Showing posts with label Gündəm. Show all posts
Showing posts with label Gündəm. Show all posts

TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB

Təbrizdəki "Əxtər" nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin "Qaytar ana borcunu" adlı şeirlər kitabı işıq üzü görüb. Şeirləri latın qrafikasından ərəb əlifbasına Güneyli yazar Şəhram Qolkar çevirib. Kitabın üz qabığı isə muğanlı gənc rəssam Rəhim Kuhi tərəfindən işlənib.

Qeyd edək ki, bundan əvvəl Şəhram Qolkar mərhum şairimiz Nüsrət Kəsəmənlinin "Hamısı sevgidəndir" adlı kitabını da ərəb əlifbasına keçirərək özünün ön sözü ilə adı çəkilən nəşriyyatda çap etdirib. Güneydə böyük maraqla qarşılanan bu kitabın artıq üçüncü nəşri işıq üzü görüb.

Davamı

ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?

Təbrizdə Şəmsin həqiqi məzarının tapılması barədə
xəbər bu köhnə sualı yenidən gündəmə gətirib


Bu günlərdə Təbriz şəhər şurasının sözçüsü Həbib Şiri Azər mətbuatın və informasiya agentliklərinin böyük diqqətinə səbəb olan açıqlama verib. O, bir qrup jurnalist qarşısında çıxış edərək bildirib ki, mövcud tarixi sənədlər və qaynaqlar əsasında aparılmış araşdırmalar nəticəsində Mövlana Cəlaləddin Ruminin piri və mürşidi Şəms Təbrizinin məzarının Təbrizin Gəcil rayonunda olduğu müəyyən edilib.
H.Ş.Azər həmçinin Şəmsin qəbrinin digər yerlərdə olması ilə bağlı iddiaları rədd edərək deyib: "Təəssüf ki, ötən illərdə məlumatsızlıq ucbatından, eləcə də mədəniyyət xadimləri və tarixçilərin susması, bu məsələ ilə bağlı dəqiq araşdırmaların aparılmaması nəticəsində Şəms Təbrizinin məzarının başqa şəhərlərdə və hətta ölkələrdə olması ilə bağlı çoxlu fikirlər irəli sürülüb, amma Təbriz şəhər şurası mötəbər sənədlər əsasında bu tarixi gerçəkliyi sübut etmək əzmindədir".
Sonda şəhər şurasının sözçüsü bəyan edib ki, tezliklə Təbriz bələdiyyəsi Şəmsin məqbərəsinin bərpası və yenidən qurulması işinə başlayacaq.

Bu arada Təbriz şəhər şurası mədəniyyət komissiyasının üzvü Behruz Xaməçi "Tehran emruz" ("Tehran bu gün") qəzetinin müxbiri ilə söhbətində deyib: "Təbrizdə üç tarixi qəbristanlıq vardır ki, bunlardan birincisində 400 şairin məzarı yerləşir; həmin qəbristanlıqda dəfn olunmuş ilk şair XII əsrdə yaşamış Əsədi Tusi, sonuncu isə ustad Şəhriyardır. İkinci qəbristanlıq indiki Taleqani küçəsində yerləşir ki, orda əsasən vəzirlər və dövlət xadimləri dəfn edilmişdir. Gəcil adı ilə tanınan və Təbrizin mərkəzində yerləşən üçüncü qəbristanlıq isə sufilərin və alimləin dəfn yeri olmuşdur". O əlavə edib ki, müharibə dövründə sonuncu qəbristanlıq üzərində xəstəxana tikilmiş, İraq rejiminin bombardmanları nəticəsində həmin xəstəxana dağıldıqdan sonra aparılan təmizləmə və qazıntı işləri zamanı Şəms Təbrizinin məzarının da yerləşdiyi bu qəbristanlıq aşkara çıxmışdır.
B.Xaməçi onu da deyib ki, artıq memarlıq sahəsində oxuyan tələbələr arasında Şəmsin məqbərəsinin maketi üçün müsabiqə elan edilib və ən yaxşı maket seçilərək, onun əsasında Şəmsin məzarı üzərində məqbərə tikiləcək.

ETİRAZLAR

Təbrizlilərin bu bəyanatına ilk etiraz edən görkəmli Azərbaycan alimi, Şəms Təbrizi irsinin tədqiqi və nəşri sahəsində misilsiz xidmətlər göstərmiş Məhəmmədəli Müvəhhid oldu. O qısa bir açıqlama ilə çıxış edib dedi: "Qətiyyətlə demək olar ki, Mövlana Cəlaləddinin pirinin qəbri Xoydadır. Ola bilsin, Təbrizdə tapılan Şəms adlı başqa bir şəxsin məzarıdır".
Qeyd edək ki, M.Müvəhhid Şəmsin məzarının Xoyda olması fikrini özünün "Şəms Təbrizi" adlı kitabında (birinci nəşri – 1996-cı il) geniş şəkildə əsaslandırmışdır və biz də ötən il yazdığmız bir məqalədə (bax: http://mesiha.blogspot.com/2007/12/tbrizdn-dogan-guns.html) dəyərli tədqiqatçının mövqeyinə şərik olduğumuzu bildirmişik. Bu barədə ətraflı bir qədər sonra.
Müvəhhidin ardınca sufizmin və Mövlana yaradıcılığının başqa bir görkəmli tədqiqatçısı Tofiq Sübhani Təbriz şəhər şurasının məlumatına münasibətini bildirib. O, həmin qurumu haqqında danışdığı sənəd və qaynaqları nəşr etməyə çağırıb, öz mövqeyini də konkret mənbələr əsasında açıqlayıb: "Təbrizin tarixini Hafiz Hüseyn Kərbəlayi yazmış və onun əsərini Azərbaycan tarixini ən yaxşı bilən şəxslərdən biri, yəni mərhum Cəfər Sultanül-Qürrayi redaktə və nəşr etmişdir. Orada Şəmsin qəbrinin Təbrizdə olmasına dair bir söz deyilməmişdir". Sübhani əlavə edib ki, Gəcil qəbristanlığı XII əsrdən bəri böyük şəxsiyyətlərin basdırıldığı yer olmuşdur, amma Azərbaycanın görkəmli elm və sənət xadimlərindən bəhs edən qaynaqların heç birində Şəms Təbrizinin məzarının bu qəbristanlıqda yerləşməsinə dair bilgi verilmir. Beləliklə, mövcud məxəzlər əsasında Şəmsin qəbrinin Təbrizdə olmasını sübut etmək mümkün deyil; bunun üçün qəbir daşı və ya ona bərabər əhəmiyyətə malik bir şey ortaya qoyulmalıdır.
Sübhani həmçinin Şəmsin Konyadakı məzarının ona məxsus olmadığını vurğulayaraq deyib: "Mənim dostum olmuş Gölpinarlı kimi bir mövlanaşünas həmin məzarın Şəmsə məxsusluğunu təkzib etmiş, amma o zamankı Türkiyə hökumətinin təzyiqi nəticəsində susmalı olmuşdu". Mövlana divanının naşiri olan alim maraqlı bir fakta – Şəmsin məzarının Xoyda olması barədə XVI əsr fransız səyyahının verdiyi məlumata və çəkdiyi şəklə də diqqəti cəlb edib: "Bu avropalı səyyahın çəkdiyi şəkil təqribən yetmiş il bundan qabaq Türkiyədə çap olunmuşdur. Orada şəhərin ümumi mənzərəsi fonunda Şəms minarəsi təsvir edilmiş və Şəmsin qəbrinin onun böyründə olduğu göstərilmişdir".
Nəhayət, T.Sübhani əslən xoylu olan tanınmış tədqiqatçı Məhəmməd Əmin Riyahinin Xoy tarixinə və Şəmsin məqbərəsinin bu şəhərdə olmasına dair araşdırmalarını nəzərdən qaçırmamağı məsləhət görüb.

ŞƏMS MİNARƏSI

Şəms Təbrizinin məzarının Xoydakı məşhur Şəms minarəsi yaxınlığında olduğunu ilk dəfə elmi şəkildə əsaslandıran şəxs qiymətli "Xoy tarixi" adlı kitabın müəllifi Məhəmməd Əmin Riyahi olmuşdur. Doğma şəhərini hədsiz məhəbbətlə sevən alim özü bu barədə yazır: "Hər dəfə Şəms Təbrizi minarəsinin yanına gələndə, atamın bütün xəbərdarlıq və qadağalarını unudub xüsusi şövq və sevinclə dar və qaranlıq dəhlizdən keçərək, sınıq-salxaq pillələrlə tövşüyə-tövşüyə yuxarı qalxırdım ki, minarənin başından Xoy düzənliyinə, şəhərin gil və kərpic evlərinə tamaşa edim. Bu məqsədə çatanda uşaq qüruru bütün vücudumu bürüyürdü. Evə qayıdanda isə atam bu minarəyə aid rəvayətləri nəql edirdi. Bunlardan ən şirini Mövlana ilə Şəmsin qeyri-adi görüşü barədəydi: Mövlana Şəmsi axtara-axtara gəlib bu minarənin yanına çıxır. Görür ki, Şəms minarənin başında dayanıb. Pillələrlə yuxarı qalxır. Amma ora çatanda Şəmsin minarənin ayağında durduğunu görür. Tələsik aşağı enir. Yenidən Şəmsin minarənin üstündə durduğunun şahidi olur. Bu hadisə bir neçə dəfə təkrarlanır və Mövlananın əli Şəmsə çatmır ki, çatmır…"
Bu cür xatirələrlə tədqiqatçı kimi fəaliyyətə başlayan, uzun illər Türkiyədə çalışan M.Ə.Riyahi məsələnin araşdırılmasına girişir və gəldiyi nəticələri 1996-cı ildə "Kilk" ("Qələm") dərgisində nəşr etdirdiyi məqaləsində açıqlayır. Məlum olur ki, Şəmsin qəbrinin Xoyda olduğunu bildirən ən qədim mənbə 1442-ci ildə yazılmış "Mücməli-Fəsihi" əsəridir. Onun müəllifi Fəsihi Herəvi hicri 672-ci (1272/73-cü) ilin hadisələrindən bəhs edərkən yazır: "Xoyda dəfn olunmuş Mövlana Şəmsəddin Təbrizinin vəfatı – Mövlanayi-Rum adı ilə məşhur olan Mövlana Cəlaləddin Bəlxi öz divanını onun adına bağlamışdır". Şəmsin Xoyda dəfn olunduğunu Fəsihi hicri 698-ci (1299-cu) ilin hadisələrindən bəhs edərkən bir daha vurğulayır. Qeyd edək ki, "Mücməli-Fəsihi" elm aləmində kifayət qədər mötəbər mənbə sayılır və müəllif bu əsərini yazarkən, daha qədim yazılı qaynaqlardan istifadə etmişdir. Ondan bir müddət sonra (1487-ci ildə) yazılmış məşhur "Təzkirətüş-şüəra"da isə Şəmsi tapmaq ümidi ilə Mövlananın Təbrizə səfər etməsindən bəhs olunur.
M.Ə.Riyahinin əsaslandığı digər bir mənbə Firudin bəyin "Münşəatüs-səlatin" əsəridir. Orada deyilir ki, Osmanlı hökmdarı I Süleyman 1526-cı ilin yayında Təbrizə növbəti yürüşdən qayıdarkən üç gün Xoyda qaldı və "rəbiül-əvvəl ayının 4-də cümə axşamı günü qoşunun komandanı İbrahim Paşa ilə birlikdə Həzrət Şəms Təbrizinin mübarək məzarını ziyarət etmək şərəfinə nail oldu".
Qeyd olunduğu kimi, M.Ə.Riyahi uzun illər Türkiyədə (İstanbul və Ankara universitetlərində) çalışmış, o cümlədən, İranın Türkiyədəki Mədəniyyət Mərkəzinin bünövrəsini qoymuşdur. Türkiyədə Mövlana irsinin ən böyük tədqiqatçısı mərhum Əbdülbaqi Gölpinarlı ilə yaxın dost olan Riyahi onunla bağlı bir xatirəsini də qeyd edir: "1966-cı ildə o mərhum (Gölpinarlı – M.M.) Konyada Mövlana məqbərəsi kitabxanasındakı əlyazmaların araşdırılması və onların kataloqunun çapa hazırlanması ilə məşğul idi. O bilikli və mələk xislətli insanla xoş günlər keçirirdik. Bir gün ondan xahiş etdim ki, məni Şəmsin məzarının ziyarətinə və yenicə tapılmış o quyuya (söhbət Şəmsin guya öldürülərək atıldığı quyudan gedir – M.M.) baxmağa aparsın. Onun buna meylsizliyini görüb Əflakinin rəvayətlərinin saxtalığı və Şəmsin məzarının Konyada olmasının əsassızlığı barədə şübhələrimi ona açdım. Dedim: "Sizin yazdıqlarınızdan belə çıxır ki, özünüz də Şəmsin Konyada dəfn olunduğuna əmin deyilsiniz". Şirin, mənalı və arifanə bir təbəssümlə dedi: "Nə işinə qalıb? Gənc araşdırıcılar belə bir ehtimal irəli sürdülər, mən də ürəklərini qırmaq istəmədim. Bu ehtimal Şəmsin məqamından heç nə əskiltmir, amma Mövlana məqbərəsinin əzəmət və cəlalını qat-qat artırır".

ŞƏMSİN ÖLDÜRÜLMƏSİ BARƏDƏ ƏFSANƏ

Şəms Təbrizinin Konyada uyuması barədə fikirlər onun bu şəhərdə qətlə yetirildiyinə dair rəvayətlərə söykənir. Təbii ki, bu şəhərdə öldülübsə, burada da dəfn olunmalı idi, onun üçün məzar da tapılmalıydı. Amma doğrudanmı?
Məhəmmədəli Müvəhhid yuxarıda adı keçən monoqrafiyasında ilk növbədə Şəmsin öldürülməsi versiyasının haradan qaynaqlandığını araşdırır. Məlum olur ki, Şəmsin qəfildən yoxa çıxmasının bilavasitə şahidləri olan Sultan Vələdin (Mövlananın oğlu) və Sepəhsaların yazdıqlarında onun öldürülməsinə azacıq işarə belə yoxdur. Üstəlik Şəms məhz bu şəkildə – xəbər-ətərsiz yoxa çıxacağını qabaqcadan onlara söyləyibmiş: "Bu dəfə elə getmək istəyirəm ki, mənim harada olduğumu kimsə bilməsin" (Sultan Vələd); "Bu dəfə elə yoxa çıxacağam ki, bir məxluq da mənim izimi-tozumu tapa bilməyəcək" (Sepəhsalar). Elə də olur. 1248-ci ilin cümə axşamı günlərinin birində (ay göstərilmir – M.M.) səhər "Mövlana mədrəsədə pirin yanına gedir və onun evdə olmadığını görür". Bu olay barədə sözügedən şəxslər belə məlumat verirlər: "Qəflətən hamının arasından itdi" (Sultan Vələd); "Birdən qeybə çəkildi" (Sepəhsalar). Sonuncu onu da əlavə edir ki, həmin hadisədən sonra Mövlana "bulud kimi doldu", amma Şəmsin bu dəfə də Şama getdiyini zənn elədi. Buna görə də o diyardan gələnlərdən onun sorağını alırdı, özü də bir neçə dəfə Şəmsi tapmaq ümidi ilə Şama yollanmışdı.
Şəmsin qətlə yetirilməsi barədə versiya ilk dəfə onilliklər sonra "əl-Kəvakib əl-müzyiə" ("Parlaq ulduzlar") adlı əsərdə öz əksini tapmışdır. Diqqət yetirin ki, müəllif bu versiyanı kifayət qədər ehtiyatla qələmə alır: "Şəms Təbrizi yoxa çıxdı və onun hara getdiyi bilinmədi. Deyilənə görə, Mövlana Cəlaləddinin ətrafındakılar onun canına qəsd etmiş və qəflətən onu öldürmüşlər. Amma doğrusunu Allah bilir!" Ardınca Əhməd Əflakinin bu barədə ziddiyyətli rəvayətləri gəlir. 1318-1358-ci illərdə yazdığı "Mənaqibül-arifin" əsərində əvvəlcə o, Şəmslə Mövlananın ikilikdə söhbət etdikləri zaman bir nəfərin gəlib Şəmsi bayıra çağırması və orada gözləyən yeddi əleyhdarının onu öldürməsi barədə məşhur əhvalatı verir. Başqa bir yerdə isə Sultan Vələdin arvadı Fatimə xatunun (!) dilindən nəql edir ki, bir gecə Şəms Sultan Vələdin yuxusuna girib onu öldürərək filan quyuya atdıqlarını deyir. Sultan Vələd gecə yarısı məhrəm dostları ilə gedib onun meyitini quyudan çıxarır, gülab və müşklə yuyub Mövlana mədrəsəsinin banisi Bədrəddin Göhərtaşın böyründə basdırır. Halbuki tarixi qaynaqlara əsasən, sözügedən əmir Şəmsin yoxa çıxmasından sonra 15 il həyatda olmuşdur. Mərhum Gölpinarlı bu ziddiyyəti həll etmək üçün "Şəmsin Göhərtaşın böyründə deyil, Göhərtaşın Şəmsin böyründə basdırıldığını" yazırdı. Amma elə Gölpinarlının özünün araşdırmaları deyilən yerdə yalnız bir məzarın (Göhərtaşın məzarının) olduğunu aşkara çıxarmışdı.
M.Müvəhhid Mövlana divanındakı çoxsaylı nümunələrin təhlili əsasında onun Şəmsin doğma şəhəri Təbrizə qayıtması ehtimalına da inandığını sübuta yetirir. Və özü də bu variant üzərində dayanıb yazır ki, Şəms Konyadan çıxıb Təbrizə yollanarkən Xoyda vəfat etmiş və orada dəfn olunmuşdur. Tədqiqatçının fikrincə, bu hadisə Şəmsin Konyanı tərk etməsindən 1-2 ay sonra baş vermişdir. Buna görə də o, "Şahidi-sadiq" müəllifinin Şəms Təbrizinin 1248-ci ildə vəfat etməsi barədə məlumatını ağlabatan sayaraq qəbul edir (Fəsihi Herəvinin göstərdiyi 1273-cü ili isə inadırıcı bilmir, hərçənd M.Ə.Riyahi Mövlananın da vəfat ili olan həmin tarixin araşdırılmalı olduğunu göstərir).
Qeyd edək ki, mütəxəssislərin fikrincə, Xoydakı minarə Səlcuqlar (ən azı erkən monqol) dövrünə aid bir abidədir. Səfəvilər dönəmində yenidən qurulan bu minarənin XV yüzillikdən etibarən Şəmsin adı ilə əlaqələndirildiyi dəqiq məlumdur. Bütün bunları nəzərə almaqla, ötən ilin sonlarında Mövlananın 800 illiyi çərçivəsində Xoyda İran parlamenti sədrinin də iştirak etdiyi böyük tədbir keçirildi. Şəmsin məzar daşı yeniləndi, büstü qoyuldu, ərazidə qazıntı işləri aparılmağa başladı. Belə düşünmək olardı ki, ən azı İranda Şəmsin harada dəfn olunması barədə mübahisələrə son qoyulub. Amma Təbrizdən səslənən bəyanat bunun belə olmadığını göstərdi.
Hərçənd bu cür məsələlərə Şəms Təbrizi tipli şəxsiyyətlərin öz yanaşması vardı. Onlardan biri deyirdi: "Vəfatımızdan sonra bizim qəbrimizi dünyada axtarma, çünki bizim məzarımız arif insanların könlündədir". Kim bilir, bəlkə də ən düzgün yanaşma elə budur…

P.S. Təbriz rəsmilərinin açıqlamasına Güney Azərbaycan Milli Hərəkatı fəallarının münasibəti də diqqətə layiqdir. Belə ki, Təbrizdə tarixi Ərk qalasının yerləşdiyi ərazidə nəhəng (sahəsi 16 min kvadrat kilometr) yeraltı avtomobil dayanacağının tikintisinə başlanmış, bu da milli simvollarımızdan olan bir abidəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdur (xatırlayırsınızsa, bir müddət əvvəl Təbrizin imam-cüməsi Ərki "fəsad qalası" adlandırıb onun dağıdılmalı olduğunu bəyan etsmişdi). Və Təbriz bələdiyyəsinin sədri Şəmsin məzarının Təbrizdə olduğunu və onun üzərində əzəmətli məqbərə ucaldılacağını məhz həmin tikintinin təməlqoyma mərasimində səsləndirmişdir. Milli Hərəkat fəalları belə hesab edirlər ki, bu, sadəcə ictimai fikri Ərk qalasına edilən qəsddən yayındırmaq məqsədilə atılan düşünülmüş addımdır. Digər tərəfdən, tikinti sahəsindən çəkilmiş şəkillərdə qazıntı zamanı üzə çıxan insan skeletləri və sümükləri, qədim divarlar aydın görünür. Doğrudan da, bir tarixi qəbristanlığı bərpa etməyə hazırlaşarkən, başqa bir tarixi qəbistanlığı dağıtmağa və önəmli bir abidəni məhvə sürükləməyə nə ad verəsən?!


Davamı

"ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ


Dünyada ən təhlükəli premyera" baş tutub

Martın 30-da Almaniyanın Potsdam şəhərindəki Hans Otto Teatrında (HOT) Hindistan əsilli ingilis yazıçısı Salman Rüşdinin "Şeytan ayələri" romanı əsasında hazırlanmış tamaşanın premyerası olub. Yerli polis orqanlarının mühafizə tədbirləri görməsinə rəğmən, tamaşadan əvvəl və sonra heç bir hadisə baş verməyib. Salman Rüşdi tamaşaya dəvət olunsa da, gəlməyib. DPA agentliyinin yaydığı məlumata görə, "Şeytan ayələri"nin səhnə variantı sonda auditoriyanın gur alqışlarını qazanıb.

"Şeytan ayələri"nin səhnəyə uyğunlaşdırılması sözügedən teatrın rəhbəri Uve Erik Laufenberq və dramaturq Markus Mislin tərəfindən həyata keçirilib. Onlar bunun üçün bir il əvvəl müəllifdən icazə almış və Rüşdinin 700 səhifəlik kitabını 3,5 saatlıq tamaşaya sığışdırmışlar. Laufenberq tamaşadan qabaq "Qardian" qəzetinə verdiyi müsahibədə deyib: "Bu kitab barədə, demək olar, hamı eşitmişdir, ancaq çətin ki, kimsə onu oxuyub. Mən məhz buna görə onu səhnəyə gətirmək istədim".
Qeyd edək ki, Almaniyanın müsəlman icması hadisəyə kifayət qədər dözümlü yanaşıb. Tamaşadan iki gün əvvəl Almaniya İslam Şurasının prezidenti Əli Qızılqaya "Frans-Press" agentliyinə verdiyi açıqlamada buna etiraz etdiklərinin bildirərək demişdi: "Biz təəssüf edirik ki, müsəlmanların dini hissləri ilə fitnəkar tərzdə davranılır". Almaniya Müsəlmanları Mərkəzi Şurasının baş katibi Ayman Mazyek isə dindaşlarını məsələyə sakit yanaşmağa, mövcud problemləri "tənqidi və konstruktiv dialoqda" çözməyə çağırmışdı.
Tamaşanın təşkilatçıları da təhlukəsizlik baxımından arxayınlıq nümayiş etdirmiş və polisin girişdə yoxlama aparmasına razılıq verməmişlər. Bunula belə Potsdam təhlükəsizlik idarəsinin rəisi Matias Tanzer vəziyyəti nəzarətdə saxladıqlarını və lazım gələrsə, tamaşanın dayandırılmasına nail olacaqlarını bildirmişdir.
Onu da deyək ki, sözügedən teatrda "Şeytan ayələri"nin səkkiz həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulur. Deməli, 1989-cu ildə ayətullah Xomeynidən ölüm hökmü, 2007-ci ildə II Yelizavetadan "cəngavər" (rıtsar) titulu almış Salman Rüşdinin qalmaqallı adı yenə gündəmdə olacaq.


Davamı

ÇE GEVARA ƏFSANƏSİ BARƏDƏ HƏQİQƏTLƏR

Kubanın paytaxtı Havanada əfsanəvi inqilabçı Çe Gevaranın arvadı Aleyda Marçın xatirələr kitabı təqdim olunub. "Mən heç vaxt yazıçılıq fikrində olmamışam, amma ərim haqqında əziz xatirələrimi danışmaya bilməzdim" – deyə Aleyda Març "Evocacion" ("Xatirələr") adlı kitabının təqdimat mərasimində bildirib. Xanım Març əlavə edib ki, o heç vaxt jurnalistlərə müsahibə verməyib və indi də bunu etmək fikrində deyil: "Mənim demək istədiklərimin hamısını bu kitabda oxuya bilərsiniz".

Kitabda xanım Març 1960-cı illərin əvvəllərində Tanzaniyada əri ilə gizli görüşləri barədə məlumat verir. Həmin dövrdə Çe Gevara Afrikada inqilabi azadlıq hərəkatı başlatmaq istəyirdi. Bundan əlavə, kitabda Çe Gevaranın indiyədək heç kəsə məlum olmayan məktubları da yer alıb.
İndiyə qədər bu kitab İspaniya, Yunanıstan və Serbiyada oxuculara təqdim olunub.
Aleyda Març Gevara ilə Kubada diktator Fulxensio Batistaya qarşı partizan müharibəsi illərində tanış olub. Həmin vaxt Çe Kuba inqilabçılarının dördüncü, sonra isə səkkizinci dəstəsinə başçılıq edirdi və Març da onun şəxsi katibi idi. 1959-cu ildə Kubada inqilab qələbə çaldıqdan sonra Çe Gevara birinci arvadı perulu İlda Qadeanı boşayır və Aleyda Març ilə evlənir. Onlar səkkiz il birgə yaşayırlar və bu dövrdə onların dörd uşağı dünyaya gəlir.
Hal-hazırda Aleyda Març Havanadakı Çe Gevara Mərkəzinə rəhbərlik edir.
Qeyd edək ki, bu il əfsanəvi Çenin 80 illiyi tamam olur.


Davamı

BAHA TAHİR "ƏRƏB BUKERİ"Nİ ALDI

Tanınmış Misir yazıçısı Baha Tahir "Buker"in ərəb analogu sayılan və 50.000 dollarlıq pul mükafatını nəzərdə tutan ödülə sahib olub. Mükafatın təqdim olunması mərasimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Zəbi şəhərində keçirilib.

73 yaşlı Baha Tahir bu ödülə "Qürub vadisi" (Sunset Oasis) adlı romanına görə layiq bilinib. Münsiflər heyəti bu romanı "itirilmiş insanın ekzistensial böhranını əks etdirən " əsər kimi dəyərləndirib.
Baha Tahirin rəqibləri sırasında Livan, İordaniya, Suriya və Misirdən olan ünlü ərəb yazarları vardı.


Davamı

"BELÇİKANIN DƏRDİ"Nİ YAZAN KÖNÜLLÜ ÖLÜMÜ SEÇDİ

Məşhur "Emmanuel" filminin qəhrəmanı onun arvadı olmuşdu

78 yaşlı Belçika yazıçısı, flamand ədəbiyyatının ən parlaq nümayəndəsi Hüqo Klaus dünən könüllü surətdə həyatdan gedib. Alsheymer xəstəliyinə tutulmuş dünya şöhrətli yazıçı həkimlərə evtanaziya barədə müraciət edib və evinin yaxınlığındakı xəstəxanada ölüb.

Klaus çoxsaylı romanlar, poemalar, şeirlər, hekayələr və pyeslər yazmışdır. Onun əsərlərinin sayı 200-dən çoxdur. Yazıçı daim öz qələmi ilə ictimai ədalətsizliyə, dini dözümsüzlüyə və digər sosial bəlalara qarşı mübarizə aparmışdır. 1983-cü ildə çıxmış "Belçikanın dərdi" (The Sorrow of Belgium) kitabını o, öz xalqına həsr etmişdi. Yazıçıya dünya şöhrəti gətirən də məhz bu əsəri olmuşdu.
Yazıçı, şair və dramaturq olan Klaus kino sahəsində də fəaliyyət göstərmiş, öz ssenarisi əsasında bir neçə film çəkmişdi. Məşhur "Emmanuel" filminin qəhrəmanı Silviya Kristel onun arvadlarından biri olmuşdu.
Həmvətənləri Klausa öz sevgilərini xüsusi ritualla – hər il Nobel mükafatına onun namizədliyini irəli sürməklə ifadə edirdilər. Bu il isə onun "Belçikanın dərdi" əsərinin 25 illiyi təntənə ilə qeyd ediləcək. Təəssüf ki, yazıçının iştirakı olmadan…


Davamı

"BİR NÖMRƏLİ FANTAST" DÜNYASINI DƏYİŞDİ

Onun son romanı isə gələn il nəşr olunacaq

İyirminci əsrin ən böyük yazıçı-fantastlarından biri Artur Klark Şri-Lankanın paytaxtı Kolomboda 90 yaşında vəfat edib. Ağır xəstəliyinə baxmayaraq, son nəfəsinə qədər həyat eşqini saxlayan yazıçı yaradıcılığına da ara verməyib. Bütün ömrü boyu poliomielitdən əziyyət çəkən Klark elə bu səbəbdən də dünyasını dəyişib, amma 100-dən artıq kitabın müəllifi ölməzdən qabaq Frederik Pol ilə birlikdə yazdığı "Sonuncu teorem" adlı romanını tamamlayıb və onun gələn il işıq üzü görəcəyi bildirilir.
Artur Klark 1917-ci ildə İngiltərənin cənub-qərbindəki Somerset qraflığında doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib.

Müharibədən sonra fizika-riyaziyyat ixtisası üzrə Londondakı Kral kollecini bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib.
İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb.
1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyni adlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur.
Klarkın yaradıcılığı müəyyən mənada unikal xarakter daşıyır. Onun hər bir əsərində indi bəşər həyatının ayrılmaz hissəsi olan innovasiya texnologiyaları – kosmik gəmilər, super-kompüterlər, ani rabitə sistemləri ən xırda detallarına qədər təsvir olunub. Ədəbiyyatşünaslar Klarkın əsas xidmətinin məhz bunda – elmi fantastika janrına praktik yön verməkdə görürlər.
Klarkın söylədikləri və yazdıqları çox vaxt heyrətamiz bir dəqiqliklə həyata keçib. Məsələn, hələ 1945-ci ildə o, geostasionar orbitdə rabitə peyklərinin meydana çıxacağını və bunun da Yer kürəsində qlobal ani rabitə sistemi yaradılmasına imkan verəcəyini söyləmişdi. 1962-ci ildə isə "Gələcəyin görüntüləri" adlı kitabında o, müasir elmin inkişaf edəcəyi "Klark qanunları"nı irəli sürmüşdü.
Çağdaş elmi fantastikanın banilərindən sayılan Klarkın böyük nüfuzuna onun guya uşaqlara "sataşması" haqqında 1998-ci ildə ortaya atılan ittihamlar müəyyən zərbə vurmuş, bu da ona rıtsar ləqəbi verilməsini təxirə salmışdı. Lakin 1999-cu ildə həmin ittihamların tamamilə əsassız olduğu sübuta yetirildi və İngiltərə kraliçası II Yelizaveta tərəfindən ona rıtsar rütbəsi verildi.
Bir vaxtlar Artur Klark, Ayzek Azimov və Robert Haynlayn elmi fantastların "böyük üçlüyü" sayılırdı. Artur Klark bu üçlüyün sağ qalan sonuncu nümayəndəsi idi.


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər