"Cahan" jurnalının redaktoru Məsiağa Məhəmmədi "PF"-in sorularını cavablayır
- Məsiağa bəy, "Cahan" jurnalının yaranması hansı zərurətdən doğdu; həm də zərurət vardımı, ya bu sadəcə mass-media sırasına təzə adlı bir məhsul çıxarmaq cəhdiydi…
- Şübhəsiz, zərurət vardı. Ən azı ona görə ki, zərurətdən yaranmayan şey bu gün belə geniş söhbət mövzusu olmaz, əks-səda doğurmazdı. Həmin zərurətsə, "Cahan"ın meydana çıxdığı dövrdə, yəni təqribən bir il öncə cəmiyyətimizin intellektual və psixoloji durumundan irəli gəlirdi. Beyinlərdə aclıq yarananda artıq heç bir reaksiya doğurmayan ibarələrin aramsız təkriri ilə onların "ağzından vurmaq", yaxud onları yeni miflərlə doyuzdurmaq yox, təzə ideyalar və alternativ dəyərlər təklif etmək və beləliklə, onlara seçim imkanı yaratmaq lazımdır. Jurnal nəşrə başladığı vaxtdan bəri mətbuatımızda, ədəbi-mədəni mühitdə, ictimai düşüncədə müşahidə olunan dəyişikliklər də onun meydana çıxmasını şərtləndirən zərurətin obyektivliyini və reallığını təsdiq edib.
- Sanki jurnalda iki qol var: islam düşüncəsinin daha dərin qatları və artıq mövcud olmuş özgə və bir az da çağdaş qatla ədəbi proseslərə öz kontekstinizdə yanaşma… Beləmi?
- Təqribən elədir. Bəziləri həmin qolları Şərq və Qərb kimi, bir çoxları da Azərbaycan və dünya şəklində konkretləşdirirlər. Əvvəla, onu deyim ki, "Cahan" heç də sırf ədəbi jurnal deyil, onun təməlində elmi-fəlsəfi düşüncə dayanır. Yəni biz yarandığı zərurətə uyğun olaraq, onu belə görmək istəmişik. Əslində jurnalda gedən bədii materialı – şeir və hekayələri mən elmi məqalələrin davamı kimi oxuyuram və əksinə. İkincisi, dediyiniz qolların mövcudluğu jurnalın yaradıcı kollektivinin istək və zövqündən deyil, gerçəklikdən – Azərbaycanın coğrafi və mədəni mövqeyindən irəli gəlir. Belə ki, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan öz mədəni mənliyini məhz bu kəsişmədə tapa bilər və tapmalıdır. İstənilən istiqamətdə birtərəflilik ziyanlıdır. Şərq dinləri və mədəniyyətlərinin güclü təsiri ilə Qərb düşüncəsi bir neçə mərhələdən ibarət mürəkkəb inkişaf yolu keçib, yeni problemlərin həlli ilə məşğul olub, çeşidli nəzəriyyələr formalaşdırıb, Qərb cəmiyyətinin indiki sosial-mədəni strukturunu meydana qoyub. Bu prosesin mənzərəsi və mahiyyəti bizdə bütün tamlığı ilə təsəvvür olunmur. Belə olan halda beynəlxalq sistemə siyasi və iqtisadi inteqrasiya da çətinliklərlə üzləşəcəkdir.
Bizim fəaliyyətimizin əsasında imkanımız daxilində bu çatışmazlıqları aradan qaldırmaq niyyəti durur. Belə demək mümkünsə, biz boşluqlarda işləməyə çalışırıq. Jurnalın saylarından göründüyü kimi, biz bu işdə tərcümə materiallarına geniş yer veririk. Bəziləri bunu bizə irad tutur. Lakin biz başqa yol görmürük və məncə, başqa yol, ümumiyyətlə, mövcud deyil. Cəmiyyətə yeni fikirlər, anlayışlar, təsəvvür və obrazlar gətirməyin sınanmış və səmərəli üsulu budur.
- "Cahan"dan baxanda Azərbaycanda ədəbi proses görünürmü? Varsa, bu prosesə qoşulmaq cəhdləriniz bəzi məqamlarda problem yaratmır ki? Və bu sahədə planlarınız varmı?
- Köhnə anlamda ədəbi proses yoxdur və yəqin ki, heç lazım da deyil. Ədəbi prosesi məhz köhnə keyfiyyətdə dirçəltmək, özülü və divarları uçmuş binanın damını uzaqdan baxanlar üçün dirək qoyub saxlamaq cəhdləri əbəsdir. Məncə, ədəbiyyatımızın indiki vəziyyətini normal və təbii qəbul etmək lazımdır. Ədəbi nəşrlər hansısa proses illüziyası yaratmaqdansa, ədəbiyyata öz axtarışlarını rahat şəkildə aparmaq imkanı yaradıb bu axtarışlara düzgün yöndə təkan verməyi bacarmalıdır. "Cahan"ın ədəbi həyatda iştirakını da məhz bu cür görürəm: ədəbi yaradıcılığın səviyyəsini əks etdirmək və öz materialları ilə ona təsir göstərmək. Bu işdə elə bir ciddi problemimiz olmayıb. Olubsa da, yeni nəşrin, yeni şəxslərin ədəbi mühitdə yerini tapması ilə bağlı təbii çətinliklər olub və artıq arxada qalıb.
- "Cahan" ədəbiyyat və mətbuat bazarına daha nələr vəd edir? Sizin üçün bu bazar anlamının mövcudluğu narahatlıq yaratmır ki?
- Bütövlükdə jurnalın bu il çıxmış üç sayında (dördüncü də çapa hazırdır) müəyyənləşmiş istiqamətləri davam etdirmək, daha da dolğunlaşdırmaq niyyətindəyik. Bazar məsələsi isə, təbii ki, narahatlıq doğurur. Özü də əməlli-başlı. Çünki ədəbiyyat, elm, mədəniyyət elə şeylərdir ki, onları bazarın ümidinə qoymaq olmaz. Bazarın meyarı belədir: əgər sənin malın alınmırsa, ya pisdir, ya da heç kəsə lazım deyil. Elmi, ədəbi əsərə bu cür yanaşma yolverilməzdir. Çünki onun "istehlakçısı" bu gün bir nəfər də ola bilər, sabahsa həmin bir nəfər min nəfərə çevrilər. İbn Sina ilə bağlı bir rəvayət var. Deyirlər, onun mədrəsə yoldaşları çox şuluq imiş, müəllim dərsi danışanda heç biri qulaq asmazmış – bircə İbn Sinadan başqa. Bir gün mədrəsə müdiri səs-küyü eşidib dərs otağına girir, müəllimin təmkinini pozmadan danışdığını görüb deyir: "Axı sənə qulaq asan yoxdur, kimə danışırsan?" Müəllim: "Yox, qulaq asan var, mən arxada oturan o balaca oğlan üçün danışıram" – deyə İbn Sinanı göstərir. Sonralar bu balaca oğlan öz yaradıcılığı ilə Şərqi də, Qərbi də fəth etdi və əslində müəlliminin sözlərini də insanlara çatdırdı. Elm də, ədəbiyyat da belədir. Sabah heç bir iqtisadi mənfəət bu gün mədəniyyətin məruz qaldığı itkinin yerini doldurmağa qadir olmayacaq.
Söhbətləşdi: Məqsəd Nur
"press-FAKT" qəzeti, № 46(155), 26 dekabr 1997-ci il
(Başlıq bizimdir – M.M.)
Füzulinin məşhur : “Can sözdür, əgər bilirsə insan; sözdür ki, deyirlər özgədir can” – misralarına bizim, necə deyərlər, köhnə ədiblər də diqqətsiz qalmayıblar, müasir, ələlxüsus gənc ədəbiyyatşünas və tənqidçilər də onun ətrafında yetərincə mülahizələr söyləyiblər. Amma qəribədir, həmin beytin kosmoqonik və mistik mənalarını bir kənara qoyub sırf filoloji anlamına söykənsək belə, gerçək ədəbi tənqid və təhlildə onun bir qayda olaraq, unudulduğunun şahidi oluruq: sözün sehrindən, ovsunundan bol-bol dəm vuranlar çox zaman bədii əsərin “cismindən”, əski terminologiya ilə desək, “ləfz”dən, “surət”dən danışıblar, “məna” (mə'ni) isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır.
Amma nə yaxşı ki, istisnalar var: Cavanşir Yusiflinin bu kitabında toplanmış yazıları kimi! Bu yazıları mən “yeni tənqidin” nümunələri kimi oxudum; diqqət yetirsəniz, burada əsas etibatilə mövzu, məzmun, ideya, süjet anlayışlarından deyil, söz, işarə, mətn kateqoriyalarından çıxış edildiyini aydınca görərsiniz. Elə bunun sayəsində Cavanşir həmin yazılarda ilk növbədə özünü ifadə edir (hətta mən deyərdim ara-sıra çap etdirdiyi seirlərindən daha yaxşı ifadə edir), özü demiş, öz dilini yaratmağa çalışır ki, haqqında yazdığı əsərlərlə söhbəti tutsun. Buna görədir ki, o, istər klassiklərlə (Axundov, Mirzə Cəlil), istər müasirlərlə (Əli Kərim, Vaqif Bayatlı), istər əcnəbi, istərsə də milli yazıçılarla (Folkner və Sabir Əhmədli) öz dilində danışa bilir. Cavanşirin yazılarında bədii yaradıcılığın Füzuli anlamına sadiqlik, qəribə bir inadkarlıqla məna və mətləb ardınca qoşmaq, sözün canını tutmaq və demək ehtirası vardır. Bu sahədə uğurları kifayət qədər olsa da, o, bədii mətnin ələ və dilə gəlməyən məqamlarını yaxşı bilir və bu da onun dönə-dönə ədəbiyyatın mahiyyəti, bədii mətnin yaranması və fəaliyyətinin qanunauyğunluqları barədə nəzəri mülahizələr yürütməsinə səbəb olur. Beləliklə, əgər biz digər sahələrdə olduğu kim, ədəbi-nəzəri fikir sahəsində də sivil dünyaya inteqrasiya olunmaq istəyiriksə, deyə bilərəm ki, Cavanşirin yazıları “beynəlxalq standartlar” səviyyəsindədir. Bu yazılarda klassik Şərq ədəbi tənqidinin (“nəğdi-ədəbi” adlanan elmin) ənənələri ilə çağdaş Avropa ədəbiyyatşünaslığının metodları ahəngdar şəkildə çulğaşmışdır. İkinci bir cəhət həmin yazılarda elmiliklə bədiiliyin uğurlu sintezidir. Bizdə elmi və bədii təfəkkürün differensiasiyaya uğramaması, bir-birinə qarışması adətən kədərli nəticələr və bəhrələr verir. Cavanşirin yaradıcılığında isə bu təfəkkür tiplərinin qarışması deyil, üzvü vəhdəti özünü göstərdiyindən, nəticə də səmərəli və yenidir.
Beləcə, C.Yusifli “yeni tənqid” barədə hay-küylərə, ədəbi tənqidin zərurəti və vəzifələri barədə diskussiyalara qoşulmadan onun gerçək nümunələrini yaradır, eyni zamanda ədəbi mühitdə gedən predmetsiz çəkişmələri, süni şəkildə proses yaratmaq cəhdlərini, cərəyançılıq azarını ürək ağrısı ilə izləyir. O, bu çəkişmələrin içində olmasa da, özü demiş, mühit içindədir və mühitə yazıları, tərcümələri vasitəsilə təsir göstərməyə çalışır. Əslində bu kitabdakı yazılar onun ədəbi mühitdə baş alıb gedənlərə münasibəti və cavabıdır. Həmin yazılarda ironik pafos nə qədər güclü olsa da, mən onları son dərəcə ciddi yazılar tək qavradım və sevindim: nə yaxşı ki, hər şeyin ucuzlaşıb bayağılaşdığı bu zəmanədə sözə ciddi yanaşmalar hələ də var!..
(Cavanşir Yusiflinin “Ədəbiyyatda yaşamağın formulu” kitabına (Bakı, “Nurlan”, 2003) ön söz)
Hey şair!
Həyat fikrindəmisən?!
Həyatın buz bağlayan
və küskün çağında.
İnancımın qaşqabaqlı heybətindən
heç bilmirəm
“haradan asım
cırıq-cırıq paltarımı”
Kimdi
çürümüş günəş qalasına hakim?
Pismırıtlı buludlar,
qanadsız quşlarmı?
Qorxaq
və axsaq yaşamışam
insan adında mən
Göyün qamçısı altında
və ölumumdə mutluluq tapmışam .
Gecə gündüz
bölməyəcək özlərini ;
Gecə gecədir,
gündüz də elə gündüz.
Buludlar
ən güclü heykəl
göyün şaqqıltısı tək.
Meşələr
gücsüz
və çılpaq ağaclar tək.
Gah günəş boylanır
gahdan da gecə;
və biz
közərən həsrət də olsaq
yer üzündə gəzirik əlacsız
və qəbirsiz
solğun çiçək tək.
Bu dustağın qıfılları cücərəcək
cücərəcək
cücərəcəkmi?
Qıfıllarının deşiyi
tutulacaq
tutulacaq
tutulacaqmı?
Yabancılıq qəzəbilə yaşayaqmı?
Uçuş zirvəsində
oxuyan bir quş yox.
İkinci hissə
ŞAHANƏ HƏYAT
Məhəmmədrzanın bütün kişilər kimi məxsusi həyatı da var idi və biz bunu bilirdik. Onun şəxsi dostları içərisində əsas yerləri Əsədullah Ələm, Ernest Peron və Huşəng xan Dəvəli tuturdular. Bu dostların sayı tez-tez dəyişirdi. Bəzən doktor Hacibi kimi şəxslər bir neçə aylığa və ya illiyə bu dostlar sırasına əlavə olunur, bəzən də kimlərsə bu siyahıdan ixtisara düşürdü.
Dediyim kimi, Fərəhin Məhəmmədrzaya ərə getməsindən və Sədabad sarayına köçməsindən bir neçə ay keçməmişdi ki, doktor Cahanşah Saleh qızımın hamilə olduğunu xəbər verdi. Sədabad saray kompleksi mərhum Rza şahın dövründə tikilmişdi və onun Yaşıl saray kimi bəzi imarətləri əsl sənət nümunəsi sayılsa da, müasir texniki nailiyyətlər, o cümlədən, ventilyasiya sistemi baxımından bir sıra çatışmazlıqları da vardı. Ən başlıcası, bu kompleks təhlükəsi daim Tehranda mövcud olan zəlzələyə qarşı davamlı sayılmırdı. Buna görə də Məhəmmədrza qərara aldı ki, özü və ailəsi üçün yeni bir iqamətgah tikdirsin və övladı daha yaxşı şəraitdə yaşasın.
Sədabad sarayının həyəti Əlbürz dağ silsiləsinin cənubunda Tehranla üzbəüz yerləşirdi. Sarayın hər iki tərəfdən göylərə baş çəkən çinar ağacları ilə əhatə olunmuş xiyabanlarında gəzişərkən, istər-istəməz ötən illəri yada salır və hələ də inanmırdım ki, bir vaxtlar Şərəfi xanımın dərzixanasında şagird olan mən indi İranın birinci xanımının anasıyam. Bəzən Sədabad sarayının ucalığından Tehranın sayrışan işıqlarının doğurduğu gözəl mənzərəni seyr edərkən, kədərlənirdim ki, niyə ərim cavan ikən dünyasını dəyişdi və sağ qalıb ailəsinin bu xoş günlərinin şahidi olmadı. Hərdən də Təbrizin Şeşkəlan məhəlləsində rəhmətlik qaynanamla birlikdə kiçik bir evdə yoxsulluq və ehtiyac içərisində yaşadığım günləri xatırlayırdım.
Ağ qəsrin güzgülü salonu gözəl və iri heykəllərlə əhatə olunmuş böyük bir hovuzla üzbəüz yerləşirdi və adama elə gəlirdi ki, qədim üslubda hazırlanmış bu heykəllər qəsrin keşiyini çəkirlər. Bəzən axşamlar bədirlənmiş Ayın şüaları Sədabad sarayının həyətində baş-başa vermiş ağacların yarpaqları və budaqları arasından keçib hovuzun səthini gümüş rənginə boyayanda mən asta-asta onun ətrafında gəzişərək diqqətlə heykəllərin üzünə baxırdım və mənə elə gəlirdi ki, həmin heykəllər bu sarayda baş vermiş bütün hadisələri görüblər, amma cansız olduqlarına görə susurlar, dilləri olmadığı üçün Sədabad sarayının sirlərini açıb danışa bilmirlər.
Mən Sədabad sarayını hədsiz dərəcədə sevirdim və qızımla Məhəmmədrza bundan xəbər tutduqda, sarayda mənim üçün xüsusi yer ayırdılar ki, istədiyim vaxt orada qalım. Əlbəttə, Fərəhin Məhəmmədrza ilə izdivacından sonra mən Sədabad sarayının yaxınlığında gözəl bağı olan yaxşı bir evə köçmüşdüm. Bu, Sədabad sarayının ətrafında tikilmiş və Məhəmmədrzanın əmlakı sayılan bir neçə evdən biri idi. Həmin evin sonrakı taleyindən xəbərim yoxdur, bilmirəm indi kimin əlinə keçib.
Sədabada xüsusi marağım olduğu üçün yaşlı xidmətçilərlə və ətrafda yaşayan ağsaqqallarla söhbətlərim əsasında onun qısa tarixçəsini öyrənə bildim və o cümlədən, öyrəndim ki, Rza şah Sədabad kompleksinin tikilişindən sonra alman mühəndislərinin köməyilə Dərbənd istiqamətində böyük tunel qazdırmaqla, Tehranı ölkənin şimalı ilə birləşdirən bir yol çəkdirmək istəyirmiş. Sonralar Fərəh mənə Rza şahın dövründən qalmış bəzi layihələri və sənədləri göstərmişdi. Bu sənədlər və layihələrdən aydın olurdu ki, Rza şah Əlbürz dağının Tehrana baxan cənub ətəklərində meşə saldırmaq niyyətində imiş. Nəzərdə tutlan tunelin layihəsini alman mühəndisləri Fransa ilə İsveçrə arasındakı böyük dağ yollarına bənzər şəkildə hazırlayıblarmış və artıq işə başlamaq istəyirlərmiş ki, İran işğal olunur və Rza şah ölkəni tərk etmək məcburiyyətində qalır, bununla da həmin layihə yaddan çıxır.
Sədabad bütün İranda müstəsna bir təbiətə malik yer idi. Hər yanda şirin və müalicəvi suyu olan bulaqlar çağlayırdı. Bir-birinə hörülmüş ağacların yarpaqları arasından əsən xəfif meh ipək kimi adamın üzünü oxşayırdı. Elə bil havanın cürbəcür güllərin və otların ətri qarışmış xüsusi tamı vardı. Mən acgözlüklə ağzımı açır və sanki Sədabadın bütün havasını udmaq istəyirdim.
Ömrünün əksər hissəsini Rza şaha xidmətdə keçirmiş və onun dəftərxanasının rəisi olmuş mərhum Rəhim Hirad mənə danışırdı ki, Rza şah necə Sədabad bağlarını alıb bir-birinə birləşdirərək, bu gözəl kompleksi yaratmışdır. Sədabaddakı qəsrlər və park 1922-1939-cu illər ərzində tədricən tikilmişdi. Bundan əvvəl Qacarlar yayda dincəlmək və əylənmək üçün burada bir bağ saldırıb eyvanlı bir imarət tikdirmişdilər. Həmin imarət Sədabad ərazisində əvvəlki görkəmində hələ də qalırdı və ondan istifadə olunmurdu.
Rza şah bu kompleksdə övladlarının hər biri üçün ayrıca qəsr tikdirmişdi. (Ümumiyyətlə, o, övladlarını çox sevən bir ata idi). Sonralar Fövziyyə Şahnazı dünyaya gətirdiyi zaman Məhəmmədrzanın göstərişi ilə burada Şahnaz xanım üçün yeni, nisbətən kiçik bir qəsr tikmişdilər.
Rza şahın iş otağı Tehranın mərkəzində, Sepəh küçəsindəki Mərmər sarayda yerləşirdi. Amma onun Sədabad sarayında, əsas salonun daxilində də kiçik bir iş otağı vardı. Rza şahın vəfatından sonra həmin otaq olduğu kimi saxlanmışdı. Məhəmmədrza atasının yadigarlarının qorunmasına xüsusi diqqət yetirirdi.
Sədabad kompleksinə daxil olan sarayları təbii və süni meşələr, güllüklər bir-birindən ayırırdı və onların arasındakı məsafə bəzi hallarda bir kilometrə çatırdı. Odur ki, hərə öz sarayında sərbəst, başqalarını narahat etmədən yaşayırdı.
Əşrəf xanım demək olar ki, hər gecə ziyafət təşkil edirdi, digər şahzadələr də heç bir narahatlıq hiss etmədən vaxtlarını xoş keçirirdilər. Bu ziyafətlərdə ordunun yüksək rütbəli zabitləri, tanınmış siyasi xadimlər, bəzən də mühüm ölkələrin səfirləri, məşhur aktyorlar, müğənnilər və musiqiçilər iştirak edirdilər. Əşrəfin incəsənətə xüsusi meyli vardı və onun yaxın dostları sırasında İranın bir çox tanınmış sənətkarlarına rast gəlmək olardı. Mən bir dəfə onun öz dilindən eşitmişəm ki, 1951-ci il hadisələri zamanı İranı məcburən tərk edib Amerikada yaşayarkən, bir Amerika kinofilmində çəkilmək istəyirmiş. Amma İranın Vaşinqtondakı səfiri bundan xəbər tutub Məhəmmədrzaya məlumat vermiş, o da Əşrəfdən tələb etmişdi ki, Amerika kinoşirkətinin təklifini rədd etsin və şah ailəsinin nüfuzunu qorumaqdan ötrü aktrisa olmaq fikrini başından çıxarsın. Bununla belə Əşrəf həmişə deyirdi ki, əgər peşə seçməkdə sərbəstliyi olsaydı, mütləq aktrisa olardı. O vaxtlar indiki videotexnika və yüngül kameralar mövcud deyildi, buna baxmayaraq bəzən görürdüm ki, operatorlar Əşrəfin dəvətilə Sədabad sarayına gəliblər və onun at çapmasını və ya hovuzun kənarında gəzişməsini, yaxud da sevimli iti Fidellə oynamasını xatirə qalsın deyə, lentə alırlar. Əşrəf həmin lentləri xüsusi salonda dostlarına və qonaqlarına nümayiş etdirir və onlar tərəfindən təqdir olunurdu. Sonralar Əşrəf bəyəndiyi bir çox aktyorlara və müğənnilərə əhəmiyyətli maliyyə yardımları göstərirdi. O belə hesab edirdi ki, sənət adamları maddi baxımdan tam təmin olunmalıdırlar və bununla da yaşayış qayğıları onların fikrini yayındırmamalı, onlar bütün enerjilərini sənətə həsr etməlidirlər. Məhz Əşrəfin təşəbbüsü ilə onun əri Mehdi Buşəhripur İranda yeni və böyük bir kinostudiya yaratdı. Həmin studiyada dünya səviyyəli bir neçə film çəkildi və İran kinosu beynəlxalq bazara çıxdı.
Məhəmmədrzanın anası Tacülmüluk xanım da sənəti çox sevirdi. Əlbəttə, onun zövqü bir neçə onillik əvvələ uyğun idi və gənclərin zövqündən fərqlənirdi. Əşrəf, Məhəmmədrza və Fərəh müasir musiqini, xüsusən cazı və popu bəyənirdilər, Tacülmüluk xanım isə öz məclislərinə xalq musiqisinin ifaçılarını dəvət edirdi. Təbii ki, xalq musiqisinin ünlü ifaçısı, İranın qadın müğənnilərinin başçısı Müluk Zərrabi şahın anasının təşkil etdiyi ziyafətlərin daimi iştirakçısı idi.
Mən bu ziyafətlərdə bir-iki dəfədən artıq olmamışam.
Bir dəfə Əşrəf xanımın ad günündə üç yüz nəfərdən artıq adam iştirak edirdi. Məclis açıq havada təşkil olunmuşdu. Sarayın həyətindəki çəmənlikdə stollar düzülmüş, musiqiçilər üçün də ayrıca yer düzəldilmişdi.
Şah xanədanının əksər üzvləri, hətta bütov ailələlər bir yerə toplaşmışdı. İlk dəfəydi ki, Əşrəf bizim Qütbi nəslinin bir çox nümayəndələrini də məclisinə dəvət etmişdi.
Qızım Əşrəfə bir brilyant boyunbağı, iki sırğa, bir üzük və bir qolbağ, yəni bütöv bir komplekt hədiyyə elədi. Məhəmmədrzanın məsləhəti ilə Fərəhin Londondakı bir hərracdan aldığı bu komplektin qiyməti daha çox onun tarixən qədimliyi ilə müəyyən olunurdu. Deyilənə görə, həmin komplekt Napoleonun məşuqəsi Jozefinaya məxsus imiş və Napoleon onu Jozefinaya hədiyyə edibmiş.
Mən də Əşrəfə məşhur İsveçrə sənətkarının işi olan daş-qaşla bəzədilmiş bir saat (onu bu məqsədlə Fərəh almışdı) bağışladım.
O gecə Əşrəfə çoxlu qiymətli hədiyyələr təqdim olundu. Tehran sənayeçiləri və kapitalistlərinin əksəriyyəti məclisdə iştirak edirdi və onların Əşrəfə verdiyi hədiyyələr içərisində zavodların səhmlərindən tutmuş Tehranın şimalında yerləşən malikanələrin qəbaləsinə qədər hər şeyə rast gəlmək olardı.
Pəhləvi ailəsinin digər üzvləri də hər il ad günlərini və toylarının ildönümlərini qeyd edirdilər. Fərəh deyirdi ki, bu məclisləri keçirməkdə əsas məqsəd qiymətli hədiyyələr toplamaqdır. Mən arxasında xüsusi məqsəd duran bu cür qonaqlıqların təşkili ilə razı deyildim. Fərəh də mənimlə həmfikir idi, odur ki, ad günlərini, toylarının ildönümünü, yaxud yeni ili dar bir çərçivədə, Məhəmmədrzanın və övladlarının əhatəsində qeyd edirdi. Təbii ki, mən də həmişə bu məclislərin iştirakçısı olurdum.
Mənim şahın anası ilə münasibətlərim heç vaxt rəsmi çərçivəldən kənara çıxmadı. Hər şeydən əvvəl deməliyəm ki, Fərəh Məhəmmədrzaya ərə gedəndən sonra mənə necə müraciət etmək üstündə bir xeyli müzakirə getdi. Yadımdadır, 1961-ci ilin martında yeni il münasibətilə Sədabad sarayında təntənəli məclis təşkil olunmuşdu. Mən qızımla Məhəmmədrzanın yanında əyləşmişdim. Doktor Mənuçehr İqbal məclisə daxil olarkən, irəli gəlib əvvəlcə Məhəmmədrzanın, sonra Fərəhin əlini öpdü, mənim də əlimi öpmək istəyəndə, əlimi geri çəkdim. Mərhum general Məhəmməd Xatəmi bunu görüb doktor İqbala dedi: «Banu Diba kiminsə onun əlini öpməsini xoşlamır». İqbal dilləndi: «Mən öz ehtiramımı bildirmək istədim». General Xatəmi pərtliyi aradan qaldırmaq üçün yenidən dedi: «Banu Fəridə Diba dini baxımdan üzrlüdür».
Bu qısa söhbətdə «banu» kəlməsi iki dəfə təkrar olundu. Bir neçə saniyədən sonra Məhəmmədrza dilləndi: «Axtardığım titulu tapdım. Göstəriş verəcəyəm ki, bundan sonra mətbuatdakı xəbərlərdə və sarayın rəsmi məlumatlarında sizi «banu» deyə təqdim etsinlər».
İranda qadınlara hörmət bildirən müraciət forması kimi həmişə «xanım» sözü işlənmişdir, «banu» isə məni başqalarından fərqləndirmək demək idi və xüsusi ehtiramdan xəbər verirdi. Məhəmmədrza bu titulu təsadüfən seçsə də, sonralar Şücaəddin Şəfa mənə dedi ki, bu, kişilərə münasibətdə işlənən «cənab» sözünə uyğun gəlir və ingilis zadəganlarının işlətdiyi «ledi» kəlməsinin ekvivalentidir.
Mənim titulumun müəyyənləşməsi və yerinə düşməsi şahın anasının narahatlığına səbəb oldu. O, düşünürdü ki, belə getsə, gələcəkdə mən də onunla eyni məqamda tutula bilərəm.
Tacülmüluk xanımın baməzə bir əri də vardı ki, xüsusi məclislərdə iştirak edirdi. Onun qiyafəsi və danışıq tərzi adamın yadına komediya qəhrəmanlarını salırdı. Deyirdilər ki, «Zəbihullah Məlikpur» adlandırılan bu kişi Məhəmmədrzanın anasını siğə etmişdir. Amma mən başa düşmürdüm ki, müsəlman olmayan bir kişi müsəlman qadını necə siğə edə bilər.
İsti yay günlərində şahın anası kök və ətli bədəni ilə Zəbihullahla birlikdə sarayın qarşısındakı hovuzda çimirdi və bəzən Məhəmmədrza onlara tamaşa edib əl çalırdı. 1965-1966-cı illərə qədər bu kişi Tacülmüluk xanımın əri kimi sarayda görünürdü, amma həmin tarixdən sonra onu sarayda görən olmadı. Əlbəttə, mən bilmədim ki, şahın anasının ona nə üçün qəzəbi tutub. Bir müddət sonra da eşitdim ki, Məlikpur rəhmətə gedib. Bundan sonra isə varlı podratçı və SAVAK-ın o zamankı rəisi general Nəsirinin dostu Rəhiməli Xürrəm şahın anasının aşnası oldu.
Mən heç də Pəhləvi ailəsinin həyatındakı xüsusi məsələlərin təfərrüatına varmaq fikrində deyiləm, o cümlədən, şahın anasından və Əşrəf xanımdan gördüklərimi yada salmaq istəmirəm, çünki bu, onlardan hayıf çıxmaq cəhdi kimi anlaşıla bilər, axı bəziləri elə düşünürdülər ki, mənimlə şahın anası arasında bir rəqabət var, yaxud mənim Əşrəfi görməyə gözüm yoxdur. Gizlətmirəm, mən də, qızım da şahın anasının, Əşrəfin və müəyyən qədər də Şəmsin qısqanclığından və qızımın şəxsi həyatına müdaxiləsindən narazı idik, amma bu, İranda qaynana və baldızların ənənəvi davranış tərzidir və fərqi yoxdur ki, qaynana şahın anası, yaxud baldız şahın bacısıdır. Mənə və Fərəhə rəğbət bəsləyən Sədabad sarayının köhnə işçiləri və hətta Pəhləvi ailəsinin bəzi üzvləri şahın anası ilə Əşrəfin Fövziyyə və Sürəyyanın şəxsi həyatına müdaxilələri barədə qəribə əhvalatlar danışırdılar və deyəsən, elə bu müdaxilələr onların şahla ailə həyatının pozulmasına gətirib çıxarmışdı. Amma Fərəh Rzanın dünyaya gəlişindən sonra vəliəhdin və İranın gələcək şahının anası kimi öz mövqeyini elə möhkəmlədə bildi ki, onlar tədricən bu mövqe ilə hesablaşıb Fərəhlə münasibətlərdə məsafəni gözləməyə başladılar.
O vaxtlar mən orta yaşlı bir qadın idim, amma ruhi baxımdan özümü olduğumdan xeyli yaşlı hiss edirdim. Bu səbəbdən qətiyyən yenidən ərə getmək barədə düşünmürdüm və ölkənin birinci xanımı Fərəhin anası kimi yeni məqamımda şah sarayına yaxın olan və daha yüksək mövqelərə çatmağı arzulayan bir çox kişilərin diqqətini cəlb etdiyimin fərqində deyildim. Yavaş-yavaş mənə elçi düşənlər tapıldı. Bu elçilər içərisində siyasətçilərdən, ordu generallarından və dövlət məmurlarından tutmuş sahibkarlara və tacirlərə qədər hər cür adama rast gəlmək olardı. Mən yaxşı başa düşürdüm ki, bu şəxslər məni istəmirlər, bu yolla saraya və şah ailəsinə yaxınlaşmaq məqsədi güdürlər.
Ötən illərin əziyyətləri mənim simamda öz izini qoymuşdu və mən həqiqi yaşımdan xeyli böyük və qoca görünürdüm. Bununla belə riyakarlıq və yaltaqlıqla oxunan eşqnamələr eşidirdim ki, bu da məndə ikrah doğururdu.
Elçilərimin çoxu hərbçilər və tacirlər sırasından idi. Deməliyəm ki, hərbçilərdə yüksək rütbələrə çatmaq ehtirası çox böyük idi və bu yolda onlar heç nədən çəkinmirdilər. Mən hələ sizə danışacağam ki, onlar necə öz cavan qızlarını Məhəmmədrza ilə tanış etmək üçün saraydakı ziyafətlərə gətirir və qızım Fərəhin ailə həyatını pozmaq, öz şərəf və namuslarını girov qoymaq bahasına yüksək rütbələrə çatmaq istəyirdilər.
Bəzən ailəsi və çoxlu uşağı olan kişilər mənə evlənmək təklif edirdilər. Bir gün şah ordusunun kifayət qədər cavan komandirlərindən olan son dərəcə üzlü bir «pərəstişkar»ıma dedim: «Sizin ki arvadınız var!» O, həyasızcasına cavab verdi: «Əgər siz məni öz nökəriniz olmağa layiq bilsəniz, onu dərhal boşayaram!»
Bir dəfə də ölkənin ən iri kapitalistlərindən birinin oğlu onunla ailə qurmağımı xahiş etdi. Ona dedim: «Sən mənim oğlum yerindəsən!» Və bir xeyli sözlər söyləyib bu sırtıq gəncin başına ağıl qoymağa çalışdım. O məni dinləyib dedi: «Başa düşürəm ki, mən sizin oğlunuz yaşındayam, amma mənim həyat yoldaşım olmağa razılıq verməsəniz, özümü öldürəcəyəm!»
Təbrizli tacir Rəhim İpəkçi ilə müvəqqəti izdivacımın acı xatirəsi məni elə incidirdi ki, kişilərdən əməlli-başlı zəhləm gedirdi. Xüsusən köhnə əyyamlarda olduğu kimi varlı kişilərin övladları, hətta nəvələri yaşda olan cavan qızları özlərinə arvad etdiyini görəndə, İran qadınlarının dözülməz halına acıyırdım. Şah sarayında, ziyafət və məclislərdə gördüyüm kişilərin demək olar ki, hamısı arvadlarına xəyanət edirdilər, büsbütün etibarsız və vəfasız idilər.
Məndən mənfi cavab alan «pərəstişkar»larımın bir neçəsi hətta Məhəmmədrzanı qabağa vermişdilər ki, məni onlara ərə getməyə razı salsın. Bunlardan biri Əsədullah Ələmin qohumu Münsif idi. Xorasanın cənubundan olan bu narkoman kişi, deyilənə görə, İranın «tiryək kralı» sayılırdı.
1960-cı illərə qədər İranda xaşxaş əkilməsi xeyli rəvac tapmışdı. Xüsusən Məhəllat, Tuysirkan, Məlayir, Nəhavənd, Luristan, cənubi Xorasan, Sistan və Bəluçistan kimi bölgələrdən gələn xəbərlər həmin yerlərdə tiryək ticarətinin geniş yayıldığını göstərirdi. Həmədanda «Qasım dayı» adlı bir şəxs vardı ki, beynəlxalq narkoqruplarla hərtərəfli əlaqələr qurmuşdu.
Mən bu məlumatları hərdən saraydakı yığıncaqlarda eşidirdim.
1960-cı illərdə Birləşmiş Millətlər Təşkilatı İran qarşısında sərt tələblər qoydu və İranda xaşxaş əkilməsi qadağan edildi. Bununla belə ölkədə tiryək çəkənlərin sayı çox idi.
Qacarların dövründə tiryək tənbəki kimi sərbəst surətdə bütün dükanlarda və küçələrdə, özü də çox aşağı, hətta tütündən də ucuz qiymətə satılırdı. Avam qadınlar uşaqlarının qarın ağrısını sakitləşdirmək üçün tiryəki qaynar suda və ya çayda həll edib onlara verirdilər. Hətta Rza şahın dövründə və Məhəmmədrzanın hakimiyyətinin ilk illərində çayxanalarda müştərinin qabağına qəlyan və çayla bərabər bir kasa tiryək də qoyurdular, onun yanığını isə dövlət çayçılardan pulla alırdı. Sonralar Rza şah tiryəkdən açıq-aşkar istifadəni qadağan etdi. Bundan sonra şəhərlərdə tiryəkxana saxlamaq gəlirli bir işə çevrildi. Tehranda xüsusi bir məhəllə vardı ki, tiryəkxanaların əksəriyyəti orada yerləşirdi.
1960-cı illiərdə hökumət tiryək qaçaqmalçıları və alverçiləri ilə mübarizəni sərtləşdirdi. Jandarmeriya xüsusi əməliyyatlar keçirib xeyli xaşxaş əkinini məhv etdi və çoxlu miqdarda tiryək müsadirə elədi. Amma ölkədə tiryək çəkənlərin sayı çox olduğundan hökumət tiryək hazırlanması və satışı ilə məşğul olan xüsusi dövlət idarəsi yaratdı. Səhiyyə Nazirliyinə tabe olan bu idarədə keyfiyyətli tiryək hazırlanır və ölkənin bütün apteklərində bir tübiki 15 tümənə satılırdı. Camaat bu tiryəki istehza ilə «senator tiryəki» adlandırırdı. Həmin idarənin sonuncu rəisi istefada olan polkovnik Ayəti idi ki, öz işçiləri barədə çox maraqlı əhvalatlar danışırdı. O cümlədən nəql edirdi ki, işin sonunda sexdən gizlicə tiryək çıxarmaq üçün işçilər hansı üsullara əl atırmışlar: bəziləri tiryəki ayaqqabısının altına yapışdırır, digərləri saçlarının arasında gizlədir, bir çoxları da tiryəki plastik kisəciklərə doldurub udurmuş.
Bütün İranda tiryək istehsalı ilə mübarizə aparılsa da, bizə xəbərlər çatırdı ki, ölkənin bəzi bölgələrində, o cümlədən, tiryəkinin keyfiyyəti bütün dünyada məşhur olan Məlayirdə tiryək əkinləri geniş yayılıb, özü də bu əkinlər yerli hakimiyyət orqanlarının və hətta Tehrandakı səlahiyyətli şəxslərin himayəsindədir.
Əsədullah Ələmin nəsli, o cümlədən mənim narkoman «pərəstişkar»ım Münsif də sahəsi Fars körfəzi sahillərindəki ərəb ölkələrinin və bəzi Avropa dövlətlərinin sahəsindən böyük olan plantasiyalarında xaşxaş əkilməsini və tiryək istehsalını davam etdirirdilər, heç kəs də onlara güldən ağır söz demirdi.
Münsif bir neçə dəfə şəxsən özü mənə evlənməyi təklif etmişdi və mən tam biganəliklə ona rədd cavabı vermişdim. Bir dəfə də Məhəmmədrza ilə arası açıq olduğuna görə bizim bütün şəxsi işlərimizə müdaxilə edən Əsədulah Ələm mənə gileyləndi ki, niyə Münsifin təklifinə razılıq vermirəm, amma mənim cavabımı eşidən kimi çıxıb getdi və bir daha bu söhbətə qayıtmadı.
Uzün müddət məndən əl çəkməyən və axırda məni əməlli-başlı əsəbiləşdirən başqa bir «pərəstişkar»ım isə məşhur qumarbaz və Məhəmmədrzanın oyun yoldaşı doktor Hacibi idi. Ailəsi-uşağı olmasına baxmayaraq, o hər vasitə ilə məni özünə arvad eləmək istəyirdi.
Məhəmmədrza mənim ərə getməkdən qətiyyətlə imtina etdiyimi eşidib bir gün mənə təşəkkür etdi və dedi: «Əlbəttə, sizin şəxsi həyatınız öz ixtiyarınızdadır, mən ona müdaxilə etmək istəmirəm, amma açığı, həmişə nigaran idim ki, birdən siz ətrafımızda hərlənib quyruq bulayan bu itlərdən birinə müsbət cavab verərsiniz və məni çətin vəziyyətdə qoyarsınız. Bir tərəfdən siz ölkənin birinci xanımının anası olduğunuza görə hər yoldan ötənin sizinlə evlənib şah ailəsi ətrafında xoşagəlməz söhbətlər yaratmasını qəbul edə bilmirəm, digər tərəfdən, öz xarakterim etibarilə sizin qəlbinizin istəyinin və təbii haqqınızın əleyhinə çıxmaq niyyətində deyiləm».
Mən Məhəmədrzanın bu diqqətindən təəccüblənsəm də, o dəqiqə özümə sual verdim ki, əgər əlahəzrət belə düşünürsə və məsələlərə bu cür yanaşırsa, nə əcəb anasının əvvəl Zəbihullahla, sonra da Rəhiməli ilə evlənməsinin qarşısını almayıb. Növbəti illərdə sarayda hörmət qazanıb işçilərin və xidmətçilərin etimadına layiq görüləndən sonra bu suala cavab tapa bildim. Gənclik illərindən şahın anasının şəxsi qulluqçusu olub bütün ömrünü onunla keçirmiş və onun dərin etimadını qazanmış Zəhra Məşhədi mənə söylədi ki, Rza şah rəhmətə gedəndən bəri Tacülmüluk xanımın çox aşnaları olub və əslində Zəbihullah (sonralar isə Rəhiməli) onun rəsmi əri deyilmiş; sadəcə, sarayın abrını qorumaq üçün belə şayiə yayıblar ki, şahın anası qanuni nikaha daxil olub. Onu da demək lazımdır ki, Məhəmmədrza Qərb tərbiyəsi görmüşdü və yad kişilərin anası və bacıları ilə əlaqəsinə əhəmiyyət vermirdi. Tacülmüluk xanımın isə sarayda müstəsna mövqeyi vardı və onun sözünün üstünə söz deyən yox idi.
Zəhra Məşhədinin familiyası «Nazir» idi və sarayın bütün xidmətçiləri ona «Nazir xanım» deyə müraciət edirdilər, amma arxada onu «Zəhra Məşhədi» adlandırırdılar.
Məhəmmədrza ilə Əşrəf dünyaya gələndən sonra əslində Tacülmüluk xanımla mərhum Rza şah arasında ər-arvad münasibətləri olmayıb. Mən bu həqiqəti Məhəmmədrzanın öz dilindən eşitdim. O, anasından sonra Rza şahın daha iki arvad almasının səbəbini mənə izah etdi. Məhəmmədrza bunu ilk növbədə anasının ağır və dözülməz xasiyyəti ilə əlaqələndirirdi. Rza şahın digər arvadları sağ idi və Rza şahın onlardan övladları vardı ki, Məhəmmədrzanın bacı-qardaşları sayılırdılar. Buna baxmayaraq, Tacülmüluk xanımın İsmət xanımı (İsmətülmüluk Dövlətşahini) və Turan xanımı (şahzadə Qulamrzanın anasını) görməyə gözü yox idi. Bu üç qadının hər hansı məclisdə bir yerdə olması mümkünsüz bir iş idi.
Mənimlə İsmət xanım arasında səmimi dostluq münasibəti yaranmışdı. Bunun əsas səbəbi o idi ki, biz hər ikimiz şeirə və təsəvvüfə böyük maraq göstərirdik. Bir çox digər məsələlərdə də bizim baxışlarımız üst-üstə düşürdü. İsmət xanımla Turan xanım Pəhləvi küçəsində ayrı-ayrı evlərdə yaşayırdılar və saray ziyafətlərində iştirak etməməyə üstünlük verirdilər. Rza şahın sağlığında İsmət xanım onun sevimli arvadı olmuşdu. O, abırlı və əsilzadə bir ailədən idi və dərin savadı vardı.
1962-ci ilə qədər Məhəmmədrza ilə Fərəhdən başqa Əşrəf, Şəms, Tacülmüluk və Şahnaz da geniş Sədabad kompleksində ayrıca saraylarda yaşayırdılar. Gediş-gəlişin çoxluğu, şah ailəsi üzvlərinin bəzən eyni vaxtda təşkil etdikləri aramsız ziyafətlər qızımı yeni yaşayış yeri barədə düşünməyə vadar etdi. Məhəmmədrza 1961-ci ildə Rza şah dövrünün memarlıq incisi və İranın böyük sənətkarlarının incə zövqünün məhsulu olan Mərmər sarayı Tehran bələdiyyəsinin ixtiyarına verdi ki, orada muzey təşkil olunsun. Rza şahın vaxtında onun iş yeri kimi tikilən Mərmər saray onun vəfatından sonra Məhəmmədrzaya çatmışdı. Həmin yerdə Mərmər saraydan əlavə, Bəyaz saray, Əşrəf xanımın və Tacülmüluk xanımın sarayları da yerləşirdi ki, hər dörd sarayın giriş qapıları bir-birinə baxırdı. Sonralar, dediyim kimi, Mərmər saray muzeyə çevrildi, Bəyaz saray Baş Nazirin iqamətgahı olaraq qaldı, Tacülmüluk xanımın sarayı şahzadə Əbdürrzaya verildi, Əşrəf isə «Şəhər sarayı» adlandırdığı sarayını öz ixtiyarında saxladı.
Məhəmmədrza Mərmər sarayı təhvil verdikdən sonra iş yerini Sahibqraniyyə sarayına köçürdü və bütün görüşlərini Qacarlar dövründən qalma bu sarayda keçirməyə başladı. Sahibqraniyyə Nasirəddin şahın hakimiyyətinin əvvəllərində tikilmişdi və olduqca gözəl bir bina idi. Bu sarayın arxasında yaşıllıqla örtülmüş geniş bir sahə vardı ki, elə ora da yeni şah sarayının tikilişi üçün nəzərdə tutuldu.
Paris Politexnik İnstitutunu qurtarandan bəri təhsil illərində öyrəndiklərini tətbiq etməyə macal tapmayan Fərəh bu fürsətdən istifadə edib yeni Niyavəran sarayının ilkin layihəsini özü hazırladı və sonrakı mərhələlərdə də mühəndislər və inşaatçılarla yaxından əməkdaşlıq etdi. Sarayın tikilişi üç il çəkdi. Burada vəliəhd üçün ayrıca bina inşa edildi. Eyni zamanda tədris korpusu da tikildi ki, vəliəhd öz yoldaşları ilə orada ibtidai təhsil alsın.
O vaxta qədər şah iş yerinə getmək üçün Sədabad sarayının yerləşdiyi Təcriş meydanından Mərmər saraya qədər olan məsafəni avtomobillə qət etməli olurdu və mənim fikrimcə, yoldakı adamları, dükanları və ümumiyyətlə, şəhərin bir hissəsini görməklə ölkədəki vəziyyət barədə az-çox təsəvvür hasil edirdi. Məhəmmədrza oğlunun yaşayış və təhsil yerini uca divarlarla əhatə olunmuş bir məkanla məhdudlaşdırmaqla, eləcə də küçə və bazardakı adamlarla öz əlaqəsini büsbütün kəsməklə böyük bir səhvə yol vermiş oldu. O daha adi insanları görmürdü, yalnız mərasimlərdə və idman yarışlarında onu salamlayan kütləyə uzaqdan əl eləyirdi. Bundan sonra Məhəmmədrza səhərdən axşama qədər yalnız dövlət məmurlarının və ordu komandanlarının əhatəsində olurdu. Onlar isə daim ona deyirdilər: «Ölkədə əmin-amanlıqdır, xalq səadət və xoşbəxtlik içərisindədir!»
Niyavəran sarayının əsas binası təqribən 500 kvadrat metrlik iri salona malik olub daxildən üçmərtəbəli idi. Əsas binanın tavanı mütəhərrik idi və onu fransızlar tikmişdilər. Sarayda çoxlu otaqların olmasına baxmayaraq, daim zəlzələdən və təbii fəlakətlərdən ehtiyatlanan Məhəmmədrza beton divarın içərisindəki ensiz bunkerdə yatırdı ki, zəlzələ baş verərsə, ona bir şey olmasın.
Qızım bu yeni saraya köçəndən sonra bizim Pəhləvi ailəsinin digər üzvləri ilə görüşlərimiz məhdudlaşdı, xüsusən mən çalışırdım ki, onlarla üz-üzə gəlməyim.
Niyavəran sarayında müasir səs və təsvir cihazları ilə təchiz olunmuş gözəl kino salonu vardı ki, yüz nəfərdən artıq adam tuturdu və demək olar, hər gecə orada film göstərilirdi. Məhəmmədrza vestern filmlərin vurğunu idi və kino aktyorlarından Frenk Sinatra ilə Ann Marqareti çox sevirdi. Bəzən elə olurdu ki, il boyu bir filmə on dəfələrlə tamaşa edirdi.
O vaxtlar İranda kino işlərinə Mədəniyyət Nazirliyi baxırdı. Bu nazirliyə ordu generalı Qulaməli Minbaşiyanın qardaşı Mehrdad Pəhlbod rəhbərlik edirdi. Nikah bağlayarkən Şəmsin seçimi ilə «Minbaşiyan» familiyasını «Pəhlbod»a dəyişən Mehrdad mahir skripkaçı idi və Şəmslə evlənməzdən qabaq radioda və Şahabad küçəsindəki kafelərdə skripka çalırdı.
Pəhlbod Tehranın və digər şəhərlərin kinoteatrlarında nümayiş etdirilmək üçün İrana gətirilən hər bir maraqlı filmin nüsxəsini farscaya çevrilməzdən əvvəl saraya təqdim edirdi ki, şah öz qonaqları ona baxsın. Bəzən də İran səfirlikləri Avropada və Amerikada nümayiş etdirilən yeni maraqlı filmlərin bir nüsxəsini dərhal əldə edir və əlahəzrətin baxması üçün Tehrana göndərirdilər. İran filmləri sarayda çox az göstərilirdi. Şah İran aktyoru Vəhdətin filmlərini xoşlayırdı. Son dövrlərdə isə sarayda «Səməd» adlı sadəlövh və gülməli kəndli obrazında çıxış edən Pərviz Səyyadın bir neçə filmi nümayiş etdirilmişdi ki, mən də onlara baxmışdım.
Məhəmmədrzanın kinoya sevgisi sayəsində ona müraciət edib kömək istəyən bir neçə rejissora iri məbləğdə maliyyə yardımları ayrıldı. Əşrəf də bu işdə qardaşından geri qalmırdı və məhz onun tövsiyəsi ilə Mədəniyyət Nazirliyi iranlı və hətta xarici kinorejissorlara səxavətli kreditlər verirdi.
İrana gələn məşhur kino xadimləri Məhəmmədrzanın diqqətindən kənarda qalmırdılar, həm şahla, həm də Pəhləvi ailəsinin digər üzvləri ilə görüşmək imkanı əldə edirdilər. Bunlardan yadımda qalanı Amerika vestern filmlərinin məşhur ifaçısı Yul Braynerdir ki, sarayda Məhəmmədrza ilə qızımın qonağı olmuşdu. O, bir filmin müəyyən epizodlarında çəkilmək üçün İsfahana gəlmişdi. Həmin film «Xaşxaş gülü» adlanırdı və narkotik maddələrin İran ərazisindən keçməklə Əfqanıstandan ixracına həsr olunmuşdu. Şah Yul Braynerin filmlərini çox sevirdi və onlardan birinə azı əlli kərə baxmışdı. O dəfələrlə mənə demişdi ki, əgər şah olmasaydı, Amerikada vestern filmləri aktyoru, yaxud iri fermer olmağa üstünlük verərdi.
Eyni zamanda mahir müğənni olan digər bir aktyor Frenk Sinatra idi ki, Məhəmmədrzanın səmimi dostu sayılırdı. Mən də onun oxumasını çox sevirdim və bir dəfə mənim xahişimlə o, məşhur «Qudi, qudi» mahnısını orkestrsiz mənim üçün ifa etmişdi.
Frenk Sinatra Məhəmmədrzanın yanına tez-tez gəlirdi və bu səfərlər barədə təbii ki, məlumat verilmirdi. Bütün bu illər ərzində Qriqori Pek, Stiv Makkuyin, Şarl Aznavur, Co Dassen, Demis Russos, Kirk Duqlas, Li Micers və s. kimi digər sənətkarlar da İrana gəlmişdilər və biz onlarla görüşmüşdük.
Sənət adamları ilə görüşmək mənə həmişə xoş olub, çünki onlar başqa insanlardan fərqlənirlər. Bu fərqlərdən ən mühümü onların incə və həssas ruha malik olmaları, hər şeyə emosional yanaşmalarıdır.
Co Dassen, Şarl Aznavur və Demis Russosu qızım Fərəh Rzanın və ya digər övladlarının ad günü münasibətilə dəvət edirdi ki, uşaqlar fransız musiqisinə alışsınlar. Bütövlükdə Fərəh fransız mədəniyətinə çox bağlı idi, bunun da illər boyu Fransada yaşamasından başqa səbəbi ola bilməzdi. Amma Məhəmmədrza uşaqlıq və yeniyetməliyini Avropada (İsveçrədə) keçirməsinə baxmayaraq, Amerika həyat tərzini hədsiz dərəcədə xoşlayırdı və onunla müqayisədə digər mədəniyyətləri aşağı sayırdı.
Əşrəf də bəyəndiyi sənətkarları dünyanın müxtəlif yerlərindən İrana dəvət edir və onların şərəfinə məclislər qururdu.
Mən daxilən sənətə bağlı olduğum üçün bu vəziyyətdən maksimum faydalanmağa çalışırdım, bütün dünyada milyonlarla insanın qəlbinə hakim kəsilmiş böyük sənətkarlarla yaxından tanış olmağa və onları duymağa səy göstərirdim. Amma elektron musiqi ifa edən Ştak Hauzen, yaxud böyük qonorar hesabına İrana gələn yəhudi Minohin kimi sənətçilərin dəvət olunmaları məni əsəbiləşdirirdi, çünki belə hesab edirdim ki, öz skripkaçılarımız, məsələn, mənim həmişə təriflədiyim Yahəqqi onlardan qat-qat məharətlə çalırlar.
Əlbəttə, saraya təkcə Amerika və Fransa sənətçiləri dəvət olunmurdu. İngilis, italyan musiqiçi və aktyorları da İrana gəlirdi. Bir dəfə eşitdik ki, kino tarixinin unudulmaz nümunələrini yaratmış məşhur İtaliya rejissoru Karlo Ponti İrana gələcək. Çox sevindik. Təkcə Karlo Pontiyə görə yox. Karlo Ponti İranda ona görə məşhur idi ki, o, ünlü kino ulduzu Sofi Lorenin əri idi və hamı Sofi Loreni yaxından görmək istəyirdi. Xüsusən Sofi Lorendən ötrü ölən Məhəmmədrza! Amma Karlo Ponti tək gəldi. Sofi Loren isə heç vaxt İrana səfər etmək dəvətini qəbul etmədi. Onun əvəzinə kino tarixinin ən gözəl ulduzlarından sayılan Cina Lola Bricida İrana təşrif gətirdi.
Mənim üçün saray ziyafətləri həmişə yorucu olurdu, çünki cavanlar kimi rəqs edib şənlənəcək yaşda deyildim. Gecə məclislərində də iştirak etmirdim, çünki onlar bir qayda olaraq pokerlə bitirdi və orada çox böyük məbləğlər oynanılırdı. Amma hər dəfə eşidəndə ki, xaricdən məşhur bir aktyor və ya müğənni gəlib, bu fürsəti qaçırmırdım və tez özümü ziyafətə çatdırırdım. 1965-ci ildə Məhəmmədrzanın xalası Aləm xanımla Romaya səfər edəndə, İtaliyanın kino şəhəri kimi məşhur olan Çineçitaya gedib filmlərin necə çəkilməsi ilə yaxından tanış oldum və İtaliyanın bir neçə kino ulduzu ilə görüşdüm.
Mənim günlərim əsasən belə keçirdi ki, səhər yeməyindən sonra bəzi rəfiqələrimə zəng edirdim və biz həmin günü nə etmək barədə qərara gəlirdik. Ən yaxın rəfiqələrim Aləm xanım (Məhəmmədrzanın xalası), Firuzə Əmirniya (qulluqçum), Sürəyya Sidqi (Firudin Cavadinin xalası), Pəri Əbasəlti (jurnalist), Eli Antoniyadis (İranda yaşayan yunan əsilli amerikalı, Xarici İşlər Nazirliyinin köhnə işçisi), Əkrəm Nəhavəndi (Bozorg Huşməndin bacısı), Müzəyyəni xanım (general Müzəyyəninin arvadı) və başqaları idi. Sayı əlli-altmış nəfərə çatan rəfiqələrimin içərisində ən yaşlısı Aləm xanım, ən cavanı Firuzə idi. Firuzəni qızım kimi istəyirdim. Mənim icazəmlə ərə gedənə qədər o, gecə-gündüz yanımda olurdu. İndi burada, Amerikada da həmin rəfiqələrimin bir qismi ilə münasibətlərim davam edir, o cümlədən, Firuzəni müntəzəm olaraq görürəm və onun uşaqlarını öz nəvələrim kimi sevirəm.
Hərdən qərara gəlirdik ki, özümüzü tanıtdırmadan yaylıq bağlayıb eynək taxaraq Tehran bazarına gedək. Bəzən də beynimizə girirdi ki, vilayətlərə yollanaq. Heç bir hazırlıq görmədən Şiraza, İsfahana, yaxud da Yəzdə, Məşhədə gedirdik, Əhvazdan vurub Ramsərdən çıxırdıq. Əlbəttə, bütün şəhərlərdə bizi qarşılayıb hər cür şərait yaradırdılar. Şəhərlərin əksəriyyətində Məhəmmədrzanın imarətləri vardı və təbii ki, bu imarətlərin qapısı onun qaynanası kimi mənim də üzümə açıq idi. Rəfiqələrim səfərə hazır olduqlarını bildirəndən sonra xüsusi xidmətçimin təyyarə ayrılması ilə bağlı bircə zəngi və gedəcəyimiz şəhərin valisinə, yaxud merinə telefonla xəbər verməsi kifayət edirdi.
Mən bu səfərləri çox sevirdim və onların birini də heç vaxt unutmaram. Həmin səfərlərdə elə xoş və sevincli anlar yaşayırdım ki, vaxtın necə keçdiyini hiss etmirdim. Yadımdadır, bir gecə Şirazda idik. Qərara aldıq ki, gecə gəzintisi üçün şəhər ətrafına çıxaq. O zaman Fars vilayətinin valisi Piruz adlı bir şəxs idi. Onun qonaq qarşılamaqda xüsusi qabiliyyətə malik olması elə ilk dəqiqədən bilinirdi. Mən rəfiqələrimlə Baği-İrəmdə qalırdım. İyul ayının əvvəlləri, ilin ən qızmar çağı idi. Əlbəttə, Şirazda hava sərin və xoş idi. Hafiz demişkən, «Misli yox Şirazın ab-havasının»... Təqribən mənimlə yaşıd olan Piruz Şirazda qaldığımız bir neçə gün ərzində bizdən ötrü əldən-ayaqdan gedirdi. Həmin gecə təklif etdim ki, o da bizimlə birgə şəhər kənarına getsin. Yenicə çəkilən aeroport yoluna çatanda, «Qızılgül» adlı təzə tikilmiş bir restoran gördük. Dayanıb orada şam elədik. Restorandan çıxanda, yolun kənarında gəzərgi bir skripkaçının, onun yanında isə əlində nağara olan bir oğlanın və məhəlli geyimdə rəqqasə qızcığazın dayandığını gördüm. Bu üç nəfərlik qrup bizim pullu müştəri olduğumuzu duyub dərhal bizə yaxınlaşdı və çalıb-oynamağa başladı. Onların ifa etdiyi məhəlli musiqi son dərəcə təsirli və təbii idi. Biz adi adamlar kimi yolun qırağındakı çəmənlikdə oturduq və onlar bizim üçün bir neçə mahnı çalıb-oxudular. Axırda özümüzü saxlaya bilmədik, ayağa durub rəqs etməyə başladıq. Bu hadisə mənim beynimdə Şirazda incəsənət festivalı keçirmək ideyasını doğurdu ki, tezliklə həmin ideyanı qızıma verdim.
Tehrana qayıdan kimi Fərəhə dedim ki, Şirazda bir qrup yerli musiqiçi ilə rastlaşdım, sanki musiqi onların vücudunun daxilindən, hiss və duyğularından süzülürdü. Bu məlumat onu çox maraqlandırdı və xahiş etdi ki, hər şeyi təfsilatı ilə danışım. Mən o üç nəfərlik qrupun (ata, oğul və qız) məhəlli musiqini necə çalıb-oxuduqlarını və oynadıqlarını Fərəhə nəql elədim. Fərəh dedi: «Sənin bu söhbətin mənim yadıma Fransa və İspaniyadakı gəzərgi musiqiçiləri və qaraçıları saldı. Yaxşı olar ki, biz hər il müəyyən vaxtda folklor musiqisi festivalı təşkil edək».
Bu adi hadisə və ana ilə qızı arasındakı söhbət Şirazda ilk incəsənət festivalının təməlini qoydu. Bir neçə gün sonra Fərəh öz şəxsi ofisində mədəniyyət müşavirləri ilə müzakirə keçirdi. Fransada təhsil almış və Fərəhin xüsusi qayğı ilə yanaşdığı rejissor Fərəh Qafari ideyanı bəyənməklə yanaşı təklif etdi ki, festivalın çərçivəsi bir qədər geniş olsun və dünyanın hər yerindən sənətsevərləri Şiraza gətirə bilmək üçün bu tədbir müxtəlif xalqların musiqi festivalı şəklində həyata keçirilsin. Sonrakı iclaslarda da yeni-yeni təkliflər səsləndi və festivalın çərçivəsi ilkin variantdan xeyli kənara çıxdı. Beləcə başlanğıcda İran folklor musiqisi festivalı şəklində nəzərdə tutulan tədbir sonda dünyanın hər yerindən musiqiçilərin, kino və teatr xadimlərinin iştirak etdiyi geniş bir tədbir şəklində gerçəkləşdi. Ən maraqlısı bu idi ki, festivalda ultramüasir elektron musiqisi də ifa olunurdu. Mən yalnız bir dəfə bu festivalda iştirak etdim və Şiraz ətrafında bir neçə saatlıq gəzintimin necə İranda incəsənət festivalının təsis olunması ilə sonuclandığını xatırladım.
Əlbəttə, mən modern musiqidən heç vaxt həzz almamışam. Mənim yaşıdlarım ənənəvi İran musiqisini dinləməyə üstünlük verirdilər. Mən özüm gilək mahnılarını, xüsusən, Nasir Məsudini dinləməyi çox sevirdim. Ərim azərbaycanlı olduğu üçün hələ birgə yaşadığımız illərdən Azərbaycan musiqisi də qəlbimə yol tapmışdı. O dövrün tanınmış müğənnilərindən Puran Şapurini çox xoşlayırdım, Yasəmənin, İlahənin və Viqenin səsinə vurğun idim. Əlbəttə, o zamankı musiqi ulduzları içərisində Dilkəş və sonralar isə Ququş xüsusi yer tuturdu.
İndi ki, söhbət musiqidən və musiqiçilərdən düşdü, bir neçə xatirəmi də danışmaq istəyirəm.
Sarayın rəsmi işçiləri sayılan qızlar və qadınlar arasında əslən Şirazdan olan iki bacı da vardı ki, sonralar Haidə və Məhəsti təxəllüsləri ilə İranın musiqi aləmində böyük şöhrət qazanmışdılar. Təəssüf ki, bu iki bacıdan biri – Haidə bir neçə il bundan qabaq Los-Ancelesdə konsert proqramından dərhal sonra beyninə qəfil qan sızması nəticəsində dünyasını dəyişdi. Bu bacılar yeniyetməlik çağlarından Sədabad sarayında böyümüşdülər və şahın anasının xüsüsi xidmətçilərindən sayılırdılar. Dediyim kimi, onlar əslən Şirazdan olub Ehtiram Şirazinin (Ehtiramülmülukun) qohumu idilər. Ehtiram olduqca mehriban və həssas bir qadın idi və Zəhra Məşhədidən sonra Tacülmüluk xanımın ən yaxın rəfiqəsi hesab olunurdu. Bu iki bacının, yəni Haidə ilə Məhəstinin əsil adları Səkinə və Xədicə idi.
Bu yerdə şahın anasının həyatı ilə bağlı bir neçə məqamı da oxuculara çatdırmağı lazım bilirəm.
Tacülmüluk xanım çox ötkəm, zəhmli və kişi xasiyyətli bir qadın idi. Deyilənə görə, xüsusən Rza şah üçün oğlan doğub vəliəhdin anası olandan sonra özünü şahın digər arvadlarından üstün tutmağa başlamışdı. Rza şahın ölümündən sonra da Pəhləvi sülaləsinin əsasını qoymuş şəxsin həyat yoldaşı və indiki şahın anası kimi hamıya yuxarıdan aşağı baxırdı. Əgər mən desəm ki, Tacülmüluk xanım Sədabad sarayının tam ağası idi və hətta oğlu Məhəmmədrza da onunla hesablaşırdı, mübaliğə etmiş olmaram. Əslində mən özüm də onunla üzbəüz gəlməməyə çalışırdım, çünki onun davranışını proqnozlaşdırmaq qeyri-mümkün idi.
Tacülmüluk xanımın bir qulluqçusu vardı ki, hələ Rza şah adi kazak olduğu vaxtlardan ona xidmət edirdi və onunla eyni yaşda olardı. Dediyim kimi, familiyası «Nazir» olan, amma daha çox Zəhra Məşhədi olaraq tanınan bu qadın daim Tacülmüluk xanımın yanında idi, necə deyərlər, onunla bir yatıb, bir dururdu. Bu qadının şahın anası ilə münasibəti iki bacının münasibətindən də yaxın idi. İş o yerə çatmışdı ki, o, Rza şahın digər arvadlarına, yəni İsmətülmüluk Dövlətşahiyə (Əhmədrza, Həmidrza və Fatimənin anasına) və Turan xanıma cavab qaytarmağa cəsarət eləmişdi.
1941-ci ilin sentyabr hadisələri nəticəsində Rza şah İranı tərk etdikdən sonra saray qadınlarının əl-qolu açılmışdı. Tacülmüluk xanım özünə təzə ər tapmış, Zəhra Məşhədi də Rza şahın baş mehtərinə ərə getmişdi. Və Tacülmüluk xanımın bu təzə əri həmin Zəhra Məşhədinin qardaşı Sahibdivan idi. Bundan sonra Ehtiramülmüluk Şirazi adlı bir qadının ayağı saraya açılmış və o, tezliklə Tacülmüluk xanımın rəğbətini qazanmışdı. Həmin iki yeniyetmə bacını, yəni Səkinə ilə Xədicəni də məhz Ehtiramülmüluk 1961-ci ildə saraya gətirmiş və Tacülmüluk xanmın qəsrində təmizlik və evdarlıq işləri öyrətməyə başlamışdı.
Yuxarıda dediyim kimi, gecələr Tacülmüluk xanımın qəsrində musiqi məclisləri təşkil olunardı. Mən bəzən onun həyat tərzinə və nikbinliyinə qibtə edirdim. Bu qadın üçün qəm-qüssə deyilən şey yox idi, qocalığı da özünə yaxın buraxmırdı. Hər gecə İran radiosunun bir dəstə çalğıçısı onun sarayına gəlirdi. Onun sevimli müğənnisi Müluk Zərrabi idi. Son vaxtlarda isə Firudin Fərruxzadın qadınsayağı oxuyub-oynamasına vurğun olmuşdu və deyəsən, Firudin hər gecə saraya gəlirdi.
Gözəl səsi olan bu iki bacı da hərdən gecə məclislərində Ehtiramülmülukun təkidi ilə oxuyub rəqs edirdi. Bir dəfə radionun tanınmış musiqiçilərindən biri bu iki bacının səsini eşidib Tacülmüluk xanımdan xahiş etmişdi ki, onları studiyaya aparıb sınaqdan keçirməsinə icazə versin. Həmişə sənətçilərə, xüsusən müğənnilərə qayğı ilə yanaşan Tacülmüluk xanım da bu xahişi yerə salmamışdı. Beləcə sarayda qulluqçu kimi yetişdirilən bu iki bacı sənət aləminə atılmış və qısa müddətə İranın ən məşhur qadın müğənnilərinə çevrilərək, özlərinə Haidə və Məhəsti adlarını götürmüşdü.
Bu iki bacı Tacülmüluk xanımı çox sevirdi və məşhur müğənni olandan sonra da vaxtaşırı saraya gəlib onunla görüşürdü.
Mən Haidənin səsini Məhəstinin səsindən daha çox bəyənirdim. O rəhmətliyin səsi olduqca incə, güclü və yapışıqlı idi, hətta demək olar ki, müasir İran musiqisi tarixində misilsiz idi.
Məhəsti ərə getmiş və bir neçə ildən sonra əri dövlət əmlakını mənimsədiyinə görə tutulub zindana salınmışdı. Amma şahın anası Məhəstiyə olan sevgisinə görə bu məsələyə qarışmış və Məhəstinin əri bir neçə gün sonra həbsdən azad olunmuşdu...
Fərəhin şahla izdivacına qədər bütün digər insanlar kimi mən də şahanə həyat barədə yuxu kimi düşünürdüm. Bu təsəvvür uşaqlıqda və gənclikdə şahların və sultanların əfsanəvi həyatı haqqında oxuduğum nağıl və hekayətlər əsasında yaranmışdı. Amma qızımın Məhəmmədrzaya ərə getməsi sayəsində saraya daxil olandan sonra bu nəticəyə gəldim ki, şahın həyatı əslində şahanə həyat deyil! Bu şahanə həyatı pozub cəhənnəm həyatına çevirən ən mühüm amil ifrat təhlükəsizlik tədbirləri idi. Xüsusən Niyavəran sarayında Məhəmmədrzaya sui-qəsd olunandan sonra bu tədbirlər dözülməz həddə çatmışdı. Şah qvardiyasının üzvləri bir insanın şəxsi həyatının ən məhrəm guşəsi olan yataq otağının qapısı ağzında da dayanırdılar. Mən görürdüm ki, qızım və nəvələrim uniformada olan mühafizəçilərin, ağacların və kolların arxasında pusquda durmuş mülki geyimli təhlükəsizlik məmurlarının mühasirə halqasında yaşayırlar. Öz-özümə deyirdim: bu necə şahanə həyatdır ki, adamın yataq otağının qapısı arxasında da gərək bir neçə silahlı şəxs dayansın?! Yayda Noşəhrdə istirahət edəndə şah, Fərəh və nəvələrimlə birgə bir xeyli mühafizəçi də dənizə atılırdı. Deməliyəm ki, məmləkətin şahı, onun arvadı və uşaqları üçün heç bir xüsusi mühit mövcud deyildi. Mən bu vəziyyətdən əzab çəkirdim və çalışırdım ki, vaxtımın çoxunu güclü mühafizə altında olan şah sarayından kənarda keçirim.
Çevirəni: Məsiağa Məhəmmədi
(davamı olacaq)
(hekayə)
Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu. Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır. Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi. Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.
Şənbə günü saat yeddidə gənc prokuror öz arvadı ilə birlikdə hakimgilə gəldi. Hakimin evi hündür küknar ağaclarının bitdiyi parkla əhatə olunmuşdu. Ev şəhər kənarında, "ingilis məhəlləsi" deyilən ərazidə yerləşirdi və orada yalnız hakim yaşayırdı. Ağaclardan quşların cikkiltisi eşidilir, Günəşin son şüaları bərq vururdu. Yemək əla, şərab isə misilsiz idi.
Yeməkdən sonra hakimin qızı ilə prokurorun arvadı qonaq otağına getdilər, kişilər isə kabinetə keçdilər. Şahmat taxtası hazır vəziyyətdə idi. Qoca hakim konyak süzdü və onlar üzbəüz əyləşdilər, amma oyuna başlamazdan qabaq qoca hakim prokurora bir etirafda bulunmaq istəyində olduğunu bildirdi. O, rəhmətlik prokurorla düz iyirmi il əvvəl, özündən əvvəlki hakimin dəfn günü tanış olmuşdu. Dəfndə prokurorla razılığa gəlmişdilər ki, qabaqlar ölmüş hakimlə hər ay oynadıqları kimi, bir partiya şahmat oynasınlar. Amma bu, xüsusi bir oyun idi. Şahmatdakı hər fiqur oyunçuların yaxşı tanıdığı bir şəxsi göstərirdi, vəzir isə onların ən yaxın adamı olurdu. O zaman prokuror üçün bu, arvadının ölümündən sonra ona baxan bacısı, hakim üçün isə arvadı idi. Fil olaraq onlar tanış keşişləri və müəllimləri seçirdilər, atlar – vəkilləri yaxud zabitləri, toplar – məmurları və fəhlələri göstərirdi, piyadalar qismində isə sadə şəhərlilər, o cümlədən, onların özlərinin qulluqçuları və ya südçüləri çıxış edirdilər.
Oyunun yeganə qaydası belə idi: hər bir oyunçu hansısa fiqurunu itirdikdə, onun göstərdiyi insanı öldürməli idi. Oyun yalnız bu qətl həyata keçirildikdən sonra davam etdirilirdi. Mat olmuş oyunçu isə öz həyatına qəsd etməli idi. Elə buna görə də bir oyun onilliklər boyu davam edirdi və hər gediş üzərində bəzən aylarla düşünülürdü. Qoca prokuror qoca hakimin sələfini mat etmək üçün on beş il oynamışdı və bu müddət ərzində o da, rəqibi də öz arvadlarını öldürməli olmuşdular. Bu oyunu kim ixtira edib – əhəmiyyəti yoxdur, əsas odur ki, hakimin sələfi təzəcə ölmüş prokurorun sələfi ilə, o isə qoca hakimin sələfinin sələfi ilə bu oyunu oynayıb. Beləcə bu şəhərin hakimi ilə prokuroru daim gizli şəkildə həmin oyunu oynayıblar.
Bu izahatı ona, qoca hakimə, köhnə prokuror veribmiş, bununla da özünün və ölmüş hakimin törətdiyi cinayətləri açıq etiraf edibmiş. Qoca hakim dedi ki, əvvəlcə indiki prokurorun sələfini dərhal həbs etmək istəyib, lakin onunla yeni oyuna başlamaqdan özünü saxlaya bilməyib. Prokuror vəzir roluna əvvəlki oyun nəticəsində həyatdan getmiş arvadından sonra ailəyə analıq edən böyük qızını, hakim isə öz gənc xanımını təyin edib. Həmin andan etibarən onların hər ikisi üçün həyatın tam başqa bir dadı olub: onlar oyun gedişində seçdikləri adamlar üzərində ilahi hakimiyyətə malik idilər, hakim və prokuror Əhrimən və Hörmüz kimi qarşı-qarşıya otururdular.
Beləcə onlar hər bir fiqur uğrunda çarpışaraq iyirmi il oynadılar. Hər hansı fiquru qurban vermək lazım gələndə, qorxu hissi qüdrət duyğusu ilə əvəz olunurdu. Hakim matdan yaxa qurtarmaq üçün öz doğmaca arvadını qurban verdiyi günü və axırı mat edə bildiyi qoca prokurorun bir həftə ərzində necə həyatdan getməsini heç vaxt unutmaz. Onların iyirmi il ərzində törətdiyi qətllərin üstünün açılmaması qəribə görünə bilər, amma iş orasındadır ki, əvvəla, onlar çox ustalıqla hazırlanırdılar və bunu hakim öz timsalında nümayiş etdirib; üstəlik, heç kəsin ağlına gəlməz ki, bütün bu ölümlərin arxasında şahmat oyunu kimi cəfəng bir motiv dayanır.
Qoca hakimin izahatı gənc prokuroru dəhşətə gətirdi. Hakim stulun arxasına söykəndi. Qonşu otaqdan xanımların şən söhbəti eşidilirdi. "Beləliklə, siz məni həbs edə bilərsiniz" – hakim dedi. Gənc prokuror fikrə getdi, sonra fikirli halda oyun taxtasının böyründəki fiqurları nəzərdən keçirib vəziri yerinə qoydu. "Mən arvadımı qoyuram" – deyə dilləndi. Qoca hakim: "Mən də qızımı" – söyləyərək, öz vəzirini taxtanın üzərinə qoydu.
Çevirəni: Məsiağa Məhəmmədi
And içmişdim bu sevgini
təkcə ürəyimdə yaşadam.
Yaşadırdım,
illər idi yaşadırdım...
Nə biləydim,
nə biləydim, tərsə olub –
sevgi məni yaşadırdı !!!
SƏNSİZLİYƏ
Məni sənsizliyə adaxladılar,
Bilməyirdilər mənliyimi sənlə tapmışdım.
Hə, sevgilim,
duyğular dərbəndində
avarə yolçular kimi
izini izləyirəm.
Qara duvağa bürünərkən,
Yoluna boylanıram.
Yabançı gözlər...
tumurcuqlu baxışla…
gizlincə gülürlər…
Uzaqlaşıbsan,
məndən!!!
Adaxlı barmaqlığımı
çıxartmaq istəyirəm sənsiz.
TƏLƏSİK YAŞAYIŞ...
İnsanların payı ancaq bu dünyadan
Tələsik bir yaşayışdır,
Eləcə də
Bir dadımlıq sevilməkdir.
İntizarın arxasında
İlan kimi qıvrılarkən,
şənlik susur,
sazlarımız ağı qusur.
Yaşayışdan pay umarkən ,
sevilməkdən dad ummuşuq.
Təkliklərin sahilində
ömrümüzün gəmisini
fırtınalar qucaqında
qorumuşuq.
Bu tələsik yaşayışdan pay ummuşuq,
sevilməkdən dad ummuşuq.
LAURA CƏBRAYILLI
Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar…
Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.
Bax, bu dil məsələsi bizim tarixşünaslığın, şərqşünaslığın ən yaralı yeridir. Alimlərimiz minbir əziyyətlə tapa bildiklərini elə qəliz şəkildə dilə gətirirlər ki, onları asanlıqla başa düşmək olmur. Məsiağa Məhəmmədi isə savadlı, dünyagörüşlü, məlumatlı və həm də ana dilli araşdırıcıdır. O, "Tədqiqlər və tərcümələr" adıyla Azərbaycan ədəbiyyatının ən qarışıq dövründən, İmam Qəzzali, Xacu Kirmani, Kəlim Kaşanidən danışır. Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Şeyx Məhəmməd Xiyabani ilə çağdaş oxucunun rahat dərdləşməsinə imkan, şərait yaradır.
Müəllif çox vaxt fərqli şəkildə yozulan farsdilli ədəbiyyata qayıdır, amma türk yazarlarını nəyin bahasına olursa-olsun, sudan quru çıxarmağa çalışmır. Həqiqəti axtarır və gəldiyi nəticələri hisslə yox, məntiqlə yazır. Çünki hisslə-pafosla özünü aldada bilərsən, amma başqalarını yox. Bizim isə əslində nə özümüzün, nə də başqalarının gözündə böyüməyə ehtiyacımız var. Biz özümüzü elə olduğumuz kimi görsək, tapsaq, tanısaq – bəsimizdir.
Bəs keçmişdə bizim nəyimiz görünür? "Nizami və Qəzzali", Əbu Səid Əbülxeyrin "Qırx məqam" risaləsi, "Tərzi Əfşar və onun "tərzi", "Yusif Qarabaği və onun "Yeddi bağ" əsəri", "Qəribə xəyallı şair" – Saib Təbrizi… Hamını düşündürən suallara bu məqalələrdə aydın cavab tapılır. Üstəgəl, tərcümələr –Baba Kuhi Bakuvi "Həllacın həyatı və ölümü", Şəms Təbrizi "On hekayət", Şeyx Məhəmməd Xiyabani "Yüz kəlam"…
Elədir, hamısı qiymətlidir, maraqlıdır. Müəllif bizim əvəzimizə işlərin hamısını görüb. Bircə qalır kitabı tapmaq və tənbəlliyin daşını atmaq. Çətin deyil ki?!
"Vətəndaş Həmrəyliyi" qəzeti, № 66 (281), 2004-cü il
Ey gözəllər gövhəri, ey könlümün cananəsi,
Ey mənim gülzari-hüsnün bülbüli-məstanəsi,
Ey mənim canım sənin şəmi-rüxün pərvanəsi,
Dilbərimsən, mən yüzün dildadeyi-divanəsi!
Bu misralar 1860-cı ildə Parisdə çapdan çıxmış kiçik bir şeir kitabından götürülmüşdür. Kitab iki hissədən ibarətdir: birinci hissəsi türk, ikinci hissəsi fars dilindədir. 15 səhifəni tutan türkcə şeirlər müxtəlif janrlarda (qəsidə, qəzəl, mürəbbə, şərqi, təxmis) yazılmışdır. Farsca şeirlər də müxtəlif bədii formaları əhatə edir. Şeirlərin müəllifi Şarl Verne (Charles Verney) adlı gənc bir fransızdır ki, kitab çapdan çıxdığı zaman 17 yaşı varmış. Əlbəttə, deyilə bilər ki, onun şeirləri zəifdir. Lakin məsələ bunda deyil. Mühüm olan budur ki, 1860-cı ildə (yəni 148 il bundan öncə) gənc bir fransızın türkcə və farsca şeirləri nəşr olunmuşdur.
Şarl Verne çox cavan olmasına baxmayraq (1842-ci ildə anadan olmuşdur – M.M.), bir çox başqa dilləri də bilmişdir. O, 11 yaşından 16 yaşına qədər türkcə-farsca divanını yazmışdır (həmin divan 1858-ci ildə çap olunub) və indi onun nüsxələri bir sıra Fransa kitabxanalarında, o cümlədən, Paris Milli Kitabxanasında mövcuddur. Sözügedən kiçik şeir kitabı isə İran Milli Kitabxanasında 7857 şifrəsi ilə saxlanır. Bu kitabı Əkbər Tərkə adlı bir şəxs İran dövlət kitabxanasına bağışlamışdır. Əkbər Tərkənin adı və imzası olan səhifənin aşağısında əl ilə bir neçə sətir yazılaraq, kənarına möhür vurulmuşdur, lakin indi bunlar oxunmur.
Kitabın üz qabığında ad yazılmamışdır, lakin titul vərəqində türkcə və farsca məzmun baxımından təxminən eyni olan iki kiçik mətn verilmişdir. Türkcə mətn belədir: "On dörd yaşından on altı yaşına qədər inşa və tərtib olunmuş divani-türki və farsisində təb olunmayan əşari-türkiyyə və farsiyyəyi-Şarl Vernedir" (yəni bu kitaba Şarl Vernenin türkcə və farsca mükəmməl divanında çap olunmamış şeirləri daxil edilmişdir – M.M.).
Kitabın sonunda fransız dilində nisbətən geniş bir mətn verilib ki, buradan müəllif barədə dəyərli məlumatlar əldə edə bildik. Məlum oldu ki, Şarl Vernenin Şərq divanı (türkcə-farsca divanı) 1858-ci ildə çapdan çıxıb və bununla əlaqədar o dövrün bir çox tanınmış şəxsiyyətləri, o cümlədən, papa IX Piy, kardinal de Bunal, qraf Montalmder, Fransa Akademiyasının üzvləri de Pankervill, Lakuder, Osmanlı dövlətindən Əmin Əfəndi, Cəmil bəy, İrandan sədrəzəm Fərrux xan, Mirzə Əbdülvahab, polkovnik Əbdürrəsul xan və başqaları Şarl Verneyə məktub yazmışlar. Elə bu məlumatdan bəlli olur ki, Şarl Vernenin fransız və italyan dillərində də şeir topluları olmuşdur. Verne şeirlərinin birində özünün dörd dildə şeir yazmasına işarə edərək, deyir:
Verneyəm mən, kim səninçin dörd dildə şairəm,
Yox əcəb kim, ləhceyi-eşqində, ey büt, mahirəm!
Şarl Vernenin şeirləri onun Şərq düşüncəsinə yaxından bələd olduğunu göstərir. Əlbəttə, bu şeirlər ədəbi-bədii cəhətdən zəifdir, lakin tarixi baxımdan çox dəyərlidir. Burada Vernenin qəzəllərindən birini nümunə üçün veririk:
Ey səmənbər, eyni-lütfün Səlsəbil olsun mənə,
Ta qiyamət ruzinə eşqin dəlil olsun mənə.
Aləmi-xain mənə dəva qılırsa, şahida,
Qəlbi-safi şahidü rəhmin vəkil olsun mənə.
Qoy qənavü ərzə fəqrü cənnəti tərcih edim,
İmtəhan etsən məni, ömri-təvil olsun mənə.
Feyzinin kəsbi üçün dari-fənayə gəlmişəm,
Ta verəm canım sənə, könlüm kəfil olsun mənə.
Bu qəzəldə Verne nəql etdi məhəbbət əqdini,
Ləli-dilbərdən keçib zikri-cəmil olsun mənə.
Şarl Verne öz şeirlərində Şərq ibarələrini bol-bol işlətməklə yanaşı, bəzi şəxsi xüsusiyyətlərini də ifadə etmişdir. Məsələn, xristian olduğu üçün o həzrət İsaya, İncilə hörmətlə yanaşır. Farsca şeirlərindən birində Verne yazır:
Ey Verne, gənc olsan da, eşqə mübtəlasan,
Əhsən sənə ki, uşaqlıqdan könlünü İsaya vermisən. (sətri tərcümə)
Və yaxud:
Şərif İncil Verneyə köməkdir,
Öz ruhumda bu kitabı saxlaram.
Bununla belə, Vernenin türkcə və farsca şeirlərində Fransa həyatı və mədəniyyətinin, xüsusən fransız poeziyasının heç bir təsiri görünmür.
Verne öz şeirlərində müxtəlif şəxsəri mədh etmişdir. Türkcə şeirlərində Osmanlı dövlətindən Qıbrıslı Paşanın, İrandan Mirzə Əli Əkbərin, Mirzə Abdullanın, farsca şeirlərində isə iranlı sədrəzəm Fərrux xanın, polkovnik Əbdürrəsul xanın, Mirzə Əbdülvahabın mədhində yazılmış parçalara rast gəlirik.
Şarl Vernenin Şərq dillərini öyrənərək, bu dillərdə şeirlər yazmasını onun Şərqə hədsiz vurğunluğunun ifadəsi kimi qiymətləndirmək lazımdır. XIX yüzillikdə Şərqə bu cür sevgi bəsləyənlər heç də az olmamışdır və onları tanımaq bizim borcumuzdur.
Tərcümə və transliterasiya: Məsiağa Məhəmmədi
ƏLAVƏ: Şarl Vernedən bir rübai:
Dəhanın qönçeyi-xəndana bənzər,
Ləbin bir gövhəri-rəxşana bənzər,
Rüxün gül, kakilin sünbül, sözün mül,
Hüsuli, rövzeyi-rizvana bənzər.
Həmid Herisçi üçün
Sözün meydanı çox dardır,
Mənanın meydanı geniş!
Sözdən qabağa get ki,
Genişlik görəsən,
Meydan görəsən!
* * *
Mənə yüz min dirhəm
Xərcləsən də,
Sözümə qiymət qoymağının yerini verməz!
* * *
Sən Sözü
öz biliklərin,
öz idrakın
və fəlsəfənlə yozursan…
* * *
Elə bilirsən ləzzət alanın
həsrəti azalar?!
And olsun Allaha ki,
onun həsrəti daha da artar!
Çünki bu dünyaya
daha çox öyrəşər.
* * *
Azadlıq – arzusuzluqdur!
* * *
Daha çox tədqiq edən daha çox təqlid edər!
* * *
Ağılın ayağı süstdür –
Ondan bir şey çıxmaz!
* * *
Ağıl astanaya qədər gedər,
Amma evə girə bilməz!
Orada ağıl pərdədir,
Ürək – pərdədir,
Baş – pərdədir!
* * *
Haqq
Mənim əlimdədir!
Haqq
Mənimlə deyil!
* * *
Mənim könlüm
Kimsənin xəzinəsi deyil,
Haqqın xəzinəsidir!
* * *
Bəziləri
Öz xəyalını
Tanrı bilir!
* * *
Tanrıya pərəstiş
özünə pərəstişi
tərgitməkdir!
* * *
Hər şey insana fəda olur,
İnsan isə
özünə!
* * *
Bu dünya evi
insan bədəninin rəmzidir,
İnsan bədəni isə
başqa bir dünyanın!
* * *
Nə müşkülə düşsən,
özündən gileylən:
"Müşkül özümdədir" – de!
* * *
Etiqad
və Eşq
insanı cəsarətli edər,
bütün qorxuları aparar!
* * *
Səni qızdıran
hər bir etiqadı
saxla!
Səni soyudan
hər bir etiqaddan
uzaqlaş!
* * *
Müsəlmanlıq –
nəfslə savaşmaqdır
Kafirlik –
nəfslə barışmaq!
* * *
Əhsən o yalana ki,
min doğrudan
işıqlıdır,
xoşdur,
mübarəkdir!
* * *
Kafirə şükr etmək gərək –
Heç olmasa riyakar deyil!
* * *
Kafirləri sevirəm –
çünki dostluq iddiasında deyillər!
Deyirlər:
- Biz kafirik,
düşmənik!
* * *
Kilsələrdə,
bütxanalarda
o qədər dostlarımız var ki!
* * *
Yoxsulluq var, adamı Haqqa yaxınlaşdırar
və Haqdan qeyri hər şeydən uzaqlaşdırar.
Yoxsulluq da var, adamı Haqdan qaçırar
və xalqın ayağına aparar!
* * *
Səbrin mənası
işin axırını görməkdir.
Səbirsizliyin mənası
işin axırını görməmək.
* * *
Ərənlər
bütün ömürlərində
bircə dəfə üzr istərlər.
O bir dəfəyə də
peşman olarlar!
* * *
İnsafsızlıq paxıllıqdan doğar!
* * *
Onu yandırdım,
Çünki yaşamaq yanmaqdadır!
Onu xaraba qoydum,
Çünki abadlıq xarabalıqdadır!
* * *
Düşmənin etirafı səksən şahiddən yaxşıdır!
* * *
Söyləmək –
Can qoymaqdır!
Dinləmək –
Can bəsləmək!
* * *
Mömin sərgərdan olmaz!
* * *
Bəzilərində
günah libası saxtadır
Bəzilərində
savab libası saxtadır!
* * *
Pul – dünyapərəstin qibləsidir!
* * *
Biz hələ deməyə əhliləşməmişik,
Keşkə dinləməyə əhliləşəydik!
Gərək tam deyəsən
və tam dinləyəsən!
Ürəklər möhürlü,
Dillər möhürlü,
Qulaqlar möhürlüdür!
Çevirəni: Məsiağa Məhəmmədi