Sima Didar. ŞEİRLƏR

TANRIM

“Bütlərə tapınmayın”, – dedilər –,
Tanrımız vardır bizim!”
Vurub sındırdılar bütlərin hamısını,
Tanrını zəncirlədilər.

İndi isə mən
ac qalmış gözlərimin körpəsinə
axtarıram sevgilərin anasını.
Kimə yalvarmalıyam,
mənim Tanrım,
dörd divar arasında
dustaqlanıb?!


GÖZLƏRİNDƏ

Tanış oldum gözlərində,
bir pəncərə dəniz ilə.
Gözlərini bağlamasaydın,
boğulacaqdım!


İTİRDİYİM

Axtarıram
param-parçalanmış boşqablar arasında,
kirlənmiş fincanlar içində,
üzü qaralmış itirdiyimi.
Harda itirdim mən onu?
Neçə saniyə,
neçə ildir?
Bəlkə də tarix boyu itmişdi elə,
olmaya heç tapılmaya,
itirdiyim qadınlıq!


Qaynaq (ərəb əlifbasında): http://simay.blogfa.com/


Davamı

MİLORAD PAVİÇ İLƏ MÜSAHİBƏ

“ƏGƏR SİZ ÖZ KİTABINIZDAN MÜDRİKSİNİZSƏ,
ONDA YAZIÇI DEYİLSİNİZ”


On gün əvvəl bu ilin oktyabrında 80 yaşını qeyd etmiş ünlü serb yazıçısı, məşhur “Xəzər sözlüyü”nün müəllifi Milorad Paviç infarktdan dünyasını dəyişdi. Vəfatından bir neçə gün öncə “Novaya qazeta”da (Rusiya) böyük yazıçı ilə müsahibə dərc olunmuşdu. Həmin müsahibənin tərcüməsini sizə təqdim edirəm.

- Siz, deyəsən, müasir dünyada özünüzü çox rahat hiss edirsiniz.
- Hə. Müşahidə etdiyim dəyişikliklər məni qorxutmur, hərçənd onlara qiymət vermək üçün zamana ehtiyac var. Axı təkcə reallıq dəyişməyib, insanın özü də dəyişib.
- Dəyişib, yoxsa itib?
- Əgər virtual reallıqdan danışsaq, insanların bir-birinə və həqiqi əşyalara münasibəti, əlbəttə, dəyişib. Tez-tez görürsən ki, kafedə gənclər üzbəüz oturub noutbuka baxırlar. Ola bilsin, onlar hətta bir-birinə məktub yazırlar. Düşünürəm ki, son dövrdə digər zamanlarda olduğundan daha çox sevgi məktubu yazılıb. Ən azı SMS formasında. Mən bir dəfə demişəm: gələcək sabitdir. Bizim qorxularımız ondan doğur. Hər bir insanın aydın gələcəyi ölümdür. Bəs sonra? Deməliyəm ki, kitablarımın xoşbəxt taleyi mənim üçün bu qorxunu xeyli dərəcədə azaldır. Mən ölümdən qorxmuram. Əlbəttə, xəstəlik və acizlikdən, arvadıma yük olmaqdan qorxuram.

- Sizi bir roman daxilində süjetin inkişafının bir neçə versiyasını uydurmağa insanın bu qismətimi vadar etmişdir?
- Məni hamının getməli olduğu bu cığır bezdirib. Hesab edirəm ki, kitabı oxucu yaradır, onun sayəsində kitab mövcud olmağa başlayır, o mənim əsərimi canlandırır. Lap musiqi kimi: nə qədər ki, ifa olunmayıb, o yoxdur.
- Siz kitabın tərtib olunması üçün ideal bir model təklif edirsiniz. Məncə, əvvəllər heç kim oxucuya bu cür münasibət bəsləməyib...
- Ola bilər, amma mən düşünürəm ki, bu prinsip Bibliyada mövcuddur. Axı kilsədə hər gün təzə söz deyilir. O hər gün dəyişir, həm də bir orqanizmin tərkib hissəsi olaraq qalır.
- Siz tez-tez əsərin ucadan səslənməsinə xüsusi əhəmiyyət verən slavyan kilsə müəlliflərinin özünüzə təsirindən danışırsınız.
- Hə, hər dəfə cümləni bitirdikdə, mən onu ucadan oxuyuram. Yalnız bu zaman mən onun yaxşı olub-olmadığını anlaya bilirəm. Mən bunu uzun müddətə öyrənmişəm. Kilsə vaizləri dindarları diqqətdə saxlamağın vacibliyini heç vaxt yaddan çıxarmırdılar. Mən Serbiya, Fransa, Almaniya universitetlərində professor olmuşam və bilirəm ki, tələbələr də belədir: mühazirə darıxdırıcı oldumu, onlar mürgüləməyə başlayırlar.
- Sizin qəhrəmanlarınızda həyat və ölüm qarşısında qəribə bir itaətkarlıq var, onlar tale barədə mühakimə yürütmürlər.
- Mən həmişə oxucunu bezdirməkdən qorxmuşam. Birinci cümləni oxuyan adam o birini də oxumalıdır. Bir də əgər sizin deməyə sözünüz varsa, bunun baş verməsini gözləməlisiniz. Əgər siz öz kitabınızdan daha müdriksinizsə, onda yazıçı deyilsiniz.
- Sizin romanlarınızın birində yazıçıya dünyanın hər yerindən onun kitablarını göndərməyə başlayırlar. Bu da bezdirmək qorxusudur?
- Bu, yazıçı vahiməsidir. XXI əsrdə mənim kitablarım 100 dəfədən də çox müxtəlif dillərə tərcümə edilib. “Kağız teatr”da bütün yazıçılar uydurmadır, naşirlər isə mənim kitablarımın real naşirləridir.
- Siz öz kitablarınızın ruscaya tərcümələrini oxumusunuzmu?
- Hə. Və həmişə də düşünmüşəm: “Bu kitabı yazan rus klassiki kimdir?” Tərcüməçilər sarıdan mənim bəxtim gətirir. Çox vaxt bunlar qadınlardır və onlar adətən tərcümə edəcəkləri kitabı nəşriyyatla razılığa gəlməzdən qabaq seçirlər.
- “Kağız teatr”dakı rus yazıçısı da qadındır. Bizdə, doğrudan da, qadın ədəbiyyatı çiçəklənmə mərhələsini yaşayır.
- Serbiyada da belədir. Mənim arvadım da yazıçıdır. Ümumiyyətlə, yazıçılar arasında qadınlar çoxdur. Mən hələ ötən əsrdə demişdim ki, ən yaxşı ədəbiyyat qadın ədəbiyyatı olacaq. Kişinin yazdığı hekayə epik, qadının yazdığı isə lirik, özəl həyatdan bir hekayə olur. Şəxsi həyat, gündəlik işlər. Kişilərin qələmə aldığı əhvalatlar müharibədir, siyasi problemlərdir. Məncə, bütün bunlar bəşəriyyəti bezdirib. Bir rus tənqidçisi deyib ki, XXI yüzillik qadın əsridir. Bəşəriyyətin bütün tarixində belə şey olmayıb. Amma belə yüzillik də olmayıb. Axı XX əsrdə kitab öldü. Söhbət kağız kitabdan gedir. Bu isə yeni dövrün başlanması deməkdir. Keçmişdə də kitab ölərək, yeni formalara keçib: daşdan ağaca, ağacdan perqamentə. Amma indi, xoşumuza gəlsə də, gəlməsə də, kağız kitabın sonu gəlir. Daha kəsməyə ağac yoxdur.
- Əsl səbəb budur?
- Bu, başlıca səbəbdir. Bu barədə ciddi düşünənlərin hamısı bunu yaxşı bilir. Dünyanın ən yaxşı qəzetləri elektron şəkildə çıxır. Kitabın gələcəyi – elektron kitabdır.
- Bu, kitabın məzmununu da dəyişdirəcəkmi?
- Əlbəttə. Məzmun həmişə dəyişir. Həm də elektron şəkildə oxumaq xeyli asandır. Daha sənə yatağının yanında işıq yanması lazım deyil, eynəyə ehtiyacın yoxdur, şrifti istədiyin vaxt böyüdə bilərsən. Və ən nəhayət, sənə kitabxana gərək deyil.
- Hə, yazıçı da özünü təhlükəsiz hiss edə bilər: heç kəs ona qalaq-qalaq kitablarını göndərməyəcək.
- Elədir ki, var! Qeyri-xətti yazı üçün elektron kitab çox əlverişlidir. Mən “Xəzər sözlüyü”nü yazanda, kompüter mövcud deyildi. Mən 47 fəsli, yaxud “giriş”i olan bir roman yazmaq istəyirdim. İstəyirdim ki, oxucu hər bir fəsli ayrılıqda, növbəti və ya əvvəlki fəsildən asılı olmadan oxuya bilsin. İstənilən ardıcıllıqla. Yadımdadır, bir gün qızım mənim otağıma gəldi. O vaxt onun 12 yaşı vardı. Mən iri bir çarpayıda uzanıb fəsillərin adları yazılmış kağızları yan-yana düzmüşdüm. Onların istənilən ardıcıllıqda işləyib-işləmədiyini yoxlamaq istəyirdim. Qızım heyrət içində idi və mənim nə oyun fikirləşdiyimi anlaya bilmirdi. “Xəzər sözlüyü” elektron formata çevriləndə isə, məlum oldu ki, onu iki milyondan artıq variantda oxumaq mümkündür.
- Yəqin həm də başqa cür yazacaqlar, eləmi?
- Çox güman ki. Bu saat nəticə çıxarmaq hələ tezdir. Mən əvvəlki kimi kiçik bloknotlarda yazıram. Özü də gecələr, yataqda uzanmış halda. Cavanlıqda fərqi yox idi, gecədir, ya gündüz. İndi gecələr daha asan düşünmək olur. Mən çox tənbəl adamam. Hər gecə bir-iki cümlə yazmaq mənim üçün yaxşıdır. Yazı prosesi yazıçıya həzz bəxş etməlidir. Əgər bu olmayıbsa, oxucu bunu mütləq hiss edəcək. Yazıçı üçün kitab – ikinci bədəndir. Mənim haqqında roman yazdığım həmən “başqa bədən”. Yeniləşmiş və dəyişmiş. Bir növ İsa Məsihin dirilmədən sonra qazandığı kimi.
- “Ulduzlu mantiya” romanında sizin bütün kitablarınızın ən dəhşətli obrazlarından birinə rast gəlirik: əsərin baş qəhrəmanı Belqradın bombalanması zamanı özünü yeməyə başlayır. Siz bu dövrü necə yaşamısınız?
- Roman mənim vəziyyətimi təsvir edir. Balkanlar – arxeoloji vulkandır. Burada o qədər xalqlar, onların tarixi, ənənələri bir-birinə qarışıb ki! Bu vulkanın püskürmə ehtimalını hiss etmək yazıçı üçün faydalıdır. İnsan həyatı üçünsə, bu – faciədir. Mən axşamlar arvadımla Kalemeqdan (Belqradın mərkəzində XV əsrə aid türk qalası – M.Q.) ətrafında gəzişməyə adət etmişəm. Orada biz həmişə qalanın yanından keçən yolun o tərəfindəki çox uca bir binaya baxardıq. 5-ci mərtəbədə həmişə işıq yanardı və iki nəfər, kişi və qadın, rahat otaqda stol arxasında oturub yemək yeyər, söhbət edərdilər. Bizim üçün bu, asayişin rəhni idi. Əgər onlar ordadırlarsa, biz bütün bunlara davam gətirəcəyik. Və onlar hər gün orada idilər. Müharibədən sonra bu adamlar yoxa çıxdılar. Mən bilmirəm, onların başına nə gəldi.
- Uşaqlıq çağınızın Belqradını necə xatırlayırsınız?
- Mən almanların işğal etdiyi Serbiyada böyümüşəm. Və hər şeydən çox valideynlərimlə birgə Pançevoya səfərlərimi xatırlayır və sevirəm. Bu, Belqrad yaxınlığında, Dunayın o biri sahilində kiçik bir şəhərdir. Biz Sava üzərindəki körpünün yanında qayığa minir, sonra Dunay və kiçik Taniş çayı ilə üzüb Pançevoya çatırdıq. Orada liman və vağzal üzbəüz idi, onların arasındakı küçədə həmişə bizi qoşqulu arabada babam gözləyərdi. Biz arabaya minərək, bütün şəhərdən keçib dörd pəncərəsi küçəyə açılan evə gedərdik. Babamın çaxır anbarı vardı və o həmişə at saxlayardı. Hərdən mən ata minib Pançevodan Salaşa gedərdim.
- Siz bir dəfə insanın eyni vaxtda müxtəlif yaşlarda olduğu, eyni zamanda həm cavan, həm də ahıl bir şəxs kimi yaşadığı halı təsvir etmisiniz.
- Çoxlu zamanlar mövcuddur. Eyni vaxtda. Hərənin öz zamanı var. Mənim “Başqa bədən” romanında dediyim kimi, zaman üfüqi ölçüyə malikdir, əbədiyyət isə şaquli strukturludur. O, Müqəddəs Ruhdan qaynaqlanır. Əbədiyyət zamanı kəsəndə, bizim an yaranır. Bu anlar da çox ola bilər: əbədiyyət zamanı uzunluğu boyunca kəsməkdə, kəsməkdə və kəsməkdədir. Əbədiyyətə paralel olan zaman da var. Bu, “zamansız zaman”dır. Amma XXI əsrin başlanması ilə nəsə dəyişib. Biz hamımız bunu hiss edirik. Sürət dəyişib, zaman dəyişib. Çətin anda XIX əsrin şairi öz dəftərinə yazır: “Göylər bağlanıb, mənim dualarım səmaya çatmır”. Bu gün mən buna inanmıram, mən bilirəm ki, göylər açıqdır. Həqiqət atmosferi bürüyüb və o, insana kainatla birləşmək imkanı verir. Mən düşünürəm ki, bu yeni sürət – birləşmə prosesinin tərkib hissəsidir.
- Bəs o baş verəcəkmi?
- Məncə, biz bu yoldayıq.


Söhbətləşdi: Mariya Qadas

Çevirəni: Məsiağa Məhəmmədi






Davamı

Qasım Həddad. XURMA AĞACI

Çağdaş Bəhreyn şairi Qasım Həddad 1948-ci ildə doğulub. 15-dən çox şeir və bir neçə nəsr kitabının müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib. Bəhreyn Yazıçılar Birliyinin rəhbəridir.

Torpağı dırnağımla eşdim –
Qan çıxana qədər!
O yerdə ki,
Allahın xurma ağacı
Yadların qılıncı altda qan ağlayırdı…

Ey Allahın xurma ağacı!
Naməlum şəhidin köynəyini
Bir elçi kimi yerə,
Bir yelkən kimi suya
göndər –
bizim üçün!
Bəlkə yoxa çıxmışlar eşitdilər,
Bəlkə sədaqətli dəniz quldurları
Xurma üçün darıxdılar
və qarət edilmiş mirvarilərə sarı döndülər…

Ey yer!
Ey torpaq!
Ağlamaq üçün çatlama,
gözlərinin atəşini
işğalçılara tərəf aç,
qaçqınlara da bir yol!..

Ey yer!
Ey torpaq!
Hazır ol,
bu küskün ürəyi ovutmaq üçün
qərib dənizlərdə
məşəllər hazırla,
bir də dalğasız kəcavə!
Məhəbbət şamını
zeytun yağı və zəncəfillə
köksünün odunda bişir!
Çünki təqib olunan bu qaçqın,
bu gözəl şəhid
güzgülərdən seçilmişdir.

* * *
Ah, ey Allahın xürma ağacı!
Üfüqdə nə görürsən?..


Çevirəni: Məsiağa Məhəmmədi


Davamı

Əlibala Hacızadə. SAİB POEZİYASINA YENİ BAXIŞ

15 İL ƏVVƏLİN YAZISI...

Sənətkar taleləri müxtəlif olur. Elə sənətkarlar var ki, onların sağlığında başlayan şöhrət yolu həmişəlik davam edir. Elələri də var ki, müasirlərinin marağına səbəb olmur, yalnız zaman keçdikcə sənətinin dəyəri aşkarlanır, böyüklüyü etiraf olunur. Öz dövründə şan-şöhrət çələngi daşıyan bir çoxları isə həyatdan getməyi ilə unudulur, yaradıcılığı ancaq ədəbi-tarixi fakt kimi yad edilir. Və nəhayət, elə sənətkarlar da var ki, istər sağlığında istərsə də ölümündən sonra qızğın maraq və mübahisələr doğurur, onların sənəti heç vaxt biganəlik orbitinə düşmür, əksinə bədii-estetik fikrin inkişaf stimuluna, ədəbi prosesin generatoruna çevrilir. Klassik şərq poeziyasının korifeylərindən olan Saib Təbrizi məhz belə sənətkarlardandır. Üç əsrdən çoxdur ki, bu böyük şairin yaradıcılığı ətrafında diskussiyalar səngimək bilmir, onun bayraqdarı olduğu, geniş coğrafi məkanı və ədəbi-tarixi dövrü əhatə edən “hind üslubu” haqqında müxtəlif fikirlər irəli sürülür, lakin hələ də dünya şərqşünaslığı həmin üslubun estetik mahiyyətinin birmənalı izahına nail ola bilmir. Bu, bir tərəfdən “hind üslubu”nun özünün mürəkkəb tipoloji xarakterindən irəli gəlirsə, digər tərəfdən Saib Təbrizi və “hind üslubu” haqqında söylənən əksər mülahizələrin subyektiv zövqə, qabaqcadan müəyyənləşdirilmiş mövqeyə əsaslanmasından doğur. Belə bir vəziyyətdə gənc ədəbiyyatşünas, filologiya elmləri namizədi Məsiağa Məhəmmədinin “Saib Təbrizi və farsdilli poeziyada “hind üslubu” adlı monoqrafiyası (“Elm” nəşriyyatı, 1994) həmin problemin elmi və obyektiv həlli istiqamətində atılmış ciddi addım kimi maraq doğurur. Müəllifin A.Bauzani, Y.Bertels, Y.Rıpka, Ş.Nemani, Z.Səfa və s. kimi dünya şöhrətli şərqşünasların üstündə “baş sındırdıqları” bir mövzuya girişib öz sözünü deməyə cəhd etməsi monoqrafiyanı həm də elmi cəsarət nümunəsi kimi qiymətləndirməyə əsas verir.

Məlumdur ki, XVI-XVIII əsrlər uzun müddət dünya şərqşünaslığında farsdilli ədəbiyyatın tənəzzül dövrü hesab edilmiş, həmin əsrlərin bədii fikir tarixinə heç bir yenilik gətirmədiyi qeyd olunmuşdur. M. Məhəmmədi, haqlı olaraq, tənəzzül ideyasının özünü təkzib edir və bu dövr ədəbiyyatının dərindən, hərtərəfli araşdırılmasının zəruriliyinin tutarlı dəlilərlə əsaslandırır.
Onu da deyim ki, “hind üslubu”nun formalaşmasında və geniş yayılmasında Saib Təbrizinin xüsusi rolu bütün tədqiqatçılar tərəfindən etiraf olunur, lakin indiyə qədər onun yaradıcılığı bu aspektdə sistemli şəkildə təhlil obyektinə çevrilməmişdir. Məhz belə bir təhlili həyata keçirməyi qarşısına məqsəd qoyan M. Məhəmmədi “hind üslubu” problemini Saib yaradıcılığı prizmasından araşdırmış və orijinal nəticələrə gəlmişdir. Qeyd etməliyəm ki, Saib poeziyası Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə belə geniş ədəbi-tarixi kontekstdə tədqiqata cəlb olunmuşdur. Bu da böyük şairimizin bədii irsinin regional əhəmiyyətini başa düşməyə imkan yaradır.
M. Məhəmmədinin tədqiqat metodunu xarakterizə edən başlıca məziyyət budur ki, o, kənar estetik meyarlardan deyil, ilk növbədə, araşdırdığı bədii mətnlərin özündən çıxış edir. Bu da onun gəldiyi nəticələrin elmiliyini və obyektivliyini şərtləndirir. “Hind üslubu”nun ideoloji və estetik əsasına həsr olunmuş fəsillərdə həmin cəhət xüsusilə diqqəti cəlb edir. Müəllifin “vosət-e məşrəb” , “məni-ye biqane” kimi mühüm terminoloji ifadələrə verdiyi şərh maraq doğurur.
Monoqrafiyada Saib Təbrizinin dünyaduyumu və insan konsepsiyası ətraflı təhlil edilir. Bu məsələlərdə özünəməxsus mövqeyi olan müəllif nüfuzlu tədqiqatçılarla polemikaya girməkdən çəkinmir. Həmin cəhət Saib qəzəllərinin üslub xüsusiyyətlərinin araşdırılmasında da özünü göstərir. Burada Saib lirikasının üslubi dominantı kimi götürülən “təmsil” adlı poetik fiqurun təhlili şairin poetik təfəkkürünün özünəməxsusluğunu anlamağa şərait yaradır. Qətiyyətlə demək olar ki, Saib qəzəllərinin poetikası indiyə qədər belə dərinlik və əyaniliklə açılmamışdır.
Kitab yüksək elmi üslubda, eyni zamanda oxunaqlı bir dillə yazılmışdır. Saibin və digər şairlərin yaradıcılığından verilən poetik nümunələr və onların son dərəcə dəqiq tərcüməsi o dövr poeziyasının obrazlar aləmi barədə dolğun təsəvvür yaradır. Hər fəslin əvvəlində Saibin epiqraf kimi verilən və uğurla seçilmiş beytləri həmin fəsildə müəllifin çıxardığı nəticəni yığcam və poetik şəkildə ifadə etməklə yanaşı, nəticənin düzgünlüyünün sübut edən əlavə dəlil təsiri bağışlayır.
Monoqrafiya “hind üslubu”nun ədəbi-tarixi və estetik mahiyyətini aşkarlamaqla yanaşı, Saib irsinin regional əhəmiyyətini bütün dərinliyi ilə açıb göstərir və beləliklə, klassik ədəbi əlaqələr, Azərbaycan ədəbiyyatının Şərq ədəbiyyatları içərisində yeri kimi məsələlərin öyrənilməsi baxımından da elmi dəyər kəsb edir.
Mən monoqrafiya müəllifini bir ədəbiyyatşünas kimi səciyyələndirən məziyyətlər içərisində onun yüksək nəzəri hazırlığını xüsusi qeyd etmək istərdim. O, müasir elmi-nəzəri fikirdən klassik irsə körpü salmış və nəticədə keçmişi daha da dərindən dərk etməyə şərait yaradan, bu gün üçün də aktual səslənən bir tədqiqat meydana çıxmışdır. Belə olmasaydı, XX əsrin sonunda Saiblə “görüşün” bəlkə heç mənası da olmazdı...
Və nəhayət, onu da deyim ki, M. Məhəmmədinin monoqrafiyası həm də vaxtında meydana çıxmış əsərdir. Məsələ burasındadır ki, YUNESKO-nun qərarı ilə gələn il Saib Təbrizinin 400 illiyi qeyd ediləcək, bu münasibətlə Tehranda və Parisdə beynəlxalq konfranslar keçiriləcəkdir. Bu əlamətdar hadisə ərəfəsində gənc alimin kitabı təkcə onun deyil, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığının yubileyə layiqli töhfəsi kimi qiymətləndirilə bilər.


1994-cü il


Davamı

Şəhram Şeydayi. ŞEİRLƏR

Xəbər verildiyi kimi, noyabrın 23-də tanınmış şair və tərcüməçi Şəhram Şeydayi uzun sürən xəstəlikdən sonra 42 yaşında Tehrandakı mənzilində dünyasını dəyişib. Şairə ulu Tanrıdan rəhmət diləyib onun bir neçə şeirini sizə təqdim edirəm...

BU OTAQDA

Qorxuram, torpağın altında yazacağım şeirləri
oxuya bilməyim kiməsə.
Mən tələsirəm
və qəribədir ki, çox rahatam.
Qəbrimin üstünə gəlib
ölümümə inanan kəs
məni özündə öldürüb.


Gələcək yuxularımı görmüşəm,
sonrakı illərimi yaşamışam
və bu artıqlıq mənə əziyyət verir.
Kaş belə tələsməyəydim,
onda ən azı hamı kimi
sığardım zamana
və birgə olardım dostla, şəhərlə, torpaqla.
Bu qədər qapı döymək əbəsdir,
açmırlar qapıları,
nə bir kəs görür səni
nə də eşidir səsini.
Tələsmişəm
və o qədər getmişəm ki, qabağa
inanmırlar diri olduğuma.
Bu otaqda, torpağın altındayam
və yazıram.
Heç zaman qorxmuram ölümdən,
çünki bir ölü olmayacağıma əminəm.
Necə ola bilər ki, desinlər, hər şey bitib
və qayıda bilməzsən daha.
Bu, mənim üçün hamıya əl verən bir zarafat kimidir
və mən əllərimi gizlədirəm:
adamla zarafat edən həqiqət
tam şübhəli bir şey.
Mən ölümü həyata gətirmişəm
və ondan çıxarmışam.
Və qəribədir ki, hər gecə bayıra çıxıb
qəbir daşıma təzə bir şeir yazıram,
sonra yenidən yatıram.
Və gündüzlər sizin aranızda:
evdə anamla,
işdə həmkarlarımla
olmağıma heyrət edirəm.

Uşaqlığımın qapısı açıq qalıb.
Və zaman məni itirə bilmədiyi üçün
iyirmi yeddi yaşlı gəncliyimdən çıxıb.
Uşaqlığım iyirmi yeddi yaşlı mənlə söhbət edir:
- Bu gün ilk dəfə məktəbə getdim.
İyirmi yeddi yaşlı mən onun parıldayan gözlərindən öpür:
- Pərəstiş edirəm evdən məktəbə gedən yola.
Uşaqlığım iyirmi yeddi yaşının şəkillərinə baxır
və bilmirəm, nə anlayırsa,
bir neçə gecə dalbadal
yuxuda qışqırıb ağlayır.
Gərək onu qoymayaydım yazdığım uzun hekayəni oxusun,
gərək onu qoymayaydım gələcək şəkillərinə baxsın.
Mən tələsirəm,
istər keçmişdə, istər gələcəkdə.

Sinə daşım titrəyir,
yəqin
bir şeir yazmışam yenə.

1995-ci il


ZİNDANDA MƏHƏBBƏT

Ağacların başına fırlanıb qışqırıram:
Mənim üçün dua edin,
mənim üçün dua edin
ki, bu dərddən... :
- Hamını sənin surətində görürəm
küçədə,
yuxuda,
o ağ örpəkdə.

“Lütfən, ayağa durun!”
Anlayıram ki, məhkəmədəyəm.
“Havaya!”
Anlayıram ki, zindandayam.

Kamera yoldaşımdan təqsirini soruşuram,
əsəbi halda deyir:
“Azadlığı pis tələffüz etmişəm,
pis!”
Divarlar çığırır,
dəmir millər bağırır:
“Siz hamınız
azadlığı
pis tələffüz etmisiniz,
pis
...
- düz deyirlər -

Yalnız həyətdəki ağaclara inanıram,
hava udmağa çıxanda
qaçıb onları qucaqlayıram,
ağlaya-ağlaya:
- Mənim üçün dua edin,
mənim üçün dua edin.
...

Əzizim!
Zindanda məhəbbət
məşəqqətdir.

1994-cü il

♦ ♦ ♦

Özün də bilmədən danışmısan,
özün də bilmədən yaşamısan,
özün də bilmədən ölmüsən.

Saatı soruş, kömək edər bu sənə,
Havadan danış, kömək edər bu sənə,
ananın adını yadına sal,
kiminsə şəklini və qiyafəsini.

Tez ol! Xırda bir şeydən başla,
Məsələn, rənglər, məsələn, sarı rəng,
Yaşıl, bir neçə ağacın adı,
Olmayan beynini işə sal,
Fəsilləri, məsələn, qar.
Tez ol, tez,
varlığın üçün bir şey tap, göz gəzdir ətrafa,
bəlkə qalan şeylər yadına düşə.
Tez ol! Yoxsa
doğrudan
ölümünə
öyrəşərsən.

1997-ci il



Farscadan tərcümə: Məsiağa Məhəmmədi


_____
Şəhram Şeydayi barədə mənim yazımı BURADAN oxuya bilərsiniz.



Davamı

Klod Levi-Stross. MUSİQİNİN TƏBİƏTİ

Rəssamlığın qızğın pərəstişkarları bizim musiqini üstün tutmağımıza etiraz edə, yaxud qrafik və plastik sənətlər üçün onunla eyni məqam tələb edə bilərlər. Lakin biz belə hesab edirik ki, formal baxımdan bu sənətlərdə istifadə olunan materiallar, yəni səslər və rənglər, eyni müstəvidə yerləşmir.
Musiqinin üstünlüyünü əsaslandırmaq üçün bəzən deyirlər ki, musiqi təqlidçi sənət deyildir, daha dəqiqi, o özündən başqa heç nəyi təqlid etmir; rəsm əsərinə baxan tamaşaçıda isə dərhal belə bir sual yaranır: “Burada nə təsvir olunub?”

Amma problemə bu nöqteyi-nəzərdən yanaşdıqda, biz başqa bir çətinliklə üzləşirik: elə rəssamlıq növü var ki, heç nəyi təsvir etmir. Abstraksionist rəssam öz cərəyanına bəraət qazandırmaq üçün musiqiyə istinad edib isbatlaya bilər ki, onun forma və rəngləri tam sərbəst də olmasa, hər halda, hissi təcrübədən asılı olmayan qaydalarla təşkil etmək hüququ var; necə ki, musiqi səslər və ritmlərlə bunu edir.
Lakin bu analogiyanı qəbul etsək, biz dərin bir yanlışlığa yol vermiş olarıq. Çünki rənglər “təbii şəkildə” təbiətdə mövcud olduğu halda, musiqi səsləri (təsadüfi və ötəri səslərdən istisna olmaqla) təbiətdə yoxdur. Yalnız küylər var...
Əgər biz Nil sahilindəki qamışlıqda küləyin vıyıltısı ilə bağlı Diodorun göstərdiyi misalı kifayət qədər inandırıcı olmadığına görə kənara qoysaq, onda quşların nəğməsindən başqa bir şey qalmır. Əlbəttə, insan musiqi səsləri istehsal edən yeganə məxluq deyil və həmin imtiyazı quşlarla bölüşür, amma bu faktın etiraf edilməsi bizim aşağıdakı tezisimizə heç bir təsir göstərmir: materiyanın xassəsi olan rəngdən fərqli olaraq, musiqi səsləri – istər insanda olsun, istər quşlarda – cəmiyyətin xassəsidir.
Quşların “nəğməsi” dilə yaxın bir şeydir, çünki ifadəyə və ünsiyyətə xidmət edir. Beləliklə, musiqi səsləri mədəniyyətin yeganə təzahürü olaraq qalır. Bu, bir növ təbiətlə cəmiyyət arasında ayırıcı xətdir, amma artıq insanla heyvan arasında bir o qədər aydın ayırıcı xətt kimi çıxış edə bilmir.

Çevirəni: Məsiağa Məhəmmədi


Davamı

Bəxtiyar Muğanoğlu. KƏLBƏCƏR

Müdrik babaların miras qoyduğu,
Necoldu qeyrəti, arı, Kəlbəcər?!
Uca dağlarında bayquş banladı,
Çapıldı, talandı varı, Kəlbəcər.

Tapdağı olmusan yağının, yadın,
Külüngünün səsi gəlmir Fərhadın.
Vətəndən didərgin düşmüş övladın,
Qan ağladı səndən sarı, Kəlbəcər.

Qaçqına, köçkünə döndü hər kəsin,
İdrisin, Qəmkeşin ucaltmır səsin,
Yaqubun oxumur “Mənsuriyyə”sin,
Susubdur kamanı, tarı, Kəlbəcər.

Sazla haray-həşir salır Ədalət,
Şəmşir yata bilmir məzarda rahət,
Dünyadan həsrətlə köçdü Sücaət,
Bəhməni itirmə barı, Kəlbəcər.

Xocalı talandı, Şuşa da yandı,
Göyçənin fəryadı ərşə dayandı.
Muğanoğlu deyər, ölləm, amandı,
Çağır gəlsin dostu, yarı, Kəlbəcər!



Davamı

Güntay Gəncalp. BORÇALI

Könlüm saz havası istədiyində,
Gözlərim önündə durur Borçalı.
Bu qürbət diyarda yorğun ruhuma,
Sazınla, sözünlə buyur, Borçalı.

Qəlbimin içində bir saz havası,
Duyğudan hörülmüş sevda yuvası,
Saraclı obası, Xındı dünyası*,
Göstərmişdir səni məğrur, Borçalı.

Bir gün Ərdəbildə, bir gün Təbrizdə,
Daima var oldun ürəyimizdə,
Nə qədər həsrət və kədər var bizdə,
Alıb da sazınla duyur, Borçalı.

10.11.2009
Finlandiya

_______
Saraclı və Xındı Borçalının böyük ozanları olmuşlar.



Davamı

İKİ ŞAİR, İKİ ŞEİR – 2

Zaman Paşazadə. AĞAC

Dallanmış, budanmış bir ağacam.
Ucun tutub ucuzluğa ucalmış
bır ağac!
Nə kəndir bağlanacaq budağım var,
nə yaşam duyuracaq yarpağım.
Köküm hardasa unudub məni
və calaqlanıb yelpənəklər kötüyünə!
Və sən
ətəyimdə torpaq çərtərək,
cücərirsən çiçək-çiçək.

Hələ bəlli deyil
quş əkməyimisən?
Çinarmısan?
Almamısan?
Nəsən, nəsən,
nəyin nəsisən?!
Kölgə‎si sehirli çinarlığın da məni maraqlandırmır.
Qızıl almalığın da mənə gərək deyil.
Göyərirsənsə,
sarmaşıq ol;
sar məni,
sarıl mənə.
Əl atıb ucalacağın heykəl məndən
və mənə yaşam verəcək yarpaq səndən.
Dirək məndən,
bayraq səndən.


Qadir Cəfəri. ŞEİR

Günəş gülümsəmirsə də, sevgilim,
bircə sən gülümsə.
Yetər ki, onda
gülümsəyər bağçamızda çinarlar,
çinarda sığırçınlar.
Dəniz gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
akvariumdakı balıqlar baxıb uzünə
gülümsəyəcəklər,
gözlərində dənizi görəcəklər.
Ormanlar gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
yellər çalacaq ormanda sevinc mahnısını
və titrək-titrək
oynayacaqlar yarpaqlar.
Torpaq gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
bitkilər bitəcək sənin gülüşlərindən,
sehirli lobya birisi.
Onda çıxıb
öldürəcəyəm günəşi dustaqlamış qara divləri,
sonra buludlanacağam,
yazın isti nəfəsini eşidəcək ormanlar.
Və bunların hamısı sənin gülüşündən bitəcək,
sadəcə gülüşündən.


Qaynaq (ərəb əlifbasında):
http://www.uchluk.blogfa.com/post-6.aspx
http://www.qaranfil.blogfa.com/post-58.aspx






Davamı

ƏHMƏD CƏFƏROĞLUNUN ƏDƏBİYYATŞÜNAS OBRAZI

Müstəqillik dönəmində cəmiyyətimizdə baş vermiş köklü ictimai-siyasi dəyişikliklər ədəbiyyat və ümumən mədəniyyət tariximizin bir sıra mühüm problemlərinə yenidən baxılmasına, həmçinin məlum ideoloji qadağalar nəticəsində uzun müddət araşdırmadan kənarda qalmış sahələrin tədqiqata cəlb olunmasına şərait yaratmışdır. Belə sahələrdən biri də müəyyən tarixi-siyasi səbəblərdən Azərbaycanı tərk etmək məcburiyyətində qalmış sənətkarlar və ədiblər tərəfindən yaradılan mühacirət ədəbiyyatıdır. Uzun illər hətta mütəxəssislərə də naməlum qalmış bu ədəbiyyatın öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti özlüyündə aydındır. Belə ki, harada meydana çıxmasından asılı olmayaraq, hər hansı xalqın nümayəndələri tərəfindən yaradılmış ədəbi-bədii nümunələr həmin xalqın mənəvi irsinin ayrılmaz tərkib hissəsidir və onun öyrənilməsi ən azı həmin ədəbi irs haqqında təsəvvürün düzgünlüyü və bütövlüyü üçün zəruridir. Təbii ki, bu ədəbiyyatın öyrənilməsində ən vacib iş onun başlıca nümayəndələrinin ictimai fəaliyyətinə, elmi-ədəbi yaradıcılığına dair xüsusi, dərin və hərtərəfli araşdırmaların həyata keçirilməsindən ibarət olmalıdır.
Azərbaycan mühacirət ədəbiyyatının ictimai və pedaqoji fəaliyyətinin zənginliyi və genişliyi, elmi yaradıcılığının miqyası və məhsuldarlığı baxımından bu cür xüsusi tədqiqatlara layiq simalarından biri Əhməd Cəfəroğludur. Dövrünün ictimai-siyasi təlatümləri nəticəsində gənc ikən vətəndən ayrı düşmüş, qürbətdə şərəfli həyat yolu keçmiş Əhməd Cəfəroğlu (1899-1975) XX əsr Azərbaycan ictimai, elmi və ədəbi fikir tarixinin ən görkəmli nümayəndələrindən biri sayılmalıdır.

Həyatının əsas hissəsini doğma yurdundan uzaqlarda keçirsə də, Ə.Cəfəroğlu bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına saysız-hesabsız elmi əsərlər həsr etməklə, çoxlarına nümunə ola biləcək bir şəkildə öz milli borcunu yerinə yetirmişdir. Təəssüf ki, bütün varlığı ilə torpağına bağlı olan bu böyük şəxsiyyətin adı uzun illər yasaq edilmiş, ara-sıra ancaq “düşmən” kimi xatırlanmışdır. Dünya elmi dairələrində yaxşı tanınan Ə.Cəfəroğlunun adı yalnız son illərdə öz vətənində də tez-tez anılmağa başlamış, onun haqqında dövri mətbuatda məqalələr dərc edilmiş, elmi konfrans və simpoziumlarda məruzələr oxunmuşdur. Lakin əsasən tanıtma və təqdimat xarakteri daşıyan bu məqalə və məruzələr Ə.Cəfəroğlunun elmi-ədəbi və publisistik irsinin həqiqi öyrənilməsi üçün olsa-olsa zəmin və təkan rolunu oynaya bilər. Bu mənada alimin çoxşaxəli yaradıcılığının dərindən öyrənilib qiymətləndirilməsi və öz xalqına çatdırılması çağdaş elmimiz qarşısında duran mühüm və təxirəsalınmaz vəzifələrdən biri sayılmalıdır.
Onu da deyək ki, özlüyündə bu, heç də asan vəzifə deyildir. Belə ki, ensiklopedik zəkaya və heyrətamiz erudisiyaya malik Ə.Cəfəroğlunun yaradıcılığı olduqca müxtəlif elm sahələrini əhatə edir. Və bu irsin həqiqi mənada öyrənilməsi və qiymətləndirilməsi həmin elm sahələrində çalışan mütəxəssislərin birgə səyləri ilə mümkün ola bilər. Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin tədqiqi də gələcəkdə həmin vəzifənin həllini asanlaşdıra biləcək bir addım kimi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan türkologiyasının gənc və perspektivli nümayəndələrindən olan filologiya elmləri namizədi Elşən Əbülhəsənlinin oxuculara təqdim edilən monoqrafiyasının elmi dəyəri əsla şübhə doğurmur.
Monoqrafiyanın əsas məqsədi Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin, ilk növbədə, Azərbaycan ədəbiyyatına dair tədqiqatlarının öyrənilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün müəllif Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsini mövzu və problematika baxımından qruplaşdırmış, onun həmin sahədəki yaradıcılığının diapazonu barədə dolğun təsəvvür yaratmış, hər bir tematik qrup çərçivəsində alimin başlıca əsərlərini nəzərdən keçirərək, təhlil etmiş və son nəticədə Ə.Cəfəroğlunun bir ədəbiyyatşünas kimi əsaslandığı metodoloji prinsipləri, nəzəri müddəaları və tədqiqat üsullarını müəyyənləşdirmişdir. Diqqətəlayiq cəhətlərdən biri də budur ki, E.Əbülhəsənli ədəbiyyat tariximizin bu və ya digər məsələsi ilə bağlı Ə.Cəfəroğlunun mövqeyini və gəldiyi nəticələri müasir Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətləri baxımından qiymətləndirərək, onların yeni və özünəməxsus cəhətlərini aşkar etməyə cəhd göstərmişdir. Bu isə öz növbəsində Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq elminə töhfəsini və onun bu sahədəki irsinin nəzəri və praktik əhəmiyyətini aydınlaşdırmağa imkan verir.
Beləliklə, monoqrafiya Ə.Cəfəroğlunun ensiklopedik səciyyəli elmi yaradıcılığının bir qolu barədə tam və ətraflı təsəvvür yaradır. Eyni zamanda burada, ilk dəfə olaraq, Ə.Cəfəroğlunun tərcümeyi-halı, ictimai, pedaqoji və elmi fəaliyyəti barədə mövcud məlumatlar sistemləşdirilib ümumiləşdirilir, onun həyat və yaradıcılığının bütöv mənzərəsi verilir. Bir sözlə, müəllif oxucuların gözləri qarşısında Ə.Cəfəroğlunun ədəbiyyatşünas obrazını canlandırmağa nail olur.
Fikrimizcə, E.Əbülhəsənlinin bu kitabı Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsinin hərtərəfli təhlilini verməklə, onun bütövlükdə elmi yaradıcılığına dair gələcək elmi araşdırmalara əhəmiyyətli kömək göstərəcəkdir. Bundan əlavə, Ə.Cəfəroğlunun müxtəlif mövzulu ədəbiyyatşünaslıq əsərləri haqqında monoqrafiyada çıxarılan nəticələr müvafiq problemlər ətrafında aparılan araşdırmalarda istifadə oluna bilər. Nəhayət, kitabın ehtiva etdiyi material və onun müddəaları Azərbaycan mühacirət ədəbiyyatı haqqında tədqiqatlar üçün xüsusi önəm kəsb edir.

(Filologiya elmləri namizədi Elşən Əbülhəsənlinin “Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” adlı kitabına (Bakı, “Azərnəşr”, 2006) ön söz)


Davamı

İKİ ŞAİR, İKİ ŞEİR

Seyid Cavad Əbuturabi. NİYƏ GƏLİRSƏN?!

Eşitdim gəlirsən yoxlamağıma,
Bu soyuq ocağa niyə gəlirsən?!
Gəlmə, gəlməyinə razı deyiləm,
Yoxu yoxlamağa niyə gəlirsən?!

Bənzərəm dənizdə sınıq beləmə,
Düşmüşəm girdaba, batmışam qəmə.
Arzumun əkini gedib vəğəmə,
Batmışam alağa, niyə gəlirsən?!

Uca dağdan dımırlanan daş kimi,
Qara gözdən yerə süzən yaş kimi,
Başından sallanan uzun saç kimi,
Düşmüşəm ayağa niyə gəlirsən?!

Obası dağılan yiyəsiz dağam,
Ceyranı ovlanan ovsuz ovlağam,
Gözəsi quruyan susuz bulağam,
Qurumuş bulağa niyə gəlirsən?!

Dilim qıfıllıdır, dodağım dağlı,
Qollarım cidarlı, qıçım badağlı,
Pozulan bağlar tək qapısı bağlı,
Pozulan bir bağa niyə gəlirsən?!

Ağacda çürüyən sınıq budağam,
Eldən alahıyam, yardan uzağam,
Başmağı cütlənmiş gedər qonağam,
Qonaq bir qonağa niyə gəlirsən?!

Dünən tanış idim, bu günü yadam,
Boyaq kimi yaddan çıxan bir adam,
Savalan şairi, qoca Cavadam,
Bayağam, bayağa niyə gəlirsən?!


Yusifəli Güldəstə (Qoca). ALLAH!

Min bir dərdi şələlədim,
Cınağıma çatdım, Allah!
Vətən boyda bir nisgili,
Öz sevgimə qatdım, Allah!

Susadılar al qanıma,
Çatlar düşdü dabanıma,
Daş atdılar ünvanıma
Başı qalxan tutdum, Allah!

Bu yaşamsa, ölüm nədi?
Qeyrət dişim dil çeynədi.
Yaladım, yaram göynədi,
Qara qanlar uddum, Allah!

Yuyulmadım sellər ilə,
Əyilmədim yellər ilə,
Namərd dostun əllərilə
Böhtanlara batdım, Allah!

Qoca tək doldum günaha,
Taleyimdən sındım daha,
Bu dünyanı ucuz-baha,
Bir manata satdım, Allah!




Qaynaq (ərəb əlifbasında):

http://javad-abootorabi.blogfa.com/

http://golargoja.blogfa.com/







Davamı

KÖHNƏ BİR HEKAYƏT

Bəlx şəhərinə yolu düşən bir müsafir görür ki, camaat diri bir kişini tabuta qoyub qəbiristanlığa tərəf aparır, o biçarə də hey qışqırıb-bağırır, Allahı və peyğəmbəri şahid çağırır, and-aman eləyir ki, “vallah, billah, mən diriyəm, siz necə məni torpağa tapşırmaq istəyirsiniz?!”
Amma tabutun arxasınca gedən bir neçə molla ona əhəmiyyət vermədən camaata üz tutub deyir: “Məlun köpəyoğlu yalan danışır, ölüb!”

Heyrətdən quruyub qalmış müsafir nə baş verdiyini soruşur. Ona deyirlər: “Bu kişi varlı bir tacirdir, varisi də yoxdur. Bir müddət əvvəl səfərdə olduğu zaman dörd nəfər Bəlx qazısının hüzurunda onun ölümünə şəhadət verdi, qazı da bunu təsdiq elədi. Sonra şəhərin mötəbər adamlarından biri onun arvadını aldı, başqa birisi də mal-dövlətinə sahib çıxdı. İndi bu kişi öləndən sonra qayıdıb diri olduğunu iddia edir. Amma dörd nəfər mömin və ədalətli şəxsin şahidliyi qarşısında bir nəfər fırıldaqçının iddiası eşidilə və qəbul oluna bilməz. Ona görə də qazının hökmünə əsasən onu qəbiristanlığa aparırıq, çünki meyiti dəfn eləmək vacibdir və cənazəni saxlamaq şəriətə görə caiz deyil!”

Əhməd Şamlunun tərtib etdiyi “Küçə kitabı”ndan


Çevirəni: Məsiağa Məhəmmədi



Davamı

Ərəstu Mücərrəd. BOYALAR RƏQSİ

Tutuşur əski məzarların adsız baş daşı kimi gələn günlər, ağlımda. Anlam itir şüşə binaların örtülü pəncərələri arxasında və təpəli kəndlərin yanar yamaclarında saxsı kuzələrin ömrü boşuna ötür. Nə quyu, nə də ki su. Sönür bu yolların yalnız ulduzu da və qırmızı dənizin dalğaları susur. Kimə söykənəcək bu küləklər, indi ki itirilmiş tüfənglərin tətikləri çəkilməyəcək bir daha və atılmış sevgi yollar ayrıcında bölünəcək.
Tutuşur əski məzarların adlım meyitlərinin hayı başımda və dolur havaları yalın ayaqlarıma. Qaçımmı özümdən, yoxsa plyajların sevinc köpüyü püskürəcək sabahına, dayanımmı?!

Deyil, mən inanmamışam boyaların alovlu rəqs eləmədiklərinə, mən inanmamışam büllur səslərin endiklərinə. Sönərsə də yapayalnız ulduz və susarsa da qırmızı dalğalar, yenə qızaracaq batı uzaqları və tətiklər çəkiləcək şar topları havaya atılırkən sevinc partlayışında. Bax, plyajlar köpüklənir və boyalar rəqsə gəlir, görmürsən?!

Qaynaq (ərəb əlifbasında):
http://www.yenilik.blogfa.com/post-172.aspx

P.S. Bu yazı Sima Ənnağının istəyi nəzərə alınaraq, latın qrafikasına keçirilmişdir – M.M.



Davamı

Rza Bərahəni. TƏBRİZ ŞEİRLƏRİ

Xəbər verildiyi kimi, dünya şöhrətli yazıçı Rza Bərahəni bir qrup Güney Azərbaycan ziyalısı ilə birlikdə Bakıda səfərdədir. Bu münasibətlə böyük yazıçının doktor Əli Qərəcəlu tərəfindən dilimizə tərcümə olunmuş “Təbriz şeirləri” silsiləsini müəyyən redaktə ilə latın qrafikasına çevirib sizlərə təqdim edirəm.

1.
Qadınların başından çadralarını qaçıran
yaşıl bir yel
və əziz bir xatirə.
Sən hələ
ordasan
ki, iyirmi il qabaq Təbrizin o küçəsində idin.
Yunusu udan
balıqdır
çadra.

2.
Mənim xalqım
səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə
tüfəng
ələ alıb savaşmış;
tüfəng
illər boyu
əlində idi illər boyu.
İndi
qorxusu yox
əgər
sükut eləmişsə;
çünki
ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək
ki, çiçəklənir,
gül açır
və ürək
irilikdə
meyvələr də verir
səmimiyyətlə.

3.
Gecə yarısı
təpə başında
qəhvəxanada
yoldaşlarımla
mən
Savalan balı
yedik.
Qulaq asdıq
kəndin
itlərinin hürüşlərinə.
Şeir oxuduq
və zindandan
danışdıq.
Kəsdi sözümüzü
qəhvəçinin ağlaması.
O,
türkcə cəh-cəh vuran xanəndəyə
qulaq asırdı;
Ki külək dalğalarında uzaqdan gələn irmaq səsi
kimi
gəlirdi.
Biz daha
heç
danışmadıq

4.

Səhərləri
qızarmış çörəyə bənzər Təbrizin.
Günortası
quzu kababına bənzər Təbrizin;
böyründə isti qan damlası ilə.
Axşamları
buz kimi vodkadır, yandırar;
belə ki, sən
bağıraraq evə gələrsən.
Və gecə yarısı
sanki bir qadındır pərqu balış tək;
başını üstünə qoymadan yatarsan.
Oyandığında
Təbriz işıq fəsillərinə bənzər.

5.
Sən ki Şərqin ilk inqilabını
güclü qolların üstündə qaldırdın,
Uca alnın daha da ucalsın, ey şəhər!
Ey hərəkətin cəhəti,
ey mənim davamım,
ey mənim köküm.
Günəş
düz sənin köksündən göyərir;
mən hətta sənin qəbiristanlıqlarını da sevirəm.

6.
Səndən danışanda
kağızım qurtarır;
mənə başqa bir kağız ver –
böyüklüyü göy qədər
ki, səndən yenə
başqa sözlər danışım.

7.
Yanında yaşamaq sənin
Günəşin yanında yaşamaq deyil,
ondan üstündür.
Uzaq yaşamaq
cəhənnəm kimidir;
daha yaman bəlkə də.
Ey mənim cənnətim, hansı şəhərin bacısısan
ki, şeirimi onun ayaqlarına səpim.

8.
Sənin adının musiqisi yanından
bir kişi keçir rəngbərəng bülbül qəfəsiylə
(səslə adımı, adımı səslə).
Müzəffəriyyə dalanında
xalçanın ipəyi dəli olub,
sındırıb sükutu, danışır;
sən ipək təsvirlərin dilisən
(səslə adımı, adımı səslə).
Rastaküçədə
su kranını açdı bir qadın;
heç zaman su vedrəyə tökülməmişdi bu sürətlə
(səslə adımı, adımı səslə).
Görünür divar üstündən
dəvənin boynu və hörgücü;
dəvələr hündür, divarlar qısa
(səslə adımı, adımı səslə).
Palçıqla suvanmış divarları belə şirinlətdi
qızlarının bal rəngli gözləri
(səslə adımı, adımı səslə).
Qardaşımdır mənim
kişnəyən at;
küçədən keçən tovuz
bacımdır mənim
(səslə adımı, adımı səslə).
Dəhrə
xırdaladı şişəyin sümüklərini;
o ətdən mən yazığa da verin bir tikə
(səslə adımı, adımı səslə).
Güləşir
meydançada “şir-balıq”larımız;
düşünür qadınlar onların qollarını
(səslə adımı, adımı səslə).
Dünyanın ən qalın kitabıdır
Ərk,
durub qarşımızda
bizim dik;
tarix sənsən
(səslə adımı, adımı səslə).
Çay qırağında
bir kişi
qaynatası ilə gəlir,
arvadı ilə gəlir,
atası ilə gəlir,
oğlu ilə gəlir,
anası ilə gəlir,
qızı ilə gəlir.
Yuxarı çıxır inqilab pillələrindən mənim elim;
Adın ulduzlarla dolsun, ey Təbriz,
(səslə adımı, adımı səslə).

9.

Çiçəklənən dan yeri
və büllur bülbüllər
və yoxsulluq, quduz yoxsulluq
sənin çöhrənin ətrafında
yarı tutulmuş Ay kimi daim dolanan
bir təzad.
Cavan bir qadına bənzərsən
gözəl,
rəna;
Ki əndamını köhnə paltarla örtmüş.
Xalqın bu məsəli necə də doğrudur burada:
xarabada yatan xəzinəyə bənzərsən.

10.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!
Orada bir balaca otaq var
Uzun, qədim, dolanbac küçələrə açılar.
Mən ilk qəzəlimi
O otaqda yazdım.
O balaca otağı mənim üçün saxla;
Ya da dərin bir qəbir qaz
qırmızı köksünün içində.
Bax, şairin cənazəsi
söz izdihamının
və ən seçkin şeirinin
çiynində gəlməkdə.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!


Farscadan tərcümə: Əli Qərəcəlu



Davamı

Güntay Gəncalp. ALA İNƏK

Ala inək gözümü dünyaya açdığım gündən qapımızda idi. Nə zamandan bizim yaşayışımızın bir parçası olduğunu xatırlamırdım. Ancaq qısır olmadan hər il doğar və qapımızı doldurardı danalarla. Hələ onun süd-qatığının bizim yemək qaynağımız olduğunu demirəm. Bu şəkildə ala inək hamımızın sevimlisi olmuşdu. Axşamçağı və gün doğarkən, anam gözəl şərqiləri ilə ala inəyimizi sağar, mən də onun yavru buzovunun başına ip salıb tutardım gözünün önündə. Ala inək balasını yalayıb, özəlliklə buzovun boynunun tüklərini sanki dili ilə darardı. Yavru buzov məst olardı anasının onun boynunu yalamasından. Mən də alışmışdım bu gözəlliyə. Anamın əlində bayda şərqi söyləyib inək sağması, ala inəyin yavrusunu yalaması, günbatan çağı və gündoğan çağının oluşdurduğu əsrarəngizlik. Sağım bitdikdən sonra buraxardım buzovu, təpilərdi anasının qıçının arasına və başlardı əmməyə. İndi isə əl çatmaz bir xəyal kimi gəlir mənə o xoşbəxt həyatım.

Bir yaz günü idi. Hər tərəf yam-yaşıl, zəmilər, sarıbaş şüvərənlər yavaşça əsən küləyin təsirindən dalğalanırdı. Yenə də anam ala inəyi sağdı. Buzov anasını əmib, həm də həsrət gedərdi. Buzovu anasından ayırıb öz yerinə apardım. Ala inək də digər mallarla bir yerdə örüşə aparıldı. Bir neçə yavru buzovları özümüzlə çalışdığımız tarlaya apardıq. Orada yumşacıq tər otlardan dərib atırdıq buzovların qabağına, yeyirdilər. Buzovlarımın bəzən də boynuna sarılıb üzlərindən öpürdüm. Anam da mənə “oğlum, sən ki buzovları belə çox sevirsən, indi gör mən səni necə, nə qədər sevirəm. İnşalla, bir gün öz uşağın olduğunda mənim dediklərimi anlarsan” – deyirdi. Qonşuların tarlasına girməsinlər deyə, buzovlarımızı ayaqlarından iplə bağlamış, ipin də bir ucunu yerə basdırılmış dəmir mıxa düyünləmişdik.
Günorta çağı idi. Adətən günorta çağında evdən gətirdiyimiz yeməyimizi yeyib, sərin su və ayran içdikdən sonra kaldarlardan düzəltdiyimiz kölgəciyin altında uzanıb 10-15 dəqiqə gözümüzü yumub yorğunluğumuzu çıxardıqdan sonra yenidən tarlada çalışmağa başlardıq. O yuxuların dadı, ləzzəti başqa idi. İndi artıq o zamankı kimi yatmaqdan ləzzət ala bilmirəm.
Anamla bərabər kölgəciyin altında uzanmışdıq ki, buzovların bağırtısına diksinib yuxudan oyandıq. Qurd!. Qurd buzovlarımıza saldırmışdı. Qurd bizi görər-görməz qaçdı. Ancaq ala inəyin balasını boğazından yaralamışdı. Qaçaraq buzova yaxınlaşdıq. Boğazından qan fışqırırdı. Anam: “Orağı gətir, başını kəsək, artıq bu diri qalmaz” – dedi. Anam əlləri əsə-əsə buzovun başını kəsdi. Ağlayaraq, durumu seyr edirdim. Buzov dostum çabalayaraq, can verdi. İçim yanırdı sanki.
Başqa buzovları önümüzə alıb, ala inəyin yavrusunun cənazəsini də eşşəyin üstünə yükləyib, axşam evə getdik. Anam gəlinimizə: “Buzovu qurd parçaladı. Ətindən yemək bişir” – dedi. Gün batmışdı artıq. Bütün inəklər örüşdən gəlmişdi, həyətimizdə sağılırdılar. Ala inək çox narahat görünürdü. Quyruğunu tez-tez tərpədib, qulaqlarını gözləri baxan tərəflərə yönəldib, yavrusunu görmək istəyirdi. Anam başqa inəkləri sağdı. Bu dəfə ala inəyi özəlliklə ən sona saxlamışdı. Ala inək ilk dəfə balası gözünün önündə olmadan sağılacaqdı. Ancaq imkan vermədi. Ayaqlarını yerə çırpıb mələyirdi. Axşam inəyi sağa bilmədi anam. Ala inək sabaha qədər mələdi qapıda. Gecə anam buzovun dərisinə saman doldurdu. Sonra da dərinin boş yerlərini tikdi. Sabah yenidən ala inəyi sağmaq istərkən, içi samanla dolmuş balasının dərisini qoyduq ala inəyin önünə. Dəri hələ qurumadığı üçün balasının qoxusunu ala bilirdi. Ala inək başladı balasının içi samanla dolmuş dərisini yalamağa. Anamın gözlərindən yaş axırdı. Anam gözəl səsi ilə yas bayatıları söyləyərək, inəyi sağmağa başladı:

Əzizim üzgün ağlar,
Qaş-gözü süzgün ağlar.
Balası ölmüş ana,
Bir gülsə, yüz gün ağlar.

Ala inəyin gözlərindən yaş sel kimi axırdı. Bir tərəfdən buzovun ölməsi, bir tərəfdən ala inəyin göz yaşları və bir tərəfdən də anamın həzin şərqisi ruhumu elə sarmışdı ki, hönkür-hönkür ağlamağa başladım. Anam mənim ağlamağımı duyduğunda səsini kəsdi. Ancaq anamın göz yaşlarının sağdığı südün içinə damladığını görürdüm.
Anam ala inəyi sağdıqdan sonra gəlib mənim boynuma sarıldı: “Ağlama bala, nə edə bilərik? Yavaş-yavaş unudulacaq. Çox üzülmə!” – dedi. Buzovun ətindən yemək hazırlamışdılar evdə bacılarım və gəlinlərimiz. Ancaq kimsə yemədi. Ala inəyin kədəri bağrımızı sarmışdı. Onun balasının ətini necə yeyə bilərdik?! Kədər evimizi bürümüşdü. Bizim qapımızı bərəkətlə dolduran ala inəyin dərdini necə bu tezliyə unutmaq olardı? Anam üzünü gəlinlərimizə tutub: “Buzovun ətini yeyə bilməyəcəyik. Qalıb xarab olar. Günahdı. Sabah aparın verin qonum-qonşulara. Savabdır” – dedi.
Təkrar gecə olmuşdu. Qəm içində yatmışdıq. Ancaq nə yuxu?! Yuxum gəlmirdi. Anam əlini uzadıb saçlarımı oxşayaraq: “Mənuş (Güntay), gəl yanımda yat bu gecə, sarıl boynuma, yavrum. Ağlama, keçər gedər” – dedi. Sanki anam içimdən keçənləri bilmişdi. O gecə gerçəkdən də anamın boynuna sarılıb yatmaq istəyirdim. Anama: “Ana, kürəyimi qaşı! Əllərinlə kürəyimi qaşı, rahatlanıram onda” – dedim. Anamın əlləri kürəyimdə gəzişdikcə ruhum bilinməz uzaqlıqlarda uçurdu. Ağır acı içində yuxu alıb aparmışdı bizi.
Yuxumda gördüm ki, ala inək dil açıb. Ala inək dil açmış, mənimlə danışırdı. Kəndimizin üst tərəfindəki örüşdə ala inək sağ böyrü üstündə uzanmış, ölürdü. Ancaq danışa-danışa ölürdü. Gözlərini qırpmırdı. İri gözlərindən yaş axaraq mənə: “Mənim balamı hara apardın? Onu məndən niyə ayırdın? Mən artıq onsuz yaşaya bilmərəm. O, mənim son yavrum idi. Son doğuşum. Yavrum....yavrum...” – deyirdi.
Yuxudan oyandım. Əllərim titrəyirdi. Yanımda anam hələ yuxuda idi. Bir az kənarda atam xoruldayırdı. Dışarı çıxdım. Hava gözəl, göydə sonsuz ulduzlar parıldaşırdılar. Ala inəyimizin yanına getdim. Başqa inəklərdə olan rahatlıq ala inəkdə yox idi. Ala inəyi bir az tumarladım. Boynunu çevirib mənə baxırdı. Belə kədərli və bədbəxt baxışların qarşısında dözmək nə qədər də çətinmiş! Təkrar geri dönüb anamın yanında uzandım.
Gün doğmuşdu. Təkrar ala inəyin dərisinin içinə saman doldurulmuş yavrusunu gözlərinin önünə qoyaraq, sağmağa başladı anam. İnəkləri sağıldıqdan sonra hamısını örüşə aparacaqdım. Ala inək yeriyə bilmirdi. Arxada qalmışdı. Digər inəklər kəndin heyvanlarına qatılıb uzaqlara otlamağa getdilər. Ala inək geri qalmışdı.
Tam oraya çatmışdıq. Mənim yuxumda gördüyüm yerə çatmışdıq. Ala inək tam oraya çatdığımızda sağ böyrünün üstündə uzandı. Yaş axan iri gözlərini mənə zilləyib can verməyə başladı. Ölürdü. Fikirləşdim ki, indi yuxumda gördüyüm kimi dil açıb danışacaq. Ancaq danışmadı. Gözləri mənə zillənmiş şəkildə can verdi.

28.09.2009


Davamı

Ziba Kərbasi-Təbrizli. İSTƏYİRƏM

Aşiqəm, sevgili yaar istəyirəm,
Eşqi də biqəraar istəyirəm.

Soyunam da bu qaranlıqdan tam,
Eşqi mən ol ki vaar, istəyirəm.

Sevgilərlə içi dolmuş yaşayış,
Onu mən sanki bahaar istəyirəm

Zülmətin öldüyü gün yaasında,
Ölümün kəndini zaar istəyirəm.

İştə çılpaqlığımı örtmək üçün,
Məxməli rəngli bahaar istəyirəm.

Mutluluqdan dənizə çevrilərək,
Yanımda sevgili yaar istəyirəm.

Sona varsın da intizar bitsin,
Yox deyil, mən onu vaar istəyirəm.

Qaralardan ürəyim bezgindir,
Qırmızı laləyi-zaar istəyirəm.

Çevirən: GÜNTAY



Davamı

Səməd Mənsur. SÖYÜŞÜN

Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Söyüşün, görsənə şücaətiniz,
Söyüşün, vazeh ola qeyrətiniz,
Söyüşün, kəşf ola kəramətiniz,
Söyüşün artıq ola hörmətiniz.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Çünki yoxdur bir özgə zəhmətiniz,
Həcv satmaq olub ticarətiniz.
Pul qazanmaq olarsa niyyətiniz,
Gərək hökmən ola rəqabətiniz.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Yazılar aləmin bazar eləyin,
Yalanı, böhtanı şüar eləyin,
Bir-birin səhnədən kənar eləyin,
Nə xəcalət çəkin, nə ar eləyin.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Hər kimin xılt olarsa xunində,
Şübhə yoxdur onun cünunində,
Nə ola kuzənin dərunində,
Əsəri görsənir bürunində.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

1915-ci il




Davamı

Güntay Gəncalp. QARTAL

Qartal 70 il yaşayır. Ancaq 40 yaşına gəldiyində, onun dimdiyi uzanıb əyilir. Beləliklə də, dimdiyi ilə ovlaya bilmir. Yenə də 40 yaşına gəldiyində, dırnaqlarının arasında başqa ətlər də ortaya çıxır. Dırnaqları ilə ovları qaldıra bilmir. Qanadlarının da arasında köhnə lələklər böyüyür, qoymur qanadları açılsın. Ona görə göylərin dərinliyində uça da bilmir.
Bu problemləri həll etmək üçün qartal 150 gün bir uca dağın başında tək qalır.

Dimdiyini o qədər daşa çırpır ki, qan axa-axa dimdiyi yerindən qopur. Sonra da başlayır ayaqlarındakı artıq əti sökməyə. Bütün ayaqları qana bürünür. Ayaqlarındakı artıq əti də qopardıqdan sonra qanadlarını yolmağa başlayır. Qopan qanadlarının yerindən qan axmağa başlayır. Oturduğu qayanın üstü qartalın qanı ilə boyanır.
Bu işi qartal 150 gün içində edir. 150 gündən sonra yeni həyat haqqını qazanır və 30 il də yaşayır...
Bəzən yaşaya bilmək üçün qartal kimi bəzi şeyləri söküb atmaq gərəkir.


Davamı

Seyid Heydər Bayat. QIRX ANLAMLI SÖZCÜKLƏR

Çilləxana altı şəhərdə
sevişib savaşan,
susadığım Səid Mətinpura


Üç boyutlu təsvirlər, qırx anlamlı sözcüklərə gizləndi
səni sevdiyim gövhər
və səhər namazları
savab yazan mələklər belə
səni ağladılar
səccadəm üstünə.

Tarla-tarla susdum səni
Quyu-quyu söylədim.
Sükutum bağırdı səni
gələn nəsillərə.

Bloq-bloq kament gəzdi adın
qəzetələr
ən böyük titrdən boyun qaçıranda.

Tarla-tarla susdum səni
quyu-quyu söylədim.
Sükutum bağırdı səni
gələn nəsillərə
susadım sənə
tufan əsdi şeirimin qafiyələrinə
taqqa-tax, tax-tax
qapılar çırpındı yeddi şəhərdə
abdallar yol itirdilər
və Xoca Əhməd Yəsəvi
riyazət məzarından
ayağa qalxmadı.


Davamı

Hafiz Şirazi. QƏM YEMƏ!

Yusifi bir gün görər bağrında Kən´an qəm yemə!
Hüzn evi ən son olar tam bir gülüstan qəm yemə!

Dərdə batmış könlüm, heç əndişələnmə, bilmiş ol,
Buu düzənsizlik tapar bir nəzmi-asan qəm yemə!

Ömr yaazı gəldiyində gül-çiçəkdən bir çələng,
Baaşına hörümüş olarsan mürği-xoşxan qəm yemə!

Gər bizim istək yolunda sürmədi çərxi-fələk,
Hər zaman bir yöndə getməz çərxi-dövran qəm yemə!

Gəl umudsuz olma, çün vaqif deyilsən qeybdən,
Pərdə arxaasında vardır sirri-pünhan qəm yemə!

Kə´bə eşqilə biyabanlarda sən düşsən yola,
İncidərsə caanını xari-müğilan qəm yemə!

Ey könül, sellər sökərsə varlığın ərkanını,
Rəhbərin Nuhdursa, tüğyan etsə tuufan qəm yemə

Yar yolunda biz rəqiblərdən nələr çəkdik, nələr,
Həpsini yaxşıı bilir ol hali-gərdan qəm yemə.

Gərçi mənzil çox xətərli, məqsəd olmuş çox uzaq,
Bilmiş ol kim, hər yol iiçin vardı paayan qəm yemə!

Sərt qaranlıqlarda, fəqr iiçində ömrün keçsə də,
Hafizaa, virdin sənin olmuşsa Quran qəm yemə!


Tərcümə etdi: GÜNTAY GƏNCALP



Davamı

”TANRI BÜTÜN DÖVRLƏRİN ƏN BÖYÜK ROMANIDIR”

RZA BƏRAHƏNİYƏ ON SUAL

- Həyatın mənası nədir?
- Həyat özü-özlüyündə mənasızdır. Həyatın anlamı bizim ona nə məna verməyimizdən asılıdır. Misal üçün, sevgisiz bir həyat mənasızdır.
- Xoşbəxtlik və bədbəxtliyi necə anlayırsınız? Sizə görə, insanın xoşbəxtlik və bədbəxtliyinin son həddi nədir?
- Mən gözəlliyin surətini sinəmin üstünə qoyub ölmək istəyirdim. Ancaq olmadı, varlıq bundan da xəsis imiş. Həssas adamın duyduğu ağrı tükənməzdir. Xoşbəxtlik sevdiyin bir insanın yanında azad yaşamaqdır, yəni röya. Bunun əksi isə kabusdur.
- Fatalizm, yoxsa iradə azadlğı? İnsanlar istər fərdi, istər kollektiv baxımdan öz talelərinin yaradıcısıdır, yoxsa öncədən müəyyənləşmiş və qaçılmaz bir taleyin əsiridir?
- İnsanın dünyaya gəlişi öz əlində deyil, müəyyən qədər məcburidir. Amma insan ehtiyatlı olub ölümünü gecikdirə bildiyi üçün körpəlik, uşaqlıq, dəlilik, qocalıq və məhbusluq istisna olmaqla, fərdi və ictimai anlamda öz taleyinin qurucusudur. Özünü qabaqcadan yazılmış və qaçılmaz bir taleyin əsiri bilən insan əslində hərəkət edən ölüdür.


- İnsan cəmiyyətinin gələcəyini necə görürsünüz: yüksəliş, yoxsa süqut? Bəşəriyyətin gələcəyi ilə bağlı optimistsiniz, ya pessimist?
- Sualın birinci hissəsinin cavabı: yüksəliş. İkinci hissənin cavabı: optimist. Amma həm sual, həm də təbii ki, cavab çox mücərrəddir.
- İnsanlığın bütün qayələri və idealları içərisində sizin həyat fəlsəfənizi ifadə edən hansıdır?
- Fikir müxtəlifliyini qoruyub saxlamaqla, başqaları ilə bərabər yaşamaq. Bu zaman başqalarından da bərabərliyi fikir müxtəlifliyi ilə birgə istəməyi gözləmək . Bu, sosializmin bir növüdür, intəhası onun indiyə qədər gördüyümüz növlərindən yox.
- Tanrı nədir?
- Tanrı bütün dövrlərin ən böyük romanıdır.
- Ölümə necə baxırsınız?
- Ölüm mənə necə baxırsa, elə. Əslində heç baxmır da. Həm də ölüm bu tərəfdə var, ölməyin o tərəfində ölüm yoxdur. Mənim ölümüm ölümümlə ölür.
- Ədalətə necə tərif verirsiniz?
- Hamı üçün bərabər şəraitdə fərdlərin istedad, fərasət və təxəyyülünün üzə çıxması və inkişafına imkan yaradılması kimi. Bu işin vacib şərti bütün istismar və mənimsəmə strukturlarının aradan qaldırılmasıdır.
- İnsan xislətinə inanırsınızmı? İnsanın xislətinə nikbinmi yanaşırsınız?
- İnsanın xislətinə inanmıram. İnsan yaşadığı hər anda yeni bir xislət qazanır. Yalnız daşın, ağacın və heyvanın dəyişməz xisləti var. İnsanın xisləti onun xislətinin dəyişməsindədir. İnsan daim ”ərəfədə” yaşayır.
- Həyatın sizə öyrətdiyi ən böyük dərs və anladığınız ən dəyərli həqiqət hansıdır?
- Zalıma qarşı elə mübarizə aparmaq ki, sonrakı zülmkarın da yolu bağlansın. Sevdiyin kəsin yanında azad yaşamaq. Bundan böyük səadət yoxdur. Başqa birisinin xəlvət xəyallarına və röyalarına girmək. Müştərək yuxular görmək ehtirası. Həqiqət daim gələcəyə doğru geri çəkilməkdədir. Onu tapmaq üçün hərəkət etmək onun haqqında danışmaqdan qat-qat önəmlidir.

22 sentyabr 1999

Qeyd: Bu eksklüziv müsahibə Avropada fars dilində çıxan ”Sual” (”Porseş”) dərgisində çap olunmuşdur. Müsahibənin farsca mətnini lütfkarlıqla mənə göndərmiş hörmətli Güntay bəy Gəncalpa dərin təşəkkürümü bildirirəm.


Davamı

Elmira Fikrətqızı. OSMAN TÜRKAY VƏ RZA BƏRAHƏNİ

«Modernizm» deyiləndə ilk növbədə Qərb ədəbiyyatı göz önündə canlansa da, Şərq dünyasının da bir çox ədibləri bu cərəyanın nümayəndələri sayılırlar. Bu baxımdan müasir Kıbrıs türk ədəbiyyatının dünya şöhrətli şairi Osman Türkay və XX əsr farsdilli poeziyanın görkəmli nümayəndəsi Rza Bərahəni modernizmin Şərq aləmindən olan təmsilçiləri sırasındadırlar.
1927-ci ildə Kıbrıs adasında dünyaya göz açan Osman Türkay həm öz şəxsiyyətində, həm də yaradıcılığında Şərq və Qərb mədəniyyətini birləşdirən bir şairdir. Ravil Buxarayev - şairin rusiyalı tədqiqatçısı, onun haqqında aşağıdakı sözləri yazır: “Osman Türkay da Pablo Neruda və Nazim Hikmət kimi XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən olmuşdur.” (1, 1)
O, ilk gənclik illərindən şeir yazmağa başlamış və həm Şərq, həm də Qərb dünyasında tanınaraq bir çox Beynəlxalq şeir mükafatlarına layiq görülmüşdür ki, bunlar arasında “Gümüş Zəncirli Beynəlxalq Şeir Mükafatı” (1987, İtaliya), “Qızıl Şeir Medalyonu” (Asiya Şairləri Federasiyası), “Afrika Şeir Kralı” (Keniya, Nayrobi), “Qızıl Zürafə”, “Viktoriya Şeir Medalyonu” (İngiltərə), “Uçan Qızıl Qumru” (Avstraliya), “Qızıl Val” mükafatı (Amerika), “Ədəbiyyata Xidmət” mükafatı (Kıbrıs Balkanlar və Avrasiya Türk Ədəbiyyatları Qurumu), “Millenium Şairi” (Beynəlxalq Şeir Akademiyası) kimi təltiflər və eləcə də iki dəfə Nobel mükafatına namizəd göstərilmək kimi onun yüksək şairlik məqamından xəbər verən dünya miqyasında və ali səviyyələrdə qiymətləndirmələr vardır.

Osman Türkay türk ədəbiyyatında modernist şerin banilərindən və tanınmış nümayəndələrindən sayılsa da, yaradıcılığa heca və əruz vəznlərində yazdığı və klassik türk şerinin təsiri duyulan əsərlərlə başlamışdır. XX əsrin birinci yarısında Kıbrısda dərc olunan bir sıra dərgilərdə işıq üzü görən həmin şeirlər eşq, ölüm, vətənpərvərlik kimi bəşəri mövzularda yazılmışdır. Həmin nümunələrdə romantik duyğular daha qabarıqdır. Məsələn, bahar və payız fəsillərinin təsviri ilə bağlı şeirlər şairin hüznü və sevinci ilə əlaqədə verilmişdir:

Müjde! Geldi bizim köye de bahar,
Bahçelerde alev çiçek açtı nar.
Ruhum bu sevgiye durmadan kanar,
Hülyamı süslerken badem çiçegi.

Eyni məzmunlu şeirlərə Osman Türkay kimi, hətta, ondan da erkən – 10-11 yaşlarından bədii fəaliyyətə başlayan və XX əsr farsdilli ədəbiyyatda layiqli yerini tutan Rza Bərahəninin də yaradıcılığında rast gəlirik:

bahar gelmiş, ben duyarlıyım
nergisler ortasında makineli hapşırık ve öskürük fırtınası
duyarlıyım
sakalımı kesmişim
bıyıklarım eski dağ rengindedir
ve ciğerlerimin gözyaşları gözlerimden akıyor
…ihtiyarlılık degil, sevgilim!
seni görmemek beni duyarlı kılmıştır
ve diğer odadan uykudaki biri seslenir: baba baba
duyarlıyım
nergisler ortasında makineli hapşırık ve öskürük fırtınası

Fikir versək, görərik ki, böyük Azərbaycan şairi Şah İsmayıl Xətainin “Dəhnamə” əsərində olduğu kimi, hər iki şeirdə baharın gəlişi, hər tərəfin gülə-çiçəyə bürünməsi, gözəlliyə qərq olması və qönçələyən qızılgüllər arasında özünü tənha bülbül kimi hiss edən şair ürəyi təzadlı şəkildə verilmişdir. Söhbət payızdan getdikdə isə bu ziddiyyət aradan qalxır və bir şair könlünü yağan yağışlar isladır, əsən küləklər isə bir xəzan yarpağı kimi alıb aparır. «Benim tüm mevsimlerimde bir kadın şarkı söyler»,- deyən Rza Bərahəni isə bu dünyanın bir dəli küləyinə qoşulub eşqini bütün dünyaya izhar edir:

ve ben senin o adını söyleyeceğim
dağa doğru esen o ak melteme
meltem ve dağ
söylemenin tepelerini senin adınla söyleyecekler
ve ben senin adını
çöle, güneşe ve kuma söyleyeceğim

Hər iki şairin yaradıcılığında ümumi olan mövzulardan biri də qürbət motivləri ilə bağlıdır. Məlumdur ki, Osman Türkay 1953-cü ildə iki il öncə gəldiyi Türkiyədən ayrılaraq Londona getmiş və həyatının sonrakı illərini əsas etibarilə burada yaşamışdır. Rza Bərahəni isə indinin özündə belə qürbətdə - Kanadada yaşamaqdadır və Vətənindən, ana yurdundakı doğmalarından uzaqlığın acısını çəkməkdədir. Aşağıdakı şerini isə o, İngiltərədə olarkən qələmə almışdır:

bu yabancı güzel yerde
sensiz
ruhum
adsız nefer mezarı gibi boştu boş ve tantanalı
yabancıların saygı gösterisi neye yarar?
kendi tanrılarını bana kurban etsinler diyelim!
ne fayda var?
…dünya duraklarında yalnızdım
rüzgarlarda, dünyanın kitapları açılıp kapanıyorlardı birisi okuyordu onu
ben hiçbir şey okumuyordum ve kimse okumuyordu beni
metrolarda herkes okuyordu, gidiyordu, geliyordu ve okuyordu
ben bunların ortasında yalnız kalırdım
ve mikrofon senin adını çağırırdı ruhumda
ve hiçbir şeyi benim değildi dünyanın
yabancıların saygı göstermesi neye yarar?

Eyni hisslərlə yazılmış şeirlərə Osman Türkay yaradıcılığında da dönə-dönə təsadüf edirik. O da fərqli mədəniyyətdə, fərqli mühitdə, ayrı dildə danışan insanlar arasında özünü qəriblikdə hiss edir və Londonun sisli küçələrini dolaşan zaman xəyalında Beşbarmaq dağlarını seyrə çıxır, Aralıq dənizinin (Rza Bərahəninin yaradıcılığında bu mənada Savalan dağı və Xəzər dənizi yad olunur) ağ köpüklü sularına baş vurur:

Şarkılarını dinliyorum yüce Beşparmak
Şarkılarını dinliyorum binlerce kilometre uzakda
Thames‘in süt mavi sisleri ortasında…
İçimde duygular bir iç deniz
İçiçe dalgalı Akdeniz

Osman Türkay yaradıcılığının yeni mərhələsi də o, məhz İngiltərəyə getdikdən sonrakı dövrü əhatə edir. Burada o, Qərb ədəbiyyatı ilə daha yaxından tanış olur, vaxtının çox hissəsini kitabxanalarda keçirir, mütaliə edir və artıq bədii yaradıcılıqda da simvolizmdən, romantizmdən uzaqlaşaraq XX əsrdə aktual olan məsələlər barəsində yazmağa başlayır. 1959-cu ildə dərc olunan “7 Telli” adlı ilk şeir kitabından başlayaraq, yaradıcılığının sonrakı mərhələlərində də artıq yeni bir mövzudan – kosmosa qədəm basan insandan və həmin insanın daxil olduğu başqa bir dünyadan söhbət açır. Beləliklə, o, “kosmos erası şairi” kimi ədəbiyyat tarixinə daxil olur. Şairdən bəhs edən tənqidçilər də onun bu cəhəti üzərində daha çox dururlar; onu başı ulduzlardan yuxarıda bir şair adlandırırlar (5, 2). XX əsr astronavtika, kosmos əsri olduğu kimi, bu türk şairi də bir çox əsrdaşlarından fərqli olaraq, həmin dövrün ozanı adını daşımaq şərəfinə layiq görülür. Yaradıcılığının sonrakı illərində türk və ingilis dillərində yazdığı dördhissəli “Dünya üçün simfoniya” əsərində olduğu kimi, bütün dünya onun əsərlərinin mövzusuna çevrilir; o, artıq məhdud, yalnız öz şəxsi dünyası ilə bağlı mövzulardan uzaqlaşaraq, demək olar ki, bütün coğrafi meridianlar üzrə dünyəvi məsələlərdən söhbət açır, qlobal problemlərə toxunur, istər bir afrikalı zəncinin, istər Altay dağlarının qoynunda yaşayan və “Göy övladı sayılan” türkün, istər göyə ucalan göydələnlərdən boylanan amerikalının, istərsə də antik mədəniyyətin beşiyi sayılan yerlərdən bir avropalının gözü ilə dünyanı seyr etməyi bacarır. O, «Hər gecə sularda» adlı 7 bəndlik şeirində müasir dünyanı aşağıdakı şəkildə təsvir edir:

Kuşkusuz bu dünya böyle değildi daha önceleri
Sulardan dinle onu yoğuran kim?
Ben bir gölge gibi gezip tozarken kenti
Bir bankacının kocaman kasasından çıkan fabrika yüzlü
Kağıt paralar, değerli taşlar der ki
Havayı sen zehirledin, suları sen kirlettin

Aldırmamaya yeminli, gezerim sokakları yağmurda;
Bakarım katiller insancıl, hırsızlar erdem öğretmeni
Derim Vietnamı ben yakmış olmayayım!
Mozambik kıyımını yapan kim Bay Açık deniz
Kuşkulanırım kendimden, doğruyu ögrenmek için
Bu akşam televizyonda hangi komedyeni dinlemeliyim

Rza Bərahəninin şeirlərində də tez-tez dünyadan bəhs olunur. Lakin bu, başqa bir dünyadır – sevgi, həsrət, vüsal, aşiq-məşuq dünyası. Bu baxımdan Osman Türkay və Rza Bərahəninin dünyaya baxış bucaqları tamamilə fərqlidir. Osman Türkay dünyanın bu günkü vəziyyətindən, ekoloji tarazlığın pozulmasından tutmuş, nüvə müharibəsi təhlükəsinə qədər müxtəlif problemlərdən narahatdırsa, Rza Bərahəni: «benim tüm dünya insanları ile işim yoktu, insanlar benim için tanımış olduklarımdır» (3, 19) - deyərək dünyanı haradasa nihilist baxışlarla və ya bir gözəlin timsalında qəbul və dərk edir. Və həmin gözəl dünyanı bir “öpücük kimi” yoxsullara bağışlayır, şair isə göydəki ulduzları belə gözəllər arasında bölüşdürür.
Rza Bərahəni yaradıcılığında sevgi xaricində cəhənnəm dolu bir başqa dünya və bu dünyaya həsr olunmuş silsilə şeirlər də var: həbsxana şeirləri. Müəyyən sərhədlərlə bütün dünyadan təcrid olunmuş bu aləmin insanların əksəriyyəti nə sevgi, nə də ekologiya, nüvə müharibəsi və s. kimi məsələlərin fərqində deyillər. Onlar hər dəqiqəsi əzab olan bir dünyada yaşayaraq, ancaq azadlıq, qurtuluş haqqında fikirləşirlər. Və həbsxana qadınları nə göyü fəth edir, nə də evdar qadınlar kimi özlərini ailələrinə həsr etməyi bacarırlar. Onlar bu dünyanı əzab şəklində yaşayırlar:

kadınlar bilirim
namusluca elden ele düşmüş
cellatlar arasında
ve tecavüz düşü beyinlerinde
sonsuza degin haykıran

altı yaşlarında çocuklar bilirim
tekme tokat ve kırbaç altında itiraf etmişler
baba şüpheli birini eve getirdi diye
yahut
anne şüpheli bir adama bir evin yolunu gösterdi

bir kadın bilirim
puşt cellatlar soymuşlar onu
elektrikli cop koyarlardı güneş görmemiş memeleri üstüne
ve bir saat sonra hücresinde kadın
o memeleri koyardı sütteki bebeginin ağzına

ve bu daha cehennemin tümü değil
benim tanıdığım

Hər iki şairin yaradıcılığında ölüm və həyat, varlığın əzəli və sonu kimi fəlsəfi məsələlərdən bəhs edən şeirlərə də rast gəlirik. Varlığın mahiyyəti, insanın, təbiətin, yaşadığımız kainatın nədən, necə yaranması həm Osman Türkay, həm də Rza Bərahəni yaradıcılığında fəlsəfi sual şəklində qoyulur.

Osman Türkay:

bunca göksel cismi
bunca bilinmeyen adı
biryerlere yöneten kim
bu evrenleri kapsayan
sonsuzluklar
bir damla su gibi
içine alan
ve hızını
hiç şaşmadan yöneten kim?

Rza Bərahəni:

ben ağaçtan doğmuşum
sen ey ki söylemen esintilerin esmesidir ağaçlarda
söyle bana söyle
ağacı kim doğurmuştur?
beni yıldız doğurmuş
sen ey ki söylemen pınarlar gibidir, serin pınarlar
söyle bana, söyle
yıldızı kim doğurmuştur?
yıldızı, ağacı sen doğurmuşsun
sen ey ki söylemen kuşların uçuşmasıdır
söyle bana, söyle
seni kim doğurmuştur?

R.Bərahəninin yaradıcılığından verdiyimiz sitatın ilk misrası mifoloji qaynağı ilə diqqəti cəlb edir. Bəllidir ki, «əski türk qəbilə birləşmələri və xalqlarında ən çox mifikləşdirilmiş obrazlardan biri də ağacdır». (19, 61) Osman Türkay yaradıcılığında da Həyat Ağacının varlığın əsasında dayanan motiv kimi verilməsinə təsadüf edirik. Şairin “Dalları Yeryüzünde Ağaç” (“Budaqları Yer üzündə ağac”) şeiri bunun ən gözəl örnəyidir:

Ben kökümü arıyorum karanlık, sık bir ormanda
Nerdesin ilk insan ağacı
Suların dibindeyim akıntılı açık denizlerde
Balıklar, ilkel yaşam hücreleri, fosiller konuşmaz bana
Hala karanlıklarımda Afrika, uzaklarmda proconsul
Yanlış eleştirdin gövdemi Bay Darwin

İnkişafda nəbatat, heyvanat və insan pillələrini rədd edən Türkay kökünü Həyat Ağacının bitdiyi meşədə arayır. Mifoloji mətnlərdən aydındır ki, yalnız «Oğuz Kağan» dastanında deyil, bir çox miflərdə, o cümlədən yakut türklərinin «Er Soqotoh» dastanında Ağacdan törəmə motivi əsas yer tutur.
Rza Bərahəninn ulduzlardan yaranma ilə əlaqəli ikinci tezisi isə birbaşa türk mifologiyasında insanın mənşəyinin Göy aləminə şamil edilməsinə bağlanır. Osman Türkayın «Lotusun içinə uçmaq» adlı geniş həcmli poemasında bütövlükdə və eləcə də digər əsərlərində bu və ya digər dərəcədə Göy türklərdən bəhs edilir.
Ümumiyyətlə, ilk təəssüratda Rza Bərahəninin poeziyası lirik təsir bağışlayırsa da, bunlar arasında fəlsəfi məzmunlu şeirlərə də rast gəlirik. Məsələn, aşağıdakı parça bu baxımdan diqqəti cəlb edir:

ölülerden kimi sanki hiçbir zaman ölmezlerdi
onlar, fosforlu mezarlarıyla mezarlıktan dönerlerdi
ve aydınlatırlardı kentleri
onlar yeryüzü geleceklerinin ışıklarının aydınlığıydılar
ve kimi ölüler fakat mazlumdular
onlar sanki hep yokmuştular; başından beri yaşamın ölmüştüler
kocaman bir yeraltı süpürgesi onların teninin kırıntılarını süpürürdü
ve dökerdi dipsiz kuyulara
bir süpürme ve dökmeler doğasıydı tabiatın

Əvvəldə qeyd etdiyimiz kimi, Osman Türkay kosmos erasının şairi idi və onun yaradıcılığı bütövlükdə, bütün dünyaya, kainata, qalaktikalar sisteminə yazılmış, bəstələnmiş ecazkar bir musiqidir. Hər bir səma cismi onun qələmində tədqiq, təsvir və tərənnüm olunur. Rza Bərahəni şeirlərində də tez-tez kosmoloji cisimlərin adları çəkilir, amma tamamilə başqa, məcazi anlamda. Rza Bərahəni göy cisimlərinin adlarından klassik Şərq şerində olduğu kimi, bədii təsvir və ifadə vasitəsi kimi istifadə edir. Məsələn, Osman Türkay Samanyolundan (Kəhkəşan) həqiqi mənasında bəhs edirsə, Rza Bərahəni həmin ifadəni sevgilisinin sinəsinə (paralel şəkildə Günəş və Ayı – üzünə, gözəlliyinə) işarə olaraq işlədir:

ki serpmiştir Samanyolunu koynunun yücesinden
her merde namerde neden?

Nəticə olaraq bunu demək olar ki, Rza Bərahəni daha çox sevda şairidir. Sevgi onun əsərlərində aparıcı mövzudur. O, modernist şair sayılsa da, lirikasında klassik Şərq şerindən gələn cəhətlər də gözə çarpır. Metaforalar, bədii təzad və digər ifadə vasitələri ilə zəngindir. «Meltem və Kül» şeri bədii obrazlılığı ilə daha çox yadda qalır. 2001-ci ildə vəfat edən Osman Türkay yaradıcılığının başlıca obyekti isə dünyadır, həm bir planet kimi, bəşəriyyətin mövcudluğunun şərti olan kosmoloji cisim kimi, həm də ayrı-ayrı fərdlərin və insan qruplarının dünyalarından ibarət bir məkan kimi.
Məlumdur ki, modernist şeir həm də müasir texnika ilə bağlı poeziyadır. Texnikanın inkişafı isə ekzistensialistlərin, o cümlədən, A.Kamünün söylədiyi kimi, insan xoşbəxtliyinə xidmət etmir. İnsan xoşbəxtliyinə xidmət edən bilik özünüdərk, bəşəri reallığın dərkindən əldə edilən bilikdir (10, 233). O. Türkay isə aşağıdakı misralarda olduğu kimi bu reallığı insanın gözü önünə sərib, böhran vəziyyətindən nəticə çıxarmağı məsləhət görürdü:

Otomobil, uyuşturucu zehir, televizyon, sinema
Cinsel yaşam, çıplaklık, açık - saçık yayın
Güzelleşme ameliyatı, mutluluk kapsülleri
Artık - değer üretmek, tüketime yaslanmak
Kalp nakli, seruma aşırı güven, okullarda cinsel egitim
Takma saç, sevişme ilaçları , güclülük hapları
Nüfus patlamaları, nükleer savaş, silahlanma yarışı
Hava - su kirlenmesi, azar- azar zehir
Hep bugünün gerçekleri, hep bugünün gerçekleri

Ümumiyyətlə, O. Türkay və Rza Bərahəninin yalnız poetik nümunələrinə deyil, həm də ümumi yaradıcılıq yollarına nəzər saldıqda, hər ikisinin yalnız şair kimi deyil, nasir və dramaturq, tənqidçi, tərcüməçi kimi də fəaliyyət göstərdiklərinin şahidi oluruq. O. Türkayın adlarını çəkdiyimiz kitablarından başqa “Bethovendə aydınlığa oyanmaq” (1970), “Uyurgezer” (1969, “Qiyamət günü müşahidəçiləri” (1975), “Dünyəvi simfoniya” (1972) şeir topluları, “Piramida Üçlüsü” (1998), “Ölümsüzlük acısı” (1998) pyesləri, “Ədəbiyyat, tənqid və dil haqqında düşüncələr” (1993) adlı tənqidi görüşlərindən bəhs edən əsəri, eləcə də, T. S. Eliotdan, S. Spenderdən, Mayakovskidən və digərlərindən türkcəyə və türk şairlərindən ingiliscəyə tərcümələri vardır. Rza Bərahəninin isə “Bağ ceyranları”, “Meşə və şəhər”, “Günəş altında müsibət”, “Kəpənəklərə xitabən” və s. şeir kitabları, “Yurdumun sirləri”, “Öldürülənlərin sədası”, “Ayaz cənablarının acınacaqlı sərgüzəştləri” romanları, “Misdə qızıl”, “Şeir və şairlikdə təcrübə və yaradıcılıq” və s. tənqidi görüşlərini ifadə etdiyi əsərləri, Ekzüperidən, Şekspirdən, İ.Andriçdən və başqalarının yaradıcılıqlarından tərcümələri mövcuddur. Hər iki şairin yaradıcılıq nümunələri arasında ingilis dilində yazdıqları əsərlər də vardır.
Türk araşdırıcısı Mehmet Salihoğlu şairləri 2 qrupa ayırır: 1) böyük; 2) kiçik. Böyük şair ulu şeir irmağının yönünü dəyişdirən, ona yeni bir dəyər qazandıran şəxsdir. Digərləri isə böyük olmasalar da, uğurlu şeirləri ilə o irmağın suyunu daha da artırırlar (11, 11). Fikrimizcə, həm Osman Türkay, həm də Rza Bərahəni XX əsr poeziyasında birinci qrupa daxil olan şairlər sırasındadır. Onların yaradıcılıq yolları bunu sübut edir.

Ədəbiyyat:

1. Равиль Бухараев. Осман Тюркай: Абсолютный сюжет судьбы поэта. Независимая газета, 19, 04, 2001 г.
2. Osman Türkay. İlk şiirleri üzerine bir araştırma (1946-1961). Gökada yayınları. Lefkoşa,2002
3. Rıza Baraheni. Şiirler. (Türk dilinə tərcümə, əlyazma hüququnda, Əli Şamilin şəxsi arxivindən).
4. Osman Türkay. 7 Telli. Beşparmak yayınları. Lefkoşa, 1959
5. Dünya Basınında Osman Türkay. «Varlık» dergisi, Aralık 1975, sayı:819
6. Osman Türkay. Her gece sularda. «Varlık» dergisi, Mart 1974, sayı: 798
7. Osman Türkay. Seçme Şiirler. Kültür Bakanlığı Yayınları. Ankara, 1990
8. Osman Türkay. Uyurgezer. Yeditepe Yayınları. İstanbul, 1969
9. Osman Türkay. Beethovende Aydınlığa Uyanmak. Yeditepe Yayınları. İstanbul, 1970
10. Fərman İsmayılov. İnsan və dünya. Azərbaycan Dövlət Kitab Palatası. Bakı, 1994
11. Mehmet Salihoğlu. Şiirde etkilenme ve ötesi. 15 Nisan 1962, sayı: 572
12. Suut Kemal Karaalioğlu. Edebiyat Akımları. İstanbul
13. Rıza Baraheni. İrandakı Cehennem. «Varlık» dergisi, Haziran 1979, sayı: 861
14. Sədrəddin. Türk dilində yazdığım qəzetimi mənə zorla yalatdırdılar. «Ayna» qəzeti, 2002, 25 oktyabr, № 42
15. «Tribun»un Təhririyyə Heyəti. Rza Bərahəninin əsərlərinə bir baxış.
16. Rza Bərahəni. Əmirovun Şurunu Demirəm.
17. Espen Hovardsholm. Modernizm. Tarixi-fəlsəfi tədqiqat. «Cahan» jurnalı, 1997, №3
18. Enver Ercan. Önay sözler ve postmodern üzerine. Varlık dergisi, Aralık 1992, sayı: 1023
19. Ağayar Şükürov. Mifologiya. 6-cı kitab. Qədim türk mifologiyası. Bakı, «Elm», 1997


Davamı

Məhəmmədəli Hüseyni. MƏCZUB TƏBRİZİ

Son orta əsrlər əksər Şərq ədəbiyyatlarının tarixində olduğu kimi, Azərbaycan ədəbiyyatı tarixində də az öyrənilmiş dövrlərdən biridir. Özü də bu vəziyyət obyektiv amillərlə (bədii materialın, məxəzlərin qıtlığı ilə) deyil, daha çox subyektiv faktorlarla və metodoloji yanılmalarla şərtlənmişdir. Bu boşluğun aradan qaldırılması ədəbiyyatşünaslıq elmimizin mühüm vəzifələrindən biridir. Həmin vəzifənin yerinə yetirilməsi istiqamətində atılmış hər bir addım təqdirə layiqdir, amma belə bir iş Azərbaycan elmi mühitindən uzaqda olan bir şəxsin milli qeyrəti və fədakarlığı sayəsində həyata keçirilirsə, insanda əsl sevinc hissi doğurur – Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin elmi fəaliyyəti kimi. Əslən Güney Azərbaycandan olan Məhəmmədəli bəy orta əsrlər anadilli şerimizin qaranlıq səhifələrinə işıq salmaq istiqamətində dəyərli səylər göstərir və onun bu sahədəki uğurları Bakıda çapdan çıxmış «Azərbaycan ədəbiyyatından səhifələr» adlı kitabında öz əksini tapmışdır. Bu yaxınlarda isə o, XVII əsrdə yaşamış Azərbaycan şairi Məczub Təbrizinin Leydendə (Hollandiya) saxlanan türkcə divanını aşkara çıxarmışdır. Məczub Təbrizinin şəxsiyyəti və yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslarına demək olar ki, məlum deyildir. Bu azmış kimi, şairin farsca divanı İranda bir neçə dəfə başqa bir şairin adına çap olunmuşdur. Vaxtilə nüfuzlu İran alimlərindən Əmiri Firuzkuhi və Əhməd Gülçini-Məani buna etiraz edib divanın məhz Məczub Təbriziyə aid olduğunu bildirsələr də, Azərbaycan ədəbiyyatşünasları məsələyə biganə qalmışlar (həmin nəşrin bir nüsxəsi AMEA Əsaslı Kitabxanasında mövcuddur). Odur ki, Məhəmmədəli Hüseyninin axtarışları tarixi həqiqətin bərpası anlamında da əhəmiyyət daşıyır.
Bir müddət əvvəl Məhəmmədəli bəy Məczub Təbrizi haqqında məqaləsini və şairin ana dilindəki divanından bəzi nümunələri mənə göndərdi. Məqalənin və şeirlərin ədəbiyyat tariximiz üçün xüsusi önəm daşıdığını nəzərə alıb onları ərəb əlifbasından latın qrafikasına çevirərək, elmi-ədəbi ictimaiyyətə təqdim etməyi özümə borc bildim.


Məsiağa Məhəmmədi

Səfəvilər dövrünün XVII əsrdə yaşamış məşhur alim və şairlərindən olan Məczub Təbrizinin farsca ədəbi əsərləri öz zamanından etibarən bu günə qədər elm aləminə məlum olmuşsa da, onun Azərbaycan (türk) dilində bağladığı divan haqqında uzun illərdən bəri nəzərdən keçirdiyimiz qaynaqların heç birində məlumat verilməmişdir. Məhz buna görə də şairin ana dilində zəngin ədəbi irsə malik olduğunu təsəvvürümüzə belə gətirmədiyimiz bir halda, gözlənilmədən onun divanının aşkara çıxarılması olduqca maraqlı və sevindiricidir. Bu kimi tapıntılar tarixi bir sənəd, ədəbi-bədii dilimizin nümunəsi olaraq, bizim üçün böyük əhəmiyyətə malikdir.

Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizinin Azərbaycan dilində divanının əlyazma nüsxəsi haqqında məlumata 2002-ci ildə Leyden universiteti kitabxanasının nəşr etdirdiyi türkdilli əlyazmalar kataloqunda rast gəlirik ( Schmidt Jan. Catalogue of Turkish manuscripts. Vol. II, Leyden, 2000, pp. 401-403. Həmin kataloqda Məczub Təbrizi divanının başqa bir əlyazma nüsxəsinin Qahirə Milli kitabxanasında mövcud olduğu bildirilir. 69 vərəqdən ibarət olan bu nüsxənin müəllifi həmin kitabxananın 1989-cu ildə nəşr olunmuş kataloqunda «Məczub Əcəmi» kimi göstərilmişdir). Cod. or. 8798 şifrəsi altında saxlanan bu nüsxənin kataloqda elmi təsviri verilmişdir. Əlyazmanın sərlövhə vərəqi (1b) son dərəcə gözəl rəngli naxışlarla bəzədilmişdir. Sərlövhənin kətibəsində «Lücceyi-tövhidinin bir qətrədür» cümləsi, aşağı sətirdə isə «Bismillah ər-rəhman ər-rəhim» yazılmışdır. Həmin vərəqdən etibarən divan:

Qüdrət qələmindən elədi faşü hüveyda,
Bir məddi-rəsa iki cahan nüsxəsin inşa

- mətləli qəsidə ilə başlanır və 97b-98a vərəqlərində bir rübai ilə sona çatır. 98a vərəqinə düşən rübainin ikinci beyti pozulmuşdur:

Başımla ki, başdan mükərrəm oldi,
Dərgahi-kərim səcdəsi zəmm oldi. (97b)
Ol rəsmi-əzəl.................................
......................................................
Əl-fəqir əl-həqir Əskər ibn Hacı Əli. Səneyi- 1084 təmmə.
Həcmi 98 vərəqdən ibarət olan bu nəfis divan şairin ölümündən 9 il əvvəl hicri 1084-cü – miladi 1673-cü ildə, göründüyü kimi, Əskər ibn Hacı Əli tərəfindən əla nəstəliq xətti ilə köçürülmüşdür. Həmin mahir xəttat tərəfindən yazılmış Qövsi Təbrizi divanının iki nüsxəsi də bizə məlumdur. (Bu nüsxələrdən biri Məşhədin Asitani-qüdsi-Rəzəvi kitabxanasında (№ 4621), digəri isə Təbriz Milli kitabxanasında (№ 309) saxlanır. Təbriz nüsxəsində katibin adı «Əskər ibn Hacı Əli Təbrizi» kimi göstərilmişdir. Bu katib Qövsi, Saib və Məczub Təbrizilərin müasiri olmuşdur).
Məczub divanının sözü gedən nüsxəsi 15 dini qəsidəni (1b-17a), 95 qəzəl və qəsidəni (17b-83b), 1 tərcibəndi (83b-89a), 30 mətləni (89a- 91b) və 50 rübaini (92a-98a) ehtiva edir. Divan bütövlükdə 1869 beytdir.
Mirzə Məhəmmədəli Saib Təbrizi və Qövsi Təbrizi kimi böyük şairlərin müasiri olan Mirzə Məhəmməd Məczub Təbrizinin tərcümeyi-halına dair məlumat olduqca azdır. Vəliqulu Şamlu və Mirzə Məhəmməd Tahir Nəsrabadi öz təzkirələrində onun haqqında ancaq üç-dörd sətir yazmaqla kifayətlənmişlər. Şamlu yazır:
«Onun əsli Təbrizdəndir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə özünün Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik «Şahrahi-nicat» adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən yuxarıdır» (Vəliqulu bəy Şamlu. Qisəsül-xaqani. Təshih-o-pavərəqi: doktor Seyyid Həsən Sadat Nasiri. Cild 2, s.73-74).
Məczubun təvəllüd tarixi məlum deyil. Aşağıdakı rübaidən aydın olur ki, o, hicri 1093-cü (miladi 1682-ci) ildə vəfat etmişdir. Bu maddeyi-tarix Məczub divanının Britaniya Muzeyində saxlanılan bir əlyazma nüsxəsinə əlavə olunmuşdur.

Məczub əz an rəft be səd xoşhali
Dər baği-nəim bud cayəş xali
Tarixe-vəfat əz xerəd porsidəm
Qofta: «Asud dər beheşte-ali».

(Tərcüməsi: Məczub ona görə dünyadan xoşhal getdi ki, cənnət bağında yeri boş idi. Onun vəfatının tarixini ağıldan soruşdum. Dedi: «O, uca behiştdə rahatlıq tapdı»).
Buradakı «asud dər beheşte-ali» ifadəsi əbcəd hesabı ilə hicri 1093-cü ili göstərir.
Məczub bir dəfə hicri 1063-cü (miladi 1652-ci) ildə öz şerlərindən on min beytdən çox toplayıb divan bağlamışdır. O, məşhur əsəri olan «Şahrahi-nicat» («Nicat yolu») məsnəvisini 1066-cı (1655-ci) ildə qələmə almışdır. Bu əsər üç min beytdir. Məczub 1088-ci (1677-ci) ildə yazıb bitirdiyi «Təyidat» («Təsdiq olunan fikirlər») adlı risaləsini Şah Süleyman Səfəviyə (1666–1693) ithaf etmişdir (Məhəmmədəli Tərbiyət. Danişməndane-Azərbaycan. Be kuşeşe-Qulamrza Təbatəbayi. Tehran, 1377, s.469). Tövhidə dair və imaməti təsdiq edən hədislərə, həmçinin on iki imamın mədhinə həsr olunmuş bu əsər 314 bənddən ibarətdir və həcmi səkkiz min beytdir. Bunlardan əlavə şairin qəsidə, qəzəl, müxəmməs, tərcibənd, saqinamə və rübailərdən ibarət dörd min beytlik farsca divanı da vardır.
Hicri 1083 – 1090-cı illər arasında öz təzkirəsini yazıb başa çatdıran Nəsrabadi Məczubu «geniş xarakterə» və «təsəvvüf zövqünə» malik bir şair kimi təqdim edir:
«Təxəllüsü «Məczub» olan Təbrizli Mirzə Məhəmməd yaxşı elm talibidir. «Vüsəti-məşrəb»də (xarakter genişliyində) qabiliyyəti mükəmməl və təsəvvüfdə zövqü sonsuzdur. Təbriz tələbələri hər gün onun dərs məclisindən faydalanır. «Şahrahi-nicat» adlı məsnəvisi vardır...» (Təzkereye-Nəsrabadi. Moqəddeme və təshih: Mohsen Naci Nəsrabadi. Tehran, 1378, cild 1, s.275-276). Lakin yeri gəlmişkən deyək ki, Məczubun əsərləri ilə tanışlıq onun «vüsəti-məşrəb»ə malik olması barədə Nəsrabadinin dediklərini təsdiq etmir. («Vüsəti-məşrəb» termininin şərhi barədə bax: Məsiağa Məhəmmədi. Saib Təbrizi və farsdilli poeziyada «hind üslubu». Bakı, 1994, s.61-75).
«Danişməndani-Azərbaycan» kitabının müəllifi Məhəmmədəli Tərbiyət Məczub Təbrizi haqqında verdiyi müxtəsər bilgidə əsasən Nəsrabadi təzkirəsinə dayanmışdır. Tərbiyətin əlavə etdiyi məlumat yalnız şairin üç məsnəvisinin hansı bəhrdə yazıldığını göstərməsindən, həmçinin bu məsnəvilərin və şairin qəzəllərinin rəvan və aydın dilə malik olduğunu qeyd etməsindən ibarətdir.
Məczubun Təbrizə həsr etdiyi qəzəl və bir sıra beytlər onun öz doğma yurduna dərin sevgisini və ehtiramını göstərir. Həmin qəzəl:

Bedeh saqi, şərabe-nabe-Təbriz
Ke darəd feyze-digər abe-Təbriz
(Saqi, Təbrizin saf şərabını ver,
Çünki Təbriz suyunun özgə təsiri var)

- beyti ilə başlanır. Şairin «Sürxab» məhəlləsi barədə dediklərinə gəldikdə isə, qeyd etməliyik ki, bir çox yüksək mərtəbəli alimlərin və şairlərin məzarı bu məhəllədə yerləşdiyindən o, tarixi bir əhəmiyyət kəsb etmişdir. Müxtəlif şairlər bu məşhur məhəlləni tərənnüm etdiyi kimi, Məczub da ondan bəhs etməyi lazım bilmişdir. Misal üçün:

Qanlu başım yaş versə bir zaman seylabını,
Eylərəm rəşki-Bədəxşan Təbrizin Sürxabını.

Və yaxud:

Səndən öncə bax gör, kimlər gedibdür, kim bilür
Kimlərin qanı boyatmış Təbrizin Sürxabını.
(Leyden nüsxəsi, vər.81a, 81b)

Təsəvvüf terminlərindən olan «Məczub» sözü («Məczub – cəzb olunmuş. Sufi termini kimi o kəsə deyilir ki, Allah onu özü üçün seçmiş və müqəddəs su ilə pak etmişdir. Bu cür şəxs əzab və zəhmətsiz yüksək mərtəbə və məqamlara çatar» - Seyyid Cəfər Səccadi. Estelahat və təbirate-erfani. s.697) XIX əsr şairlərindən Kəbudərahəngli Hacı Məhəmməd Cəfər Qaragözlünün də təxəllüsü olmuşdur. (Onun haqqında məlumat üçün bax: Hacı Zeynalabdin Şirvani. Bustanüs-səyahə. Tehran, 1315, s.416-423; Məhəmmədəli Müdərris. Reyhanətül-ədəb. Cild 5. s.188-189). Daha çox Məczubəli şah adı ilə məşhur olan bu sufi şair 1822-ci ildə Təbrizdə vəfat etmişdir. Çox təəccüblüdür ki, Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbrizinin farsca qəzəllər divanı İranda bir neçə dəfə həmin Məczubəli şah Qaragözlünün adına çap olunmuşdur! 1981-ci ildə tanınmış İran alimi Əhməd Gülçini-Məani özünün «Peymanə» adlı təzkirəsində bu açıq-aşkar səhvi qeyd etsə də, iki il sonra Tehranın «İqbal» nəşriyyatı həmin məsələyə diqqət vermədən üçüncü dəfə bu səhvi təkrar etmişdir! Vaxtilə Azərbaycan Respublikasında ərəb əlifbası ilə nəşr olunan «Səhər» adlı tarixi-ədəbi dərgidə həmin səhv Məhəmmədəli Müsəddiqin «Məczubəli şah Qaragözlü» adlı məqaləsinə də yol tapmışdır. (Məhəmmədəli Müsəddiq. Məczubəli şah Qaragözlü. – «Səhər» (tarixi-ədəbi məcmuə). 1984, № 7, s.52-54).
Məczub Təbrizinin əlimizdə olan farsca və azərbaycanca divanları onun hər iki dildə mahir söz ustadı olduğunu təsdiq edir. Farsca qəzəlləri kimi onun ana dilində yaratdığı qəzəllər də olduqca rəvan, emosional və təsirlidir. Məczubun şerlərində didaktik və əxlaqi məqamlar çoxdur.
Məczubun hər iki divanını mütaliə etdikdə, bir çox beytlərin, bəzi şerlərin bir-birinin tərcüməsi olduğu, yaxud eyni mövzuda yazıldığı müşahidə olunur. Aşağıdakı beytlərə diqqət yetirək:

Farsca: Peyvəste gerde-arezət an zolfe-porşekənc
Piçide ba xəyale-pərişan be fekre-gənc.
(Divan, s.53)
Türkcə: Peyvəstədür arizinə zülfi-pürşikənc
Gənc üstə ki, ilan kimi almış kənarə gənc.
(Əlyazma, vər.36a)
Farsca: Kəs şişe-ra be şişeye-digər çera zənəd
Bica deli ze xiş mərəncan-o-xod mərənc.
(Divan, s.53)
Türkcə: Sındurma könül, iki şişəni vurma bir-birə
Yaxşı demiş Şikəstə: «Mərəncan-o-xod mərənc».
(Əlyazma, vər.36b)

Bu kimi misalların sayını bir neçə dəfə artırmaq olar. Onlar bir daha hər iki divanın eyni bir şairə, yəni Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbriziyə aid olduğunu sübuta yetirir.



Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər