Showing posts with label Haqqımda. Show all posts
Showing posts with label Haqqımda. Show all posts

Fərid Hüseynin mənə yazdığı şeir

Davamı

Cavanşir Yusifli. UĞURLU TƏRCÜMƏ TOPLUSU

Müstəqillik dövründə bədii tərcüməyə tələbatın artması sübuta ehtiyacı olmayan nəsnələrdəndir. Ancaq keyfiyyətli, orijinalın maksimum koloritini verə bilən, ikinci əldə orijinaldakı əsas həyəcan və hisləri oyada bilən tərcüməyə...
Məsiağa Məhəmmədinin “Tərcümə çələngi” kitabı bu baxımdan haqqında söz açmaq imkanı yaradan tək-tük kitablardan sayılmalıdır və bu kitab təkcə tərcümə haqqında deyil, bir sıra digər çox ciddi problemlərdən söz açmaq məziyyətinə də malikdir.
Kitab sadə struktura malikdir – dörd hissədən – şeir, nəsr, məqalə və müsahibələrdən ibarətdir. Ən əsası bu başlıqlar altında toplanan yazılar arasında qəribə və sürəkli bağlılıq mövcuddur. Bu, məhz Məsiağa müəllimin “əl işi”dir, onun bir redaktor kimi malik olduğu ümdə keyfiyyətin – görünməmək, ancaq göstərmək özəlliyinin hökmüdür.
Bu məqalədə kitabdakı müəyyən məqalələrin hər birindən ayrıca bəhs etmək imkanını nəzərə alıb, diqqəti məhz əsas nöqtə və məqamların üzərində cəmləşdirməyə çalışacağıq. Təqdim edilən kitab tərcüməçinin heç də bütün materiallarını əhatə etmir, – bu şəksizdir, – əsas məsələ müəyyən mətləbləri qabartmaq, tərcümə vasitəsi ilə oxucuların səviyyəsini qaldırmaq, onlarda mükəmməl təəssürat oyatmaqdır. Bu səbəbdən istər poetik, istərsə də filoloji tərcümələrdə bizim ədəbiyyat anlayışımızın “kəsir”, çatışmayan yerlərini doldurmaq hədəfə götürülür. Məsələn, Şəhriyar deyəndə haqlı yerə türk dilində birdən-birə tufan qopartmış bir böyük şairin adını və onun “Heydərbabaya salam” dastanını anırıq, bu poetik sistemdə dillə şüuraltının hansı dərin qatlarını qaldırmağın mümkünlüyü bütün parlaqlığı ilə əksini tapdı. Ancaq ustad şairin bədii dünyagörüşü, şəksiz ki, bu yazılarla məhdudlaşmır, daha doğrusu onun bütün gizlinlərinin açılması üçün şairin farsca qələmə aldığı, böyük hünər göstərdiyi poetik mətnlər də əsaslı şəkildə nəzərə alınmalıdır. “Mövlana Şəms Təbrizinin Xanəgahında” adlı 123 beytdən ibarət olan bu məsnəvisində dili önəmli faktor kimi kənara qoyuruq. Filoloji tərcümə o qədər ustalıqla həyata keçirilib ki, bir təsadüfdə bir neçə gizli məqam açıqlanır: 1) qədim şərq poetik formalarından olan “ruhların görüşü” janrı vasitəsi ilə vaxtilə dünyaya gəlmiş poetik dühaların bir yerdə təsviri; 2) onların hamısı üçün qədim Təbrizin fövqəladə bir məkan olması; 3) Şəms-Mövlanə münasibətlərinin və digər ədəbi məsələlərin Şəhriyarın dili ilə mənalanması. Bu mətndə içə-içə bir neçə mətn hifz olunur, bunların açılıb-örtülməsi ilə görüşən ruhların dünyanın, varlığın sarı siminə toxunan nəfəsləri insanın üzünü qarsıdır. Məmmədhüseyn Şəhriyarın poetik ustalığının bütün gücü bu filoloji tərcümədə aydın şəkildə hiss edilir. Şəmsin “dilsizliyi”, fikir və ideyalarının sözə, dilə sığmaması, bundan dolayı onun susaraq Mövlanənin deyimlərində ifadə edilməsi (... Ona görə Mövlanənin ilhamına yox, Mövlanənin Şəmsinə əhsən!), dilsiz adama danışmaq, özünü ifadə etmək imkanının bu şəkildə verilməsi məhz Şəhriyarın yozumudur. Həqiqətin özü olduğu üçün adi, sanki on əsr bundan irəli deyilmiş fikrə bənzəyir. Şəhriyarın fikrincə, “Məsnəvi” yaradılış kitabıdır və buna görə də, dünyanın istənilən köhnəsi (süzülüb getmiş) ona yaxınlaşan, yan alan kimi dirilir. Şəmsin bu şəkildə dillənməsi “hissəciklə tamın yenidən bir-birinə qovuşmasıdır”. Filoloji tərcümədə o qədər dəqiq ifadələr var ki, poetik qəlibə salınsaydı, bəlkə də mənaların çoxu itmiş olardı. Şeirdə dünyada baş verən bütün olaylar qəlblərin aynasına toxunub məna qazanır (... qəlblərinizi ayna kimi təmizləyin ki, bəlkə o işıqlı camalı görə bilim.). Şəms gerçək aləmdə başa düşülən nəsnələrdən bir neçə addım dərinlikdədir, bütün böyük dühalar onun ətrafındadır və buna görə də hər kəs istədiyi formada onu anlayır, sevir və bununla yüzdə yüz haqlıdır. Böyük, ilahi poeziyanı anlamaq üçün təsəvvür pərdəsini qaldırmaq, canın göz qapaqlarını açmaq gərəkdir.

Salam, ey rahatlıq bilməyən aşiqlər!
Salam, ey göz yaşı tökən aşiqlər!
Canınızı və ürəyinizi
səhnə edib təmizləyin,
Ona göz yaşı səpib
kirpiklərinizlə süpürün.
Bu yerdə, yəni xəyalların görüşdüyü məkanda:
Hər şeyə qadir olan eşq təbərzinlə
Nəfs divinin buynuzunu sındırıb.
Divlərin sınmış buynuzlarının ucundan
Xirqələr və kəşküllər asılıb.

Bu filoloji tərcüməni diqqətlə və bir neçə dəfə oxuyan hər bir kəs qədim şərq və türk filologiyasının bir sıra son dərəcə maraqlı və mürəkkəb cəhətlərini anlaya, mövcud biliyini mükəmməlləşdirə bilər. Bu tərcümədə Şəhriyarın böyüklüyü demək olar ki, boyaboy görünür.
Şeir bölməsində Fədva Toqan, Çin şairi Ay Kinq, ərəb şairi Nizar Qəbbani, Əhməd Şamlu, İran türkmənlərindən Arazməhəmməd Şairi, Məftun Əmini, Hüseyn Münzəvi (qəzəlin öldüyü dönəmdə öz ruhu ilə formanı titrədə bilən, – Heyif, hədər elədik o qiymətli gövhəri, Kəsməyən bir qılıncıq, buluduq – yağmayacaq – kimi beytlərlə hədəfi vuran şair), Əhməd Ünal Cam, Şəhram Şeydayi, Məzahir Şəhamət, Mehparə Ögüt, Rəsul Yunan, Əhməd Nicati kimi şairlərin seçmə mətnləri təqdim edilir. Onların hansı dərəcədə mükəmməl verildiyinin nümunəsi kimi diqqət yetirin:

Ərəb tənqidçiləri
Şeirin başına fırlanır –
Oğru
Oğrun-oğrun
Bankın ətrafında dolaşdığı tək...

***
Gündə on milyon barrel
Neft verən quyu
Bir Mütənəbbi verə bilməz...
Yaxud:
Şair quş olmaq istəyir,
Quş
Şair olmaq istəməz ömründə –
Qorxar ki, ovlayar onu
ərəb rejimləri.

***
Ölüm və xəyanətin gəldiyi gün
Heç yandan kömək gəlmədi;
Səmanın qapıları bağlandı –
Şəhərimin bəxti kimi.
Məğlubiyyətin quduz dalğası
Üstümüzə atılan gün
Dənizin dibindəki çirkab
Üzə çıxdı;
Ümid kor oldu –
Mənim qəmgin şəhərin
Qəhərdən boğuldu...

Yuxarıda qeyd etdiyimiz kimi, dörd bölmədə cəmlənən tərcümələr arasında təbii ruhi bağlılıq var, çünki müəlliflərin və ya mövzuların seçilməsində məqsəd aydındır, hədəf dəqiq nişan alınıb. Bu səbəbdən belə sistemli işlə tanışlıq həm mövcud biliyin mükəmməlləşməsinə, həm də bu köhnə dünyanın dəyişməz dəyərlərindən ləzzət almaq imkanı yaradır. Bizdə yazıları əfsuna bənzəyən Xorxe Luis Borxesdən çox tərcümələr edilib, onların hamısı bu və ya digər dərəcədə Borxes dühasının müəyyən tərəfini oxucuya çatdırmaqda normal nümunələrdir. Ancaq bu dahi argentinalının elə esseləri var ki, mətnlərindəki mürəkkəb, köklü-köməcli metaforaları dilimizə çevirmək sadəcə mümkün deyildir. Borxes qeydsiz-şərtsiz yer üzündəki bütün söz və nəsnələri öz güzgüsündə göstərən, şərq müdrikliyinin bütün künc-bucaqlarından hali olan, onları mətndə qat-qat transformasiya edən, gerçəkliklə münasibətdə qəribə və paradoksal rakurs yaradan bir sənətkardır. Onun “Don Kixot”la əlaqədar yazıları, “Min bir gecə”dən bəhs edən esseləri bu qəbildəndir. Ancaq bu yazıların içində M.Məhəmmədinin tərcümə etdiyi “Edvard Fitsceraldın müəmması” mətninin xüsusi yeri var. “Miladi tarixlə on birinci əsrdə (hicri beşinci əsrdə) İranda Ömər ibn-İbrahim adlı bir nəfər dünyaya gəlir. O, gələcəkdə həşişlər (assasinlər) təriqətinin əsasını qoyan Həsən ibn-Səbbahla və sonralar Qafqazı fəth edən Alp Arslanın vəziri olmuş Nizam əl-Mülklə birlikdə Quranı və fiqhi öyrənir... ”. Daha sonra: “... hicri beş yüz on yeddinci ildə Ömər “Şeylərin birliyi və çoxluğu haqqında” risaləni oxuduğu zaman özündə nasazlıq duyur və birdən nəsə hiss edir.... Tərəqqi, tənəzzül və çevrilmələrlə dolu yeddi əsr keçir və İngiltərədə Fitscerald adlı bir nəfər dünyaya gəlir. Ən yaxşı kitablardan biri saydığı “Don Kixotu” dönə-dönə oxuyur. İspancadan fars dilinə keçib quşlar haqqında “Məntiq ət-Teyr” adlı mistik poemanın tərcüməsinə girişir – bu əsərdə quşlar öz padşahları Simurqun axtarışına çıxırlar və yeddi vadini aşıb onun sarayına çatanda görürlər ki, onların ayrılıqda hər biri və bütövlükdə hamısı elə Simurqdur...”.
Borxesin şəhadətinə görə, Leonlu İsaak deyirdi ki, ölmüş adamların ruhu təsəlli tapmayan qəlbə daxil olub onu ruhlandıra, yaxud istiqamətləndirə bilər. Və budur, məhz Borxesin deyə biləcəyi söz: “Rübailər” dünya tarixinə Allahın qurduğu, məskunlaşdırdığı və seyr etdiyi səhnə kimi baxır. Bu cümlə Borxes mətninin çarpan damarıdır. Bu, həm də Borxesin kəşf etdiyi ideyadır.
Təqdim edilən kitabda ən önəmli və maraqlı tərcümələrdən biri də İren Məlikovanın “Yunus Əmrə və Hacı Bəktaş” məqaləsidir. Məqalənin başlanğıcında tədqiqatçı qeyd edir ki, “hər şeydən əvvəl bunu söyləməliyəm: elmi həyatımın böyük bir qismi XIII – XIV əsrlər Anadolu türk ədəbiyyatının araşdırılmasına həsr olunsa da, Yunus Əmrə yaradıcılığı üzrə mütəxəssis deyiləm”. Yəni, bu məqalənin tərcümədə təqdim edilməsinin bir sıra önəmli cəhətləri içərisində belə bir ümdə aspekt də var ki, elm, elmi araşdırma, solğun, qədim məxəzlərin tozu içindən keçib olsun ki, həqiqətin çox cüzi hissəsini üzə çıxarmaq elm aləmində şücaət sayılsa da, bu ağır zəhmətin dolayı mənası alimin əslində mənəvi kateqoriya olmasındadır. Arada bir kiçik qeyd də var: məqalə üzərində işləyərkən bir ara o qədər çətinlik yarandı ki, istədim qələmi yerə qoyam... İren Məlikovanın özünü “mütəxəssis saymadığı” məsələlərdən bəhs edərkən dövrü və ədəbi mühiti yaxşı bildiyi üçün dəqiq nəticələr çıxarır. “Anadolu türklərinin erkən ədəbiyyat məhsullarını araşdırmaq üçün əsərlərinə daim müraciət edilməli olan rəhmətlik Fuad Köprülünün dəqiq göstərdiyi kimi, ilkin Anadolu türk ədəbiyyatı, dastan ədəbiyyatı və təsəvvüf ədəbiyyatı olaraq iki yerə ayrıla bilər; adlarını saymış olduğum qəhrəmanlıq hekayətlərinin də təsdiq etdiyi kimi, bu iki axın bir-birinə bağlı olmuşdur.” Anadolu türk ədəbiyyatından mənbəyini götürən “vəcdlər”, “nəfəslərin” ədəbi mühitə, onu yaradan şairlərin yaradıcılığına hansı dərəcədə təsir etməsi məqalədə orijinal metodla çatdırılır. Hacı Bəktaşın yaşadığı dövrə aid mənbələrdə onun adı demək olar ki, keçmir, yəni sonralar bu təriqət sahibinin çatdığı şöhrətin izlərini onun dövründəki mənbələrdə tapa bilməzsən. İren Məlikova yazır: “Yunus Əmrəni araşdırmaq üçün üz tutduğumuz dövrdəki tarixi Hacı Bəktaşı, yəni şairimizin şübhəsiz əlaqəsi olduğu tanınmış mənəvi mürşidi, onun adından faydalanmış aşırı şəbəkə ucbatından xalqın təxəyyülünün yaratdığı əfsanə adamı Hacı Bəktaşdan fərqləndirmək lazımdır. Hacı Bəktaşın şiə təmayüllü olduğuna inanmağımız gəlirsə, bu, onun adını mənimsəyən təriqətin tədricən şiə qavrayışlarını qəbul etməsindədir”.
“Tərcümə çələngi” kitabında ayrı-ayrı bölmələrdə oxu və düşünmək üçün son dərəcə maraqlı yazılar təqdim edilir. Məsələn, sonuncu bölmədəki hər bir müsahibə ən azı iyirmi il qabaq tərcümə edilsə də, orijinallığını və aktuallığını saxlayır. Meksika yazıçısı Karlos Fuenteslə müsahibədə Latın Amerikası romanının yaranması, genezisi, Livan şairi Məhəmməd Ali Şəmsəddin ilə “Dünya heç zaman həllini tapmayan problemdir” müsahibəsində məşhur bir şairin sənət və poeziya haqqında orijinal fikirləri, simvolika və mistik ayrıntılara münasibəti, Vladimir Nabokovla “Yazıçının əsl pasportu onun sənətidir” müsahibəsində görkəmli nasirin ümumən ədəbiyyat anlayışı, məşhur ismlərə münasibəti, “Əgər siz kitablarınızdan müdriksinizsə, onda yazıçı deyilsiniz” müsahibəsində Miloard Paviçin qəribə və orijinal ədəbi rakursu və sair açıqlanır. Bu müsahibələr ayrı-ayrı dövrlərdə yazılan bədii mətnlərin gizlinləri, bədii həqiqət, ayrı-ayrı ədiblərin ədəbiyyat anlayışlarının formalaşması və sair mövzularla bağlı dəyərli məlumat almaq mümkündür.
Artıq qeyd etdiyimiz kimi, “Tərcümə çələngi” orijinal strukturu ilə dərhal diqqəti cəlb edir. Topluda ayrı-ayrı janrlar və yazılar ehtiva edilsə də, onları bir əsas ideya – sənətin, ədəbi mətnlərin gizlinlərinin sonsuz olması birləşdirir, onları təkcə biliklə deyil, əsasən fəhmlə, ədəbi, ədəbiyyat zövqünü təkmilləşdirməklə nail olmaq mümkündür. “Tərcümə çələngi” məhz bu ideyaya xidmət edən azsaylı əsərlərdən hesab edilməlidir.


“525-ci qəzet”, 17 mart 2012-ci il

Davamı

SÖZ VƏ RƏNG DÜNYASI

(Sipehri şeiri Məsiağa Məhəmmədinin tərcüməsində)

Söhrab Sipehri şeiri yeni bədii-estetik fikir yürüdən, öz dünyasını yaradan, təbiətə qovuşan, sərhədləri aşan, açıq və gizli mənalar daşıyan misralardır. Bəziləri bu misralarla üz-üzə durmaqdan çəkinmiş, bəziləri isə onun cazibəsindən çıxa bilməmişdir. Məsiağa Məhəmmədi də bu cazibədən çıxa bilməyənlərdəndir. Bunun da əsas səbəbini biz həm şairin, həm mütərcimin farsdilli poeziyada məşhur “hind üslubu”na yaxınlığında görürük. “Hind üslubu”nun xüsusiyyətləri Sipehri şeirinin əsas elementlərindəndir. Şərqşünas-filoloq M.Məhəmmədi isə bu üslub haqqında öz sözünü demiş tədqiqatçılardandır. Onun “Saib Təbrizi və farsdilli poeziyada “hind üslubu” monoqrafiyası elm aləmində böyük maraqla qarşılanmışdır.
“525 kitab” seriyasında işıq üzü görmüş “Suyun ayaq səsi” kitabına (“Mütərcim” nəşriyyatı, 2010) şairin eyni adlı poeması və müxtəlif şeirləri daxildir. Sipehrinin poetik surətini bütün incəlikləri ilə canlandıran, şairin bədii idrakını bütövlükdə duyan Məsiağa Məhəmmədi tərcümədə Sipehri şeirinin üslubi özəlliklərini qoruya və oxucuya çatdıra bilmişdir. Bu da ondan irəli gəlir ki, M.Məhəmmədi şairin yaradıcılığı ilə yanaşı, onun həyatının dolanbac yollarının ən gizli cığırları ilə belə gedə bilmiş, onu əhatə edən həyat lövhələrini özü üçün canlandırmağa nail olmuşdur.
Bütün bunlar tərcüməçinin Sipehri poeziyasından etdiyi seçimdən və şeirləri təqdim etdiyi nizamdan hiss olunur. Bu seçim və nizam oxucuya Sipehrinin dünyaduyumunu, həyata, həqiqətlərə mistik yanaşma tərzini anlamaqda, onu dərk etməkdə yardımçı olur.
Mütərcim Sipehri şeirinin üslubi özəlliklərini, bədii ifadə vasitələrini daha aydın aça bilən şeirlər üzərində durmuşdur. Eləcə də bu seçimə düşən şeirlər mövzusuna, yazılma tarixinə görə Sipehri həyəcanlarını, çırpıntılarını yaxından əks etdirən, oxucuda onun obrazını yarada bilən şeirlərdir. Xronoloji ardıcıllıqla təqdim olunan şeirlər şairin poetik şəxsiyyətinin formalaşmasının hansı dövrə təsadüf etməsini, yaradıcılığının hansı istiqamətdə inkişaf etməsini təsəvvür etməyə imkan yaradır.
Sipehri şeirinin bədii-estetik xüsusiyyətlərini dərindən duyan, Şərq təfəkkür tərzinin incəliklərinə bələd olan mütərcim tərcümə üçün elə şeirlər seçmişdir ki, onlarda Sipehri yaradıcılığına xas olan insan və təbiət, təbiətdə ərimək, azadlıq, özünüdərk, tənhalıq və s. kimi aparıcı məqamlar əks olunsun.
Mütərcim şair üçün səciyyəvi olan qeyri-adi tərkiblərin çoxluq təşkil etdiyi şeirlər üzərində durur. Belə tərkiblər yeniliyi və orijinallığı ilə fərqlənir. Elə seçilmiş şeirlərin adlarında bu, özünü göstərir: “Rəngin ölümü”, “Sərgərdan cəhənnəm”, “Başlanğıcın sədası”, “Uzaqların yaxınlığında”, “Suyun ayaq səsi” və yaxud belə ifadələr: “məhəbbətin yaşıl səcdəsi”, “rəssam sular” “sükut rəngi”, “həyatımın şəkilsiz röyası”, “röyaların şüşə qapıları”, “unutqanlıq bataqlığı”, “itmiş kölgə” , “suyun tənhalığı”, “parıltılı tənhalıq ”, “ölümün pöhrəsi”...
M.Məhəmmədi həm şair, həm də rəssam olan Sipehrinin rənglərdən sözlərə, sözlərdən rənglərə süzülən yaradıcılığını, onun söz və rəng dünyasını bütün çalarları ilə oxucu üçün aça bilmişdir. Oxucu tərcümədən duya bilir ki, rənglər Sipehri üçün poetik məzmunun açıqlanmasında, emosiyaların ifadəsində əsas bədii vasitələrdən biridir. Tərcümədə rənglərlə bağlı şair təxəyyülünü əks etdirən bütün incəliklər nəzərə alınıb, obrazlılıq qorunub: “Qürubun qırmızısı çöküb daşların üstünə”, “Bağımız bəlkə də səadətin yaşıl dairəsinin bir qövsü idi ”, “Orada sevgi səadətin qanadları qədər mavidir”, “Namazımda Ay axır, bütün rənglər axır”, “Neçə vaxtdı bu zülmət qaranlıqda / Sükut rəngi çöküb dodaqlarıma”, “...məhəbbətin yaşıl səcdəsi” və s.
M.Məhəmmədinin təqdim etdiyi tərcümələr Sipehri poeziyasının təbiətini, ruhunu oxucuya çatdıra bilir. Oxucu bu tərcümələrdə qafiyəli söz yığınından kənar olan Sipehri şeirinin özünəməxsus ahəngini duya bilir. Təqdim olunan tərcümələri orijinalla müqayisə edəndə adama elə gəlir ki, Sipehri bu şeirləri azərbaycanca yazsa idi, onlar məhz belə səslənərdi.
Burada B.Q.Admoninin belə fikri yada düşür: “Mənzum nitq dilin səs stixiyasının, ilk növbədə onun ritmik quruluşunun kulminasiyasıdır” (Грамматический строй как система построения и общая теория грамматики. Л.: “Наука”, 1988). Sipehri yalnız qafiyədən, vəzndən deyil, fars dili ahənginin bütün zənginliyindən istifadə edərək, özünəməxsus vurğuya, ritmə, intonasiyaya malik bir şeir ahəngi yaratmışdır. Mütərcim bu ahəngi Azərbaycan dilinin ahənginə yatıraraq, oxucuya çatdıra bilmişdir. Tanınmış İran şairi Həsən Hünər¬mən¬dinin misraları poetik mətnlə bağlı həmin məqamı vurğulayır:

Sözün musiqisi hər şeydən əvvəldir,
Və bunun üçün «xüsusi hecalı» misralara üstünlük verməlisən.
Çünki bunlar mübhəmdir və havadan da axıcıdır...
Bir də musiqi və musiqi müşayiəti.
Gərək sənin şeirin quş kimi olsun ki,
Ruhdan keçəni hiss etsin.
Asimana, başqa eşqlərə tərəf qalxsın.
(Sətri tərcümə məqalə müəllifinindir)

M.Məhəmmədi Saib Təbriziyə həsr etdiyi monoqrafiyasında şairin qəzəllərinin özünəməxsus intonasiyaya və ahəngə malik olmasını qeyd edərək, yazır: «...ən mühüm isə, hər bir məzmunun özünə uyğun intonasiyasının seçilməsi, şeirin ahənginin lirik qəhrəmanın konkret psixoloji vəziyyətinə, qəlbinin ahənginə müvafiq olmasıdır» (Saib Təbrizi və farsdilli poeziyada hind üslubu. Bakı, “Elm”, 1994, s.174). Elə təqdim olunan tərcümədə də Sipehri şeirində sözün musiqi ilə rəqsindən doğan ahəngə malik olmasını, oxucunu şeir qanadlarına alıb asimana, başqa bir eşqə tərəf apara bilməsini əks etdirmişdir.
Ahənglə bağlı bəzi məqamlar üzərində durmaq istərdik. Şairin “Yoldan bir sifarış” adlı şeirində misralar gələcək zamanda olan feillərlə bitir. Mütərcim tərcümədə gələcək zamanın qısa formasından istifadə etməklə fonetik ağırlığı yumşaldır. Bu şeirin sonu bir çağırışdır. Feillərin gələcək zamanın qısa formasında veriilməsi bu çağırışa bir səs qəlibi verir:

Barışdıracam,
Qovuşduracam,
Yol keçəcəm,
Nur içəcəm,
Sevəcəm!

Mütərcim ahəngə təsir edən poetik fiqurlara da diqqətlə yanaşır, xüsusən eyni sözlə bitib, eyni sözlə başlayan misralara. Hər bir belə misrada Sipehri şeiri üçün səciyyəvi olan təkrar silsiləsi saxlanılıb:

Şamların arxasında qar.
Qar üstdə bir dəstə qarğa.

Məlumdur ki, tərcümə işi tərcüməçidən filoloji biliklərlə yanaşı, xüsusi duyum tələb edən bir prosesdir. Əgər bu duyum yoxsa, orijinalı təhlükə gözləyə bilər. Belə bir təhlükə haqqında tanınmış şotland şairi Robert Bernsin bir epiqramı yada düşür. Həmin epiqram Marsialın şeirlərini uğursuz tərcümə etmiş Elfinstona ünvanlanır (Роберт Бернс. Стихи. Москва, 1956, с. 170):

Ey şeirdən kənar, nəsrdən uzaq!
Tərcümən yalandır, yalan ağappaq.
Eşit Marsialdan gəlir bir fəğan:
“Tərcümə edildim! Qarət, ay aman!”
(Tərcümə məqalə müəllifinindir)

M.Məhəmmədinin təqdim etdiyi tərcümə orijinalın digər dildə sadəcə mexaniki inikası deyil, tərcümədən Sipehrinin səsi gəlir, ruhu duyulur. Bu tərcümələrdə orijinala sadiqlik qalır, bir sözlə, burada “qarət qorxusu” yoxdur. Çünki mütərcim tərcümə mədəniyyətinə riayət edə bilmiş, müəllif məşəqqətlərinə şəriklik göstərmişdir. O, uğurla mətnlə tərcümə arasında nəfis bir harmoniya yarada bilmişdir.
Deyirlər ki, tərcümə qadın kimi şıitaq, uşaq kimi kövrək olur və onda qoca müdrikliyi olmalıdır. Mütərcim Sipehri şeirinin tərcüməsində müdrikliklə həmin şıltaqlığı və kövrəkliyi nəzərə ala bilmişdir. Çünki Sipehri şeiri ənənəvi poeziya qəliblərindən fərqli bir forma daşıyır. Onun şeirlərinin poetik mahiyyətini, ifadə tərzini, quruluşunu saxlamaq o qədər də asan deyil. Sipehri şeirində təkrar struktur yoxdur, onun hər bir şeirinin öz quruluşu var. Bu xüsusiyyət tərcümədə də qorunmuşdur.

Ayrılıq qorxusu gəlir:
Balışım qaranquşları ayaq səsləri ilə doludur.
Səhər açılacaq
və bu su kasasına
asiman köçəcək.
Bu gecə getməliyəm.

Sipehri şeirinin özünəməxsus dil xüsusiyyətləri vardır. Tərcümə üçün ən çətin məqam da məhz bu xüsusiyyətlərin qarşılığının tapılmasıdır. Sipehrinin sadə dillə mübhəm və dərin mənaları lakonik şəkildə ifadə edə bilməsi tərcümədə də qorunur. Şair dərin məzmunların ifadəsində sadə bir sözə poetiklik verə bildiyi kimi, mütərcim də həmin sözün ən sadə qarşılığını taparaq orijinala sadiqlik göstərir. “Heç kəs əkinə qonmuş qarğa balasını ciddiyə almadı” misrasındakı “ciddiyə almadı” ifadəsi, “Baqqal məndən soruşdu: neçə batman qovun istəyirsən?” misrasında “yemiş” deyil, məhz “qovun” işlənməsi, “Və sərin bir meh ədyalın yaşıl qırağından yuxumu süpürür” misrasında “ədyal” sözünün işlənməsi buna misal ola bilər.
Tərcümə oxucunu Sipehri şeirinin mistik çərçivəsinə sala bilir. Bəzən belə mistik məqamlarda, şair özünə qapananda dili də mürəkkəbləşir. Sipehri yaradıcılığı ilə tanış olanlar, orijinalda onu oxuyanlar asanlıqla hiss edə bilər ki, mütərcim Sipehriyə xas bəzən sadə, bəzən son dərəcə mürəkkəb tərkibləri, mücərrəd obrazları əks etdirə bilmişdir. Oxucu bu tərcümələrdən anlaya bilir ki, Sipehri yeni poetik forma yaradan, farsdilli ədəbiyyatda tam fərqli bir poetik dilə malik bir şairdir.
Bununla bağlı tərcümədə uğurlu saydığımız çox məqamlar üzərində durmaq olar. Məsələn, Sipehri bəzən feilləri ötürür. Mütərcim bu fakta diqqətlə yanaşaraq, bəzən fikri asan olmasa belə feil artırmadan tərcümə edir və mənanı çatdıra bilir. Şairə xas olan xüsusiyyətlərdən biri də təyinlə təyin olunanın yerini dəyişməsidir. Bu məqama da mütərcim diqqətlə yanaşmışdır. Məsələn, “Həmsəfərlərin bağına” şeirində belə bir ifadə var: “Ğənari nəx-e zərd-e avaz-e xodra...” İlk baxışda söz nizamı mütərcimi belə bir hərfi tərcüməyə sövq edə bilərdi: “Bülbül öz nəğməsinin sarı ipini...”. Lakin Sipehri üslubuna yaxşı bələd olan mütərcim haqlı olaraq, tərcüməni belə verir: “Sarı bülbül öz nəğməsini ...” “Sarı” sözünü “bülbülə” aid etməklə tərcüməçi mənanı dəqiqliklə təqdim edir.
“Hər çe” – “hər nə” və “hər ke” – “hər kim” ifadələrinin “bütün” mənasında işlənməsi Sipehri və Nima şeirinə xas olan xüsusiyyətlərdəndir. Mütərcimin belə məqamları nəzərə alması onun şairin dil xüsusiyyətlərinin incəliklərini sezə bilməsindən xəbər verir.
İdiomatik ifadələrin uğurlu qarşılıqları da bunu bir daha təsdiqləyir. Məsələn, “be sər-e vəğt-e kəsi rəftən” – “kimsənin vaxtının başına getmək” ifadəsi “baş çəkmək” kimi verilir. Sipehri fars dilinə məxsus olan önqoşmaların bəzən arxaik mənasından da istifadə edir. Bu fakt da mütərcimin nəzərindən qaçmamışdır. Şeirlərdən biri “Ba morğ-e penhan” adlanır. Hərfi tərcümə “Gizlənmış quş ilə” olsa da, mütərcim “ba” önqoşmasının “ilə” mənasını deyil, onun arxaik mənası olan yönlük hal bildirməsinə seçim verir və şeiri “Gizlənmiş quşa” adlandırır. Bununla da şairin quşa olan xitabını vurğulayır. Maraqlı faktlardan biri də çoxmənalı sözlərin tərcüməsidir. Orijinalda “xamuşi” sözü dəfələrlə, amma müxtəlif mənalarda işlənir. Mütərcim dəqiqliklə, yerindən asılı olaraq, incə məna çalarları olan “sükut”, “susqunluq”, “səssizlik” kimi sözlər işlədir.

Məkan quşları susqun, bu susqun, o susqun.
Danışan susqun olmuşdu.

Mütərcimin mətnə yaradıcı münasibəti təbiidir və mənaya xələl gətirməyən müəyyən əlavələrə ixtiyarı çatır. M.Məhəmmədi də bəzən mətnə heç də yad olmayan əlavələrdən istifadə etmişdir. Məsələn, “Nilufər” şeirində təkrarlanan bir sual var: “Hansı dəli külək bu nilufərin toxumunu / mənim yuxumun torpağına gətirdi?” Mütərcim mətnə “görən” sözünü əlavə etməklə, deyimi Azərbaycan dilinin ahənginə, nizamına daha da yaxınlaşdıra bilib: “Görən hansı dəli külək bu nilufərin toxumunu / mənim yuxumun torpağına gətirdi?”. Bəzi digər incə məqamları da qeyd etmək istərdik. Məsələn, orijinalda “Ey səbətləri yuxu ilə dolu olanlar!” ifadəsinə rast gəlirik. Mütərcim bu ifadənin Azərbaycan dilində çox gözəl səslənən qarşılığını verə bilmişdir: “Ay səbəti yatmışlar!”. Və yaxud “uzalı qollar” ifadəsi mütərcimin həssaslığından xəbər verir. Mətndə “çox uzanan qollar”dır. Maraq doğuran “uzalı” sözü poetik mətnə daha münasib olaraq, məna dəqiqliyini qoruyur. Və ya oxuyuruq:

Dodağımdan soyuq hava axır,
Qürubun qəfəsi könlümü sıxır.

“Qürubun qəfəsi” nə qədər uğurlu tərcümədir. Mətndə “qürubun darlığı”dır. Farsca “təngi” (“darlıq”) sözü çox incə səslənir. Mütərcim belə incəliyi “qəfəs” sözündə görərək, çox düzgün seçim etmişdir. Bununla məna incəliyini qoruya bilmiş, bəlkə daha da gücləndirmişdir.
Təqdim olunan kitabda yalnız tərcümə ilə deyil, həm də kiçik, amma dəyərli bir tədqiqatla da üz-üzə dururuq. M.Məhəmmədi kitaba yazdığı ön sözdə lakonik şəkildə Sipehri yaradıcılığını tarixi və tipoloji cəhətdən səciyyələndirmiş və Sipehri haqqında öz sözünü deyə bilmişdir. Məsələn, mütərcim yazır: “Söhrab yeni fars poeziyasında görünməmiş, qeyri-adi bir sintez həyata keçirmişdir və onun dünyaya baxışı universal səciyyəlidir. Buradan onun “hind üslubu” şairlərinə xüsusi marağının kökü aydınlaşır”. Belə orijinal bir fikrə bəlkə də Sipehri yaradıcılığının toxunmuş İran, Rusiya, Avropa mütəxəssislərinin tədqiqatlarında rast gəlmərik.
M.Məhəmmədi tərcüməsi ilə oxucunu inandıra bilmişdir ki, Sipehri nə vəzn, nə qafiyə, nə də qəlib əsiridir. Onun şeiri bu hüdudları aşa bilən bir ruhun səsidir.
Sipehri “hind üslubu”na ən yaxın müasir şairlərdən olub. Təqdim olunan tərcümə də oxucunu həm “hind üslubu”na, həm də Sipehrinin həqiqət axtaran mistik aləminə, söz və rəng dünyasına yaxınlaşdıra bilib.

Gəl, suya dön, sükutumun sətrindəki bir kəlmə kimi.
Gəl, ərit mənim ovcumda eşqin işıqlı günahını.

Şübhə yoxdur ki, Azərbaycan oxucusu M. Məhəmmədinin nəfis tərcüməsi ilə belə gözəl misraların sükutuna dala biləcək...


ŞƏFƏQ ƏLİBƏYLİ,
filologiya elmləri doktoru

“Ulduz” jurnalı, № 9, 2010

Davamı

“ŞAİRLƏR SUYUN, AĞILIN VƏ İŞIĞIN VARİSİDİR”

Bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “525-ci qəzet”in “525 kitab” seriyasından XX əsr İran poeziyasının böyük simalarından biri Söhrab Sipehrinin «Suyun ayaq səsi» adlı şeirlər kitabı şərqşünas alim Məsiağa Məhəmmədinin tərcüməsində işıq üzü gördü. Kitabda şairin 30 şeiri və «Suyun ayaq səsi» adlı poeması yer almışdır.
Cəmi 52 il ömür sürmüş Söhrab Sipehri Tehran Universitetinin incəsənət fakültəsinin rəssamlıq bölməsini bitirmişdir. O, «Rəngin ölümü», «Yuxuların həyatı», «Günəşin qəlpələri», «Kədərin şərqi», «Yaşıl həcm», «Biz heçik, biz – baxış» adlı kitabların müəllifidir. Şair farsdilli ədəbiyyatda «hind üslubu» kimi tanınmış cərəyanın və Qərb ədəbiyyatının öndə gedən nümayəndələrinin əsərlərindən bəhrələnmiş, özünün bənzərsiz, ölməz əsərlərini yaratmışdır.
Söhrab Sipehri həyata baxışının özünəməxsusluğu, poetik obrazları, zəngin söz ehtiyatı, fəlsəfi dünyası ilə sələflərindən fərqlənir. Şair şeirlərində «gecə», «gündüz», «yuxu», «həyat», «tənhalıq», «nur», «günəş», «göz», «quş», «su», «gül», «çay» və s. ifadələri bol-bol işlətmiş, onlara poetik və fəlsəfi məna vermiş, canlı insan obrazına çevirmişdir.
Azərbaycan ədəbiyyatında, dastanlarda, aşıq şeirində, M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir kimi şairlərin yaradıcılığında təsadüf olunan «durnalar», İran ədəbiyyatında “hind üslubu”nda yazan şairlərin yaradıcılığında isə «quş» doğma obrazdır. Bu cəhətdən şairin «Gizlənmiş quşa» şeiri diqqəti cəlb edir.

Sənə sözüm var, -
ey gözdən iraq yerdə oxuyan
və səsi ilə zamanın örtüyünü qaldıran quş!
Axı sənin nə dərdin var ki,
Öz gizli xəlvətindən hay salırsan
və həyatın sevincini məndən alırsan?!

Bu şeirdə şair gizli guşədən səs verən quşa müraciətlə, öz poetik və fəlsəfi fikirlərini açıqlamış, təbiətin mənzərələrini canlandırmış, «şövq budaqları», «bataqlığın yaşıl gözləri», «idrak çeşməsi» kimi maraqlı ifadələr işlətmişdir.
Söhrab Sipehri rəssam idi. Onun rəssamlığı ana xətt kimi bütün yaradıcılığında özünü göstərir. Şairin «Yoldan bir sifariş» adlı şeiri buna misal ola bilər:

Bir gün mən
gələcəm,
bir xəbər gətirəcəm,
damarlara nur süzəcəm
və səsləyəcəm:
«Ay, səbəti yatmışlar,
alma gətirmişəm –
Günəşin qırmızı almasını!»

Şair bu misralarla sanki bir tablo yaradır. Günəşin qızarmasını qırmızı almaya bənzədir, gözəl təbiət təsviri yaradır. Sonrakı misralarda şair başqa bir dünya arzulayır. İnsanı dəyişdirmək, kamilləşdirmək, yer üzünə təbəssüm yaymaq, insanların ürəyini ilahi nemət olan eşqə yönəltmək, gözlərini Günəş kimi şəfəqli, parlaq, aydın görmək istəyir.

Bütün söyüşləri dodaqlardan yığacam,
Bütün divarları diblərindən yıxacam.
Quldurlara deyəcəm:
«Karvan gəlib, yükü təbəssüm!»
Buludları parçalayacam.
Gözləri Günəşə,
ürəkləri eşqə,
kölgələri suya,
budaqları küləyə
düyünləyib bağlayacam.

Söhrab Sipehrinin yaradıcılığında «Suyun ayaq səsi» poeması xüsusi yer tutur. Poemada zamanın ovqatı, şairin poetik və fəlsəfi düşüncələri, sabaha böyük inamı öz əksini tapır.
Əsərdə şair ən əvvəl uşaqlıqda həyatın azadlığından, “musiqi hovuzu olmasından” söhbət açır.

Həyat bayram yağışı, sığırçın dolu çinar kimi bir şeydi.
Həyat o vaxtlar bir nur və gəlincik sıryasıydı,
bir qucaq azadlıqdı.
Həyat o vaxtlar musiqi hovuzuydu.

Sonra şairin öz obrazı, səyyar xəyal kimi, dünyanı gəzir, kədər çölünə, irfan bağına, elmin çıraqban qəsrinə, din pilləsindən yüksəyə, eşqin görüşünə gedir, yer üzündə işıq, nilufər toxumu və bülbül nəğməsi aparan qatarı, sevgini, dostluğu... dünyada canlı və cansız nə varsa, hamısını görür və özü haqqında bunları deyir:

Mən yerin başlanğıcına yaxınam,
Güllərin nəbzini tuturam.
Mən bir güzgüyə, bir saf bağlılığa qane oluram.

Belə zəngin mənəvi təcrübəyə yiyələnmiş şair “insan düşüncəsini, sevgini, dostu, şəhər əhalisini nur altında yumaq və tapmaq gərək” qənaətinə gəlir. Yəni, bütün varlıqlar su kimi təmiz olmalıdır.

Çətirləri yığmaq gərək,
Yağışın altına getmək gərək.
Düşüncəni, xatirəni yağışın altına tutmaq gərək.
Bütün şəhər əhli ilə yağışın altına getmək gərək.
Dostu yağışın altında tapmaq gərək.
Sevgini yağışın altında aramaq gərək.

Söhrab Sipehrinin «Suyun ayaq səsi» kitabından danışarkən, bu gözəl sənət əsərinin mütərcim işindən danışmamaq, ən azı insafsızlıq olar.
Öz imzası ilə kamil bir şərqşünas-filoloq kimi tanınan filologiya elmləri namizədi Məsiağa Məhəmmədi indiyədək bir sıra farsdilli abidələri, o cümlədən, «Qızılbaşlar tarixi» adlı anonim mənbəni, Yusif Qarabağinin «Yeddi bağ» əsərini, İmam Qəzzalinin «Kimiyayi-səadət» əsərindən müəyyən parçaları, Baba Kuhi Bakuvinin, Şəms Təbrizinin, Şeyx Məhəmməd Xiyabaninin yaradıcılığından nümunələri Azərbaycan dilinə böyük ustalıqla tərcümə etmiş, yazdığı müqəddimə, şərhlər və izahlarla dilimizə çevirdiyi mətnlərin oxucular tərəfindən daha asan və adekvat dərkinə şərait yaratmışdır. Bu ənənəyə sadiq qalan şərqşünas alim «Suyun ayaq səsi» kitabına yazdığı ön sözdə də Söhrab Sipehri yaradıcılığını hərtərəfli təhlil etmiş, Foruğ Fərruxzad, M.Kaşani, Rza Bərahəni kimi tanınmış ədəbi simaların onun sənətinə verdikləri qiymətlə oxucuları tanış etmişdir. Mən deyərdim ki, Məsiağa Məhəmmədi Azərbaycan ziyalıları, oxucuları üçün Söhrab Sipehrini kəşf etdi, onun adını Şərq poeziyasının bizdə məşhur olan nümayəndələri sırasına yazdı.
Məsiağa Məhəmmədi şairin şeirlərini elə incəliklə, onun dünyasını yaşayaraq, tərcümə etmişdir ki, mütərcimin rəssam, filosof, şair təbiətli, zəngin daxili dünyasının olduğunu görməyə bilmirik.
Biz poeziyasevərlər, Məsiağa Məhəmmədiyə bu yolda uğurlar arzulayırıq. Onun zəngin dünyasının gücü azalmasın, hər il Şərq poeziyasının nadir incilərindən ölməz Azərbaycan dilinə tərcümə etsin!

Aybəniz Həsənova,

filologiya elmləri namizədi

"Kaspi" qəzeti, 17-19 iyul 2010, N 125 (2302)

Davamı

Əlibala Hacızadə. SAİB POEZİYASINA YENİ BAXIŞ

15 İL ƏVVƏLİN YAZISI...

Sənətkar taleləri müxtəlif olur. Elə sənətkarlar var ki, onların sağlığında başlayan şöhrət yolu həmişəlik davam edir. Elələri də var ki, müasirlərinin marağına səbəb olmur, yalnız zaman keçdikcə sənətinin dəyəri aşkarlanır, böyüklüyü etiraf olunur. Öz dövründə şan-şöhrət çələngi daşıyan bir çoxları isə həyatdan getməyi ilə unudulur, yaradıcılığı ancaq ədəbi-tarixi fakt kimi yad edilir. Və nəhayət, elə sənətkarlar da var ki, istər sağlığında istərsə də ölümündən sonra qızğın maraq və mübahisələr doğurur, onların sənəti heç vaxt biganəlik orbitinə düşmür, əksinə bədii-estetik fikrin inkişaf stimuluna, ədəbi prosesin generatoruna çevrilir. Klassik şərq poeziyasının korifeylərindən olan Saib Təbrizi məhz belə sənətkarlardandır. Üç əsrdən çoxdur ki, bu böyük şairin yaradıcılığı ətrafında diskussiyalar səngimək bilmir, onun bayraqdarı olduğu, geniş coğrafi məkanı və ədəbi-tarixi dövrü əhatə edən “hind üslubu” haqqında müxtəlif fikirlər irəli sürülür, lakin hələ də dünya şərqşünaslığı həmin üslubun estetik mahiyyətinin birmənalı izahına nail ola bilmir. Bu, bir tərəfdən “hind üslubu”nun özünün mürəkkəb tipoloji xarakterindən irəli gəlirsə, digər tərəfdən Saib Təbrizi və “hind üslubu” haqqında söylənən əksər mülahizələrin subyektiv zövqə, qabaqcadan müəyyənləşdirilmiş mövqeyə əsaslanmasından doğur. Belə bir vəziyyətdə gənc ədəbiyyatşünas, filologiya elmləri namizədi Məsiağa Məhəmmədinin “Saib Təbrizi və farsdilli poeziyada “hind üslubu” adlı monoqrafiyası (“Elm” nəşriyyatı, 1994) həmin problemin elmi və obyektiv həlli istiqamətində atılmış ciddi addım kimi maraq doğurur. Müəllifin A.Bauzani, Y.Bertels, Y.Rıpka, Ş.Nemani, Z.Səfa və s. kimi dünya şöhrətli şərqşünasların üstündə “baş sındırdıqları” bir mövzuya girişib öz sözünü deməyə cəhd etməsi monoqrafiyanı həm də elmi cəsarət nümunəsi kimi qiymətləndirməyə əsas verir.

Məlumdur ki, XVI-XVIII əsrlər uzun müddət dünya şərqşünaslığında farsdilli ədəbiyyatın tənəzzül dövrü hesab edilmiş, həmin əsrlərin bədii fikir tarixinə heç bir yenilik gətirmədiyi qeyd olunmuşdur. M. Məhəmmədi, haqlı olaraq, tənəzzül ideyasının özünü təkzib edir və bu dövr ədəbiyyatının dərindən, hərtərəfli araşdırılmasının zəruriliyinin tutarlı dəlilərlə əsaslandırır.
Onu da deyim ki, “hind üslubu”nun formalaşmasında və geniş yayılmasında Saib Təbrizinin xüsusi rolu bütün tədqiqatçılar tərəfindən etiraf olunur, lakin indiyə qədər onun yaradıcılığı bu aspektdə sistemli şəkildə təhlil obyektinə çevrilməmişdir. Məhz belə bir təhlili həyata keçirməyi qarşısına məqsəd qoyan M. Məhəmmədi “hind üslubu” problemini Saib yaradıcılığı prizmasından araşdırmış və orijinal nəticələrə gəlmişdir. Qeyd etməliyəm ki, Saib poeziyası Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə belə geniş ədəbi-tarixi kontekstdə tədqiqata cəlb olunmuşdur. Bu da böyük şairimizin bədii irsinin regional əhəmiyyətini başa düşməyə imkan yaradır.
M. Məhəmmədinin tədqiqat metodunu xarakterizə edən başlıca məziyyət budur ki, o, kənar estetik meyarlardan deyil, ilk növbədə, araşdırdığı bədii mətnlərin özündən çıxış edir. Bu da onun gəldiyi nəticələrin elmiliyini və obyektivliyini şərtləndirir. “Hind üslubu”nun ideoloji və estetik əsasına həsr olunmuş fəsillərdə həmin cəhət xüsusilə diqqəti cəlb edir. Müəllifin “vosət-e məşrəb” , “məni-ye biqane” kimi mühüm terminoloji ifadələrə verdiyi şərh maraq doğurur.
Monoqrafiyada Saib Təbrizinin dünyaduyumu və insan konsepsiyası ətraflı təhlil edilir. Bu məsələlərdə özünəməxsus mövqeyi olan müəllif nüfuzlu tədqiqatçılarla polemikaya girməkdən çəkinmir. Həmin cəhət Saib qəzəllərinin üslub xüsusiyyətlərinin araşdırılmasında da özünü göstərir. Burada Saib lirikasının üslubi dominantı kimi götürülən “təmsil” adlı poetik fiqurun təhlili şairin poetik təfəkkürünün özünəməxsusluğunu anlamağa şərait yaradır. Qətiyyətlə demək olar ki, Saib qəzəllərinin poetikası indiyə qədər belə dərinlik və əyaniliklə açılmamışdır.
Kitab yüksək elmi üslubda, eyni zamanda oxunaqlı bir dillə yazılmışdır. Saibin və digər şairlərin yaradıcılığından verilən poetik nümunələr və onların son dərəcə dəqiq tərcüməsi o dövr poeziyasının obrazlar aləmi barədə dolğun təsəvvür yaradır. Hər fəslin əvvəlində Saibin epiqraf kimi verilən və uğurla seçilmiş beytləri həmin fəsildə müəllifin çıxardığı nəticəni yığcam və poetik şəkildə ifadə etməklə yanaşı, nəticənin düzgünlüyünün sübut edən əlavə dəlil təsiri bağışlayır.
Monoqrafiya “hind üslubu”nun ədəbi-tarixi və estetik mahiyyətini aşkarlamaqla yanaşı, Saib irsinin regional əhəmiyyətini bütün dərinliyi ilə açıb göstərir və beləliklə, klassik ədəbi əlaqələr, Azərbaycan ədəbiyyatının Şərq ədəbiyyatları içərisində yeri kimi məsələlərin öyrənilməsi baxımından da elmi dəyər kəsb edir.
Mən monoqrafiya müəllifini bir ədəbiyyatşünas kimi səciyyələndirən məziyyətlər içərisində onun yüksək nəzəri hazırlığını xüsusi qeyd etmək istərdim. O, müasir elmi-nəzəri fikirdən klassik irsə körpü salmış və nəticədə keçmişi daha da dərindən dərk etməyə şərait yaradan, bu gün üçün də aktual səslənən bir tədqiqat meydana çıxmışdır. Belə olmasaydı, XX əsrin sonunda Saiblə “görüşün” bəlkə heç mənası da olmazdı...
Və nəhayət, onu da deyim ki, M. Məhəmmədinin monoqrafiyası həm də vaxtında meydana çıxmış əsərdir. Məsələ burasındadır ki, YUNESKO-nun qərarı ilə gələn il Saib Təbrizinin 400 illiyi qeyd ediləcək, bu münasibətlə Tehranda və Parisdə beynəlxalq konfranslar keçiriləcəkdir. Bu əlamətdar hadisə ərəfəsində gənc alimin kitabı təkcə onun deyil, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığının yubileyə layiqli töhfəsi kimi qiymətləndirilə bilər.


1994-cü il


Davamı

ƏDƏBİYYAT TARİXİMİZƏ DAİR YENİ TƏDQİQLƏR

PAŞA ƏLİOĞLU

Azərbaycan şərqşünaslığının son illərdəki inkişafı əhəmiyyətli dərəcədə gənc ədəbiyyatşünas-alimlərimizin yaradıcılığı ilə bağlıdır. Ötən illərdə şərqşünaslıq elmimiz böyük bir inkişaf yolu keçmiş, sovet ideologiyasının təzyiqi və senzurası çərçivəçində üzərinə düşən vəzifələri həll etməyə çalışmışdır. Müstəqillik dövrü xüsusilə gənc alimlərimizin qarşısında yeni, daha çətin və məsuliyyətli vəzifələr qoymuşdur.
İxtisasca iranşünas olan istedadlı tədqiqatçı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi özünün elmi əsərləri ilə sübut etməkdədir ki, aparıcı şərqşünaslığımız istər iranşünaslıq, istərsə də ərəbşünaslıq olsun, əslində, azərbaycanşünaslığa xidmət edir. Öncəki illərdə farsdilli poeziyada "hind üslubu"nu və bu üslubun görkəmli nümayəndəsi olan Saib Təbrizinin yaradıcılığının tədqiqinə həsr olunmuş sanballı elmi monoqrafiya yazmış M.Məhəmmədi istedadlı bir alim olduğunu sübut etmişdir. Onun məqalə və tərcümələrdən ibarət son dövrdə çapdan çıxan kitabı barədə professor, AMEA-nın müxbir üzvü Nizami Cəfərov belə yazır:

"Məsiağa Məhəmmədinin "Tədqiqlər və tərcümələr"inin əsas obyekti Azərbaycan ədəbiyyatıdır... O, İmam Qəzzalidən, Xacu Kirmanidən danışanda söhbətin əsas mövzusu Nizami, Kəlim Kaşanidən bəhs edəndə Saib Təbrizi olduğu kimi, müasir fars poeziyasına baş vuranda da mətləb böyük Şəhriyann ədəbi-estetik mövqeyidir. Azərbaycan türkcəsinə birinci növbədə məhz Baba Kuhi Bakuvini, Şəms Təbrizini, Şeyx Məhəm¬məd Xiyabanini tərcümə edir.... Və bu ədəbiyyatşünas işini həm də bir ideoloq-metodoloq kimi görən müəllif özünün sadə bir ədəbiyyatçı deyil, aydın mövqeyi ilə seçilən ədəbiyyatşünas-mütəfəkkir olduğunu təsdiq edir".
M.Məhəmmədinin "Tədqiqlər və tərcümələr" kitabını oxuduqca bir daha professor N.Cəfərovun dediklərinin şahidi oluruq. Kitabda çap edilmiş, böyük müsəlman mütəfəkkiri İmam Əbu Hamid Məhəmməd əl- Qəzzalinin (1058-1111) həyat və yaradıcılığına həsr olunan üç məqalədə Azərbaycan sənətkarlarının, xüsusilə də Nizami Gəncəvi irsinin islam mədəniyyəti kontekstində araşdırılmasının zəruriliyini irəli sürülmüşdür. Müəllif ciddi araşdırmalar nəticəsində bu nəticəyə gəlir ki, əl-Qəzzali, xüsusilə də onun "İhya ülum əd-din" ("Din elmlərinin dirçəldilməsi") və "Kimyayi-səadət" ("Xosbəxtkbr iksiri") əsərləri böyük Nizaminin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
M.Məhəmmədi fars ədəbiyyatında yalnız böyük qələm ustadı kimi deyil, həm də Nizami Gəncəvi ənənələri əsasında beş poema - "Xəmsə" yazmış şair kimi daxil olan Xacu Kirmaninin (1290-1352) yaradıcılığını tədqiq edən ədib kimi iz qoymuşdur. Məlumdur ki, Xacunun poemaları indiyə qədər dünya şərqşünaslığında ətrafı araşdırılmayıb. Müəllif göstərir ki, belə bir tədqiqat Nizami ədəbi məktəbinin tarixi inkişaf xüsusiyyətlərini daha dərindən başa düşməyə imkan verərdi. M.Məhəmmədi yazır: "Xacunun əsərləri ilə hətta səthi tanışlıq zamanı belə bir mühüm cəhət diqqəti cəlb edir ki, Nizaminin bir çox davamçılarından fərqli olaraq, Xacu Kirmani öz məsnəvilərində Nizaminin mövzu və süjetlərini deyil, onun başlıca yaradıcılıq prinsiplərini, bədii ifadə tərzini inkişaf etdirməyə çalışmışdır. Qeyd etmək lazımdır ki, bu xüsusiyyət daha çox Nizaminin XIV əsrdən sonrakı davamçılarının yaradıcılığı üçün səciyyəvidir. Məhz bu baxımdan Xacunun məsnəviləri öz dövrü üçün nadir və maraqlı hadisədir və onların araşdırılmasının elmi əhəmiyyəti də bununla şərtlərmişdir".
M.Məhəmmədi həmçinin XVII əsrin görkəmli Azərbaycan şairi, yaradıcılığı ilə bütün farsdilli poeziyaya böyük təsir göstərmiş, obrazlar sisteminə heyrətamiz bir dinamizm xas olan Mirzə Məhəmmədi Saib Təbrizinin (1601-1677) ədəbi irsini, onun ədəbiyyata gətirdiyi yenilikləri ciddi tədqiqat obyektinə çevirmişdir. О, sübut etmişdir ki, Şərq və Qərb alimləri arasında böyük mübahisələr doğuran, son dövrlərə qədər farsdilli ədəbiyyat mütəxəssisləri üçün tapmaca olaraq qalan məşhur "hind üslubu"nun yaradıcısı "Təbrizin рак torpağı"nda dünyaya göz açmış Azərbaycan şairi Saib Təbrizi olub. Tədqiqatçı göstərir ki, Saibin qəzəllərində donuq, sükunətdə olan obrazlara çox az rast gəlinir. Hərəkət Saib poetikasının əsasını təşkil edir. Cansız əşyalar burada cana gəlir, dil açıb danışır. Alleqoriya Saibin ən çox işlətdiyi bədii vasitələrdəndir. M.Məhəmmədiyə görə, bütün bu xüsusiyyətlərin dərin fəlsəfi əsası olmuşdur: "Orta əsrlərdə ictimai-siyasi, ideoloji və mədəni həyatın bütün sahələrinə dərin nüfuz etmiş sufizmin mütərəqqi ənənələrindən bəhrələnən Saibin dünyagörüşünə qəribə bir genişlik və universallıq xas idi. Və bununla da o, dövrün məhdud düşüncəsinə, fanatizmə qarşı dururdu".
M.Məhəmmədi məqalələrinin birində göstərir ki, Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) müasiri olmuş istedadlı şair, "bir sıra xüsusiyyətləri baxımından nadir və hətta müstəsna hadisə kimi maraq doğuran" Tərzi Əfşarın yaradıcılığının ən önəmli cəhəti onun özünəməxsus dilə, orijinal ifadə tərzinə malik olmasıdır. Ümumiyyətlə, XVII əsr şairlərinin yaradıcılığında yeni üslub axtarışları özünü qabanq göstərir. Maraqlı cəhət orasındadır ki, Kəlim Kaşani, Saib Təbrizi, Qəni Kəşmiri kimi şairlərin poeziyasında yeni üslub yaradıcılığı daha çox tematik və estetik istiqamətdə aparılırdısa, Tərzi həmin işi sırf linqvistik planda həyata keçirirdi.
Şeirlərində fars dilindəki məsdər modelinə əsaslanaraq, analogiya üsulu ilə adlardan feillər düzəldən şairin yaradıcılıq axtarışlarına münasibət birmənalı olmamışdır. M.Məhəmmədi məqaləsində şairin yaradıcılığındakı axtarışlarını belə dəyərləndirir: "Tərzi Əfşann özünəməxsus "tərz"ində bir tərəfdən dövrün dil şəraitinin inikasını, digər tərəfdən isə mövcud poetik dilə yeni nəfəs vermək cəhdini görmək lazımdır. Şair öz "mən"inin daha sərbəst ifadəsinə və uyğun nitq açılışına nail olmaq üçün dil təfəkkürünün ətalətini dəf etməyə və poetik dillə danışıq dili arasındakı ziddiyyəti aradan qaldırmağa çalışmışdır. Bu mənada Tərzi Əfşarı XX əsrin futuristləri ilə müqayisə etmək olar".
M.Məhəmmədi XVI-XVII əsrlərdə yaşamış, Orta Asiya fəlsəfi fikrinin inkişafına əhəmiyyətli təsir göstərmiş görkəmli Azərbaycan filosofu Yusif Qarabağiyə həsr etdiyi məqaləsində bizi onun şeir yaradıcılığı ilə tanış edir. O, Sankt-Peterburqun M.Y.Saltıkov-Şedrin adına dövlət kütləvi kitabxanasından əldə etdiyi Yusif Qarabağinin "Həft cinan" ("Yeddi bağ") adlı farsca risaləslnin surəti əsasında görkəmli alimin həm də istedadlı bir şair olması qənaətinə gəlir. Risalədəki şeirləri nəzərdən keçirən müəllif göstərir ki, Yusif Qarabağinin hələlik əldə edilməyən poetik divanı olmuşdur.
M.Məhəmmədi görkəmli Azərbaycan alimi Məhəmməd Tahir Nəsrabadinin təzkirəsini nəzərdən keçirərkən Saib Təbrizinin müəllimi Rüknəddin Məsih Kaşaninin həyat və yaradıcılığına aid hissədə Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" hekayəsində təsvir edilən hadisə barədə yeni məlumata rast gəlmişdir. Məlum olur ki, mahir təbib və istedadlı şair olan Rüknəddin I Şah Abbas sarayına yaxın olmuş, İskəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsərində təsvir etdiyi Yusif Sərracın taxta çıxarılmasını və bununla bağlı bütün hadisələri öz gözü ilə görmüşdür. Nəsrabadinin təzkirəsində həmin hadisədən sonra şairin Şah Abbasa müraciətlə yazdığı üç beytlik şeir parçası verilmişdir. Həmin şeiri ətraflı təhlil edən tədqiqatçı göstərir ki, burada zahirən şair Şah Abbasın hədsiz hökmünü və sonsuz qüdrətini mədh edir. Lakin əslində, şair ironiya ilə Yusifi dinsiz və "şeytan" adlandıran saray əyanlarının Yusif taxta çıxandan sonra onun qarşısında baş əymələrini, görünməmiş yaltaqlıq və riyakarlıqlarını göstərmək və bu¬nunla da ətrafındakıların əslində kim olduqlarını şahın nəzərinə çatdırmaq istəmişdir.
Alimin tədqiqatlan ilə bərabər, kitabına daxil etdiyi tərcümələri də maraq doğurur. Onun farscadan tərcümə etdiyi Baba Kuhi Bakuvinin (934-1050) "Həllacın həyatı və ölümü" əsəri təsəvvüf tarixinin tədqiqi baxımından böyük maraq doğurur. Şəms Təbrizinin "Məqalat"ından seçilərək tərcümə etdirən on hekayət Azərbaycanın sufi şairinin yaradıcılığından dilimizə edilən ilk tərcümədir. Bunlardan başqa, Şeyx Məhəmməd Xiyabaninin "Yüz kəlam", Söhrab Sipehri, Spujməy Zəryab və Pərviz Hüseyninin şeir və hekayələri fars dilindən tərcümə edilərək, oxucularımıza çatdırılmışdır.
Ümidvarıq ki, istedadlı alim Məsiağa Məhəmmədinin gələcəkdə işıq üzü görəcək yeni tədqiqat və tərcümələri də azərbaycanşünaslığa töhfə olacaq, mütəxəssislər tərəfindən böyük maraqla qarşılanacaqdır.

"Xəzər" qəzeti, 21.10.2006
_________
Bu yazıya görə Paşa Əli Kərim oğluna bir daha təşəkkür edir, 50 yaşının tamam olması münasibətilə ən səmimi təbrik və arzularımı bildirirəm. Paşa bəyin yubileyi ilə bağlı bəndənizin kiçicik yazısını BURADAN oxuya bilərsiniz - M.M.


Davamı

Zümrüd Rəhimova. ELMİN KAMİLLİK ZİRVƏSİ

İmzası elmi-ədəbi ictimaiyyətə yaxşı tanış olan Məsiağa Məhəmmədinin elmi fəaliyyətinin 20 ilə yaxın tarixi vardır. O, bu müddətdə kiçik elmi işçidən şöbə müdiri, direktor müavini vəzifələrinə qədər yüksəlmiş və yaradıcılığının kamillik mərhələsinə qədəm qoymuşdur. Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətə başlamış gənc alimin kollektiv qarşısında ilk çıxışı, ilk məqaləsi, namizədlik dissertasiyasının müzakirəsi şərqşünaslıq elminə istedadlı bir gəncin gəldiyindən xəbər verirdi.
Məsiağa Məhəmmədinin “Saib Təbrizinin lirikası və farsdilli poeziyada “hind üslubu” problemi” adlı namizədlik dissertasiyasının müdafiəsi də adi, ənənəvi müdafiələrdən fərqlənirdi. Mövzuya və bu mövzunu işləmiş gənc alimə maraq, diqqət müdafiə məclisinə çox dinləyici-pərəstişkarlar cəlb etmişdi. Nizami adına Ədəbiyyat İnstitutunda təşkil olunmuş müdafiə məclisinin ön cərgəsində dövrümüzün iki böyük iranşünas-şərqşünas alimi: Mübariz Əlizadə və Rüstəm Əliyev əyləşib maraq və intizarla (Məsiağa onların hər ikisinin yetirməsi idi) məclisin gedişini izləyirdilər. Məsiağanın öz əsəri haqqında yığcam, sərbəst və gözəl çıxışından sonra məclisin sədri, mərhum Yaşar Qarayev onun əsərinin və çıxışının xoş təsiri altında əlindəki balaca kağıza baxıb gülümsündü və dedi:
- Görürsünüz, biz kağıza baxıb danışırıq, Məsiağa isə heç nəyə baxmayıb danışdı.

Məsiağa Məhəmmədi indi "Saib Təbrizi və farsdilli poeziyada hind üslubu" adlı monoqrafiyanın, fars şeirinin iki dahi şairinə həsr olunmuş "Sədi və Hafiz" adlı kitabın və neçə-neçə məqalənin müəllifıdir. O, eyni zamanda "Qızılbaşlar tarixi", Yusif Qarabağinin "Yeddi bağ", İmam Qəzzalinin "Kimyayi-səadət" (müəyyən parçaları), Müdərris Rəzəvinin "Nəsirəddin Tusinin həyatı və əsərləri" (V.Mustafayevlə birlikdə) kimi farsdilli abidələri Azərbaycan dilinə çevirərək, nəşr etdirmişdir.
Böyük elmi-intellektual potensiala malik bir alim kimi onun yaradıcılığının ən mühüm xüsusiyyəti orijinallıqdır. О kimdən və nədən yazırsa-yazsın, öz sözünü deyən, öz elmi düşüncələrini ifadə edə bilən bir alimdir.
Onun elmi nailiyyət və uğurlarını şərtləndirən vacib keyfiyyətlərdən biri də fars və rus dillərini ana dili səviyyəsində bilməsi və bu dillərdə öz elmi fıkirlərini sərbəst ifadə etməsidir.
M.Məhəmmədinin yeni kitabı "Tədqiqlər və tərcümələr" ("Nafta-Press", 2004) adlanır. Bu, alimin indiyə qədərki elmi fəaliyyətinin davamı və nəticəsidir. Kitab müqəddimə əvəzi kimi yazılmış "Azərbaycanda farsdilli ədəbiyyatın tədqiqi və tərcüməsi tarixindən" məqaləsi ilə başlayır. Müəllif farsdilli ədobiyyatın tədqiqinin orta əsrlərdən başladığını desə də " ...obyektiv elmi meyarlar, müasir metodologiya və metodika əsasında tədqiqin... XX əsrdə, xüsusən, sovet dönəmində" başlandığını göstərir. Dediklərinin əyani mənzərəsini göz önündə canlandıran alim nüfuzlu, titullu elm xadimlərinin fəaliyyətini işıqlandırmaqla yanaşı, sıravi elmi işçinin də adını və zəhmətini unutmamışdır.
Dediyimiz kimi, kitabdakı yazıların hər biri öz yenilik ruhu ilə seçilir. Yeri gəldikcə müəllif özü də bunu xatırladır. İlk məqalənin (“Nizami və Qəzzali”) ilk abzasında o, Nizami yaradıcılığının Məhəmməd əl-Qəzzalinin dini-fəlsəfı və etik nəzəriyyəsi ilə əlaqəsi probleminin indiyə qədər Azərbaycan nizamişünaslığında və dünya şərqşünaslığında tədqiq olunmadığını göstərir və Nizaminin "Sirlər xəzinəsi" ilə Qəzzalinin "Kimyayi səadət" əsərlərinin müqayisəli təhlilini verir. Kitabda Qəzzali ilə əlaqədar oxucular üçün çox maraqlı bir tədqiqat da diqqəti cəlb edir. Nizaminin "Sultan Səncər və qarı" hekayəsində Sultan Səncərin ədalətsizlikləri bir qarının dilindən söylənir. Lakin Məsiağa Məhəmmədinin tədqiqlərindən aydın olur ki, zülm və ədalətsizliyi Sultan Səncərin üzünə deyən şəxs təkcə Nizaminin yaratdığı obraz deyil, həm də real tarixi şəxsiyyət – dahi müsəlman mütəfəkkiri əl-Qəzzali olmuşdur. Sultan Səncərin ədalətsizliyini və Qəzzalinin cəsarətini göstərmək üçün kitaba "Qəzzalinin Sultan Səncərə məktubu" və “Qəzzalinin Sultan Səncərin ¬hüzurunda çıxışı" kimi mətnlər daxil edilmişdir.
Buna bənzər bir yenilik də M.F.Axundovun "Aldanmış kəvakib" əsəri ilə əlaqədar meydana çıxır. Məlum olduğuna görə, Axundov öz hekayəsini yazarkən bir mənbə kimi İskəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" kitabına əsaslanmışdır. Tədqiqatçınm aşkar etdiyi yeni bir qaynaq isə Məhəmməd Tahir Nəsrabadinin təzkirəsidir. Saib Təbrizinin müəllimi, təbib və şair kimi I Şah Abbas sarayına yaxın olmuş, Yusif Sərracın taxta çıxarılmasını və başına gətirilən hadisələri öz gözü ilə görmüş Rüknəddin Məsih Kaşaninin həyat və yaradıcılığı haqqında yazıda təzkirəçi bu tarixi həqiqətləri də unutmamışdır.
Şübhəsiz, gələcəkdə Azərbaycan ədəbiyyatı tarixlərində, ali və orta məktəb dərsliklərində bu maraqlı məlumatlar öz əksini tapacaqdır.
"Tədqiqlər" başlığı altında toplanmış 15 məqalədə müəllif Nizami, Qəzzali, Əbu Səid Əbül-Xeyr, Füzuli, Kəlim Kaşani, Saib Təbrizi, Şəhriyar... kimi
söz bahadırları haqqında indiyədək oxucuya məlum olmayan yeni fıkir və düşüncələrini çatdırır. M.Məhəmmədi müxtəlif dövrlərdə yaşayıb-yaratmış bu nəhəng şəxsiyyətləri "vücudunda ilahi nur daşıyan", yəni Tanrıdan vergili insanlar kimi mənalandırır. Zəngin biliyə, geniş elmi dünyagörüşə malik olan, elmi tədqiq və təhlil vərdişinə bu qədər dərindən yiyələnmiş alimin özü də bu ilahi nurdan məhrum deyil.
"Tədqiqlər və tərcümələr" kitabı M.Məhəmmədinin təkcə elmi məqalələri ilə deyil, bədii və elmi tərcümələri ilə də maraq doğurur. "Həllacın həyatı və ölümü”, “Şəms Təbrizi. On hekayət”, “Şeyx Məhəmməd Xiyabani. Yüz kəlam”, "Söhrab Sipehrinin şeirləri” və s. tərcümə üçün seçilmiş uğurlu nümunələrdir. Bu, Məsiağanın yüksək bədii zövqə malik olduğunu göstərir. Tədqiq etdiyi sənətkarlar kimi o da sözə çox həssasdır və bu keyfiyyət onun elmi və bədii üslubunda özünü büruzə verir. Bəzi tərcümələrdə bizim bugünkü həyatımızla, mənəviyyatımızla səsləşən motivlər nəzərə çarpır. Məsələn, "Qəzzalinin Sultan Səncərə məktubu", “Qəzzalinin Sultan Səncərin hüzurunda çıxışı" kimi yazılar bugünkü hakimlərin, başçıların, varlıların eşidəcəyi, ibrət götürəcəyi ağıllı və müdrik kəlamlardır.
1970-ci illərdə Şərqşünaslıq İnstitutunun İran fılologiyası şöbəsində "yeni şeir"in Nima Yuşic, Nadir Nadirpur, Əhməd Şamlu və b. nümayəndələrinin yaradıcılığı tədqiq olunurdu. Ancaq Söhrab Sipehri kimi çox istedadlı şair-rəssam nə üçünsə unudulmuşdu. Bu gün isə M.Məhəmmədinin təqdimatı və tərcüməsi sayəsində Azərbaycan oxucusu Söhrab Sipehri kimi bir şairi tanımaq, oxumaq imkanı əldə edib.
Hər bir kitab oxunmaq üçün yazılır. Taleyinə oxunmaq yazılmış kitablar da, müəlliflər də xoşbəxtdir. İçərisində bir-birindən gözəl və heyrətamiz məqalələr, tərcümələr toplanmış, cəlbedici elmi-bədii üslubu ilə seçilən "Tədqiqlər və tərcümələr" kitabı maraqla оxunan, xoşbəxt kitablardan biridir.
Kitaba "Ön söz" yazmış professor Nizami Cəfərov Məsiağa Məhəmmədini "Azərbaycan iranşünaslığının son nəslinə aid kifayət qədər görkəmli bir nümayəndəsi, "...aydın mövqeyi ilə seçilən ədəbiyyatşünas-mütəfəkkir" kimi qiymətləndirir və "Tədqiqlər və tərcümələr" kitabının əsas obyektinin Azərbaycan ədəbiyyatı olduğunu da xüsusi vurğulayır.
...1989-cu ildə Rüstəm Əliyevdən müsahibə almış Nizami Cəfərov bu görüşə Məsiağa ilə getmişdi. Bu da təsadüfı deyildi, çünki Məsiağa Rüstəm Əliyevin ən çox ümid bəslədiyi dissertantı idi. O vaxtkı “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuş müsahibənin sonunda Məsiağanın "görünüşündə, yerişində, danışığında elmi rəhbərinə uyğun" cəhətlər tapan N.Cəfərovun ürəyindən "əlaqələr gərək qırılmasın" arzusu keçmişdi. Oxucuların istifadəsinə "Tədqiqlər və tərcümələr" kimi bir kitab təqdim etmiş Məsiağa Məhəmmədi bu arzunu gerçəkləçdirdi, özünü ustadlarının başladığı yolun layiqli davamçısı və elmi zirvələr fəth etməyə qadir olan yetkin bir alim kimi göstərdi.

“Elm” qəzeti, 15 noyabr 2004


Davamı

İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB

Bu yaxınlarda işıq üzü görmüş "Sədi və Hafiz" adlı həcmcə çox da böyük olmayan kitabı gördükdə, alimlərimiz arasında müdrik Şərq ədəbiyyatına marağın davam etdiyini duydum və bu sahə ilə bağlı olan şəxs kimi fərəhləndim. Fərəhimin bir səbəbi də odur ki, kitabın müəllifi Şərq ədəbiyyatının istedadlı tədqiqatçısı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədidir. Başqa bir tərəfdən, dünya şöhrətli bu iki şəxsiyyətin həyatı və əsərlərinin öyrənilməsi ilə ölkəmizdə prof. Rüstəm Əliyev kimi istedadlı alim məşğul olmuş, Mirmehdi Seyidzadə və Əbülfəz Hüseyni onların qəzəllərini ustalıqla dilimizə tərcümə etmiş, şərqşünaslığımıza dəyərli töhfələr vermişlər. Onlardan sonra bu sahədə sanki bir boşluq görünməkdədir. Böyük liriklər Sədi və Hafizin sadə və sehrli sözlərində ifadə edilmiş didaktik və kamil məzmuna müraciət edən müəllif klassik bəşər ədəbiyyatının bugünkü dəyərini oxucularımıza açıqlamaqla faydalı iş görmüşdür. Kitabın redaktoru və ön sözün müəllifi Əlibala Hacızadə iki böyük sənətkar haqqında sözü özünə yaraşan obrazlı dildə belə başlayır: “Səkkiz əsrdən bəri dünyanın müxtəlif məmləkətlərində Şirazın iki bülbülünün sirli-sehrli nəğmələrinin əfsununa düşmüş insanlar – söz-sənət, elm mütəfəkkirləri о bülbüllər haqqında heyrət və təəccüblərini ifadə edən nəğmələr oxumuşlar, indi də oxuyurlar və gələcəkdə də oxuyacaqlar".

İki bölmədən ibarət olan kitabın birincl bölməsi "Sədi: həqiqət və gözəllik şairi" adlanır. Bu bölmədə müəllif Şeyx Sədi Şirazinin (1209-1291) həyatı haqqında nisbətən geniş məlumat verməyə çalışmış və onun əsərlərini fərqləndirən başlıca məqamları oxuculara çatdırmaq istəmişdir. Şairin həyatını onun dövrü və mühiti ilə bağlı şəkildə təqdim edən M.Məhəmmədi Sədinin təhsili, müəllimləri və ünsiyyətdə olduğu şəxslər haqqında məlumatları mötəbər qaynaqlardan götürmüşdür. O, özünə qədər şairin həyatına aid irəli sürülmüş mübahisəli fikirlərə də münasibətini bildirmişdir. Bunlara Sədinin doğum tarixi, "Bustan" və "Gülüstan"ın yazıldığı tarix, Şiraza qayıtmasına qədərki ədəbi fəaliyyətini misal gətirmək olar. Sədinin həyatı zəngin hadisələrlə doludur. Onun oxuyub öyrəndiyi mütəfəkkirlər Əbu Hamid Qəzzali (1058-1111), Şihabəddin Sührəvərdi (1145-1235), İbn əl-Cövzi və müasiri Cəlaləddin Rumidən (1207-1273) təsirlənməsi ilə bağlı irəli sürülmüş fikirlər bu kitabda inandırıcı dəlillərlə göstərilir.
Kitabın müəllifi Sədinin həyatının daha bir səciyyəsini – onun səyahətlərdə olmasını da nisbətən ətraflı şəkildə işıqlandırır. Mütəfəkkir dəfələrlə Həcc ziyarətində, Suriya, Livan, Misir, Yəmən, Bagdad, Təbriz və Kiçik Asiyada olmuş, bu diyarlardakı şair, filosof, görkəmli din alimləri, ariflərlə və hökmdarlarla görüşmüşdür. Sədinin irsi haqqında çoxsaylı araşdırmalarla yaxşı tanış olan M.Məhəmmədi şairin əsərlərindəki başlıca məqamlara diqqət verməklə, onun əsərlərinə dair tədqiqatçı sözünü söyləməyi lazım bilmişdir. Belə hallarda o, mütəfəkkirin müdrik poeziyasından uyğun nümunələr gətirir və fikirlərini poetik misallarla əsaslandırır. Bu baxımdan Sədinin ədəbi dilin inkişafına göstərdiyi xidmət, saray ədəbiyyatında dəbdə olmuş qəsidənin poetik quruluşu və məzmununa gətirdiyi yenilik, qəzəli struktur və formal parametrlər baxımından yetkin bir janra çevirməsi, qəzəl beytləri arasında məntiqi əlaqəni yaratması kimi məsələlərdən ayrıca bəhs edilir. Müəlllf Sədi şeirinin canını təşkil edən didaktikanın fərqləndirici cizgilərini açır, onların özünəməxsusluğunu izah edir. Burada bəşəri didaktikanın təsəvvüf şeirindən daha üstün səciyyələri göstərilməklə, müasir dünyada onun əhəmiyyəti vurğulanır. Bu bölməni şairin fıkri ilə yekunlaşdıran müəllif yazır ki, Sədiyə görə, mənəvi dəyərlərin itirildiyi, əxlaq normalarının gözlənilmədiyi, Allah xofunun unudulduğu cəmiyyətdə nə yüksək iqtisadi rifah, nə ictimai qanunlar, nə də elmi və texnoloji tərəqqi insanları həqiqi xoşbəxtliyə qovuşdura bilməz.
Kitabın ikinci bölməsi "Hafiz: sehrkar şair" başlığı ilə təqdim edilir. Bölmədə böyük lirik Şəmsəddin Məhəmməd Hafiz Şirazinin (1325-1390) həyatının başlıca məqamları və yaradıcılığının səciyyəsi verilir. Şairin həyat tarixçəsi Şirazda hökmranlıq etmiş Incu (1343-1353), Şah Şuca (1358-1383), Şah Zeynalabdin (1384-1387), Şah Mənsur (1387-1393) və Teymurlənglə bağlıdır. Onu Hindistana və Bağdada dəvət etsələr də, müdrik şair bu dəvətləri gerçəkləşdirə bilməmişdir.
M.Məhəmmədi sehrkar qəzəllərin müəllifi haqqında düşüncələrini konkretləşdirib göstərir ki, "heyrətamiz dərəcədə geniş xarakterə və təfəkkürə malik olan, bir növ universal səciyyə daşıyan bu şəxsiyyət ayrı-ayrılıqda hər bir kəsə munis olmağı bacarmış, Hindistanda və İranda, Orta Asiyada və Qafqazda yaşamasından, dinindən, dilindən, sosial statusundan asılı olmayaraq hərə öz axtardığını onda tapa bilmişdir". Müəllif dünya şöhrətli sənətkarın bu keyfiyyətinin formalaşmasına səbəb olan amilləri nəzərdən keçirməklə şairin yaradıcılığını təhlil etmişdir.
O, haqlı olaraq, klassik sənətkarların bədii irsinin qiymətləndirilməsində daha məqbul sayılan üsuldan istifadə etmişdir, yəni öyrənilən müəllifin əsərlərində həyatı və şeiri haqqında deyimlərə əsaslanmışdır. Bilindiyi kimi, Quranı əvvəldən axıra qədər əzbər bilən Hafiz "şeirinin ilahi bir vergi, qeybdən gələn bir səs, əzəli sözün təzahürü olduğunu" dəfələrlə vurğulamışdır. O, bu keyfiyyətə Quranın sayəsində nail olduğunu etiraf edir. Nəticədə Hafizin qəzəlləri adi poetik mətn çərçivəsindən çıxıb "sakral bir mahiyyət kəsb etmişdir" (M.Məhəmmədi). Ona görə də bu qəzəllərə şərhlər yazılmışdır. Kitabda bu məsələ ilə bağlı bir sıra nümunələr gətirilmiş və onların mənaları izah edilmişdir.
Hafiz qəzəllərinin dili haqqında müəllifin mülahizələri özündən əvvəlki alimlərin (J.Lazar, Ə.Zərrinkub, Z.Səfa, M.Reysner və b.) fikirlərinə münasibət bildirilməklə irəli sürülmüş yeni və maraqlı mühakimələrin məhsuludur. Onun fikrincə, Cəlaləddin Ruminin "Məsnəvi"si regionda intellektuallar arasında yayılmışdısa, Şiraz bülbülünün şeirləri milyonlarla geniş kütlələrə məxsus idi, çünki onlar bir neçə istiqamətdə sintez prosesini həyata keçirərək ədəbi inkişafa yeni bir yön vermişdi. Özünün hesab etdiyi kimi "Allah vergisi"ni alan Haflz səmavi kitabla yanaşı sələflərinin və müasirlərinin yaradıcılığını da mükəmməl şəkildə mənimsəmişdi. Onun yaradıcılığında "aşiqanə və arifanə qəzəl növləri" bir-birinə qarışdı və qəzəlin mövzu dairəsi xeyli genişləndi. Qəzəlin beytlərinin müstəqilliyinə yer verdiyinə görə hələ öz dövründə tənqid olunmuş Hafiz bu əlaqəni assosiativ səviyyədə təmin etmiş və bunu divan boyu yerinə yetirmişdir. M.Məhəmmədi bu baxımdan məntiqi nəticə çıxarmaqla böyük şairin qəzəl yaradıcılığına tamamilə düzgün qiymət vermişdir: divan boyu “təkrarlanan motiv və obrazların çeşidli variasiyaları müxtəliflik və rəngarənglikdə birlik və eyniyyət yaradır”.
Müəllif bu sintezi farsdilli poeziyada mövcud olmuş müxtəlif fikir cərəyanlarının və məktəblərinin sintezində görür: Xəyyamın rasionalizmi, Ruminin vəcd və coşqunluğu, Nizaminin psixologizmi, Sədi dilinin sadəliyi və axıcılığı Hafizin yaradıcılığında birləşmişdir.
Məlum olduğu kimi, Hafizin poeziyasında mistika kosmoqonik məsələlərdə, Allah və insan, dünya və axirət kimi problemlərin həllində özünü göstərmişdir. Kitabın müəllifi bu məsələ ilə bağlı mühakimələrini ayrı-ayrı qəzəl nümunələri əsasında ümumiləşdirərək belə düşünür ki, şairin lirik qəhrəmanı bütün bəşər övladının adından çıxış edir, beləliklə, onun poeziyası müxtəlif xarakterə, dünyagörüşünə və həyat tərzinə malik insanların mənəvi tələblərinə cavab verir.
Böyük sənətkar təsəvvüfün konseptual müddəalarını qəbul edərək onun bədii imkanlarını genişləndirməyə çalışmışdır. Müəllif Hafizin yaradıcılığı haqqında fikir söyləyəndə müqayisə metodundan istifadə edir. Onun təsəvvüf cizgilərini Füzuli şeirindəki təsəvvüflə və Şəms Təbrizi müdrikliyi ilə tutuşdurur. Bunun üçün başlıca dəlil Hafiz kimi Füzulinin də heç bir təriqətə mənsub olmamasıdır. M.Məhəmmədi Hafiz poeziyasındakı etiraz ruhunu duyaraq onun səciyyəsini verir və ədəbi təhlildə bir müddət mövcud olmuş standart yanaşmalardan uzaqlaşır. Onun fikrincə, şairin etirazı yalnız din xadimlərinə deyil, cəmiyyətdəki riyakar və saxtakar nüfuz və mənsəb sahiblərinə qarşı idi. Bu etirazda "gah kəskin rişxənd, gah yüngül istehza və kinayə" ehtiva edən bir gülüş vardır. Müqayisəyə əl atan müəllif bu gülüşü şairin müasiri Übeyd Zakaninin satirasından daha güclü təsir bağışlayan və "bəsirətdən doğan bir ironiya" adlandırır.
M.Məhəmmədi Hafiz lirikasının estetik təsirini ümumiləşdirərək, onun dramatik və ziddiyyətli mənzərəyə, qəribə bir coşqunluq və sevinc, ümid və nikbinlik ruhuna malik olduğunu göstərir və narahat dünyamızda sevgi ilə yaşayan şairin qədrinin bilinməsini gərəkli sayır.
Dünya poeziyasının əvəzsiz simalarından sayılan Sədi və Hafiz irsinin öyrənilməsinə bir töhfə olan M.Məhəmmədinin "Sədi və Hafiz" kitabı Azərbaycan şərqşünaslıq məktəbinin səmərəli işinin davam etdiyini göstərir və onun müəllifinin bizi yeni tədqiqatlar və kitablarla sevindirəcəyindən soraq verir.

“Ədəbiyyat qəzeti”, 19 mart 2004-cü il


Davamı

AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ

LAURA CƏBRAYILLI

Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar…
Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.

Bax, bu dil məsələsi bizim tarixşünaslığın, şərqşünaslığın ən yaralı yeridir. Alimlərimiz minbir əziyyətlə tapa bildiklərini elə qəliz şəkildə dilə gətirirlər ki, onları asanlıqla başa düşmək olmur. Məsiağa Məhəmmədi isə savadlı, dünyagörüşlü, məlumatlı və həm də ana dilli araşdırıcıdır. O, "Tədqiqlər və tərcümələr" adıyla Azərbaycan ədəbiyyatının ən qarışıq dövründən, İmam Qəzzali, Xacu Kirmani, Kəlim Kaşanidən danışır. Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Şeyx Məhəmməd Xiyabani ilə çağdaş oxucunun rahat dərdləşməsinə imkan, şərait yaradır.
Müəllif çox vaxt fərqli şəkildə yozulan farsdilli ədəbiyyata qayıdır, amma türk yazarlarını nəyin bahasına olursa-olsun, sudan quru çıxarmağa çalışmır. Həqiqəti axtarır və gəldiyi nəticələri hisslə yox, məntiqlə yazır. Çünki hisslə-pafosla özünü aldada bilərsən, amma başqalarını yox. Bizim isə əslində nə özümüzün, nə də başqalarının gözündə böyüməyə ehtiyacımız var. Biz özümüzü elə olduğumuz kimi görsək, tapsaq, tanısaq – bəsimizdir.
Bəs keçmişdə bizim nəyimiz görünür? "Nizami və Qəzzali", Əbu Səid Əbülxeyrin "Qırx məqam" risaləsi, "Tərzi Əfşar və onun "tərzi", "Yusif Qarabaği və onun "Yeddi bağ" əsəri", "Qəribə xəyallı şair" – Saib Təbrizi… Hamını düşündürən suallara bu məqalələrdə aydın cavab tapılır. Üstəgəl, tərcümələr –Baba Kuhi Bakuvi "Həllacın həyatı və ölümü", Şəms Təbrizi "On hekayət", Şeyx Məhəmməd Xiyabani "Yüz kəlam"…
Elədir, hamısı qiymətlidir, maraqlıdır. Müəllif bizim əvəzimizə işlərin hamısını görüb. Bircə qalır kitabı tapmaq və tənbəlliyin daşını atmaq. Çətin deyil ki?!


"Vətəndaş Həmrəyliyi" qəzeti, № 66 (281), 2004-cü il


Davamı

İlham Qəhrəman. MƏSİAĞANIN ŞEİRİ

Hər görüşdə - girəvədə
«Təzə nə var?» soruşur.
Elə soruşur - elə bil
bağbandan bir tamarzı
təzə nübar soruşur.

Vay o gündən əlim boş ola,-
gözü qırımımdan
bir şey almaya.
Qara bulud olur,

sifətinə çən gəlir,

Çay içiriksə,
çayı yerə qoyur,
yemək yeyiriksə, çəngəli.
Deyirəm, ay Məsi,
ay pir olmuş,
əgər qabımda bir şey varsa,
bu qələm, bu baş durur…
Əl çəkmir zalım
pişiyimi ağaca dırmaşdırır.

2

Get o dosta, şeirim,
Çoxdandı gözə dəymir,
«Gördüm» deyən də yoxdu.
Gilənar sovulandan,
Alma dəyəndən yoxdu.

Get o dosta, şeirim,
Bəlkə bu axşam o da
elə mən kimi qərib.
Sənə görə o məni
ağ yuyub, qara sərib.

Get o dosta, şeirim,
Tanış ev, tanış ocaq.
O səni görən kimi
eynəyi geri basıb
oxuyub qımışacaq.

Get o dosta, şeirim,
Məsimiz dost sanbalı,
Məsimiz dost ağırı.
Ürəklər bənd olan tel
Ağappaq dost cığırı.
Var o dosta, şeirim.


Davamı

Nizami Cəfərov. ƏDƏBİYYATŞÜNAS-MÜTƏFƏKKİR

XIX əsrin sonu – XX əsrin əvvəllərində dünya, birinci növbədə rus şərqşünaslıq elminin zəngin ənənələri əsasında formalaşan Azərbaycan şərqşünaslğı XX əsrin sonu – XXI əsrin əvvəllərində öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır: İkinci dünya müharibəsindən sonra yetişmiş Ziya Bünyadov, Rüstəm Əliyev, Vaqif Aslanov… kimi görkəmli Azərbaycan «sovet şərqşünasları»nın tələbələri keçən əsrin son onilliklərindən başlayaraq öz sələflərinin görmüş olduqları böyük işləri sadəcə davam etdirməklə kifayətlənmir, bir tərəfdən milli müstəqillik düşüncəsinin total ideoloji təsiri ilə Azərbaycan şərqşünaslıq məktəbinin özünəməxsus metodoloji əsaslarını axtarır, digər tərəfdən, dünya şərqşünaslığının peşəkarlıq texnologiyasına yiyələnməyə, çoxspektrli elmi-ideoloji, siyasi maraqları səviyyəsinə qalxmağa çalışırlar.
Azərbaycan şərqşünaslığının, ənənəvi olaraq, üç istiqaməti daha çox inkişaf etmişdir: türkologiya, iranşünaslıq və ərəbşünaslıq.

XIX əsrin sonu – XX əsrin əvvəllərində (əslində 30-cu illərə qədər) bu sahələrdən ən populyarı türkologiya idi, XX əsrin 30-cu illərindən sonra respublikaya ideoloji basqıların nəticəsi olaraq (xüsusilə Azərbaycan xalqının genezisi ilə bağlı yanlış rəsmi mülahizələrdən irəli gələrək) türkologiya, prinsip etibarilə, yasaq edildi. Və məhz bundan sonra iranşünaslıq qarşısında «maneəsiz» inkişaf üçün geniş meydan açıldı… Azərbaycan şərqşünaslığının, ümumiyyətlə, şərqşünaslığın əsaslarını təşkil etmiş ərəbşünaslığa münasibət isə həmişə islam dininə rəsmi ideoloji münasibətlə bağlı olaraq çox mürəkkəb xarakter daşımışdır ki, bu, ayrıca bir söhbətin mövzusudur…
Azərbaycan iranşünaslığının son nəslinə aid kifayət qədər görkəmli bir nümayəndəsinin – Məsiağa Məhəmmədinin «Tədqiqlər və tərcümələr»ini hörmətli oxucuların, xüsusilə şərqşünas-iranşünasların mühakimələrinə təqdim edərkən söhbəti bir qədər uzaqdan başlamağım təsadüfi deyil… Azərbaycanın iranşünaslığa, obyektiv bir elm olaraq (sözün klassik mənasında!) böyük ehtiyacı vardır. «Azərbaycan» sözünün etimolgiyasından tutmuş QətranTəbrizi, Xaqani, Nizamiyə, hətta İran mədəniyyətinin tənəzzül dövründə yaşamış Saib Təbriziyə qədər Azərbaycan türk düşüncəsi tarixinin öyrənilməsində iranşünaslığın gördüyü (və görəcəyi!) iş heç bir digər sahə üzrə mütəxəssislərin səlahiyyətində deyil. Lakin azərbaycanşünaslıq üçün bu qədər zəruri olan iranşünaslıq araşdırmaları o zaman metodoloi problemlər yaradır ki, türkologiyanın tarixi fakturasına da interpretasiya vermək iddiasına düşür… və bu zaman iranşünaslıq öz meydanını buraxıb başqa meydanda at oynatmaq fikrinə düşən yalançı cəngavəri xatırladır. Onun hərbə-zorbaları, qeyri-adi təşbehləri, mübaliğələri yalnız məsələnin mahiyyətinə aşina olmayanların başını gicəlləndirə bilir.
Məsiağa Məhəmmədi özünün bilavasitə müəllimi professor Rüstəm Əliyevin təsiri ilə iranşünaslıq araşdırmalarını sözün geniş mənasında mətnşünaslıqdan başlamış, gənc yaşlarında poeziyada «hind üslubu»nun görkəmli nümayəndəsi Saib Təbrizinin yaradıcılığı barədə Azərbaycan ədəbiyyatşünaslığının dəyərli əsərlərindən birini yaratmaqla hələ neçə illər bundan əvvəl yetkin bir iranşünas-şərqşünas olduğunu təsdiq etmişdir. Lakin müəllimindən fərqli olaraq, Məsiağa Məhəmmədi elə ilk mükəmməl əsərində mətnşünaslıq problemləri çərçivəsindən kənara çıxmağa, müasir filologiyanın maraqları miqyasında elmi-nəzəri mülahizələrini irəli sürməyə çalışmış, rus-sovet şərqşünaslığının ideya-məzmun özünəməxsusluqlarından nəticə etibarilə imtina edən «farsdilli ədəbiyyat» eklektikasında zəruri diferensiasiya axtaran klassik şərqşünasların arxasınca getməyə, farsdilli mətnin «etnik anatomiyasını» aşkarlamağa cəhd etmişdir.
Məsiağa Məhəmmədinin «Tədqiqlər və tərcümələr»inin əsas obyekti Azərbaycan ədəbiyyatıdır… O, İmam Qəzzalidən,Xacu Kirmanidən danışanda söhbətin əsas mövzusu Nizami, Kəlim Kaşanidən bəhs edəndə Saib Təbrizi olduğu kimi, müasir fars poeziyasına baş vuranda da mətləb böyük Şəhriyarın ədəbi-estetik mövqeyidir. Azərbaycan türkcəsinə birinci növbədə məhz Baba Kuhi Bakuvini, Şəms Təbrizini, Şeyx Məhəmməd Xiyabanini tərcümə edir… Və bu ədəbiyyatşünas işini həm də bir ideoloq-metodoloq kimi görən müəllif özünün sadə bir ədəbiyyatçı deyil, aydın mövqeyi ilə seçilən ədəbiyyatşünas-mütəfəkkir olduğunu təsdiq edir.
Mənim dərin inamıma görə, tarix elə gətirib ki, Azərbaycanı həm türkoloqlar, həm ərəbşünaslar, həm iranşünaslar, həm də qafqazşünaslar öyrənməli olmuş, bu sahələrin hər biri üzrə mütəxəssislər azərbaycanşünaslığa həmin sahələrin yalnız uğurlarını deyil, problemlərini, qüsurlarını da gətirmişlər. Və Azərbaycan xalqının tarixi öyrənildikcə türkologiya azərbaycanşünaslığın nəinki metodoloji «qida mənbələri»ndən birinə, bütövlükdə onun kontekstinə çevrilir. Odur ki, istər qafqazşünaslıq, istər iranşünaslıq, istərsə də ərəbşünaslıq Azərbaycanı (onun tarixini!) öyrənərkən türkologiyanın metodoloji nəzarətindən kənara çıxmamalı, «sərbəst» qərarlar qəbul etməməlidir. Məsələn, Nizaminin yaradıcılığı ilə uzun müddət yalnız iranşünaslığın məşqul olması ucbatından böyük Azərbaycan (türk!) mütəfəkkirinin qədim (və ilk orta əsrlər) türk eposundan gələn ideya-estetik mənbələri, demək olar ki, unudulmuş, daha çox «Nizamidə türk sevgisi» kimi absurd bir mülahizə ilə kifayətlənilmişdir. İran(fars-)dilli Azərbaycan, ümumən türk ədəbiyyatı məhz Azərbaycan, ümumən türk ədəbiyyatı olsa da, onun müəyyən ideya-məzmun, poetika-forma özünəməxsusluqları vardır ki, bu da nəinki yalnız həmin ədəbiyyatı, büövlükdə İran(fars-)dilli ədəbiyyatı milli sərhədlər qoymadan uzun illər iranşünas-filoloqların bölünməz tədqiqat obyektinə çevirmişdir: Rudəki, Firdovsi, Xaqani, Nizami, Ömər Xəyyam, Sədi Şirazi, Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Saib Təbrizi… kimi müxtəlif etnik-kulturoloji regionlarda, müxtəlif ideya-estetik dövrlərdə yaşamış böyük sənətkar-mütəfəkkirləri birləşdirən, yəqin ki, təkcə onların hansı dilə üstünlük verməsi deyil, eyni zamanda linqvistik poetikaları, bir-birlərinə yaxından və ya uzaqdan ideya-mündərəcə, süjet-poetexnologiya təsirlərdir. Və klassik şərqşünaslığın əsaslandığı belə bir metodoloji müddəa da gərək yanlış olmasın ki, bu cür daxili birlik müəlliflərin milli mənsubiyyətindən asılı olmayaraq orta əsrlər ərəb-, fars- və türkdilli ədəbiyyatın ümumən ruhundadır… Odur ki, istənilən şərqşünas öz tədqiqat obyektinə ciddi (və kompleks) yanaşarkən qlobal bir paradoks qarşısında qalır: bir tərəfdə milli (regional) müəyyənlik, yəni aydın əlamətləri ilə seçilən ərəb, fars, türk özünəməxsusluqları; o biri tərəfdə eyni dərəcədə aydın görünən ümumi cəhətlər, ideya-estetik universallıqlar… Və mədəniyyətlərin qarşılıqlı asılılığının qəribə bir iyerarxiyası:
Ərəblər ərəbcə, farslar həm farsca, həm də ərəbcə, türklər isə həm türkcə, həm farsca, həm də ərəbcə yazırlar.
Bunun səbəbi nədir? Dillərin bir-birindən fərqli nüfuz səviyyələrimi, yoxsa xalqların bir-birindən fərqli ünsiyyətə girmək qabiliyyəti, milli düşüncənin (mədəniyyətin) dünyaya maraq genişliymi?..
«Tədqiqlər və tərcümələr» müəllifi yalnız konkret problemlər deyil, eyni zamanda mücərrəd paradokslar qarşısındadır. Bununla belə mən əminəm ki, Azərbaycanda öz metodoloji mövqeyini dəqiqləşdirmək dövrü yaşayan şərqşünaslığın, xüsusilə iranşünaslığın bu cür paradoksları, problemləri nə qədər çox (və bundan sonra hələ artmalı) olsa da, Məsiağa Məhəmmədi kimi öz kamillik dövrünə qədəm qoymuş mütəxəssislərin araşdırmaları şərqşünaslığın «mübhəmlər»ini aydınlaşdırmaqda, xüsusilə Azərbaycanın Şərq dünyasındakı tarixi mövqeyini müəyyənləşdirməkdə keyfiyyətcə yeni mərhələnin əsaslarını yaradacaqdır. Bu isə həmişə təvazökar tədqiqlərdən, tərcümələrdən başlayır…

(Professor, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərovun «Tədqiqlər və Tərcümələr» (Bakı, 2004) adlı kitabıma yazdığı ön söz)



Davamı

C.Yusifli. "TƏBRİZDƏN DOĞAN GÜNƏŞ"İN HƏQİQƏTİ

yaxud

Bir addım kənarda gülümsəyən adam...

Son zamanların dünyanı başına götürən anti-ədəbi və psevdo-elmi yazıların içində başını götürüb gizlənmək istədiyin anda elə bil, böyük sufi Rumi demişkən, yatdığın anda üzünə su çilənir (...qalx ayağa və əbədiyyətin badəsini əlinə al/ yerdə qalan mətləbi sənə gizlində eşq deyəcək...), bir az toxtaq olursan. Ancaq... yenə də, bu qədər yazı-pozunun içində əsas olan şey - fərq - yazan adamın özünün özündən fərqi... yoxdu, qəhətə çıxıb, oxumaq istədiyin şeylər su kimi məchul bir ünvana axıb gedir, nə özünü, nə də səni saxlayır. Bir də, elə bil bütün bu anti-ədəbi və psevdo-elmi qaralamaların "mahiyyətinin" təsdiqi kimi, bu qələmçilərin bağladıqları kitablar da balaca bir maşına qoşulan çox uzun qoşquya bənzəyir... Kitabların arxasında, o üz-bu üzündə boya ləkəsi kimi görünən rəylər, dünyanın və məmləkətimizin böyük söz adamlarının bu "zalım tifil" haqqında referansları...bilmirsən, nəyi oxuyasan, qərara gəlirsən ki, kitabı bağlamaq lazımdı. Açılmamış bağlanan kitab metaforası bu günümüzün ədəbi gəzişmələrini səciyyələndirən ən doğru, ən dürüst təyindir.
Yaxınlarda bütün bu narahatlığı unutduran, filologiya elmimizin gələcəyinə böyük ümidlər doğuran iki yazı oxudum və bu kiçik yazıda sayğılı "525-ci qəzet"in oxucuları ilə fikirlərimi bölüşmək istərdim. Söhbət dostum, görkəmli şərqşünas-filoloq və tərcüməçi Məsiağa Məhəmmədinin qəzetin keçən şənbə sayında çap edilən "Təbrizdən doğan Günəş" və "Xalq qəzeti"nin 25 oktyabr tarixli sayında yer alan "Mövlana nə deyir?" yazılarından gedir.

Hər iki yazını fərqləndirən əsas cəhət sözü gedən mədəni epoxanın gizlinlərini, ümumi mənzərəsini bilmək, hadisənin mahiyyətini bəlirləyən ifadə və çalarları düzgün şəkildə tapmaq və sadə dildə çatdırmaqdır. Hər iki məqaləsində müəllif məhz dövrü və haqqında söz açdığı sənətkarların yaradıcılıq sirlərini (və hər ikisini bir yerdə şərtləndirən məntiqi!) dərindən bildiyi üçün onlardan əksər yazılarda olduğu kimi orta əsrlər mədəniyyətinin doğurduğu kateqoriya kimi bəhs edir. Qəribədir, biri söz yazır, insanları ovsunlayır, qaranlıq və zülmət içində qərq olan dünyaya işıq salır, o biri sözə sığmır, sözdən və dünyadan baş götürüb qaçır və elə hərəkətlər edir ki, haçansa dünyada olması da təəccüb doğurur: doğrudan o bir məcaz idi, yoxsa gerçək? Şəms Təbrizidən gətirilən sitatda deyildiyi kimi:

O Xəttat üç cür yazı yazdı,
Birini ondan başqa heç kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə o oxudu, nə də başqaları –
O üçüncü yazı mənəm!

Şəms Təbrizi işıq mənbəyidir, enerji qaynağıdır, bu qaynaq olmadığı halda nəinki Rumidən, ümumən o dövrdən bir ədəbi kateqoriya kimi bəhs etməyin mənası qalmır. Ona görə də, müəyyən mənada "Rumi ili" anlayışı qüsurludur, Ruminin öz ideyalarına uyğun gəlmir (Rumi divanını "Şəmsin divanı" adlandırmışdı). Şeirlərinin birində Rumi yazırdı ki: Tər içində Ay kimi bət-bənizin ağarsa/ Ürəyində birdən dərin bir boşluq hiss etsən/ Şəmsin gözləriylə baxıb gözəlliyi görəcəksən...
Şəms, Rumi, Həllac, İbn Ərəbi.... haqqında dünya çapında bir çox maraqlı tədqiqatlar çap edilsə də (Henri Korbin. İbn Ərəbinin sufizmində yaradıcı təxəyyül. Flammarion, 1958; Klod Addas. İbn Ərəbi və qayıdışsız səfər. Söy nəşriyyatı, 1996; Annemari Şimmel. Ruhun alovu. Albin-Mişel, 1998; Eva dö Vitray-Meyeroviç. Rumi və sufizm. Söy nəşriyyatı, 1977; Lui Massinyon. Həllacın Eşqi. Qayyimar, 1975), bizdə etiraf edək ki, hələ də onların qoyub getdikləri əsərlərin tənqidi mətnləri hazırlanmamışdır. Bütün bu şəxsiyyətlərin yaradıcılığı anti-filoloji yönlərdən (daha çox İrandan ixrac edilən kitabların təfsiri və plagiat formasında) öyrənilir. Poetik tərcümələrə gəldikdə isə burada vəziyyət daha acınacaqlıdır. Bu meyxana ritmli tərcümələri heç yana çıxarmaq mümkün deyildir. Çox yaxşı ki, Mədəniyyət Nazirliyinin layihəsi əsasında Rumi yaradıcılığının professional tərcüməsi işinə başlanmışdır və əsas tərcüməçilərdən biri də M.Məhəmmədidir. Bizə belə gəlir ki, bu layihə gerçəkləşdikdən sonra Rumi yaradıcılığının müxtəlif yönlərindən bəhs edən yüksək səviyyəli tədqiqatların yaranacağına inanmaq olar. Dünyanın çoxdan tanış olduğu, özü də professional alimlərin tərcümələri və tədqiqatları əsasında tanış olduğu bu çox ciddi mətnlər ana dilimizdə danışandan sonra hələlik az şeylərə ümid etmək olar. O mənada ki, bu şəxsiyyətlər və dövrlər haqqında milli filologiyada əvvəldən düzgün araşdırma prinsipləri işlənib-hazırlanmamışdır. Nizami, Füzuli, Nəsimi və digər şəxsiyyətlər, onların yaradıcılıqları haqqında qələmə alınan monoqrafiyaları oxuyanda gülməyə bilmirsən. "525-ci qəzet" və "Xalq qəzeti"ndə təqdim edilən bu iki yazı həm də filoloji səviyyəsi etibarı ilə səciyyəvidir. Ancaq heyf ki, bu tipli yüksək professional səviyyədə yazılan məqalələri hər deyəndə oxuya və tapa bilmirsən. Çox təəssüf ki, bizdə filoloq formalaşmır, inkişaf etmir, təkmilləşmir, ancaq "yetişir"... İşığı zülmət qaranlığın hansısa künc-bucağında deyil, sadəcə həmişə olduğu yerdə aramaq lazımdır. Yəni bu tipli yazılara çox yer vermək gərəkdir.
Sonda dostuma böyük yaradıcılıq uğurları arzulayır və fikrimi yenə də Ruminin sözləriylə bitirmək istəyirəm:

DİVANƏLİK

Sənin məhəbbətin
Şərabla qanıma qarışanda
Ağlımı itirdim! Günüm gecəyə döndü.
Divanələr dörd bir yana qaçdılar!
O vaxtdan əllərim əsir,
İşim-gücüm lələk sındırmaqdır.
Kirpiklərini vəsf etmək istəyirəm,
Ancaq dəftər-kağızı qaralayıram!

“525-ci qəzet” 27 oktyabr 2007


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər