Showing posts with label Kitablar. Show all posts
Showing posts with label Kitablar. Show all posts

PROFESSİONAL SÖHBƏTLƏR

Səlim Babullaoğlunun “Ədəbi Söhbətləri” ilə tanış olanda istər-istəməz bir şeyi xatırladım: “söhbətlər” (“məqalat”) klassik Şərq, xüsusən sufi ədəbiyyatında ayrıca bir janr olub. Həmin “söhbətlər”dən birinin müəllifi dahi Şəms Təbrizi deyirdi: “Mənim verəcəyim xirqə – söhbətdir, sənin məndən əldə edəcəyin budur”. Söhbət təsəvvüfdə mənəvi təcrübənin ötürülməsində başlıca vasitə sayılırdı. Sufi böyükləri onun adekvat çatdırılmasını mümkün hesab etməsələr də, bu işdə verbal ifadədən daha səmərəli bir yol görmürdülər.
Səlimin söhbətləri də müxtəlif ölkələrdə və dillərdə yazıb-yaradan, müxtəlif ənənələr üzərində yetişən, müxtəlif nəsillərə və estetik cərəyanlara mənsub olan qırxdan artıq qələm adamının ədəbi görüşlərini, yaradıcılıq təcrübəsini bizə çatdırır. Onun müsahibləri arasında Nobel mükafatçısı da var, öz yurdundan kənarda tanınmayan “sıravi” yazıçı da. Amma istənilən halda çeşidli məkan və şəraitlərdə baş tutan bu söhbətlər onların ən məşhurunu belə yenidən tanımağımıza imkan yaradır. Yadımdadır, illər öncə Vladimir Nabokovun bir müsahibəsini tərcümə edib redaktoru olduğum “Cahan” jurnalında çap eləmişdim. Həmin müsahibəni oxuyandan sonra böyük şairimiz Bəxtiyar Vahabzadə demişdi: “Mən elə bilirdim ki, Nabokovu tanıyıram, amma bu müsahibə ilə mən Nabokovu kəşf etdim”.
Bu kitabdakı müsahibələr isə tərcümə deyil, orijinal, eksklüziv, müəyyən məqamlarda isə unikal söhbətlərdir. Diqqət yetirin: dünya şöhrətli ədib və filosof Rza Bərahəni ilə söhbətdə Səlim incə bir nəzakətlə danışığa müdaxilə edib mövzunu dəyişdirməyə cəhd edir. Yazıçı isə deyir: “Mən heç vaxt bu məsələlərlə bağlı belə bəhs açmamışam, ona görə fikrimi yaddan çıxmamış tamamlamaq istəyirəm”. Beləcə, dünyanın ən populyar mətbuat orqanlarına müsahibələr vermiş, ən nüfuzlu universitetlərində mühazirələr oxumuş qocaman yazıçı çox mühüm ədəbi-ictimai məsələ ilə bağlı heç yerdə, heç vaxt demədiyi fikirlərini Bakıda gənc həmkarına açıqlayır. Əlbəttə, burada söhbəti aparanın da rolunu qeyd etmək lazımdır.
Yaşadığımız, Anarın təbirincə desək, “qarışıq zamanın” ovqatını, istehlakçı cəmiyyətdə insanın özgələşməsi və tənhalaşması (təsadüfi deyil ki, Səlimin ilk kitabı məhz belə adlanırdı: “Tənha”) prosesini, bunun doğurduğu mənəvi-psixoloji nəticələri şeirlərində özünəməxsus bir şəklidə əks etdirən Səlim Babullaoğlunun vaxtaşırı mətbuatda dərc olunan ədəbi-tənqidi məqalələri, portret yazıları, esseləri də yaratdığı bədii mətnlər kimi maraq və müzakirə predmetinə çevrilir. Odur ki, Səlimin müxtəlif ədəbiyyat və sənət adamları ilə apardığı bu söhbətlər, hər gün qəzet və jurnal səhifələrində oxuduğumuz müsahibələrdən fərqli olaraq, professional söhbətlərdir. Səlim hər bir halda müsahibini təkcə ədəbiyyatın əbədi sualları və aktual problemləri barədə söhbətə çəkmir, həm də onun bədii yaradıcılığın funksiyası, texnikası və psixologiyası ilə bağlı görüşlərini açıqlamasına, sələflərinə və müasirlərinə münasibətini əsaslandırılmış şəkildə ifadə etməsinə şərait yaradır. Bu da kitaba çeşidli ədəbi-estetik görüşlərin əks olunduğu bir toplu keyfiyyəti bəxş edir.
Bəllidir ki, istər klassik, istərsə də müasir sənətkarların bədii yaradıcılığın təbiətinə dair fikirlərinə ədəbiyyatşünaslıqda xüsusi önəm verilir. Nizaminin poetik sözlə bağlı fikirləri, Füzulinin dibaçələri, Axundovun nəzm və nəsr haqqında, Rəsul Rzanın ənənə və novatorluq barədə düşüncələri daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu mənada kitabın ədəbiyyatşünasların da marağına səbəb olacağı, onlar üçün bir qaynaq rolu oynayacağı şübhə doğurmur.
Sufizmin tarixi göstərir ki, əvvəldə qeyd etdiyim “söhbətlər” janrında yazılmış əsərlər müridlərin yetişməsində kanonik mətnlərdən, “təlimi” kitablardan daha təsirli olmuşdur. Ümid edirəm, “Ədəbi Söhbətlər” də xüsusən gənc yazarların dünyagörüşünə, ədəbi zövqünə müsbət təsirlər bağışlayacaq və onlar bu dəyərli töhfəyə görə Səlim Babullaoğluna minnətdar olacaqlar.


Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” kitabına (Bakı, “Mütərcim, 2011) ön söz



Davamı

ƏHMƏD CƏFƏROĞLUNUN ƏDƏBİYYATŞÜNAS OBRAZI

Müstəqillik dönəmində cəmiyyətimizdə baş vermiş köklü ictimai-siyasi dəyişikliklər ədəbiyyat və ümumən mədəniyyət tariximizin bir sıra mühüm problemlərinə yenidən baxılmasına, həmçinin məlum ideoloji qadağalar nəticəsində uzun müddət araşdırmadan kənarda qalmış sahələrin tədqiqata cəlb olunmasına şərait yaratmışdır. Belə sahələrdən biri də müəyyən tarixi-siyasi səbəblərdən Azərbaycanı tərk etmək məcburiyyətində qalmış sənətkarlar və ədiblər tərəfindən yaradılan mühacirət ədəbiyyatıdır. Uzun illər hətta mütəxəssislərə də naməlum qalmış bu ədəbiyyatın öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti özlüyündə aydındır. Belə ki, harada meydana çıxmasından asılı olmayaraq, hər hansı xalqın nümayəndələri tərəfindən yaradılmış ədəbi-bədii nümunələr həmin xalqın mənəvi irsinin ayrılmaz tərkib hissəsidir və onun öyrənilməsi ən azı həmin ədəbi irs haqqında təsəvvürün düzgünlüyü və bütövlüyü üçün zəruridir. Təbii ki, bu ədəbiyyatın öyrənilməsində ən vacib iş onun başlıca nümayəndələrinin ictimai fəaliyyətinə, elmi-ədəbi yaradıcılığına dair xüsusi, dərin və hərtərəfli araşdırmaların həyata keçirilməsindən ibarət olmalıdır.
Azərbaycan mühacirət ədəbiyyatının ictimai və pedaqoji fəaliyyətinin zənginliyi və genişliyi, elmi yaradıcılığının miqyası və məhsuldarlığı baxımından bu cür xüsusi tədqiqatlara layiq simalarından biri Əhməd Cəfəroğludur. Dövrünün ictimai-siyasi təlatümləri nəticəsində gənc ikən vətəndən ayrı düşmüş, qürbətdə şərəfli həyat yolu keçmiş Əhməd Cəfəroğlu (1899-1975) XX əsr Azərbaycan ictimai, elmi və ədəbi fikir tarixinin ən görkəmli nümayəndələrindən biri sayılmalıdır.

Həyatının əsas hissəsini doğma yurdundan uzaqlarda keçirsə də, Ə.Cəfəroğlu bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına saysız-hesabsız elmi əsərlər həsr etməklə, çoxlarına nümunə ola biləcək bir şəkildə öz milli borcunu yerinə yetirmişdir. Təəssüf ki, bütün varlığı ilə torpağına bağlı olan bu böyük şəxsiyyətin adı uzun illər yasaq edilmiş, ara-sıra ancaq “düşmən” kimi xatırlanmışdır. Dünya elmi dairələrində yaxşı tanınan Ə.Cəfəroğlunun adı yalnız son illərdə öz vətənində də tez-tez anılmağa başlamış, onun haqqında dövri mətbuatda məqalələr dərc edilmiş, elmi konfrans və simpoziumlarda məruzələr oxunmuşdur. Lakin əsasən tanıtma və təqdimat xarakteri daşıyan bu məqalə və məruzələr Ə.Cəfəroğlunun elmi-ədəbi və publisistik irsinin həqiqi öyrənilməsi üçün olsa-olsa zəmin və təkan rolunu oynaya bilər. Bu mənada alimin çoxşaxəli yaradıcılığının dərindən öyrənilib qiymətləndirilməsi və öz xalqına çatdırılması çağdaş elmimiz qarşısında duran mühüm və təxirəsalınmaz vəzifələrdən biri sayılmalıdır.
Onu da deyək ki, özlüyündə bu, heç də asan vəzifə deyildir. Belə ki, ensiklopedik zəkaya və heyrətamiz erudisiyaya malik Ə.Cəfəroğlunun yaradıcılığı olduqca müxtəlif elm sahələrini əhatə edir. Və bu irsin həqiqi mənada öyrənilməsi və qiymətləndirilməsi həmin elm sahələrində çalışan mütəxəssislərin birgə səyləri ilə mümkün ola bilər. Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin tədqiqi də gələcəkdə həmin vəzifənin həllini asanlaşdıra biləcək bir addım kimi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan türkologiyasının gənc və perspektivli nümayəndələrindən olan filologiya elmləri namizədi Elşən Əbülhəsənlinin oxuculara təqdim edilən monoqrafiyasının elmi dəyəri əsla şübhə doğurmur.
Monoqrafiyanın əsas məqsədi Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin, ilk növbədə, Azərbaycan ədəbiyyatına dair tədqiqatlarının öyrənilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün müəllif Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsini mövzu və problematika baxımından qruplaşdırmış, onun həmin sahədəki yaradıcılığının diapazonu barədə dolğun təsəvvür yaratmış, hər bir tematik qrup çərçivəsində alimin başlıca əsərlərini nəzərdən keçirərək, təhlil etmiş və son nəticədə Ə.Cəfəroğlunun bir ədəbiyyatşünas kimi əsaslandığı metodoloji prinsipləri, nəzəri müddəaları və tədqiqat üsullarını müəyyənləşdirmişdir. Diqqətəlayiq cəhətlərdən biri də budur ki, E.Əbülhəsənli ədəbiyyat tariximizin bu və ya digər məsələsi ilə bağlı Ə.Cəfəroğlunun mövqeyini və gəldiyi nəticələri müasir Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətləri baxımından qiymətləndirərək, onların yeni və özünəməxsus cəhətlərini aşkar etməyə cəhd göstərmişdir. Bu isə öz növbəsində Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq elminə töhfəsini və onun bu sahədəki irsinin nəzəri və praktik əhəmiyyətini aydınlaşdırmağa imkan verir.
Beləliklə, monoqrafiya Ə.Cəfəroğlunun ensiklopedik səciyyəli elmi yaradıcılığının bir qolu barədə tam və ətraflı təsəvvür yaradır. Eyni zamanda burada, ilk dəfə olaraq, Ə.Cəfəroğlunun tərcümeyi-halı, ictimai, pedaqoji və elmi fəaliyyəti barədə mövcud məlumatlar sistemləşdirilib ümumiləşdirilir, onun həyat və yaradıcılığının bütöv mənzərəsi verilir. Bir sözlə, müəllif oxucuların gözləri qarşısında Ə.Cəfəroğlunun ədəbiyyatşünas obrazını canlandırmağa nail olur.
Fikrimizcə, E.Əbülhəsənlinin bu kitabı Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsinin hərtərəfli təhlilini verməklə, onun bütövlükdə elmi yaradıcılığına dair gələcək elmi araşdırmalara əhəmiyyətli kömək göstərəcəkdir. Bundan əlavə, Ə.Cəfəroğlunun müxtəlif mövzulu ədəbiyyatşünaslıq əsərləri haqqında monoqrafiyada çıxarılan nəticələr müvafiq problemlər ətrafında aparılan araşdırmalarda istifadə oluna bilər. Nəhayət, kitabın ehtiva etdiyi material və onun müddəaları Azərbaycan mühacirət ədəbiyyatı haqqında tədqiqatlar üçün xüsusi önəm kəsb edir.

(Filologiya elmləri namizədi Elşən Əbülhəsənlinin “Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” adlı kitabına (Bakı, “Azərnəşr”, 2006) ön söz)


Davamı

CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI

Füzulinin məşhur : “Can sözdür, əgər bilirsə insan; sözdür ki, deyirlər özgədir can” – misralarına bizim, necə deyərlər, köhnə ədiblər də diqqətsiz qalmayıblar, müasir, ələlxüsus gənc ədəbiyyatşünas və tənqidçilər də onun ətrafında yetərincə mülahizələr söyləyiblər. Amma qəribədir, həmin beytin kosmoqonik və mistik mənalarını bir kənara qoyub sırf filoloji anlamına söykənsək belə, gerçək ədəbi tənqid və təhlildə onun bir qayda olaraq, unudulduğunun şahidi oluruq: sözün sehrindən, ovsunundan bol-bol dəm vuranlar çox zaman bədii əsərin “cismindən”, əski terminologiya ilə desək, “ləfz”dən, “surət”dən danışıblar, “məna” (mə'ni) isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır.


Amma nə yaxşı ki, istisnalar var: Cavanşir Yusiflinin bu kitabında toplanmış yazıları kimi! Bu yazıları mən “yeni tənqidin” nümunələri kimi oxudum; diqqət yetirsəniz, burada əsas etibatilə mövzu, məzmun, ideya, süjet anlayışlarından deyil, söz, işarə, mətn kateqoriyalarından çıxış edildiyini aydınca görərsiniz. Elə bunun sayəsində Cavanşir həmin yazılarda ilk növbədə özünü ifadə edir (hətta mən deyərdim ara-sıra çap etdirdiyi seirlərindən daha yaxşı ifadə edir), özü demiş, öz dilini yaratmağa çalışır ki, haqqında yazdığı əsərlərlə söhbəti tutsun. Buna görədir ki, o, istər klassiklərlə (Axundov, Mirzə Cəlil), istər müasirlərlə (Əli Kərim, Vaqif Bayatlı), istər əcnəbi, istərsə də milli yazıçılarla (Folkner və Sabir Əhmədli) öz dilində danışa bilir. Cavanşirin yazılarında bədii yaradıcılığın Füzuli anlamına sadiqlik, qəribə bir inadkarlıqla məna və mətləb ardınca qoşmaq, sözün canını tutmaq və demək ehtirası vardır. Bu sahədə uğurları kifayət qədər olsa da, o, bədii mətnin ələ və dilə gəlməyən məqamlarını yaxşı bilir və bu da onun dönə-dönə ədəbiyyatın mahiyyəti, bədii mətnin yaranması və fəaliyyətinin qanunauyğunluqları barədə nəzəri mülahizələr yürütməsinə səbəb olur. Beləliklə, əgər biz digər sahələrdə olduğu kim, ədəbi-nəzəri fikir sahəsində də sivil dünyaya inteqrasiya olunmaq istəyiriksə, deyə bilərəm ki, Cavanşirin yazıları “beynəlxalq standartlar” səviyyəsindədir. Bu yazılarda klassik Şərq ədəbi tənqidinin (“nəğdi-ədəbi” adlanan elmin) ənənələri ilə çağdaş Avropa ədəbiyyatşünaslığının metodları ahəngdar şəkildə çulğaşmışdır. İkinci bir cəhət həmin yazılarda elmiliklə bədiiliyin uğurlu sintezidir. Bizdə elmi və bədii təfəkkürün differensiasiyaya uğramaması, bir-birinə qarışması adətən kədərli nəticələr və bəhrələr verir. Cavanşirin yaradıcılığında isə bu təfəkkür tiplərinin qarışması deyil, üzvü vəhdəti özünü göstərdiyindən, nəticə də səmərəli və yenidir.
Beləcə, C.Yusifli “yeni tənqid” barədə hay-küylərə, ədəbi tənqidin zərurəti və vəzifələri barədə diskussiyalara qoşulmadan onun gerçək nümunələrini yaradır, eyni zamanda ədəbi mühitdə gedən predmetsiz çəkişmələri, süni şəkildə proses yaratmaq cəhdlərini, cərəyançılıq azarını ürək ağrısı ilə izləyir. O, bu çəkişmələrin içində olmasa da, özü demiş, mühit içindədir və mühitə yazıları, tərcümələri vasitəsilə təsir göstərməyə çalışır. Əslində bu kitabdakı yazılar onun ədəbi mühitdə baş alıb gedənlərə münasibəti və cavabıdır. Həmin yazılarda ironik pafos nə qədər güclü olsa da, mən onları son dərəcə ciddi yazılar tək qavradım və sevindim: nə yaxşı ki, hər şeyin ucuzlaşıb bayağılaşdığı bu zəmanədə sözə ciddi yanaşmalar hələ də var!..

(Cavanşir Yusiflinin “Ədəbiyyatda yaşamağın formulu” kitabına (Bakı, “Nurlan”, 2003) ön söz)


Davamı

GÜNAHIN ANATOMİYASI

İş elə gətirib ki, mənim Şirməmməd Nəzərlinin yaradıcılığı ilə tanışlığım "Günah" povestindən başlayıb. Təqribən bir il öncə həmin povestin birinci hissəsini oxuyub üzünü görmədiyim müəllifin təhkiyə tərzini, təsvir üsulunu, süjetin cəlbediciliyini təmin etmək bacarığını bəyənmişəm. Sonra yazıçının özünü tanımışam, bir çox əsərlərinin – hekayələrinin, publisistik məqalələrinin ilk oxucularından olmuşam. Və onun özünəməxsus duyum və deyim tərzinə, incə müşahidə qabiliyyətinə, təəssüratlarını dəqiqliklə əyaniləşdirmək istedadına malik bir nasir olduğunu qət etmişəm. Bu qənaətim onun "Sabah" nəşriyyatı tərəfindən buraxılmış "Qismət" adlı kitabı ilə təsdiq olunub.
Bir müddət öncə Şirməmməd zəng edib "Günah"ın ikinci hissəsini yazdığını və oxumaq üçün mənə vermək istədiyini bildirəndə, düzü, müəyyən narahatlıq keçirdim. Səbəbini bilirdim: adətən, yazıçılar uğurlu alınmış əsərlərinə oxucu marağının təsiri altında onun davamını yazmağa şirnikir və necə deyərlər, hər şeyi korlayırlar.

Mənsə, Ş.Nəzərli yaradıcılığının ən uğurlu nümunələrindən saydığım "Günah"ın bu kökə düşməsini istəmirdim. Hər halda povestin ikinci hissəsinin əlyazmasını müəllifdən aldım və açığını deyim ki, bir neçə səhifə oxumağımla keçirdiyim narahatlıqdan əsər-əlamət qalmadı. Əksinə, əsərin ilk parçalarını oxuduqda, müəllifin necə riskli bir işə girişdiyinə, onun ədəbi cəsarətinə, yəni "Günah"ın qəhrəmanı Həmidin dəlixana həyatının təsviri fikrinə düşməyinə heyrətləndim, povesti oxuyub bitirdikdən sonra isə bu heyrət yazıçının seçdiyi çətin vəzifənin öhdəsindən məharətlə gəlməsindən, çağdaş ədəbiyyatımızda bənzəri olmayan orijinal bir əsər yarada bilməsindən doğan məmnunluq və sevinclə əvəz olundu – mən yazıçı dostumun bu uğuruna əməlli-başlı sevindim. Gizlətmirəm, müəllifin povestin birinci hissəsində verilmiş süjeti və mövzunu bu şəkildə və bu səviyyədə həll edəcəyini – günahın anatomiyası və psixologiyasını belə dərinlik və əyaniliklə canlandıra biləcəyini, bir sözlə, özünü bu qədər ötəcəyini gözləmirdim. Görünür, istedadın başlıca parametri elə gözlənilməzlikdən ibarətdir…
"Dünyada bitib-tükənməyən iki şey varsa, onlardan biri də ruhi xəstənin təxəyyülüdür". Bu fikrə povestdə rast gəlirik. Həmin bitməz-tükənməz aləmin bir parçasını əsərdə bizə görükdürən yazıçının təsvir etdiyi hadisələr, epizodlar, obrazlar nə qədər maraqlı və yeni olsa da, tələbkar oxucuda belə bir sual doğa bilər: görəsən, ruhi xəstələrin qavramları, davranış və münasibətləri ilə bağlı əsərdə verilən səhnələr nə dərəcədə adekvatdır? Başqa sözlə, həmin təsvirlər elmi cəhətdən, təbaət və psixiatriya baxımından nə qədər əsaslı və doğrudur?
Bu sual povestin ideya-bədii təhlili, ədəbi dəyərləndirilməsi çərçivəsindən kənara çıxdığı üçün, necə deyərlər, professional ekspertiza tələb edir. Ona görə gəlin, peşəkar psixiatrların əsərə verdiyi rəylərdən bəzi parçalara nəzər salaq.
Respublikanın baş psixiatrı, professor Ağabəy Sultanov: "Günah" povestində müəllif Həmidin psixi sarsıntı ilə bağlı əlamətlərini, xəstəxana şəraitini, xəstələrin davranışını və s. həqiqətə uyğun, psixopatologiyada rast gəldiyimiz kimi təsvir edir. Hətta ruhi xəstələrin həyata qaytarılmasında reabilitasiya məsələlərini təbii məzmunda işıqlandırır. Psixotik epizodlar, baş qəhrəmanın qavrama pozuntuları bu xəstəlik üçün xarakterik olan məzmunda təsvir edilir. Həkim-psixiatr əsəri oxuyanda Həmidin diaqnozunu dərhal müəyyənləşdirə bilər: reaktiv psixoz".
1 nömrəli Ruhi Xəstəxananın baş həkimi Leyla Hüseyn qızı: "Şirməmməd Nəzərlinin "Günah" povestinin ruhi xəstəxana ilə bağlı hissəsi, zənnimcə, ədəbiyyatımızda psixiatriyanın ilk bədii təsviridir. Əsərdəki hadisələr o qədər real və düzgün təsvir olunub ki, mən burada öz xəstələrimi "tanıdım"… Biz həkimlərin dilində belə bir ifadə var: "Ruhi xəstələrin həyatını təsvir etmək üçün ya həkim olmalısan, ya da xəstə". Amma Şirməmməd Nəzərli öz əsəri ilə sübut etdi ki, bu heç də belə deyil".
2 nömrəli Respublika xəstəxanasının həkimi, tibb elmləri namizədi Sara Sadıqzadə: "Müəllif psixiatr olmadığı halda ruhi xəstəlik əlamətlərini, bu mərəzin gedişini ustalıqla izləyir".
Zənnimcə, mütəxəssislərin bu fikirləri Ş.Nəzərlinin əsər üzərində işinin ciddiliyini qiymətləndirmək və onun çəkdiyi zəhmətin miqyasnı təsəvvür etmək üçün kifayətdir.
Povestin bədii keyfiyyətini səciyyələndirmək lazım gəlirsə, bir faktı deyə bilərəm: mən əsərin hər iki hissəsini birnəfəsə oxumuşam. Bu da ondan irəli gəlir ki, nasirin poetik arsenalında süjetin cəlbediciliyini təmin edən, oxucunu hadisələrin axarına asanlıqla salıb qəhrəmanın taleyini həyəcan və intizarla izləməyə sövq edən kifayət qədər güslü vasitələr var. Müəllif çoxlarından fərqli olaraq, süjet xəttini süni şəkildə şaxələndirmir, mürəkkəb konstruksiyalar qurmaq bacarığını (yəni sırf texnoloji məharətini) nümayiş etdirmək xətrinə fabulanı əlavə budaqlarla ağırlaşdırmır, bütün epizodları və obrazları əsas qəhrəman ətrafında cəmləşdirir. Povestin məzmunu dərin dramatizmə və psixoloji səciyyəyə malik olsa da, bunlar müəllif tərəfindən deklarasiya edilmir, yığcam, dəqiq və canlı təsvirlərdə maddiləşir. Yəni povestdə zahiri, qəsdən qabardılan psixologizmə rast gəlmirik, personajların psixi halət və yaşantıları sərrast ştrixlərlə, ilk növbədə onların davranışı, hərəkət və münasibətləri zəminində açılır. Bu da əsərin ən başlıca məziyyətini – təsvirin əyanilik və canlılığını şərtləndirir.
Bütövlükdə "Günah" əsəri bədii nəsrin kinodakı əyaniliyə maksimum yaxınlaşma imkanlarını nümayiş etdirən maraqlı nümunədir. Müəllif əsərin qəhrəmanı rejissor Həmidin "Günah"dan günaha adlamasını və bundan doğan faciəsini oxucunun gözü qarşısında bir kino lenti kimi canlandırır. Şəxsən mən əsəri bu cür qavramışam və düşünmüşəm ki, onun kinofilmə çevrilməsinə bircə addım qalıb. Və umid edirəm ki, rejissorlarımız ekranlaşdırma üçün bir növ hazır olan bu əsəri diqqətdən qaçırmazlar…
"Günah" adından da bəlli olduğu kimi, əzəli və əbədi bir problemə həsr olunub. Ulu əcdadımız Adəmdən üzü bəri bəşər övladı dönə-dönə günaha batıb, sonsuz iztirab və üzüntülərə düçar olub, faciələr girdabına düşüb və sonra Tanrının açıq qoyduğu tövbə qapısına üz tutub. Dində, fəlsəfədə, incəsənət və ədəbiyyatda bu məsələ ən müxtəlif yönlərdən araşdırılıb. Ş.Nəzərli də daim aktual olan bu mövzunu yeni və müasir material əsasında açıqlayır.
Əsərdə "günah"ın özünəməxsus və maraqlı bir mexanizmi verilib. Həmidin "Eksperiment" studiyasında (bu ad əsərdə mühüm məna yükünə malikdir, necə ki, povestin sonlarında: "Eksperiment sürüşkən məfhumdur, düşər-düşməzi olur" – fikri ilə rastlaşırıq) çəkdiyi "Günah"la (hərçənd filmin məzmunu barədə əsərdə heç nə deyilmir) etdiyi günah arasında qəribə bir əlaqə var. Əvvəldə eksperiment kimi, oyun kimi düşünülmüş, ssenaritək yazılmış günah real, faciəvi günaha çevrilir. Maraqlıdır ki, əsərdəki mafiozlar da etmək istədikləri günah-cinayət üçün ssenari hazırlayır və hətta bu məqsədlə Həmidin də intellektindən barınmaq fikrinə düşürlər. Və hər iki halda həyat (bəlkə də ilahi təqdir!) bu ssenariləri pozur, öz sözünü diktə edir. Aydın olur ki, gerçəklik, həyatın obyektiv reallığı hər cür ssenaridən genişdir, onu eksperiment hədəfinə çevirmək, mücərrəd sxem və ssenarilər çərçivəsinə salmaq cəhdi yalnız faciə doğurur. Əslində son onillikdə yaşadığımız faciələr də hardasa məhz belə düşünülməmiş eksperimentlərin, təkəbbürlü və hiyləgər ssenarilərin nəticəsidir və bu baxımdan mən povestdə müasir cəmiyyətimizin ən ağrılı problemlərinin (sosial problemlər, o cümlədən, xəstəxanaların ağır vəziyyəti, humanitar yardımlar, mütəşəkkil cinaətkarlıq, narkobiznes, müharibə və onun doğurduğu fəlakətlər…) əksini tapmasını təsadüfi saymıram.
Günah probleminin istənilən şəkildə qoyuluşu zəruri olaraq, tövbə məsələsinə gətirib çıxarır. Povestdə bu məsələ Hacı Axundun simasında təcəssümünü tapır. Bu obraz əsərdə geniş yer tutmasa da, müəllif qayəsi baxımından böyük əhəmiyyət kəsb edir. Zərifə xanımla Hafiz doktorun onun xəstəxanaya gəlişi ilə bağlı polemikası da düşündürücüdür. Burada müəllif belə bir qənaəti aşılayır ki, elmlə dini qarşı-qarşıya qoymaq cəhdi mənasızdır, onların hərəsinin öz yeri var və insanın psixoloji müvazinətinin qorunmasında, əxlaqi-mənəvi təkamülündə elmin görə bilmədiyi işləri din görə bilər. Başqa sözlə, elmlə din qoşa qanaddır. Odur ki, Həmidin bir neçə dəfə Hacı Axundun dediyi : "Səbrli olmaq lazımdır, Allah səbr edənləri sevir" – fikrini xatırlaması (və xəstəxanada onunla görüşmək istəməsi) təsadüfi deyil.
Qeyd edim ki, bu mülahizə Ş.Nəzərlinin digər əsərlərinin də (o cümlədən, bu kitaba salınmış "Atasının oğlu" hekayəsinin və bir sıra publisitik yazılarının) leytmotivini təşkil edir. Ümumiyyətlə, Ş.Nəzərli yaradıcılığı çağdaş ədəbiyyatımızda dini mövzu və ideyaların mənəvi yöndən işıqlandırılması baxımından diqqətəlayiq hadisədir (Adı çəkilən əsərlərlə yanaşı, buraya onun əvvəlki kiatabındakı "Müctəhidin yuxusu" pyesini də əlavə etmək yerinə düşər).
Artur Şopenhauer insan ömrünün müxtəlif yaş dövrlərini təhlil edərkən göstərirdi ki, yaradıcı şəxslər ən yaxşı əsərlərini adətən əlli yaş ətrafında ərsəyə gətirirlər. Əlli yaşının astanasında dayanan Şirməmməd Nəzərli "Günah" kitabı ilə böyük filosofun sənət tarixindəki çoxsaylı faktlarla təsdiqlənmiş bu fikrinin düzgünlüyünü bir daha nümayiş etdirdi. Bizə isə qələm dostumuzu bu münasibətlə təbrik etmək və ona yeni yaradıcılıq uğurları arzulamaq qalır.

Məsiağa Məhəmmədi,
filologiya elmləri namizədi

Bakı, 26 may 1997-ci il

(Şirməmməd Nəzərlinin "Günah" adlı kitabına ön söz, Bakı, "Mütərcim"nəşriyyatı, 1998)


Davamı

ƏDƏBİYYAT TARİXİMİZİN OXUNMAMIŞ SƏHİFƏLƏRİ

Azərbaycan ədəbiyyatı tarixinin elmi şəkildə öyrənilməsinin Firudin bəy Köçərlidən üzü bəri zəngin bir ənənəsi formalaşmışdır. Həmin ənənə istər araşdırmaların təməl daşını təşkil edən mətnşünaslıq çalışmalarını, istərsə də nəzəri və tipoloji tədqiqatları ehtiva edir. Bunula belə orta əsrlər ədəbiyyatımızın tarixində «ağ ləkə»lər, qaranlıq səhifələr də az deyil. Xüsusən anadilli şerimizin Nəsimi, Füzuli, Vaqif kimi zirvələri təbii olaraq əsas diqqəti özünə cəlb etdiyindən, onların «ətrafında» yazıb-yaratmış və əsrlər keçdikcə unudularaq əsərləri dünyanın müxtəlif kitabxanaları və əlyazma saxlanclarına səpələnmiş şairlərin bədii irsi əksər hallarda tədqiqatçı marağından kənarda qalmışdır. Hərçənd özlüyündə aydındır ki, bu «zirvə»lərə gedən yol məhz unudulmuş «vadi»lərdən keçir və «zirvə»lərin arxasında heç də «uçurum»lar dayanmır, başqa sözlə, yalnız həmin bədii irsi öyrənməklə, orta əsrlər anadilli poeziyamızın gəlişməsini bir proses kimi qavramaq və təsəvvür etmək mümkündür. Nə yaxşı ki, bu həqiqəti anlayan və sözü gedən boşluqları aradan qaldırmaq sahəsində ağır zəhmətə qatlaşan tədqiqatçılar var. Bunlardan biri də Almaniyada yaşayan cənublu soydaşımız Məhəmmədəli Hüseynidir. Onun «Ədəbiyyat tariximizdən səhifələr» adlı kitabı klassik anadilli şerimizin tarixindəki oxunmamış səhifələrə nəzər salmaq istiqamətində atılmış uğurlu bir addım kimi dəyərləndirilə bilər.

Kitaba XIII yüzillikdə yaşayıb-yaradan Həsənoğludan tutmuş XIX əsr müəllifi Zikri Ərdəbiliyə qədər on iki şair (Sultan Əhməd Cəlairi, Xacə Əbdülqadir Marağayi, Xəlili, Şahi, Yusif bəy Ustaclu, Mirzə Saleh Təbrizi, Məlik bəy Ovci, Vəhid Qəzvini, Təsir Təbrizi, Nəşə Təbrizi) haqqında məlumat və əsərlərindən nümunələr daxil edilmişdir. Bu müəlliflərin bir qismi ilk dəfə olaraq məhz M. Hüseyni tərəfindən öyrənilərək elmi-ədəbi ictimaiyyətə təqdim olunmuşdur. Əvvəllər müxtəlif məcmuə və dərgilərdə nəşr olunmuş bu araşdırmaları bir yerə toplamaqla, Məhəmmədəli bəy əslində anadilli şerimizin yeddi əsrlik inkişaf tarixi barədə təsəvvürlərimizi xeyli dərəcədə dolğunlaşdırmışdır.
Araşdırmalarda diqqəti çəkən başlıca məqam onların zəngin mənbəşünaslıq bazasıdır. Bu cəhəti kitaba ön söz yazmış Paşa Kərimov da vurğulamışdır: «Məhəmmədəli bəyi bir tədqiqatçı kimi səciyyələndirən əsas cəhət onun hər bir faktı sübut etmək üçün mümkün qədər daha çox, daha zəngin mənbələrə müraciət etməsi, faktlara çox ciddi münasibət bəsləməsidir». Məhz bu keyfiyyət də kitabın uğurunu təmin etmişdir. M. Hüseyni haqqında danışdığı müəlliflər və onların ədəbi irsi barədə hərtərəfli təsəvvür yaratmaq üçün çeşidli məxəzlərdəki məlumatları zərrə-zərrə toplamış, Azərbaycan, İran, Türkiyə və Avropa kitabxanalarında saxlanan əlyazma nüsxələrini müqayisəli surətdə araşdırmaya cəlb etmiş, özünün qeyd etdiyi kimi, tapıntıları və qənaətləri barədə səriştəli mütəxəssislər, o cümlədən, İngiltərədə yaşayan digər soydaşımız, orta əsrlər anadilli şerimizin ünlü tədqiqatçısı professor Turxan Gəncəyi ilə məsləhətləşmiş (yeri gəlmişkən, o, kitabını da böyük qədrdanlıqla Turxan bəyə ithaf etmişdir), son nəticədə elmdə mövcud olan bir sıra fikirlərə düzəlişlər etməyə də nail olmuşdur. Diqqətəlayiq cəhətlərdən biri də odur ki, müəllif nadir əlyazmalardan topladığı ədəbi nümunələrin fotosurətlərini də kitaba daxil etmişdir, bu isə mütəxəssislər üçün çox əhəmiyyətlidir.
M. Hüseyni ədəbiyyat və dil tariximizin faktı kimi kitaba daxil etdiyi nümunələrin bədii keyfiyyətlərindən bəhs etmir. Bu da təbiidir, çünki farsdilli şerin hakim mövqedə olduğu dövrlərdə milli ədəbiyyat və dil faktı olmağın özü onların elmi və ədəbi əhəmiyyətini şərtləndirir. Lakin bədii-estetik baxımdan da verilən nümunələrin bir çoxu xüsusi diqqətə layiqdir. Misal üçün, Mirzə Saleh Təbrizinin (XVII əsr) aşağıdakı misralarına nəzər salaq:

Mehrü vəfa sözünü heç kimsədən inanmaz,
Yəğmadan əl götürməz, bidaddan usanmaz.
Can vermişəm yolunda yüz min xəcalət ilə,
Bilmən neçün demişlər varın verən utanmaz...
Mən çərxə atmışam daş, mən eşqi etmişəm faş,
Mərd etdiyini söylər, ər dediyini danmaz.
Töhmət eylər özünə, nə söylər özgəsiçün,
Utanmayan özündən heç kimsədən utanmaz.
Göz haqq yolundan örtən tənbihi Haqqa lazım,
Ağır olan yuxusu oyatmasan, oyanmaz.
Saleh, nə kibriyadır ol nazlı dilrübada,
Heç xəstəsini sormaz, heç aşiqini anmaz.

Bu tipli nümunələr, heç şübhəsiz, gələcəkdə həm ədəbiyyatşünaslar, həm də dilçilər üçün maraqlı tədqiqat obyekti olacaqdır. Sonda onu da qeyd etmək yerinə düşər ki, Məhəmmədəli bəy ədəbiyyat tariximizin naməlum səhifələrini araşdırmaq sahəsində gərəkli fəaliyyətini davam etdirir. Bu yaxınlarda o, Leydendə (Hollandiya) XYII əsrin görkəmli şairlərindən biri, Saib Təbrizinin müasiri Məczub Təbrizinin Azərbaycan dilində mükəmməl divanını aşkar etmişdir və hazırda bu divan çapa hazırlanır. Bizə isə ciddi tədqiqatçı və son dərəcə təvazökar insan olan Məhəmmədəli Hüseyniyə çətin və şərəfli işində uğurlar arzulamaq qalır.


Davamı

İLHAMLI ŞEİRLƏR

Ərəblərdə bir məsəl var: «Adlar səmadan enir». Şair dostum İlham Qəhrəmanın «Ey dil» kitabının əlyazmasını oxuyanda qeyri-iradi bu hikmətli kəlamı xatırladım. Səbəbi heç şübhəsiz, bu kitabdakı şeirlərin istisnasız olaraq ilhamla yazılmasında, ilhamın məhsulu olmasındadır. Müşfiq əbəs yerə demirdi ki, şairə ilhamdan maya gərəkdir. Əfsuslar olsun ki, bir vaxtlar şairlərin ən məhrəm sözlərlə vəsf etdiyi «ilham pərisi» zamanımızda bir çox digər ülvi və müqəddəs məfhumlar kimi arxaizmə çevrilib, əvəzində texnoloji bicliklər üzərində qurulan, hansısa nəzəri qəliblərə illüstrasiya xarakteri daşıyan qurama nümunələr poeziya adına mətbuatı, efiri, ekranı və İnternet saytlarını başına götürüb. Belə nümunələrin ən mükəmməllərində şeir anlamına daxil olan hər şey var, bircə ilhamdan başqa. Halbuki ilham – şeirin və şairliyin başlıca şərtidir. Nizami Gəncəvi məhz bu amilə görə, yəni qeybdən ilham aldıqları üçün şairləri Tanrı hüzurunda peyğəmbərlərdən sonra ikinci yerə qoyurdu. Bu mənada İlhamın klassik harmoniyaya əsaslanan şeirləri yapma və qondarma «poetik məhsul»dan usanıb təbii və səmimi sözə susayan oxuculardan ötrü bulaq suyu qismindədir desəm, yanılmış olmaram. Çünki bu gün, İlhamın öz təbirincə söyləsəm, «içimizi çatladan» təkcə yediyimiz keyfiyyətsiz qida məhsulları, içdiyimiz natəmiz su deyil, həm də bizə «yedirdilən» saxta sənət mallarıdır.

Mən bu kitabdakı şeirləri həm də başqa mənada «ilhamlı şeirlər» adlandırıram. O mənada ki, bu şeirlərdə İlhamın özü var. Təkcə bu anlamda yox ki, İlham öz taleyini yazır, özünü ifadə edir, özü demişkən, alın yazısını kağıza köçürür və bütün bunların təzahürü olaraq şeirlərində tez-tez öz adını çəkir. Məsələ burasındadır ki, İlham həyatda necədirsə, şeirlərində də elədir. Yaradıcı insan üçün bu, məncə, çox mühüm məsələdir. Bu yerdə istər-istəməz məşhur İran şairəsi Foruğ Fərruxzadın aşağıdakı sözlərini xatırlamalı oluram: «Şair olmaq – insan olmaqdır. Bəzilərini tanıyıram ki, gündəlik davranışlarının şeirləri ilə heç bir əlaqəsi yoxdur, yəni yalnız şeir yazanda şairdirlər, sonra hər şey bitir, yenə olurlar tamahkar, qarınqulu, zalım, dargöz, paxıl və alçaq bir adam. Mən bu adamların sözlərini qəbul etmirəm». Bu sitata yalnız onu əlavə edə bilərəm ki, həmin ikiləşmə son nəticədə şairliyin (ümumiyyətlə, yaradıcılığın) axırına çıxır. Əxlaq, mənəviyyat, təmizlik olmayan yerdə istedad da batıb gedir. Bu mənada İlham, necə deyərlər, mənəvi ekologiyasını qoruyan bir ziyalıdır, doğulduğu Laçının suyundan, havasından əxz etdiyi təmizliyə «üç milyonluq şəhərin» çirkabının qarşmasına imkan verməyib. Ona görə də belə şeirlər yaza bilir. Özü tez-tez: «Şeir – ruhun dilidir» söyləyir. Deməli, gərək içini təmiz saxlayasan ki, ruhu his-pas tutmasın və danışa bilsin.
Ruh demişkən, İlhamın şeirlərində mən Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Sarı Aşıqdan... gələn bir ruh görürəm. Və bu ruh modern poetikada da danışa bilir. Bu ruhun sözün müstəqim mənasında dili, yəni İlhamın şeir dili xüsusi bir mövzudur. Kitabı oxuyan hər kəs bunu dərhal hiss edəcək. Və ədəbiyyatda, mətbuatda süni, quru, cansız dilin baş alıb getdiyi bir vaxtda canlı xalq dilindən qaynaqlanan belə bir dildə yazdığına görə şairə «əhsən!» deyəcək. Bu, İlhamın ədəbi dilimizə dəyərli bir xidmətidir. Ən mühümü odur ki, xalqdan gələn ifadə tərzi İlhamın yaratdığı mətnlərdə etnoqrafik element, stilizasiya təzahürü deyil, bayaq dediyim kimi, ruhun öz dilidir.
Mən güman etmirəm ki, bu kitab İlhamın bədii istedadını, yaradıcı potensialını bütünlüklə ifadə edir, necə deyərlər, onların son həddidir. Əminəm ki, əllini haqlamaqda olan İlham Qəhrəman bu yaşın verdiyi imkanlar sayəsində hələ neçə-neçə dəyərli əsərlər yaradacaq və onu sevənləri – dostlarını, oxucularını sevindirəcək. Bu yolda əziz dostuma, şair qardaşıma böyük-böyük uğurlar arzulayıram.

(İlham Qəhrəmanın «Ey dil» şeirlər kitabına son söz)


Davamı

SUFİ MƏTNLƏRİNİN TƏRCÜMƏSİ

Sufizmin tanınmış və mötəbər tədqiqatçılarından birinin etirafına görə, "sufizm, yaxud islam mistisizmi haqqında yazmaq - az qala qeyri-mümkün bir işdir". Bu, bir tərəfdən sufizmin özünün mürəkkəb təbiəti ilə əlaqədardırsa, digər tərəfdən həmin işin tədqiqatıçıdan xüsusi hazırlıq - psixoloji təcrübə və mənəvi məqam tələb etməsindən irəli gəlir. Nə yaxşı ki, bu gün əlimizdə sufizmin kəmiyyətcə zəngin, formaca rəngarəng və məzmunca çoxşaxəli ədəbiyyatı vardır. Və elmi ictimaiyyətin, eləcə də geniş kütlənin marağını ödəmək, müasirlərimizin təsəvvüfün sirli aləmi ilə təmasını təşkil etmək üçün həmin mətnlərin tərcüməsi ən səmərəli yol kimi qarşımızda açılır. Məhz bu baxımdan BDU-nun professoru filologiya elmləri doktoru Mehdi Kazımovun "Elm" nəşriyyatı tərəfindən buraxılmış "Sufi fikri tarixindən" (rus dilində) adlı kitabı qeyd olunan istiqamətdə ilk ciddi addım və əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.

Lakin bəri başdan deyək ki, sufi mətnlərinin tərcüməsi də asan məsələ deyil. Məşhur ifadə ilə desək, bu mətnlərin zahiri və batini, hətta batininin də batini vardır. Təsadüfi deyil ki, hələ orta əsrlərdə onlara çoxsaylı şərhlər yazılmış, onların dərkini asanlaşdırmaq üçün xüsusi lüğətlər hazırlanmışdır.
Çoxplanlı, mürəkkəb simvolikaya malik, çoxsaylı allüziya və reminissensiyalarla yüklənmiş bu mətnlərin hər hansı dilə çevrilməsi tərcüməçidən geniş erudisiya, gərgin zəhmət və yüksək peşəkarlıq tələb edir. M.Kazımov isə nəinki seçdiyi mətnlərin ruscada adekvat səslənməsinə, hətta orijinalın üslubunun saxlanmasına və beləliklə, özünün qeyd etdiyi kimi, həmin mətnlərin yarandığı tarixi-mədəni və mənəvi mühitin nəfəsinin duyulmasına nail olmuşdur. Bu isə tərcümənin tamamilə uğurlu alındığını söyləmək üçün yetərli bir əsasdır.
Kitaba sufizmin "qızıl dövrü"ndə - XI-XIII əsrlərdə yaranmış nisbətən kiçikhəcmli üç əsər daxil edilmişdir. Bunlar məşhur sufi müəlliflərindən Abdullah Ənsarinin (1006-1089) "Münacat"ı, Nəcməddin Razinin (vəf. 1256) "Eşq və ağıl" risaləsi və Fəxrəddin İraqinin (1213-1289) "Ləmə'at" adlı əsəridir. Hər bir əsərin tərcüməsi müəllif haqqında qısa oçerklə və bilavasitə mətnə aid olan zəruri şərhlər və izahlarla müşayiət olunur. Bu da kitabın elmi sambalını və idraki əhəmiyyətini artıran bir faktdır. Qeyd edək ki, tərcümə üçün mətnlərin seçimi də təsadüfi səciyyə daşımır və müəyyən məntiqə tabedir. Burada hər üç əsəri birləşdirən ana xəttin mövcudluğunu da, hər bir əsərdə sufizmin müxtəlif aspektlərinin açıqlanmasını da sezməmək mümkün deyil. Bir sözlə, kitaba daxil edilmiş mətnlər hazırlıqlı oxucuya sufizmin inkişafını həm tarixi, həm də fenomenoloji planda izləmək imkanı verir.
Biz Nizami ədəbi məktəbinin nəzəri və estetik problemlərinə dair samballı tədqiqatların müəllifi olan prof. M.Kazımovun sufizmə marağını təsadüfi saymırıq. Orta əsrlər müsəlman Şərqinin öyrənilməsi ilə məşğul olan hər bir ciddi tədqiqatçı gec-tez bu nəticəyə gəlir ki, nəinki bu regionda yaranmış mədəniyyəti, hətta baş vermiş ictimai-siyasi hadisələri və mürəkkəb ideoloji prosesləri sufizmdən kənarda adekvat şəkildə anlamaq qeyri-mümkündür. Avropa şərqşünaslığında sufizmə davamlı və azalmayan maraq məhz bu reallıqla şərtlənmişdir. Azərbaycan şərqşünaslığı bu problemin əhəmiyyətini yenicə anlamağa başlayır və görüləcək işlər hələ qabaqdadır. İnanırıq ki, M.Kazımovun sözü gedən kitabı gələcək araşdırmalar üçün etibarlı zəminə çevriləcək, həm də hal-hazırda mistik ədəbiyyata böyük maraq göstərən geniş oxucu kütləsi üçün faydalı olacaqdır.



Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər