görə!) sezməmək mümkün deyil, hətta Foruğ Fərruxzad dolayısı ilə Şəhriyarın şeirlərində qeyri-səmimi olduğuna da eyham vurur. Şəhriyarın bu şairlər haqqında fikirləri ilə tanış olsaq, həmin soyuqluğun qarşılıqlı olduğunu görərik. Məftun Əmini bu məsələdən danışarkən yazır: «Ümumiyyətlə, demək lazımdır ki, Şəhriyar özünün şəhriyarlıq səltənətində təqribən başqa heç bir müasir şairi ustad səviyyəsində qəbul etmirdi. Əlbəttə, Nima və Bahara hörmət bəsləyirdi… Qəribə burasıdır ki, Mehdi Əxəvanı cavanlıqda yazdığı bir neçə qəsidəsinə görə qəbul edirdi. Şamlu, Foruğ, Sipehri, Atəşi və digər bu kimi şairlər barədə danışmırdı… Özünə və şeirinə maraq göstərdiyi yeganə şair Huşəng Ebhtehac idi, hərdən də Müşirinin, Nadirpurun və dini mövzularda yazan bir-iki yerli şairin adını çəkərdi…».
Şəhriyarla «yenilikçilər» arasında illərlə sürən soyuq münasibətlər 1972-ci ildə Şəhriyarın sədrliyi ilə Təbrizdə ümumiran şeir konqresinin keçirilməsi ilə kəskin xarakter aldı: «yenilikçilərin» bir qrupu konqresi boykot elədi. Konqresin elanı verilən kimi boykotçulardan və İranda modernist ədəbiyyatın ideoloqlarından biri olan Rza Bərahəni sərt bir açıqlama ilə çıxış etdi: «Mən bu xəbəri eşitdim, oxudum və bərk heyrətləndim: Bu neçə konqresdir ki, onun başında Şəhriyar dayanır? … Əgər bu, bütün müasir yaxşı şairlərin iştirak edəcəyi bir yığıncaqdırsa, görəsən, Şəhriyar kifayət qədər ictimai, mədəni və ədəbi şüura malikdirmi ki, belə bir konqresin sədrliyinə seçilsin? Biz deyirik: Şəhriyar əbədilik keçmişdə qalıb, çünki Şəhriyar yalnız yaxşı bir qəzəlxandır və qəzəlin dövranı həmişəlik bitib… Odur ki, bir qəzəlxan, nə qədər zahirdə arif və dərviş kimi görünsə də, bu günkü fars şeirinə həsr olunmuş konqresin başında dayana bilməz… Bu gün həqiqətən yaşayan və öz axtarışları ilə həyatına davam edən yeganə müasir şair – «yeni şeir»dir və Şəhriyarın Nimanı təqlid edərək, onun yoluyla gedərək söylədiyi şeirlər ən aşağı poetik səviyyədədir. Əgər Şəhriyar həqiqi dərvişdirsə və ruhani irfana inanırsa…, yaxşı olar ki, … belə bir konqresə sədrlikdən kənara çəkilsin».
Əlbəttə, «İran ədəbi tənqidinin atası» kimi məşhur olan Rza Bərahəni vaxtilə böyük fars şairi Söhrab Sipehriyə münasibəti kimi, Şəhriyar barədə bu fikirlərinin də yanlışlığını sonralar anlamış və peşmançılıq keçirmişdi. Amma bu sözlər həmin dövrdə bir sıra yenilikçilərin Şəhriyara yanaşmasını göstərmək baxımından səciyyəvidir. Özü də bu münasibət sırf ədəbi-estetik səbəblərlə deyil, həm də ictimai-siyasi amillərlə bağlı idi. Məsələ burasındadır ki, «yeni şeirin» əksər tanınmış nümayəndələri sol ideologiyanın tərəfdarı idi və Şəhriyarın ictimai mövqeyi ilə razılaşmırdı. Şəhriyarsa, özü demişkən, «nə sol idi, nə sağ», heç bir ideologiyaya, siyasi axına bağlı deyildi, onların fövqündə dayanırdı, ümumbəşəri prinsiplərə söykənir, hətta bir sıra şeirlərində, o cümlədən Eynşteynə poetik müraciətində, müəyyən mənada kosmopolit kimi çıxış edirdi. Eyni zamanda Bərahəninin ironiyasına rəğmən, həqiqətən irfana inanırdı, nəinki inanırdı, onun ən ali məqamına yüksələ bilmişdi. Bu isə Şəhriyarın poetik şəxsiyyətinin əlahiddə mahiyyətini şərtləndirən dördüncü səbəbdir.
Maraqlıdır ki, «yeni şeirin» bir çox nümayəndələri sonradan məhz Şəhriyarın yoluna üz tutmuş, sufi ədəbiyyatı ənənələrindən bəhrələnməyə çalışmışlar (1979-cu il inqilabdan sonra bu meyl daha aşkar və sistemli bir səciyyə kəsb etmişdir). Bununla belə, onlar Şəhriyardan faydalandıqlarını hər vəchlə ört-basdır etməyə səy göstərmişlər Çağdaş İran şerinin görkəmli nümayəndələrindən olan Nüsrət Rəhmani (1929-2000) bu barədə yaxşı yazır: «Mənim fikrimcə, Şəhriyar dilə mükəmməl sahibliyi sayəsində xalq kütlələri arasında qəribə bir populyarlıq qazanmış yeganə şairdir. Və mən zəmanəmizin görkəmli şairləri içərisində çox az adam tanıyıram ki, bu kişinin əsərlərindən bəhrələnməmiş olsun. Təkcə xalq arasında deyil, dövründəki azsaylı səriştəlilər arasında da onun mövqeyi belə idi. Çox vaxt Şəhriyarı bilə-bilə unudur və ya qəsdən haqqında susurlar. Bu «Nima, Nima» deyənlər, az bir qismi istisna olmaqla, tamamən o kəslərdir ki, böyük bir məsələdən başları çıxmayanda, «Əxfəşin keçisi» kimi başlarını tərpədirlər. Onlar Nimanı tərifləyirlər, çünki tanımırlar. Əgər Nimanı tanısalar, Nimanın əsərlərinin səviyyəsi və dəyərində böyük bir dəyişiklik yaranar. Və Şəhriyardan danışmırlar, çünki qorxurlar… Mənim Şəhriyar barədə söz deməyimə lüzum yoxdur. O, bizim qəzəlçiliyin son nöqtəsidir. Mən Şəhriyarın qəzəllərindən sonra, bir-iki haldan başqa, daha qəzəl oxumamışam… Amma Şəhriyarın əzəməti təkcə yaxşı qəzəl yazmasında deyil… Onun əzəməti büllur və pak dilindədir. Onun əzəməti sətirlərinin arasında gizlənib. Onun şeirləri səmimiyyət, mərhəmət və fədakarlıqla doludur. Sanki o dünyaya əsrlər boyu həssas ürəklərə hakim kəsilən ən pak nəğmələri üzə çıxarmaq üçün gəlib…».
Nüsrət Rəhmaninin toxunduğu populyarlıq məsələsinə gəlincə, deməliyik ki, İranda nə yenilikçilərin, nə də ənənəçilərin heç bir nümayəndəsi istər farsdilli, istərsə də türkdilli oxucular arasında Şəhriyar qədər şöhrət qazana bilməmişdir. Bunun səbəbləri barədə şəhriyarşünaslar müxtəlif fikirlər irəli sürmüş, kimi bunu şairin dili və üslubu, kimi səmimiyyəti və şəxsi təcrübəsini qələmə alması, kimi güclü təxəyyülü və poetik məharəti, kimi də şeirlərinin irfani və ictimai məzmunu ilə izah etmişdir. Bunlar hamısı doğrudur, lakin İran alimi Məhəmmədrza Rasipur «Şəhriyar ənənə və modernləşmənin yolayrıcında» adlı kiçik, lakin dəyərli məqaləsində, fikrimizcə, Şəhriyarın geniş kütlələr arasında sevilməsinin çox mühüm bir səbəbini qabartmışdır. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, İran tarixində heç bir zaman kəsiyi Şəhriyarın ədəbi fəaliyyətlə məşğul olduğu illər qədər böhran və reformasiyaya məruz qalmamışdır. İran kimi ənənəvi cəmiyyətdə, əhalinin savadsızlığı, ümumi mədəni səviyyənin aşağılığı, kütləvi informasiya vasitələrinin ictimai rəyə təsir edib onu yönəltmək gücünün olmaması, ziyalı təbəqəsinin yoxluğu və ya zəifliyi şəraitində həyata keçirilən modernləşmə toplumda kimlik böhranına və dəyərlərin «sürüşməsi»nə, son nəticədə geniş kütlələrin dəyişikliklərə emosional reaksiya verməsinə səbəb olur – Şəhriyar şeiri də bu emosional reaksiyanı ifadə etdiyindən xalqın müxtəlif təbəqələrinin rəğbətini qazanmışdır: «Şəhriyar bu dəyişiklik prosesi ilə addımbaaddım bərabər getmiş, nə ənənəçilər kimi geridə qalmış, nə də novatorlar kimi qabağa düşmüşdür, ona görə də sənətkar həyatının bütün mərhələlərində cəmiyyət tərəfindən doğmalıq və həmdərdlik hissi ilə qarşılanmışdır». Başqa sözlə, Şəhriyar yaradıcılığının bütün dövrlərində insanların ürəyindən xəbər verən sözləri qələmə almış və bu üzdən ümumxalq sevgisi ilə əhatə olunmuşdur. Bu, Şəhriyara XX əsr İran poeziyasında müstəsna mövqe qazandıran beşinci səbəbdir.
Şəhriyar poeziyasındakı nostalji ruhu, uşaqlıq illərinə (=keçmişə) qayıdış meyli də qeyd olunan emosional reaksiyanın nəticəsidir, kövrəklik, nisgil, itirilmiş dünya həsrəti məhz bunun təzahürüdür. Siyavuş Kəsrayi əbəs yerə demirdi ki, Şəhriyarın hər kəlməsinin arxasında altmış illik xatirə dayanır. Fəridun Müşiri isə Şəhriyara həsr etdiyi şeirdə onu «dövranın gözündə yuvarlanmış yaş» adlandırırdı.
Bütün bu deyilənlərdən Şəhriyarın Nima Yuşicin vəfatı münasibətilə yazdığı şeirdə öz yaradıcılığını “dünənin uduzmasına ibrət” kimi səciyyələndirməklə, nəyə işarə etdiyi aydınlaşır.
Qeyd edək ki, modernləşmənin doğurduğu böhran, sosial-mədəni islahatların paradoksları, texnoloji dəyişikliklərin fəsadları Şəhriyarın farsdilli şeirlərində olduğu kimi, ana dilində yazdığı əsərlərdə kifayət qədər parlaq ifadəsini tapmışdır və bu baxımdan onun «Getdi» rədifli qəzəli səciyyəvidir:

Yığdı xeyrü-bərəkət süfrəsin ehsan ilə getdi,
Əmn-amanlıq da yükün bağladı, iman ilə getdi…
Silo dair olalı hər nə dəyirman yığışıldı,
Amma xalis-təmiz unlar da dəyirman ilə getdi.
Müstəbid sultanı saldıq ki, ola xəlqimiz azad
Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi…
Dedi insanımız azdı, hamı insan gərək olsun,
Amma insanlığımız da o az insan ilə getdi…
İstədik qanla yuyaq ölkəmizin ləkkəsin, amma
Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi…
Hava insanı boğur, baş-başa qaz-karbonik olmuş,
Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi…

Hazırkı qloballaşma şəraitində modernləşmənin yeni mərhələsi ilə üzləşən Şərq aləmi, o cümlədən, İran və Azərbaycan mühiti üçün Şəhriyar yenə də aktualdır, bir çox müasirlərindən və poetik rəqiblərindən fərqli olaraq, öz sözü ilə XXI əsrə adlamışdır, onun poeziyası zamanın sınağından və ədəbi döyüşlərdən qabiliyyətlə çıxmışdır.
«İnşallah ki, qalibəm mən!» – deyirdi böyük Füzuli. Bu söz Şəhriyara da aiddir. Əgər bu gün ona İranın milli şairi statusu verilibsə, onun vəfat günü milli şeir günü kimi qeyd olunursa, doğma yurdunun Güneyində və Quzeyində misraları dillər əzbəridirsə, Şəhriyar, həqiqətən də, qalibdir.

Davamı

RÜSTƏM ƏLİYEVİN İRANŞÜNASLIQ İRSİ

Professor Rüstəm Əliyev XIX əsrin ikinci yarısında və XX əsrin ilk onilliklərində çiçəklənmə dövrünü yaşayan klassik şərqşünaslıq məktəbinin layiqli davamçısı idi. Filoloji mahiyyətli bu məktəbin əsasını Şərq dillərinə dərindən bələdlik, əlyazma nüsxələrinin tekstoloji tədqiqi və əksər hallarda tərcüməsi, bu zəmində tarixi-ictimai reallıqlar, fəlsəfi-əxlaqi konsepsiyalar və bədii sistemlər haqqında mülahizələrə keçid təşkil edirdi. Belə bir məktəbin ənənələrinə söykənən Rüstəm Əliyev təbii ki, geniş profilli bir şərqşünas idi və Peterburqda təhsil alması buna əlverişli şərait yaratmışdı. Onun həqiqətən də geniş profilli şərqşünas olmasını bu gün sizlərə təqdim olunan biblioqrafiyası da təsdiq edir və konrfansda ediləcək məruzələrdən də bunu görəcəksiniz. Buna baxmayaraq, Rüstəm Əliyev ilk növbədə iranşünas idi, onun dar ixtisası fars dili və ədəbiyyatı, eləcə də bütövlükdə farsdilli ədəbiyyat idi. Həmin ixtisas çərçivəsində o, əsasən mətnşünaslıq problemləri ilə məşğul olurdu. Bu da təsadüfi deyildi. Rüstəm Əliyevin elmi fəaliyyətə başladığı illərdə bu məsələ diqqət mərkəzində dayanırdı, çünki orta əsr müəlliflərinin autentik mətnlərinin olmaması şərqşünaslığın sonrakı inkişafı qarşısında əməlli-başlı maneəyə çevrilmişdi. Toplanmış təcrübə bu problemin həllini təkidlə tələb edirdi. Rüstəm Əliyev zamanın və elmin bu çağırışına cavab verib yaradıcılığının ən coşqun çağlarını bu məsələyə həsr etdi. Özü də Rüstəm müəllim bu işi fars ədəbiyyatının ən böyük korifeyləri – Firdovsi, Xəyyam və Sədi irsinə münasibətdə həyata keçirdi.
Rüstəm Əliyevin ən mühüm və ən geniş tədqiqatları dahi İran şairi Sədi Şirazi yaradıcılığı ilə bağlıdır. Bildiyiniz kimi, Rüstəm müəllimin həm namizədlik, həm də doktorluq dissertasiyaları Sədi irsinə, konkret olaraq, onun iki şah əsəri «Gülüstan» və «Bustan»a həsr olunmuşdur. Özü də Rüstəm müəllim bu əsərlərin təkcə elmi-tənqidi mətnlərini hazırlamamış, həm də onların ideya məzmunu və poetikası barədə ciddi elmi mülahizələrini ortaya qoymuşdur. Mən alimin əlyazmalar və özündən əvvəlki nəşrlər üzərində işinin xüsusiyyətlərinə toxunmadan (çünki bu barədə ayrıca məruzə olacaq) ikinci cəhət barəsində bəzi məqamları qeyd etmək istəyirəm.
Rüstəm Əliyevin Sədi yaradıcılığı ilə bağlı ilk işi «Gülüstan»ın elmi-tənqidi mətni, araşdırma və şərhlərlə birgə rus dilinə tərcüməsi olmuşdur. Bu iş 1959-cu ildə iri formatda 700 səhifəlik bir kitab şəklində nəşr edilmişdir. Alimin həmin nəşrə yazdığı geniş müqəddimə Sədi irsi üzərində dərin və hərtərəfli tədqiqatın məhsuludur. Burada şairin bioqrafiyası, dünyagörüşü və poetik məharəti barədə orijinal fikirlərlə rastlaşırıq. «Gülüstan»ın tamamilə yeni bir janrda yazıldığını, Sədinin öz ixtirası olduğunu irəli sürən alim onun «adəmiyyət» fəlsəfəsi timsalında dünyagörüşünün ümümbəşəri mahiyyətini açıqlayır, fars ədəbi dilinin təşəkkülü və inkişafında müstəsna xidmətlərini əyani sübutlarla göstərir. Qeyd edək ki, bu məsələlər Rüstəm Əliyevin 1958-ci ildə «Bilik» cəmiyyətinin xətti ilə nəşr etdirdiyi Sədi haqqında kitabında daha geniş şəkildə şərh olunmuşdur.
«Bustan»la bağlı Rüstəm Əliyevin ən mühüm kəşfi əsərin ilkin variantda «Sədinamə» adlanması və eləcə də onun «Şahnamə»yə antiteza kimi düşünülməsi ideyasıdır. Təsadüfi deyil ki, əsər 1968-ci ildə Tehranda məhz bu adla nəşr olunmuş, M.Minоvi, M.Moin, Z.Səfa kimi nüfuzlu İran alimlərinin yüksək qiymətəini almışdı. Bu, artıq gənc Azərbaycan şərqşünasının beynəlxalq aləmdə qəbul olunmasından xəbər verirdi.
Rüstəm Əliyevin iranşünaslıq tədqiqatları, təbii ki, Sədi irsi ilə məhdudlaşmır. Alim paralel şəkildə başqa bir dahinin - Ömər Xəyyamın şəxsiyyəti və yaradıcılığına diqqət yetirir. Məlumdur ki, Xəyyam XIX əsrdə Fitsceraldın tərcümələri sayəsində Avropanı, ardınca isə Amerikanı fəth edəndən sonra onun rübailərinin atribusiyası problemi ən vacib məsələ kimi ortaya çıxmışdı. Rüstəm Əliyev şərqşünaslığın bu aktual vəzifəsinə, sözsüz ki, biganə qala bilməzdi. 1959-cu ildə o, tanınmış şərqşünas M.N.Osmanovla birlikdə Xəyyam rübailərinin 1207-ci ildə yazıldığı ehtimal olunduğu üçün ən qədim əlyazması sayılan və Kembricdə saxlanan nüsxəsi əsasında iki cilddə «Ömər Xəyyam. Rübailər» kitabını Moskvada nəşr etdirdi. Kitab Xəyyam rübailərinin farsca mətnindən, ruscaya tərcüməsindən, müqəddimə və şərhlərdən ibarət idi. Sonralar sözügedən əlyazmanın heç də 1207-ci ildə yazılmadığı aşkara çıxsa da, bu, həmin nəşrin, xüsusən Xəyyam rübailərinin atribusiyası problemi ilə bağlı dəyərli mülahizələri ehtiva edən müqəddimənin əhəmiyyətini əsla azaltmamışdır və indinin özündə də şərqşünaslar bu mənbədən dəyərli bir məxəz kimi faydalanırlar.
Rüstəm Əliyevin iranşünaslıq fəaliyyətinin ən parlaq səhifələrindən birini, şübhəsiz, onun Firdovsi «Şahnamə»si üzərində işi təşkil edir. 1950-ci illərin sonunda «Şahnamə»nin elmi-tənqidi mətnini hazırlamaq məqsədilə Moskvada mərhum Yevgeni Eduardoviç Bertelsin rəhbərliyi altında sonralar sovet iranşünaslığının bütün ağırlığını çiyninə almış istedadlı gənclərdən ibarət bir qrup yaradıldı və bu qrupun tərkibində, təbii ki, Rüstəm Əliyev də vardı. Həmin qrup qısa müddətdə ən mötəbər əlyazmalar əsasında «Şahnamə»nin elmi-tənqidi mətnini hazırladı və bu mətn 1960-1971-ci illərdə Moskvada 9 cilddə nəşr olundu. Həmin 9 cilddən üçü (4,5 və 8-ci cildlər) bilvasitə Rüstəm müəllim tərəfindən hazırlanmışdı və sonralar İranda da təkrar nəşr olunmuşdu. Bu nəşrlərə yazığı ön sözlərdə Rüstəm müəllim təkcə əlyazmaların təsviri ilə kifayətlənmir, həm də Firdovsinin fars dili və ədəbiyyatı tarixində yeri, «Şahnamə»nin mənbələri, onun özündən sonrakı ədəbiyyatla, xüsusən Nizami yaradıcılığı ilə əlaqələrinə dair dəyərli fikirlər irəli sürürdü.
Haqqında danışılan dövrdə Rüstəm Əlyiyev təkcə fars ədəbiyyatının tədqiqi ilə deyil, təbliği ilə də intensiv şəkildə məşğul olurdu. 1950-1960-cı illərdə Moskvada və Leninqradda farsdilli ədəbiyyatdan edilən poetik tərcümələrin əksəriyyəti məhz onun ön sözü, şərhləri və redaktorluğu ilə nəşr olunurdu. Lakin Rüstəm müəllimin İran ədəbiyyatı və mədəniyyətinin təbliği sahəsindəki fəaliyyəti təkcə SSRİ miqyası ilə məhdudlaşmayıb, bir sıra Şərq və Qərb ölkələrini də əhatə edirdi. Onun bu istiqamətdəki çalışmalarının zirvəsi 1965-ci ildə ABŞ-a uzunmüddətli elmi ezamiyyəti oldu. Beş ay müddətində ABŞ-ın səkkiz universitetində İran ədəbiyyatı və mədəniyyətinə dair mühazirələr oxuyan Rüstəm Əliyev məhz bunun sayəsində Harvard universitetinin fəxri professoru seçildi və Riçard Fray kimi dünya miqyaslı bir iranşünasın yüksək qiymətini aldı.
Rüstəm Əliyev əksər mediyevistlərdən – orta əsr mütəxəssislərindən fərqli olaraq, müasir fars ədəbiyyatı üzərində də ciddi araşdırmalar aparırdı. İrana daimi səfərləri də onun bu işinə əlverişli imkan yaradırdı. Rüstəm müəllimi öyrəndiyi ədəbiyyatın təkcə tarixi deyil, müasir durumu və perspektivləri də dərindən maraqlandırırdı. Xüsusən XX əsr fars poeziyasında vəzn, qafiyə, poetik texnika və üslub sahəsində baş verən yeniliklər onun diqqət mərkəzində dayanırdı. Burada Rüstəm müəllimin həmin məsələlərlə bağlı üç mühüm işinin adını çəkməklə kifayətlənmək istəyirəm.
1963-cü ildə şərqşünasların XXVI beynəlxalq konqresində (Moskva) Rüstəm Əliyev «Müasir fars poeziyasında novatorluq (şerin ritmik əsasları)» adlı geniş məruzə etmiş və bu məruzə ayrıca buraxılış şəklində nəşr olunmuşdur
1965-ci ildə Kembricdə keçirilən beynəlxalq iranşünaslıq konqresində Rüstəm Əliyev «Fars poeziyası və onun perspektivləri» adlı böyük maraq doğuran məruzə ilə çıxış etmişdir.
Nəhayət, 1967-ci ildə Parisdə Roman Yakobsonun şərəfinə nəşr olunmuş nüfuzlu bir məcmuədə Rüstəm müəllimin «Fars şerinin təkamülü» adlı təqribən iki çap vərəqi həcmində geniş araşdırması çap edilmişdir.
Bu tədqiqatlar göstərdi ki, Rüstəm Əliyev təkcə bir mətnşünas və ədəbiyyat tarixçisi deyil, həm də görkəmli bir ədəbiyyat nəzəriyyəçisidir.
Rüstəm Əliyevin iranşünaslıq fəaliyyəti onun farsdilli Azərbaycan ədəbiyyatı, o cümlədən, Nizami, Nəsimi və Füzuli irsi üzərində tədqiqatları ilə tamamlanırdı. Misal üçün, o, 1974-cü ildə Tehranda İmadəddin Nəsimi və Fəzlullah Nəiminin fars divanını nəşr etdirmiş və bu nəşr barədə həm Azərbaycan, həm də İran mətbuatında çox yüksək rəylər dərc olunmuşdu. 1958-ci ildə Füzulinin «Leyli və Məcnun»u, 1959-cu ildə isə qəzəlləri Rüstəm müəllimin ön söz və izahları ilə Moskvada rus dilində nəşr edilmişdi.
Çox vaxt Rüstəm müəllim haqqındakı yazı və çıxışlarda belə təsəvvür yaradılır ki, o, yalnız Bakıya qayıtdıqdan sonra, yəni 1970-80-ci illərdən başlayaraq Nizami irsi ilə məşğul olmağa başlamışdır. Lakin elə bu gün sizlərə təqdim olunan biblioqrafiyaya da baxsanız, görərsiniz ki, 1957-ci ildə Nizaminin «Leyli və Məcnun» poeması, 1960-ci ildə isə lirikası Rüstəm müəllimin müqəddiməsi və şərhləri ilə Moskvada nəşr olunmuşdur. Bu, onu göstərir ki, Rüstəm Əliyevin Nizami irsinə marağı daimi olmuşdur, sadəcə Bakıya qayıdandan sonra onun bu yöndəki fəaliyyəti daha intensiv xarakter kəsb etmişdir. Nizami yaradıcılığını bütövlükdə farsdilli ədəbiyyat kontekstində, o cümlədən, İran ədəbiyyatı isə əlaqələr zəminində nəzərdən keçirən alim bunun sayəsində nizamişünaslığa yeni ruh, yeni nəfəs gətirmişdir. Yəni saxta vətənpərvərlik şüarı ilə silahlanıb Nizamini təbii tarixi-mədəni kontekstindən ayıraraq milli zəminlə məhdudlaşdırmaqla onun yaradıcılığının bir çox məsələlərini anlaşılmaz edənlərdən fərqli olaraq, Rüstəm müəllim bu işi daha düzgün metodoloji əsasda həyata keçirirdi. Bu, heç də Nizamini milil zəmindən ayırmaq demək deyildi. Belə bir işi həyata keçirməklə yanaşı, Rüstəm müəllim, məsələn, «Nizamidə türklük sevgisi» adlı məşhur məqaləsini də yazmışdı.
1980-ci ildə Bakıda keçirilən «XI-XII əsrlər Azərbaycan mədəniyyəti və Nizami Gəncəvi yaradıcılığı» mövzusunda ümumittifaq elmi konfransında Rüstəm müəllim «Nizamişünaslığın problemləri» adlı məruzə ilə çıxış etmiş, nizamişünaslıq qarşısında duran vəzifələri 13 bənddə ümumiləşdirmişdi. Sonrakı illərdə bu 13 vəzifədən azı 10-nu Rüstəm müəllim bilavasitə özü yerinə yetirdi. Buraya Nizami əsərlərinin yeni tənqidi mətnlərinin hazırlanması, Azərbaycan və rus dillərinə filoloji tərcüməsi, Nizami haqqında ədəbiyyatın tam biblioqrafiyasının tərtibi, şairin dövrü və müasirləri ilə bağlı araşdırmalar və s. daxildir. Mən Rüstəm müəllimin bu sahədəki işləri sırasında birini xüsusi qeyd etmək istəyirəm. Bu da Nizaminin müasiri və dostu Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsərinin müqəddimə və şərhlərlə rus dilinə tərcüməsidir. Çox yüksək səviyyədə yerinə yetirilmiş bu işlə Rüstəm müəllim şərqşünaslığa və Azərbaycanşünaslığa misilsiz bir xidmət göstərmişdir.
… 1980-90-cı illərdə Rüstəm müəllim sağdan, soldan, arxadan atılan daşlara, bir çox hallarda haqqının tapdanmasına fikir vermədən gərgin fəaliyyət göstərir, təkbaşına az qala bir institutun işini görürdü. Onun son işlərindən biri əldə etdiyi yeni əlyazmalar əsasında «Sirlər xəzinəsi»nin yeni elmi-tənqidi mətninin hazırlanması idi. Rüstəm müəllim gecəni-gündüzə qatıb işləyir, yeni mötəbər mətni tezliklə ortaya qoymağa çalışırdı. Həmin dövrdə bir gün səhər Akademiyaya işə gələrkən, liftdə rastlaşdıq. Çox yorğun görünürdü. Mən: «Rüstəm müəllim, nə olub, xəstələnməmisiz ki?!» - deyə soruşdum. Rüstəm müəllim başını bulayıb Sədinin bu məşhur misralarını söylədi:

Hər dəm əz omr mirəvəd nəfəsi,
Çun negəh mikonəm nəmand bəsi.
(Hər an ömürdən bir nəfəs gedir,
Baxanda görürəm ki, çox qalmayıb).


Fikrini anlayıb heç nə demədim. Amma görünür, Rüstəm müəllim «çox qalmadığını» həqiqətən duyubmuş. «Sirlər xəzinəsi» üzərində işini tamamlayıb nəşriyyata verəndən sonra çox çəkmədi ki, dünyasını dəyişdi. Yeni tənqidi mətn onun ölümündən sonra Tehranda işıq üzü gördü…
Burada artıq deyildiyi kimi, Rüstəm Əliyev iranşünas kadrların hazırlanmasına böyük diqqət yetirirdi və onun yetirmələrindən biri də bəndənizdir. Yaxşı yadımdadır və bizim şöbənin əməkdaşları da, yəqin xatırlayırlar, mən Şərqşünaslıq İnstitutuna işə yenicə gələndə Rüstəm müəllim mənə şöbə seminarında çıxış etməyi tapşırdı. Mən hamının maraqla qarşıladığı məruzəmi bitirəndən və suallara cavab verəndən sonra Rüstəm müəllim qəribə bir sevinclə dedi: «Slava boqu, iranistika jivet», yəni «şükürlər olsun Allaha ki, iranşünaslıq yaşayır». Bu gün mən həmin sözləri Rüstəm Əliyevin özünə aid edirəm: bəli, Rüstəm müəllim yaşayır – onun yolunu davam etdirən şagirdlərinin simasında, bir kitablıq siyahısı olan əsərlərində yaşayır. Bu günkü konrfans da bunun daha bir təzahürüdür. Və mən, son olaraq, bu konfransın məhz bu şəkildə keçirilməsində təkidli səylərinə görə Gövhər xanım Baxşəliyevaya təşəkkürlərimi bildirirəm. Eyni zamanda Rüstəm müəllim haqqında xatirələr kitabının tərtibçisi kimi mənim müraciətlərimə həvəslə cavab verib qısa müddət ərzində yazılarını təqdim edən və beləliklə, həmin kitabın bu günkü tədbirdə ortada olmasına şərait yaradan bütün həmkarlarıma səmimi minnətdarlığımı bildirmək istəyirəm.

(Professor Rüstəm Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 14 aprel 2004-cü ildə Bakıda keçirilmiş ümumrespublika elmi konfransında etdiyim məruzənin mətni)


Davamı

VƏCD İLƏ KƏŞF ARASINDA

yaxud

GÜLLƏRİN NƏBZİNİ TUTAN ŞAİR

Zəngin tarixi köklərə və bədii-estetik ənənələrə malik fars poeziyası XX yüzilikdə çoşqun inkişaf dövrü yaşamış, getdikcə daha sıx inteqrasiya olunduğu dünya ədəbiyyatına daim adları ilə öyündüyü böyük klassiklərlə yanaşı, bir sıra önəmli müasir simalar bəxş etmişdir. Beşiyi başında Nima Yuşicin (1895-1960) durduğu modernist mahiyyətli “yeni şeir” (“şe’r-e nou”) hərəkatı ötən əsrin 50-60-cı illərində özünün bütöv bir pleyadasını ərsəyə gətirməklə, fars poeziyasında aparıcı təmayülə çevrildi və öz sürətli təkamülünün yeni mərhələsinə daxil oldu. Bu dövr şairləri içərisində Söhrab Sipehri istər “yeni şeir”in gəlişməsinə verdiyi töhfə, istərsə də yaradıclıq üslubunun özünəməxsusluğu, dünyaduyumunun bənzərsizliyi baxımından xüsusi diqqət çəkir (Sipehrinin müasiri, ünlü fars şairəsi Foruğ Fərruxzad belə deyirdi: “Söhrab hamıdan fərqlənir”). Təsadüfi deyil ki, özündən sonrakı poetik nəslə ciddi təsir bağışlayan Sipehri poeziyasına bütün dünyada maraq ilbəil artmaqda, əsərləri müxtəlif dillərə tərcümə edilməkdədir. Sipehrinin şəxsiyyətinə özəl marağı şərtləndirən amillərdən biri də budur ki, o, İran mədəniyyəti tarixinə təkcə böyük şair kimi deyil, həm də dünyaca məşhur modernist rəssam kimi daxil olmuşdur.


Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Şairi yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə nəzakətli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobrian və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş. Hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük həvəs göstərən Söhrab on səkkiz yaşından şeir də yazmağa başlayır.
Tehranda iki il texnikumda oxuyan Söhrab yenidən doğma şəhəri Kaşana qayıdır: o dövrün qanununa əsasən, o, beş il ərzində məcburi qaydada əyalətdə müəllimlik etməli idi. Lakin həmin vaxt Kaşan təhsil idarəsinin rəis müavini olan adı çəkilən Müşfiq Kaşaninin təklifinə əsasən, sözügedən idarədə işləməyə başlayır. Həmin dövrdə yaradıcılıqla yanaşı, intensiv mütaliə ilə məşğul olur. Bununla bağlı M.Kaşaninin qeyd etdiyi bir məqam Söhrab poeziyasının xarakteri ilə bağlı müəyyən məsələlərin üzərinə işıq salır: Söhrab klassik farsdilli ədəbiyyatdan “hind üslubu” adıyla məşhur olan cərəyan nümayəndələrinin yaradıclığına (Saib Təbrizi (1601-1676), Kəlim Kaşani (vəf. 1651), Nəziri Nişaburi (vəf. 1614), Əbdülqadir Bidel (1644-1721) və s.) xüsusi maraq göstərir, onları dərindən araşdırıb öyrənirmiş; hətta səfərlərə də Saibin, yaxud Bidelin divanını götürər, ona çətin gələn beytlərin mənasını ədəbiyyat bilicilərindən soruşarmış.
1948-ci ildə Sipehri Tehran universitetinin incəsənət fakültəsinə daxil olur və bununla da rəssamlığı özünə peşə seçir. Ədəbi yaradıcılığına da ara verməyən şair 1951-ci ildə özünün “Mərg-e rəng” (“Rəngin ölümü”) adlı ilk şeirlər toplusunu çap etdirir. Həmin topluda onun “yeni fars şeirinin atası” Nima Yuşicin güclü təsiri altında olduğu aydın görünür. Bu təsirin izləri Söhrabın 1953-cü ildə işıq üzü görən “Zendegi-ye xabha” (“Yuxuların həyatı”) başlıqlı ikinci kitabında sezilməkdədir, hərçənd kitabın adı və məzmunu şairin açıq-aşkar sürrealizmə meyllənməsindən də xəbər verirdi. 1955-ci ildə məşhur “Süxən” (“Söz”) dərgisində Sipehrinin yapon şeirindən tərcümələri çap olunur.
Universiteti bitirdikdən sonra Sipehri bir sıra dövlət idarələrində çalışır, qısa müddət tədrislə məşğul olur, eyni zamanda rəssam kimi bir neçə sərgidə iştirak edir; 1961-ci ildə Tehranda onun ilk fərdi sərgisi açılır. Buna qədər isə o, Avropaya (Paris, London, Roma...) səfər etmiş, 1960-cı ildə Yaponiyaya gedərək, ağac üzərində həkkaklıq sənətini öyrənmiş, geri dönərkən yolunu çox sevdiyi Hindistandan salmışdı. İlk fərdi sərgisinin baş tutduğu həmin 1961-ci ildə Söhrab Sipehri bir-birinin ardınca iki şeir kitabını – “Avar-e aftab” (“Günəşin qəlpələri”) və “Şərq-e ənduh” (“Kədərin şərqi”) – oxuculara təqdim edir. Bu kitablar poetik yetkinliyin göstəricisi olmaqla yanaşı, şairin yaradıclığında yeni bir istiqamətin başlanğıcından xəbər verir (təsadüfi deyil ki, bəzi tənqidçilər “əsl Söhrab”dan danışarkən, onun ilk iki kitabını kənara qoyurlar). 1965 və 1966-cı illərdə “Arəş” rüblük dərgisində çap olunan “Səda-ye pa-ye ab” (“Suyun ayaq səsi”) və “Mosafer” (“Yolçu”) poemaları isə bu istiqamətin başlıca parametrlərini ortaya qoyur. Burada söhbət sadəcə fərdi üslubun müəyyənləşməsindən deyil, bütöv poetik-fəlsəfi sistemin yaradılmasından gedir. Bu sistemi “Söhrabın dünyası” adlandıran o illərin ən poulyar şairi Foruğ Fərruxzad yazırdı: “Onun (Sipehrinin – M.M.) fikir və hiss dünyası mənim üçün dünyaların ən maraqlısıdır. O, konkret məkan, zaman və insanlardan danışmır, insandan və həyatdan söz açır. Buna görə də genişdir... Əgər o, bütün gücünü şeirə həsr edərsə, onda görərsiniz haralara gedib çıxacaqdır”. Amma Foruğun arzusuna rəğmən, Sipehri rəssamlıq fəaliyyətindən bir gün də qalmırdı. Onun əsərləri İranla yanaşı, Fransada, ABŞ-da, Braziliyada, İsveçrədə fərdi və kollektiv sərgilərdə nümayiş etdirilirdi. Şairin müxtəlif ölkələrə səfərləri də davam edirdi: Almaniya, İspaniya, Hollandiya, Yunanıstan, Misir, Pakistan, Əfqanıstan... 1962-ci ildə özünü büsbütün yaradıcılığa həsr etmək məqsədilə dövlət işlərindən birdəfəlik uzaqlaşması buna imkan yaradırdı.
Beləliklə, Sipehri yaradıcılıqla bağlı böyük bir həqiqəti təsdiqləmiş oldu. Bu barədə M.Kaşani yazırdı: “Söhrab təkliyə çəkilməyi ədəbi yığıncaqlarda və şeir məclislərində iştirakdan üstün tuturdu. O deyirdi ki, orijinal sənətkar özü öz yerini tutur, burada hər hansı reklama elə də ehtiyac yoxdur. Özü də belə idi və belə də etdi”. 1968-ci ildə çap olunan “Həcm-e səbz” (“Yaşıl həcm”) adlı kitabı Söhrab Sipehrinin poetik istedadını bütün miqyası ilə nümayiş etdirdi və İran ədəbiyyatşünaslarının dediyi kimi, onu modern fars şeirinin beş aparıcı simasından birinə (digərləri Nima Yuşic, Əhməd Şamlu, Foruğ Fərruxzad və Mehdi Əxəvani-Salis sayılır) çevirdi. Həmin dövrdə (1960-1970-ci illərdə) İranda ədəbi gündəmin mərkəzində dayanan Sipehri poeziyası çeşidli tənqidlərə də məruz qaldı. Kimlərsə onu “ictimai öhdəlik”dən qaçmaqda, kimlərsə poetik dili danışıq (“küçə və bazar”) dili səviyyəsinə salmaqda ittiham etdi. Şairin yaradıcılığının bədii-fəlsəfi mahiyyətinə də yanaşmalar müxtəlif idi. Kimlər üçünsə o, sürrealist, kimlər üçünsə buddist, kimlər üçünsə sufi (neosufi)... idi. Söhrabda bunların hamısı vardı, amma o, bütövlükdə bunların heç biri deyildi. Onun buddizmə marağı şübhəsiz bir faktdır, məsələn, “Nilufər” və “Bodhi” kimi şeirləri bunu aydın göstərir. Onun fransız sürrealist poeziyasına (və Uilyam Bleykə) vurğunluğu da bəlli faktdır və şeirlərində yuxu ilə gerçəkliyin qarışdırılması, irrasionallığa meyl bunun təzahürüdür. Söhrabın şeirlərində sufizmin “fəna”, “təcəlla”, “vəcd”, “kəşf” kimi istilahları işlənməkdədir, amma bununla belə onun mistikası fərqli mahiyyətdədir. Üstəlik, Söhrabın öz simvolikası da var: “gecə”, “quş”, “su”, “pəncərə”, “alma”, “hovuz”, “heçlik” və s. Məsələ bundadır ki, Söhrab yeni fars poeziyasında görünməmiş, qeyri-adi bir sintez həyata keçirmişdir və onun dünyaya baxışı universal səciyyəlidir. Buradan onun “hind üslubu” şairlərinə xüsusi marağının kökü aydınlaşır.
Sipehrini ictimai həyata biganəlikdə suçlayanlardan biri “İran ədəbi tənqidinin patriarxı” adlandırılan və əslən Təbrizdən olan böyük yazıçı, şair və filosof Rza Bərahəni olmuşdur. Sonralar R.Bərahəni müsahibələrinin birində deyir: “Vaxtilə mən Söhrab haqqında bir məqalə yazmışdım... O zamanlar mən sırf ictimai bir şair idim və əqidəm beləydi ki, belə bir zamanda şair gərək səngərdə olsun. Bu yöndən mən Sipehrinin şeirini qəbul edə bilməzdim. Təbii ki, mən bu gün o cür düşünmürəm...” Və sonra: “Sipehri poetik səmimiyyətin yeni bir sərhədinə çatmışdır”. Sonuncu, şübhəsiz, Sipehri şeirinə verilən çox düzgün və həm də çox yüksək qiymətdir. Bu cəhət xüsusən “Suyun ayaq səsi” poemasında bütün parlaqlığı ilə özünü göstərir. Həmin əsərdə Söhrabın dünyaduyumunun əsas cəhətləri son dərəcə aydın ifadəsini tapmışdır. Təfsilata varmadan deməliyəm ki, şair insanları yeni baxışa yiyələnməyə çağırır:

Mən bilmirəm,
niyə deyirlər: at nəcib heyvandır, göyərçin gözəldir.
Və niyə heç kəsin qəfəsində kərkəs yoxdur.
Yonca çiçəyinin qırmızı lalədən nəyi əskikdir.
Gözləri yumaq gərək, başqa cür görmək gərək.
Sözləri yumaq gərək.
Söz gərək küləyin özü, söz gərək yağışın özü olsun.

Bunun üçünsə, insanlar geriyə baxmaqdan qurtulmalı, ənənə yükündən, hər cür stereotiplərdən, hətta sözlərin şüurda doğurduğu ənənəvi obrazlardan xilas olmalı, təbiətdə əriməyi, təbiətdə qərq olmağı bacarmalıdırlar: “Həyat “indi” hovuzunda çimməkdir”. Çünki:

Arxada canlı fəza yoxdur.
Arxada quş oxumur.
Arxada külək əsmir.
Arxada küknarın yaşıl pəncərəsi bağlıdır.
Arxada bütün fırfıraları toz basıb.
Arxada tarixin yorğunluğu var.
Arxada dalğanın xatirəsi sahilə soyuq sükut sədəfi tökür.

“Həm sətir, həm ağ” şeirində bu halı vəcd ilə kəşf arasında bir durum kimi səciyyələndirən şair əmindir ki, bu zaman güllərin nəbzinin döyüntüsünü duymaq, ağacların nəfəsinin səsini eşitmək... və əbədiyyətə dalmaq mümkündür.

Kitabı bağlamaq gərək.
Ayağa durmaq,
zaman boyunca addımlamaq,
gülə baxmaq,
mübhəmliyi eşitmək gərək.
Varlığın dibinədək qaçmaq gərək.
Fəna torpağının ətrini tutub getmək gərək.
Ağacla Tanrının görüş yerinə yetmək gərək.
Genişliyin yaxınlığında
vəcd ilə kəşf arasında bir yerdə
əyləşmək gərək.

Bu üzdən bir çox ədəbiyyatşünasların fikrinə rəğmən, Sipehri poeziyasında pessimizm, bədbinlik yoxdur, əksinə, öz sözlərilə desək, şur var, şövq var, şadlıq var...
Söhrab Sipehrinin daha bir kitabı – “Ma hiç, ma neqah” (“Biz heçik, biz – baxış”) 1977-ci ildə çap olunur. Elə həmin il şair sanki ömrünün sona yaxınlaşdığını duyaraq, altı toplusunun, iki poemasının və o vaxtadək çap edilməmiş şeirlərinin daxil olduğu “Həşt ketab” (“Səkkiz kitab”) adlı külliyatını nəşr etdirir. (Bəzi ədəbiyyatşünaslar bu adda buddizmin səkkiz müqəddəs mərhələsinə işarə görürlər). Az sonra şairin ağır xəstəliyə – qan xərçənginə mübtəla olduğu aydınlaşır və bunula əlaqədar o, 1979-cu ilin sonlarında Londona yollanır. 1980-ci ilin martında Tehrana qayıdan Sipehri həmin il aprelin 21-də dünyasını dəyişir və öz vəsiyyətinə əsasən, Kaşan yaxınlığındakı Ərdəhal kəndində dəfn olunur...


Davamı

TƏRZİ ƏFŞAR VƏ ONUN «TƏRZİ»

Qədri-təlayi-xalisimi cövhəri bilür,
Nadan yanında xaklə gərçi müsaviyəm.
Kutəhnəzər görür məni yerdə Günəş kimi,
Surətdə gərçi ərziyəm, amma səmaviyəm!

Tərzi

XVII yüzillikdə fars dilində Təsir Təbrizi, Valehi Ərdəbili, Cuya Təbrizi, Müti Təbrizi, Ziyadi Qarabaği, Naseh Təbrizi, İbrahim Ordubadi, Sabit Təbrizi, Məhvi Ərdəbili və başqa şairlərimiz yazıb-yaratmış, farsdilli ədəbiyyatın yayıldığı geniş regionda kifayət qədər şöhrət tapmışlar. Bu gün həmin şairlərin adları və əsərləri əksər mütəxəssislərə belə məlum olmasa da, onlar öz dövrlərində ədəbi prosesin fəal iştirakçısı kimi müasirlərinin yaradıcılığına, bədii zövqlərin formalaşmasına təsir göstərmiş, mənəvi-estetik tələblərin ödənilməsində bu və ya digər dərəcədə rol oynamışlar. Onların ədəbi irsi, şübhəsiz, xalqımızın bədii mədəniyyətinin bir parçası, tərkib hissəsidir və həmin irsin üzə çıxarılması, nəşri, tərcüməsi və təqqiqi müasir ədəbiyyatşünaslıq elmimizin mühüm vəzifələrindən biridir.
Bu dövrdə yaşamış sənətkarlar içərisində orijinal poetik istedadı ilə seçilən şairlərdən biri də Tərzi Əfşardır. Onun yaradıcılığı təkcə konkret ədəbi-tarixi dövrün faktı kimi deyil, həm də bir sıra xüsusiyyətləri baxımından nadir və hətta müstəsna hadisə kimi maraq doğurur. Və görünür, məhz sonuncu cəhətə görə Tərzinin irsi yuxarıda adlarını çəkdiyimiz müasirləri ilə müqayisədə diqqəti daha çox cəlb etmiş və onun tədqiqi sahəsində bəzi təşəbbüslər göstərilmişdir. Əlbəttə, təzkirəçilər ənənəyə uyğun olaraq, onun haqqında bir neçə cümləlik, çox vaxt olduqca az informasiya yükünə malik qeydlər və şeirlərindən müəyyən beytlər verməklə kifayətlənmişlər. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin «Məcməül-füsəha»dakı xəsis məlumatına istinad etmişlər.

Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan «İranşəhr» jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, «Tərzi Əfşar və onun yaradıcılığı» adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. H.Araslı «XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir.
Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır. Məhz bunun sayəsində, yəni şeirlərində olan məlumatları sistemləşdirməklə, onun bioqrafiyasının ümumi mənzərəsini bərpa etmək mümkündür. Əsərlərindən belə məlum olur ki, Tərzi Əfşar Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) müasiri olmuşdur. Elə bu da onun XVII əsrin birinci yarısında yaşayıb-yaratdığını söyləməyə əsas verir. Nəsrabadi təzkirəsindəki məlumat XVII əsrin 70-ci illərində şairin artıq həyatda olmadığını göstərir. İstər şairin adından, istərsə də əsərlərindəki çoxsaylı faktlardan onun qədim türk tayfalarından olan Əfşar elinə mənsubluğu aydınlaşır. M.Təməddün onun Urmiya yaxınlığındakı Tərzlu kəndindən olduğunu yazır. Lakin bu ehtimal yalnız ad uyğunluğuna əsaslanır. Y.E.Bertels buna şübhə ilə yanaşıb, öz növbəsində əsaslı bir dəlil gətirmədən şairin Təbrizdən olması ehtimalını irəli sürür. Lakin «Tərzi» təxəllüsü, bizim fikrimizcə, şairin «ixtira etdiyi» yeni «tərzlə» - ifadə manerası və üslubla bağlıdır.
Tərzinin əsərlərindən aydın olur ki, onun mənsub olduğu tayfaya münasibəti o qədər də müsbət deyilmiş. Görünür, şairin təbiəti bu tayfada hökm sürən «vurub-yıxmaq» mühitini qəbul etməmiş, odur ki, gənc yaşlarında paytaxt İsfahana köçə bilməsini özü üçün böyük uğur sanmışdır. Sonralar fars dilində yazdığı bəhri–təhvildə bu hissini açıqca bildirmiş, yalnız olduqca səmimi və emosional bir parça ilə vətəndə qalmış qoca atasının həsrətini çəkdiyini ifadə etmişdir: «Ürəyimdə heç bir dərdim yoxdur, qoca atamdan ayrı düşməyimdən savayı. Görəsən, elə bir gün gələcəkmi ki, onun nurani simasını görüm, əlini öpüm və üzr diləyim?! Ey səhər yeli, get, mənim salamımı atama yetir və de: «Tərzi Əfşar sənin fərağından o qədər ağlayıb ki, göydəki buludları xəcil edib!».
Şairin atası ilə görüşüb-görüşmədiyi əsərlərindən məlum olmur. Məlum olan budur ki, saraya yol tapa bilməyən Tərzi saysız-hesabsız səfərlərə başlayır. Bu səyahətlərin xəritəsi müasir oxucunu da heyran qoyur: şair demək olar ki, bütün İranı, Ərəbistanı, Qafqazı gəzmiş, Hindistana, Ruma (Kiçik Asiyaya), hətta Avropaya da gedib çıxmışdır. Bütün bu səfərlər, onlardan alınan təəssüratlar, hətta bəzən onların tarixi şairin şerlərində dəqiq əksini tapıb. Tərzi Gəncədə (burada o, Nizaminin qəbrini ziyarət edib), «Dəşti-ədəm» adlandırdığı Muğan düzündə, bir neçə dəfə Şamaxıda olub, dəfələrlə Ərdəbilə, Təbrizə gedib və bütün səyahətlərinin sonunda İsfahana qayıdıb. O dövrdə bir çox şairlər Hindistana köçdükləri halda, Tərzi İsfahanı üstün tutub, özünün dediyi kimi, «dünya malına görə» Hindistana getməyib.
Tərzi, demək olar ki, bütün ömrünü maddi ehtiyac içərisində keçirmiş, lakin qürurunu sındırmayıb öz yoxsulluğuna ironik münasibətini ifadə edən şeirlər yazmışdır. Bu cəhətdən şairin yaradıcılığı daha bir maraqlı bioqrafik faktı əks etdirir: Tərzinin ağır maddi vəziyyətini görən Şah Səfi ona ayda 9 tümən məbləğində təqaüd kəsir. Şair bu 9 tüməni almaq üçün müvafiq idarələrə düz 9 ay ayaq döyür. (Burada 9 ağca təqaüdünü almaq istərkən övqaf idarəsinin süründürməçiliyi ilə qarşılaşan Füzuli yada düşür). Nəhayət, onuncu ay şair bu vəziyyəti açıqlayan bir rübai ilə Şah Səfiyə müraciət edir və özünəməxsus hazırcavablıqla artıq 9 tüməni 10 tümənlə əvəz etmək vaxtı çatdığını vurğulayır. Bu dəfə Tərzinin bəxti gətirir və o, ayda 10 tümən təqaüd almağa başlayır. Lakin o, bununla kifayətlənməyib tezliklə şaha daha bir rübai göndərir və təqaüdünün 12 tümən məbləğində müəyyənləşdirilməsini xahiş edir. Şair bu istəyini uğurlu bir tərzdə sitayiş etdiyi imamların sayı ilə əlaqələndirmiş və görünür, məqsədinə nail olmuşdu.
II Şah Abbas Tərziyə qarşı daha lütfkar olmuş, şairin özünün yazdığı kimi, «sonsuz səfərlərinə son qoymaq üçün» onu evləndrmiş və sarayda işə təyin etmişdi. Təsadüfi deyil ki, Tərzi II Şah Abbasa çoxlu şeirlər həsr etmiş və onu minnətlarlıqla tərifləmişdir.
Tərzi yaradacılığının ən mühüm və orijinal cəhəti onun özünəməxsus dili, ifadə tərzidir. Qeyd edək ki, şairin yaşadığı əsr, ümumiyyətlə, poeziyada yeni üslub axtarışları dövrü idi. Həmin axtarışlar son dərəcə intensiv, ardıcıl və şüurlu səciyyə daşıyırdı. Tərzinin müasirlərindən Kəlim Kaşani, Saib Təbrizi, Qəni Kəşmiri və b. şairlərin əsərlərində dönə-dönə işlətdikləri “tərz-e noy” və “tərz-e taze” ifadələri məhz bu məqsədin açıqlanmasına xidmət edirdi. Bu ifadələrə Tərzinin şeirlərində də tez-tez təsadüf olunur. Lakin araşdırma göstərir ki, Tərzi yaradıcılığında həmin ifadələr nisbətən fərqli məna yükünə malik idi. Adı çəkilən şairlərin poeziyasında yeni üslub yaradıcılığı daha çox tematik və estetik istiqamətlərdə aparılırdısa, Tərzi həmin işi sırf linqvistik planda həyata keçirirdi. Şairin irsinin ən qabarıq xüsusiyyətli – onun qeyri-adi söz yaradıcılığı da həmin seçimin bilavasitə nəticəsi idi.
Tərzinin söz yaradıcılığı, başlıca olaraq, feil kateqoriyasına aiddir. Belə ki, o, fars dilindəki məsdər modelinə əsaslanaraq, analogiya üsulu ilə adlardan feillər düzəldir və həmin feillər yeri gəldikcə şəxslərə və zamanlara görə dəyişirdi. (Məsələn, «qəbulidən», «pulidən», «səfəridən», «aşkaridən», «tofəngidən», «mehmanidən», «qorbanidən» və s.). Bununla da «kərdən» və «şodən» («etmək» və «olmaq») köməkçi felləri vasitəsilə adlardan mürəkkəb feillər düzəldilməsi yolu adlara bilavasitə məsdər şəkilçiləri artırmaqla yeni feillər yaradılması yolu ilə əvəz olunur.
Şair hətta yer adları üzərində də bu əməliyyatı aparır (məsələn, «Təbrizidən», «Tehranidən», «Rəştidən», «Nəcəfidən» və s.). Maraqlıdır ki, eyni üsulla türk (Azərbaycan) sözlərindən də feillər düzəldilir və geniş şəkildə istifadə olunur («kəsidən» - kəsmək, «minidən» - minmək, «içidən» - içmək, «qaçidən» - qaçmaq, «gəlidən» - gəlmək və s.). Ümumiyyətlə , Tərzinin farsca şeirlərində Azərbaycan sözləri bol-bol işlədilir – burada istər ayrı-ayrı leksik vahidlərə, istərsə də bütöv ifadə və cümlələrə rast gəlirik. Həmin sözlərin toplanıb təhlil edilməsi ədəbi dil tariximiz üçün əhəmiyyət kəsb edə bilər. Burada həmçinin maraqlı onomastik material da mövcuddur. Məsələn, şairin Əfşarları məzəmmətlə yazdığı məsnəvisində və digər şerlərində Duraq bəy, Qarlı ağa, Yağmur, Çavğun, Gökcə, Yarmış, Daşdəmur, Atluxan, Yoloğlu, Qılınc bəy, Xəncər bəy və s. kimi şəxs adları işlənmişdir.
Tərzinin divanında Azərbaycan dilində bütöv şeirlər də vardır - bunlar bir qəsidə, bir qitə və üç rübaidən ibarətdir. Maraqlıdır ki, eyni tipli söz yaradıcılığını şair həmin şeirlərdə də həyata keçirmiş, adlardan fellər düzəltmişdir. Misal üçün, Tərzinin II Şah Abbası Bağdadı osmanlılardan almağa təşviq edən qəsidəsindən aşağıdakı misralara nəzər salaq:

Pərvazlandı dil yenə Bağdadlanmağa,
Ol bürci-övliyaya qonub şadlanmağa.
Ol xaki-pak təki hanı bir sərzəmin dəxi
Qəm paybəndini qırıb azadlanmağa.
Rahi-fənada tuşeyi-təqva yetər mana,
Yox iştaham yolda mənim zadlanmağa…
Bağdadımız xərabdür, amma ümid var
Abbas əlilə əl verə abadlanmağa.
Ol baniyi-binayi ədalət ki, dəhrdə
Bünyani-zülmü qoymadı bünyadlanmağa.
Şahənşəha, kəminə duaguyi-Tərziyəm
Mürşid dərinə gəlmişəm irşadlanmağa.
Nuşirəvani-vəqtsənü zilli-ədl ki,
Çoxlar gəlir ümmidlə imdadlanmağa.
Mən həm sitəmkeşideyi-zülmi-zəmanəyəm,
Yet dadə, qoyma bəndəni fəryadlanmağa…

Tərzinin poeziyası obrazlar səviyyəsində də maraq doğurur. Üslubun demokratikləşməsi, obrazın «endirilməsi», xalq təfəkkürü arsenalından faydalanma və s. leksik-frazeoloji sistemdə olduğu kimi, obrazlar sistemində də özünü göstərir. Şairin Azərbaycan dilindəki qitəsindən götürülmüş aşağıdakı beytlər dediyimizi təsdiq edir:

Bizayiqə yanında yavan aşa oxşaram
Ağzı dadın bilənlərə Gilan çilaviyəm.
Tərz ilə filməsəl öküzəm hər diyarda
Əfşar eli içində vəli ev buzaviyəm.

Şairin aşağıdakı rubaisi isə onun heç bir eksperimentə əl atmadan, klassik harmoniya qanunlarına və poetik normalara tam əməl etmək şərti ilə bədii nümunələr yaratmaq qüdrətini nümayiş etdirir:

Bir gül məni xarü zarü heyran etdi,
Könlümü həzin, didəmi giryan etdi.
Nərgisləri tək eylədi bimar məni
Zülfü kimi halimi pərişan etdi.

Tərzi Əfşarın özünəməxsus «tərz»ində bir tərəfdən dövrün dil şəraitinin inikasını, digər tərəfdən isə mövcud poetik dilə yeni nəfəs vermək cəhdini görmək lazımdır. Şair öz «mən»inin daha sərbəst ifadəsinə və uyğun nitq açılışına nail olmaq üçün dil təfəkkürünün ətalətini dəf etməyə və poetik dillə danışıq dili arasındakı ziddiyyəti aradan qaldırmağa çalışmışdır. Bu mənada, Tərzi Əfşarı XX əsrin futuristləri ilə müqayisə etmək olar.

ƏDƏBİYYAT:
1. Tərzi Əfşar. Divan. Tehran, 1338.
2. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987.
3. Rzaqulu xan Hidayət. Məcməül-füsəha. Tehran, 1295.
4. Həmid Araslı. XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956.
5. Е.Э.Бертельс. История литературы и культуры Ирана. М.,1988.


Davamı

SÖZÜN ŞƏKLİ, ŞƏKLİN SÖZÜ

Səlim Babullaoğlunun «İlyas Göçmənin şəkil dəftəri» silsiləsi barədə

Sənətin müxtəlif növləri arasında qarşılıqlı əlaqə, oxşarlıq, ümumi cəhətlər hələ qədim dövrlərdən mübahisə mövzusu və araşdırma obyekti olub. Xüsusən poeziya ilə rəssamlığın, sözlə təsvirin «qohumluğu» barədə Plutarxdan və Horatsidən tutmuş yeni dövr Avropa nəzəri-estetik fikri nümayəndələrinə qədər çeşidli mülahizələr söylənilib. Leonardo da Vinçi: «Rəssamlıq – görünən poeziya, poeziya isə eşidilən rəssamlıqdır» – fikrini irəli sürüb. Lessinq də rəssamlığı «lal poeziya», poeziyanı isə «danışan rəssamlıq» adlandırıb. Bu uzun tarixlə müqayisədə rəssamılığın «rəqibi» kimi meydana çıxmış fotoqrafiya (söhbət təbii ki, bir incəsənət növü olaraq, bədii fotoqrafiyadan gedir) ilə poeziyanın əlaqəsi barədə fikirlər yalnız son yüzilliyin məhsuludur. Özü də bu əlaqə ilkin mərhələdə elə şairlərin özləri tərəfindən qətiyyətlə inkar edilib. Məsələn, Şarl Bodler təqribən 150 il qabaq fotoqrafiyanı «fransızların dünyaduyumunda olan-qalan ülviliyi məhv etməkdə» suçlayırdı. Bodlerin sonrakı həmfikirləri də söyləyirdilər ki, varlığın mahiyyətinin fotoqrafik inikası mümkünsüzdür və o, yalnız rəssamlıq, yaxud heykəltəraşlıq vasitəsilə ifadə oluna bilər.
Amma zaman keçdikcə, daha dəqiqi, ötən əsrin 20-ci illərindən fotoqrafiya «müasir həyatın poeziyası» olmaq funksiyasını rəssamlıqdan aldı və bunun bariz nümunələri də özünü çox gözlətmədi: Mayakovski ilə Rodçenkonun əməkdaşlığı bu bağlılığın klassik örnəyi kimi meydana çıxdı. Modernist poeziyanın əyani obrazlara (yaxud obrazların əyaniliyinə) xüsusi meyli həmin əməkdaşlığı intensivləşdirdi və sənət xəzinəsini qiymətli incilərlə zənginləşdirdi. Məşhur fransız fotoqrafı Robert Duano (1912-1994) sanki bütün bu təcrübəni ümumiləşdirərək, deyirdi: «Poeziya və fotoqrafiya bir-birinə fotoqrafiya ilə rəssamlıqdan daha yaxındır. Və bu, heyrətamizdir! Siz məhz bu predmetlə, onun şüuraltı tərəfi ilə əlaqə qurursunuz. Məhz bu cəhətdən Preverin poeziyası fotoqrafiyaya elə yaxındır ki!»…

Çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru Səlim Babullaoğlunun «İlyas Göçmənin şəkil dəftəri» adlı şeirlər silisiləsi barədə söhbətə belə uzaqdan başlamaqda məqsədim onun ədəbiyyatımızda yeni hadisə olmaqla yanaşı, müasir dünya poeziyasının inkişaf tendensiyaları və bədii-estetik təcrübəsi zəminində meydana gəldiyini göstərməkdir. Üstəlik, bu şeirlər Səlimin öz yaradıcılığı kontekstində də kifayət qədər yenidir. Doğrudur, indiyədək qələm dostlarının onun yaradıcılığından bəhs edən məqalələrində Səlimin yazı tərzinin «kinematoqrafik xarakterindən» (yada salaq ki, müasir kino sənətinin əsasında məhz fotoqrafiya dayanmışdır), «sanki ruhun şəklini çəkməsindən» söz açılıb. Amma Səlimin bədii istedadının bu cəhəti ilk dəfə məhz sözügedən silsiləyə daxil olan şeirlərdə bütün tamlığı və parlaqlığı ilə üzə çıxıb.
Səlim türkiyəli fotoqraf İlyas Göçmənin albomundakı 40 şəklin (lap nağıllarda olduğu kimi!) hərəsinə bir şeir yazıb. Bəri başdan deyim ki, bu şeirlər əsla həmin şəkillərə poetik illüstrasiyalar deyil. Şeirlər bir növ şəkillərin davamıdır, kadr arxasında qalan məqamların inikası, obyektivin görə və göstərə bilmədiklərinin ifadəsidir. Və şeirləri oxuduqdan sonra bu şəkillər tamaşaçı ilə başqa cür «danışır», tamamilə yeni semantik çalarlar qazanır, özgə bir canlılıq kəsb edir. Bu baxımdan «Divar rəsmləri» adlı şeir əlamətdardır. Şeirin bağlı olduğu şəkildə gənc müəllimin rəhbərliyi ilə divarda şəkillər çəkən bir dəstə uşaq təsvir edilmişdir. Şair bu uşaqlar arasında dünyasını dəyişmiş bir yeniyetmənin ruhunu görür. Fotoqraf təbii ki, «onu qeydə ala bilməmişdir». Şeir də məhz onun dilindən deyilir:

Yazılar yazılmış, mürəkkəb qurumuş, başlanğıc olmuşdu deyə
bizə yalnız ürəyi ürək kimi, çiçəyi çiçək kimi çəkmək qalırdı.
Yəni biz sözlərin də rəsmini çəkməliydik əslində.
Cavan müəllimimiz bunu bilmirdi:
o inanırdı ki, yazılanı silgiylə pozmaq olar ;
o inanırdı ki, qara lövhələrdə həmişə ağappaqdı yazılar;
o inanırdı ki, bizim yazıların sonunda nöqtə qoymaq haqqımız var;
o inanırdı ki, sual varsa , cavab var;
Amma mən hər gün bu Vətən caddəsindən,
Vətən caddəsinə açılan əyri-üyrü dalanlardan keçə-keçə
gündüzün ağ vərəqlərində qara ləkə kimi gözdəşən
bu komaların və zəngin evlərin altından çoxlu qara yazıları sezmişdim,
onları nə kufiyə, nə nəstəligə bənzətməmişdim…

Beləcə, şair gerçəklikdən «kəsilmiş» bu adi və ani kadrlar əsasında kainat və insan barədə düşüncələrini açıqlayır, universal həqiqətlərdən söz açmaq fürsəti qazanır. «Ayasofya qazisi» şeirində oduğu kimi:

…Həyata bir az qara eynək arxasından baxmaq lazımdı,
Bütün adamları və əşyaları- yəni həyatı
bir-birinə fərq qoymadan görmək lazımdı qara çərçivədən:
dünyanın özünə ən doğru başsağlığı yazısı elə dünyanın özüdü;
hər şey - adamlar da, əşyalar da qara çərçivədəki sözdü.

Həyata bir az qara eynək arxasından baxmaq lazımdı,
Onsuz da həyat ağ-qara şəkillər kimidi,
bizi o şəkillərdə özunə daha çox qara rəng çəkir, qara,
ya şərab, ya şöhrət, ya bizim olmayan qadın, ya hakimiyyət və para.
Yəni həyat da qara eynəkdən görsün qarasını da, ağını da gözümüzün…

Bütövlükdə silsiləyə daxil olan şeirləri iki qrupa bölmək mümkündür. Birinci qrupa daxil olan şeirlərdə şəklin süjeti ilə əlaqə qorunub saxlanılır və şeir sanki onu tamamlayır. Örnək kimi, «Hərbi keçid» şeirini göstərmək olar: üç parçadan ibarət şeirin birinci hissəsi şəkildəki mənzərənin sözlə bədii təsvirini, ikinci hissə nəvələrini qollarına alaraq, əsgərlərin sıx cərgəsi arasından boylanan qocanın zahirən kadra o qədər də aidiyyəti olmayan düşüncələrini, üçüncü isə ordu, hərb, sülh və… uşaqlar barədə onun dediklərini ehtiva edir. İkinci qrupdan olan şeirlərdə isə şəkillə əlaqə yalnız predmet səviyyəsində mövcud olur və şair təsvir obyektinə özünün sərbəst yozumunu təqdim edir («Maskalılar» şeirində olduğu kimi). Bununla əlaqədar Oskar Uellesin fotoqrafiya ilə bağlı dediyi bir fikri xatırlatmaq yerinə düşər: «Kamera sadəcə şəkil çəkən aparatdan daha artıq bir şeydir. O, bizim başqa bir aləmlə əlaqə qurmağımıza imkan yaradan vasitədir». Bu mənada Səlimin şeirləri öz növbəsində İlyas Göçmənin şəkillərinin yol açdığı həmin «başqa aləmi» oxucuya anladan və aydınladan vasitə kimi çıxış edir.
Ümumiyyətlə, Səlimin şeirləri bizim o qədər də alışmadığımız bədii mətnlərdir – özünün qeyri-adi ritmi, «qəribə» poetik sintaksisi, spesifik intonasiyası ilə. Bilmirəm, Səlimin şeirləri haqqında yazılarda bu cəhət qeyd olunub, ya yox. Amma hər halda elə bu cəhət (qəribəlik və gözlənilməzlik!) onların həqiqi poeziya nümunəsi kimi dəyərləndirilməsi üçün yetərlidir. Bu şeirlər oxucunu standart ovqata kökləmir, başlanğıcda onu bir azca «diksindirib» fərqli dillə fərqli mətləblər söyləyir və bu zaman hətta «cilasız» deyim və ibarələr də ənənəvi ovqata yuvarlanmağa imkan verməyən vasitələr kimi səmərəli olur. Bu baxımdan silsiləyə daxil olan «Təsvirə ithaf» adlı şeir səciyyəvidir:

Susqun dibinin üstündən eyni lallıqla asılan dəniz, mənzərə-
lap düzü lallığı üzündən oxunan xəfif ləpəli Mərmərə,
dənizin parçası; təpəlik yarımadaya doğru uzanır- soldan mərkəzə.
Kölgənin itən vaxtında-günorta, günəş də gizlənib, sanki zarafat eləyir çətirlə.
Üç ədəd ağ rəngli şezlonqun özünü qaraltmaq niyyəti puç və əfsanə.
Özündə nə qədər ləpiri yox edib qumlu sahil asta bir küləyin əliylə.
Yalnız adamsız təsvirlər daha çox təsvirdi, təkdi, özüdü;
Fotorqraf dönür geriyə, evinə qayıdır…

Bununla yanaşı, silsilədə ənənəvi daş metaforasını yeni çalarlarla təqdim edən və ən mühümü, dilimizin frazeoloji potensialından ustalıqla istifadə baxımından seçilən «Daşyonan» şeirinə də rast gəlirik.
Səlim Babullaoğlunun yaradıcılığında uşaqların dünyaya və insanlara baxışı ilə bağlı çox dəyərli poetik nümunələr vardır və «Oğlumla söhbət» adlı məşhur şeiri onun bu çətin işdəki uğurunun göstəricisi sayıla bilər. Haqqında danışılan silsilədə də uşaqlarla bağlı motivlərə (uşaqlar və müharibə, uşaqlar və ölüm…) sıx-sıx müraciət olunur və üstəlik, oxuculara həmin mövzuda «Qucağı alma dolu qızcığazın çox sonra deyəcəkləri» başlıqlı mükəmməl bədii nümunə təqdim edilir:

Bir az qarışqalar dişləmişdi onları, bir az alma qurdları,
Bir az çürükdülər, xallıydılar, kəpəkliydilər,
Bir az torpaqlıydılar, çoxunun qırıqdı saplağı.
Bizə almaların göydən düşdüyünü demişdilər,
Göydən dərildiyini görmüşdük.
Üstünüzü təmiz saxlayın demişdilər bizə,
Üstümüzlə təmizləmişdik onları-özümüzlə.
Dərməyin almanı demişdilər, biz onları yerdən yığmışdıq.
Daha dadlı meyvələr var demişdilər bizə, bilirdik, inanmışdıq…

Nəhayət, bir şeyi də deyim: silisiləyə daxil olan bəzi şeirləri, xüsusən, «Divar rəsmləri», «Ayasofya qazisi», «Daşyonan», «Evdar kənd qızının «Feşn» maqazin üçün intervüsü» kimi bədii lövhələri (onları məhz bu cür adlandırmağı doğru sanıram!) oxuyanda istər-istəməz vaxtilə dostum Həmid Herisçinin qələmə aldığı bir sıra poetik mətnləri xatırladım (hərçənd bu mətnlərin struktur-sintaktik və ritmik təşkilində əsaslı fərqlər də vardır). Baxmayaraq ki, indi Həmidlə Səlim müxtəlif «ədəbi cəbhələrə» mənsub yazarlar sayılırlar. Bu isə həmin «cəbhələşmənin» şərti olduğunu, sırf bədii təfəkkür və estetik qavrayış prinsiplərindən deyil, ədəbi yaradıcılıq sferasına dəxli olmayan (ya da çox az dəxli olan) amillərdən qaynaqlandığını göstərməklə yanaşı, çağdaş poeziyamızda yenilik axtarışlarının (həm forma, həm də məzmun planında) müəyyən vahid məcrasının mövcudluğuna dəlalət edir. Söhbət, əlbəttə, yenilik adına mətbu və elektron nəşrləri başına almış epiqon məhsullardan, təqlidçilik nümunələrindən, qurama və yapma mətnlərdən yox, gerçəkliyə baxışın, bədii görümün yeniliyindən, «gördüyümüzdən artıq görmək istəyinin» (Rəsul Rza) nəticəsi kimi meydana çıxan ədəbi tapıntılardan gedir. Həmin prosesdə Səlim Babullaoğlunun öz səsi vardır və bu səs bütün «ədəbi badalaqlara» rəğmən, getdikcə daha ucadan eşidilməkdə, daha aydın duyulmaqdadır. Haqqında qısaca söhbət açdığımız şeirlər silsiləsi buna əyani sübutdur. Məhz bu tipli əsərlər yuxarıda işarə etdiyim məcranın güclü bir irmağa çevrilərək, nəhəng dünya ədəbiyyatı okeanına qovuşmasına gətirib çıxara bilər. Zatən, dünyaya təkcə siyasi-iqtisadi baxımdan deyil, həm də ədəbi-mədəni baxımdan inteqrasiyanın yolu da budur (inteqrasiya barədə predmetsiz söhbətlər, hikkəli bəyanatlar, beynəlxalq ödüllərin xiffəti ilə yaşamaq yox!) Mən bu yolda Səlimə daha da əzmkar olmağı, yeni-yeni ədəbi uğurları ilə öz oxucularına zövq və sevinc bəxş etməyi arzulayıram.


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər